Cənab Beyin – Sənan İsmayılovdan yeni hekayə

Sənan İsmayılov, yazıçı

Sənan İsmayılov, yazıçı

24 may 2022
# 09:00

Kulis.az "Hekayə günü" layihəsindən Sənan İsmayılovun “Cənab Beyin” adlı yeni hekayəsini təqdim edir.

Mobil telefonun qulaqbatırıcı zəng melodiyası onun naharsonrası mürgüsünə haram qatdı. Zəng edən böyük qardaşı idi. Oltuk ləngimədən telefonun “qəbul” düyməsini basdı, çünki çalınan zəngin istənilən an kəsiləcəyindən ehtiyatlanırdı. Qardaşı həmişəki suallarla söhbətə başladı – Oltuk özü, uşaq və nəvələri necədirlər… Həmin suallar arasındakı fasilələrdə Oltuk “yaxşı” sözünü səsləndirməyə güclə fürsət tapdı. İndi onun üçün vacib sayılacaq məqam – qardaşının nədən danışması yox, məhz danışması idi. Onun sadəcə səsini eşitməsi də yetərli idi, çünki günəş şüaları ekrana düşdüyündən qardaşının üz cizgilərini sən deyən də ayırd eləyə bilmirdi. Deməli, hələ sağdır, deməli, öz uzaq xatirələrini bölüşməkdən ötrü kimi-kimsəsi var hələ.

– Yadına gəlir də, bu vaxtlar, yəni yayda, küçədə olduğumuz vaxt anamız bizi necə səsləyər və bir süfrə başına toplayardı?

Səksən yeddi yaşlı Oltuk cavab verdi:

– Əlbəttə, yadıma gəlir.

Onun boğazını qəhər bürüdü. İstədi var gücüylə bağırmaqla, bütün dünyaya car çəksin ki, öz qardaşını necə sevir, ondan ötrü, onunla yayda necə vaxt keçirdiklərindən ötrü necə qəribsəyibdir. Anaları öz övladlarını masa ətrafında oturdub, qoyun ətindən, noxuddan, albuxaradan və soğandan bişirdiyi təamdan onların qarşısındakı kasalara xörək çəkərdi... Qəfildən Oltuka elə gəldi ki, böyük bir məclisin iştirakçıları keçmiş əyyamlarla bağlı onun bu hekayətini maraqla dinləyirlər. Və onun insan taleləri barədə ən müxtəlif hekayətlərlə zəngin həyat tərzinə hamı həsəd bəsləyir.

O, yuxarıya doğru daralan, köhnə və ağır qazanı, dibindəki qarası heç vaxt təmizlənməyəcək qazanı bütün təfərrüatlarına qədər təsvir eləyə bilərdi, çünki yüzlərcə dəfə ocaq üstə vam odda, amma saatlarca qaynayan qazanda həmin o yemək bişirilərdi. Süfrə arxasında əvvəlcə böyüklərə, sonra isə uşaqlara yemək çəkən analarının əl hərəkətlərinə övladları lal-dinməz göz qoyardılar. Danışa bilərdi ki, ən nəhayət, yemək paylarını alan uşaqlar o adi ət suyunun içində üzən bozumtul qoyun əti tikələrinin üstünə srağagündən qalan boyat çörəyi necə həvəslə doğrayardılar.

Ancaq nə bunları danışmağa, nə də bölüşməyə bir kimsə tapa bilirdi. Həm də əgər o qalın divarlı qazanın yeri, uzaqbaşı, kiminsə sırf vaxt öldürməkdən ötrü baş çəkəcəyi kiçik bir əyalət muzeyi ola bilərdisə, onda onunla bağlı hekayət indi kimə maraqlı gələrdi axı?! Üstəlik, boğazını yırtmağa sən deyən heyi də yox idi.

Oltuk özünün süni oynaqlarında bir yorğunluq hiss elədi. Belə hallara az rastlansa da, o, əmin idi ki, bunlar yerli-dibli olmamalıdır. “Yüngül metaldan və plastikdən hazırlanan dizlər necə yorula bilərdi axı?! Heç cür! Mən özüməm ey bu həyatdan bezib-yorulan. Hərçənd həyatım yetərincə də uğurludur”, – deyə o, ayaqlarını döyəclədikdən sonra skamyada əyləşərək, telefona qulaq kəsildi – qardaşı ünsiyyətdən doyan deyildi, kiçik qardaşının varlığı sayəsində isə o, özünün kiməsə böyüklük eləmək, nəsihət vermək kimi istəklərini gerçəkləşdirirdi.

Aralarında dörd yaş fərq olan bu qardaşlar bir-birindən üç yüz iyirmi kilometr aralıda yerləşən şəhərciklərdə məskunlaşmışdılar. Üç il əvvələ qədər onlar ayda azı bir dəfə görüşərdilər. Ancaq son vaxtlar belə görüşlər ildə iki-üç dəfəyə qədər seyrəlmişdi. Yaşca kiçik və daha sağlam olduğu üçün, adətən, Oltuk qardaşına baş çəkirdi. Buna rəğmən, telefon vasitəsilə az qala hər həftə bir-birindən hal-əhval tuturdular. Bir kərə, təxminən səkkiz il əvvəl, sözləri necə çəp gəlmişdisə, sonrakı altı ay boyu onlar heç telefonla da əlaqə saxlamadılar. Daha betər darıxsa da, o, içindəki mənlik hissini yenə bilməmiş və qardaşına zəng eləməmişdi. Böyük qardaşı özü onunla əlaqə qurmuşdu. Bir-birlərini ekranda gördükləri zaman hər ikisinin gözləri yaşarmışdı – axı onlar yaşdakı insanların zahiri görkəmi bir neçə ayda da xeyli dərəcədə dəyişə bilir.

Bugünkü dünya üçün üç yüz iyirmi kilometrlik məsafəni qət eləmək nə çətin iş imiş axı? O yol uzaqbaşı bir-iki saat vaxt alar da. Bununla yanaşı, onlar düşəndən-düşənə görüşürdülər. Böyük qardaşın bəhanəsi: “İşim-gücüm var” idi. Oltuk buna etiraz eləyib: “Doxsan bir yaşındakı adamın hansı işi-gücü ola bilər axı?!” – demək istəyərdi, amma yenə də on illər boyunca etdiyi kimi, qardaşının xoşundan tutmağı daha uyğun sayardı: “Hə də, anlayıram. Axı nəvə-nəticələr hamılıqla sizə yığışırlar” – deyərdi. Böyük qardaşı da anlayış göstərib, bunu təsdiqləyərdi: “Hə-ə, elədir”.

Maraqlı idi – görəsən, onlar eyni şəhərdə yaşaya, bir-birinə qonşu ola bilərdilərmi? Oltuk buna inanmırdı, çünki doğma qardaş ilə qonşuluq adamdan müəyyən məsuliyyət tələb eləyər. Hələ uşaq vaxtı, boş bir şeydən ötrü araları dəyəndə də, onlar eyni süfrə arxasında çörək kəsməkdən imtina edərdilər, ancaq biri süfrəyə yanaşmayana qədər digəri də yemək barədə düşünməzdi – hər biri öz boşqabını götürüb, otağın fərqli künclərinə çəkilərdi. Beləcə, həm eyni vaxtda, həm də ayrı-ayrılıqda qarınlarını doyurardılar.

Bir də ortaq yazdıqları qalın dəftərləri vardı onların – orada qonşuların adlarını, maşınlarının rəngini və nömrəsini qeyd edərdilər. Həm də tanıdıqları hər kəsə qoyduqları ayamaları yazardılar o dəftərə. Təkcə insanlara yox, küçə pişiklərinə, qonşu itlərinə, hətta binalara taxdıqları ayamaları da yazdıqları üçün həmin dəftər xeyli dərəcədə qalınlaşmışdı. İndi o dəftər haradaydı, bunu bilmirdi. Yəqin ki, qardaşında idi – axı o, hər şeyi öz əlində cəmləməkdən ötrü sinov gedir.

Bu şirin və kövrək xatirələr aləminə daldığı bir məqamda Oltukun qulağına özünü ehtiyatlanmağa vadar edəcək belə bir cümlə dəydi:

– Bura bax ey, bilirsən də, mənim başım qarışıqdır və… – deyən qardaşı sanki qəflətən mətləbi dəyişdi. Bəlkə də qardaşının onu diqqətlə dinləmədiyindən artıq əmin idi, buna bir əncam çəkmək və Oltukun diqqətini özünə cəmləmək, ya da ona bir vacib iş yükləməkdən ötrü səsinə xüsusi bir çalar qatmışdı. Bu fəndə yerli-yataqlı bələd olan Oltuk da həm ehtiyatlanaraq, həm də bacardıqca yumşaq bir şəkildə qardaşının sözünü kəsdi:

– Bilirəm. Sənin həmişə işin başından aşır, – deyib, fikrə getdi: “Həmişə olduğu kimi, bölüşdüyümüz o şirin xatirələrin ardınca o, yenə söhbəti tamamilə fərqli məcraya salacaq”.

Onun bu cümləsini qulaqardına vuran böyük qardaş sözünün ardını gətirdi:

– Hə-ə, dediyim odur ki, mən o N. şəhərinə gedə bilməyəcəyəm. Yəqin onun hansı tərəfdə olduğunu sən bilirsən?

Oltuk təəccüblə dedi:

– Əlbəttə ki, bilirəm.

– O şəhər sizə daha yaxın olmalıdır. Deməli belə, sən gərək oraya gedəsən. Bugünlərdə mən yetərincə maraqlı bir elana rast gəldim, – deyən qardaşı susdu.

Bu yolla o, özünün sınanmış üsulundan yararlanırdı – susurdu ki, həmsöhbəti məsələ ilə bağlı ona bir sual versin. Birbaşa xahişə keçməyə çətinlik çəkəndə o, həmişə bu cür davranardı. Oltuk da, onun ümidlərini puça çıxarmayıb, soruşdu:

– Nə barədə idi o elan?

Qardaşı təmkin və ehtiyatla sözünə davam elədi: bu yolla o, adəti üzrə həmsöhbətinin reaksiyasını yoxlamağa çalışardı:

– İnsan həyatını uzatmağı vəd eləyən bir fırıldaqçı peyda olub orada.

Oltuk gərgin halda köksünü ötürdü. Az qalırdı bağıra ki: “Sən yarı-yarıya onsuz da süni orqanlardan ibarətsən və onlar hesabına ömrün ən azı on il uzanıb da!” Ancaq bunun əvəzinə, zorla gülümsəməyə çalışdı, bacardıqca həlim tərzdə soruşdu:

– Yoxsa sən o fırıldaqçı ilə iş görmək istəyirsən?

– Hə, ola bilsin, o, həqiqətən də bir fırıldaqçıdır. Digər tərəfdən isə, niyə də bunu sınamayım?! Bəlkə o, həqiqətən də insan ömrünü uzatmağı bacarır? – deyən qardaşı sınayıcı nəzərlərini ekrandan ona zillədi. – Öz nəvələrimlə niyə bir az da baş-başa qalmayım axı? Bu, onlara ancaq fayda gətirər.

Etirazını çətinliklə boğan Oltuk eləcə susub, durdu. İndi dilini dinc qoymayıb, əsl fikrini desəydi, aralarının dəyməsi, heç şübhəsiz, bir himə bənd olacaqdı. Ancaq qardaşı, cavan vaxtlarında olduğu kimi, yenə də onu tərksilah eləməyi bacardı:

– Birdən olmadı elə, oldu belə də? Əvvəlcə o sınaq mənim üzərimdə aparılar, əgər uğurlu keçsə, sən də bu işə qoşularsan. Həm də sən məndən yaşca cavansan deyə, bəlkə bu üsul sənə daha böyük fayda gətirər.

Oltuk bir istədi desin ki, mən elə bunsuz da həyatımdan razıyam, daha artığına da can atmağa niyyətli deyiləm. Nəvələriylə öz xatirələrini bölüşməsi get-gedə çətinləşsə də, ara-sıra onları buna razı sala bilir, artıq öz həllini gözləyən hansısa məsələləri qalmayıb və ölməyə də hazırdır… Ancaq həmişəki variant yenə də keçərli oldu – o, təkrar qardaşının təsiri altına düşdü. Onların bu yaşında etiraz eləmək sadəcə yolverilməz bir şey sayılırdı axı...

***

“Münasibətlərin səmərələşdirilməsi – mütləq xoşbəxtliyin açarıdır” mövzusunda təqdimata bir gün qalmış Oltuk N. şəhərindəki oteldə yerləşdi. Həmin otelin foyesində bu təqdimata dəvətlə bağlı kiçik bir reklam lövhəsi vurulsa da, onun bu tədbirə qatılmağa zərrəcə həvəsi yox idi. Lövhədə bir insan beyni, onun böyür-başında isə üzlərindən süni təbəssüm yağan ahıl insanlar təsvir olunmuşdu. Ancaq qardaşının da könlünü qırmaq istəmirdi – kim bilir, bəlkə də, onun qalan ömrü artıq illərlə yox, aylarla ölçülürdü? O, buradakı kafedə saat yarım oturandan sonra evə dönə və zəng edərək qardaşına deyə bilərdi ki, o fırıldaqçının qurduğu hoqqaya qatılmağa əsla razı olmaz (qocalara ömürlərini uzadacağını vəd edən birisi bütün hallarda fırıldaqçı olasıydı, əlbəttə). Ancaq Oltuk qardaşına yalan sırımaq da istəmirdi. Bunun ən ilkin səbəbi isə, onun bu yalanı o dəqiqə sezmə ehtimalı idi.

Təqdimatın başlanması səhər saat ona planlanmışdı, o isə saat 8.30-da oyaq idi artıq. Rahat yatmamışdı: həm yatağı həmişəki deyildi, həm də (bu, daha önəmli məqam idi) qardaşına açığı tuturdu ki, niyə elə özü qədər ahıl bir adamı xəyal-ümid ardınca ora-bura qovmağa üşənmir. Yəqin qəti əmindir ki, kiçik qardaşı onun sözündən çıxan deyil!

İştahası yox idi. Heçcə nə istəmirdi. Qət elədi ki, 9.30-a qədər yatsın, ondan sonra təqdimatda iştirak üçün zala yollansın. Vaxtında oyansın deyə, ya gərək zəngli saatı quraydı, ya da bunu otel xidmətçisinə tapşıraydı. Əvvəlki kimi, hələ də anlaya bilmirdi ki, qardaşı bu işdən nə umur. Özünü danlayırdı: “Mən qoca axmağın isə bundan imtinaya yenə də üzü gəlmədi!” Qərara gəldi ki, hər necə olursa-olsun, zəngli saatı oyanacağı vaxta qurmasın və bunun ardınca şirin yuxu girdabına daldı. Bu yuxu ona qəribə, həm də son dərəcə real təsir bağışlayacaqdı.

Yuxuda gördü ki, ömrün uzadılmasına həsr olunan təqdimatın keçiriləcəyi otelə daxil olur. Həmin tədbirlə bağlı yeganə nişanə – foyedə vurulan elan idi və orada təqdimat zalına hansı liftin qalxdığı iri və rəngli hərflərlə yazılmışdı.

Hətta həmin zalın yerləşdiyi mərtəbədə də təşkilatçılar gözə dəymirdi. Bu xüsus tədbirə gələnlərin çaşqınlığına səbəb olsa da, o, yuxuda həmin insanları tam dəqiqliklə seçməkdə aciz idi. Oltuk əsəbi halda düşündü: “Yəqin əlavə xərcləri çıxmasın deyə, qonaqları qarşılamaqdan ötrü adam tutmağa qıymayıblar”. Zalın qapısı bağlı olduğundan qonaqlar girişdəki dəhlizdə gözləyirdilər. Onların bəziləri öz aralarında pəsdən söhbətləşir, geriyə qalanı isə bir qədər aralıda ya divarlardan asılan tablolara tamaşa edir, ya da dəhlizin enini-uzununu öz addımlarıyla ölçürdü.

Saat 9.45-də zalın qapıları avtomatik tərzdə açıldı – ancaq qapıların ardında da qonaqları içəri dəvət edib, yerlərini tutmağı onlardan xahiş edəcək bir kimsə gözə dəymədi. Nəzakətli və ahıl insanlardan ibarət bu azsaylı kütlə sanki gözəgörünməz bir axının təsiriylə bir nəfər kimi zalda yerbəyer olub, oturdu. Oltuk isə əsas kütlə ilə bir qədər məsafəli davranırdı, sanki bu yolla özünün ətrafındakı insanlarla ortaq bir yönünün olmadığını nəzərə çarpdırmağa can atırdı. Masadan iki şüşə su götürməklə, o, girişə ən yaxın qoyulan kresloda əyləşdi.

Bu kiçik məkana təxminən otuz nəfər toplaşmışdı – əksəriyyəti ahıl yaşdakı qadın və kişilər idi. Oltuk bir daha zalda oturanların üzünə diqqət yetirməyə çalışdı, ancaq buna heç cür nail ola bilmədi. Həm də bu cür ardıcıl cəhdlərdən başı ağrımağa başladı. Adamların arasında ondan daha cavanları, yəni yaşı altmışı azca ötənlər də vardı və onların üzünü seçə bilməsə də, hansısa nişanələrə görə yaşlarını təyin eləyə bilirdi. Böyründə oturan hündürboy kişinin saçlarına hələlik dən düşmədiyindən o, ümumiyyətlə, əlli yaşlarında birini xatırladırdı adama. Kişi elə hey yerindən durub, ətrafına göz gəzdirir, sonra təkrar öz yerində əyləşirdi. Həm də bunu necə qəfil və təlaşla edirdisə, bu da onun zaldakılardan xeyli cavan olduğunu açıq-aşkar göstərirdi. “Bəlkə də o, buraya ahıl ata-anasına görə gəlib. Elə mənim qardaşım da öz yerinə bu tədbirə oğlunu və ya qızını göndərə bilərdi də. Yox, əşşi, eynilə uşaqlıqdan bəri adət elədiyi kimi, öz tapşırıqlarını o, illah mənə verməlidir”.

Düz saat 10.00-da, yəni “fırıldaqçının” təqdimatının başlayacağı saatda, səhnədə qonq səsini xatırladan bir cingilti eşidildi. Çıxışçını görmək ümidiylə tədbir iştirakçılarının baxışları səhnəyə zillənsə də, orada hələlik heç kəs gözə dəymirdi. Araya beş dəqiqə sürəcək bir sükut çökdü, qonaqlar, üzrxahlıq edər deyə, aparıcının indicə səhnəyə çıxacağını gözlədilər. Ancaq vaxt axıb-gedirdi, səhnə isə yenə bomboş idi. Bunu görən iştirakçılar təkrar öz aralarında söhbətə başladılar və səsləri tədricən yüksəlməyə başladı. Daha bir neçə dəqiqə ötdü, çıxışçıdan hələlik səs-soraq yox idi, odur ki, zalın müxtəlif səmtlərində gedən söhbətlər qulaqbatırıcı qarıldaşmanı xatırlatdı. Bu səfər Oltuk o bayaqkı sualı təkrarən, həm də uca səslə öz-özünə verdi: “Məni hansısa sarsağın ayağına göndərmək axı qardaşımın nəyinə gərək idi?!” Bu dəmdə iştirakçıların arasından ucaboylu, bazburutlu bir kişi yerindən qalxmaqla, səhnəyə tərəf yönəldi. Səhnədə ikən o, masanı taqqıldadınca, zal sükuta qərq oldu.

– Hə, nə deyirsiniz, bir lətifə danışım sizə? – deyə zaldakılardan soruşdu.

İri gözlük taxmış yekəpər kişi yerdən dilləndi:

– O avaragor özünü yetirənə qədər danış, gəlsin. Məsuliyyətsiz adamları heç görən gözüm yoxdur da!

Kişinin böyründəki arıq qadın (hər halda arvadı idi) onun çiynini döyəclədi. Yəqin sakitləşdirmək istəyirdi onu.

– Səmimi desəm, mən gülməli lətifələr bilmirəm. Tədbir aparıcısının məhz özüm olduğumu desəm, bəlkə bundan xoşhallanarsınız. Son yarım saatı mən sizin aranızda keçirdim.

Bu sözlərdən sonra zaldakı səssizlik daha da dərinləşdi.

– Gördüyünüz kimi, mən tamamilə məsuliyyətli biriyəm. Səmərələşdirmə fəaliyyəti insandan ilk növbədə məsuliyyət tələb edir. Bunun əksi də doğrudur: məsuliyyət hissi səmərələşdirməyə şərait yaradır, – deyən aparıcı bir neçə dəqiqə öncə tədbirin gecikməsinə cırnayan o kişi iştirakçını süzdü.

O isə öz sözlərindəki kəskinliyi azaltmaqdan ötrü gülümsəyərək dilləndi:

– Biz bayaqdan sizi gözləyirmişik, siz isə – özünüzü.

Aparıcı əlüstü ona cavab verdi:

– Mənim “özümü gözlədiyimi” deyərkən, siz tamamilə haqlısınız. Elə sizin hamınız, yəni bu zalda oturanlar da, burada məhz özünüzü gözləyirdiniz! İndi qalxdığınız zirvəyə lap uşaq yaşlarınızdan bəri can atdığınızı deməyə yaşanmış ömrünüz imkan verir. Elə isə sual doğur: onda həmin zirvədən niyə enəsiniz ki?! Ömrünüzü o zirvədə niyə davam etdirməyəsiniz?! Axı biz hamımız bu nəticəyə uzun illərin əməyi, əziyyəti bahasına nail olmuşuq, bəzilərimiz isə bundan ötrü həm də xeyli ağır sınaqlardan keçməli olublar.

Bütün zal susurdu.

– İndi isə düşünün görək, ahıl yaşa çatan insanlar necə davranırlar. Çarəsizliyə qapıldıqlarından onlar öz xatirələrindən, keçmişlərindən dördəlli yapışırlar ki, bəlkə bu sayədə yer üzündəki həyatlarını bir ləhzə də olsa, uzadalar. Amma əbəs yerə. Çünki onların burasında, – bu yerdə aparıcı öz başına işarət elədi, – qalıcı şəkildə qorunan proqram bunları diktə edir: “Bütün həyatımız – keçmişdədir. İrəlidə bizi sadəcə həyatda qalmaq səyləri gözləyir”.

Nəfəsini dərərkən o, zalda oturanları gözdən keçirdi.

– Əgər biz bu paradiqmanı dəyişsək və təsəvvür eləsək ki, geniş təcrübəyə malik insanlar qarşısında yeni imkanlar açılıbdır, bəs onda necə olar? Mən də sizin birinizəm. Bu zalın qapılarının açılmasını gözləyərkən, aranızda gəzib-dolaşırdım. Təqdimata başlayana qədər də yenə sizin aranızda oturmuşdum.

Zaldakılar susmağa davam etdikləri müddətdə onlarca göz aparıcıya dikilmişdi. Səhnədə gəzişən aparıcı anlaşılan tərzdə danışırdı, gövdəsini şax tuturdu, bəyaz saçları isə az qalırdı çiyinlərinə düşə. İkinci sırada oturan Oltuk onun yaşını təyin etməkdə çətinlik çəkirdi: sırf üzünə görə (Oltuk təkcə onun üzünü dəqiq görə bilirdi) bu kişiyə yetmiş yaş vermək mümkün idi. Ancaq hərəkətlərinə baxılarsa, aparıcıya qırxdan artıq yaş verməzdin. Yay mövsümünün əvvəli üçün bu kişi xeyli sərbəst və nazik geyinmişdi: açıq-qəhvəyi rəngli şalvarı da, bəyaz rəngli köynəyi də əyninə gen idi.

Bayaqdan qardaşına bəslədiyi hikkə indi də onun özünə qarşı acığıyla əvəzləndi: “Qapının ağzında durduğum zaman mən bu adama axı niyə diqqət yetirməmişdim?! Mən onu başqalarından ayırmalıydım axı. Belələri həmişə asanlıqla diqqəti özlərinə çəkirlər. Yox, yox, bu adam fırıldaqçı deyil, çünki başqalarından aşkar seçilməyən birisi fırıldaqçı ola bilməz, hətta özünü fərqli biri kimi bizə tanıtsa belə”.

Oltukun böyründəki kresloda əyləşən kişi nəzakət və etimad yağan bir tərzdə sual verdi:

– Özünüzü və tövsiyələrinizi bizə təqdim etməyi necə, düşünürsünüzmü?

O, yerindən qalxaraq, məhz bir dəstək umurmuş kimi, ətrafındakıları süzdü. O ara Oltuk qət elədi: “Bu adamın heç əlli yaşı da olmaz!”

– Nə demək istədiyinizi anlayıram, ancaq izninizlə, mən daha sonra, əldə etdiyim və sizinlə bölüşmək istədiyim bəzi nailiyyətlərlə tanışlıqdan sonra özümü sizlərə təqdim eləyim.

Oltukun artıq zaldan hansısa reaksiya ummayan qonşusu minnət qoyarmış kimi mızıldandı:

– Elə olsun.

Hərçənd zalın xüsusi dəstəyini qazanmayan kişinin davranışından hələ də narazılıq yağırdı.

Ona minnətdarcasına gülümsəyən aparıcı səhnənin mərkəzinə tərəf gedib, öz enli şalvarının sol balağını çırmaladı və tədbir iştirakçıları həmin ayağa protez taxıldığına şahid oldular. Amma protez həqiqi ayaqdan heç nə ilə fərqlənmirdi – nə rənginə, nə də əlamətlərinə görə. Ancaq aparıcı ən cüzi şübhələri də az sonra yerlə-yeksan elədi: əl barmağının sümüklü qismiylə protezi möhkəmcə döyəclədiyi anlarda qopan sərt metal səsi bütün zalı bürüdü. Balağı çırmanmış halda o, bir qalib görkəmiylə səhnə boyu irəlilələyərkən, baxışları bir tamaşaçının üzündən digərinə yönəlirdi. Olacaqları intizarla gözləyən zaldakılar isə susurdular.

– Hə, nə fikirdəsiniz?

Yerlərdən səslənən canıyananlıq dolu sözlər, ifadələr az vaxtda necə üst-üstə qalaqlandısa, bazardakına bənzər bir uğultuya çevrildi. İştirakçıların sifətində əsasən qorxu və heyrət ifadəsi dolaşırdı, hərçənd bəziləri təəccüblərini əsla gizlədə bilmirdilər. Yeni bir pıçıltı dalğası zalı dolaşdı.

Oltukun böyründəki kişi narazılıqla dilləndi:

– Mən daha təsirli bir şey görəcəyimi umurdum.

O isə buna cavab olaraq, sadəcə gülümsəməyi uyğun gördü.

Canıyananlıq ifadə edən çoxsaylı replikalar arasından tədbirin əvvəlində aparıcını gecikdiyinə görə tənbeh edən o iri gözlüklü və yekəpər kişinin çox da gur olmayan, amma son dərəcə nüfuzedici səsi eşidildi. Əllərini qoynunda çarpazlayaraq oturan, üzünə isə dostyana ifadə verən bu adam özünün bütün görkəmi ilə göstərməyə çalışırdı ki, hələ də bayaqkı günahını xəfiflətməyə çalışır. Dediyi sözləri isə sanki o, öz-özünə, amma xeyli uca səslə dilə gətirmişdi:

– Şəxsən mən süni ayaq xatirinə öz sağ ayağımdan məmnuniyyətlə imtina edərdim. Amma yəqin ki, bu, bir elə də önəm daşımır… – deyəndən sonra həndəvərindəkilərin qınayıcı baxışlarını öz üzərində hiss eləyib, günahkarcasına bütün zala göz gəzdirdi və özünün ikinci səhvini də malalamağa cəhd göstərdi:

– Mənim həm dizim, həm də baldırım başdan-ayağa ağrıyır. Nəvəm isə velosiped gəzintilərinə məhz mənimlə çıxmağı arzulayır. Ancaq mənim səksən yaşım var, bədənimdə maddələr mübadiləsi pozulduğundan çəkim də az deyil. Mənə düz üç dəfə qara ciyər köçürüblər. Bu səbəbdən ağrıkəsici dərmanlar içməm məsləhət görülmür, süni qara ciyər nəqli məsələsi isə hələlik gündəmə gəlməyibdir. Sizin o təptəzəymiş kimi bərq vuran ayağınızı görüncə, mən də bu həvəsə düşdüm.

Başını ona tərəf döndərməyə gərək duymayan arvadı ərinə təpindi:

– Sən nə danışırsan belə? Bir az səviyyəli davransana.

Qadının qısıq səslə dediklərini hamı eşitdi.

Kişi özünə haqq qazandırmağa çalışdı:

– Mən sadəcə öz ağrılarımdan danışmaq istəyirdim.

Aparıcının öz üzünə dikilən rəğbət dolu baxışlarını sezən kişi uca səslə sözünə davam elədi:

– Axı buraya yığışma səbəbimiz də həyatı yaxşıya doğru dəyişməkdir! Əgər yaşayışımız daima ağrılarla müşayiət olunacaqsa, onda ömrümüzü uzatmağın nə mənası varmış?!

– Bütün hallarda sən haqlı sayılmazsan.

Aparıcı uca səslə bu ər-arvadın dilləşməsinə müdaxilə elədi:

– Əsla elə deməyin!

Şalvarının balağını aşağı saldığı üçün onun protezi artıq görünmürdü.

– Cənab haqlıdır! O, indicə hamımızın istəyini dilə gətirdi. Çünki heç kəs ağrılarla və ya ağrıkəsicilərlə yaşamağı özünə rəva görməz.

Bunun ardınca yekəpər kişi iftixarla zaldakıları süzdü.

Səhnədə gəzişməyinə davam edən aparıcı sözə başladı:

– Ayaqdakı o ağrı ölümə yol aça biləcək daha böyük bir problemin xəbərçisi olarsa, bəs onda nə edək? Qan dövranının dayanmasına, bakteriya mənşəli iltihaba yol açsa, necə olsun?.. Beyin bu ağrının dəf olunmasına bədənin bütün gücünü səfərbər eləsə belə, bu imkanlar bitməz-tükənməz deyil axı.

Yekəpər kişinin arvadı buna etiraz elədi:

– Amma ayaq da diş deyil ki, sırf ağrıdığı üçün onu sünisi ilə əvəz eləyəsən! Elə olsa, gərək bütün əzalar əvəzlənə.

Zalda razılıq bildirən bir uğultu yarandı. Aparıcı dedi:

– İzninizlə bir sual verim, xanım: şəxsən sizin süni dişlərdən başqa hansısa implantınız varmı? Çünki diş implantlarınızın varlığından onsuz da əminəm.

Oltukun böyründə əyləşən kişi yenə də qısıq səslə donquldandı:

– Bunun öyündüyü şeyə bax da! Ağbirçək bir qadının diş implantları olduğundan əmin imiş. O xanımdan xeyli cavan olmama rəğmən, heç mənim də ağzımda bircə dənə təbii diş qalmayıb.

Qadın duruxdu. Dirsəyi ilə onu dümsükləyən əri səmimi tərzdə təklif elədi:

– O barədə danışsana…

Ancaq aparıcı eyni səmimiyyətlə də kişinin sözünü kəsdi:

– Qoy özü danışsın.

Ürəklənən qadın sözə başladı:

– Mənim sol gözüm sünidir. Sırf sağ gözümün görməsi hesabına sol gözüm də görür. Yəni sağ gözümün gördükləri sol gözümə də ötürülür.

Aparıcı canıyananlıqla dedi:

– Ancaq, görünür, bu, müəyyən problemlərə də yol açır.

– Elədir ki, var. Əvvəllər sol gözümün gördüyü, sağ gözümün isə görmədiyi şeylər indi tamamilə qeybə qarışıbdır. Ancaq düşünürəm ki, bu problemi özümə çox da dərd eləməyə dəyməz. Çünki sağ gözümün də dəyişdirilməsi nəzərdə tutulur.

Aparıcı eyhamla gülümsədi:

– Belə-ə de.

– Həkimim deyir ki, sağ göz öz görmə gücünü nisbətən tez itirir. Gözlərimin əvəzinə bədənimə beynimlə əlaqələndirilmiş bir cüt optik cihaz quraşdırılacaq.

Cavabdan məmnun qalan aparıcı böyük ruh yüksəkliyi ilə gülümsədi:

– Sizin yerinizə sevindim. Başqa nəyiniz var?

Qadın dilləndi:

– Bir cüt fəqərəm və səs tellərim.

Yekəpər kişi də söhbətə qoşuldu:

– Buna görə də o, bəzən danışmaqdan çəkinir. Onda elə təəssürat yaranır ki, danışan başqa qadındır, onunla sadəcə səsləri və səs tembrləri bənzərdir. Mən nə dediyimi yaxşı anlayıram, çünki xanımımla düz əlli beş ildir ki, birgə yaşayırıq.

Bütün zal bu sözə çəpik çaldı.

Əllərini arxasında çataqlayan aparıcı gülümsədi və səhnədə var-gələ başladı. Tədbir iştirakçılarının sakitləşməsini bir az gözləyəndən sonra o, gəlib səhnənin tən ortasında ayaq saxladı, həmin kişini süzərək, olan səsiylə dedi:

– Sevdiyiniz bir insanla baş-başa yarım əsrdən artıq yaşamanızı öyrənmək könülaçandır. Siz hətta zahirən də bir-birinizi tamamlayırsınız. Ancaq sizi inandırmaq istərdim ki, insan səadəti heç bir çərçivəyə sığmamalıdır. Ancaq bu barədə biz sonra danışarıq, indi sizə kiçik bir sürprizim var.

Bu sözləri deyən aparıcı şalvarının sağ balağını da çırmaladı. Tədbir iştirakçıları onun ikinci protezini də gördülər.

– Gördüyünüz kimi, mən sağ ayağımdan da məhrum olmuşam. Sizin o ağrıyan ayağınızdan. – Bu son sözləri deyərkən, o, üzünü yekəpər kişiyə tutdu. – Yeniləriylə əvəz olunduqları təqdirdə, sağ və sol ayaqlar arasındakı fərqlər də ortadan qalxır – çünki prosedur eynən təkrarlanır. Qara ciyərin yenilənməsi ilə əlaqədar prosedur da bundan zərrəcə fərqlənmir. Ona görə də süni qara ciyər köçürülməsindən sizin indiyədək imtina eləmənizi heç cür başa düşmədim.

Yekəpər kişi yerində karıxmış halda oturmağında idi. Bir cavab tapa bilmədiyindən, o, gözlərini bərəldərək, eləcə gülümsədi. Zaldan da buna bir reaksiya gəlmədi. Bu səfər heç kəs canıyananlığa-filana gərək duymadı. Hər iki ayağını protezlərlə əvəzləyən və özündən hədsiz dərəcədə razı birinin halına axı necə acıyasan, hə?! Səhnədə var-gəl edən aparıcı isə hələ də təsdiqləyirdi ki, insanoğlu xoşbəxt olmaqdan ötrü yaradılıb və hər dövrün özünə xas bir xoşbəxtlik anlayışı var. O, fikrini səlis ifadə edirdi və hərdənbir əvvəl söylədiklərini təkrarlayırdı da:

– Həyatda qalmaq istəyi minilliklər boyu insanoğlunun ən böyük məqsədi olubdur. O, sabahkı günə diri çıxmağa çalışırdı ki, səhər tezdən həyatda qalmaq üçün öz mübarizəsini davam etdirsin. Əgər diri qalırdısa, deməli, məqsədinə çatırdı – və özünü xoşbəxt sayırdı. Hətta bu məqsəd uğrunda əzizlərini itirsə də, zədələr alsa da, o, xoşbəxt sayılırdı. Ancaq son bir neçə əsr ərzində xoşbəxtlik artıq sırf həyatda qalmaq mənasında başa düşülmür. Həyatın məqsədi – gözəl, dəbdəbəli və – ən başlıcası – uzun ömür sürməkdir. Ölümsüzlüyə maksimum dərəcədə yaxın bir ömür.

Aparıcı susaraq, zalda əyləşənlərin üzlərinə baxmağa başladı: bu insanlar o “bir cüt protez”in şokundan hələ də özlərinə gəlməmişdilər və növbəti sürprizin nə olacağını narahatlıqla gözləyirdilər.

– Məsələ gedərək böyüyür, – deyən aparıcı gözlərini artıq bir növ öz tərəf müqabili saydığı yekəpər kişiyə dikdi. – İnsanlar ağrıya-acıya qatlaşmaq istəmirlər. İndiki dövrdə hətta cavanlar da müəyyən implantlardan yararlanmağa hazırdırlar, yaxşı bilirlər ki, onsuz da gec-tez hansısa orqanlarından və ya onların müəyyən hissələrindən imtina etməli olacaqlar. Ağrı bütün bədəni bürüməmiş, yəni daha öncədən bu əvəzləməni seçmək daha yaxşı sayılmazmı?

Oltukun böyründəki kişinin bədəni yenə əsəbdən gərildi.

Ön sırada əyləşən əsalı bir qoca fikir bildirdi:

– Ancaq bəzən ağrı-acıya necə alışırsansa, onunla hətta məzələnməyə başlayırsan. Yəni onsuz qalanda hələ darıxmağa da başlayır insan, çünki o, bir reallığa dönür.

– Ola bilər. Hər şeyin hamı tərəfindən eyni cür alqılanmasını heç mən də iddia eləmirəm. Ancaq müxtəlif xalqların yaşam səviyyələri arasındakı fərqlər getdikcə azalmağa meyl göstərir. Hazırda çox az insan qıtlıqdan ölür. Həyatda qalmaq qayəsi isə bir məqsəd olmaqdan çıxıbdır. Həyatın hadisələrlə, səyahətlərlə, yeni tanışlıqlarla zəngin olması artıq bir zərurət olmaqdan çıxıbdır, bəzən insanı hələ bezdirir də. Halbuki rəqabət və üstünlük ehtirası hələ də qüvvədə qalır. Başqasını ötüb-keçmək istəyini biz adi bir məqsəd kimi – öz sosial statusumuzu qorumaq şərtiylə, yaşama davam eləmək arzusu kimi dəyərləndirə bilərik. Tərəqqiyə can atanlardan ötrü xoşbəxtlik – öz ömrünü uzatmaqdır. Əgər aranızda mömin insanlar varsa, az sonra dilə gətirəcəyim fikirlər onlara küfr kimi də görünə bilər. Buna rəğmən, etiraf etməliyəm ki, insanlar əbədi həyat arzusundadırlar. Ya da buna bənzər bir şey – ağrılardan və itkilərdən arınmış bir ömür arzulayırlar.

Birinci sırada əyləşən kürən qadın dilləndi:

– Tutalım, birisi, eynilə sizin kimi, ayaqlarına protez taxdırır. Bunu nə cürsə başa düşmək olar. Ancaq ağrılar sırf fiziki xassəli olmur axı. Mənəvi ağrılar da var. Məsələn, doğmalarımızın itkisiylə bağlı ağrılar. Bir başqasına canı yanan insan onun ağrı-acısını da özününkü sayır axı.

– Canıyananlıq – insanoğlunun ən çiyrindirici və saxta fəndlərindən biridir. Başqasına canı yanan insan özünü həmin əzabkeşin yerinə qoyur və əslində elə yenə də öz halına acıyır.

Yekəpər kişi ilə xanımı dönüb, bir-birlərini süzdülər. Qadın dilləndi:

– Bu xüsus normal sayılmalıdır: axı biz kamillikdən uzağıq. Hətta biz özümüzü əl tutduğumuz bir insanın yerinə qoya biliriksə, elə bunun özü çox da pis nəticə sayıla bilməz.

– Hə, pis sayıla bilməz. Deməli, siz də razısınız ki, başqasına əl tutan adam məhz özünü onun yerinə qoyduğu üçün bir başqasına kömək edir?

Qadın əlüstü razılaşdı:

– Yaxşı, elə deyək.

– Yəni başqasına əl uzadarkən, siz öz-özünüzü xilas edirsiniz. Birdən özünüzü xilas etmək vecinizə gəlməsə, bəs onda necə olacaq? Deyək ki, siz kamil bir insan olduğunuz üçün özünüzün bir gün o zavallının kökünə düşməyəcəyinizdən tamamilə əminsinizsə? Belə olan halda canıyananlıq hissi qəlbinizə əsla yaxın düşməyəcək axı.

Yekəpər kişi fikir bildirdi:

– Belədə mən, yəqin ki, arvadımın fikrini dəstəkləyərəm.

Şuxluqla:

– Kim başqa cür düşünərdi ki?! – deyən aparıcı pıqqıldayaraq güldü. – Bunun səbəbi – sizin onilliklərə sığan ömür-gün yoldaşlığınızdır. Belə demək mümkünsə, siz artıq öz köklərinizlə bir-birinizə bağlanıbsınız. Məhz buna görə insanlar başqaları, hətta doğma olmayan kəslər uğrunda da öz canlarını fəda edə bilirlər. Onlar müharibələrdə də qurbanlara gedirlər. Bunun səbəbi – o ölən qəhrəmanın öz soyundan olan kəsdə və ya həmvətənində özünün davamını görməsidir. Ancaq həmin qəhrəman öz ölümsüzlüyünə inansaydı, yəni bu ölümsüzlük onun doğmalarından və soydaşlarından asılı olmasaydı, onda o da nə belə bir hünərə cəhd göstərərdi, nə də bu hünərə hər hansı gərək qalardı.

Zalda narazılıq dolu səslər eşidildi. Aparıcının ilk protezini görərkən duyulan rəhimdillik hissi gün dəymiş qar kimi əriyib, yoxa çıxmışdı.

O isə səhnədə gəzişməyinə davam edərək, əvvəlcə köynəyinin bir, sonra isə digər qolunu çırmaladı. Onun qollarının da yerində protezlər görən iştirakçılar içlərinə çəkildilər.

– Əl-ayağımı yandırdığım zaman mən heç bir ağrı hiss eləmirəm. Həm də təkcə əl-ayağımı yandıranda yox.

Aparıcı utanıb-çəkinmədən öz köynəyini və şalvarını da soyunduğu anlarda duyduqları basqıdan tədbir iştirakçılarının nəfəsləri lap daraldı. Zaldakıların gözləri qarşısında tamamən protezlərdən yığılmış kimi görünən bədənin üzərində həqiqi baş yüksəlirdi.

– İndi ağlınızda hansı fikirlərin dolaşdığını mən dəqiq bilirəm. Yeri gəlmişkən, özümü hələ də sizlərə təqdim eləmədiyim yadımdadır, – deyən aparıcı Oltukun böyründə əyləşən kişini süzdü və o, özündənrazı halda başını tərpətdi. – Məni “Cənab Beyin” adlandıra bilərsiniz. Çünki beynimi təşkil edən hüceyrələr bədənimdəki yeganə üzvi hüceyrələrdir. Beyin bədəndəki bütün orqanların işini nizamlayır. Əgər acsanız, beyin bir qrup orqandan bilgi alır, digər orqanlara isə komandalar verir. Əgər yorulsanız, beyin buna da bir çarə qılır. İnsan bədəninin bütün fəaliyyəti və ən birinci vəzifəsi – beynin işini dəstəkləməkdir. Və bütün orqanlar sözünü etdiyimiz beynin rəhbərliyi altında çalışır! Bəs beynin qidalanmasını insan orqanizminin köməyi olmadan, yəni cihazlar sayəsində təmin eləsək, necə olar?

Aparıcı masadakı bir düyməyə basınca, arxadakı ekranda altdan işıqlanan bənövşəyi bir qutu peyda oldu: onun içində qatı qıvamlı, sarı rəngli bir kütlə vardı.

– Eynilə belə, ancaq nisbətən kiçik ölçülü bir cihaz mənim beynimin alt tərəfində yerləşdirilib, bu qatı kütlə isə onu qidalandırır. Onda belə çıxır ki, bapbalaca bir cihaz bu işin öhdəsindən gəlirsə, onda nə qan dövranına ehtiyac qalır, nə də ki, beyinə qlükozanın ötürülməsinə. Həmin orqanların mövcudluğu və onlardan asılılıq – beyin üçün arzuolunmazdır. İnsanın daxili orqanları da elə onların sahibi qədər etibarsızdır. Özünüz bir düşünün də: qana infeksiya düşməsi ucbatından beyin zərər görə, hətta ölə bilir! Buna görə də insanların tələbat duyduğu tək şey – beynin məhz digər orqan və sistemlərdən sərbəst şəkildə var olmasıdır! Beynin müstəqil şəkildə mövcudluğu insanoğlunu həm uzunömürlülüyə, həm də xoşbəxtliyə qovuşdurar. Öz beynini işlətməkdən ötrü insana cüzi miqdarda enerji lazımdır və o, bunu akkumulyasiya edə bilər.

İlk cərgədə oturan çəlimsiz qoca soruşdu:

– Bəs insanlar arasındakı fərqlərin onların beyinləri arasındakı fərqlərdən irəli gəldiyi hallar necə öz həllini tapacaq?

– Bənzər halların əksəriyyətində əqli bacarıqlar arasındakı fərq daha çox beynin öz imkanlarından yox, onunla əlaqəli digər orqanların fəaliyyətindən asılı olur. Bir insan diabetdən əziyyət çəkirsə, bir digərinin ayağı ağrıyırsa, onda bu iki problem beynin fəaliyyətində fərqli şəkildə əks olunacaqdır. Beyinləri tamamilə müstəqil şəkildə çalışan o iki insan xoşbəxtliyi eyni səviyyədə dadacaq. Odur ki, insanlar bir-birlərindən asılılıqdan qurtulmalıdırlar. İnsan xoşbəxt olmaqdan ötrü yaranıbdır, xoşbəxtliyin təməlində isə səmərələşdirmə dayanır və bunu yalnız bədənin digər orqanlarından asılı olmayan beyin təmin eləyə bilər. Həm də başqa insanlardan asılı olmayan beyin. Yeri gəlmişkən, mənim sifətim də bir maskadır və mən onu mövcud qanunvericiliyin tələblərinə əsasən, sırf eyniləşdirmə xatirinə daşıyıram. Halbuki onu cavanlı-qocalı qadın və ya kişi maskaları ilə əvəzləmək imkanına da tam mənada malikəm. Mənim dünyanı dərkimdə isə bu fakt heç nəyi dəyişə bilməz.

Oltukun böyründə oturan kişi uca səslə dedi:

– Məncə, biz yeni insan tipinə ehtiyac duyuruq. – Deyəsən, o, bu sözləri bütün zala ünvanlamışdı. – İnsanlar – etibarsız məxluqlardır. Yalan deyə, xəyanət edə və heç şübhəsiz, başqasının xoşbəxtliyinə həsəd bəsləyə bilirlər. Buna görə də digər insanlardan asılılıqdan tamamən qurtulmaq –önəmli şərtdir. Axı bütün insanlar kamillikdən uzaqdır.

Arxa sıralardakı bir qadın bu sözlərlə söhbətə qoşuldu:

– Bəs qohumlar necə olsun? Başqalarına qarşı duyduğunuz ikrah hissinə hədd qoya biləcəyinizdən siz nə dərəcədə əminsiniz? Birdən öz xoşbəxtliyiniz naminə qohum-əqrəbanın da sizə bir yük olduğu qənaətinə gəlsəniz, necə olacaq?

– Bu da mümkündür. Qoy onlar da öz xoşbəxtliklərini axtarsınlar. Əks halda, onlardan mənə zərər toxuna bilər. Mən həyat şərtlərindən və başqa insanların istəklərindən tamamilə azad biri olmaq, uzun və bəxtəvər bir ömür sürmək arzusundayam. Eynilə cənnətdəki kimi, ağrıdan uzaq, kiminsə və ya nəyinsə mənim xoşbəxtliyimə mane olacağından qorxub-hürkmədən yaşamaq istəyirəm, – deyən kişi az qala səsini başına atdı.

Oltuk aparıcıya müraciətlə dedi:

– Heç bilmirəm, sizi doğrumu anladım? Siz iddia edirsiniz ki, öz beyninin digər orqanlardan müstəqilliyinə nail olan hər bir insan tamamilə bəxtəvər olacaq və bu sayədə praktik baxımdan ölümsüzlüyə qovuçacaq, çünki belədə o, həm canıyananlıq, həm də fədakarlıq hissindən qurtulacaq, eləmi?

Aparıcı dedi:

– Siz hər şeyi doğru anlamısınız. Mən yenə və dönə-dönə təkrarlayıram: canıyananlıq və fədakarlıq – özünü qurban rolunda görən şəxsin varlığını qorumaqdan ötrü sərgilədiyi ikiüzlü cəhdlərdən başqa bir şey deyildir. Nəsli təbii artım yoluyla davam etdirmək zərurəti ortadan qalxacağı üçün insanlar zamanla övlad sahibi olmaqdan imtina edəcəklər. Öz məğzi etibarıyla bir beyni təmsil edən istənilən insana hər cür imkan yaradılacaq və o, az qala ölümsüz bir həyat qazanacaq. Əvvəlcədən nəzərə alınması imkansız və cüzi sayda bədbəxt hadisələr yaşana biləcəyindən mən bu “az qala” ifadəsini işlətdim, çünki onlar ucbatından beynin müəyyən xəsarətlər alması da mümkündür. Ancaq bu problemi də çözmək olar. Hələlik isə onu vurğulamalıyam ki, bəşəriyyətin qurtuluşu – yalnız bundadır, məhz bu sayədə o, xəstəliklərə və fərdlərarası münasibətlərə qarşı daha təpərli olacaqdır.

Oltuk soruşdu:

– Bəs onda biz buraya niyə toplaşmışıq? Siz digər insanlara da xoşbəxtliyə və ölümsüzlüyə qovuşmağın yollarını öyrədəcəksinizmi? Axı sizin təlimə əsasən, bizim başımıza nələrin gələ biləcəyi sizi narahat etməməlidir?

– Elə məsələ də ondadır ki, bizim bu hərəkatı qadağan eləyə bilərlər. Biz indi cəmiyyətdə nə qədər çox səs toplasaq, mənafelərin qorunmasında bir o qədər geniş imkanlar əldə edərik. Bu yeni hərəkatımız da, əvvəllər yeni bir din yarandığı vaxtlardakı kimi, müqavimətlə qarşılaşır. Ancaq dində “cənnət” anlayışı oraya düşən hər bir insana məhz başqalarından, hətta öz doğmalarından da əlahiddə xoşbəxtlik vəd edir. Yəni hər şəxsə fərdi xoşbəxtlik nəsib olacağı deyilir.

Yekəpər kişinin arvadı qəfildən və tam qətiyyətlə öz fikrini dilə gətirdi:

– Şəxsən mən öz ərimdən ötrü narahatlığa qatlaşmağa razıyam. Bu, elə də asan deyil, ancaq biz bu cür yaşamağa adətkarıq.

Oltukun qonşusu cəld yerindən sıçradı və bütün zalı silkələyəcək bir səslə bağırdı:

– Mən isə fərdi xoşbəxtliyimi istəyirəm! Mən – kamil insanam və mənə məxsus bu kamilliyə, firavanlığa bir başqalarının kölgə salmasını əsla arzulamaram.

Kişi necə qışqırırdısa, Oltukun gicgahlarına sancı doldu, boğazı qurudu. Təqdimat başlanandan bəri ilk dəfə məhz həmin an o, susadı və butulkanın qapağını açdı. Ancaq onun dəli-dolu qonşusu öz çılğın nitqini bitirərək, özünü oturacağa necə zərblə yıxdısa, butulkadakı su Oltukun üzünə sıçradı...

***

Oyandığı vaxt qocanın üzü yamyaş idi. Görünür, yuxulu ikən çarpayısının böyründəki tumbanın üstündə duran su dolu stəkanı aşırmışdı. O dəm gördüyü yuxunu xatırlayan qoca dəhşətə gəldi: “Kim idi görən o adamlar? Yuxuma girmələrindən ötrü axı mən gərək onları əvvəlcədən tanıyaydım. Heç tanımadığı insanlar adamın yuxusuna girə bilməz ki. Hərçənd onların üz cizgilərini də düz-əməlli seçə bilmirdim. Hələ o Cənab Beyini day heç demirəm…” O ara saatın 12.15-i göstərdiyini sezən qoca lap dəhşətə gəldi. Təqdimat vaxtı ötüb, getmişdi.

Ahıl yaşdakı bir qoca artıq hansı zirəkliklə tərpənə bilirsə, o da eləcə əynini geyinib, ikinci mərtəbəyə endi. Boş zalın qapıları açıq idi. Zalın qarşısındakı foyedə düzülən kiçik masaların arxasında əyləşənlərin əksəriyyəti yaşlı-başlı insanlar idi. Onların bəziləri öz aralarında alçaq səslə söhbətləşir, digərləri isə hansısa bukleti nəzərdən keçirirdilər. “Görünür, adi təqdimatlardan biri imiş. Bu, elə mənə də sərf edir”. Təqdimat əsnasında iştirakçılara paylanan həmin bukletlə hətta özü də tanış olmaq həvəsinə düşdü.

Masalardan birinin arxasında əyləşən Oltuk qəhvə sifarişi verib, telefonunu çıxardı. Amma qardaşı zəngə cavab vermədi.

Ona bu məzmunda mesaj yazmağa məcbur qaldı:

“Boşuna burada vaxt öldürdüm. Bu hərif əsl fırıldaqçıdır. Nəvə-nəticələrin əhatəsində keçəcək o ömür isə sadəcə bir başaldatma imiş”.

Bu cür pərgarca yalan sırımağa hələm-hələm nail olmazdı o. Üstəlik də, böyük qardaşına.

Üç dəqiqə sonra qardaşından zəng gəldi. “İndi dərin bir ah çəkərək deyəcək ki, buna təəssüflənir və sonra da məni sorğu-suala çəkəcək: həqiqətənmi o tədbirdə iştirak eləmişəm, məruzəçiyə doğru-düzgün suallar verə bilmişəmmi? Mən isə masa arxasında əyləşən bu tay-tuşlarımızın fotolarını ona göndərəcəyəm ki, burada qeyri-adi bir şey yaşanmadığından xatircəm olsun. Özünə bir məşğuliyyət axtaran ahılların adi yığıncağıdır bu” – deyə Oltuk qəti qərara gəldi.

Ancaq telefondan qardaşının yox, onun qızının səsi gəldi. O, bildirdi ki, atası bu gecə keçinib. Oltuk bu xəbərdən sarsıldı. Bundan belə o, bir daha qardaşının səsini eşitməyəcək, onunla öz uşaqlıq xatirələrini bölüşməyəcəkdi: övlad və nəvələrinin maraq duymadığı həmin yaşantılarla təkbətək qalacaqdı. Bu itkidə yeganə müsbət cəhət vardı – qardaşı öz ömrünü uzatmaqdan ötrü mənasız səylərə əl atmamışdı. Oltuk kədərlə düşündü: “Onsuz da uzun bir ömür sürmüşdü. Eynilə mənim kimi”.

Nədənsə həmin an o, bir məqamı xatırladı: uşaq vaxtı bir gecə hansısa səbəbdən yuxudan hövlnak oyanmışdı – indi xatırlamırdı: bu, səs-küylə bağlı idi, yoxsa susamışdı. Yatdığı otağın qapısı nisbətən kiçik olan qonşu otağa açılırdı. Ora daxil olduğu zaman bir neçə kişi xeylağının divar boyu düzülən stullarda əyləşdiyini görmüşdü. Bir neçə qadın isə döşəmədəki xalının üstündə oturmuşdu. Otağın ortasındakı qədim Qarabağ xalçasının üzərinə iriölçülü, uzunsov bir şey qoyulmuşdu, onun üstünə salınan nazik, amma sıx toxunuşlu, qəhvəyi rəngli adyal isə bozumtul xətlərdən ibarət, seyrək naxışlarla bəzənmişdi. Həmin vaxt ora yığışan insanların üzünü o, sonradan heç cür xatirinə gətirə bilməyəcəkdi, həm də anlamayacaqdı ki, ata-anası da onların arasında idi, ya yox. Onun bütün diqqəti məhz o qəhvəyi adyala cəmlənmişdi, çünki gecənin bir aləmi bu insanları buraya yığan da adyalın altında yatan sirr idi.

Aradan bir neçə ay (bəlkə də il!) ötəndən sonra o, öyrənəcəkdi ki, o adyalın altındakı dünyasını dəyişən babasının meyiti imiş. O vaxt həmin adyalın altında nəyin olduğunu kimdənsə soruşub-soruşmadığı da indi xatirinə gəlmirdi. O adyal həmişə bu evdə idi, sadəcə qışdan-qışa işlənərdi. Babasının vəfat etdiyi o yay isə sən deyən bürkülü keçməmişdi, hətta bu səbəbdən anası Oltuku günortalar yatmağa da məcbur eləmirdi.

O ara gülab ətrinə bürünən evlərinə gəlib-gedən, heç birini tanımadığı əmi və xalalara tamaşa eləyirdi o. Oltuk anasının bu qonaqlar üçün bişirdiyi şirinçörəyi gəvələyərək süzürdü bu böyük adamları. Ona elə gəlirdi ki, bu insanlar hələ bir ay da evlərinə gəlib-gedəcəklər, çünki anası iri bir qazan dolusu şirinçörək bişirmişdi – “gizlənqaç” oynadıqları vaxt Oltuk adətən həmin qazanda gizlənər və tamamən görünməz olardı. Mərhum babasının üzü indi heç yadına gəlmirdi, onun yalnız bəmbəyaz saqqalı qalmışdı xatirində.

Yaşadıqları qədim ev Şərq üslubunda idi, uzun eyvanlarındakı aynabənd isə “şəbəkə” tərzində, yəni mismar işlənmədən (bəlkə də mismar işlənmişdi, ancaq özünün bütün ciddi-cəhdinə rəğmən, oğlan onlardan heç birini görə bilməmişdi), şüşə və taxta parçalarından yığılmışdı. Çoxsaylı şüşələrdən ibarət bu aynabənd şərq səmtə baxırdı və saat ondan sonrakı bir neçə saat ərzində eyvan günəş şüalarına qərq olurdu. Şəbəkədəki incə arakəsmələrin kölgələri hesabına döşəmədə saysız-hesabsız, xırda romblar zühur edirdi.

Oltuk da eyvanda bir rombun üstündən digərinə hoppanardı. Bəzən bu oyun zamanı romblardan hansınınsa üstündə böyük bir adamın ayağının durduğunu görərdi. Başını qaldırdığı zaman qarşısında bəmbəyaz bir saqqal görərdi – belədə babasının əlində ya şüşə fincan, ya da təraş olmaq üçün yararlandığı, isti su ilə dolu dəmir stəkan və o qədim qılıncları xatırladan ülgüc olardı. Hədsiz dərəcədə iti olan həmin ülgücə əl vurmaq uşaqlara qəti qadağan olunmuşdu. Babasının üzündəki sərt ifadəni görən Oltuk ayaqlarını ondan bir qədər aralıdakı romblara qoyardı.

Mərhumun tabutuna sərilən o adyal dəfndən sonra bir müddət gözə dəyməsə də, növbəti qışda təkrar peyda oldu.

Oltukun çarpayısı pəncərənin lap qabağında dururdu. Pəncərənin hündürlüyü iki metrə yaxın idi. Döşəməyə qədər düşən uzun pərdələri araladığı zaman bir cüt mismar arasında gərilən ipə taxılmış qısa pərdələr dəyərdi gözünə. Bu qısa pərdələr adətən pəncərənin alt qismini görünməz edərdi. Pəncərənin üst və yarıyuvarlaq hissəsi isə pərdəsiz olardı: bu sayədə göydən qar dənələrinin necə səpələndiyini görmək mümkün idi.

Qırışlar basmış üzünü əhatələyən qara yaylığın altından adətən nənəsinin bəmbəyaz birçəkləri boy göstərərdi. Oltukun bədənini keçi piyi ilə ovxalayan nənəsi ona demişdi ki, əgər tərləyə bilsə, onda tezliklə bütün azar-bezar canından çıxacaq. Bunun ardınca nənəsi onun üstünü qalın, qışlıq yorğanla basdırmış, üstündən isə, uşağın anasının etirazlarına rəğmən, həmin o qəhvəyi rəngli adyalı, bir neçə ay əvvəl babasının tabutunun üstünə salınan adyalı örtmüşdü. Əvvəlcə oğlan: “Yoxsa mən də ölürəm?” – deyə bundan hürkmüş, ancaq sonra tərləməyə mane olduğunu nənəsi sezməsin deyə, bir əlini yorğanın altından gizlicə çıxarmaqla, həmin adyalı sığallamışdı – onun səthi nahamar idi. Məhz o gün oğlan ölümlə necə təmas qurmuşdusa, bir daha ondan əsla qorxmamışdı.

Bir dəfə qızdırma içində yatan böyük qardaşına canı yandığı üçün Oltuk onun da üstünü həmin adyalla örtmüşdü. Qardaşının bu qayğısını görən xəstə ona səmimiyyətlə gülümsəmiş, ancaq adyalın ucu yanağına toxunan kimi, yatağından sıçrayıb, qalxmış və adyalı üstündən yerə atmışdı. Oltukun məhz indi ağlına gəldi: “Bəlkə qardaşımın ölümdən o cür qorxmasının baisi də mən imişəm”.

Geniş hollda əyləşmişdi, özünün oteldən çıxışı ilə bağlı bir əməkdaşın müvafiq sənədi hazırlamasını gözləyirdi. Qəfildən haradansa, çox-çox yzaqlardan, yaddaşının dərin qatlarından süzülüb gələn köhnə bir mahnının sözlərini xatırladı:

Görəsən uşaqların başına səpələnən

Şux yağış damlasıydı,

Yoxsa analarının imisti göz yaşları?..

Və sanki o anlarda anasının öz ailə üzvləri üçün xörək çəkdiyi müddətdə ac uşaq baxışlarının əsas hədəfinə çevrilən xırda, amma zəhmətsevər əlləri canlandı gözlərinin önündə.

Sonra bu gecə gördüyü o qəribə yuxuya cəmləndi fikirləri. Oltuk düşündü ki, əslində o aparıcını insan adlandırmaq da xeyli müşkül məsələ idi. Adam protezlərdən yığılan bədən üzərindəki, üzdən məhrum bir baş, yeriyən bir beyin idi sadəcə. Axı o cür, nə olduğu anlaşılmayan bir məxluq günəş şüalarının hərarətini, gümrahlıq aşılayan ayazı necə duya bilərdi ki?! Belə birisi sevdiyi insanın saçlarının barmaqları arasından necə süzülüb, çıxdığını, onun dodaqlarındakı lətifliyi, bir çağadan gələn xoş rayihəni, hansısa uğurun qəlbə gətirdiyi həzzi və əzizlər itirilən zaman duyulan o dözülməz, amma işıqlı kədəri necə hiss edəcəkdi ki?!

Qət elədi ki, yox, ölümsüzlük bunca itkiyə əsla dəyməz. Aparıcının bizlərə vəd elədiyi o həyat da əslində canlı həyatın özü yox, surroqatı sayıla bilər. Xoşbəxtlik də məhz dərdin, bəlanın təzadı kimi dəyərlidir. Eyni şəkildə, əgər zülmət var olmasaydı, görəsən biz işığın qədrini haradan bilərdik?!

Hə, insan olmaq – qəliz məsələdir. Ancaq qatlaşdığımız çətinliklərin də mütləq bir mükafatı olur. Ölümsüzlük – durğun, suyuna üfunət qarışan bir bataqlıqdır, ölümlü, fani həyat isə – qəfil dönüşlərə malik məcrası olan, sıldırım qayalar arasından axan və gözəl mənzərələrə açılan dəli-dolu bir çaydır. Nə qədər yaşayıram, yaşayım, elə bu da bəsimdir, – deyə düşünən Oltuk köks ötürüb, öz kiçik çamadanının dəstəyindən yapışdı və çıxışa tərəf yönəldi.

Qarşısındakı qapını nəzakətlə onun üzünə açan qapıçı ucaboylu, arıqtəhər kişi idi: çal saçları az qala çiyinlərinə qədər düşən bu adama dəqiq bir yaş vermək olmurdu. Oltuk dumanlı bir şəkildə onun kiməsə bənzədiyini düşündü. Hə də, bu ki, onun yuxuda gördüyü Cənab Beyinin özüdür! “Görünür, bundan sonra bu hərif hər yerdə rastıma çıxacaq” – deyə düşünən qoca gülümsədi. Yanından ötdüyü zaman onun çamadanı təsadüfən qapıçının ayağına toxundu və metal cingiltisinə bənzər qəribə səs eşidildi. Diksinən Oltuk mexaniki olaraq ondan üzr istədi.

Qapıçı gülümsəyərək dedi:

– Qorxulu heç nə yoxdur. Sizə uğurlu yol diləyirəm. Əgər fikrinizi dəyişsəniz, hər vaxt buraya dönə bilərsiniz.

Sonuncu sözlər arxadan gəlib, Oltukun qulağına çatdı. O, qəfil geri qanrıldığı zaman qapının öz arxasınca qapandığına şahid oldu.

Tərcümə etdi: Azad Yaşar

# 3291 dəfə oxunub

Oxşar xəbərlər

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
#
#
# # #