Günəşin oğlu - Tərlanə Yaqubqızının hekayəsi

Günəşin oğlu - Tərlanə Yaqubqızının hekayəsi
19 yanvar 2024
# 14:30

Kulis.az Tərlanə Yaqubqızının "Günəşin oğlu" adlı yeni hekayəsini təqdim edir.

Bu əhvalat keçən əsrin 90-cı illərində olub. Birinci Qarabağ müharibəsi zamanı. O vaxt mən təyinatla uzaq bir dağ kəndində müəllim işləyirdim. Dərs dediyim şagirdlərdən Azərgilin evində qalırdım. Azər arıq, sısqa bir oğlan idi. Dərslərini zəif oxuyurdu. Nə qədər çalışırdımsa, onu əlaçı şagirdlərimin səviyyəsinə çatdıra bilmirdim. Anası Bəyim xala həmişə öz bəxtindən gileylənirdi:

- Eh, müəllimə, elə bil kiminsə qarğışına tuş gəldim. Ərə gedəndən bir il sonra ərim öldü, bir uşaqla tək qaldım. Özü bilər, istəyir oxusun, istəyir oxumasın. Onsuz da mənim onu şəhərdə oxutmaq imkanım yoxdur.

Hər dəfə ona etirazımı bildirirdim:

- Niyə belə danışırsan, Bəyim xala? Ona görə Azərin dərsə marağı yoxdu da. Əksinə, sən onu ruhlandırmalısan ki, oxusun.

- Guya oxuyub nə olacaq ki? Məni avam bilmə, qızım.Vəzifəyə getmək üçün də pul, arxa lazımdır.

Elə biri sən. Gözəl- göyçək, ağıllı qızsan, universiteti fərqlənmə diplomu ilə bitirmisən. Adamın olsaydı, indi kənddə nə itin azırdı ki? Elə şəhərin özündə qalıb işləyərdin.

- Hamı şəhərdə qalsa, axırımız necə olar? Bir də mən özüm kənddə işləməyə razı olmuşam.

- Sən Allah, danışma, sən dedin, mən inandım elə.

Mən onunla mübahisə etmədim. Amma yalan danışmırdım. Universiteti bitirəndə sevimli professorumuz mənə laborantlıq işini təklif etdi. Amma kənd həyatından bəhs edən romanlar məni kənddə işləməyə həvəsləndirirdi. Özümü gah Rəşad Nuri Güntəkinin Fəridəsinə, gah da İlyas Əfəndiyevin Nuriyyəsinə bənzədir, hər şeyə romantik xəyallarla baxırdım. Gəlib buradakı real həyatı görəndə bir az peşmançılıq hissi keçirsəm də artıq gec idi. Azı iki il buradakı çətinliyə- yolların palçığına, işığın tez- tez sönməsinə, dadına öyrəşmədiyim acıtmalı boyat çörəyə, arxın bulanıq, şor suyuna dözməli idim. Aldığım maaş özümə ancaq çatırdı. Şəhərdə yaşayan, əsli- kökü bakılı olan ata- anam mənə kömək etmək istəsələr də, etiraz edir, onlara yük olmaq istəmirdim. Hər dəfə telefonla danışanda onlardan bütün problemləri gizlədir, öz qərarımda haqlı olduğumu sübut etmək istəyirdim.

Azərgil məktəbin son sinfində oxuyurdular. O, Günəşlə bir partada əyləşirdi. Günəş öz gözəlliyi ilə bütün məktəbə işıq saçırdı. Saçları təbii sarışın, gözləri mavi idi. Mən onu türk müğənnisi Sibel Cana bənzədirdim və fikirləşirdim ki, bu gözəlliyi ilə o, gələcəkdə kino ulduzu ola bilər. Məktəbin demək olar ki, bütün oğlanları ona vurulmuşdu. Amma Günəş heç kəsə məhəl qoymur, başını aşağı salıb dərslərini oxuyurdu. Mən hərdən Azərin dərs zamanı ona vurğun baxışlarla baxdığını sezmiş, amma bu barədə anası Bəyim xalaya heç nə deməmişdim. Mənə elə gəlirdi ki, Azərin dərsdə diqqətsizliyinin səbəbi bəlkə də Günəşi sevməsi idi.

Son zəngi hamı həyəcanla gözləyirdi. Tədbirdən sonra məzunlarla rayon mərkəzinə gedəcək, ordakı xudmani kafelərin birində vida gecəsi keçirəcəkdik.
Mən ziyafət paltarımı geyinmək üçün məktəbdən evə qayıtdım. Həyətdə odun yaran Azəri görəndə təəccübləndim:

- Azər, bəs sən son zəng şənliyində deyildin?

Azər cinayət üstündə tutulmuş adam kimi pərt oldu. Handan- hana cavab verdi:

- Müəllimə, ordaydım, amma şənliyin axırına qədər qalmadım.

- Yəqin tez gəlmisən ki, axşama hazırlaşasan?

- Yox, mən heç yerə hazırlaşmıram.

Bu vaxt evin qapısı açıldı. Bəyim xala əlində iri teşt astanada göründü.

- Nə yaxşı, tez gəlmisiniz, təndiri qalamışam, birazdan çörək hazır olar, birlikdə nahar edərik.

O, Azərin doğradığı odun parçalarını görüb çox sevindi.

- Başına dönüm, ay oğul, qollarına qüvvət, gör nə qədər odun doğramısan. Elə məni dərd götürmüşdü. Bayaq zülmlə künc- bucaqdan bir- iki çır-çırpı tapıb təndiri qalamışam. Yorularsan, daha bəsdir, keç içəri.

Azər anasının sözünə qulaq asmayıb işini davam etdirdi.

Axşama yaxın hamı rayon mərkəzindəki kafedə toplanmışdı. Amma nə Azər, nə də Günəş vida gecəsinə gəlməmişdi.

Son vaxtlar kənddə xəbər yayılırdı ki, rayon mərkəzindən gəlib cavanları əsgərliyə aparırlar. Deyilənə görə, artıq qonşu kəndlərdə neçə cavanı avtobuslara yığıb birbaşa cəbhəyə göndərmişdilər.

Səhər darvazanın döyülməsi məni yuxudan erkən oyatdı. Pəncərədən baxanda Bəyim xalanın biri hərbi, digəri mülki geyimli iki kişi ilə söhbət etdiyini gördüm. Bir qədər sonra Bəyim xala içəri girdi. Mən ondan gələnlərin kim olduğunu soruşanda yazıq qadının dərdi açıldı:

- Nə bilim, hərbi komissarlıq adından gəliblər deyəsən. Tifilimin hələ 18 yaşı tamam olmayıb, cəbhəyə göndərmək istəyirdilər. İncəvara razılığa gəldik. Olan- qalan bircə qoyunumu verdim ki, balamı aparmasınlar.

- Ay Bəyim xala, nə danışırsan, elə şey olar?

Əvvəla, özün deyirsən ki, Azərin əsgərlik yaşı hələ çatmır. İkincisi, tanımadığın, bilmədiyin adamlara rüşvət verirsən. Kim bilir nəçidirlər, yəqin sənin avamlığından istifadə ediblər.

- Neyləyim, ay müəllimə, gözüm görə- görə balamı odun- alovun içinə göndərməklərinə necə razı olardım?

Tövlədən anasından ayrı qalmış quzunun mələrtisi eşidildi. Quzu bütün günü beləcə mələyə- mələyə qaldı.

Xəbərlər ürəkaçan deyildi. Bədnam qonşular silah gücünə yurddaşlarımızı öz evlərindən didərgin salırdılar. Kəndə nə qədər qaçqın ailəsi pənah gətirib, yerli sakinlərin mərhəmətinə sığınmışdı.

Azər bir yerdə qərar tuta bilmirdi. Bəyim xalanın ondan xəbərsiz qoyunu rüşvət verməsi oğlana pis təsir etmişdi. Bir tərəfdən də Günəşin Rusiyada yaşayan uzaq qohumlarına nişanlanması Azərin olan- qalan həyat eşqini söndürmüşdü. Bunu ancaq mən bilirdim, amma Bəyim xalaya dərd verməmək üçün bu barədə heç nə danışmırdım. Yazıq qadın evdə ruh kimi gəzib- dolaşan oğlunu dilə tutub söz qoparmağa çalışırdı:

- Ay bala, sənə nə olub? Bir qoyuna görə adam bu qədər üzülər? Sənə canım qurban olsun, nəyin fikrini çəkirsən? Təki salamatlıq olsun, tezliklə müharibə qurtarsın, bir anayıq, bir bala. Allahın köməyilə sənə bir toy edəcəyəm ki. Hələ Bakıdan xanəndələr də çağıracağam.

Bəyim xala özünün də inanmadığı bu sözləri elə ürəklə deyirdi ki, mənim təsəvvürümdə Azərin təmtəraqlı toy məclisi canlanırdı. Amma ...

Bəyim xala ilə Günəşin xınayaxdı mərasimindən qayıdanda Azəri evdə görmədik. Gecə yarısına qədər onu gözlədik. Azər sanki quş kimi qanad açıb yoxa çıxmışdı. Ertəsi gün qonşunun oğlu bizə xəbər verdi ki, Azər dünən axşam ona rayona gedəcəyini deyib.
O axşam, bu axşam Azər gəlib çıxmadı. Bəyim xala hər gün göz yaşı töküb özünü danlayırdı:

- Kasıbçılığın üzü qara olsun. Pulum yox, varlı qohumun yox. Əlim heç yerə çatmır. Görən bu uşaq hara getdi? Bəlkə Bakıya işləməyə gedib? İnsafsızın oğlu, əl boyda kağız da yazıb qoymaylb ki, nəsə bilim.

Azərin yoxa çıxmasından iki ay keçmişdi. Bəyim xala ilə televizora baxırdıq.

Ekranda arıq, yeniyetmə bir oğlan şəkli göründü.

Döyüşçü dostları Azərin qəhrəmanlığından, onları xilas etmək üçün öz canını qurban verib təkbaşına düşmən dəstəsini azdırmağından danışırdılar. Sonda Azər düşmənə təslim olmamaq üçün həm özünü, həm də bir neçə erməni əsgərini partlayıcı maddə ilə məhv edib şəhid olmuşdu.

Bəyim xalanı sakitləşdirə bilmədim.Onun o gecəki hönkürtüsünü, balasını ağı deyib ağlamağını ömrümün sonuna kimi unutmayacaqdım.

Valideynlərim təkidlə Bakıya qayıtmağımı tələb edirdilər. Çünki yaşadığım kəndin də düşmən hücumuna məruz qalmaq təhlükəsi vardı. Bəyim xalanı tək qoymaq istəmədiyimdən qərar verməkdə aciz idim. Amma Bəyim xala məni məcbur edirdi ki, geri dönüm.

- Müəllimə, mən dəvəsi ölmüş ərəbəm. Amma sən bir ananın balasısan. Gördün ki, bu iki ayda mən necə nigarançılıq çəkdim. Yığış get Bakıya, mənə görə buralarda qalma.

- Bir şərtlə gedirəm. Sən də mənimlə gedəcəksən.

Vəziyyət düzələn kimi yenə qayıdarsan.

Bəyim xalanı dilə tutub Bakıya gəlməsinə razı saldım. Guya Bakıda vəziyyət yaxşı idi ki? Hər gün cəbhədən qara xəbərlər gəlir, Qarabağın işgal olunmuş kəndlərindən insanlar axın - axın paytaxta köç edirdilər.

Bəyim xala bizim bina evi olan mənzilimizdə qərar tuta bilmirdi. Başını qatmaq üçün çörək almaq bəhanəsilə küçəyə çıxır, özü kimi dərdli adamlar tapıb söhbətləşirdi.

Yanvarın 20- də mənim ad günüm olacaqdı. Amma heç qeyd etmək istəmirdim. Bir tərəfdən də məni uzun müddət görməyən keçmiş tələbə yoldaşlarım israrla bizə gələcəklərini demişdilər. Naəlac qalmışdım. Bəyim xala bazara getməyi öz boynuna götürmüşdü. Ucuz olsun deyə axşambazarı evimizin yaxınlığında olan üçüncü mikrorayona yollandı. Biz anamla evdə olan ərzaqdan yemək hazırlayırdıq. Bu zaman qapıbir qonşumuz ev telefonuna zəng edib bizdən televizorun işləyib- işləmədiyini soruşdu. Vaxtımız olmadığından heç televizoru açmamışdıq. Bir də açıb neyləyəcəkdik ki. Məgər ürəkaçan bir xəbər var idi ki? Bizim televizor da işləmirdi. Rəngi qarşıda bizi gözləyən gün kimi qapqara olmuşdu. Sonradan biəcəkdik ki, düşmənlərimiz televiziyanın enerji blokunu qəsdən partladıblar.

Bəyim xaladan nigaran qalmışdıq. Bir az mer- meyvə alıb gələcəkdi. Anamla həyətə düşüb onu qarşılamaq istədik. Amma hava soyuq idi. Eyvana çıxdım ki, onu görəndə düşüb kömək edim. Bu vaxt həyətdəki insan izdihamını görəndə çaşbaş qaldım. Kimsə uca səslə bağırırdı:

- Ay adamlar, bizi qırırlar. Şəhərə tanklar gəlib. Məni eşidirsiniz, neçə adamı gözümüzün qarşısında öldürdülər!

Pillələri iki- iki düşdüm. Blokun qarşısında işdən qayıdan atamı gördüm. Kişi mənə acıqlandı.

- Ay qız, evə qayıt.

- Ata, görmürsən bu adamları? Nəsə olub.

- Heç nə olmayıb. Təxribatdır. Rus əsgərləri sadəcə bizi qorxutmaq istəyirlər. Soyuq olar, gir içəri.

Atamın sözündən çıxa bilmədim. Elə ata- bala bloka daxil olmaq istəyəndə kimsə arxamızca səslədi:

- Sizin evdə qalan qadını da vurublar.

Təcili yardım maşını həyətdə idi. Maşının şüşələri çilik- çilik olmuşdu. Bəyim xalanı düz sinəsindən vurmuşdular. Ona kömək etmək mümkün olmamışdı. Hətta təcili yardım həkiminin özü də yaralanmışdı.

Mən 33 ildir ki, ad günümü qeyd etmirəm.

Yanvarın 20- də anadan olan azərbaycanlılar ad gününü qeyd etmirlər.

Elə bilirəm Bəyim xala mənə görə öldü, əgər Bakıya gəlməsəydi, bəlkə də kənddə bugünə kimi yaşayacaqdı.

Anam hər dəfə özlüyündə mənə təsəlli verir ki, əgər kənddə də qalsaydı, Bəyim xalanı ermənilər öldürəcəkdi. Necə deyərlər, ya zəlzələdən, ya vəlvələdən.

Düz 30 il sonra Bəyim xalagilin işgaldan azad olmuş kəndinə getdim. Bir vaxtlar işlədiyim kənd məktəbi şəhid Azərin adını daşıyırdı. Məktəbin direktoru ilə görüşdüm. Azər adlı bu cavan oğlan məni çox səmimi qarşıladı. Üzü mənə tanış gəlirdi. Valideynləri ilə maraqlandım. Demə, zənnim məni aldatmamışdı. Məktəbin direktoru Azər müəllim şəhid Azərin gizli- gizli sevdiyi Günəşin oğlu idi.

# 1459 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #