Hərislər - Səadət Sultan

Səadət Sultan

Səadət Sultan

30 noyabr 2021
# 18:20

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Səadət Sultanın “Hərislər” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Həmişəki kimi Statistika İdarəsində hamı işinin başında idi. Saat artıq 10-a işləyirdi. Rəis hər zaman olduğu kimi iş kabinetini hamıdan tez açardı. Gələn kimi lazımi işlərini görüb işçilərinin işə vaxtında gəlib, saat 11-də beş dəqiqəlik müşavirə keçirib, gündəlik tapşırıqlarını verirdi. Gün ərzində hamı yoldaş Salmanovun digər şöbələrə daxil olub, statistik hesablamaların dəqiqliklə aparılmasına dair növbəti tapşırıqlarını verəcəyini gözləyirdi. Sözsüz ki, bu istiqamətdə tutulan iradlar, edilən səhvlər də qaçılmaz idi.

- Yoldaşlar, bu ilin birinci rübündə aparılan statistik hesablamalara görə, bir çox müəssisələrdə rəqəmlərdə artım müşahidə edilmişdir, – deyə Salmanov çağırılan müşavirədə işçilərinə müraciətlə dedi.

- Cənab rəis, nəzərinizə çatdırırıq ki, bizim apardığımız səmərəli işin nəticəsi sizin kollektivdəki rəhbərliyinizin düzgün istiqamətdə aparılmasının nəticəsidir – deyə Muxtarov Ayaz rəisə müraciətlə özünün pafoslu çıxışını davam etdirmək istəyirdi ki, rəisin köməkçisi Nazlı xanım iclas keçirilən otağa daxil olub:

- Yoldaş Salmanov, telefon xəttində sizi “vacib” adam gözləyir – deyə titrək və həyəcanlı səslə söylədi. Rəis dəstəyi qaldırıb:

- Ooo, çox hörmətli Şakir müəllim, buyurun, buyurun, buyurun, əlbəttə... Biz sizi həmişə görməyə şad olarıq. Çox sevindirici haldır ki, siz bizim idarəyə təşrif buyurmaq istəyirsiniz...

Rəis sözünü tamamladıqdan sonra dəstəyi yerinə qoyub, gələn “vacib” qonağın hazırlıqlarına başladı.

Şakir müəllim Dövlət Vergi xidmətinin müfəttişi işləyir. Mötəbərliyi isə üzdə özünü imkanlı göstərib, sonra etdiyi “xeyirxahlıq pərdəsi” altında nələrisə umub istəməkdən irəli gəlirdi. Ən böyük şakəri isə içki düşkünü olması idi. Hər qarşısına keçənlə oturub içki içməsəydi, dözə bilməzdi. Getdiyi idarələrdən aldığı “hörmət” də öz yerli-yerində.

Şakir müəllim komitəyə təşrif buyuranda hamı onun qabağına qaçıb, tərifli sözlər yağdırmaqla yanaşı, şirindillə danışdırardı. Hətta onun işlətdiyi bayağı sözləri də təkrarlayardılar. Bunun kənardan nə qədər bəsit və şit görünüşü nəzərdən qaçmırdı. Ən maraqlısı da o idi ki, Şakir müəllim komitənin birinci mərtəbəsindən – mühafizə sistemi və orada yerləşən yeməkxanadan tutmuş, butun mərtəbələrdə olan tanıdıqları adamları, necə deyərlər, “pulla satın almışdı”. Və bu minvalla öz aləmində hamını bu çirkin əməlinə alət edəcəyini düşünürdü. Komitədə işləyən xanımlara da aradabir “əyri-əyri” baxırdı. “Həzmirabedən” keçirdiyi qızlar, qadınlar və eyni zamanda onunla sözü çəp gələn adamlar da vardı.

İçki düşkünü olduğuna görə, bəzən hərəkətlərini bilməz, eyş-işrət məclislərinin təşkilindən sonra “tüfeyli” həyatını iş vaxtı və ya getdiyi idarə və ya komitələrdə qadınlara “söz atmaqla” davam etdirərdi. Digər işçilər də Şakir müəllimin sifarişlərini yerinə yetirir, onun çaldığı havaya oynamağı özlərinə fəxr bilirdilər. Bu minvalla hər həftə müfəttiş kimi olmasa da, qonaq kimi içki məclislərinə təşrif buyurması artıq adət halını almışdı.

Statistika komitəsinə indi gəlməyinin səbəbi isə başqadır. Bu dəfə də düşüncəsində komitə sədri Salmanovdan statistik hesabatları “almaqla” yanaşı, bura yenicə işə qəbul edilən Baharı növbəti “ov” timsalında nişan alması idi. Bahar da, işdə olan digər kadrlar da bunu hiss etmişdilər, hətta adına dastan və əfsanələr də qoşmağa başlamışdılar. İşə yeni başlayan Baharsa işin nə yerdə olduğunu başa düşmür, hər gün eyni qayda ilə işə gəlib, işdən də evə qayıdırdı. Şöbə müdürinin verdiyi tapşırıqları vaxtında yerinə yetirir, edilən haqsızlıqlara göz yumurdu. Bahar bu adam simalı “şeytan” xislətlinin hərəkətlərinə əhəmiyyət verməməyə çalışırdı.

Şakir Salmanovdan aldığı “haqqını” alıb dayanacağa tərəf gedirdi. İş vaxtının sonu idi. Bahar da dayanacaqda durub avtobus gözləyirdi. Şakir müəllimin içkili olduğu uzaqdan sezilirdi. Bahar bir addım geri çəkilərək, hərəkəti ilə onunla ünsiyyət qurmaq istəməməsini biruzə verdi. Ağzının şorbasını axıdaraq, sözə başladı:

- Ay qız, sən məni niyə bəyənmirsən? – deyərək, ona əl hərəkəti ilə jest edəndə, Bahar bir anlıq duruxdu və bir anlıq nə baş verdiyinin fərqinə varmadı. Bu şeytanabənzər adamın sifətinə baxmaq belə istəmədi. Amma yenə də özünü toplayıb sözünü dedi:

- Şakir müəllim, yaşlı adamsız, özünüzə hörmət edin, edə bilmirsinizsə, heç olmasa yaşınızdan, başınızdan utanın!!! Düşünürsünüz ki, imkan varsa, hamını özünüzə tabe edə bilərsiniz?! Xeyr!!! Əsla!!! Yanılırsınız!!! Mən digərləri kimi nə hərisəm, nə də tamahkar!!! Komitədə sizin “səxavətiniz” o qədər şit və bayağı görünür ki, büsbütün hərislər ordusu yaratmağı bacarmısınız!!!

Məni ağlasığmaz addımlar atmağa məcbur etməyin! Bu saat polisi bura çağıracağam! Elə bunu demişdi ki, sən demə bayaqdan kənardan olanları seyr edən komitə binasındakı mühafizəçilər özlərini yetirdilər.

Baharın əsəbi vəziyyətini görməmək olmurdu. Polislərdən biri:

- Bahar xanım, biz sizi hər zaman müdafiə etməyə hazırıq. Əgər Şakir müəllimdən, onun qeyri-əxlaqi hərəkətlərindən şikayətiniz varsa, sizi dinləməyə hazırıq!

Bahar olan-bitəni söylədi. Xəbər şöbə müdirinin qulağına çatanda, Şakir müəllimlə ciddi şəkildə danışılandan sonra, ona xəbərdarlıq edildi və bu məsələyə bir daha qayıdılmadı. Çünki, bu hərəkətlərin sonunu gətirən biri olmalı idi artıq. Bahar komitədə gəzən şayələrin ağzını yuma bilmişdi və hamı ona ayrı cür baxırdı artıq. “Şeytanabənzər” Şakir müəllim də artıq statistika komitəsinə az-az gəlməyə başlamışdı – ağzının payını aldıqdan sonra dünya başına dar gəlirdi. Komitənin digər hərisləri də adətlərindən əl çəkərək, öz işlərinin başında idilər.

# 2003 dəfə oxunub

Oxşar xəbərlər

Divar - Azad Qaradərəlinin yeni hekayəsi

Divar - Azad Qaradərəlinin yeni hekayəsi

14:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
# # #