Azad Qaradərəli - Xeyrat - Altıncı hissə

Azad Qaradərəli - Xeyrat - Altıncı hissə
8 iyul 2023
# 10:00

Kulis.az Azad Qaradərəlinin "Xeyrat" adlı uzun hekayəsinin növbəti hissəsini təqdim edir.

Əvvəlki hissə burada

Radio, televiziya bazara bənzəyir. Ölkənin bütün söz-söhbəti, kiminsə vurulması, kiminsə irəli çəkilməsi, kiminsə şərlənməsi, kiminsə mükafatlandırılması ilk dəfə burada müzakirə olunur. Kim kimi saxlayır, kim kiminlə gəzir, kim kimin qeyri-qanuni övladıdır… bunları da buranın çayxanasında eşitmək mümkündür.

Bir ay qabağın gözlənilən xəbəri burada boyat xəbər sayılır.

Ən birinci dəbi burada geyinirlər. İlk mahnı burada ifa olunur, ilk tamaşanın anonsu burada verilir, ilk filmin premyerasını burada müzakirə edirlər.

Yadınızdadır, mərhum Rövşən Cavadov məsələsi? Onların Səkkizinci kilometr qəsəbəsindəki qərargahında tərpəniş olanda Az.Tv-nin “Dəsgah” ləqəbli məşhur müxbiri ora gedib reportaj hazırlayıb çayxanada oranın fatihəsini vermişdi: “Bir-iki gün keçməz, Rövşəni də, dəstəsini də məhv eləyərlər. Başa salanı olsa, indidən təslim olar…”

Dediyi kimi də oldu.

Bununla işim yox.

Məsələ onda idi ki, o "Dəsgah" Məsumə xanıma gözü düşən, müsbət cavab almayanda onu şərləyən müxbir idi. Hətta uzundraz xalq yazıçısını da qədim qohumluq əlaqələrindən istifadə edərək özünə alət etmiş, yazdığı povestin altından imzasını qoymağa razı salmışdı.

Rəhmətlik Rövşən Cavadovgilin o qanlı-qadalı günlərində "Dəsgah"la lap təsadüfən bir maşında yol gedəsi olduq. Ordan-burdan danışandan sonra söz gəlib çıxdı Məsumə xanımın üstünə. Və mən çox ehtiyatla sual verdim:
Bilirsiniz də, mən nəsr yazıram. İki hekayələr kitabım da çıxıb… Sizin “Azərbaycn”da o Xalq yazıçısı ilə birgə yazdığınız povesti oxumuşdum… Təxminən, sənədli əsər idi, eləmi?
Hə, elədir…- Ehtiyatla üzümə baxdı. Sonra nə fikirləşdisə həvəslə danışmağa başladı.

Əslində, xalq yazıçısının o əsərdən heç xəbəri də yox idi… İş onda idi ki, Məsumə xanımın gələcək baldızı olacaq bir qadın Türkiyədə fırıldaqçılıqla məşğul imiş…
Yaxşı?! - Mən özümü heyrətlənən kimi göstərirəm.
Hə, sən öl!.. Oradakı fırıldaqçılığı bir yana, Bakıda da özünə həmfikirlər tapmağa çalışırmış. Xəlil Rza ilə, Abbas Zamanovla, Tofiq Bayramla və daha bir neçə belə məşhur sima ilə hansı yollarlasa əlaqələr qura bilib. Onlardan məlumat-zad alıbmı, almayıbmı, onu bilmirəm, bildiyim odur ki, əlaqə qurduğu adamlardan biri də o Xalq yazıçısının ədəbiyyatşünas oğlu imiş. Hətta iş o yerə çatıb ki, yazıçının oğlu İstanbulda olanda o xanımla görüşüb və dərhal nənəsi yanmış DTK yazıçını bundan xəbərdar edib. O da məni tapıb soruşdu ki, sənin o rayondan reportajlarına baxmışdım televizordan, orada məsələ indi nə yerdədir?

Mən də hır şeyi açıb ona danışmışdım. Axırda da yazdığım əsərin əlyazmasını ona vermişdim…

Qalanını da ki, bilirsiniz…

Televiziya qorxulu yerdir həm də. Kimin ki fatihəsini ekrandan verdilər, onu heç, naüzümbillah allah da xilas edə bilməz…

***

Demişdim axı, Məsumə xanım Xızıya köçəndən sonra Armudludakı ən yaxın qohum-qardaşını da özü ilə buraya gətirmiş, köhnə bağça binasında yerləşdirmişdi. Rəhmətlik əmisi Əkbərin oğulları da Xızıda məskunlaşmış, kəndlərinin qaçqın məktəbini, ərazi nümayəndəliyini də burada açmışdılar. Burada yaradılan yeni Armudlu da Məsumənin ağlını çaşdırır, onun hərdən elə öz kəndlərində olduqlarını qəsd etməsinə səbəb olurdu…
Gəlir! Gəlir!
Ə, kim gəlir?
Dıqran gəlir! Dıqran gəlir!
Adı Musa olsa da, burada uşaqdan-böyüyə hamının "Mısı" dediyi 8-9 yaşlarında ağıldan qıvraq oğlan küçənin ortasıyla qaça-qaça qışqırırdı. Uşağın qoca nənəsi əl atıb onun yaxasından tutdu, silkələyə-silkələyə dedi:
A nənən yansın, qara bağrın ağzınnan gəldi ki! Get, Məsumə xanımı muştuluqla, muştuluq al... Burada niyə bağırırsan?

Uşaq bir an duruxdu, hara gedəcəyini dəqiqləşdirəndən sonra Xızının yuxarı başına, Məsumə xanımın mülkü olan məhəlləyə üz tutdu. Və bir az sonra Məsumə xanımın evinin qabağında dayanaraq eyni templə qışqırmağa başladı:
Gəlir! Gəlir!
***

Geniş həyətdə uzun, taxta stollar quraşdırılmışdı. Həmin taxta stolların yanlarında bir az alçaqdan eyni uzunluqda oturmaq üçün uzununa stullar qoyulmuşdu. Stulların üstünə palazdan, cecimdən dördqat büküb sərmişdilər. Stolların üstünə isə süfrələr salınmışdı.

Həyətin sağ küncündə Əpişin kəsdiyi quzunu iki cavan oğlan ət kötüyü üstə kabablıq doğrayırdı. Yanlarında manqal yanırdı. Bir az aralıda isə iki qadın aş süzürdü.

Eyvanın yuxarı başında qoyulmuş köhnə divanda əyləşən Məsumə xanım qulağını şəkləyərək söhbətləri dinləyir, hərdən də Əpişə nəsə deyirdi. Bu vaxt Əpiş bığlarını tumarlaya-tumarlaya gülüb dedi:
Masuma xanım da muştuluğu Mısıya verməkdən, Pısıya verib...Hahaha...

Məsumə xanım oturduğu yerdə qurcuxdu:
Ay Əpiş, səni allah, bir uşax göndər, Mısı gəlsin, onun da nəmərini verim... Mən nə bilirəm Mısı hansıdı, Pısı hansıdı?

Elə söhbətin üstündən bir şey keçməmişdi ki, dəmir darvaza açıldı, bayaqkı oğlandan heç fərqlənməyən bir uşaq içəri girdi. Gəlib Məsumə xanımın qabağında dayanıb dedi:
Məsumə xanım... ıııııııı... mən... mən... zadam… Mısss… Mıssss…ıya... m…

Əpiş manqala kömür ata-ata gülüb dedi:
A Masuma xanım, Mısıdı e, gəlib, qabağında durer, onu yola sal...

Qadın sevinəntəhər oldu. Əlini uzadıb uşağın başını tumarlamaq istədi, əli boşa getdi. Uşaq arvadın əlinin boşa getdiyini görüb, özü başını onun əlinin qabağına verdi. Uşağın başın bir əli ilə sığallaya-sığallaya o biri əlini aparıb qoltuğunda xeyli gəzdirəndən sonra bir beşlik çıxardıb əli ilə üstünə sürtdü, əmin olandan sonra uşağın ovcuna basdı. Oğlan buna bəndmiş kimi qaçıb həyətdən çıxdı. Əpiş manqala kömür ata-ata hırıldadı:
Maa gülmüyün… Ama bu da dəəsən, Pısıydı?

Ət doğrayan oğlanlarla Məsumə xanım eyni anda dilləndilər:
Nədən bildin?
Başını Masuma xanımın əlinin altına uzatmağınnan... Bu bijdiyi eləs-eləsə Pısı eliyər... Mısının ağlı nəəzir? Ha-ha-ha...

Hamı eyni anda gülüşsə də, Məsumə xanım pis oldu:
Eeeee... ay Əpiş! Mənim ürəyim xarab oldu axı... o uşağı tapın, gətirin bura! Yazıq elə qışqırırdı, dil qəfəsə qoymurdu...

(Mısıynan Pısı – adları Musa və Paşa əkiz qardaş idilər. Biri ağıllı və zirək, o biri bir qədər səy və astagəl idi. Analarından başq heç kim onları fərqləndirə bilmirdi – illah da Pısı özünü Mısı kimi səyliyə vuranda.)
Heş nayrahat olma, həyanda olsa, özü gəlip çıxajax... Iıahhhhaaa... – Əpiş qart kəl kimi böyürtüyə oxşar səs çıxardıb güldü. Ət doğrayan cavanlar, düyü süzən gəlinlər də gülüşdülər.

Pandemiya xəbəri yayılsa da, hələlik belə geniş məclislər qurulurdu. Hər gün koronavirusun sərhədləri aşdığını televizordan eşidən qohumlar bu gün Məsumə xanımın başına yığışmaqdan sanki həzz alırdılar. Üstəlik də, qohumları vəzifədə olmuş əliaçıq adamdı. Onları qonaqlıqda yaxşıca yedizdirib-içizdirdiyi kimi, gedəndə cibxərcliyi verirdi hamısına.

Bu vaxt qəribə bir maşın siqnalı eşidildi – elə bil maşın siqnalı deyildi, “gəlirəm, gəlirəm” deyib qışqıran adam səsi idi. Hamı səsini içinə çəkib maşın siqnalını dinlədi. Məsumə xanım yerində qurcuxdu. Əlini hansısa boşluğa uzatdı:
A Əpiş... Bu siqnal nə siqnalıdı?!. Ətim ünnəşdi... Bir qapıya çıxın, görün, bəlkə Tiqrandır?

Əpiş belindən aşağı surçmuş şalvarını dartıb qarnının üstünə çıxartdı, manqalı qarışdırıb dilləndi:
İndi çıxajam... Ama çıxsam nolasıdı ki? Mən Dıqranmı tanerəm?
Sən çıx, o özü gəlib bizi tapacaq.

Düyü arıtlayan qadının biri iki barmağı ilə götürdüyü çəltik sılıfını yerə töküləni dənləyən boynuyoluq beçənin qabağına atıb o biri qadına yanpörtü dedi:
Az, heç bu özü də tanımır ki, Dıqranı... maa deyirdi ki, ömür billah görmüyüp...

O biri qadın ağzını dolayı tutub pıçıldadı:
-— İndi görər...
Zırt görər...- Çəltiyi düyüdən ayıran qadın bir az aralıda Əpişin kəsib üst-üstə qoyduğu toyuqları qaynar suda pöştələyib yolan qızına gözünü ağartdı:
Az, Nazı, get əvə, əynini dəyiş, gəl.

Qız bir az duruxdu. Qadının astadan dediyini alan Məsumə xanım da dilləndi:
Nazilə, xalan qurban, anan düz deyir, get, geyin, bəzən, düzən, gəl... Qonax-qara olacaq... Özü də sən işləmə, anangil nə lazımdı, edəcəklər.
(Bu Nazilə otuz altı yaşlarında bir qızdır. Məsumə xanımın köməyi ilə Bakıdakı tibb bacısı kursunu bitirib, Xızıda Armudlunun qaçqın tibb məntəqəsində çalışır. Düyü arıtlayan Qaratelin – Məsumə xanımın xalası nəvəsinin – qızıdır. Məsumə xanımın həftədə bir dəfə qaşın, üzün alır, dırnaqlarına boya çəkir. Ciletlə ayaqlarının tükünü qırxır. Təzyiqini ölçür, dərmanını verir, sonra da nəmərini alıb gedir. Hər dəfə də gedəndə Məsumə deyir ki, Tiqrana yazmışam, gəlsin, səni alacam ona.)

Qız bir az gərildi, özünü naza qoyan kimi elədi – guya ki, getmirəm fason bir şey. Sonra yolduğu toyuğu qarşısındakı qazana qoyub həyətdən çıxdı.

Əpiş dəmir darvazanın bir tayını gen açdı, az aralıda dayanmış xarici maşından düşən qonağa baxıb astadan dedi:
Dəəsən, bı gələn Dıqrandı... Ode ha, Opeldən düşer...

Məsumə xanım yerindən qalxıb ora-bura boylanırmış kimi vəziyyət aldı.

Düyü artlayan qadınlar gözlərini qapıya dikdilər. Əpiş gödək pencək, dar balaqlı şalvar, güllü köynək geymiş, teli gözünün üstünə tökülən, hündür boylu, 45 yaşlarında arıq-caydaq birini süpürləyib qucaqladı, üz-gözündən öpüb, kəl kimi böyürürcəsinə səs çıxardaraq dedi:
— Ə, ə, ay Dıqran, sən xoş gəlipsən!..
Gələn bu pəzəvəngin qüvvətli əllərindən xilas olmağa cəhd etsə də, buna nail ola bilmədi. Əlacsız gülümsündü:
Siz, yəqin ki, Əpiş dayısınız?
Ə, bə nədi?! – Sonra darvazadan başını çıxardıb içəriyə sələndi.
Məsumə xanım, tanıdı, məni tanıdı! Sən düz deyermişsən... tanıdı!..

Adam əlindəki kiçik çamadanını yerə qoymağa güclə macal tapıb qışqırdı:
Bəs Məsumə xala hanı?! Taksini yola salmaq lazımdır... Məndə rus puludur…
Ət doğrayan oğlanlardan biri Məsumə xanımın yanına yüyürdü. Qadın əlini qoltuğuna apardı, bir qom pul çıxardıb oğlana göstərdi. O da bir onluq seçib qalanını qadına qaytardı və bayıra çıxdı...
Qonaq, nəhayət ki, darvazadan içəri girdi. Elə ilk həmlədə divanda əyləşib səs gələn tərəfə baxan qadının üstünə yeridi və qışqırdı:
Məsumə xala! Sizi xoş gördük! Dıqran dey...
Qadın qollarını açıb adamı qucaqladı. Sonra əlini aparıb onun ağzını tapdı, əlini ağzına qapayıb, danışmağa qoymadı. Üz-gözündən öpə-öpə dedi:
Sən xoş gəldin, mənim balam! Çox xoş gəldin...
Sonra ağladı. Qadınlar ağlayan Məsumə xanımı sakitləşdirdilər, su verdilər.
Sonra dağdan-bağdan nəsə danışdılar.
Sonra stol açdılar. Burdakı Armutlunun qaçqın məktəbinin direktoru, icra nümayəndəsi, kitabxana müdiri tost dedilər, Əpişin rayon mərkəzindən bu gün alıb gətirdiyi içkilərdən nuş elədilər. Məsumə xanım ayağa qalxdı. Əli ilə axtarıb yanında əyləşən Dıqranı tapdı, özünə çəki-düzən verib lap o vaxtlardakı kimi gur bir sələ dedi:
Yoldaşlar!.. – Sonra nə fikirləşdisə, bir an duruxub gülümsündü və davam etdi. – Xanımlar və cənablar... Bu gün mənim bacım oğlu...
Qəhərləndi. Özünü basdı, ağlamadı. O biri əlini qaldırıb solunda oturtduğu Naziləni tapdı davam etdi. – Bu qız mənim işığımdır. Mülkümün yaraşığıdır. Tiqranla...
Qonaq, nəhayət dartınıb Məsumə xanımın əlindən çıxdı və üsyan edirmişcəsinə dedi:
Ay xala! Bir dayanın! Mən Tiqran deyiləm! Mən Tiqranın dostuyam!..
Arvadın əli qonaqdan üzüldü, havada qeyri-müəyyən qovs cızıb aşağı düşdü. Əpiş şişləri masaya çəkirdi və Məsumə xanımın indicə yıxılacağından ehtiyat edib, əlindəki şişlərlə ona sarı atıldı:
Masuma xanım! – qulun kimi cihnə verərək qadını tək əllə qucaqladı. Qonaq içkidən pörtmüş sifətinin tərini silib günahkarcasına dedi:
Mən danışmaq istəyirəm, qoymursunuz... Mən Tiqranın dostuyam... Ələsgərəm... Bəziləri Alik deyir, bəziləri Lorik… Yəni Lorka…
Sonra o, ağıllı görkəm aldı, elə bil ki, Lorka olduğu yadına düşdü.
“Taedium vitae” adlı bir deyim var. Mənası latınca “həyatdan bezmək”, “həyatın dözülməzliyi”, “həyatın amansızlığı” anlamına gəlir, bu deyim bizim boyumuza biçilib, - ala-seyrək saçını sığallayıb davam edir. – Biz, yəni “həyatın amansızlığı” anlayışına qarşı birləşən bir qrup Sovet gənci dağılmaqda olan, lakin o prosesi də ağrılı və sancılı şəkildə keçirdən imperiyaya qarşı birləşərək “fərdin azadlığını cəmiyyətin azadlığına çevirmək” şüarı ilə ekzistensial dəyərlər əsasında bir icma qurduq. Ölkənin müxtəlif guşlərində filialları olan “Taedium vitae”nin mərkəzi Karakandadadır. İndi icmanın düşünən beyni Tehran, yaxud sizin dediyiniz kimi Tiqrandır. Biz orada, Karaqandada bir kənddə donuz, mal saxlayır, hər həftənin bazar günləri isə sərbəst mühazirələr keçirdirik. Keçmiş SSRİ-nin hər tərəfindən, indi isə hətta dünyanın müxtəlif yerlərindən o mühazirələri dinləməyə gələnlər var. Bəziləri sadəcə dinləyici olur, bizim həyat və məişətimizi öyrənib geri qayıdaraq məqalə yazır və ya reportajlar verirlər. Bəziləri isə həmişəlik bizim yanımızda qalır, icmaya qoşulurlar. Ona görə də sayımız requlyar olaraq dəyşir. Hal-hazırda təxminən üç yüz əlliyə yaxın adamıq. (Əlbəttə, ölənləri də saysaq, bəlkə, min üç yüz əlli olardıq… Amma ölənləri kim sayır ki? Öldü, getdi… Torpaq artırmaqçün material oldu… Maddə kütləsinin itməməsi qanunu… ) Çoxumuz Azərbaycandan getmişik. Birimiz bir rayonun katibinin, birimiz bir nazirin, birimiz bir polis rəisinin, birimiz bir prokurorun oğluyuq. Hamımız ora atalarımızdan qaçıb getmişik. Birini ilk sevgisinə qovuşmağa qoymayıblar, birini atasının əməllərini tənqid etdiyinə görə didərgin salıblar, birini…

Məsumə xanım əlini üzünə aparır və bircə anda üzü göyərir, sallanan sifəti əsməyə başlayır.
Mən, mən… Mən Tiqranıma…
Əpiş araq dolu stəkanı başına çəkib çəmkirir (Hiss olunur ki, keflənib):
A Masuma xanım, sənin rəhmətlik əmin Əhbər kişi o yazığı Azarbaycannan didərgin salmadımı? Nə var, nə var, qumar oynuyurdu… Hə! Azərbaycanda bir mənnən başqa hamı qumar oynuyur, onsuz da… Mən də o DAMAnı KAROLunan qarışdırerem həmməşə, yoxsa… Ha-ha-ha… Odu e, o zad vardı e ministir Bülbülov, and içirdilər ki, üş gün, üç gejə qumar stolunnan qalxmıyıp, axırı uduzmağa bir şeyi olmuyup, bığını uduzup… Ha-ha-ha…

Əpişin sözlərindən hirslənən icra nümayəndəsi, hansı ki, Əkbər kişinin kiçik oğludur, etiraz əlaməti olaraq stuldan qalxıb məclisi tərk edir.

Lorka araqla dolu stəkanı içib puff eləyir və hiss olunur ki, o da keflənib. Başını sağa-sola əyib, nəsə düşünür və dili dolaşa-dolaşa deyir:
Bax, klyanus, mən qumar oynamamışam… Lorka qumar oynamaz. Mən Lorkanı sevmişəm, ona pərəstiş eləmişəm…
Amarat çay gəmisi
uçub getdi yelkənsiz.
Arzuların dənizdə
dəfn olundu kəfənsiz…

Federiko Qarsiya Lorkanın serenadasıdır bu… Lorkanı oxuyan qumar oynamaz! Amma anaşa çəkmişəm… Sonra keçdim bahalılara… Ximkatlara… Paraşoka… Heroin-filan… İndi hərdən patı da çəkirəm… Pah! Kef var e onlarda! Papa biləndə ki… kstati, mən sizin qonşu rayonun naçalnik milisiyasının oğluyam… Qaşqın rayonun qaşqın naçalnik milisiyəsi … Ha-ha-ha…hə biləndə ki, mən anaşa çəkirəm, demişdi, ona deyin, məni biyabır eləməsin, nu, çəkirsə, o bahalılardan çəksin… Ayıbdır, marixuana, həşiş nədi?! Heç olmasa, heroindən-zaddan çəksin… Danışırdılar ki, bizim dostlardan birinin papası oğlunun bu zəhrimarda nə gördüyünü öyrənmək üçün bircə dəfə həşiş çəkib, sonra olub narkoman… Klyanus mame, deyirdilər ki, kişi yalnız gecələr, saat 12-dən sonra çəkib yatırmış… Bir dəfə də bilməyib, dozasın artıq eləyib, ayılmayıb… O kişi bizə yaxşı əl tuturdu… Aya azı on min göndərirdi… O ölənnən sonra belimiz qırıldı… İndi pul tapa bilməyəndə Kazakıstan çöllərində yetişən otdan çəkirik… Aytmatovun romanında var e… Adı nəydi o romanın?.. Niyə mənə elə baxırsınız? Biz orada dana-donuz otarsaq da, hamımız VUZ bitirmiş adamlarıq e… Özü də nazir, katib, prokuror uşaxları… Mən bir zamanlar Bakıda Oktyabrski rayonun katibi olmuş adamın oğluyam e! Sonra ordan naçalnik militsiya göndərdilər… nu ponijeniya oldu, amma buna da şükür… Sonra da kabinetində özünü güllələdi… Ya bəlkə güllələdilər?! Papa qəbri!.. Nədən danışırdım? Hə kitablar… Bizim orada kitabxanamız da var… İntahası pulumuz qurtaranda bəzən o kitabları bukinistə verib, qəpik-quruş alırıx… Bizim yanımızda qızlar da var… Yoooox, Azbcan qızları yox, eyib döyül, nəyimiz də olmasa, arımız-namusumuz var axı… Hə, rus qızları… Kazaçkalar da var… Biri vardı, deyilənə görə, Nursultanın gənc xanım adaxlısınnan olan qız imiş… Tapşırıb ki, verin detdoma, no adaxlısı verməyib, özüm saxlayacam deyib… Nursultan da hirslənib, adaxlısını həbs etdirib, usagı bir aula göndərib, oradakı bir ailəyə yaxşı da pul verib ki, qıza baxsınlar… Nu, qız qaçıb e oradan! Bir başa bizim icmaya… Yaxşı pulnan gəlmişdi. Bir veşmeşok dollar! Papa qəbri… Bax, o qız, adı da Sultannurdur, üç ildir Tiqranla bir yerdədir… Oradakıların hamısı papalarınnan qaçıb bizə qoşulan varlı balalarıdır… Biri vardı, yalan-doğru, deyirdi Suslovun nəvəsiyəm… Mən, üzr istəyirəm, ona vurulmuşdum… Kstati, bir uşağımız da olmuşdu… Liliya onu əmizdirə bilmədi… Uşaq acınnan öldü…… Üüüüü-ühüüüüü… (Ağlayır. Əpiş də ona qoşulub ağlayır. Sonra Məsumə xanımın da gözündən yaş axıb sinəsinə tökülür.)… Da, da, yadıma düşdü: “Plaxa”! Sizin dildə, oy izveniti, bizim dildə onun tərcüməsi necəydi?

Məktəb direktoru gərnəşir, deyəsən, kürəyi qaşınır, sürtməyə yer axtarır. Kitabxana müdiri də narahatdır, deyəsən söhbət ona darıxdırıcı gəlir – ora-bura boylanır.

Məsumə xanım barmağını qaldırır, azca fikirləşib, deyir:
Pomoyemu, “Edam kötüyü” olmalıdır!.. Mən də oxumuşdum o romanı… Əpiş, Əpiş, sən canın, zalda ikinci rəfdə üçüncü polkada Aytmatovun kitabları olan cərgəyə bax, orada o roman həm rusca, həm bizim dildə olmalıdır… İkisini də götür, gətir bura, zəhmət olmasa…
Vot…- qonaq yenə özünə araq süzür, heç kimlə toqquşdurmadan içir və öz-özüylə danışırmış kimi söylənir.

Bizim orada bir geroyumuz vardı, buranın baş prokurorunun oğlu idi, adam yazıçı idi, çesni slov… Qələmi vardı, papa canı, Aytmatov kimi! Anar-manar onun yanında… dizdən aşağı olardı… “Litqazetada” məqalələri-zadı çıxmışdı… Düzdü, narkotikə görə, litinstitutdan qovulmuşdu, nu adam kəllə idi… Pol Osterfason yazılar yazardı… “Dağılan tifaq” adlı postmodern romanı bizdə samizdat şəklində yayımlanmışdı. Əsər SSRİ-nin çöküşünü qabaqcadan xəbər verirdi. Təsəvvür edirsiniz, SSRİ-nin Azərbaycandakı baş prokurorunun oğlu o qansız imperiyanın dağılacağını əks etdirən roman yazmışdı… Yazığı papası gecəynən adam göndərib oğurlatdırdı yanımızdan, gətirdi Azərbaycana… Üüüüüü-ühüüüü… (Ağlayır) … Eşitmişik ki, bağlarında zəncirə vurublar… Niyə? Zaçem? Axı onun kimə ziyanı dəyirdi? Axır vaxtlar heç yazmırdı da… Papası bizə heç pul da göndərmirdi… Əvvəl papası öldü, sonra da özü zəncirdə ölüb… Üüüü-ühüüü… Eto nenovist… İti zəncirləyərlər, sluşi!.. Bizi ən çox yandıran o idi ki, onun bütün əlyazmalarını, “Dağıla tifaq” da daxil, atası yandırtmışdı… Amma “Dağılan tifaq”ın bir əlyazması bizdə, orada hələ də qalmaqdadır… Tiqran göstəriş vermişdi ki, onun yayılmasına başlasınlar… Bilmirəm, edə biləcəklərmi?..

Qonaq əyləşir, telefonunu çıxarıb nə isə axtarır.

Məsumə xanım oturduğu yerdə fikrə gedib. Hiss olunur ki, qeyri-müəyyən vəziyyətdədir. Qonağın nagahan gəlişi, əvvəl onların gələni Tiqran bilməkləri, sonra onun başqa adam çıxması və bu qəribə adamın qəribə söhbətləri… Hələ narkomanlar barədə danışığı… Belə çıxır ki, Tiqran da çəkir… Yəni, onların qurduğu icmanın üzvləri əvvəl Sovet rejiminə, indi isə Putin diktaturasına qarşı etirazlarını bu cür ifadə edirlər. Amerikada vaxtilə hippilər yox idi, təxminən o cür. Onlar da varlı uşaqları, hamısı oxumuş cavanlar, istedadlı musiqiçilər, şairlər, hətta alimlər idilər…

Lap elə Sovet vaxtının Vısotskisi! Onun dəhşətli filmləri, bağıra-bağıra gitara ilə oxuduğu etiraz nəğmələri:

Salondan çıxarırlar
yenə yazıq milləti –
Bunların əməlindən
çətin ki, baş açasan.
Bir dəli şeytan deyir,
dəyişdirib bileti
Bu dəqiqə, bu saat
hara gəldi uçasan...

Və Vısotskinin müəmmalı ölümü. Deyilənə görə, o da çəkirdi. Narkotik o zaman sanki bütün dərdlərin dərmanı idi. Partiyanın, dövlətin yarıtmaz siyasətinə narkotikə qurşanmaqla etiraz edirdilər. Özü də adi adamlar deyil, cəmiyyətin qaymaqları, elitarlar. Ən gülməlisi isə Vısotskinin əcnəbi xanımla – fransız kino ulduz Marina Vladi ilə evlənməsinə etiraz edən atasının DTK-ya şikayət etməsi idi…

Atalar-oğullar problem bütün zamanlarda qabarıq şəkildə özünü göstərib…

Elə oğlunu zəncirləyən atanın halı kimi…

(Yeri gəlmişkən, mən birinci katib olanda o baş prokuror idi. Rayonda bir hadisə olmuşdu. Şərab zavodundakı maxinasiyanın üstünü örtmək üçün – Rəvan adlı oğlan zavod direktorunun göstərişi ilə hər axşam qurnanı açar, suyu şərab çənlərinin üstünə qoyardı ki, oğurlayıb satdıqları şərabın yerini su ilə doldursunlar – buranın işçilərindən birini güdaza verməyi qərara alırlar. Həmin su şlanqını çənlərin üstünə qoyan Rəvanı zavodun laborantı gənc Süsəni zorlayıb, meyidinin üstünə spirt tökərək yandırmaqda təqsirləndirib həbs etmişdilər. Guya bu cütlük həm də zavoddan külli miqdarda şərab çıxararaq satmışdılar. Söhbət böyük pullardan gedirdi. Rayonun adının belə qara işlərdə hallanmasına mane olmaq üçün mən o baş prokurorun qəbuluna getdim. Bir zonanın adamı kimi xeyli dərdləşdik. Çox fikirli və qəmgin görünürdü. Öz-özümə fikirləşdim ki, ilahi, ölkənin dördüncü, beşinci adamı olasan, əlinin üstündə əl olmaya, özün də belə qəmgin olasan… Nə biləsən ki, yazıq nə dərd çəkirmiş?!.

Nə isə, mənimlə söhbətdən sonra bir dəstə savadlı istintaqçı gəldi rayona. Bir həftənin içərisində cinayət işinin üstü açıldı. Rəvan hər şeyi açıb danışmış, qızı onun deyil, zavod direktorunun özünün zorladığını, sonra bir axşam qızı içirdib üstünə spirt tökərək yandırdıqlarını, sonra da onu həbs etdirdiklərini bildirib. Onu hədələmiş, qorxutmuş və hər şeyi boynuna almağa məcbur etmişdilər. Zavod direktoru ikinci katiblə (o rayonda iqtisadi sahəyə və kənd təsərrüfatına baxırdı) əlbir olaraq zavoddan külli miqdarda şərab çıxararaq Qafan şəhərində satdırmış, pulunu mənimsəmişdilər.

Beləcə, həmin kədərli baş prokurorun səyi nəticəsində cinayət işi açıldı, zavod direktoru və ətrafı həbs edildi, ikinci katib vəzifəsini itirdi, Rəvan isə iki il məcburi əməklə canını qurtardı. İndi bu qonağın danışığından anlayıram ki, yazıq prokuror niyə o cür kədərli imiş…)

Belə çıxır ki, Tiqrangil elit təbəqənin uşaqları ilə birlikdə çürümüş cəmiyyətə etiraz əlaməti olaraq bir birlik, icma şəklində birləşmişlər…

Məsumə xanım fujerindəki likörün son qurtumlarını udub dərindən nəfəs alır.

# 1750 dəfə oxunub

Oxşar xəbərlər

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

21:00 10 dekabr 2024
# # #