Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Səid Həmzəyevin “Burhaniye” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
Gecə olsa da Fəridə və Kamran yatmamışdılar. Günorta başlayan mübahisə hələ davam edirdi. Fəridə Türkiyədə, Kamran isə Azərbaycanda istirahət etmək istəyirdi. Əsəbi olsalar da pıçıltı ilə danışırdılar, Mətini oyatmaqdan qorxurdular. Sonda həmişəki kimi Kamran güzəştə getdi. Zəifliyinə görə yox, Fəridəni çox istədiyinə görə.
- Türkiyəyə gedəcəyiksə onda Burhaniyeyə gedək, - o dedi.
- Ora haradır? – Fəridə soruşdu.
- Balaca şəhərdir. Balıkesir əyalətində yerləşir.
- Niyə məhz Burhaniye?
- Xalamın orada evi var, heç kim yaşamır. Gedək, istədiyimiz qədər qalaq.
- Nə bilirsən xalan razı olacaq ya olmayacaq?
- Özü hər dəfə danışanda deyir ki, Mətini də götürün gedin istirahət edin.
- Tutaq ki, getdik. Nə ilə məşğul olacayıq orada?
- Ledi Qaqa, Beyons, Riannanın cümə, şənbə,bazar günləri şou proqramları olur Burhaniyedə.
- Doğurdan?
- Əlbəttə yox! Elə suallar verirsən, adam bilmir nə desin. Nə ilə məşğul olmalısan? Təbiəti var, dənizi var, yaxşı havası var, oyun, idman meydançaları var. Ev də yaxşıdır, ikimərtəbəli, geniş həyətli.
- Nə bilim... Darıxmarıq?
Kamran gördü ki, Fəridə tərəddüd edir.
- Gözlə sənə şəkillərini göstərim, telefonda olmalıydı.
Bir yerdə oturub şəkillərə baxdılar. Həm evin özü, həm şəhər çox gözəl idi. Təmiz, səliqəli və sadə. Sözün yaxşı mənasında sadə, turistlər üçün nəzərdə tutulmuş barlar, restoranlar, alış – veriş mərkəzləri yaşayacaqları yerdən uzaqda yerləşirdi. Hər şey Fəridənin xoşuna gəldi və razılaşdılar ki, Kamran səhər gedib bilet alsın, bir həftəyə uçsunlar.
Bir həftədən sonra, gecə, ər – arvad yenə yatmamışdılar. Təyyarələri gecə saat 1 – də olduğu üçün yatmamağa qərar vermişdilər. Bircə Mətin yuxulamışdı.
- Xalan nə əcəb Burhaniyedə ev alıb? – Fəridə soruşdu.
- İstirahət etmək üçün sakit, artıq adamlarsız yer istəyəndə ora gedir. Amma bu çox nadir hallarda olur. Daha çox Avropaya üstünlük verir.
- Bəs evi necə tapıb?
- Rəfiqəsinin rəfiqəsi var idi, ondan alıb. Kimsəsiz qadın olub, dəyər – dəyməzə satıb.
- Dəyər-dəyməzə niyə?
- Xərçəng imiş. Bilirmiş öləcək, evi satıb pulunu da uşaq evinə köçürdüb. Yazıq həmişə uşaq, ailə arzusunda olubmuş.
Ordan – burdan söhbət edib vaxt öldürürdülər, nəhayət taksi çağırıb hava limanına yollandılar. Təyyarə İzmirə qədər gedirdi, İzmirdən Burhaniyeyə isə avtobusla çatdılar. İlk təəssurat yaxşı idi. Fəridə gördü ki, hər şey şəkildə göründüyündən də gözəldir. Hamıdan çox Mətin sevinirdi, qışqırırdı, gülürdü, öz dilində dayanmadan danışırdı. Ev də yaxşı idi. Hər mərtəbədə mətbəxdən və sanitar qovşaqdan başqa iki yataq otağı və qonaq otağı var idi. Amma əşyaların çoxluğu otaqları kiçik göstərirdi.
- Bu şeylər xalanın nəyinə lazımdır? – Fəridə soruşdu.
- Onun deyil, demək olar hamısı o arvaddan qalıb.
Ətrafı yığışdırmağa, səliqəyə salmağa başladılar. Zir – zibil, lazımsız əşyalar, hamısı atılmalı idi. Axşama yaxın ikinci mərtəbədəki qonaq otağında masa arxasında oturub çay içirdilər. Fikir verdilər ki, Mətin ensiz, uzun bir şkafı açmağa çalışır və dayanmadan danışır. Fəridə yaxınlaşıb şkafı açdı, rəflərdə şəkillər gördü. Çərçivəsiz idilər, hamısında eyni qadın görünürdü. Şəkillərin arxasında tarixlər qeyd olunmuşdu. Bir – birinə oxşar idilər, ya dəniz qırağında, ya da evin həyətində çəkilmişdi. Şəkildən şəkilə arvadın üzündəki təbəssüm yox olurdu, xəstəlik özünü göstərirdi.
- Qadın xəstə olsa da, möhkəm olub ha! – Fəridə dedi.
- Nə mənada? – Kamran soruşdu.
- Üç ay bundan qabaq dənizdə çimirmiş.
Kamran güldü.
- Nəyə gülürsən?
- Xalam bu evi üç il bundan qabaq alıb, ondan bir ay sonra da o arvad ölüb.
- Şəkilin arxasında “13.02.2021” yazılıb.
- Yəqin arvad səhv yazıb.
- Belə səhv olar? Kim üç il sonrakı tarixi yazar?
Kamran Fəridənin sözlərinə fikir vermədi.
Mən düşüm aşağı, otaqları artıq şeylərdən boşaldım. Siz də burda başınızı qatın, dincəlin.
O aşağı düşəndən sonra Fəridə digər şəkillərə baxdı. Bu ilin yanvar ayına aid olanları da var idi. Son baxdığının arxasında isə bir həftə əvvəlki tarix qeyd olunmuşdu. Fəridə həyəcanlandı. Mətini götürüb çarpayısına apardı, özü isə şkafın digər rəflərinə baxmağa başladı. Kosmetik vasitələr, gün eynəyi və şlyapa tapdı. Ən aşağıdakı rəfə əlini salanda isə tüklü bir şey hiss etdi. Papaq olduğunu düşünüb onu çıxartdı. Əlindəkinin parik olduğunu görüb qışqıraraq onu tulladı. Səsə yuxarı qalxan Kamran ağlayan Fəridəni görüb onu qucaqladı.
- Nə olub? – Kamran soruşdu.
- Parik, onun parikidir, bax, - Fəridə əli ilə yerdəkini göstərdi.
- Olsun, niyə belə qorxdun? Demişdim axı xərçəng idi. Yəqin ximioterapiyadan sonra saçları tökülübmüş. Mətin hanı?
- Yerində.
- Mətini də götürüm düşək aşağı, tək qalma.
Aşağıda Fəridənin fikri dağılsa da gecə hamı yatandan sonra narahat olmağa başladı. İkinci mərtəbədəki yataq otağında uzanmışdı, axmaq fikirləri özündən uzaqlaşdırmaq istəsə də alınmırdı. Hava da bir tərəfdən bezdirirdi. Gün ərzində günəşli olsa da, axşam külək güclənmişdi, leysan başlamışdı. Fəridə qonaq otağının masasındakı qrafindən su içmək üçün yerindən qalxdı. Pəncərəyə dəyən yağışın səsi, küləyin vıyıltısı eşidilirdi. Stəkanı doldurdu, içmək istəyəndə göy guruldadı və şkafın qapısı açıldı. Stəkan yerə düşdü, o, yataq otağına qaçdı və yerinə girdi, Kamranı qucaqladı, amma oyadıb bir söz demədi.
Səhər oyanıb hamıya yemək hazırlamaq üçün mətbəxə getdi. Qonaq otağından keçəndə gördü ki, şkafın qapısı bağlıdır. Yemək düzəltdi, süfrəyə düzdü. Kamran qucağında Mətinlə gəlib Fəridəni öpdü və hamı masa arxasında əyləşdi.
- Gecə durmuşdun? – Fəridə soruşdu.
- Yox, nə olub ki?
- Elə belə soruşdum. Deməli rahat yatmısan.
- Hə, daş kimi, - Kamran cavab verdi.
Fəridə nahara yemək bişirəndə Kamran stulların ayağını bərkidirdi, Mətin isə topla oynayırdı. Mətbəxlə qonaq otağı arasında qapı olmadığı üçün Fəridə Mətinin topu həmin şkafa vurduğunu, qayıdanda gülə - gülə tutduğunu görürdü. Uşağın oyundan razı qaldığı bilinirdi. Getdikcə topu daha bərk vururdu və öz dilində nəsə danışırdı. Fəridə mətbəxdən gəlib ona acıqlandı:
- Olmaz topu ora vurmaq!
Sözünü bitirər – bitirməz şkafın qapısı açıldı, Fəridə diksindi.
- Kamran gördün? Şkaf açıldı.
Kamran başını işindən qaldırmamış cavab verdi:
- Yəqin yeri boşalıb. Düzəldərəm.
Fəridə qapını bağlamaq istəsə də gücü çatmadı. Elə bil qapı harasa ilişmişdi, tərpənmirdi. Mətin oyununa davam edirdi, topu açıq qapıya vurub danışıb – gülürdü.
Gecə hava pisləşdi. Yenə güclü külək və leysan başladı. Fəridədən başqa hər kəs yatmışdı. Şkaf onu rahat buraxmırdı. Qonaq otağına getməyə qorxsa da marağını da gizlədə bilmirdi. Nəhayət cəsarətini toplayıb çarpayıdan qalxdı. Qonaq otağına girən kimi göy guruldadı və şkafın qapısı açıldı. Fəridə dərhal yataq otağına qayıtdı. Yerində uzanıb fikirləşirdi ki, niyə göy guruldayanda şkaf açılır? Yoxsa şkaf açılır deyə göy guruldayır?
Səhər yenə hamıdan tez durmuşdu. Şkafın qapısı artıq bağlı idi. Bu dəfə Kamrandan heçnə soruşmadı. Səhər yeməyini hamıdan tez Mətin yedi və atası onu uşaq oturacağından yerə saldı. Fəridə oğlunun yenə şkafın qapısına top vurub güldüyünü görəndə ərindən soruşdu:
- Olar mən o şkafdakıları atım? Ora başqa şeylər yığmaq istəyirəm.
- Yığ, onsuzda içindəkilər heç kimə lazım deyil.
Axşamtərəfi Fəridə şkafdakı şəkilləri, kosmetikanı, eynəyi, pariki zibilə atdı. Gecə hava yenə korlandı. Kamran və Mətin yuxuya gedəndən sonra Fəridə qonaq otağına getdi. Göy guruldamadı, şkaf açılmadı. O yatağına qayıdıb rahat yuxuya getdi.
Səhər ər – arvad deyib gülə - gülə yemək yedilər. Sonra Kamran bazarlıq etməyə getdi, Fəridə isə nahara hazırlaşmağa başladı. Oğlunun gülüşünü eşidəndə onun yenə şkafa top vurduğunu gördü. Yaxınlaşıb şkafın qapısını açdı. Gördü ki, şəkillər, kosmetika, eynək, parik, hamısı yerindədir. Bütün şəkillərdən ayrıca bir şəkil də var idi. Fəridə onu götürüb baxdı. Şəkildə masa arxasında oturan Kamran, Mətin və o arvad var idi, tarix olaraq dünənki gün qeyd olunmuşdu. Fəridənin başı fırlandı, yıxılacağından qorxub yerə oturdu. Nə düşünəcəyini bilmirdi. Şəkili Kamrana göstərmək üçün yerinə qoymadı.
Əri evə qayıdanda Fəridə hələ özünə gəlməmişdi. Mətini yatızdırandan sonra qonaq otağına keçməmişdi, oğlunun çarpayısına söykənib yerdə oturmuşdu. Kamran yataq otağına girəndə rəngi solmuş arvadını görüb soruşdu:
- Nə olub sənə? Xəstələnmisən?
Fəridə cavab vermədən yanındakı şəkili göstərdi. Əri yaxınlaşıb onu götürdü.
- Nə vaxt çəkmisən bunu? Heç xəbərim olmayıb. Pis düşməmişik ha! – Kamran dedi.
- Bu şəkildə səni maraqlandıran təkcə necə düşməyindir?
- Bir də nə vaxt çəkdiyin.
- Dəli eləmə məni! Yoxsa sən də onunla əlbirsən? – Fəridə səsini qaldırdı.
- Kimlə?
- Şəkildəki qadınla.
Kamran əlini Fəridənin alnına qoydu.
- Şəkildə bir mənəm, bir də Mətin. Dəqiq özünü yaxşı hiss edirsən?
- Bəs o qadın kimdir? Kimdir? – Fəridə ağlaya – ağlaya yerə uzandı. Kamran onun yanında oturub başını sığalladı.
- Yeni yerdəyik, narahatsan, hava da tez – tez dəyişdiyi üçün yəqin sənə düşməyib. Hər şey yaxşıdır, uzan yat, görəcəksən, sabah tamam başqa cür olacaqsan.
- Mən istəmirəm sizin o qadınla şəkliniz olsun, - Fəridə dedi.
- Cəhənnəm olsun şəkil, fikir vermə, atacağam onu bu dəqiqə.
Kamran ayağa durub şəkili otağın küncündə olan zibil qabına atdı.
- Çay gətirim sənə? – o soruşdu.
- Gətir, - Fəridə cavab verdi.
Kamran mətbəxə getdi. Gətirilən çayı içəndən sonra Fəridə yuxuya getdi.
Gecə ərzində oyanmamışdı. Səhər duranda gördü ki, şkafın qapısı açıqdır. Yaxınlaşıb içinə baxanda gözlərinə inanmadı, Kamranın atdığı şəkil yerində idi. Fəridə şəkili götürüb yataq otağına qayıtdı, ərini vura – vura oyatdı.
- Səncə, bu gülməlidir? Məni dəli eləmək, uşağı əlimdən almaq istəyirsən? – Fəridə qışqırırdı.
Zərbələrdən oyanan Kamran çaşqınlıq içində idi.
- Nə olub?
- Bu necə təzdən gedib şkafa çıxıb? Mən yatandan sonra aparıb qoymusan? – Fəridə şəkili ərinin gözünə soxurdu.
- Bəsdir! Bu nə oyundur oynayırsan? Məqsədin nədir? Yoxsa doğurdan dəli olmusan? Dərdin nədir sənin? – Kamran hirslənmişdi.
- Dərdim odur ki, ərim başqa arvadla əlbir olub məni dəlixanalıq etmək istəyir.
- Başqa arvad kimdir? Nə danışırsan sən?
Fəridə onu eşitmirdi:
- Hardadır? Onu harada gizlədirsən?
Anasının qışqırığına Mətin oyandı. Kamran şalvarını geyindi, oğlunu qucağına alıb aşağı düşdü. Fəridə əvvəlcə qapının, sonra isə maşının səsini eşitdi.
Onlar gedəndən bir saat idi ki, Fəridə yerdə oturmuşdu. Barmağı ilə yataq otağındakı xalçanın üzərində naxışlar çəkirdi. Toz qalxdığını görüb tozsoranlamaq fikrinə düşdü. Bəlkə ev işləri başını qatar düşünürdü. Mətinin çarpayısının altını yığışdıranda tozsoran nəyəsə dəydi. Əyilib götürdü. Bu böyük, oyuncaq maşın idi. Fəridə oğlunun bütün oyuncaqlarını tanıyırdı, bu maşın onun deyildi. Kamransa məsləhətləşməmiş heçnə almazdı. Bəs bu oyuncaq hardan idi? Dili – ağzı qurudu. Su içmək üçün qonaq otağına getdi. Şkaf açıq idi. Qorxa – qorxa ona yaxınlaşdı. Aşağıdakı rəfdə olan parik qabağa gəlmişdi. Fəridə ayağı ilə onu yerinə itələyəndə səs eşitdi. Pariki ayağı ilə kənara atdı, sonra əlini rəfin dərinliyinə saldı, paketə toxundu. Paketi götürəndə gördü ki, içində çoxlu oyuncaq maşınlar var.
Kamran Fəridənin davranışından qorxmuşdu. Mətinə istəmədən zərər verə biləcəyindən ehtiyat edirdi. Qərara aldı ki, evə qayıdıb arvadı ilə ciddi söhbət etsin, onu həkimə aparsın. Maşını evin qabağında saxladı. Düşüb arxa oturacaqdan Mətini qucağına alıb evə girdi. Ayaqqabısını soyunanda gördü ki, giriş qapısının yanındakı alətlər şkafı açıqdır. Yuxarıdan səs – küy gəlirdi. Mətin qucağında ikinci mərtəbəyə qalxan Kamran yerdə çoxlu sınıq oyuncaqlar və balta ilə şkafı sındırmaq istəyən Fəridəni gördü.
Beş gün idi ki, Fəridə xəstəxanada yatırdı. Özünü yaxşı hiss edirdi. Başına gələnlər ona yuxu kimi gəlirdi. Tezliklə çıxıb ailəsinin yanına qayıtmaq istəyirdi. Görüş saatı Kamran gəlmişdi. Arvadının sual dolu baxışlarını görəndə dedi:
- Anam gəlib dünən, Mətini onunla qoydum. Bir dəfə də arvadımla rahat danışım da.
Söhbət edəndən sonra videozənglə Kamranın anası ilə də danışdılar. Fəridə Mətini görüb çox sevindi.
- Telefon da qoymurlar, heç olmasa darıxanda şəklinizə baxardım, - Fəridə dedi.
- Eybi yox, az qalıb. Dünən çəkdirdiyimizə bax, - Kamran dedi və şəkili arvadına göstərdi.
Şəkildə Kamran stulda əyləşmişdi, Mətin onun qucağında idi. Qadın isə əllərini Kamranın çiyinlərinə qoyub başının üstündə dayanmışdı. Əynində Fəridənin donu var idi.
20.05.2021