Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Məlik Rzanın “Kimyəvi yağışlar” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
Dünən qarşıdakı binanın küçəyə baxan üzünü rəngləyib bitirdilər. Yeniyətmə oğlanların çöhrəsi kimi bulanıq, kirli yaşıl rəngə boyanmış daşları səhərdən axşamacan izləyərkən illər əvvəl qəsəbənin bəyazlığın bətninə gömüldüyü, insanların evlərinə itkin düşdüyü çovğunlu günü xatırladım.
Buz dənizində adacıqlar kimi boy verən sovet binalarının torpaq rəngi ətrafı nağıl aləminə çevirmiş, küçələrdə göz yaşları ilə bitən qartopu karnavalları başlamışdı. Mən isə qışqırıqları ərşə ucalan yaşıdlarımdan fərqli olaraq sərsəri itlərlə təkcənə dolaşırdım. Cismim akvariumdakı balıqtək ləngərlə dizə qalxmış qarda üzərkən torpaq rəngi binalardan ruhumun gizlininə sakitcə axır, canım qəribə əsrarın şirinliyinə yenilirdi.
Doymayan xislətimlə gözlərimi yumub xəyalımdakı torpaqlarda böyük şəhəri, başqa insanları, başqa binaları çəkmişdim. Sonra bir an hürən itlərin səsləri ilə qulaqlarımda minalar partlamışdı sanki. Gözlərimin ardından dünyaya qayıdarkən qəzəbli məxluqların çənbərində tapmışdım özümü. Qara batmışdım. İçimdə əl içindən kül kimi üfürülmüş qadınların aşiqliyini duyurdum. Kimlərinsə xatirələri yaddaşıma calanmışdı. Məni əsrarı ilə hədiyyələyən mübhəmlik xəyanətimə bağırıb canımı zəhərləmişdi.
Heç vaxt böyük şəhərlərə getməyəcəyimi, başqa insanları görməyəcəyimi, azman binalarda yaşaya bilməyəcəyimi anladım. Oldu. İndi itlər sübh çağı parklarda güllələnir, sovet binaları iyrənc yaşıllığın altına dəfn olunur, qəsəbə dəyişir Qardaşım Sum (İnsanlar dəyişmir). Yaşaya bilmirəm. Mən də sənin mədəniyyət evinin sarmaşıqları daşlarından qoparıldığı, dənizin ortasında xəyalət dumanlarına bürünmüş paslı gəminin yerindən götürüldüyü, qaramatlığa məhkum edilmiş adamların üstündən intihar üçün səkilərə boylandığı, tərk edilmiş Məcnunların keflənmək üçün pivə yeşiklərini çiyinləyib toplaşdığı, narkomanların məktəb önlərində hər rəzilliyə maraq salan gözləri şişkin uşaqlara satılmış həblərin pulları ilə iynələndiyi, cütlüklərin şərq əxlaqına pərdə çəkib kifli döşəklərdə sevişdiyi, bütün pis və yaxşı adamların zülmət gecədə eyni yerdə intihardan, alkoqol komasından, aşırı dozadan ölə biləcəyi, yalnız sevişənlərin şərtsiz salamat çıxdığı on dörd mərtəbənin damının məmur övladının müəmmalı qətlindən sonra polislər tərəfindən bağlandığı gün etdiyin kimi taxta skamyalı həyət içlərinə, qəsəbə ruhunun sabit qaldığı məhəllə künclərinə çəkilirəm Qardaşım Sum (Çəkilmirsən Səlim, təqaüdə çıxırsan).
Dan yeri ağarandan az keçmiş süpürülən xəzanın xışıltısına oyandım. Qəsəbədə solğun bir gün. Nazik budaqlar üstündə tək-tük quru yarpaqlar üşüyən insanların bir-birinə sürtülən əl içləri kimi xışıldayır. Əzginəm. Pəncərinin ardından içərinin qaranlığına axan süd rəngli işıqlar otağı uşaqlığımın nağıl kitablarındakı illüstrasiyalarda gördüyüm sehrli xanələrin torpaq rənginə bələyir.
İyirmi ildir hər sübh çağı eyni istəklə oyanır, uşaqlığımın islaholmaz arzusu kitabçı dükanında yaşadığımı, dükandan kənara çıxmayıb həyatla ölüm arasındakı sərhəddə heykəlləşdiyimi, sonra içkilərə məst olduğum bir qış gecəsi ümidsizliklə kitablara hopub aləmdən hicrət röyalarına uçarkən qəfil həyatın içindən gəlmiş bir qadının məni xilas etdiyinin xülyasını qururam. Gözlərim mənzərənin cazibəsinə dözməyib yumulur.
O uzun səhər yuxusunda (günorta ayılacaqdım) atamın ölümünü görürəm. Həmişə işindən evə piyada, qəsəbənin ağ-qara mənzərə albomunu qıyılmış yaşıl gözlərlə vərəqləyib gələn atamı o gün nəsə bərk həyəcanlandırır. Təkəmseyrək maşınların şütüdüyü yollardan gözübağlı keçir, vurulmur. Təsadüf onu unudulmuş sovet zavodlarında yenicə damarlarına cənnət həzzi ötürüb küçəyə çıxan kefli adamlarla toqquşdurub qarnına saysız bıçaq zərbələri endirmir. Meqapolis təkəbbürü ilə qəsəbədə heç kimin nə vaxt peyda olduğunu bilmədiyi çoxmərtəbəli yarıtikililərin yuxulu fəhlələrinin əllərindən kərpiclər, atam qadağan zonadan keçən məqam sürüşmür. Bələdiyyənin unutduğu iç məhəllələrdəki quyu kimi dərin açıq lyuklar isə atamla qarşılaşmır. Atam mədəniyyət evinə yetişdiyi an gözlərini açarkən sanki üzləşdiyi dünyanı tanımır. Onun soyuq bədəni ilə rastlaşanda açıq gözləri vaxtını yaşıdları ilə nərd oynayıb qurudan adamların gözlərinə yox, itkinin axtarışında çöllərin kimsəsizliyini qucaqlayan dərvişlərin ulduz udan gözlərinə bənzəyir. Əli ürəyinin üstündə, gözləri göylərdə.. Göylərmi uddu onu, yoxsa sinəsi altda qabaran ürəyi qəfil həyəcana dözmədi, bilmirəm. Amma o gündən sonra mənim olmayan xatirələrimdən biri hafizəmdə kəm gəlir Qardaşım Sum.
Yalnız adını xatırlayıram, ispan qızı Remedios.. Hər dəfə təkrarlanan röyamı təzəcə görürmüş kimi hönkürüb dünyaya qayıdarkən ispan qızının adı atamla birgə qeyb aləminə çəkilir, yad bir səs eşidirəm.
- Dünən yenə gec gəlmisən, üzün bütün ləkədi, bax!
Əl güzgüsündəki çöhrə tər içində, təlaşlıdır. Gözlərimin yaşılı yerinə gəlir. Anamın səsidir. Tanıdım. Şəfqət dolu səda. Qayıtmışam, şükür.
- Kimyəvi yağışlara düşdüm deyib susuram.
Anam, universiteti bitirməyimin üçüncü ayında qafamda fişəng kimi partlayan fikirlərimi ütüləyib böyük şəhərə böyük adamlarla fövqəladə işlər görmək üçün getmək qərarına gəldiyim, şüurumu və hisslərimi qısıq səslə elan etdikdən sonra sənin hissi pusqularla, atamın qürurlu hiddətlə hücum çəkəcəyi ruhumu dik dayanmağa hazırladığım gün atam öldü. Sübh çağı kimsə dünyanın qapısını açarkən o bağladı. Anam, sənin qürubları izləyərkən gözlərinin yaşlanacağını, ikindilərdə sıxılacağını, bir vaxtlar səs-küylə dolub daşan evdə tənhalıqdan boğulacağını hiss etdim. Hiss etdim ki, ailəmizin başıbəlalı günlərindəki kimi səcdələrdə alnın yerdən gec qalxacaq, telefonda kədərini gizləmək üçün susacaqsan. Sənlə qaldım anam. Amma mən şehli səhərlərini, yağışlardan sonra torpaq qoxusu ilə ətirlənən havasını, adamsız küçələrində gəzməyi sevdiyim qəsəbəmin sakinlərinin kiçik oyunlarını anlamıram. Onlardan qorxuram. Ruhum bu çirkli oyunların dar halqasında sıxılır. Al qırmızı boyanıb gecəyarı evinə qayıdan qadınları fahişə adlandıran, məktəbli qızların ətək boylarını çatılmış qaşların xətkeşi ilə ölçən qadınlarınızı, məni misal göstərib başdanxarab olacaqlarından qorxduqları oğullarını şillə ilə kitablardan ayıran, amma özləri hər cür rəzilliyin bataqlığına zövqlə batan kişilərinizi başa düşmürəm.
Qəsəbə niyə belədir?
Hamı yadlaşıb Qardaşım Sum!
Bu gün birinin qoca anası ölsə, sabah işdən alacağı kədərli icazədən qazandığı vaxta sevinəcək! (Kamyunu təkrarlayırsan oğlum Səlim!). Təkrarlayıram Qardaşım Sum. Ədəbiyyat postmodernizmdən sonra təkrarlama sənətidir. Məni yorma! Sözlərim tükənir.
Dünəndən qalıb palçığa dönmüş mərci supunu yeyirəm. Anam yan otaqda televizora baxır. Bu gün bazar günüdür - Musanın sabaha inşası var. Bir azdan gələcək! Musa üst mərtəbədəki dul qadının böyük qafalı, parlaq gözlü oğludur. Kişilərin ən xoşbəxt dönəmində - ölüm haqda düşünmədiyi, cinsi əzablardan əziyyət çəkmədiyi yaşda, küçə oyunlarının sevdasındadır.. İllər atlarına minib gələcəyə çaparkən( o gözəl günlər o gözəl atlara minib getdilər Qardaşım Sum) büllur gözləri bataqlıq kimi bulanıqlaşacaq, sızanaqlar çirkli hövzələrdəki qurbağalar kimi üzə çıxacaq. İndi isə mən oxuduğum kitabların hissiyat yükünü onun inşa tapşırıqlarına boşaldıram. Mənə ruhun kimi təmiz ağ vərəqlər ayırdığın üçün sənə təşəkkür edirəm, Qardaşım Musa. Hə, anamın cansız səsi birdən yüksəldi, gəlib. Məhrəm gülüşləri eşidirəm.
- İnşa var, Səlim əmi!
Səsində bayram havası var. Sanki uşaqların tonqallar üstündən sevinclə tullandığı Novruz günlərindəyik.
- Hə, bir sən çatmırdın, Musa!
Əslində onu həyəcanla gözləyirəm Qardaşım Sum! Amma mən də qəsəbəlilərin xasiyyətindən bir çimdik qoparmışam. Kiçik oyunlara qapılmadan dayana bilmirəm!
- Yaşamaq, Səlim əmi! Mövzu yaşamaqdır.
Əlimi çənəmə antik yunan heykəllərindəki filosoflar kimi dayaqlayıb başlayıram.
- Yaz, Musa!
Bu gün mən düşüncələrimin və hisslərimin yaşıdlarımdan irəli qaçıb uzun yol qət etdiyini göstərmək üçün yaşamaqdan yox, intihardan yazacağam. İntihar geridə qalmış əclafları cəzanlandırmaq istəyənlərin, həyatın əvvəlini qaranlıq bilib həmin zülmətə ölümdən sonra qovuşmaqla yaşamaq böhranlarından sıyrılıb xilasa yetəcəyini düşünənlərin, həyatda keçilməz sədləri yıxaraq təkəbbür ilə ölüm qarşısında cəsarət göstərənlərin, acizlikdən, çarəsizlikdən və utancdan boğulanların gözlərini tutmuş qara məhlulu şəffaflaşdıran, işıqlı dairələrlə ani cazibəsinə büküb heçə çevirən şeytan ilğımıdır.
Şərq nağıllarında qaramat bədheybətlərlə cismləşib bizlərə göz vuran intihar qərbə avropalı orta əsr yazarlarının romanslarındakı obrazların sinələrinə xəncərləri saplamasının ardından (Şərq poemalarının ucuz təqlidi!) on doqquzuncu əsrin ümidsiz günlərində sakitcə soxularaq böyük müharibələrdən sonra ümidsizliklərindən ümid qapa bilməyən fikir adamlarının soyuqqanlılıqla zəhərli həblər içib biləklərinə buz ülgücləri çəkməsilə dəbə çevrilib. İntiharın romantik mahiyyətini silib-süpürən qərbdə ortaya çıxan hər şeyi mühakiməsiz mənimsəyən adamlarımız (gözüyaşlı şərqlilər) isə uzun illərin qanlı zəhmətindən sonra intiharın fəlsəfi mahiyyətini yenidən romantikləşdirib (Geridə qalmışıq Qardaşım Sum!) məişət səviyyəsinə endirməyi bacarıb! Kitab dükanlarımız qəhrəmanları anlaşılmaz səbəblərdən intihara sürüklənən, ulduzlu gecələrdə qəfil hissiyatın pikinə çatıb ölüm qızdırmasından yanan, qərb romanlarının uğursuz kopyaları ilə dolub-daşır! (Öz insanını təhqir etmə, sev!)
Sevirəm Qardaşım Sum! Sevirəm ki, Kərimi unutmamışam. Uşaqlıq dostum Kərim, Musa! Həyatını məhəllə futbollarında qapıda durmaqla keçirən, qol vurmağın zövqünü heç vaxt dadmayıb sürətli keçidlərlə küləklərə qarışaraq rəqib qapısına irəliləməyən, gizlənqaçda belə axtarılmayıb daima gözlərini soyuq daşlara yuman, bir dəfə də olsun artırmalarına bitişik turbası döyülüb oyunlara çağırılmayan Kərim var!
O Kərim ki, universitetə birgə hazırlaşdığımız günlərin birində alma yuxusundan ikindiyə bəd əhvalla oyanıb oxuduğu boz romanın təsiri ilə bütün həyatını (klassikada həyatı film kimi gözləri önündən ötdü deyilir Qardaşım Sum) düşünüb çox az, lakin təhlükəli şeylər xatırlamışdı! Qəsəbə kənarının dəmiryolundakı o uzun qürub gəzintisində atasının tüstülü məclislərdəki spirtli məcaralarının davamlılığı ucbatından rənginin göyərib cansız başını yastığa gömdüyü səhəri, böyük qardaşının park gəzintilərilə, kino salonu (universitetli qızlar sinema deyir Qardaşım Sum) qaranlıqlarının qıydığı toxunuşlarla və ayran dönərlərlə zəngin münasibətinin bitməsinin ardından tapança ilə beynini partlatdığı anbarı (cəsədi ölümündən bir neçə gün sonra taparkən böcəklər qafasındakı deşiklərdən içəri soxulub beynini yemişdi), anasının son aylar gecə röyalarına qarışıb yuxularını yarıda kəsdiyi xırıltıları ucbatından vərəm dispanserinə yerləşdirildiyi, xalası ilə tənhalığa məhkum olduğu axşamı düşünmüşdü və ölmüşdü Qardaşım Sum!
Başını kimsəsiz itlər kimi relslərə qoyub qürub yuxusuna getmiş, perronlarındakı insan övladlarının heç biri intiharın relslər üzərində sərgilədiyi bu kiçik vücudu görüb kəşf etməmişdi! Mən hadisəyə yerinə çatanda bədəni ikiyə bölünmüşdü. Amma o İkiyə bölünmüş Vikont kimi sağ qalmadı Qardaşım Sum (Kalvino əsərlərindəki miflərdə insanın xalis duyğularını ikiyə bölüb pis tərəfi özgə adla damğalamaqda ustadır oğlum Səlim!). Keçmiş Alt qonşumuz, birinci Qarabağ müharibəsi qazisi, sinəsi prezidentin yaxasına taxıb möhkəm şilləylə bərkitdiyi ordenlərlə dolu Rüstəm dayı var, məsələn, Musa. Qarabağ müharibəsinin texnikasız günlərinin hücum Don Kixotu, Şuşa qalasında son xilas közərtisi sönənəcən savaşıb oranı tərk edərkən qala divarlarına qayıdış həsrətilə bıçaqla adını həkk edib donkixotluğunun möhürünü vuran, doxsan ikinci ilin yay hücumlarında tezliklə hər şeyin bitəcəyinə inanıb ürəklə savaşan, Xankəndinin iki kilometrliyində əsir düşən erməni qadına aşiqliyinin vətən sevgisinin fövqünə qalxdığını duyub şəhərə asmaq üçün sinəsində gəzdirdiyi bayraqdan utanan (əməliyyat bu hadisədən sonrakı gün uğursuzluq girdabına düşərkən Rüstəm dayının silahın lüləsini ənginə sıxdığına and içirəm Qardaşım Sum!), doxsan dördün qarlı Murovunda buz tutmuş cəsədlərin gəncliyindən hiddətlənərək pulemyot atəşləri ilə səksəndirdiyi düşmən səngərlərinə hücum çəkib yaralanan, hospitalda həvəslə cəbhəyə dönəcəyini günü gözləyərkən atəşkəs xəbərini eşidib içindəki Don Kixotun öldüyünü duyan Rüstəm dayı var. Rüstəm dayı evində gəzişərək bütün olanları sevilən mahnılar kimi yaddaşında təkrar etdiyi qürubların birində döyülən qapısının arxasında vücudlaşmış intihardan xəbərsiz idi.
Astanada dayanmış, qarşıdakı mənzili yenicə kirələmiş, oynaq baxışlarla yumurta istəyən cin sifətli qadına aşiqliyinin on birinci günündə təmassız, ədəbli münasibətlərini rəsmiləşdirmək üçün qarşısına qoyulan şərti(baxımsız evi təmir etmək üçün qiymətli metallardan hazırlanmış medallarını satıb pula çevirmək öhdəliyini) yerinə yetirən Rüstəm dayı aylarla gözləsə də, pulu balaca çantasına təlaşla yerləşdirib boş mənzilinin qapısını kilidləyərək rəfiqəsi ilə bazarda ev üçün yeni pərdələr seçmək adı ilə qaçan qadın heç vaxt geri qayıtmır, Qardaşım Musa.(Qocalıqda aşiqlik tənhalıq yanılmasıdır Səlim. Allah səni aforizmlərindən qalın cildi kitablar yazmaq çarəsizliyi ilə sınasın Qardaşım Sum!) Beləcə, Rüstəm dayı köhnə mundirini geyinib müharibədən bədəninə miras qalmış qəlpələrin törətdiyi sinir xəstəlikləri ucbatından təqaüdünün yarısını xərclədiyi dairəvi kürəciklər topasını udaraq yatağına uzanır və o vaxt hər gün müharibə hekayələri dinləmək üçün gəldiyim evi unutmasaydım, onu xilas edə bilərdimmi Qardaşım Sum? (Özünə haqsızlıq edirsən Səlim!) Bir də Həsən var! Bitirə bilmədiyi şeirin hissi narahatlığından, işsizliyinin hülqumunu sıxan iti caynaqlarından bezib özünü yaşadığı, məscidə bitişik irfan ətirli ocağın həyətindəki əncir ağacından asıb son misrasını yazdığı səhifə küləklərə qarışan əziz dostum!
Bütün dini sahələrdəki şeytan ağaclarını(əncir, qoz) kəsən(nədənsə ocaqdakı ağaclar unudulmuşdu) axund nə məscidin qəbiristanlığında dəfninə icazə verdiyi, nə də duasını oxuduğu dostumun şeirinin son misrası tənhalıqdan ulamaq istədiyim, məscidin həndəvərində dolaşdığım zülmətdə budaqları qırıb nizə kimi göyün nəhayətsizliyinə sancan küləyin pıçıltısında qulaqlarıma çırpılmamışdımı, Musa?(Qarışdırırsan, Səlim) Axı bütün qəriblərin sükutu inqilabi idi Qardaşım Sum. İspan qadın isə(Ora girmə!)... Frankonun rejimindən qaçıb Moskvada ədəbiyyat fakültəsinə bitirən, öz coğrafiyasının xəyalpərəst havası ilə qidalandığından yeni tikilmiş qəsəbənin işıqlı gələcəyini qurmaq üçün altmışıncı ildə cənuba gəlib burda yerli adamlardan birinə sevdalanan ispan qadın isə... Yox, qarışdırıram, qarışdırıram Musa! Beynimdə onlara yad qadının, onlarla yad kişinin xatirələri var. Yaşaya bilmirəm Qardaşım Sum!
- Yaxşısan, Səlim əmi? Gözüyaşlı şərqlilərdə qaldım mən.
- Başım ağrıyır, Musa, bu günlük bəsdi. Gecə inşanı yazıb səhər sən məktəbə getməmiş çatdıraram.
Qürubda qucaq dolusu qarğa səsi var. Musanı yenə ürkütdüm Qardaşım Sum. Halbuki ona böyük adam olması, yaşaması üçün nəsihətlər verməliydim. Həyəcanlı gözləri məndən bunu umurdu.
Anam yəqin içəridə kartofların qabığını soyaraq qanı qara axırımın hara getdiyini düşünür.(Hara gedirik Qardaşım Sum?) Düşünür ki, qəsəbədən əli-üzü xırda, sükutlu qızla evlənsəm, səhər doqquz axşam altı marşrutunda ödənməmiş qazın kəsiləcəyini qəfil xatırlayıb süstləşsəm, bayquş ulayan xanəmizi uşaqların cingiltili sədaları ilə doldurub əlitorbalı olsam(böyüyünün qulağına atanın adını pıçıldayarsan!), hər axşam evə gələrkən uşaqlar üstümə qaçıb sellofanın içindəki ənənəvi sürprizlərlə maraqlansa(utancım maaşın bitdiyi günlərdə yanıma qaçan övladlarımın uman gözləri olsa!), hər şey düzələcək! Gülümsəyəcəm, siqareti atacam və yoldaşım alma dilimlərini bıçaq üstündə sakitcə ağzıma ötürərkən məni "belə" insana çevirən(Sən niyə "belə" oldun, adamla heç danışmırsan, oğlum) qəsəbədəki axşam gəzintilərimin(hamısını tək gəzməklərin, kitablar elədi!), kitablarımın daşını atıb televizor dəlixanasına, məişət oyunlarına qurşanacam.
Anam axşamları atamın sağlığında tütün, indilərdə isə qocalıq qoxan yatağına uzanıb ağlımın başına gəlməsi üçün dualar edir. Gecənin gec saatlarına qədər gözləyir, sonra göz qapaqları yorğunluğun xumarına dözməyib qapanır.
Bir zamanlar onun ətəyindən yapışıb gözəl günlərdə gülümsəyər, bayramlara qurduğumuz yolkalar və xonçalarla birgə hazırlaşardıq. Necə oldu ki tənhalığını anladığım anam mənim sıxıntılarımın bəsit məişət oyunlarında əriyəcəyinə inandı? Biz niyə belə olduq? Sanki bir-birimizə yadıq.(Amma yenə də onu çox sevir, ondan əvvəl ölmək istəyirəm Qardaşım Sum).
Ona sıxıntılarımı açsam, əsrarəngiz dünyamın məhrəmini zədələcəyimdən qorxduğum ilk an bu təhlükəli yollardan geri dönə bilərdimmi Qardaşım Sum? (Analar həmişə narahatdı Səlim) Mən isə o uzaq çovğunlu gündə yaddaşıma başqalarının xatirələri sığındığı andan əvvəlimin axtarışında sərgərdanam Qardaşım Sum. Bax, həyətin asfaltla çevrələnmiş torpaq sahəsində güllər əkən, ətrafını uca, yarpaqları həmişəyaşıl, sıx şam ağacları ilə çəpərləyib bağına bütün gözəl quşların, böcəklərin nəğməsini dolduran, həmişə içəridə samovar qaynadıb baharı yaşayan o tənha qocanın yerində olmaq istərdim (Sən öz yerindəsən oğlum Səlim).
Bu gecə yerimdən xəbərsiz həmin bağa köçəcəm Qardaşım Sum! Köçüb bu qəsəbənin sakinləri ilə birgə allah qəzəbinin (Necə ucuz bənzətmə!) qasırğasında toz kimi xırdalanıb göylərə bülənd olmasının xəyalını quracam!
Sonra yer təqviminin bütün səhifələrinin bitməsi ilə vicdanıma hansısa günahı yedəkləyib cənnətimdən dünyanın pak halına qovularkən xatirələri artirreliya atəşinə dönüb açıqlıqda qalmış bəxtsiz səngərləri döydüyü kimi yaddaşımı partladan adamlarla, xatirələrin sahiblər ilə qarşılaşacam. Necə oldu ki, cənubdan qafqaza yoldaşı ilə şəhər tikmək, yaşamaq üçün gələn, bələdçilərin kefcilliyi ucbatından(biz qalırıq, dəvə yolu bilir, özü sizi aparacaq!) səhrada azdıqdan, burda başı əmmaməli, gözləri yaşıl, üzü bürküdən cadarlanmış qırmızı dərvişlə qarşılaşdıqdan, onları birinin qurban getməsi, lakin seçimi özünün etməsi şərti ilə xilaslarına yetirəcəyindən, sükut səltənindəki qızdırmalı gecədən sonra bağır deşən hönkürtülərlə sevgilisini ilğımlara əmanət edən adam qarşılaşdığı çölün nəhayətsizliyinin, bitib tükənməzliyinin təəccübü ilə sevdasını unutmuşdu?
Ya da axmaq Qafqaz ənənəsinin sevgilərinə X çəkdiyi, Yeldanın sinəsindəki xaçı çıxarmaqdan boyun qaçırdığı, Əlinin məscid məclislərindəki ney sədalarına məst olduğu, qarşılıqlı uğursuz intihar cəhdlərindən sonra barışıb Xəzərin küllü sularında gecə görüşü üçün vədələşən-birgə intiharı qərarlaşdıran, lakin haqq-hesab vaxtında röyalara zəncirlənən Əli, belini yorğan döşəkdə yandıran yuxusundan oyandıqdan sonra Yeldanı xatırlamırdı? Yelda isə çoxdan bütün dəfinələrini bağrına gömən Xəzərdə su pərisi olmuşdu. Bax, beləcə onlarla hekayə...
Hafizəmdə xatirəsinin sonu kəm gələn ispan qızı isə...
Artıq atamın öldüyü gün onu həyəcanlandıran şeyin bu olduğuna əminəm Qardaşım Sum. Atam və ispan qızı.. Nə vaxtsa atamın paslı əsgərlik albomundakı tüklü, qaba kişi qələbəliyinim rəsmləri içində gözlərindən ildırım çaxan o qadın şəklini anamın yandırdığını görməmişdimmi?
Acizəm, yorğunam Qardaşım Sum! Ruhunu sakinlərinin ruhuna üfürüb boş halələrdə təhlükəli yaddaşlara(kimsəsiz qalmış xatirələr pişiklər kimi iy tutub sahiblərinin, övladlarının, ya da təsadüfi adamların yaddaşına gedirmiş) meyl edən xatirələri mənim ürəyimə dolduran qəsəbədən bu gecə intiqamımı alıram Qardaşım Sum! Ustadların tələbələrinə belə öyrətməyi son fəndi göstərib bu əclaf ruhun sonunu gətirirəm! Zülmət göyü tutanda Musanın inşasının sonuna intihar hekayətimizi və vəsiyyətimizi yazacaq, paltolarımızı, ayaqqabılarımızı(səninkiləri ancaq mən görürəm Qardaşım Sum) geyib anamın "yağışa qalma" nidasını cavablamadan intiharımızın praktiki ekskursiyana, gecənin sonuna səyahətə çıxacayıq!
Məhəllə içlərində yerləşdiyi üçün təzələnməyən, dəli küləkdə yerindən qopacaqmış kimi cırıldayan, yanıb-sönən küçə lampalarının dövrələdiyi, çalaları dünəndən qalma kimyəvi yağışlarla dolmuş həyətlərarası küçələrdə zəhərli mayelər içərək qəsəbə evlərinin birində bir gün o sədanı eşidəcəyindən qorxan ispan qızının adını bağıra-bağıra kimyəvi yağışlara qarışacayıq!
Mənim ölümümlə təəssüf ki sən də qeyb olacaqsan Qardaşım Sum! Səs-küylü, qəzetlərdə çapa veriləcək və televizorlarda axşam xəbərlərinin dəyirmi masasında müzakirə ediləcək intiharımın ardından havada qalmış xatirələrim azğınlıqla iy tutub sahiblərinin, sakinlərinin yaddaşında cücərəcək!
Müəmmalı ölümümün tarixçəsini Musanın vəsiyyətimlə çoxaldıb qəsəbə divarlarına yapışdırdığı elanlardan öyrənən sakinlərin aldadıldıqlarını duyması qəsəbə ruhunun məhşər gününü yaxınlaşdıracaq... O haqq-hesab gecəsində isə gələcəkdə böyük şəhərə dönəcəyinə ümidlərin bəslənildiyi qəsəbə, binaları ilə bərabər qəzəbli kütlələr tərəfindən yerlə yeksan edildikdən, məhşərinə qovuşduqdan, kəpənəklərin qurumuş qanadları kimi havaya hopduqdan sonra quraq çölə toplaşıb xatirələrin dözülməz ağrılarından kütləvi intihara hazırlaşan adamların inşa mətnindən eşitdiyi çağırış Musanın dilindən səslənəcək!
"Biz də varıq Qardaşımız Səlim!" Biləklərdən axacaq qanların qırmızısına qərq olmuş çöldəki cəsədlərin cisminə kimyəvi yağışlar yağacaq və Musa bütün xatirələri bağrına yığıb yeganə şahid kimi məhv olmuş insan nəslinin yer üzünə bir daha gələ bilməyəcəyi həqiqətini, ruhun ölümünün mümkünsüzlüyünü gələcəyə-o məşhur romanların bəyazlığına daşıyacaq!