Gözüm yollarda qalanda – Sara İbrahimdən yeni hekayə

Sara İbrahim, yazar

Sara İbrahim, yazar

26 aprel 2022
# 09:00

Kulis.az “Hekayə günü” layihəsindən Sara İbrahimin “Gözüm yollarda qalanda” adlı yeni hekayəsini təqdim edir.

Bir zamanlar çox məşhur bir mahnı vardı: radioda, televiziyada tez-tez bu mahnını səsləndirərdilər. Mahnının sözlərində aşiq sevgilisini əsən yellərdən, rüzgarlardan soraqlayıb xəbər alırdı:

Əsən yellər, əsən yellər,

sevgilimdən mənə xəbər.

Solanda narın çiçəklər,

Gül yanağım solmasınmı...

Fizika müəllimimiz həm də gözəl tar çalırdı. Məktəbimizin tədbirlərində ifa edəndə tarın simlərindən qopan könül oxşayan nəğmələri dinləməkdən həzz alardıq. O, sonralar çalıb-oxumağı bacaran istedadlı uşaqları bir yerə yığıb özfəaliyyət dərnəyi yaratdı. Bizim sinfimizdən iki nəfəri – Aliyə adlı sinif yoldaşımla məni də həmin dərnəyə dəvət etdi.

Bayram tədbirlərinə bir ay qalmış məşqlərə başlayırdıq. Dərsdən sonra çalıb-oxuyan uşaqların səsi məktəbi başına götürərdi.

Bəzən elə olurdu ki eyni mahnını hamı oxumaq istəyirdi. Bu zaman repertuar üstündə qırğına çıxırdıq.

Növbəti tədbirə hazırlaşırdıq. Ansamblın rəhbəri kimin hansı mahnını oxuyacağıyla maraqlananda hamıdan qabaq mən dilləndim:

– Mən “Əsən yellər”i oxuyacağam.

Sakit, utancaq təbiətli Aliyə ondan heç gözləmədiyim inadkarlıqla:

– Bu mahnını mən oxuyacam! Müəllimlə bu barədə razılaşmışıq – dedi.

Üzümü sinəsinə sıxdığı tarını kökləyən müəllimə çevirdim. O, Aliyənin dediklərini təsdiq elədi:

– O mahnını Aliyə oxuyacaq. Onun səsinə daha uyğundur, həm də səndən əvvəl o demişdi.

Özümü bu mahnını oxumağa hazırladığımdan, başqası haqqında heç düşünmək də istəmirdim. Evdə bütün günü səsimi başıma atıb evdəkilərin də baş-qulağını aparmışdım. İndi mahnımı məndən alırdılar. Acıq edib məşqdən getdim. O gündən yaxın rəfiqəm Aliyədən incidim. Ondan kənar gəzirdim. Özü məni nə qədər danışdarmağa, mehribanlıq etməyə çalışsa da, onunla barışmırdım. Mənim bu qədər inad etdiyimi görüb bir dəfə:

- Mən başqa mahnı oxuyaram. Onu sən oxu, amma mənimlə danış – dedi.

Ansamblın rəhbəri də tərslik etdiyimi görüb həmin mahnını Aliyədən alıb mənə verəcəyini deyəndə yumşaldım: “Daha istəmirəm, qoy Aliyə oxusun, mən başqa birini oxuyaram”.

Bayram tədbirində hamı sırayla səhnəyə çıxıb hazırladığı mahnını, ya da şeiri ifa edərək səhnəni tərk edirdi. Mənim çıxışım Aliyədən əvvəliydi. Növbəmi həvəssiz yola verib zaldakı tamaşaçı uşaqların yanında yerimi tutdum. Aparıcı Aliyəni səhnəyə dəvət edib mikrofonu ona uzatdı.

Aliyənin tən ortadan ayırıb hördüyü qoşa hörükləri, çəhrayıya çalan bənizinə xüsusi gözəllik verən qapqara, yanağını döyən uzun kirpikli iri gözləri, geyindiyi ağ önlüklü məktəbli forması ona çox yaraşırdı. Onun gözləri məni həmişə cəlb edirdi. Qapqara gözləri bir az içəriyə batdığından mənə köşək gözlərini xatırladırdı. Çəhrayıya çalan üzü mərmər kimi təmiziydi.

Aliyə məktəbimizin gözüydü. Mülayim təbiətinə, mehribanlığına görə hamımız onu çox istəyirdik.

O, oxumağa başlayanda zalda səs- küy kəsildi. Yanıqlı, ürəyəyatımlı səsiylə, boynunu azca yana əyib gözlərini yumaraq içdən, sanki oxuduğu bu qəmli mahnının sözlərini yaşayırmış kimi zaldakıları, onu müşayiət edənləri unudub oxuyurdu:

Dağları duman alanda,

Gözüm yollarda qalanda,

Yadıma səni salanda,

Gözüm yaşla dolmasınmı...

Mahnı bitəndə zala bir anlıq sükut çökdü. Aliyənin cingiltili, yanıqlı səslə ifa etdiyi mahnı bizi sehirləmişdi. Qəfil qopan alqış sədaları divarları titrətdi. Onu ən çox alqışlayanlardan biri də mən idim.

Səhnədən düşüb mənə yaxınlaşdı. Qarşımda dayanmışdı.Mən hələ də onunla danışmırdım. İndi hiss elədim ki, onun üçün nə qədər darıxmışam. Onu nə qədər sevdiyimi də indi anladım. Yox,onu nə qucaqlayıb bağrıma basdım, nə də gözəl yanaqlarından öpdüm. Günahsız, məsum baxışlarıyla məndən üzr istəyirmiş kimi baxan gözlərinə baxıb sadəcə gülümsədim. Biz onunla belə barışdıq.

O gündən sonra Aliyəylə dostluğumuz daha da möhkəmləndi. O, məndən heç nəyi gizlətmirdi. Sirlərini yalnız mənə etibar edirdi.

Sonuncu tədbirdəki möhtəşəm ifadan sonra Aliyə hamımızın gözündə başqalamış, məktəbimizin ulduzuna çevrilmişdi.

Son zamanlar onda bir dəyişiklik hiss edirdim. Çox şən olmuşdu. Gözlərində bir parıltı, sevinc hiss olunurdu.

Bir dəfə dərsdən çıxıb evə gedəndə çantasından dörd qatlanmış bir kağız çıxardıb mənə göstərdi. Bu, bizimlə bir sinifdə oxuyan Sulduz adlı oğlanın ona yazdığı sevgi məktubuydu. O gündən Aliyə ona yazılan məktubları mənimlə birlikdə oxuyurdu. Bir dəfə mənə “İstəyirəm bunlar səndə qalsın, evə apara bilmirəm, çantamda da saxlaya bilmirəm. Birdən kiminsə əlinə düşər, bir yerdə gizlət” – dedi. Mən onu başa düşürdüm: evlərinin sonbeşiyiydi, qardaş-bacıları özündən yaşda çox böyük idilər. Yəqin, onlardan çəkinirdi. Məktubları ondan alıb atamın kitabxanasında-qalın cildli kitabların lap arxasında gizlətdim.

Orta məktəbin son sinfində oxuyurduq. Bir aydan sonra son zəngimiz olacaqdı. Son zəng şənliyinə hazırlaşırdıq, məşqlərimiz başlamışdı. Hamı Aliyənin yenə də həmin mahnını oxumasını istəyirdi. O mahnı Aliyənin vizit kartı olmuşdu.

May ayının əvvəlləri, yazın gözəl vaxtıydı. Məktəbimizin həyətində, ləklərdə əkilmiş qızılgüllərin ətri, şövqlə oxuyan quşların səsi bizi həyətə çağırırdı. Belə havada dərsdə oturmaq bir az canımızı sıxırdı. Zəng vurulan kimi həyətə axışdıq. İki-iki, üç-üç bir yerə toplaşıb deyib-gülür, on dəqiqəlik tənəffüsün dadını çıxarırdıq.

Aliyəylə uşaqlardan bir az aralıda yenə pıçıldaşırdıq, Sulduzun ona yeni yazdığı məktubundan danışırdı. Yanaqları allanmış rəfiqəmin gözləri xoşbəxtlik saçırdı. O həyəcanlıydı. Çiyinlərindən sinəsinə düşən hörüklərinin ucunu açıb gah barmaqlarıyla darayır, gah da onları yenidən hörürdü. Çəhrayı rəngli yanaqlarına, köşək gözlərinə baxaraq onu dinləyirdim. Birdən onun burnundan dodaqlarının üstünə doğru qan sızdığını gördüm. Özü də bunu hiss edib əlini burnuna tutdu. Qan getdikcə çoxalırdı. Barmaqlarının arasından damcılayan qan ağ önlüyünün üstündə qırmızı ləkələr salırdı. Biz nə olduğunu anlayana qədər bayaqdan damcılarla axan qan fəvvarə verdi; indi qızın burnundan axan qan qarşısı kəsildikdən sonra birdən açılan çay kimi köpüklənib fışqırmağa başladı. Ömrümdə insan burnundan bu qədər qan axdığını görməmişdim: kəsilmiş başın yerindən axan qan gölünə bənzəyirdi. Mən qışqırıb ətrafdakıları köməyə çağıranda Aliyə kökündən qopmuş ağac kimi yerə yıxıldı. Qız yerdə qan içində çırpınırdı.

O, indiyə qədər heç vaxt xəstələnməmişdi. Biz soyuqdəymə, zökəmlə tez-tez xəstələnsək də, Aliyənin necə deyərlər, burnu da qanamamışdı. Amma indi o qanamayan burundan axan qanı kəsmək olmurdu.

Aliyə son zəngimizə gələ bilmədi. Valideynləri onu paytaxtdakı xəstəxanaların birində müalicə elətdirirdi. Aliyədə çox nadir rast gəlinən irsi qan xəstəliyi aşkar olunmuşdu. Bir aydan sonra xəstəliyi müalicəyə tabe olmadığından, onu xəstəxanadan evə buraxdılar. Bir də heç vaxt ayağa qalxa bilməyəcəkdi. İflic idi, ömürlük çarpayıya məhkum olmuşdu.

Aliyənin yanına getmək istəsəm də, gedə bilmirdim. Onu ümidsiz, çarəsiz vəziyyətdə görmək istəmirdim.

Bir gün özümü toplayıb onu görməyə getdim. Evlərimiz bir-birindən xeyli aralıydı. Yol uzunu özümü möcüzə görəcəyimə inandırırdım. Ürəyimdə yalvarırdım: “Kaş mən içəri girəndə ayağa qalxa biləydi, eşitdiklərim yalan olaydı, İlahi!”

Pəncərənin qarşısındakı dəmir çarpayıda uzanıb qapıya baxırdı. Mənim sevimli rəfiqəmin çəhrayı yanaqları solmuşdu. Sevdiyim gözəl köşək gözləri çuxura düşmüşdü. O qədər arıqlamışdı ki, yumru, dolu üzünün sümükləri qalmışdı.

Məni görəndə üzünə kədərqarışıq təbəssüm qondu. Uzandığı yerdən dikəlməyə çalışaraq:

– Ah, nə yaxşı gəldin, elə indi səni düşünürdüm – dedi.

Onunla görüşüb yanında oturdum. Sinif yoldaşlarımızı, müəllimlərimizi, son zəngimizin necə keçdiyini bir-bir məndən soruşdu. Sonra dərindən nəfəs alıb:

– Yadındadır, o mahnıya görə məndən küsmüşdün. Mənimlə neçə vaxt danışmadın. Hərdən fikirləşirəm ki, o mahnı mənim taleyimə təsir etdi; günüm o gördüyün pəncərəyə baxıb əsən yellərdən, hər gəlib-gedəndən soraq, bir xəbər gözləməklə keçir. Qapıdan kimsə girəndə sevinirəm, çıxıb gedən kimi yenə kiminsə gələcəyini gözləyirəm. Ona təsəlli vermək istədim, danışmağıma imkan vermədi:

– Yox, heç nə demə! Bu xəstəlik, sağalan xəstəlik deyil. Bir daha ayağa durmayacağımı bilirəm, amma bir şeyə şükür edərək yaşayıram: bu xəstəliklə doğulan gündən yaşayanlar var. Tanrı mənə on yeddi il vaxt verdi. Oxumağı öyrəndim. İndi kitab oxumaqla təsəlli tapıram, günümü başa vururam. On il məktəbə gedə bildim, sizin kimi dostlar qazandım. Elə bunlar da mənə bəsdir. Anam əziyyətimi çəkir, ona yazığım gəlir. Hər gün bir az qocalır. İstəmirəm ki, illərlə mənə qulluq edib əziyyət çəksin. Allaha hər gün yalvarıram ki, məni yanına tez aparsın, anam əziyyət çəkməsin.

***

Bu mənim onunla son görüşüm oldu. Bakıda universitetə qəbul olmuşdum, dərslərim çox çətin idi. Vaxtın necə keçdiyini hiss etmirdim. Başım elə qarışmışdı ki, hamını, hər şeyi unutmuşdum. Bir də kəndə yaz tətilində qayıda bildim. Anamdan Aliyəni xəbər alanda bir az susub, sonra hüznlü səslə: “Şəhərdə heç kimin yoxdu, ürəyinə salıb xiffət edərsən deyə, sənə demədik”.

Aliyə üç ay bundan əvvəl bu dünyanı tərk edib, özü istədiyi kimi Tanrının dərgahına köçmüşdü.

***

Onunla üz-üzə dayanmışdım. Kədərli, yol çəkən gözləriylə qara mərmərdən mənə baxırdı. Bəlkə də, sevdiyini soruşmaq istəyirdi. Məndə onun əmanəti qalmışdı. Kim bilir, bəlkə, son anında onları xatırlamışdı.

“O mahnını məndən aldın, məni oxumağa qoymadın. Mən oxusaydım, bu soyuq daşdan, bəlkə, yollara mən boylanacaqdım. Bu kədərli tale bəlkə məni yaxalayacaqdı. Kim bilir, bəlkə də, sən özünü qurban vermisən. Sən günahsız mələksən, əzizim. Bax, əmanətini gətirdim. Onu burda qoyub gedirəm. Daha yollara baxma! Uyu, öz cənnətində”.

Məktubları məzarının yanında “dəfn etdim”. Mənə elə gəldi ki, bir az bundan qabaq kədərlə baxan qara, köşək gözləri indi gülümsəyir, cingiltili, yanıqlı səsiylə yenə o mahnısını oxuyub mənimlə vidalaşır:

“Yadıma səni salanda, gözüm yaşla dolmasınmı”.

# 3730 dəfə oxunub

Oxşar xəbərlər

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
# # #