Kulis.az Azad Qaradərəlinin "Xeyrat" adlı uzun hekayəsinin növbəti hissəsini təqdim edir.
Mobil telefon insanlar arasında ən böyük ünsiyyətsizlik vasitəsidir…
Yox, bunu daha Lenin deməyib, mən deyirəm. Mobil telefon çıxdı, ünsiyyət də yoxa çıxdı.
(İlk insan hələ danışa bilmirdi və bir-birini səslər, nidalar vasitəsi ilə anlayırdı. Məsələn belə:
— Hə!
— Ho!
—O!
—Bo!
— Oh!
— Huh!
Və sair.
Və hələ yazı olmayan dövrdə bir-birini şəkil, yaxud işarət dili ilə anlayır, “məktublaşırdılar.” Yadınızdadır, nağıllarda bir şah o birinə bir paslı qıfıl göndərirdi və deyirdi ki, cavab göndərin. O şah da ona cavab olaraq bir paslı açar göndərirdi. Bunların mənası o idi ki, sənin ölkən bu paslı qıfıl kimi geridə qalıb və mən onu işğal edərək pasını təmizləyərəm. Bu şah da ona cavab verirdi ki, mənim qıfılım paslı olsa da, o pası açacaq açarım da var. İstəsəm bu paslı açarla sənin də qapılarını açaram – yəni torpaqlarını işğal edərəm və s.
İndi bu votsapla ürək, bayraq, dodaq, gül şəkilləri göndərmək arxaik dövrlərə qayıtmağın əlaməti deyil ki?!)
Ah bu süni intellekt… Sən bu insanı nə günə qoydun? Yaxud belə deyim: insan səni kəşf etməklə özünü məhvəmi aparır? Niyə?Deyim, görəcəksiniz.
Guya ki, illərdir, aylardır, həftələrdir gözlənilən qonaq özü gəlməsə də, sözçüsü gəlib çıxıb. Belə çox xoş gəlib. Gəldiyi bir saat deyil, hadisə köhnəlib. Yenə hamı cumub telefona. Qonaq da ayfonunda nəsə axtarır. Ya da kiməsə nəsə votsapda yazır. Məktəb direktoru feysbukdadır. Kitabxana müdiri hansısa kitabın elektron versiyasını axtarır. Hətta Əpiş də telefondadır – fısıldaya-fısıldaya, höccələyib kiməsə cavab yazır. Tibb bacısı Nazı gah özünün telefonuna, gah da qonağınkına gözucu baxır. Təkcə Məsumə xanım Əpişin qabağına qoyduğu antrikodla əlləşir.
Bəli, telefon hamının əhədini kəsmədədir.
Dəmir qapalağın arxasında iki uşaq qışqırır. Biri ucadan ağlayır. Məsumə xanım içini çəkir.
— A Əpiş, sən canın, lavaşın arasına kabab yığ, o uşaqlara ver, iyisini çəkirlər, oğlan usagı şişəyən olar deyirdi nənəm…
Əpiş telefonu cibinə qoyub, iki lavaşın arasına lülə kabab doldurur, çölə çıxır. Uşaqlar onu görən kimi səslərini kəsirlər. Əpiş gülə-gülə qayıdır.
— Telfun üstdə davadı… Pısı Mısını qoymur baxa, o da ağlıyır… - Direktora tərəf baxır. - Görersən, ay məllim, bu telfun uşaxları kor qoyajax…
Bu vaxt bayaqdan ayfonda axtardığını tapan qonaq ayağa qalxır:
— Bude ha, tapmışam. O oğlanın, hansı ki, prokuror atası zəncirə vurmuşdu, yazdığı bir bestsellerini sizünçün səsləndirəcəyəm. Belə satirik, komik dildə yazır… Hekayəni Tiqran səsləndirib… Bizim orada öz teatrımız, öz studiyamız, öz yutub kanalımız, öz saytımız var… Baxın, saytımıza orda əlli min baxış olub. “Alt-üst” adlanır novella… Gənc bir şairdən epiqrafla başlayır… Sizi yormaram ki? Dinləmək istərmisiniz?
(Burada gərək bir haşiyə çıxım. Əslində, qonağın təqdim etiyi o novella ayrıca bir yazı deyil, Nihat Qələmsizin “Dağılan tifaq” romanından parçadır. Mən o Nihatı tanıyırdım. İsa İsmayılzadənin Bayıldakı dərnəyinə bir getmişdik. İmkanlı oğlan idi. Bizdən gənc olsa da, dərnəkdən çıxandan sonra dərnək üzvlərini başına yığar, Sərin restoranında o zamanın ən sevimli yeməyi olan tabaka yeməyə aparardı. Özü də çəkmə araqla! Pəh! Az qala beş-altı saat vurardıq ölümünə… Sonra nə oldusa, oğlan bir daş bir gölə düşdü. Kimi dedi “Litinstituta” girib, Moskvadadır, kimi dedi prokuror atasının qəzəbinə gəlib, kimi dedi istedadı tükənib və həkaza… Lap sonralar, radioda çalışdığım illərdə Qaçay Köçərli danışdı mənə məsələni. Dedi ki, Bakıda əlyazmasında romanı yayılıbmış. Romanda ölkənin və Azərbaycanın özünün tanınmış adamlarının, partiya və Sovet məmurlarının əməlləri ifşa olunurmuş. Yalan olmasın, deyilənə görə, atası oğlunun əməllərinə dözməyib, onu əvvəl həbs etdirib, sonra da bağ evində zəncirdə saxlatdırır…
Hə, mən o “samizdat” romanı, düzünə qalsa, oxumamışdım. Amma ucundan-qulağından xəbərim vardı. Danışığa görə postmodern üslubda bir əsərmiş. İndi gələn qonağın səsləndirdiyi bu novella həmin əsərdən parçadır. Yəni, o roman ayrı-ayrı hekayələrdən ibarət imiş.
Hə, bir şeyi də deyim. Demək, o Qələmsiz, əsasən 90-ların yazıçısı idi. Bildiyim qədəri ilə, 2007-ci ildə atasının bağ evindəcə ölmüşdü. Amma indi bu novelladakı baş qəhrəman, onun ətrafında baş verənlər günümüzün hadisəsinə bənzəyir. Görünür, Dıqranmı, ya bəlkə elə bu gələn qonaqmı, xüləsey ki, kim isə mətnə əlini çəkib, onu müasirləşdirib…
Hə, bir halda bu “samizdat”dan danışdıq, gərək bir məsələni də çözək. SSRİ-nin süqutu vaxtlarında, yəni 80-90-larda Rusiyada, Baltikyanı ölkələrdə, elə Qazaxıstanın özündə “samizdat”lar peyda oldu. Məsələn, Soljenitsinin “Arxipelaq Qulaq”ı Bakıya ilk dəfə “samizdat” şəklində gəlmişdi. Elə Oljasın “Az i Ya”sı da ilk çıxanda “samizdat” kimi yayılmışdı. Əgər kimsə sizə desə ki, Azərbaycanda “samizdat” olub, gözünün içinəcən yalan danışır. Niyə, ona görə ki, bizim yazıçılar xalq yazıçısı, mükafat və qonarar üstündə bir-birilərini qırırdılar. İki şairin 80-ci illərdə az qala bıçaqlaşma dərəcəsində dava etdiyini danışırdılar, nə var, nə var, respublika Lenin komsomolu mükafatını o yox, o biri almalıymış… Hə, amma az qala unutmuşdum. Eldar Baxışın “Zori Balayana məktub” şeiri yüz min nüsxə meydandaca əllə yazılıb yayılırdı, bunun şahidi olmuşam… Hə, bir də lap sonlar “Yazı” adlı ədəbiyyat dərgisi buraxanda müraciət etdim ki, bəlkə kiminsə sandıq ədəbiyyatı olub, xahiş edirəm, çıxardın, gətirin, çap edək… Qardaş, ayıb olmasın heç zırt da çıxmadı. Bizimki ədəbiyyat deyil, gədəbiyyatmış. Ya da elə dədəbiyyat. Sovet vaxtı ata, ana, oğul, qız – ailə ədəbiyyatı dəb idi. Hətta yeznə-qayın ədəbiyyatı vardı. Bir oğlanın beş bacısı vardı, beşi də şairə ərə getmişdi. Bacıları o yazığı döyə-döyə şair elədilər… Öləndən sonra it-bata düşdü…)
Hamı, illah da Məsumə xanım ağız-ağıza verib qışqırırlar:
— Yox e, yox! Tiqranın səsini eşitmək xoşdur!..
Doğrudan da, şirin, canayatan, bir az da yarıkomik səslə novellanın səsləyişi başlayır. Mən isə o mətnin yazıya alınmış formasını sizə təqdim edirəm.
ALT-ÜST
novella
Mağara?!
görəsən, nəyin nəsidir?
Mağara – dağların əsnəməsidir.
Tərsinə asılmış quş qəfəsidir
Belə eşitmişəm yarasalardan...
(El Roman)
“Mən yüksəklik ölüsüyəm. Sovetin guruldayan vaxtından əlim böyüklərin ətəyində, ayağımsa vəzifə pillələrində olub. Bizim nəsil dədə-babadan vəzifədəyik. Birini satıb yüksəlmişik, birini alıb irəliləmişik, birini də çərlətmişik… Ölkənin aristokrat təbəqəsi sayılırıq. Moskvada, Berlində olanda mütləq ən hündür teleqüllədəki restoranlarda şam etmişəm. Elə Bakıda çoxlarının xəbəri olmadığı Az.Tv-nin teleqülləsindəki restoranda ən azı ayda bir dəfə yeyib-içməyə gedirəm bu yaşımda… Ora çıxanda az qalıram ki, restoranda yeyib-içəndən sonra, bir az da yuxarı qalxam və qışqıram: mən əbədiyəm, ölümsüzəm, belə qurdnan qiyamətə qalacağam. Dədələrinizi çərlədib öldürdüm, indi sıra sizdədir. Siz öləsiz, köpək uşağı, bir-bir gəbərəcəksiniz. Yaxşı deyiblər, kötüklər üstdə neçə şivlər doğranar...
Nə istəyirsiniz, ə mənnən?! Ayrı dərdiniz-odunuz yoxdur? Boooy?!. Zalım uşağı elə bil dalıma şirə sürtmüşəm, qarışqa topası, gənə köməsi kimi yığılıblar... Sancan kim, sümürən kim, yalayan kim... Yenə qarışqanın təhri var e, silib atırsan, qurtarıb gedir... Amma bu gənələr var ha, onlarınkı zülümdür, qardaş! Dartırsan, dartırsan, bədəni üzülür, başı qırılıb qalır oranda. Qan basır nazik yerini. Baxırsan ki, əlin-qolun da qandadır. Sonra da olursan əliqanlı... Vallah bezmişəm. Nə qədər cavab vermək olar?! Axırda məcbur olub, yazımın oreyentasiyasını da dəyişdim. Olmuşam əməlli-başlı satirik! Neynim, ə? Nə qədər ona-buna ağız açım ki, bu it sürüsünün cavabını versinlər. Aslan nə qədər qocalsa da, elə aslandır. Hamısını bir zərbəmlə kün-fəkün eləyirəm...”
Telefon zəngi.
— Alo. Doktor, sizsiniz? Bu əkdiyiniz diş var ha, yaman ağrıdır e yeri... Necə deyirsiniz siz buna? İmplant? Hə, hə, implant... Yəni, əkmə... Vallah, eşq olsun sizə! Əşşi, daha nə edək?! Siz allah bir yanda ağzınızdan çıxmasın mənim diş əkdirməyim... Hə də, düşmənim çoxdu də. O saat götürüb yazacaqlar ki, bəs, demiyəsən, adam orqanlarını yeniləyir-filan... Gözləri çıxsın!.. Sabah gəlim?! Yaxşı, hökmən gələrəm. Təşəkkürlər, doktor!
“Diş demişkən... O gün biri gəlib kabinetimə. Ha baxıram, xatırlaya bilmirəm. Dişləri tökülüb, saçı ağarıb, üzünün almacıq sümüyü dombalan torpağı yaran kimi az qalır üzünü yarıb çıxsın çölə... Elə bax o almacıq sümüyünnən tanıdım bunu! O idi. Düz on il qabaq bizim əleyhimizə bir oyuncaq qurum yaradıb, tökülmüşdülər üstümə ki, bəs Əşir müəllim köhnəfikirlidir, gerilikçidir, psevdorealistdir... Bu sonuncu kəlmə lap atamı yandırmışdı. Əvvala, köhnəfikirli deyiləm, artıq klassikəm; ikincisi gerilikçi deyiləm, mental dəyərlərə bağlı aliməm, yazaram; üçüncüsü və ən əsası psevdo deyil, həqiqi realistəm... İndi bəzən həqiqətlərə sizin gözünüzlə deyil, hökümətin və dövlətçiliyin prizmasından baxıram, bu da çox vacib. Mən SSRİ boyda dövlətin qayğısını hiss etmiş adamam. Şükür, indi müstəqilik… İnsan öləri, dövlət yaşarıdır. Dövləti kim təmsil edir? Hökümət. Biz hamımız onun övladlarıyıq. Sən, bax, bu halınla indi mənim qapıma gəlmisən ki, hökümətə ağız açım, sənə əl tutsun, eləmi?
Boynunu qoydu çiyninin üstünə ki, ay Əşir müəllim, bəs bilirsiniz ki, illərdir o filosoflar binasında ailəmlə çürüyürəm... Sovet dağılıb, bina da qalıb baxımsız, amma mən hələ də ordayam... Məni də alın himayənizə, ağız açın, bizim ailəyə başımızı təpməyə bircə otaq versinlər... Bütün yazı-pozumnan imtina edirəm, keçirəm sizin bayrağınızın altına... Üzvlüyə də qəbul edin, lap belimə də minin... Ölmüşəm, götürün məni... Təqaüddən-zaddan da olsa, pis olmaz... Allah sizə can sağlığı versin...
Pəh! Ləzzət eləməzmi?!
Gül vurdun, Əşir! Bu dişi tökülmüş, rəngi solmuş, almacıq sümüyü... Əşşi, belə ölüb-itmiş bu gədənin cibinə bir balaca xərclik qoyub, qəbul elədim bizim tərkibə. Sonra da Birincinin adına bir məktub diktə etdirib, ev növbəsinə aldırdım, sonra da...
— Ailən, uşaqların necədirlər? - hökmlə soruşdum.
— Əlinizi öpürlər...- dedi. -Sonra da əlavə elədi ki, birinci arvaddan olan uşaxalara baxa bilmirəm daha... Böyüyüblər, ay Əşir müəllim. Qələt elədim, o vaxt gənc arvad aldım, o da yaxşı yemək, geymək istiyir... Neynim axı?! Sizi deyib gəlmişəm...
(“Sizi deyib gəlmişəm!” Allah sənə rəhmət eləsin, ay Mirzə. Gör sözün harda gəlib kimin ağzınnan çıxır?! Sənə min rəhmət!..)
Mən, şəxsən indiyəcən, bəlkə 100-üynən gəzib-tozmuşam türk qardaşlarımız demişkən, amma ailəmə, xanımıma sədaqətimi həmişə göstərmişəm... Ailə - ailədir, qıraq - qıraqdır... Mən məşuqəmi arvadımnan üstün tutacaq qədər əbləh deyiləm ki?! Belə avara-uvaraları heç qapımda nökər də saxlamaram...”
Qapı çalınır.
— Nədi, ay uşaq, nə var yenə? – Qoymazlar ki, bu hücrəmdə bir saat elmlə, sənətlə məşqul olam. 87 yaşım var, hələ heç 87 paraqraf yaza bilməmişəm elm və sənət aləmində. Ancaq onun-bunun, qohum-əvladın, nəsil-nəcabətin hayındayam...
— Referentiniz ...
— Gəlsin, gəlsin.
“Yenə bu cavan oğlan sağ olsun. Düz iyirmi ildir ki, mənim elmi hipotezalarımı bu əməli işə çevirir. Neçə-neçə monoqrafiyanı bunun hesabına ortaya qoymuşam... Bədii mətnlərimi demirəm hələ… Yoxsa məndə o vaxt hanı...”
— Otur, a bala, ayaqda qalma. Mən sənin yazdıqlarına baxım, sən də dincini al... Yaxşı, yaxşı!.. Dak… Dak… Ihıııı… Ihıııı… Yaxşıdı… Yaxşıdı… Dediyim kimi də yazmısan... Fəlsəfi dərinlik, elmi kreativlik, elastiklik, plastiklik... Super!.. Bəs öz imzanı niyə qoymamısan?! Ay bala, maymaq olma. Mən sənə yol açıram. Bu gün elmlər namizədisən... toyes, fəlsəfə doktorusan, yarın, eeee, zavtra , sabah elmlər doktoru olacaqsan... Bəs yeni romanımız nə yerdədir? O səfeh gədəni bir də bu həndəvərə qoyma! Pulunu alıb, sonra da deyir ki, o romanı mən yazmışam! Pox yemisən atabatanla!..Yaxşı, gedə bilərsən... O filmdə necə demişdi: sükanı belə saxla!.. Nədi, niyə heylə baxırsan? Həəəə, anladım... Prezident təqaüdü? Demişəm, demişəm. Alacaqsan bu dəfə də, arxayın ol... Yenə nə oldu? Ev? Onu da demişəm... Prosto... Sən təzə ev almısan... Yeni evi arvadının adına aformt eləmək üçün gərək boşanasınız... boşanın da... Nə olasıdı ki? Yenə bir yerdə yaşayarsınız... Zato, ev məsələniz həll olunar... Bilirəm də, oğlun uje beşdə oxuyur... Gələcəkdə öz evi... Olacaq, olacaq... Gedə bilərsən...
Telefonda mesaj səsi.
“Sən ölmüyəsən, kim hardan bacarır, ordan dürtülür e... Girhagirdir... Eynəyim hanı? Eynək vərdişdi e... Şükür, indi eynəksiz də... O əməliyyatdan sonra… Görüm bu nə yazır? Həəəə... Sənsən? Maskamdı, Maskam... “Canım Eşir! Neçə gündür məni yada salmırsan? Nə oldu, aramızdan nə keçdi? Bəs mənim ev məsələm? O jurnal var e, filosofiyadı, nədi, adını da unutmuşam, ordan mənə maaş verirdilər axı, kəsiblər e, xəbərin var? Bir də Tolikin duduşu böyüyür e, nə vaxt kəsdirəcəyik balamızı? Müsəlman olmalıdır, ya yox? Cavab gözləyirəm. Sənin Maskan.”
Qoy buna cavab yazım:”Canım Maskam. Yeyərəm səni. Tolikin duduşundan öpürəm. Sənin maaşını kəsənin başını kəsərəm! Hər şey qaydasındadır. Bu gün axşamtərəfi sənin yanındayam. Sənin Aşırın.”
Eşşəyin qızına min dəfə demişəm ki, mənə Eşir demə. Ətim çimçəşir... (Bakılılar Əşir deyir, rayonnular Aşır, bu da Eşir.) Eşir, yox bir Mürdəşir...
Votçapdan zəng.
“Bəli. Kim? Rasxan müəllim, xoş gördük. Nə rəssam? Hə, sənin bacıoğlun? Bəs onu nazirliyə işə qoydurduq axı? Yenə çəkir? Səni allah, deynən Ekonun əsərindəki rəssam kimi baş-ayaq çəkməsin də... Elə rəsmləri görəndə ürəyim sıxılır e... Hə, keçən dəfə sərgisindən yazdım də... Moskvada filosofiya jurnalında çıxmalıdır... Nə Türkiyə? Elə o yana, sən canın! Bu türklərdən yığmışam e, buramdadır!.. Heyf deyil Moskva!? O rəsmi vardı e, oğlan girib qızın... toyes, qız girib oğlanın... Nə bilim e, alt-üst çəkmişdi, kim kimin harasındaydı bilinmirdi... O cür çəkməsin day... Nə? O işi satıldı? Neçəyə? Yüz minə?! Nə yaxşı, nə yaxşı?! Hə də, biz anlamamışıq da... Ola bilər... Yaxşı, qardaş canı, tapşıraram həll edərlər... Sağ ol. Görüşərik...”
Əl çəkməzlər ki!.. Gör e, o baş-ayaq rəsmə 100 min veriblər! Kül sənin pul sahibi başına!..”
Qapı açılır.
— Yenə nə var?!
— Gənc şair gəlib...
— Hansı? Başına ayaqqabı qoyan? Ha-ha-ha! Qoy gəlsin bir az məzələnək!.. Ha-ha-ha...
“Bu nədi, ə?! Dünya niyə dağılmır?! Həmin bu qıvırcıq bir gün gəlib yanıma ki, təzə şeirlər kitabımın çapına kömək edin. Dedim, bircə şeir oxu, bəyənsəm, getdi çapa. Oxudu:
Saçların buruq-buruq,
Qaşların yarıq-yarıq,
Ayağında yekə papaq,
Başında güllü çarıq...
Deyirəm, ə, yarıq nədi? Deyir, müəllim, yarıq intim yerin üstüörtülü adıdır, ayıb olmasın. Deyirəm, bəs “başında çarıq” nə deməkdir? Deyir, ustad, bu mənim mənfur cəmiyyətə mədəni etirazımdır... Yəni bu cəmiyyətdə hər şey baş-ayaqdır... At - sümük, it - ot məsələsi...
İndi bude, gəlib, görək nə istəyir.
— Hə, yenə nə var? Qısa elə, mənim vaxtım azdır. Burdan gedəcəm prezidenti olduğum İtçilik federasiyasına, küçə itlərinin vəziyyəti ilə maraqlanmalıyam. Ordan da universitetə getməliyəm, dərsim var, ordan da... akademiyaya… Yox e nə Elmlər Akademiyası?! Tenis Akademiyasına… Hə, gödəy elə...
— Ustad, gözlərim zəif görür, gözümnən əməliyyat olunmalıyam, mənə sizin yardımınız lazımdır... Maddi durumum baş-ayqdır...
— Mənim də uzun illər gözüm pis görüb, bir gözüm müsbət dörd, o biri mənfi beş idi... Lap bu yaxınlarda əməliyyat olundum... Bude ha, kitabı da eynəksiz oxuyuram... O dədən niyə sənə əl tutmur? Hacı adamdır, bizneslə məşquldur, xeyriyyəçidir…. Kisənin ağzını açsın, əməliyyatına kömək etsin... Hər şeyi hökümətdən istəsək, hökümətdə hökümətlik qalmaz,bala... O ki qaldı mənə, məndə o qədər pul hardandı?..
— Ustad... Atayla aramızda dərin uçurum var… Mən materialistəm… O isə…
— Ay bədbəxt, materialism SSRİ ilə çezdi e!.. Yaxşı, bir şeir oxu, araxpulun məndə! Gözünü də elə atanın özünə əməliyyat elətdirərik…
— “Sən öləssən - bizdən sonra olsa da,
Çezəcəksən – məşuqən saçını yolsa da...”
— Bıde, ala!.. (İki barmağının arasından baş barmağını çıxardır.) Ay uşaq, mənim sürücümü çağırın... Başım şişdi... Bu xarabaya gəlməli deyil ha!
Sürücü qapıda görünür.
— Müəllim, münasib zaman deyil...
— Yenə niyə, ə?!
— Yoluqlar qapını kəsiblər...
— Bəs dal qapı?
— Orda da jurnalistlərdir...
— Ə, təzə qanun təsdiq olundu, bir pox yeyəmməzlər day! İndi hər yoldan ötənin juurnalist knişkası olmayacaq… Çezdilər e! Get maşını xodda!”
Novellanın səslənməsi başa çatır. Hamı elə bil tilsimlənib. Bilmək olmur ki, Tiqranın səsi onları sehrləyib, ya novella təsir edib.
Bu vaxt Əpiş iki kitabla gəlib Məsumə xanımın qarşısında dayanır. Və birdən yadına düşür ki, Məsumənin gözü görmür. Elə ağzını açıb nəsə demək istəyir ki, Məsumə xanım onu nəfəsindən hiss edir və əlini qeyri-müəyyən səmtə uzadır:
— Əpiş, sənsən? Gətirdin kitabları?
Kitabları alıb, açır, bir qədər baxsa da, kədərli halda yanında outran qonağa tərəf uzadır:
— Baxın, dediyiniz kitablardır…
— Nə kitab? Mənə verirsiniz bunları?.. Həəəəə… Aytmatov… O genii di… Kstati… Geni demişkən… Aneqdot deyim sizə, kefiniz açılsın… Bir gün biri gəlir Yevgeni Yevtuşenkonun yanına – kstati, o da bizim adamdı, hökümətdən narazılardandı, ölməzdən bir neçə il əvvəl, allah rəhmət etsin, o da gəlmişdi bizi ziyarət etməyə - deyir:
Gena,
Ya Gena, tı Gena…
Ya ni geni, tı ni geni,
Tı davno, a ya ni davno.
Tı qavno, a ya ne qav…. Oy izveniti pajalyusta… Süfrədə… Burada belə şeylər… “Plaxa”nı necə tərcümə eliyiblər? Hə, hə, o prokuror oğlu bu tərcüməni ora gətizdirmişdi… “Qiyamət”! Əla çevirib e!.. Bizim icma… Karakandada biz bir icma şəklində yaşayırıq… Köhnə donuz damını öz hesabımıza remont eləmişik, su, qaz, işıq çəkdirmişik, duşxanası, quşxanası, hər şeyi var… Aytmatov bir dəfə eşidib ki, Karakandada belə bir qumanitarlar icması var, saxladığı qadın vardı e, SSRİ xalq artisti… Çort vazmi, nəydi onun adı? Narkotik məndə yaddaş qoydu ki?.. Oy mama… Nəydi adı? Hə, nəysə… Yadıma düşmədi… Ox da! Tapdım! Balerina Bübüsara Beşinalıyeva! Onu da qoltuğuna vurub gəlmişdi biznən görüşə… (Bizim yanımıza hər məşhuru buraxmırdılar ki! İcmanın ərazisi tikanlı məftillərlə əhatə olunub. Yalnız olmazsa-olmaz adamları buraxırlar. Yəni onları ki, day hökümət də qabaqlarını kəsə bilmir… Soljinitsın də gəlmişdi bizim yanımıza…) Yaxşı bazarlıq eləmişdi… İki dana kəsdirdi. İki kletka bahalı araq, Roşe şampanları, Ameretto konyakları, çexski pivələr… cürbəcür meyvələr… Və beş min də pul verdi ki, narkotikdən əziyyət çəkməyək… Hə, hə, “Qiyamət”! Qiyamət addı e! Mən bu əsəri sevirəm də, brat canı! Sizə bir sirr açımmı? Aytmatov bizim icmadan qayıdannan sonra yazıb “Plaxa”nı – “Qiyamət”i! Da-da-da! Klyanus mame!..
Qonaq araq dolu stəkanı başına çəkib, oturdu yerinə. Hiss olunur ki, onun zəif bədəni alkoqolu qaldıra bilmir. Gözləri yumulur, başını üstündə durmur.
— Məsumə xanım, siz Niyazini tanıyırdınızmı?
— Drijor Niyazinimi? O dünya şöhrətli müsiqiçinimi deyirsiniz? Onu kim tanımaz ki?! Mən onun heyranıyam… Onun dirijorluğunda dünyanın şah əsərlərinin ifasına baxmışam Operada… Niyə soruşursunuz ki? Yoxsa…
— Bilirsiniz, Niyazinin bir oğlu var… Ceyhun Kafi… Bizim adamdır… İdi… Oğlu dedim də… Oğlu deyil, oğulluğu… Niyazi, arvadı Həcər xanım onu övladlığa götürmüşdülər… Ceyhun iki dəfə bizim düşərgədə olub… Xeyli kömək etmişdi bizim icmaya. Amma biləndə ki, Həcər xanımı o öldürüb, imtina etdik onnan da, onun xeyriyyəçiliyinnən də. Hə, bizdə cinayətkara bəraət yox… Biz savadlı, elmli adamlarıq. Biz kitab əhliyik. Bizim yeganə günahımız varsa, o da bu ağ ölümə təslim olmağımızdır…
— Vay, vay, vay! Hə, bir dəfə SK-nın plenumuna gedəndə duydum mən də bu olayı… Hamı pıçıltı ilə danışırdı. Həqiqətən, o alçaq ona dogma anasınnan irəli olan insanı öldürmüşdü… İnsanın bu yaşda qadına, həm də səni cocuqluğunnan öz övladı kimi böyüdən, bağrına basan qadına əl qaldırması olan işdirmi?!. Mən axı görmürəm neçə vaxtdır… Ona görə daha çox səsli kitablara, yutubdakı səsli verilişlərə üstünlük verirəm… Hanı mənim telefonum… Burada mənim səsli kitablarım və yutuber verilişlərim var… Görüm girə biləcəm ora? Birinci düymə, ikinci, üçüncü… Əpiş, hardasan? Kömək elə… Növbəti düymə… Hə… Deyəsən özüm tapa bildim… İndi başlamalıdır…
Musiqi səsi. Adama toxunan musiqidir. Sanki nəyəsə çağırışdır. İnsanın munis hisslərinə toxunur. Və musiqi səsi azalır və müxbirin səsi eşidilir. Hiss olunur ki, verilişə ortadan daxil olunub…
— …ona görə də sizə söz açacağım adam ömrü boyu SSRİ-nin müxtəlif həbsxanalarında məhkum həyatı yaşayıb, dəfələrlə törətdiyi cinayətə görə təkrar məhkum edilib. Hətta məhkəmədən bəraət də istəməyib. “Mən cinayətkaram. Ən pis şəraitli həbsxanada cəza çəkməyə layiqəm. Heyf ki, güllələnmə cəzası götürülüb, yoxsa xahiş edərdim ki, məni güllələyin” deyib…
Beləliklə, verilişimizin qonağı böyük Azərbaycan musiqiçisi, drijoru, dünya şöhrətli mayestro Niyazinin oğulluğu… bağışlayın, mən sizi necə təqdim edim, “oğlu”, yoxsa “oğulluğu”?
— Bilirsiniz, mən o ailəyə layiq ola bilmədim… Ona görə oğlu deməyin, heç oğulluğu da deməyin… Eləcənə, “Niyazinin ailəsinə övladlığa verilmiş” deyin…
— …öz sözləri ilə desək, Niyazinin ailəsinə övladlığa verilən Ceyhun Kafidir. Özünüz haqda məlumat verin bizə, zəhmət olmasa…
Ceyhun Kafi bataqlıq qoxuyan bir səslə özü haqqında danışır, İran vətəndaşı ilə bakılı bir xanımın izdivacından doğulduğunu deyir və sonra lap balaca vaxtından Niyazinin ailəsinə verildiyini, burada hər cür firavanlıqla əhatə olunduğunu, ən bahalı oyuncaqlarla oynadığını, ən yaxşı yeməklər yediyini danışır və axırda da əlavə edir ki, mən bu gözəl insanların əhatəsində olarkən 13-14 yaşlarımda bir alçaq insanın əli ilə narkotikə dadandırıldım və bu gözəl ailənin də, mənim özümüm də qara günlərim bundan sonra başladı…
Bu yerdə müxbir verilişin ikinci qonağı olan musiqi tədqiqtçısına sual ünvanlayır:
— Sizcə, niyə məhz Niyazinin oğulluğunu narkotikə dadandırırlar? Bu bir təsadüf idimi?
— Xeyr, təsadüf deyildi. Niyazi o zaman Opera və Balet teatrının müdiri idi və burada apardığı bir sıra islahatlar bir çoxlarının xoşuna getmirdi. Zəif səsli əməkdaşların teatrdan uzaqlaşdırılması, repertuarın yenilənməsi bu qəbildəndir. Buna görə Niyaziyə qarşı hücumlar olurdu. Professor Cəmil Həsənli apardığı tədqiqatlara əsasən yazır ki, hətta Moskvadan göndərilmiş Şaroyeva adlı birisi Niyazinin işlərini yoxlayakən onun qatı bir millətçi olduğunu qeyd etmiş, rus və qeyri millətdən olanların teatrdan qovulmasında onun rolunu xüsusi olaraq vurğulamışdı. Onu da əlavə etmişdi ki, Niyazinin ali təhsili yoxdur. O, Moskvada, Yerevanda və Leninqradda konservatoriyalarda oxuyarkən millətçi hərəkətlərinə görə təhsil ocaqlarından qovulmuş və beləliklə də təhsilsiz biri olmuşdur. Lakin bu “təhsilsiz biri” dünya şöhrətli drijordur və ona kimsənin gücü çatmır. Hətta Xəlil Rza kimi bir millətçi şairi evində qonaq edir, millətçi olduğu üçün işlədiyi ali məktəbdən qovulub işsiz qaldığına görə cibinə xərclik qoyur, himayə edir və sair.
Niyaziyə gücü çatmayan düşmənləri onu zəif yerindən vurdular. Övladı olmadığı üçün uşaq evindən övladlığa götürdükləri Ceyhun adlı oğlanı gizli yolla narkotikə dadandırdılar və beləliklə də həm Niyazinin, həm onun sevgili xanımının dincliyini pozdular…
— Ay allah, bu nə bəladır, bu nə zülmdür biz çəkirik… - Məsumə xanım telefonunun düyməsini basıb verilişi dayandırdı və məyus halda gözlərindən axan yaşı əlinin arxası ilə sildi.
Qonaq da təsirlənib. Arağın təsiri bir yandan, üst-üstə danışılan həyəcanlı söhbətlər o biri yandan adamı tanınmaz hala salıb. Əlini yuxarı qaldırıb çıxış edəcəkmiş kimi vəziyyət alır:
— Demişdim axı, bizim orada bir teatrımız da var. “Kabus” adlandırdığımız teatrda ən son oynadığımız əsər həmin o prokuror oğlu olan Nihatın yazmış olduğu “Dağılan tifaq” faciəsidir. Baş rolda Tiqranın, yəni sizin Tehranın oynadığı tamaşaya Rasiyanın, Kazakistanın, Özbəkistanın, hətta Çinin, elə lap bizim bu Azərbaycanın dörd bir yanından adamlar baxmağa gəlir. Özü də elə-belə adamlar deyil e, tanınmışlar, imkanlılar və… və… sənətkarlar… Düzdür, bizim Azərbaycanda son otuz-qırx ildə sənət qalmayıb, teatrı da, kinonu da, musiqini də, ədəbiyyatı da keçid dövrünün ayağına yazıb keçiddə qoymusunuz, nu az-maz da olsa, var adamlar… Nəydi o azman rejissorunuz, Vaqif İbrahimoğlu, bax, o gəlmişdi bizim “Kabus”a baxmağa…
Ostankinodan gəlmişdilər donuz damında hazırlanan spektakldan reportaj hazırlamağa… Hazırladılar da, nu Putin son anda xəbər tutub, qoymayıb verilişin efirə getməsini… Sizdə burada şiroko ekranlı televizor var? Mən buradan, bu cihazla bizim tamaşadan bir parçanı sizə göstərə bilərəm… Tiqranı da görəcəksiniz… baş roldadır, nu qrimləyiblər, amma səsi öz səsidir… teatralnıy qolos!
Məsumə xanım narahat halda hara isə boylanır. Əpiş bunu duyub, onun yanına gəlir. Pıçıldayır nəsə qulağına. Əpiş iri televizoru qucağına alıb eyvana gətirir, qabaq stolunun üstündə quraşdırır. Qonaq çantasından hansısa şunurlar çıxardır, televizora qoşur və düyməni basır…
— Bu ikinci pərdədir. Birinci pərdə o biri diskdə qalıb…
Ekran açılır. Ağ buludlar görünür. Diqqətlə baxanda bu buludların bulud deyil, nəyinsə yaratdığı toz-duman olduğu bilinir. Sonra bu toz-dumanın içərisindən böyük partlayış səsi eşidilir. Sonra toz-duman çəkilir. Böyük bir şəhər. Şəhərdə küçələrdə donuz sürüləri gəzişir. Sonra donuzlar köhnə taxta-tuxtadan quraşdırılmış dairəvi bir stolun ətrafına yığışır, donuz dilində nəsə danışırlar. Bir aza aralıda eyni bir stolun ətrafında bir sürü qoyun əyləşib. Onlar da mələşə-mələşə qoyun dilində nəzə qımıldanırlar. Az sonra bir sürü donuz çoşkası gəlib bu qoyunların əmcəklərini marçamarç əmməyə başlayırlar. Təxminən on metr aralıda başqa bir stolun başında iri bir mal süüsü toplaşıb. Böyürə-böyürə inək dilində hansısa vacib məsələni həll etməyə çalışırlar. Tam on addım o tərəfdə bir keçi sürüsü masa başındadır. Və bir at sürsü kişnəyə-kişnəyə öz masasını qurub. Sonra toyuq stolu, hind quşu stolu, ördək stolu, qaz stolu və sair… Düz on dörd masa var burada və lap yuxarı başda daha böyük bir masa var ki, orada nəhəng it sürüsü yallanır. Bir də gördün itlərin sözü çəpləşdi, bir-birinin qabına girdi, çıxış edəni tutub cır çəkdilər, özün də basıb yedilər… Bu vaxt itlərin başçısı it dilində qışqırdı:
— Ham-ham! Niyə bir-birinizlə boğuşursinuz?! Görmürsünüz illərdir Qaplan dədənizin, Toplan nənənizin sayəsində nə qədər yeməli masamız var?! Ham-ham! Hücum!
Və it sürüsü stullardan düşüb, donuzların, qoyun-keçinin, mal-qaranın, at-eşşəyin, toyuq-cücənin stullarına hücum etdi. Qapdığını qapdı, yediyini yedi, doyandan sonra çəkilib hərə öz stullarında əyləşdi. Elə donuzlar, qoyun-keçilər, at-eşşəklər də yaralarını yalaya-yalaya heç nə olmamış kimi stollarının başına yığışıb iclasa başladılar. Göy üzündə uçuşan toyuq-cücə də aranın sakitləşdiyini görüb qanadlarını gədrilər, aşağı endilər…
Səhnə dəyişir.
Bu vaxt gənc bir adam bu buludların üstündən sürüşürmüş kimi səhnəyə düşür.
— Dünya bir partlayışdan yaranmışdı, bir partlayışla da yox olacaq. Bütün bəşəriyyət o partlayışın həsrətində, həsbəndində, qorxusunda, ürküsündədir… Allah bizi o partlayışdan qorusun… bizi deyil, dünyamızı, bəşəriyyəti… Baxın, o qırmızı qüllələrlə əhatə olunmuş üçqatlı ağ binadan bir adam qaçıb… Əlində diplomat olan o adamı üç gündür bütün dünya axtarır… Siz bəlkə görmüş olarsınız?
(Səhnə dəyişir. Əlində diplomat olan orta yaşlı kişi belini əyə-əyə, ora-bura baxa-baxa səhnəyə çıxır. Xırda, çəkik gözləri, bəstə boyu, sarımtıl bənizi onu kiməsə oxşadır, amma o sir-sifətə uyuşmayan qara, sallaq bığları bu oxşatmaya imkan vermir, tamam ayrı bir adamı yada salır. Bir bədəndə iki can kimi düşünün. Qarşısından keçənlərə acıqlanır, diplomatı qaldırıb onlara qıcanır.)
— Eyyyy! Çəkilin yolumdan! Nə durmusunuz yolumun üstündə?! Bilmirsiniz burada nə varsa mənə məxsusudur?! Çəkilin deyirəm!
(Adamlar “uyyy” eləyib çəkilirlər. Bu vaxt gənc bir oğlan irəli çıxıb diplomatlı adamın qarşısında dayanır.)
— Nə var, qədeş?! Səsün xoşuva gəlir?!
— Sən də kimsən?! Miqrantsan?! Manqurt-miqrant! Qryaz Kafkaz! Mən sizi qovmuşdum axı ölkəmdən!
— Alə, mən bəkülüyəm, qədeşbalayam, sən öl! İstəyirsən sənə bir meyxanaynan cavab verim:
Diplomatın səksənnərün həngidür.
Səsün də ki, Nikolay ahəngidür,
Səməd Mənsur demiş dünya rəngidür,
Belə bığnan uzağı çurban olasan,
Köhnə diplomatıva qurban olasan.
— Çəkil, alə, sən öl bu saat partladaram səni də, özümü də, dünyanı da!
Bir qoca gəlib bakılı gənci kənara çəkir.
— Oğul, mını neçə gündü İnterpol axtarır, tapa bilmir. Hindi sən hirsləndirmə, başını qat, mən gedim milisyə çağırım…
— Bəs deyirdilər bura Moskvadır?! Bu da bakıldır ki?! – Gənc təəccüblə çiynini çəkir.
— Həri də, mən Şura vaxtınnan burdayam… Nataşalar buraxdı ki… Ğərənfil satmaya gəlmişdim, o qalan qalmışam burda… Burda hər şey öyrənmişəm… Sukalığacan… Gülsatandım, indi sukalığ eliyirəm… O Xoşqələmə də de ki, əl çəksün mənnən! Ayda iki kərəm zəng vurur ki, gəl çıx efirə, sənü axtarağ… Alə, mən itmişəm ki, mənü axtarasan?!. Nəysə, bərk dur, gəlirəm!
— Dayday, üz vurma, mən Sovetski şağıyam… Bizdə satqınlığ oğraşlığa taydur…! Get özüvə başqa adam tap.
(Bu vaxt bir yekə burun kişi onlara yaxınlaşır.)
— Ara, hayes, türkes? Bu diplomatlı kimdir?
— Ə Arşak sənsən?! Ay paddles, harda ölmüsən, itmisən, bunu gözünnən qoyma, milisyə çağırıram.
— Ara, bu oğraş axır vaxtlar bizi sizinkilərə satdı, get çağır, ali!
(Uzun saqqallı, qolunda qopuz bir qoca görünür.)
— Eheyyyy, qardaşlar! Dünyamız təhlükədədir! Deyilənə görə, əli diplomatlı bir adam qaçıb, o diplomatda bütün yer üzünü məhv edəcək qüvvə var! Ehtiyatlı olun!
(Gənc qocaya baxıb qımışır.)
— Bu kimdi ala? Burda hamısı bizimkilərdi ki?!
(Moskva milisi gəlir. Diplomatlı adamı görən kimi qaçır. Qaça-qaça qışqırır.)
— Bu adam təhlükəlidir. Dünən Duma ona impiçment elan edib, bu da diplomatı götürüb, aradan çıxıb. İndi bütün dünya onu axtarır. Mən getdim, məni görməmisiniz!..
Əli qopuzlu qoca diplomatlıya yaxınlaşır.
— Gəlimli, gedimli dünya, son ucu ölümlü dünya… Öləcəksən, sən də. Hamının yeri qara toprakdır. Bu dünyanı sən yaratmamısan ki, sən də dağıdasan… Dedirlər ki, dünyanı o qoltuğundakı ilə hədələyirsən. Unutma, dünya böyük, sən və sənin qoltuğundakı zərrəcikdir. Sən dünyanı partlada bilərsən, bəşəriyyəti məhv edə bilərsən, amma bil ki, tarix bunu unutmayacaq. Sən tarixdə lənətlənmiş biri kimi qalacaqsan…
— Mənim qoltuğumdakı dünyanı partladacaq, dünya da, onun tarixi də məhv olacaq. Bir sübut da qalmayacaq, bəs sənin qoltuğundakı nədir? O nəyə yarayır?
— Eeeee, adam, mənim qoltuğumdakının nəyə yaradığını bilsən, o qoltuğundakını aparıb təhvil verər, dünyanı təhdid etməzsən. Axı sənin də övladın, bəlkə nəvən də var… Milyonlarla körpə insanı bir kibrə, bir hiddətə qurban verərlərmi? İstəyirsən, bir az nəfəsini dər, mən qoltuğumdakının sirrinnən səni agah edim?
(Qoca saqqalına sığal çəkib, qopuzunu çiynindən endirdi, köklədi, çaldı, nə çaldı.)
— Dəli adam, dünya gözəl dünyadı,
Yaxasına güllər taxıb, saçlarına ilmə vurub,
Ölənilə ölməyən, dəlisiylə gülməyən,
Yarpaqları tökülən, dünya xəzəl dünyadı…
Dünya gözəl dünyadı, dünya gözəl dünyadı…
Əlindəki xatadır, şeytana uyma gəl,
Gözəlim dünyanın saçlarını yolma gəl,
Məhvərinnən əyilənin məhvərini əyməgil,
Yarpaqları tökülən dünya xəzəl dünyadı,
Dünya gözəl dünyadı, dünya gözəl dünyadı…
Qızın doğuş üstdədir, inqə səsin duyginən,
Nəvən ağır xəstədir, zibili yerə qoyginən,
Dünyanı hədələmə, öz başına döyginən,
Yarpaqları tökülən dünya xəzəl dünyadı,
Dünya gözəl dünyadı, dünya gözəl dünyadı…
(Adam qocanı itələyib üstündən keçib gedir. İnsanlar əlləri göydə onun ardınca baxırlar. Pərdənin əvvəlində buludların üstündən düşüb gələn adam görünür.)
— Biz o müdhiş günü görürük. Bir partlayışdan yaranan dünyanın bir partlayışla məhv olacağı barədə sözümüzü indidən deyirik. Ayılın, insanlar! Dünyamız ölümə hamilədir. Ölümlə olum arasında qalalı uzun zaman oldu. Olumlar ölümləri üstələdikcə dünyamız məhvə doğru gedir. O əli diplomatlı adam dünyamızın qara qutusudur. Şər gəzdirir bunlar. Xeyirin ağır basan tərəzisinin gözü nə vaxtdır göydədir. Göydəki göydən gileyli, yerdəki yerdən…
(Televizorun ekranında dızıltı səsləri eşidilir. Ekran qaralır.)
Hamının gözü televizorda olsa da, ondan səs çıxmır.
Baxırlar ki, qonaq stulda yatıb.
Sərin gülüşmə olur. Təkcə Məsumə xanım nə baş verdiyini anlamır. Əpiş ona yaxınlaşıb qulağına nəsə pıçıldayır. O da gülümsünür, amma acı-acı. Və narazı halda gumuldanır: ”Onsusz da görmürəm ki… Amma Tiqranımın səsini eşidirdim də gül kimi…”