Kulis.az Bayram Soylunun "Hipnosun mərhəməti" adlı yeni hekayəsini təqdim edir.
Şər qarışırdı. Günortakı havadan əsər-əlamət yox idi. Bir neçə saat əvvəl günbatana doğru hərəkət edən dağınıq bulud topaları sanki birləşərək qara pərdə çəkmişdi yerlə göy arasına. Əvvəlki qələbəlik gözə dəymirdi. İliyə işləyən soyuq, bulvarda gəzişənlərin sayını dünənki günlə müqayisədə xeyli azaltmışdı. Güclənən Xəzri soyuğun təsirini bir az da artırırdı. Yaşlı adamların təbirincə desək, havadan zəhrimar yağırdı. Bulvarın Dəniz Mall-dan Bayraq Meydanına doğru uzanan hissəsində hərəkət edən hər kəsin üzünə zəhrimar damcılarından pay düşdüyünü asanlıqla müşahidə etmək olardı, bir nəfərdən başqa.
Nərimanın əhvalı o qədər xoş idi ki, qılınc kimi kəsən soyuğu belə hiss etmirdi, sanki əsən Xəzri yox, Gilavar idi. Bu, səbəbsiz deyildi, axı onun sevimli qızının nə az-nə çox, düz on beş yaşı tamam olurdu. Adəti üzrə hər gün işdən sonra evə gedənədək bir qədər gəzişməyi xoşladığı bulvarda hara getdiyini kəsdirmədən ilk olaraq hansı hədiyyəni alacağını götür-qoy edirdi. Nəhayət qərara gələ bildi, əvvəlcə Dəniz Mall-a girib telefon alsın, sonra gül buketini bağladar.
Artıq hədiyyələr hazır idi, bircə qalırdı evə tez çatmaq. Maşını instinkt idarə edirdi, bütün yol boyu qızını düşündü - doğulduğu gün, xəstəxanadan evə gəlmələri, nənəsinin adını qulağına pıçıldaması, bağça illəri, məktəbdə ilk dərs günü, bir sözlə, ötən illərin çox epizodu keçdi gözü önündən. Hər epizod bir xoşbəxtlik parıltısı verirdi gözlərinə. Yaşadıqları binanın həyətinə nə vaxt çatdığının fərqində olmadı.
Zəngin düyməsinə basdı. Zəngin üçüncü melodiyası bitməmiş qapı açıldı. Həyat yoldaşı təbəssümlə qarşıladı:
- Axşamın xeyir, Nərgiz.
- Axşamın xeyir, vaxtında gəlmisən, bir azdan Leyla dərsdən qayıdacaq.
- Bax, gör həyatıma nə almışam, - gözlərinin parıltısı bir az da artmışdı.
- Sən yuyun, paltarını dəyiş, mən çay süzüm, sonra baxaram.
- Yaxşı, əzizim, - deyib Nəriman, hamam otağına keçdi.
Nərgiz gül buketini və bağlamadakı hədiyyəni qonaq otağındakı masanın üzərinə qoydu.
Xüsusi zövqlə təmir olunmuş dördotaqlı mənzilin giriş qapısı geniş dəhlizə açılırdı. Dəhlizin divarlarını Leylanın müxtəlif ölçülü çərçivələrə salınmış şəkilləri bəzəyirdi. Hətta giriş qapısı ilə üzbəüz iki otağın arsındakı divardan asılmış, kənarlarına qırmızı, sarı və çəhrayı rəngli qızılgül təsvirləri həkk olunmuş oval güzgünün ətrafları da Leylanın körpə yaşlarında çəkilmiş fotoları ilə əhatə olunmuşdu. Nəriman əl-üzünü yuyub qonaq otağına keçməzdən əvvəl divarlardakı şəkilləri bir-bir gözdən keçirdi. Şəkillərə baxdıqca duyğulanır, çöhrəsinə çökən xoş təbəssüm gözlərinin artmaqda olan parıltısı ilə birləşərək könül oxşayan xoşbəxtlik tablosu yaradırdı.
- Gəl, çay süzmüşəm, soyutma, - əlində çay dolu armudu stəkan mətbəxdən qonaq otağına keçən Nərgiz dedi.
- Aha, gəldim, - Nəriman otağa keçib divanda əyləşdi.
Bağlamanı açdığında üzərinə iPhone 14 yazılmış qutunu görən Nərgiz hələ məktəbli olan qızına Nərimanın belə bahalı hədiyyə almasını gözləmirdi deyə təəccübünü gizlətmədi:
- Ayfon 14 almısan? Leyla buna çox sevinəcək.
- Mən bilirəm ki, mənim həyatım ağıllı qızdır. Bu telefon onun dərslərinə mane olmayacaq, əksinə, daha yaxşı oxuyacaq, - Nəriman əminliklə dedi.
- Razıyam, - deyib Nərgiz xüsusi sellofana bükülmüş telefonu qutusundan çıxarmadan baxışları ilə incələdi.
Bu vaxt qapının zəngi çalındı. Nərgiz telefonu hədiyyə bağlamasına qoyub qapını açmağa getdi. Nəriman gül buketini əlinə alıb Leylanın həmişəki kimi onun qucağına atılacağı anı gözlədi.
- Xoş gəldin, qızım.
- Salam, ana, - Leylanın səsindəki soyuqluq Nərgizi bir anlıq diksindirdi. Sonra fikirləşdi ki, məktəbdəki yorğunluğun təsiridir yəqin.
- Mənim əziz balam çox yorulub bu gün, eybi yox, indi ad günü süfrəsi arxasında yorğunluğun tamam çıxacaq. Atan qonaq otağında həsrətlə səni gözləyir.
Leyla:
- İndi gəlirəm, - deyib öz otağına keçdi.
Nərgiz Leylanın davranışındakı qəribəliyi sezsə də, bunu biruzə verməməyə çalışdı. Qonaq otağına keçdikdə Nərimanın hələ də əlində gül buketi təbrik pozasında durduğunu gördü.
- Bir az səbr elə, Leyla məktəbdən yorğun gəlib, qoy rahatlansın, paltarını dəyişsin, əl-üzünü yusun, sonra ata-bala doyunca qucaqlaşarsınız. Hədiyyəsini indi vermək istəyirsən?
- Gülü indi vermək istəyirəm, telefonu ad günü məclisimiz başlasın sonra.
- Necə istəyirsən.
Nəriman bir anlıq susdu. Qaşlarını qəfil çatması ağlından hansısa fikir keçdiyinə işarə idi.
- Bəlkə məktəbdə nəsə baş verib? Axı evdə olduğum vaxtlar Leyla həmişə dərsdən gələndən sonra birinci mənim üstümə atlanar, sonra otağına gedərdi, - Nəriman açıq sezilən narahatlıq ifadə edən tonla dedi.
- Əşşi, boş ver, uşaqdı da, yəqin çox yorulub. Həm də bu gün onun doğum günüdür, xətrinə dəymək olmaz.
- Razıyam, mənim həyatımı heç kim incidə bilməz.
- Stolda hər şey hazırdı, aşı çəkib gəlirəm.
Nərgiz aşı böyük buluda çəkib ad günü masasına qoydu. Nəriman hələ də əlində gül buketi səbrsizliklə Leylanı gözləyirdi. Nərgiz Leylanı çağırmaq üçün dəhlizə çıxdığında Leylanın otağının qapısının açıldığını görüb ayaq saxladı. Leyla anasını görüb gülümsəməyə çalışdı, amma gözlərindəki kədəri gizlədə bilmədi. Bu, Nərgizin diqqətindən yayınmadı, bir anlıq bütün vücudundan dəhşətli bir titrəmə keçdi, narahatlığını duymasınlar deyə tez Leylanı möhkəmcə bağrına basdı.
- Ad günün mübarək, mənim gözəl, ağıllı qızım, gəl, süfrəmiz hazırdı, atan da səni gözləyir.
Nərgizlə Leyla qonaq otağına girən kimi Nəriman qollarını açdı. Leyla atasına doğru getsə də qucağına atlanmadı. Bir anlıq çaşqınlıqdan sonra Nəriman gül buketini Leylaya uzadaraq onu möhkəmcə bağrına basdı. Leyla göz yaşlarını saxlaya bilmədi.
- Mənim həyatım, mənim bir dənəm, ad günün mübarək! Bilirəm ki, sevincindən ağlayırsan, bax, məni də kövrəltdin, - Nəriman Leylanın saçlarını sığallayıb onu bir də bağrına basıb öpüşlərə qərq etdi.
- Yaxşı, sentimentallara bir bax, bu gün ağlamaq yoxdu, bu gün ancaq şənlənmək var. Keçin süfrə başına, - Nərgiz içindəki narahatlığı gizlətməyə çalışaraq ərkyana dedi.
Bütün ailə süfrə arxasına keçdi. Nərgiz hər üçünə aş çəkdi. Nərgizin yanında əyləşən Leyla aşdan bir qaşıq götürsə də yemədi, qaytarıb boşqaba tökdü. Bu hərəkəti Nərimanla Nərgizin diqqətini necə çəkdisə hər ikisi eyni anda narahat baxışlarını Leylaya dikdilər. Leyla birdən elə bir hönkürtü vurdu ki, ən qəddar adam belə bundan təsirlənməyə bilməzdi. Nəriman çaşqın halda Nərgizə baxdı. Nərgiz Leylaya tərəf dönüb onu möhkəmcə bağrına basdı, saçlarını sığallayıb mehriban səslə:
- Sənə nə olub, qızım? Məktəbdə nə baş verib, mənim ağıllı balam? Bəlkə keçək mətbəxə, anana danışasan, - dedi.
Leyla göz yaşlarını silərək diqqətlə əvvəl anasının, sonra atasının gözlərinin içinə baxdı. Bu bir neçə saniyəlik baxış günah işləmiş suçluya qəzəblə tuşlanmış neştər kimi Nərimanla Nərgizin bütün vücudunu dəlik-dəlik edib ruhuna sancıldı.
- Siz bu günə qədər məni aldatmısız, - Leyla birdən hiddətlə dinləndi.
Nərimanla Nərgiz yenə çaşqınlıq içində biri-birinə baxdı. Heç nə anlamayan ər-arvad sual dolu baxışlarını Leylaya dikdilər. Leyla eyni tonda davam etdi:
– Mənə niyə indiyədək deməmisiz ki, mən sizin qızınız deyiləm?
– Bu axmaq fikir haradan ağlına gəldi, qızım, - xeyli müddətdir susqunluğunu saxlayan Nəriman dedi.
– Ata, sənin qan qrupun neçədir?
– Birinci qrup.
– Ana, sənin?
– Üçüncü qrup.
– Bəs mənim?
– İkinci qrup, - Nərgiz tərəddüd etmədən dedi.
– Görürsünüz, deməli, mən sizin qızınız deyiləm.
– Bunu haradan çıxardın, - Nəriman soruşdu.
– Biologiya müəllimimiz dedi.
– İdris müəllim? – Nərgiz soruşdu.
– Hə, İdris müəllim.
– İdris müəllimin bizimlə nə işi, qızım. O belə axmaq şeylər danışmaz. Mən onu yaxşı tanıyıram, yaxşı müəllim, həm də yaxşı insandır.
– İdris müəllim deyir ki, birinci və üçüncü qrup evlənsə, ikinci qan qrupu uşağın doğulma ehtimalı heç cür yoxdur.
– Qızım, səbr elə, mən bu dəqiqə İdris müəllimə zəng edərəm, - Nəriman telefonu əlinə aldı.
– Mən yalan demirəm, ata, amma siz hələ də özünüzü elə aparırsınız ki, guya heç nə bilmirsiniz.
– Qızm, bir az səbr elə, atan İdris müəllimi yığır, - Nərgiz hələ də bir anlaşılmazlıq olduğuna inanırdı.
Nəriman İdris müəllimə zəng edib telefonu mikrofona qoydu ki, hamı eşitsin. O da Nərgiz kimi bir yanlışlıq olduğunu düşünürdü.
– Salam, İdris müəllim, necəsiniz? Nərimandı danışan, Leylanın atası.
– Salam, Nəriman müəllim. Çox xoşdu sizi eşitmək. Siz necəsiniz?
– Sağolun, İdris müəllim. Bir məsələ ilə bağlı narahat edirəm sizi.
– Buyurun.
– Siz dərsdə demisinizmi ki, birinci və üçüncü qrup evlənsə, ikinci qan qrupu uşaq doğula bilməz?
– Bəli, demişəm.
– Üzr istəyirəm, İdris müəllim, bunu hardan çıxardınız?
– Bağışlayın, bunu mən demirəm, elm deyir.
– Əminsiniz?
– Əlbəttə. Mən sizə bu barədə bir elmi məqalə də göndərə bilərəm.
– Göndərin, zəhmət olmasa, WhatsApp-a atın mümkünsə.
– Oldu, indi göndərərəm. Üzr istəyirəm, nəsə olub?
– Yox, İdris müəllim, sadəcə, mənə maraqlı gəldi. Bağışlayın, narahat etdim.
– Heç bir narahatlığı yoxdur. Yeri gəlmişkən, Leyla kimi tərbiyəli və savadlı övlad böyütdüyünüz üçün təşəkkür edirəm. Özünüzə yaxşı baxın. Sağ olun.
– Siz də. Sağolun.
Leyla artıq ağlamırdı, atasının İdris müəllimlə telefon danışığından sonra sanki yüngülləşmişdi. Deyəsən, valideynlərinə iradının öz təsdiqini tapması sakitləşdirmişdi onu. Baxışlarından anlamaq olurdu ki, valideynlərinin bu vəziyyəti nə ilə izah edəcəklərini gözləyir. Nərgiz həyəcanla Nərimana baxırdı. Nəriman bir anlıq fikrə getdikdən sonra evdə var-gəl etməyə başladı. Heç biri danışmırdı. Birdən Nəriman:
– Yox, bu ola bilməz, ola bilməz... İdris müəllim düz deyirsə, deməli hansımızınsa qan qrupunu düz yazmayıblar, yəqin elə Leylanın qan qrupu səhv yazılıb. Sabah hamımız qan qrupumuzu yenidən yoxlatmağa gedəcəyik, Şahinin klinikasına. Mənim ən etibar etdiyim klinikadır, həm də dostuq axı, - sanki analizin nəticələrinin hər şeyi yoluna qoyacağına əminlik ifadə edən tonla dedi və üzündəki gərginlik bir az çəkildi.
– Məncə də burada bir yanlışlıq var, Leyla. Atan düz deyir, bir az səbrli olaq, o qədər belə həkim səhvləri olur ki, - Nərimanın təklifi Nərgizi də təşvişdən qurtarmışdı elə bil.
Atasının dedikləri Leylaya da ağlabatan göründü. Məktəbdən evə qayıdandan bəri ilk dəfə çöhrəsinə təbəssüm qondu. Birdən Leyla Nərimanın qucağına atlanıb onu bərk-bərk qucaqladı. Nərgiz göz yaşlarını saxlaya bilmədi...
Nəriman İdris müəllimin göndərdiyi, Elmi-Tədqiqat İnstitutunun İmmunalogiya laboratoriyasının müdirinin məqaləsini oxuduqdan sonra bütün gecəni yata bilmədi. Axşam hamı sakitləşəndən sonra ad günü stolu arxasında müşahidə etdiyi mənzərə ürəyini sıxdı. Nərgizin və Leylanın yarı ümidli, yarı nigaran baxışları, hədiyyəni verən zaman Leylanın çox sevindiyini göstərmək cəhdi, bu cəhdin arxasında dayanan şübhəni biruzə verən gözlər, sevimli qızı ilə aralarında yaranan, hər an dərin bir uçuruma yol aça biləcək çat ona durmadan iztirab verirdi. Birdən başını yastıqdan qaldırıb nəyisə xatırlayırmış kimi ani fikrə getdi, sonra Nərgizə tərəf çevrilib onu oyatmağa çalışdı:
– Nərgiz, yatmısan?
Nərgiz yarıyuxulu:
– Noolub?
– Nərgiz, deyəsən qan qruplarımızda bir yanlışlıq yoxdu axı.
– Danışdıq da axşam, sabah hər şey aydın olacaq. Yenə nə gəldi ağlına?
– Fikir verirsən, biz ikimiz də ağ, Leylasa qarayanızdı.
– Hə, noolsun ki?
– Deməli...
– Bura bax, sən körpəlikdə Leylanı necə çağırırdın?
– Nənəm deyirdim ona.
– Niyə elə çağırırdın?
– Nənəmə oxşadığı üçün.
– Ay sağol. Gen öz işini görür, yat.
Əminlik ifadə edən bu sözlər inandırıcı göründü:
– Doğrudur, bağışla, oyatdım səni, - deyib yerinə uzandı.
Nərgizin bu qısa məntiqi Nərimanın gözlərində azacıq da olsa ümid parıltıları işartsa da, ona yuxu gətirəcək qədər təsirli olmadı...
Saat 10-da hər üçü klinikadaydı. Nəriman Nərgiz və Leyladan foyedə gözləmələrini xahiş edib, Şahinin oturduğu ikinci mərtbəyə qalxdı. Pilləkəni çıxıb sağa döndü. Koridorun sonunda üzərinə “Baş həkim” sözləri yazılmış qapıdan içəri girdi. Girişlə üzbəüz masada əyləşən mavi gözlü, sarışın xanımla salamlaşıb Şahin həkimlə görüşmək istədiyini bildirmişdi ki, Şahin otağından çıxdı, Nərimanı görüb təəccübləndi:
– Sabahın xeyir, bu nə sürpriz, niyə zəng eləməmisən?
– Sabahın xeyir, bilmirəm, belə alındı.
– Gəl, keçək kabinetə.
– Bəlkə işin vardı, mən gözləyərəm.
– Yox, narahat olma, elə də vacib deyil.
Şahinin kabinetində iki dostun söhbəti uzun çəkmədi. Nəriman baş verənləri Şahinə danışdı. Şahin də Nərimana səbrli olmağı tövsiyə etdi, laboratoriyaya zəng edib qan qruplarını dəqiq yoxlamalarını tapşırdı. Analizin nəticələri bilinəndən sonra yenidən görüşmələrini xahiş etdi. Nəriman Şahinə təşəkkür edib Nərgizgilin yanına qayıtdı.
Qan qrupunun təyini prosesi çox çəkmədi. Analizlərin nəticəsi məyusedici idi. Nərimanın qan qupu bir, Nərgizin üç, Leylanınkı isə iki olaraq təsdiqləndi. Hər üçü çaşqınlıq içində idi, amma Leyla dünənkitək hiddətli görünmürdü. Valideynlərininin kədərli siması, həyəcanlı davranışı əminlik yaradırdı ki, mövcud vəziyyətə görə onlar günahkar deyil. Nəticələr Nərimanı çarəsizliyin daha dərin girdabına sürükləsə də, hələ ümidlərini tam itirməmişdi, bəlkə də itirmək istəmirdi, odur ki, DNT analizi barədə məsləhətləşmək üçün Şahinin yanına qalxdı. Bu fikri Nərgiz də dəstəklədi. Leyla üçünsə heç nəyin artıq fərqi yox idi elə bil, axşamdan bəri bir ailənin həyatını təlatümə qərq etmiş şiddətli çovğunun gətirdiyi Oymyakon soyuğu sanki dondurmuşdu onu.
Nəriman DNT ilə bağlı Şahinlə məsləhətləşdi. Şahin Nərimanın israrını görüb etiraz eləmədi və belə bir analizi öz klinikalarında apara biləcəklərini və bunun nisbətən ucuz başa gələ biləcəyini dedi. Nərimansa nümunələrin Türkiyyəyə göndərilməsini xahiş etdi. Şahin bunun bir qədər baha başa gəldiyini bilirdi, lakin xərcləri qarşılamaq üçün Nərimanın kifayət qədər imkana sahib olduğunu bildiyindən razılaşdı. Şahin söz verdi ki, nəticələr hazır olan kimi özü Nərimanla əlaqə saxlayacaq. Nəticələrsə təxminən bir aya bilinəcəkdi...
Günlər ərimək bilmirdi. Nəriman sahibi olduğu şirkətin işlərini müavinlərindən birinə həvalə etmişdi. Doğrudur, özü hər gün şirkətin ofisinə gedirdi, amma bir az oturduqdan sonra tez də çıxırdı. Ona elə gəlirdi ki, şirkətdə olduğu vaxt zaman dayanır, onu hərəkətə gətirmək və sürətləndirmək üçün mütləq dəniz kənarına gəlməli, saatlarla bulvarın o başından bu başına, bu başından da o başına addımlamalıydı.
Nərgiz üçün də çətin idi. İşlətdiyi tikiş sexinin işlərinin necə getdiyi, demək olar ki, onu maraqlandırmırdı. Elə hey DNT-nin nəticələri barədə düşünürdü: “birdən cavab gəldi ki, Leyla həqiqətən də bizim övladımız deyil, bəs onda mənim bir parçam olan doğma qızım kimdir, haradadır, sağdırmı, halı necədir? Lap tutaq ki, onu tapdım, bəs o, doğma ata-anası bildiyi insanlardan, ata-anası da ondan necə ayrıla bilər? Bəs biz Leyladan necə ayrıla bilərik? Görəsən Leyla bizi tərk etmək istəyərmi? Yəqin ki, eyni şeyləri Nəriman da düşünür. Onun halı necə olacaq, axı Nəriman Leyla ilə nəfəs alır? Bu məşəqqət nə vaxt bitəcək?”
Leylanınsa donu açılmışdı elə bil, günbəgün əvvəlki halına qayıtmaqdaydı. Çox sakit, nəyinsə dəyişməyəcəyinə əmin, mövcud vəziyyəti qəbullanmış kimi görünürdü, hətta son günlər özünü elə aparırdı ki, sanki heç nə baş verməyib, yenə də dərsdən gələn kimi atasının qucağına atlanır, məktəbdəki uğurlarını həvəslə atası ilə bölüşürdü. Gün keçdikcə Nəriman daha çox bağlanırdı Leylaya. Elə Nərgiz də. Niyə belə olduğunu anlamaqda hər ikisi aciz idi...
Nəhayət, otuz beş gündən sonra Şahindən zəng gəldi. Nərimandan klinikaya gəlməsini istədi. Nəriman evdən təzə çıxmışdı ki ofisə baş çəksin, zəngdən sonra yolunu dəyişib birbaşa klinikaya getdi.
Şahin DNT analizinin nəticələrini telefonda demək istəməmişdi. Qorxurdu ki, desə Nəriman yaxına buraxmaq istəmədiyi gerçəyi eşidən kimi ağır fəsadlara yol açan sarsıntı keçirər. Nərimanı təbəssümlə qarşıladı:
– Xoş gördük, Nəriman.
– Salam, Şahin. Nəticələr gəlib?
– Nəticələr gəlib, indi göstərəcəm. Əvvəlcə ondan başlayım ki, biz neçə illərin dostlarıyıq. Səni yaxşı tanıdığımdan bilirəm ki, hər zaman düşünülmüş addımlar atmısan və bütün situasiyalarda təmkinini qorumusan. İndi də hesab edirəm ki, elə bu cür də davranacaqsan. Leylaya necə bağlı olduğunu da bilirəm. Məsələ burasındadır ki, böyük ehtimalla Leyla doğulduğu xəstəxanada dəyişik düşüb. Səhv eləmirəmsə, rayonda doğulmuşdu.
Nərimanın gözlərindəki son ümid işartıları da yoxa çıxdı. Sakit səslə:
– Hə, rayonda xəstəxanada doğulmuşdu.
– Biz indi reallıqla barışmaq məcburiyyətindəyik. İrəliyə baxmaq lazımdır. Məncə, rayon xəstəxanasının arxivi ilə maraqlansaq yaxşı olar. Baxaq görək, həmin gün xəstəxanada neçə uşaq dünyaya gəlib, kimlərdir, indi hardadırlar və s. Bir qədər vaxt aparacaq yəqin.
– Hesab edək ki, mən öz övladımı tapdım, bəs sonra...
– Sonrası o olacaq ki, nigarançılığınıza son qoyulacaq. Siz onsuz da Leylanı heç kimə verəsi deyilsiniz ki. Düzdür, əgər o, təkid etməsə. Səhv düşmüş övladınız və onun ailəsindən də çox şey asılı olacaq. Təmkinli davranmaqda fayda var. Sənin onsuz da əlaqələrin genişdir, mən də kömək etməyə çalışacam ki, tezliklə nə baş verdiyini aydınlaşdıra bilək. Amma Leyladan heç nəyi gizlətmək lazım deyil, o çox ağıllı qızdır, olanlara düzgün qiymət verə biləcək.
– Nəyisə gizlətmək fikrim yoxdur. İnanıram ki, nə baş verməsindən asılı olmayaraq, onun bizə münasibəti dəyişməyəcək, əksinə, son vaxtlar biri-birimizə daha çox bağlanmışıq.
– Bu çox yxşıdır. Sənə uğurlar, bir yenilik olsa əlaqə saxlayarıq.
– Oldu, dəstəyin üçün təşəkkür edirəm.
Nəriman klinikadan çıxıb evə qayıtdı. Nərgiz hələ gəlməmişdi. Telefonunda olan nömrələri bir-bir nəzərdən keçirdi. Kamil müəllim adının üzərində dayandı. Kamil müəllim rayon məhkəməsinin sədri idi. Nərimanın böyük qardaşı ilə orta məktəbdə bir sinifdə oxumuşdular. Nərimanın xətrini çox istəyirdi. Kamil müəllimə zəng elədi. Baş verənləri olduğu kimi danışıb, qızının doğulduğu gün xəstəxanada neçə doğuş həyata keçirildiyini, doğulanların cinsini və hazırda sağ olub olmadıqlarını, sağdırlarsa ünvanlarını öyrənməyi xahiş etdi. Kamil müəllim bir neçə gün vaxt istədi...
Bir həftədən sonra Kamil müəllim zəng elədi. Dedi ki, Leyla anadan olan gün daha iki qız uşağı dünyaya gəlib. Birinin ünvanını tapıb, rayona bitişik kənddə yaşayırlar, adı Çinarədir. Çinarənin atası Yəhya, anası Mahirə, soyadları Cəfərovdur. İkincisi barədə öyrənən kimi məlumat verəcək. Nəriman bütün bunları Nərgizlə Leylaya deyəndən sonra belə qərara gəldilər ki, sabah tezdən rayona getsinlər, amma Leylasız. Əslində, Leylanı da aparmaq istədilər, amma Leyla dərsləri olduğunu bildirərək bu səfərə o qədər də həvəs göstərmədi...
Bütün yol boyu göz oxşayan xoş mənzərə hakim kəsilmişdi ətrafa. Davam edən həyatın simvolu kimi taxıl zəmilərindən qürurla boylanan qırmızı ləçəkli, qara xallı lalə topaları təbiətin çəkdiyi ən mükəmməl gözəllik tablolarından idi. Nəriman may ayını, xüsusilə may ayına xas bu gözəlliyi çox sevirdi. Yanında əyləşmiş Nərgizə tərəf çevrildi. Üzünü yana çevirib sakitcə lalələrin naxış vurduğu gözəlliyi seyr edə-edə yuxuya dalan Nərgizin bir ana kimi qəlbindən keçənləri duymağa çalışdı. Yunan mifologiyasındakı lalə obrazı ilə bağlı mif düşdü yadına: “Tanrılar itkin düşən qızının axtarışını yorulmadan davam etdirən Demeterin əzabını necə yüngülləşdirəcəklərini bilmirdilər və onda ilahəyə ən azı müvəqqəti unutqanlıq və istirahət verə biləcək bir çiçək yaratmağa qərar verdilər. Öz yolunda bir qucaq qırmızı lalə üzən Demeter onun ətrini içinə çəkərək yuxuya getdi”. Deyəsən, qırmızı libasına bürünüb yam-yaşıl taxıl zəmilərindən boy verən lalələri seyr edən Nərgizə də yuxu tanrısı Hipnosun yazığı gəlmiş, heç olmasa, rayona çatanadək bir qədər dincəlsin deyə onu yuxuya vermişdi...
Kənd yoluna dönəndən sonra Nəriman Nərgizi oyatdı. Nərgiz gözlərini açıb ətrafa baxdı, yuxuya gedənədək seyr etdiyi mənzərə dəyişmişdi. Sağ tərəfdə səliqə ilə salınmış üzüm bağının cərgələri arasını alaq basmışdı. Yolun sol tərəfi otlaq sahəsi idi deyəsən, sahədə kiçik qoyun sürüləri, içərisində az sayda camışın da olduğu bir dəstə mal-qara, tək-tük ayaqları cidarlanmış at gözə dəyirdi. Yolun kənarları boyunca sıralanan alça və gavalı ağaclarının meyvələri yetişməmişdi, hələ sarfa idi.
Qarşıdan gələn motosikletin gur səsi istər-istəməz Nərgizi müşahidələrindən ayırdı. Üçtəkərli motosikletin sürücüsü yanlarından keçəndə onlara əl yellədi, görünür siqnalı işləmirdi.
Nəriman bir qədər irəlilədikdən sonra otlaq sahə tərəfdən yüyrək addımlarla çiynində dəryaz yola tərəf hərəkət edən kepkalı kişini görüb maşının sürətini azaltdı. Yol kənarına çıxıb asta-asta kəndə doğru gedən kepkalı kişiyə çatanda Maşını saxladı, ehtiramla salamlaşıb Yəhya kişinin evini soruşdu. Kepkalı kişi dedi ki, soldan ikinci döngəni dönən kimi sağ tərəfdən birinci, boz rəngli darvazası olan ev Yəhyagilindi.
Nəriman boz darvazanın qarşısında maşını saxladı. Maşından düşüb darvazaya yaxınlaşdılar. Alt hissələri çürüdüyündən xeyli aşağı çökmüş kol çəpərdən həyət aydın görünürdü. Darvazadan on-on beş metr aralı, damı şiferlə örtülmüş balaca evin çiy kərpicdən hörülmüş divarları qopuq-qopuq idi. Həyətdə it gözə dəymirdi, ona görə də Nəriman darvazanın qapısını açıb “ay ev yiyəsi” deyə çağırmağa başladı. Cavab verən yox idi. Nərgiz istədi ki, evə yaxınlaşıb qapısını döysün, Nəriman bir az da gözləməyi məsləhət bildi. Elə bu vaxt çiynində güyüm, orta yaşlı, arıq, beli azacıq bükülmüş, başına rəngi solmuş ipək kəlağay örtmüş, əyninə dirsəkləri yüyilmiş göy rəngli jaket, ayaqlarına könhə qaloş geymiş qarayanız bir qadın qapıya yaxınlaşdı.
– Xoş gəlmisiniz. Kimi axtarırsınız?
– Salam, xanım. Xoş gününüz olsun. Bizə dedilər ki, bura Yəhyagilin evidir, - Nəriman nəzakətlə cavab verdi.
– Düzdür, mən onun arvadıyam.
– Biz sizə qonaq gəlmişik, daha doğrusu.., - Nərgiz sözünü bitirməmiş Mahirə dilləndi.
– Qonaq Allah qonağıdır, keçin içəri, amma yenə də sosial yardımla bağlı nəsə soruşmaq istəyirsinizsə, deyiləcək yeni şey yoxdur.
– Yox, başqa məsələdir, yəni... Bəlkə içəridə söhbət edək, əgər mümkünsə, - Nərgizin ürək çırpıntıları inadla onu evə tərəf sürükləyirdi.
– Gəlin, xoş gəlmisiz.
Döşəmələrinin taxtaları çürümüş dəhlizəbənzər darısqal girişdə ayaqqabılarını çıxarıb görkəmindən miskinlik yağan evin balaca qonaq otağına girdilər. Mahirə çiynindəki güyümü çıxarıb:
– Mən çaydanın altını yandırıb gəlirəm, - dedi.
– Siz zəhmət çəkməyin, biz yolda içmişik, - Nərgizin ev yiyəsinə əziyyət verməmək üçün dediyi bu yalanı Nəriman da təsdiqlədi.
– Elə şey olar, kasıb olsaq da, qonağa çay verməyə gücümüz çatır, - deyib Mahirə mətbəxə keçdi.
Nəriman otağı diqqətlə nəzərdən keçirdi. Tavanın səliqəsiz vurulmuş, əyri-üyrü taxtalarının arası pena ilə doldurulmuşdu. Divarların kağızı solmuşdu, bəzi qopan hissələrə sonradan vurulan kağızlar yamaq kimi görünürdü. Divanla üzbəüz divardakı, hərəsi haradasa yarım kvadrat olan iki dilova qab-qacaq düzülmüşdü. Otağın giriş qapısından solda tüstü borusu divardan çölə çıxarılmış odun peçi, ortada isə ətrafına dörd köhnə stul düzülmüş stol vardı. Stolun üstü bəzəkli süfrə ilə örtülmüşdü.
Birdən Nərgizin ürək döyüntüləri o qədər aydın eşidilməyə başladı ki, Nərimanın diqqəti hər vurduğunda qulaq pərdələrini döyəcləyib deşməyə çalışan, sanki bunu bacarmadığından bir az da qəzəblənərək daha sürətlə və aramsız davam edən zərbələrin səsinə yönəldi. Qeyri-ixtiyari onları saydığının fərqində deyildi: “...yüz iyirmi beş, yüz iyirmi altı, yüz iyirmi yeddi”, Mahirənin gəlişi bu anlamsız hərəkətini dayandırdı.
– Üzrlü sayın, Yəhya yataq xəstəsidir, iki ildir ki, iflic olub, ona görə sizə qapı açan olmayıb, qızım da dərsdədir, bir azdan gəlməlidir, - Mahirə stullardan birini çəkib oturdu və onların nə üçün təşrif buyurduqlarının açıqlamasını gözlədiyini sezdirən sual dolu baxışlarını qonaqlara dikdi.
– Siz narahat olmayın. Biz çox qalmayacağıq. Mənim adım Nərimandır, bu mənim həyat yoldaşım Nərgizdir, Bakıdan gəlmişik.
– Xoş gəlmisiz.
– Bilmirəm necə deyim. Bizim də bir qızımız var, adı Leyladır. Biz əslən bu rayondanıq. Leyla burada, rayonda doğulub. Bu yaxınlarda bilmişik ki, Leyla doğuş zamanı səhv düşüb, yəni Leyla əslində, bizim deyil, ola bilsin ki, sizin qızınızdır.
– Siz nə danışırsız, ay qardaş, mənim Leyla adında qızım yoxdur. Mənim qızımın adı Çinarədir. Uşağınızı kiminlə səhv salmısınız, gedin onun yanına.
– Yox, mən indi sizə hər şeyi izah edərən. Məsələ burasındadır ki, mən kifayət qədər araşdırmışam, hətta DNT analizi də vermişdik. Analizin nəticələri göstərdi ki, Leyla bizim qızımız deyil. Öyrənmişəm ki, Leyla doğulan gün xəstəxanada daha iki qız uşağı doğulub. Onlardan biri də Çinarədir. Bəlkə səhv düşən dediyiniz kimi Çinarə deyil. Bunu aydınlaşdırmaq istəyirik. Mən hazırda üçüncü uşağı da axtarıram, ola bilsin ki, Leyla onunla səhv düşüb, amma bu Çinarə də ola bilər.
– Siz nə danışırsız! Mən analiz-manaliz bilmirəm. Çinarəni mənim əlimdən heç kim ala bilməz, mənim başqa qızım yoxdur!
– Sakit olun, zəhmət olmasa. Bu bizim üçün də ağırdır...
Giriş qapısının cırıltısı Nərimanın sözünü ağzında qoydu. Mahirə cəld ayağa qalxıb gələn adamı kimdənsə qoruyurmuş kimi hər iki əlini yana açaraq qonaqlar oturan otağın qapısının çərçivəsinə dayadı. Nərimanla Mahirənin dialoqunu sakitcə seyr edən Nərgizin qəlb çırpıntıları şiddətlənməyə başladı, qeyri-ixtiyari ayağa qalxıb qapıya tərəf iki addım atıb dayandı. Deyəsən, Mahirənin bu qəribə, amma qətiyyətli davranışı saxladı onu.
– Ana, bu gün tarixdən ən yaxşı cavab verən mən oldum, - bu səsi eşidən Nərgizin bütün vücudu titrədi. Nərimansa təmkinli görünürdü.
– Gəl, qızım. Evdə çağırılmamış qonaqlarımız var.
Mahirə qollarını qapıdan ayırıb Çinarənin otağa girməsinə şərait yaratsa da, elə qapının ağzındaca onu sinəsinə sıxdı. Çinarəni görən Nərimanla Nərgizin heyrətdən gözləri bərəldi. Nərgizin, daha doğrusu, gənclik illərindəki Nərgizin eynisini görürdülər, iri, mavi gözlər isə heç dəyişməmişdilər. Nərgiz güclə ayaqda dururdu, birdən səndələdi. Nəriman tez onun qolundan tutub divana oturtdu, elə oturdan kimi də Nərgiz özündən getdi. Bu vəziyyət Mahirə üçün gözlənilməz olduğundan elə bil yumşaldı, Çinarəni buraxarq Nərgizə yaxınlaşıb onu divana uzatmaqda Nərimana kömək etdi. Sonra Çinarədən tez su gətirməsini istədi. Heç nə anlamayan Çinarə cəld mətbəxə qaçıb bir stəkan su gətirdi. Mahirə divandakı mütəkkəni Nərgizin başının altına qoyub stəkanı Çinarənin əlindən aldı. Suyu əlinə töküb Nərgizin üzünə çəkdi. Nərgiz üzünə su dəyən kimi ayıldı, gözlərini tavandakı hansısa məchul nöqtəyə zilləyib qırpınmadan xeyli baxdı, deyəsən tavanın pena örtməyən balaca dəliyindən düşən işığa baxırdı.
Hamı susurdu. Birdən Nərgiz baxışlarını tavandan ayırıb üzünü çaçqın-çaşqın ona baxan Çinarəyə çevirdi. Çinarənin əlindən tutub sevgi və şəfqət dolu baxışlarla onu başdan-ayağa süzdü. Çinarənin bədənindən gizilti keçdi, yanaqları qızardı, özündən asılı olmadan əllərini bərk-bərk sıxan Nərgizə qarşılıq verdi. Bu qadına necə də bənzəyirdi...
Çox keçmədi ki, Nərgiz tam özünə gəldi. Nəriman həyəcanını gizlətməyə, təmkinini qorumağa çalışırdı. Mahirə əvvəlkitək hiddətli davranmasa da, Nərgizin özündən getməsinin səbəbini artıq anladığından qonaqların tezliklə çıxıb-getməsini arzulayırdı. Bu dərəcədə oxşarlıq onu ciddi narahat etməyə başlamışdı. Bunu hiss edən Nəriman çox ehtiyatla davranmağa çalışırdı:
– Bizi düz başa düşün, məqsədimiz Çinarəni sizin əlinizdən almaq deyil, sadəcə, həqiqətin nə yerdə olduğunu bilmək istəyirdik.
– Ana, nə baş verdiyini mənə deyə bilərsən? – bayaqdan bəri baş verənləri sükutla seyr edən Çinarə soruşdu.
Nəriman düşündü ki, ehtiyatsız davranıb, gərək bu söhbət Çinarənin yanında olmayayadı. Sonra fikirləşdi ki, axır-əvvəl Çinarə biləcək, qoy elə indidən bilsin.
– Qızım, qonaqlar deyir ki, onların qızı anadan olanda başqa bir uşaqla səhv düşüb, səninlə eyni gündə eyni xəstəxanada doğulduğundan, ola bilsin ki, həmin uşaq sənsən.
Bu sözləri eşidən Çinarə tez anasını qucaqladı:
– Ana, mən səni və atamı qoyub heç yerə gedən deyiləm. Mən sizin qızınızam, - bu sözləri deyib diqqətlə Nərgizə baxdı, nə qədər istədisə nifrətlə baxsın, bacarmadı.
– Narahat olma, qızım. Biz səni heç kimə vermərik.
– Qızım, biz səni buradan aparmaq üçün gəlməmişik. Əlbəttə səni böyüdüb boya-başa çatdıran valideynlərini atmanı istəmərik, necə ki, bizim qızımız Leyla da bizi tərk etməz, biz də ondan ayrı qala bilmərik. Sadəcə, istəyirik ki, həqiqəti siz də biləsiniz, gediş-gəlişimiz olsun, biri-birimizə dəstək olaq, - Nəriman gəlişlərinin məqsədini aydın izah etməyə çalışdı.
Nərimanın sözləri Mahirəni bir qədər sakitləşdirdi. Fikirləşdi ki, bəlkə də səhv düşən Çinarə deyil, doğrudur, onun Nərgizə bu qədər oxşarlığı narahatlığa əsas verirdi, amma bu, təsadüf də ola bilərdi. Odur ki, qonaqlara münasibəti bir qədər dəyişdi. Onları çay süfrəsi arxasına dəvət etdi. Çinarə də onlarla oturdu. Xeyli söhbətləşdilər. Belə razılığa gəldilər ki, tezliklə Nərimangil Leylanı da götürüb yenidən gəlsinlər, əminlik üçün DNT analizi versinlər. Yəhya yataq xəstəsi olduğundan analizin burada götürülməsini təşkil etməyə, xərcləri özü qarşılamağa Nəriman söz verdi.
Nərgiz az danışırdı. Bəlkə də əslində, hamıdan çox danışan elə o idi, amma içində, gözlərini bir an belə Çinarədən çəkmədən. Bunu duyan Mahirə qonaqları yola salanda özündən asılı olmadan Çinarəni elə qucaqlamışdı ki, elə bil öz balasını qanadları altına alan kürt toyuq onu çalağandan qoruyurdu. Üç gündən sonra Şahinin göndərdiyi tibb işçiləri Yəhyagilə gəlib DNT analizi üçün nümunə götürdülər. Bunu Nəriman xahiş etmişdi, istəmirdi ki, onlarla bir yerdə gələn tibb işçiləri Leylanın öz doğma valideynləri ilə görüşü zamanı yaşana biləcək dramatik hadisələrin şahidi olsunlar.
Nərimangilin rayona səfərindən bir həftə keçirdi. Bu bir həftədə hər ikisi – həm Nəriman, həm də Nərgiz özünə yer tapa bilmirdi. Nəriman şirkət işlərindən bir az da uzaqlaşmışdı, Nərgiz isə tikiş sexindəkiləri hər gün daha çox təəcübləndirməkdəydi. Hətta sexdə çalışan Zöhrə adlı xanım Nərimana zəng edib Nərgizin daima fikirli olduğunu, tez-tez pıçıltı ilə öz-özünə danışdığını, özünə qapandığı vaxtlar göz yaşlarını saxlaya bilmədiyini, bu halların hər gün daha çox təkrarlandığını bildirmiş, bunun səbəbini soruşmuşdu. Nəriman Nərgizin bu halının nədən qaynaqlandığını gözəl bilsə də, Zöhrəyə bundan xəbərsiz olduğunu, mütləq maraqlanacağını demişdi.
Nəriman Kamil müəllimə zəng edib Yəhyagilin ailəsi ilə görüşdüklərini, DNT analizi üçün nümunələr götürüldüyünü Kamil müəllimə dedi. Kamil müəllim Nərimana bir qədər də səbrli olmağı, analizin nəticələrini gözləməyi tövsiyə etdi və üçüncü uşaqla bağlı axtarışlarını davam etdirdiyini bildirdi. Kamil müəllim Nərimandan DNT analizinin nəticələri barədə onu məlumatlandırmasını xahiş etdi. Nəriman təmənnasız yardımına görə sonsuz minnətdarlıq hissi keçirdiyi Kamil müəllimə söz verdi ki, mütləq onu məlumatlandıracaq...
Ta Bakıdan rayona çatanaək bütün yol boyu Leylanı gözdən qoymayan Nərimanı heyrət götürmüşdü, Leylada zərrə qədər də həyəcan hiss olunmurdu, əksinə, yol qısaldıqca Nərgizin ürəyinin daha çox qısıldığını, qəlb döyüntülərinin çoxaldığını hiss edirdi. Doğrudur, Nərgizlə Çinarənin həddindən artıq oxşarlığı Çinarənin məhz onların övladı olması əminliyini yaratmışdı, amma yenə də hər ehtimala qarşı analizin nəticələrini gözləmək lazım gəldiyini düşündüyündən daha təmkinli davranmağa çalışırdı.
Yəhyagilin evinin qarşısında maşını saxlayıb düşdülər. Nərgizin ürəyi elə sürətlə vururdu ki, elə bil bu aramsız çırpıntılar onun həsrətinə son qoymağa tələsirdilər. Leylasa çox sakit və həyəcansız görünürdü.
Qapını Çinarə açdı. Nərgiz Çinarəni bərk-bərk qucaqlayıb bağrına basdı, göz yaşlarını sanki kiprikləri ilə sıxıb geri qaytardı ki, Leyla görməsin. Nəriman Çinarənin alnından öpdü, bilirdi ki, Nərgiz kimi davranması Leylanın qəlbinə toxuma bilər. Çinarə ilə Leyla əl-ələ görüşüb biri-birinə gülümsədilər.
Yəhyanın dərmanlarını verib qonaq otağına qayıdan Mahirə bir həftə əvvələ nisbətən sakit görünürdü. Qonaqlarla bir-bir görüşdü. Leyla ilə görüşündə heç bir dramatik hal yaşanmadı, adi ev yiyəsi və qonaq kimi görüşdülər. Mahirə ilə Leylanın biri-birinə bu dərəcədə biganəliyi Nərimanda hec cür izah edə bilmədiyi qarışıq hislər oyatdı.
Çay süfrəsi arxasında xeyli söhbət etdilər. Deyəsən, yavaş-yavaş isinişirdilər. Söhbət boyu Nərgiz Leyla sezməsin deyə Çinarəyə az baxmağa çalışır, amma onu görür, bütün varlığı ilə hiss edirdi. Mahirə də Leylaya daha çox nəzər salmağa başlamışdı, elə bil özünə bənzər cizgilərini görmək istəyirdi, sanki DNT analizinin mümkün nəticəsinə hazırlayırdı özünü. Leyla ilə Çinarə keçib divanda oturdular, deyəsən söhbətləri tuturdu, Bu vəziyyət Nərimana xeyli yüngüllük gətirmişdi.
Nəriman nəzakətlə getmək üçün icazə istədikdə Mahirə naharın hazır olduğunu dedi. Nəriman fikirləşdi ki, etiraz etsə saymamazlıq kimi qəbul edərlər. Odur ki, razılaşdı. Bu, Nərgizin də ürəyincə oldu.
İspanaq, dağ keşnişi, şüyüd və nanədən hazırlanmış dovğa və kənd çolpasının çığırtması qonaqların çox xoşuna gəldi. Nəriman və Nərgiz qonaqpərvərlik üçün təşəkkür edib, Mahirəgili tezliklə Bakıda görmək istədiklərini dedilər.
Sağollaşma qarşılanmadan daha isti keçdi. Mahirə Leylanı qucaqlayıb hər iki üzündən öpdü, Leyla təbəssümlə qarşılıq verdi. Nərgiz Çinarəni bağrına basıb şəfqətlə öpəndə Çinarənin bütün bədənini istilik basdı, yanaqları pörtdü. Bunu hiss edən Mahirənin qaşları çatıldı, alnı qırışdı. Bu mənzərə Nərimanın gözündən yayınmadı...
Analiz üçün nümunələrin götürüldüyü gündən keçən bir ay ərzində Nəriman bütün diqqətini Nərgizə yönəltmişdi. Şahinin tövsiyəsi ilə müraciət etdiyi psixoloq Nərgizə çox yaxşı təsir etmişdi, artıq əvvəlkitək özünə qapanmırdı, fikri bəzən dağınıq olsa da, yavaş-yavaş özünü toparlamağı bacarırdı. Çinarə ilə bir neçə dəfə telefonla danışa bilmişdi, düzdür, Çinarə hər zənginə cavab vermirdi, çox güman ki, dərsləri ilə məşğul olduğu vaxtlara düşürdü. Bunu anlayışla qarşılayırdı. Əlbəttə, Nəriman da baş verənlərdən çox təsirlənmişdi, amma Leylanın dəyişməyən sevgisi onu ovudurdu.
Nəhayət, Şahin zəng edib nəticələrin hazır olduğunu dedi.
Nəriman Şahinlə görüşdən çıxanda çox məyus görünürdü. Görkəmindən hansısa müəmmanı çözməyə çalışan, lakin gərilən üz əzələlərinin sifətində çarəsiz insan obrazı yaratdığı adama bənzəyirdi. Kamil müəllimə zəng etdi. Kamil müəllim nəticələri eşidib bir qədər susduqdan sonra ağır-ağır dilləndi:
– Əslində, gözləntilərinizin doğrulmasına, Çinarənin sizin qızınız olduğunun təsdiqlənməsinə sevindim. Mən qorxurdum ki, birdən əksi olar, ona görə də bir həqiqəti gizlətmişdim səndən.
– Hansı həqiqəti, Kamil müəllim?
– Mən üçüncü uşağın taleyi barədə çoxdan məlumatlıydım.
– Bəs mənə niyə demirdiniz, hardadır o, Kamil müəllim? – Nəriman hövlank soruşdu.
– Mən Çinarə ilə bağlı nəticələrin təsdiqlənməsini gözləyirdim. Əgər nəticə fərqli çıxsaydı, sizin üçün çox ağır olardı. İş burasındadır ki, üçüncü uşaq hələ bir yaşında olanda atası və anası ilə birgə yol qəzasında həlak olub. Bakıdan qayıdarkən sükan arxasında olan atasının ani yuxusuzluğu qəzaya səbəb olub.
– Deməli, Leylanı...
– Hə, təəssüf ki, Leylanı doğma valideynləri ilə görüşdürə bilməyəcəksən.
– Bu barədə tanışlardan kiməsə...
– Yox, əlbəttə. Səndən başqa heç kimlə bölüşməmişəm, narahat olma.
– Təşəkkür edirəm hər şey üçün.
– Təşəkkür etməyə dəyməz, nə kömək lazım olsa çəkinmədən müraciət edə bilərsən.
Kamil müəllimlə telefon söhbətindən sonra Nəriman klinikaya qayıtdı. Leylanın valideynlərinin, Yəhya ilə Mahirənin övladının taleyi barədə Kamil müəllimin dediklərini Şahinə danışdı. İki dost qərara gəldilər ki, bu barədə heç kimə heç nə deməsinlər.
Nəriman evə qayıdanda yol boyu Leylanı düşündü, indi ona qarşı sevgi ilə bərabər bir şəfqət hissi oyanmışdı içində. Leylanın Mahirəni görəndə heç bir doğmalıq hissi yaşamamasını, Mahirənin də Leylaya münasibətində hər hansı xüsusi həsssaslıq hiss etməməsini, Nərgizlə Çinarəninisə biri-birini bu qədər yaxından duymasını indi anlamağa başlamışdı.
Axşam Nəriman Nərgizə DNT analizinin nəticələrini öyrəndiyini, Çinarənin həqiqətən də onların, Leylanınsa Yəhya ilə Mahirənin övladı olduğunu, ona görə də üçüncü uşaqla bağlı nəyisə araşdırmağın əhəmiyyət kəsb etmədiyini dedi. Bu xəbər Nərgiz üçün o qədər də gözlənilməz olmadı, çünki Çinarənin onun bir parçası olduğunu çoxdan qətiləşdirmişdi özü üçün. Leylaya gəlincə, ona olan sevgisi əsla azalmamışdı, amma çox istərdi ki, o, Çinarəni sevdiyi qədər Mahirə də Leylanı sevsin. Ona görə də Mahirəyə zəng edib analizin nəticələrini ona dedi. Mahirənin bu xəbərə sevinəcəyini düşünürdü, əksi oldu, Mahirə onu yola verirmiş kimi çox soyuq danışdı, analizin nəticələrinə isə susmaqla cavab verdi.
Həmin gündən sonra Çinarə Nərgizin heç bir zənginə cavab vermirdi. Bu, Nərgizi üzür, düzəlmiş psixoloji durumunu günü-gündən pisləşdirirdi. Depressiya geri dönürdü,, artıq bir ay idi ki, Nərgizin yuxusu pozulmuş, iştahı kəsilmişdi. Onun bu halının Çinarə ilə bağlı olduğunu Leyla bilirdi. Anasını başa düşməyə, bacardıqca qulluğunda durmağa, ona nəvaziş göstərməyə çalışırdı.
Nərgiz Nərimandan Yəhyagilə getmələrini xahiş etdi. Nəriman onun bu istəyinə yox demədi, amma konkret hansı gün gedəcəklərinə də söz vermədi, çünki Nərgizə demədən Yəhyagilə getməyə artıq qərar vermişdi...
Mahirə onu darvazanın ağzında qarşıladı. Nərimanın qarşısında keçən dəfə ayrıldıqları vaxt gördüyü həmin qaşları çatılmış, alnı qırışmış qadın dayanmışdı. Nərimana heç “xoş gəlmisən” də demədi, çox soyuq qarşıladı, evə belə dəvət etmədən bir daha onları narahat etməməsini istədi. Nəriman Çinarəni soruşmağına peşiman oldu, Mahirə sərt şəkildə “məni analiz-zad maraqlandırmır, qızımdan əl çəkin” deyib, darvazanın yarıaçıq qapısının yeganə pas bağlamayan yeri olan əlcəyindən tutub Nərimanın çölə çıxmasını gözlədi. Ona məyusluq gətirən gözləmədiyi səhnə ilə qarşılaşmış Nəriman bir anlıq duruxdu. Sonra onsuz da iztirab çəkən, bu səhnənin vura biləcəyi əlavə sarsıntıya dözmək imkanında olmayan Nərgizi gətirmədiyinə sevinib heç nə demədən həyəti tərk elədi...
Nərgizin Yəhyagilə getmək təklifinə sözdə dəstək verən Nəriman hər gün bir bəhanə ilə bundan yayınırdı. O özü hər şeyi yoluna qoyacağına, Nərgizi tezliklə Çinarə ilə görüşdürəcəyinə inanırdı. Nərgiz özü Nərimansız da gedə biləcəyini qəti şəkildə bildirdikdən sonra üç gün vaxt istədi və bazar günü birlikdə gedəcəklərinə söz verdi. Nəriman ümid edirdi ki, bir yolunu tapacaq.
Nərgizə söz verdiyi günün səhəri Zöhrədən Nərimana zəng gəldi. Zöhrə bir qədər əvvəl Nərgizin işdə huşunu itirdiyini və təcili yardım maşını ilə xəstəxanaya aparıldığını dedi. Nəriman Şahinə zəng vurub təlaş içində xəstəxanaya tələsdi. Yol boyu ona elə gəlirdi ki, ürəyini məngənəyə salıb sıxırlar və çox keçmədən partlayacaq. Allaha yalvardı ki, barı Nərgizin yanına çatanadək ona möhlət versin.
Həkimlər Nərimana bildirdi ki, xəstə koma vəziyyətindədir. Çox keçmədi ki, Şahin də gəldi. Nəriman Şahindən xahiş elədi ki, Nərgizi öz klinikasına köçürsün, Şahin həkimlərlə məsləhətləşdikdən sonra Nərgizin hazırki vəziyyətində bunun mümkünsüz olduğunu, həkimlərin nə lazımdırsa edəcəklərini, özü də həkimlərlə davamlı əlaqə saxlayacağını dedi..
Artıq üç gün idi ki, Nərgiz komadaydı. Bu üç gündə Leyla anasından bir an belə ayrılmadı, həkim gündüzlər anasının yanında qalmasina icazə vermişdi. Şahin Nərimanla açıq danışdı, Nərgizin hazırki durumunu həkimlərlə ətraflı müzakirə etdiyini, onun sağalma ehtimalının çox az olduğunu bildirdi...
Nəriman vəziyyəti çətinliklə də olsa Mahirəyə başa salıb Çinarənin onunla Bakıya gəlməsinə razılıq ala bildi. Heç olmasa, son nəfəsində ana ilə qızının görüşməsinin azacıq da olsa təsəlli ola biləcəyini düşünürdü.
Nəriman yalnız xəstəxanaya çatanda Nərgizin xəstə olduğunu Çinarəyə dedi. Nərgizin palatasının yerləşdiyi ikinci mərtəbəyə qalxdılar. Palatada tibb bacısı və anasının əllərindən tutan Leyladan başqa kimsə yox idi. Çinarə Nərgizi görüb göz yaşlarını saxlaya bilmədi. Leyla sanki növbəsini təhvil verməli olduğunu düşünüb kənara çəkildi. Çinarə Nərgizin əlinə toxunan kimi ona qoşulan aparatın kiçik monitorunda ürək döyüntülərindəki ritmin dəyişdiyini, xəstənin göz qapaqlarındakı hərəkətliliyi görən tibb bacısı tez həkimi çağırdı.
Həkim aparatın göstəricilərini diqqətlə nəzərdən keçirib Nərgizi müayinə etdikdən sonra bunun çox nadir rast gəlinən hal olduğunu, Nərgizin həyati riski atlatdığını və yaşayacağını dedi. Bu gözlənilməz müjdənin otaqda olanların gözlərində alovlandırdığı ümid dolu gur işıq Nərimanın zülmətə qərq olmuş həyatını nura boyadı.
Leyla və Çinarəni bağrına basıb hönkürtü vurmaqdan özünü saxlaya bilməyən Nərimana elə gəldi ki, yuxu tanrısı Hipnosun Nərgizə bu dəfə də yazığı gəlmiş, çəkdiyi iztirabın üzücü yorğuluğundan azacıq dincəlsin deyə onu “koma” adlı yuxuya vermişdi...