Betadin məhlulu - Nuranə Mürşidli

Nuranə Mürşidli

Nuranə Mürşidli

8 dekabr 2021
# 16:30

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Nuranə Mürşidlinin “Betadin məhlulu” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Azərbaycan Tibb Universitetində "Müalicə İşi" fakültəsi üzrə 3-cü kurs tələbəsi idim. Kursun sonlarına doğru yaxınlaşırdıq. Artıq 6 illik baza tibb təhsilinin nəzəri biliklərdən ibarət olan hissəsi geridə qalır, növbəti 3 ildə isə bizi daha çox praktik fəaliyyətlər gözləyirdi. Həmin yay fəslindən etibarən xəstəxanlarda qısa müddətli təcrübə keçməli idik. Hər zaman olduğu kimi bu tətildə də dərslər bitdiyi üçün rayona, ailəmin yanına gedəcəkdim. Ona görə də tibbi təcrübə üçün rayon xəstəxanasını seçməli oldum.

Üstündən 6 il keçsə də, həmin xəstəxanada başıma gələn bir hadisəni hələ də unutmuram. Hansı ki, bir tibb tələbəsi olaraq məndə çox dərin iz buraxmışdı.

Xəstəxanada cəmi 4 həftəlik təcrübə keçəcəkdim. Biz ilk olaraq kiçik manipulyasiyalar, məsələn: əzələ və vena daxilinə iynə vurulması, sistem qoşulması , tibbi sarğıların qoyulması, dəyişdirilməsi və s. kimi bacarıqlara yiyələnməli idik. Amma hərdən cərrahi əməliyyatlarda iştirak edib kənardan izləmək şansımız da olurdu. Xəstəxanada həmin rayonun çox məşhur, təcrübəli və yaşlı bir ümumi cərrahı da işləyirdi. Mən özüm də uşaq ikən bir neçə dəfə xəstə kimi onun qəbulunda olmuşdum. Onun bilik və təcrübələrinə çox böyük hörmətim var idi. Həmçinin o, çox ciddi, sərt, mənim fikrimcə, heç vaxt gülməyən bir adam idi. Çünki xəstəxanada olduğum zamanlarda da onu gülərkən, hətta gülümsəyərkən belə görməmişdim. Yəqin ki, peşəsinin çətinliyi, məsuliyyəti və zaman keçdikcə ona qazandırdığı yorğunluq onu bu cür görünməyə vadar edirdi.

Bir gün oradakı tibb bacısı biz tələbələrin olduğu şöbəyə gələrək həmin cərrahın bir az sonra çox böyük bir əməliyyatı icra edəcəyini, baxmaq istəyiriksə, iştirak edə biləcəyimizi dedi. Əməliyyat ayağın amputasiyası idi. Yaşlı bir kişi xəstənin qanqrena səbəbi ilə sağ ayağı bud nahiyyəsindən kəsilməli idi. Əlbəttə, bu, insanlıq üçün çox üzücü bir hadisə idi, amma digər tərəfdən biz tibb tələbələri, ümumiyyətlə, hər bir gələcəyin həkimi üçün olduqca maraqlı əməliyyat idi. Ona görə də mən heç düşünmədən iştirak etmək istədiyimi bildirdim. O zamanlar həmin xəstəxana təmirdə olduğu üçün müvəqqəti olaraq başqa bir kiçik binaya köçürülmüşdü. Tibbi avadanlıqlar məhdud sayda idi. Ona görə də tibb bacısı mənə təkcə tibbi maska verib , qətiyyən heç nəyə əl vurmadan, sadəcə kənarda dayanıb izləməyi tapşırdı. Çünki əməliyyat bloku tamamilə steril bir mühitdir, orada açıq cərrahi əməliyyatlar icra olunduğu üçün bəzi əşyalara, tibbi alətlərə əlcəksiz, heç bir steril tədbir görmədən toxunmaq xəstənin həyatını riskə ata bilərdi. Tibb bacısı da bunu nəzərə alaraq bir az qorxu hissi , bir az da məsuliyyət hissi ilə məni tənbehlədi. Mən tibb bacısının tapşırığına əməl edəcəyimi bildirib əməliyyat blokuna daxil oldum.

İçəridə əməliyyata hazırlıq gedirdi. Xəstəyə narkoz verilməsi üçün həkim-anestezioloq, cərraha yardım etmək üçün iki tibb bacısı, cərahiyyə ixtisası üzrə təhsil alan gənc həkim-rezidentlər var idi.

Özümdən asılı olmadan həmişə ağır xəstəlikdən əziyyət çəkən insanlara həkimliyin tələb etdiyi soyuqqanlılıq hissindən daha çox emosiyalarla yanaşıram. Xəstənin yerinə ən çox sevdiyim doğmalarımı qoyub, "mən o zaman nə hiss edərdim" deyə düşünürəm. Bəzən onlarla bərabər çarəsizliyi, bəzən maddi çətinliyi, bəzən də itirmək qorxusunu bir anlıq da olsa yaşayıram. Biz insanlar kimliyimizdən, peşəmizdən, maddi imkanlarımızdan asılı olmayaraq heç bir xəstəlikdən, ölüm-itimdən siğortalanmamışıq. Həmin gün o kişi xəstə də əməliyyat masasında uzanıb ayağının kəsilməsini gözləyərkən beynimdə bir anlıq müxtəlif qarışıq hisslər cərəyan etmişdi. Görəsən, o an o nələr hiss edirdi, həyatının bundan sonrakı hissəsində onu hansı psixoloji və fiziki çətinliklər gözləyirdi ? Elə bunları düşünüb ruhən sarsılmaqda idim ki, cərrahın otağa daxil olması ilə əməliyyat başladı. Təxmin edildiyi kimi, çox çətin, gərgin bir proses idi. Cərrah o dərəcə soyuqqanlılıqla işinə yönəlmişdi ki, mənim də arxa tərəfdə onu izlədiyimin fərqində deyildi.

Xəstə dərin anesteziya halında idi. Bir neçə saat sonra yuxudan oyandığı zaman artıq ayağının biri olmayacaqdı. Yəqin ki, əməliyyata girərkən onu qarşıda nələrin gözlədiyini gözə almış və özünü buna hazırlamışdı.

Mən cərrahi alətlərin bəzilərini ilk dəfə gördüyümə görə çox həyəcanlı idim. Baxmayaraq ki, tibb bacısının böyümüş gözləri və kobud əl işarətləri ilə olan tənbehi üzərə kənarda dayanmalı olmuşdum və prosesi aydın izləyə bilmirdim. Xəstənin çevrəsi tibb personalı ilə əhatə olunduğu üçün arada bəzi şeyləri gözdən qaçırırdım.

Artıq bir neçə saatdan sonra amputasiya icra edilən ayağın üzərində toxumaların və bud sümüyünün bir hissəsinin kəsilməsi tamamlanmışdı. Son olaraq qanqrena olmuş ayaq hissəsini bədəndən ayırmaq qalırdı. Bu cür ağır əməliyyatlarda gedişatın necə olacağını əvvəlcədən bilmək mümkün olmur. Prosesin icrası zamanı cərrah və digər həkimlər hər cür çətinliklə rastlaşa bilir. Bu əməliyyatın da sonlarına doğru çətinliklər üzə çıxırdı və elə alındı ki, cərraha bütün personalın köməyi lazım gəldi. Ona görə də oradakıların bir qismi ayağın bədənə bitişik olan hissəsini, digər qismi isə bədəndən kənarlaşdırılacaq hissəni möhkəm şəkildə tutmağa başladı. Cərrah isə işini görürdü. Bir anlıq cərraha tibdə "Betadin" adlandırdığımız antiseptik məhlul lazım oldu. Əməliyyatın yekun mərhələsi çox böyük önəm kəsb etdiyi üçün hər kəs, ilk növbədə də cərrah çox gərgin idi. O, əlini betadini almaq üçün tələsərək, səbirsizliklə uzatdı. Amma orada olan hər kəs xəstənin ayağını tutmaqla məşğul idi. Cərrah əlinin hələ də boş olduğunu görüb bir daha əlini silkələyərək uzatdı. Bu dəfə də cavab gəlməyəndə tibb bacısına hiddətlə baxdı. Mən isə baş verənləri kənardan izləməkdə idim. Birdən tibb bacısı və onun ardınca da (cərrahdan başqa) digərləri mənə tərəf dönüb baxdı. Tibb bacısı əsəbi halda mənə :

- "Kənarda film izləyirmiş kimi dayanmaq əvəzinə, bəlkə gəlib sən verəsən ? Görmürsən ki, hamımızın əli məşğuldur ? " deyə qışqırdı.

Mən bir anlıq özümü itirdim. Saniyələr içində beynimdən məni əməliyyata göndərən tibb bacısının tapşırığı, mənim bura hansı səbəblə gəlməyim, betadinə əlimi vurub-vurmamalı olduğum keçdi. Axı mən əlcəksiz idim. Amma buradakı tibb bacısı hələ də qəzəblə mənə baxmaqda idi, cərrah isə gözləyirdi. Bütün bunlar cəmi bir neçə saniyədə baş verdi. Belə anlarda vaxt itirmək də düzgün deyildi. Və buna görə də mən artıq tərəddüdü bir kənara qoydum, yaxınlaşaraq cərrahın istədiyi məhlulu götürüb verdim. Cərrah əllərimdə tibbi əlcəyin olmadığını görüb bir neçə saniyəlik təəccüblə üzümə baxdı. O dərəcədə əsəbiləşdi ki, düşündüm yəqin həyatı boyu onu bu qədər hiddətləndirən ikinci bir səbəb olmayıb. Mən bayaqdan bəri dayandığım yerə qayıtmaq istəyərkən cərrah mənə qışqırmağa başladı. Səsindəki qəzəb və ton içi mən qarışıq oradakı hər kəsi qorxutdu. O mənim hansı cürətlə bir tələbə kimi bura girə bildiyimi və üstəlik əlcək olmadan tibbi təchizata toxunduğumu söyləyib dərhal otağı tərk etməli olduğumu bildirdi. Bir tərəfdən də, o, əməliyyatı yekunlaşdırmağa çalışırdı . Otaqdakı hər kəsin mənə yazığı gəldiyini hiss etdim. Gözlərim dolmuşdu. İlk dəfə idi ki, birisi məni bu şəkildə danlayırdı. Cərrah üzünü əməliyyat masasından çevirmədən bir daha mənə otağı tərk etməyimi, əlavə olaraq da buradan çıxan kimi mənim barəmdə xəstəxana rəhbərliyinə şikayət edəcəyini bildirdi. Özümü çox pis hiss etməyə , qorxmağa başladım, amma oradan ayrılmaq istəmədim. Çünki bu, tibb təhsili müddətində o vaxta qədər gördüyüm ən yaxşı əməliyyat idi və mən onun necə sonlanacağını görmədən çıxmaq istəmirdim. Ona görə də yerimdə dayandım. Cərrah getdikcə daha da qəzəbli ifadələrlə deyinərək işinə davam edirdi. Arxada dayandığım üçün məni görmürdü. Ayaqlarım, əllərim əsirdi. Bir az əvvəlki hərəkətimin xəstəyə zərər verəcəyini düşündüm və təlaşlanmağa başladım. Amma qəribədir ki, bir yandan da prosesi maraqla izləməyə davam edirdim. Yəqin ki, oradakı hər kəsi qısa müddətlik də olsa mənim bundan sonrakı aqibətim düşündürürdü. Axı o cərrah xəstəxananın ən qabaqcıl həkimlərindən biri idi və onun kimi önəmli birinin bu dərəcədə qəzəblənərək məni rəhbərliyə şikayət etməsi çox ciddi hal idi.

Nəhayət, əməliyyat bitdi. Xəstənin kəsilmiş ayağını steril bir qutuya yerləşdirdilər. Sanitar xidmət göstərən tibb işçiləri qutunu otaqdan çıxardılar. Hələ də yadımdadır ki, xəstənin əməliyyat blokunun qarşısında gözləyən yaxınları ağlaşaraq içərisində ayaq olan qutuya tərəf qaçdılar. Və ilk dəfə belə bir şeyə şahid oldum ki, onlar həmin kəsilmiş ayağı gələcəkdə xəstə öldüyü zaman dəfn ediləcəyi torpağa basdırmaq üçün apardılar. Sonralar bəzi dini mənbələrdən oxumuşdum ki, bizim bütün orqanlarımız Allah tərəfindən bizə əmanət olaraq verilib və dünyamızı dəyişdiyimiz zaman bədənimiz məhz bütöv bir halda sorğulanacaq . Yəqin ona görə həmin xəstənin yaxınları da ayağın kəsilmiş hissəsini torpağa dəfn edəcəkdi. İnsanın özü yaşayarkən, hər hansı bir bədən hissəsinin ondan əvvəl dəfn edilməsi çox qəribə bir şeydir.

Cərrah hələ də çox qəzəbli idi. Əməliyyatı bitirib otağı tərk edərkən mənim hələ də orada dayanıb izləməkdə olduğumu gördü. Heç nə demədən getdi. Əməliyyat bitdiyi üçün dərhal xəstəxananı tərk edib evə gəldim.

Sonrakı gün xəstəxanaya getmək istəmirdim. Baş verəcək olanlardan çox qorxurdum. Evdəkilər mənim gərgin və həyəcanlı olduğumun fərqində olsalar da, onlara heç nə bildirmək istəmədim. Günün irəliləyən saatlarında etdiyim hərəkətin ola biləcək mənfi nəticələrini daha da çox dərk etməyə başlayırdım. Mənim əlimin səthində olan mikroblardan hansısa biri xəstənin açıq yarasına nüfuz etmiş olsa idi necə ağır fəsadlar olacağını düşünmək məni sarsıdırdı. Yəqin ki, indiyə qədər məndən başqa heç bir tibb tələbəsi təcrübə zamanı ən azından bu cür səhvə yol verməmişdi. Amma nə olacaqsa olsun deyə fikirləşib xəstəxanaya getməyə qərar verdim.

Təxmin etdiyim kimi, içəri daxil olanda təcrübə keçən tələbələrə nəzarət edən həkim məni görüb dünənki hadisəyə görə danlamağa başladı. Deməli, artıq hər kəs baş verənləri eşitmişdi. Digər tibb tələbələrinin də mənə sual dolu baxışlarını gördüm. Hiss etdim ki, heç biri o an əsla mənim yerimdə olmaq istəmirdi. Hətta mənim başıma gələnlərdən özlərinə dərs çıxarıb həmin gündən sonra xəstəxanada daha diqqətli olmağa çalışacaqdılar.

Gün davam edirdi, biz yenə xəstələrə iynə vurmağı, cərrahi sarğılar və gips qoymağı öyrənirdik. Bir yandan da dünənki hadisəyə görə çox gərgin, qulağı səsdə idim. Dəhlizə çıxıb başqa palataya gedərkən birdən həmin cərrahla qarşılaşdım. Yanımdakı digər tələbələr də mənimlə bərabər həyəcanla dayandı. Məni rəhbərliyə aparıb şikayət edəcəyini və qorxduğum o anın artıq gəlib çatdığını hiss etdim. Bir çoxları üçün bu adi hal ola bilərdi, amma hələ başlamamış olan həkimlik kariyerasının 3-cü ilində şikayət edilmək bir tibb tələbəsi üçün xoşagəlməz vəziyyət idi. Üzüm qızardı. Ayaqlarım özümdən asılı olmadan titrəməyə başladı. Cərrah diqqətlə bir neçə saniyə mənə baxdıqdan sonra yarıtəbəssümlə dedi :

- "Növbəti əməliyyatımı izləmək istəyirsənsə, gəl". İrəliyə doğru biraz addımladıqdan sonra təkrar mənə tərəf dönüb gülümsəyərək dedi :

- "Amma bu dəfə steril formada gəl."

Sonralar eşitdim ki, o, xəstəxanada bir çoxlarına mənim heç nəyə baxmayaraq, inadla əməliyyatın sonuna qədər qaldığımı, o andaki marağımı emosiyalardan daha üstün tutduğumu danışıbmış. Hətta mənim bu xarakterimi özünün tələbəlik zamanlarına bənzədib deyə mənə rəğbəti artıbmış.

Bu hadisə mənim təhsil dövrümdə ən böyük stimul oldu. Bir tərəfdən də mənim üzümdən o xəstədə heç bir fəsad olmadığı üçün çox sevindim . Amma bu hadisə hər dəfə yadıma düşəndə belə bir sual məni düşündürür :

- "Əslində mən o an betadini verməli idim, ya yox ?"

# 6156 dəfə oxunub

Oxşar xəbərlər

Divar - Azad Qaradərəlinin yeni hekayəsi

Divar - Azad Qaradərəlinin yeni hekayəsi

14:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
# # #