Cənnətdəki otel - Yeni hekayə

Cənnətdəki otel - Yeni hekayə
7 noyabr 2021
# 12:30

Kulis.az tanınmış yazıçı Vahid Məmmədlinin “Cənnətdəki otel” hekayəsini təqdim edir.

Ona elə gəlirdi ki, gözünü açandan bəri yaşadığı bu şəhərə birgünlük səfər edib.

Küçələr, evlər, ağaclar, hər gün dəfələrlə yanından keçdiyi, gördüyü həmənki mənzərələr olsa da, sanki nə vaxtsa cəmi birgünlük səfərdə olduğu şəhərə qayıtmışdı...

Yalnız indi anladı ki, ona tanış gələn şəhərə birgünlük səfər adi səfər deyilmiş, ömrünün bir gün kimi keçən böyük zaman kəsiyi imiş...

Səhər yuxusundan oyanmağı, gözəl sevgilisinin barmaqlarına dolaşan zil qara saçları, tələsmədən yatağından qalxmağı, sevgilisini qollarına alıb öpüşlərə qərq etməsi, gözləri saatda, tələm-tələsik yediyi yağda qızardılmış iki sarılı qayğanaq...

Özünü avtomobilinin sükanı arxasına atıb şəhərin gec yanan işıqforlarını bir-bir sayması, uşaqlarının doğulması, vətənə xidmət saydığı vəzifəsinin daha bir pillə də yüksəlməsi ömrünün günortası idi. Bir gün içində yaşadıqlarının fonunda təlaşlı, yükü böyük, tənbəl bir günorta...

Alatoranlıqdakı darıxmaq, sanki dünyanı yenidən qura biləcəklərinə inanan dostlarla sabah heç bir əhəmiyyəti olmayacaq müzakirələr, onun istedadının qarşısına sədd çəkə bilməyənlərin gülməli arqumentləri və oxucusu olmayan həmkarlarının yorucu söhbətləri gecəni yaxınlaşdırır; o gecəni ki, səhər yuxudan oyanmamaq da var.

Amma bu gecə digərlərindən fərqli gecə idi. Yuxularında hər şey eyni məkanda baş verirdi. Təkcə bu gecə bir qədər fərqlilik vardı.

İki dağın arxasında dayanmışdı; onları çiyinlərinə qoyduğu nəhəng əllərlə özünə tərəf sıxan qayalıqdan süzülən şəlalə, dağların salamlaşaraq yan-yana tutduqları daş ovuclarına axaraq duru bir göl yaratmışdı.

İki dağın qoynundakı palıd, cökə, şam ağacları, yemişan, qaragilə kolları bir-birinə sarılıb öpüşürdülər.

Bu məkan neçə illərdir onun yuxusunda təkrarlanan eyni məkan idi.

Amma bu gecəki yuxusunda hər iki dağın ətəklərini indi mavi dəniz də döyəcləyirdi.

O dənizin sularına baş vurdu. Burnuna duzlu, tanış qoxu gəldi. Beynini qurcaladı. Bu dəniz ürəyinə axan göz yaşlarından yaranmışdı...

Bugünkü yuxusunda dənizdən çıxıb qurulandıqdan sonra sahil boyu uzanan güzgü kimi yolla velosiped sürürdü... Birdən sağ tərəfdə pəncərələri birbaşa dənizə açılan bir otel göründü. Otelin qarşısında dayanıb velosipedi divara söykədi. İçəri keçdi. Otelin girişində bir nəfər peyda oldu. Həmin insanı diqqətlə süzəndə anladı ki, bu insanı ağlı kəsəndən tanıyıb.

Vasifi görcək arxadakı geniş zala keçdi. Boynundakı qızıl zənciri ağzına salıb çeynəyirdi... “Bizi burda da rahat buraxmırsan... Qoymarsınız kef eləyək?”

– Deyək ki, mən velosipedlə təsadüfən gəlib bura çıxmışam. Soruşmaq ayıb olmasın, sizin burda nə işiniz var?

– Bu otel mənimdir, – deyə zəncir çeynəyən dilləndi. Əlinizdən hara qaçaq, imkan verin yaşayaq da....

Divara söykədiyi velosipedi götürüb getmək istəyirdi ki, metrodotel qiyafəsində yorğun, yaşlı bir kişi yaxınlaşdı:

– Məni tanımadız?

Yox, bağışlayın.

– Qan-tərlə tikdiyiniz bu otelin sizə məxsus olması barədə sənədləri öz gözlərimlə görmüşdüm, – deyib, metrodotel gözdən qeyb oldu.

Bir qədər keçmiş yuxudan ayıldı. Saat səkkizin yarısını göstərirdi. Bir fincan qəhvə içib işə yollandı. Gecə yuxusunda gördüyü gözəl otelin nə vaxtsa ona məxsus olmasını nə illah etsə də, xatırlaya bilmədi...

# 7376 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #