Kulis.az Murad Muradovun "Kərimin ördəkləri" adlı hekayəsini təqdim edir.
Günün ikinci yarısı saat beşdə telefonum zəng çalır.
– Bu gün, axşam saat doqquzda görüşək? – Əvvəl istəyirəm deyim ki, bəlkə, qalsın? Amma demirəm. Könülsüz razılaşıram.
Kərim ortaboylu, pota, qaraşın biridir. Biz uşaqlıq dostuyuq. Başını ülgüclə qırxır. Hədsiz iri, yumru gözləri var. Danışanda tez-tez rusca söyüşlər işlədir. Eyni vaxtda həm mədəni, həm də kobud olmağı bacarır. Çox ləngiməyə gərək duymuram. Saat doqquzda görüş üçün seçdiyimiz məkana gəlirəm. O, artıq burdadır. Yeməkləri yaxşı olmasa da, bu restoranda içmək bizdə artıq vərdişə çevrilib. Zalın dərinliyindəki masalardan birinin arxasında əyləşirik. Müştəri əlindən tərpənmək olmur. Hər kəs öz işindədir: dayanmadan şərab süzüb badə toqquşduran, başını bulaya-bulaya öz-özünə nəsə danışan, yeyib, doyduqdan sonra sağ ayağını qatlayıb siqaret çəkən, təsbeh çevirən, sınıq-sınıq sözlər, yarımçıq-yarımçıq cümlələr, stəkan səsləri... Çöldəki soyuğa görə içərinin isti olması çox gözəldir. Mənim üçün isti hər şeydən dəyərlidir. Hiss edirəm ki, o, mənə nəsə demək istəyir. Menyunu masadan götürüb, mənə uzadır:
– Yemək seçməyə həvəsim yoxdu, xahiş edirəm sən seç – məcbur qalıb, başımın üstün kəsdirən ofisiantdan bizim üçün iki göbələkli pizza, bir şüşə də şərab gətirməyi xahiş edirəm. Ofisiant bir qədər sonra geri qayıdıb sifariş etdiklərimizi masaya düzməyə başlayır. Yüksələn səs-küy Kərimi öz fikir aləmindən ayırır.
– Səni and verirəm Allaha, mənə gülmə!.. – ona göz vurub, başımı yellədirəm. Kərim yaxşı bilir ki, ateistəm. And verdiyinə inanmıram.
– Başıma çox qəribə bir iş gəlib.
– Nəylə bağlıdır? – deyə soruşuram.
– İki həftədi canımı alan qorxu səngimək bilmir. Yuxum da qaçıb. Çox vaxt donmuş, gərgin və keyimiş oyanıram. Artıq evin içində o baş-bu başa gedə-gedə, heç kimə fikir vermədən öz-özümlə danışmaq vərdişi də əmələ gəlib. Gəl söhbətimə lap əvvəldən başlayım. İşin qəribə tərəfi, ötən yaz hardansa uçub gələn iki ördək bağ evimin ətrafında dövrə vuraraq həyətdəki hovuza enib burda sudan bir "ev" qurdular. Onlara toxunmadım, – qoy elə burda yaşasınlar, – dedim.
Beləcə ördəklərdən dişi olanı çox keçmədən yumurta qoyub beş bala çıxartdı. Buna çox sevindim. Məndən və uşaqlardan fərqli olaraq arvadım bütün yayı deyindi. Onun belə tərs olduğunu ağlıma da gətirməzdim. O, hovuzu çirkləndirdikləri üçün ördəklərə nifrət edirdi. Hətta ördəklər ucbatından aramızda, adına mübahisə deməyək, xəfif incikliklər də yaşanırdı. Mənsə qəti belə düşünmürdüm. Sevimli ördəklərimlə eyni hovuzda suyu şappıldada-şappıldada üzmək mənə çox xoş təsir bağışlayırdı...
Kərim gözlərini yumub başını badəyə tərəf əyir, arı kimi qırmızı çaxırın qoxusunu içinə çəkir.
– Düz iki həftə bundan öncə, səhər yeməyindən sonra evin hovuza baxan pəncərəsindən ördəklərə tamaşa edirdim – o susur, önündə olan yarımçıq badədəki çaxırdan bir-iki qurtum içir, iri, yumru gözlərini qıyır, söhbətini davam etdirir.
– Başıma gələnlərə inanmayacaqsan, – siqaret yandırır, siqaret dodaqlarında əllərini başına qoyur, – həmin gün sevimli ördəklərim ailəlikcə məni tərk etdilər. Heç ağlıma da gətirməzdim. Hamısı uçub getdi. Nə qədər gözləsəm də geri qayıtmadılar. Onlara elə öyrəşmişdim ki. Yəqin, getməyə yerləri var ki, mən onları itirdim. Ördəklərimin uçub uzaqlaşdıqlarını izlədiyim dəqiqələr mənim üçün təsvirolunmaz bir həyatın başlanğıcı oldu. Arada düşünürəm ki, bəlkə də, fırıldaq qurbanı olmuşam.
Bir müddət Kərim kəlmə kəsəcək halda olmadı.
– Onların gedişindən sonra yuxularım da qarışıb, dünən yuxuda gördüm ki, qarnımda kvadrat formalı vint yeri var və göbəyimdən su fışqırır. Vinti sıxdıqca bu dəfə qulaqlarım qopub yerə düşür. Bərk həyəcanlanıram, onları əlimə alıb qonşuluqdakı ustanın yanına tələsirəm. Mənim üçün onları yerinə qaynaq etsin, mən heç cür bacarmıram. Qəribədir, qulaqlarım olmaya-olmaya ördək vaqqıltısı eşidirəm. Başımı qaldırıb göyə baxıram. Sevimli ördəklərim başımın üstündə dövrə vurur. Göyün üzündə ağlı-qaralı buludlar var, məzəli-məzəli şəklə düşüb oynaşırlar. Gülümsəyirəm, bir az da kövrəlirəm, gözlərim dolur. Qulaqlarımı tutduğum əlimin tərsi ilə gözümün yaşını silirəm. Elə bu vaxt ördəklərdən biri dimdiyi ilə qulaqlarımdan birini barmaqlarımın arasından götürür. O biri ördəklərə qoşulub bir-iki dövrə vurub uçub gözdən itir...
Kərim bir anlıq sükuta dalır, elə bil, hafizəsindəki hadisələri sistemləşdirir.
– Lənətə gəlmiş ördəklər məni dəli etməsələr yaxşıdı. Sən öl, işdən-gücdən də soyumuşam – məni gülmək tutsa da, özümü əla alıram. Onunla göz-gözə gəlmək istəmirəm.
– Səbirli ol! – deyib, bu dəfə mən masadakı boş qədəhləri çaxırla doldururam. Başını qaldırıb üzümə baxır.
– Məsələ bununla bitmir! Bilirsən, mən çox qorxuram, ailəm də bu ördək sürüsü kimi elə bilirəm tezliklə uçub əlimdən çıxacaq. Ürəyimə damıb. O, ördəklər mənim evimin həyətində yuva qurdular, bala çıxartdılar, sonra onlara üzməyi, uçmağı öyrətdilər. Bütün bunları mənim sayəmdə bacardılar. Elə bilirdim məni özlərinə doğma bilirlər. Vaxtı gələndə isə vidalaşmadan, ev sahibi kimi mənə təşəkkür belə etmədən uçub getdilər. Hər şeyə rəğmən, məhz bu şəkildə məni tək qoyub getmələri çox pisimə gəlir. Ailəm də çox güman ki, belə edəcək. Vaxtı çatanda övladlarım da yuvadan uçub gedəcək. Onları itirmək qorxusu məni sərsəmə çevirir. Artıq ürək ağrısı da tapmışam. Düşdüyüm vəziyyəti anlamaq çətin deyil.
Kərim utanıb-eləmədən salfetka ilə burnunu iki barmağı arasında sıxıb təmizləyir. Babat bir söyüş də söyür. Dərindən ah çəkirəm. Əlimi çiyninə toxundurub, – səni çox yaxşı başa düşürəm, – deyirəm. Sonra təskinlik verməyin mənasız olduğunu düşünüb dinmirəm. Mən danışmaq istəmirəm; susmaqdan xoşum gəlir. Ayağa qalxıb balkona çıxıram, əsən sərin mehi sinədolusu ciyərimə çəkirəm.