Anamın əri - Anar Şamilin hekayəsi

Anamın əri - Anar Şamilin hekayəsi
14 mart 2024
# 12:00

Kulis.az Anar Şamilin "Anamın əri" hekayəsini təqdim edir.

Zalın tavanından asılan işıqlar, dairəvi şəkildə yerləşən oturacaqlar və qırmızı pərdə arxasında gizlədilmiş səhnə məkanda gözəl bir abu-hava yaradırdı. Bütün oturacaqların dolu olmasına rəğmən zalda səssizlik idi. Tərtibatda qırmızı rəngin üstünlük təşkil etməsi gecənin, sevginin və savaşın qarışıq təsirini bağışlayırdı. İnsanlar diqqətlə səhnədən asılmış qırmızı pərdələrə baxaraq sanki gözləntidən belə zövq alırdılar. Pərdələrin arxasından zalda olanları izləyən gənc üçün həyatının ən vacib günü idi. Arzuladığı fərqli və daha gözəl həyat üçün ilk addımlarını atacaqdı. Bu səhnəyə qədər onun keçdiyi cəmiyyət, ənənə, valideynlər kimi manelərdən ibarət uzun bir yolu var idi. Sanki böyük bir quyunun içindən itirdiklərini və yaşadıqlarını ayağının altına yığaraq gün üzünə çıxacaqdı. Ön sırada əyləşən insanlara baxdı. Tən ortadakı üç insan onun həyat hekayəsinin mərkəzində dayanırdı. Onlara baxaraq ilk dəfə xalası oğlu Şahinlə bu teatra gəldiyini xatırladı. Hər şey 3-cü cərgədə, ən soldakı oturacaqdan başlamışdı. Həmin vaxtlar arzusu üçün yaxınlarını təhlükəyə atacağını, böyük əziyyətlər çəkəcəyini bilmirdi. Qırmızı pərdənin açılması ilə onun yeni hekayəsi başlayacaqdı.

Pərdədən uzaqlaşaraq səhnədəki güzgünün qarşısına gəldi. Özünə baxdı və güldü...” Don Kixot... bu cəmiyyətdə mənim kimi geyinən insanları, bəlkə də, belə adlandırırlar. Görünür, ilk böyük səhnəmdə öz həyatımı oynayıb, atım və qılıncım ilə insan həyatını çeynəyib heçə döndərən cəmiyyətə qarşı mübarizə aparacağam”. Güzgünün arxasındakı divarda bu sahənin ustadı sayılan şəxsin şəkli asılmışdı. Elvin diqqətlə şəklə baxdı. “Mən səndən fərqli olaraq dünya səhnələrini zəbt edəcəyəm”. Sonra isə həmkarlarının yanına qayıtdı.

Pəncərənin önündə dayanaraq bir ildən çoxdur ki, öz varlığı ilə bütün xəyallarını üzərinə çəkən sevgilisini izləyirdi. İzləmək ona zövq verirdi, lakin cəsarəti çatsaydı, yaxınlaşıb sevgisini etiraf edərdi. Əyinlərində idman geyimi, bellərində çanta ilə iki nəfər uzaqda dayanmışdı. Elvin kimi geyinən yaşıdları ona baxıb gülürdülər. Uzun və arıq olan Elvindən fərqli olaraq, daha cüssəli və boydan qısa idi. Qulaqlarının qırıq olması güləşlə məşğul olduqlarını bəlli edirdi. Onlardan biri Elvinə səslənərək:

- Gəlmirsənsə, biz gedirik.

Elvinin cavabını gözləmədən uzaqlaşdılar.

Elvin öz dünyası ilə ətrafını qapatmışdı. Onların varlığı elə yoxluqları kimi heç bir əhəmiyyət kəsb etmirdi. Acgözlüklə musiqi alətləri mağazasındakı səhnəni izləyirdi. Atası qızı ilə birlikdə skripka seçirdi. Qız skripkanı çiyninə sıxıb rahatlığına, atası isə köklənməsinə baxırdı. Qızın gözündəki sevinci görən Elvin özünü xatırladı. Anası ona atasından xəbərsiz aldığı geyimi verərkən o da eyni sevinci, eyni hissləri yaşamışdı. Elvin köksünü ötürərək telefonunu cibindən çıxartdı. Qulaqcığı qulaqlarına sıxdıqdan sonra musiqi siyahısında Vanessa Maeni oxutdurub cibinə qoydu. Öz dünyasını da götürərək “Sahil” metrosunun girişinə doğru hərəkət etdi. Metro ilə iki dayanacaq getdikdən sonra evə çatacaqdı. Zamanın azlığının hiss edən Elvin, gözəl əllərin toxunuşu ilə simlərin rəqsinə, özü üçün qurduğu rəngli, səsli və əyləncəli dünyasına tamamilə tabe oldu. Ətrafındakı insanlar, maşınlar, içindəki əsəbi sürücülərin işə saldıqları siqnallar, onun hərəkətini dayandırmağa çalışan qırmızı işıq- heçnə vecinə deyildi. Lakin bir anlıq hər şey dayandı və özünü yolun ortasında gördü. Yaşıl işıq maşınları tələsdirir, onlar isə siqnalları ilə Elvinə yoldan çəkilməli olduğunu xatırladırdılar. Qulaqcıqda musiqi dayanmışdı. Cibindəki telefon titrəyərək zəngin daxil olduğunu xəbər verirdi. Yolu keçdikdən sonra telefona baxdı. Rafiq yazılmışdı. Ekranda yaşamağa məhkum olduğu dünyasını kabusa çevirən birinin adı var idi. Nifrətlə baxır, lakin cavabsız qoymağa qorxurdu.
- Hə, ata.
- Hardasan? Niyə telefonu gec götürürsən?
- Yolu keçən kimi cavabalandırdım.
- Tez keçmək lazım idi, küçük, ananın telefonunu niyə götürmürsən? Tez ananı yığ!
- Telefon səssizdə olub, görməmişəm. Danışığı bitirdikdən sonra təxminini yoxlamaq üçün zənglər jurnalına baxdı. Anasından zəng gəlməmişdi. Bu hal artıq neçənci dəfə təkrar olunurdu. Hadisənin mahiyyətini anlamağa başlamışdı. Lakin anasını günahlandıra bilməzdi. Bütün vasitələrlə özünü və uşaqlarını ərinin hərəkətlərindən qorumağa çalışırdı. Telefon kitabçasına “anam” yazdı.
- Atan yığmışdı səni, Elvin?
- Hə, ana. Yenə həmişəki kimi eyni yalanı dedim. Günahı telefonun səssizliyinə atdım.
- Bəlkə də, səni bu məsələyə qatmalı deyiləm, amma o bu vaxtlarda evə gəlmirsə, deməli, dostları ilə içki məclisindədir. O, içki içəndən sonra evə gələndə nələr baş verdiyini sən yaxşı bilirsən. Biz bu hadisələri birlikdə yaşayırıq. Düşünürəm, bəlkə, bir bəhanə ilə zəng etmiş olsam, ona bizi xatırlatmış olaram, nəsə dəyişər o, masanın arxasından içmədən qalxar.

Sonra isə səssizlik oldu. Elvin səssizliyin nə olduğunu anlayırdı. Atası evə içkili gəlib dava salandan sonra yatarkən anasının bu səssizliyini çox dinləmişdi. Bu səssizlik və atasından aldığı zərbələr təkcə onun bədənini yox, ruhunu da ağrıdırdı. Telefonu əli ilə bərk sıxdı. Əzələləri gərilmiş, gözləri sarı işığın yanıb sönməsinə zillənmişdi. Özlüyündə bir qərara gəldi. Həmişə yaşadıqlarını bu gün yaşamaq istəmirdi. Telefondan yenidən anasının səsi gəldi:
- Tez gəl evə, tort bişirmişəm, atan gələnə qədər ikimiz dadına baxaq. Sən hardasa....
Telefonu söndürüb cibinə qoydu.

Kafenin qarşısında dayandı. Yoldakı qərarlı mövqeyində indi qərarsızlıq var idi. Qorxurdu. İçəri girsə, hansı münasibətlə, daha doğrusu, nə qədər pis münasibətlə qarşılaşacağını bilmirdi. Addım atmasa, keçən həftə baş verənlər təkrarlanacaqdı. Anası gözünün qarşısına gəldi. Əllərini bel çantasının bağlarına sıxaraq içəri daxil oldu.
- Bu səninki deyil? Elvin, gəl bura, biz də elə sizlərdən danışırdıq. Necə də arıqsan, atan səni idmana qoymayıb hələ?

Üzünü Rafiqə tutaraq:
- Sənə neçə dəfə bu barədə demişəm axı. Mənim oğlum bundan 2 yaş kiçikdir. Əsl kişidir, boksa gedir. Bir zərbələri var, gəl görəsən.

Əli mənim əlim boydadır.

Yumruğunu Elvinə göstərərkən stolun üzərindəki balaca stakanı əli ilə vurub aşırdı. Stol arxasında oturan digər adam ona gülərək:
- Ə, sən iki rumka ilə özünü itirmisən ki?
- Niyə gəlmisən?

Rafiq masa arxasında oturanlara fikir vermədən:
- Səni anan axtarmırdı?

Elvin bura qədər ancaq cəsarət toplaya bilmişdi. Bundan sonra nə deyəcəyini, hansı səbəb gətirəcəyini düşünməmişdi.
- Yazıq uşaq əməlli-başlı qorxur səndən, əlləri əsir. Rafiq, uşaqdan əl çək, gəl içək, elə uşağın sağlığına.
- Eşitmirsən, niyə gəlmisən?
- Evə getməliyik.

Dodaqlarından qaçaraq çıxan iki sözdən Elvinin özünün sanki xəbəri yox idi sanki. Dediyi sözlərin fərqinə varmamışdı. Sözlərlə bərabər səs tonu da sərt olmuşdu.
- Anlamadım, küçük... sən kiminlə bu tonda danışırsan? Anan ...

Nəsə deyəcəkdi, lakin ətrafına baxaraq sözünü geri götürdü.
- Anan deyib məni evə çağır? Cəhənnəm ol, get evə. Axşam səninlə də, ananla da söhbət edəcəyəm.

Üzünü masada oturanlara çevirərək:
- Süzdünüzmü mənə də?

Birnəfəsə içərək xiyar turşusunu əvvəl burnuna çəkdi, sonra ağzına qoyaraq yenə geri çevrildi:
- Sən hələ burdasan? İstəyirsən səni elə burda çırpım? Bunların yanında sən özünə tay kimisə görürsən gəlmisən bura?
- Anam dedi, evə gəlsin.

Üzünə dəyən zərbədən yerə yıxıldı, burnu qanamışdı. Amma nədənsə qorxmurdu. Atasının belə zərbələrinə öyrəşmişdi. Tez ayağa qalxdı. İlk dəfə idi, zərbədən sonra atasından uzaqlaşmaq, ondan gizlənmək əvəzinə, qarşısında dik dayandı. Rafiq də bu halı gözləmirdi. Diksindi, boyuna çatmaqda olan oğlunun onu vura biləcəyini düşündü və sezdirmədən arxaya çəkildi. Əli ilə qapını göstərərək:
- Rədd ol, get. Anan qan...

Elvinin qışqırığından Rafiq sözlərini yarımçıq qoydu.
- Məryəm xəstələnib, onu həkimə aparmaq lazımdır, sənin arvadın məni sənin yanına ona görə göndərib.

Bu yalanı niyə söylədiyinin, beyninin hansı hissəsi ilə düşündüyünün fərqinə varmadı. Amma psixoloji olaraq gözəl üsul tapdığını düşündü. İçində gülümsədi. Lakin sifətindəki hiddət, nifrət və cəsarət “Oskar”a layiq oyun göstərirdi. Rafiq isə nədənsə, bu oyuna baxıb qorxurdu. Üç aktyorun ifasındakı səhnədən gözünü çəkərək yerə baxdı. Utancaq uşaqlara bənzəyirdi. Elvin ətrafına, masada oturanların istehzalı gülüşlərinə baxdı. Atası ilə onlara bu səhnəni yaşatdığına görə utandı.
- Tez ol, taksi çağır!

Əlini cibinə salaraq masanın üzərinə 13 manat pul qoydu.
- Nə oldu? Demirəm tələs? Evə çatmaq lazımdır.

Elvin qısa zamanda toparlandı. Atasının Məryəmi çox sevdiyini çoxdan bilirdi. Lakin bu bilgini ilk dəfə idi ki, atasına qarşı istifadə edirdi.

Onlar artıq taksidə əyləşərək evə doğru gedirdilər. Elvin atası ilə birlikdə arxa oturacaqda əyləşmişdi. Koftasını əli ilə burnuna sıxan oğluna cib dəsmalını uzatdı.
- Məşqlərin necə keçib bu gün? Müəlliminlə danışdım. Həvəssiz göründüyünü, dərsləri buraxdığını deyir.
- Yaxşı keçib məşqim.
- Mən istəyirəm ki, sən güclü bir insan kimi yetişəsən. Hər bir ata oğlunu qalib görmək, kişilərə xas peşəyə yiyələnməsini istəyir.

Mən səni məşqdən əlavə repititor yanına qoyacağam. Hər cür şərait yaratmağa çalışıram. Səndən istədiyim tək şey, mənim sözlərimi dinləmək və əzmkar olmaqdır.
- Mənə onların heç biri lazım deyil.
- Nə pox lazımdır bəs sənə?

Sürücüyə baxıb səs tonunu aşağı saldı
- Mən uşaqlıqdan sənə demişəm ki, sağ olduğum müddətdə o qadın paltarını əyninə geyinməyəcəksən. İstəmirəm, nəslimizə yaraşmayan peşənin sahibi olasan. İstəyirəm, mənim oğlum nəslin üz qarası yox, fəxri olsun. Ətrafımdakıların hamısının oğlu boksdan, güləşdən gəlir. Universitetə hazırlaşanları hüquqşünas olmaq istəyir. Bəziləri artıq pullarını qazanmağın yollarını tapıb. Mənimki isə qadın paltarı geyinib, rəqs etməyi fikirləşir. Başa düş, biz “tərəkəmə”yə öyrəşən millətik. Bunu indidən qəbul etməsən, sonralar çətin olacaq sənin üçün.

Atası taksinin ödənişini etdikdən sonra binanın girşinə yaxınlaşdılar. Rafiq tələsirdi. Lakin lifti gözləyərkən çevrilib bir anlıq Elvinə baxdı:
- Evə çataq, mən sənə oyun oynamağın nə olduğunu başa salacağam.

Lift qalxdıqca bədənində olan gərginlik artmağa başlamışdı. “Axı necə oldu ki, oğlum məni aldada bilmişdi. Deməli, içki məni uşağın əlində alətə çevirdi”. Rafiq dünən qızı Məryəmi nənəsigilə apardığını xatırlamışdı.

Məryəm Elvindən xeyli sonra dünyaya gəlmişdi. 5 yaşı var idi. Rafiq onu çox sevirdi. Ərafında olan hər kəsdən çox Məryəmi sevməsinin səbəbi var idi. Qızına bacısının adını qoymuşdu. Səssizcə bacısını xatırladı. Əsəbinin üzərinə bir kədər çökdü.
- Məryəm!,- deyərək qışqırdı. Məryəm... Niye etdin?.. sən şərəfsiz niyəəəə?!

Üç yaş fərqi ilə dünyaya gəlmişdilər. Eyni oyuncaq üstündə dalaşıb, eyni oyuncaqla oynayıb xoş anlarını keçirmişdilər. Məktəbdə həmişə onu qoruyurdu. O isə Rafiqin məktəbdə gizli saxlamaq isətdiklərini valideynlərinə deməzdi. İşıq süzülən son dəlik torpaqla örtüləndə onun 9 yaşı var idi.
- Məryəm...

Anası Məryəmin üzərinə atılıb onu atasından qormuğa çalışdı. Atasının vurduğu şillədən yerə yıxılan Məryəmin başı jurnal masasına dəymişdi. Atası Məryəmin hərəkətsiz uzanan bədənini gördükdə sakitləşdi. Nə edəcəyini bilmədiyindən tələsik qarşı otağa keçdi. Anası Məryəmə nəfəs verir, nəsə etməyə çalışırdı. Gah Məryəm çağırır, gah Rafiq. Acizliyindən utanan Rafiq çarəsizliyindən küncə qısılaraq ağlayırdı. Məryəm balaca bədəni ilə anasını müdafiə etmək üçün atasının qarşısına keçəndə o, qorxusundan küncə sıxılmışdı. Cəsarəti yox idi. Həmin hadisədən sonra həyatında hər şey dəyişmişdi. Evləri artıq əvvəlkitək küylü və əyləncəli deyildi. Kədərli siması ilə mətbəxdə işləyən anası və susqun gəzən atası vardı. Məryəmin vəfatından 7 gün sonra Rafiq atasını da itirdi . Qızına etdiyi haqsızlığa görə vicdan atasını ipdən sallamışdı. Rafiq nifrətinin havadan asılı qaldığının şahidi oldu. Həmin an nə kədərlənə, nə də sevinə bildi. Sonralar Rafiq idman akademiyasına qəbul oldu. Bir ara, güləşlə məşğul olub, şəhər çempionatına qədər irəliləmişdi. Lakin sonralar müəllimlik peşəsi nin ardınca getdi. İndi də evlərindən xeyli uzaqda olan şəhər məktəblərindən birində müəllim işləyirdi. Rafiq ailəsində ən çox Məryəmi sevirdi. Qızı onun üçün müqəddəs bir varlıq idi.

Elvin düşüncələr içində liftin qapısının arasından sızan işığı izləməyə çalışan atasına baxırdı. “İçkili olmayanda yaxşı insandı. Miqdarını aşmayanda, hətta zarafatcıl və əyləncəli biri olurdu. Qayğıma qaldığını və anamı çox sevdiyini bilirəm.” Elvin bilirdi ki, atası nə qədər içirsə içsin, Məryəm evdə olanda nə ona, nə də anasına əl vurmazdı. Lakin atası Məryəmin nənəsigildə olduğunu xatırlamışdı. Elvin bundan sonra nə edəcəyini düşünməmişdi. İlk məqsədi Məryəmi bəhanə gətirib atasını içki masasından uzaqlaşdırmaq idi. Evə gəldiklərində isə atasının ənənəsini pozmamasına ümid edirdi. Atası ayıq olarkən heç vaxt evdə dava salmamışdı.

Mənzilin qapısına çatdıqda Rafiq dayandı. Elvinə nifrətlə baxaraq geriyə-liftə doğru getdi.
- Sən keç evə, mən gələcəyəm.

Elvin atasının niyə belə etdiyini anlamadı. Səssizcə deyilənlərə riayət etdi.

Dükandan aldığı 5 şüşədən səbətdə ikisi qalmışdı. Daha birini zibil qabına ataraq məhəllədəki oturacaqlardan birində əyşlədi. Səbətdəki şüşəyə baxdı. Bir anlıq niyə belə etdiyini düşündü. “Ailənin başçısı mənəm, əziyyət çəkib onları lazım olan hər şeylə təmin edirəm. Digər kişilər kimi arvadımı işləməyə göndərməmişəm. Bütün yükü öz üzərimə götürmüşəm. Oğlumun güclü biri olmağını, gələcəkdə pul qazandıran, hörmətli peşəyə yiyələnməsini istəyirəm. Onlar isə birləşib məni aldatmağa çalışırlar. Hələ dostlarımın yanında nankorun mənə əmr etməyinə bax. Bu hərəkətin cəzasını çəkməlidirlər”.

Zeynəb tortdan kəsdiyi dilimlərdən birini oğlunun qarşısına qoydu. Elvinin danışdıqlarını düşünür və hər şeyə görə özünü günahkar hesab edirdi. “Mən Elvinə atası barədə deməsəydim, o bu hərəkəti etməzdi.” Bir müddət sonra nələrin baş verəcəyini, Rafiqin qapıdan niyə geri qayıtdığını öz təcrübəsindən bilirdi. Beynində vəziyyətdən necə çıxacağını fikirləşirdi. Elvini Məryəmi evə gətirmək üçün qayınanasıgilə göndərə bilərdi, lakin çoxt vaxt tələb olunurdu. Zaman qısaldıqca həyacandan əlləri titrəyirdi. Əlində tutduğu fincanın içindəki çayın üstü dalğalanır, balaca ailədə baş verəcək böyük fəlakətdən xəbər verirdi. Fincan əlindən düşəndə Zeynəb özünə gəldi. Sanki bu ana qədər qorxu ilə əhatə edilən başqa bir dünyanın içində idi. Elvin isə anasının həyacanını izləyir, lakin niyə belə olduğunu anlamırdı.
- Sənə demişdim, atanın yanına get? Atan bu qapıdan girəndən sonra nə baş verəcəyini bilirsən.

Qapının zəngi çalındı. Səs dayanmaq bilmirdi.
- Gəldi, nə desə, səssiz dayan. De ki, səhv etmişəm. Üzr istə, çalış, o səni vurmasın.
Elvin ayağa qalxaraq öz otağına getdi.
- Nətərsən, planın baş tutmadı? Oğlunu üstümə göndərmişdin? Nəyin qisasını alırsan məndən? Yəni deyirsən, sən yaşlanan kimi biz oğlumuzla birləşib səndən qisas alasıyıq? Sənə də, oğluna da bu gün qisasın nə olduğunu göstərəcəyəm. Hardadır o şərəfsiz?

Zeynəbin beli divara çırpıldı. Onunla bərabər sonuncu şüşədə divara dəydi.
- Rafiq, uşağın günahı yoxdur. Məryəmin xəstələnməsini, sənin yanına getməsini mən demişəm. İstədim ki, evə tez gələsən. Bu gün mənim ad günümdür. Yəqin Unutmusan, gəl əyləşək, tort bişirmişəm.

Rafiq dayandı. Qısa müddətlik yaddaşını araşdırdı və bu günkü tarixi tapdı, amma bu heç nəyi dəyişmədi. Elvini mətbəxdə görməyincə onun otağına getdi.
- Nankor övlad, çıx otaqdan!

Elvin dik dayanmışdı. Əllərini qıcayaraq ayaqlarını döşəməyə bərk sıxmışdı. Gözlərində yaş donub qalmışdı. Anasının ad gününü xatırlamamasının peşmançılığı, atasına qarşı hiss etdiyi qorxu, ona qarşı nifrətdən doğan cəsarət ruhunu susuzluqdan əziyyət çəkən torpağın səthinə bənzətmişdi. Əynindəki ağ balet rəqqası geyimini bu gün başlayan etirazının, mübarizəsinin bayrağına çevirmişdi. “Gəl, həm mənim cəzamı ver, həm öz cəzanı al”. Mətbəxdəki masanın üzərindən götürdüyü bıçağı görünməsin deyə, sağ əlinin arxasına çevirərək bərk sıxdı.

Qapının ağzında ayaq üstə zorla dayanan Rafiq həyatının əsl xəyanətini yaşayırdı. Oğlu balet rəqqası paltarında qarşısında dayanmışdı. Paltarın nə vaxt alınmasından onun xəbəri yox idi. Ailə içində özünü tamamilə alçalmış hiss etdi. Otağa addım ataraq oğlunun üzərinə şığıdı, lakin ani olaraq yerə yıxlıdı. Ürəyini tutaraq uzandı.

Kitab rəfinin qarşısındakı küncdə belini divara söykəyərək əyləşmişdi. İnsan qorxduğunda ən etibarlı yer iki divarın kəsişməsi olur. Elvin bunu təcürbəsindən keçirmişdi. Ən yaxını olan atasına güvənə bilməyən biri üçün bu adi hal olmalıdır. Bir müddət əvvəl yaşananları unutmaq, beynini məşğul etmək üçün gözlərini kitablara dikdi. Bir-bir adlarına baxıb oxumadığı kitabları tapmağa çalışırdı. Rəfin üst hissəsindəki kitablardan birinin arasında əlfəcinin olduğunu gördü. Hələ balet rəqslərinə başlamazdan əvvəl, son dəfə onu oxuduğunu xatırladı. Həmin vaxtlar təkcə məktəbə və güləş məşqlərinə gedirdi. Lakin anasının dəstəyi ilə atdığı addımdan sonra kitab oxumağa vaxt tapa bilmirdi. Hərdən güləş məşqini buraxdıqda və atası evdə olmayan vaxtlarda xareoqrafiya məktəbinə rəqsə gedirdi. Opera və balet teatrının solistlərindən biri ona dərs keçirdi. Küncdən qalxaraq rəfə yaxınlaşdı. “Saturnun kölgəsi altında” kitabını əlinə alaraq sakitcə yenidən öz küncünə çəkildi. Rəfdə olan bütün kitabları ona xalası oğlu hədiyyə etmişdi. Şahin BDU-nun psixologiya kafedrasının müəllimi idi. O, xaricdə magistr təhsili almış və sosial psixologiya sahəsində doktorluq müdafiəsi ərəfəsində idi. O, Elvinin yeganə dostu idi. Rafiq ona nifrət etdiyi qədər Elvin onu sevirdi. Elvinin içindəki qığılcımı körükləyən nadir insanlardan biri idi. Belə insanlar isə onun ərtafında çox az idi. Onlardan ikisi onunla daim ünsiyyətdə idilər. lakin Mutlunun Elvindən xəbəri yox idi. Mutlu ailəsi ilə birgə Azərbaycana Türkiyədən gəlmişdi. Atası türk şirkətlərindən birində işləyirdi. Elvin Mutlu ilə eyni məktəbdə oxuyurdu. Skripkada ifa etmək və kitab oxumaq həvəskarı olan bu qız, Elvinə enerji verməyindən xəbərsiz idi.
Kitabı oxuduqca beynində yeni ideyalar canlanırdı. Oxuduğu bütün kitablardan əldə etdikləri bilikləri toplayıb, dünən düşdüyü vəziyyətdən çıxış yolunu axtarmağa çalışırdı. Atası ilə xəstəxanaya təkcə anası getmişdi. Kitab oxuyarkən özünə söz verdi ki, sabah atasını görməyə gedəcək.

Səhər pəncərədən düşən günəş bütün gücü ilə otaqdakı qaranlığı yox etməyə çalışırdı. Tezliklə işıq bütün otağı əhatə etdi. Qaranlıq künclərə qısılmışdı. Elvin gözlərini açarkən kitab əlindən yerə düşdü. Dünənki fikirləri sanki canlı şəkildə gözlərinin qarşısına gəldi. Kitabı götürərək evdən çıxdı. “A” korpusu, 3-cü mərtəbə, 37-ci otaq . Beynində sözləri əzbərləyərək xəstəxananın həyətini gözdən keçirir, “A” korpusunu axtarırdı. Özünü sehrli nağıllardakı Məlikməmmədə bənzətdi. Mühafizəçinin sualını cavablandırdığına görə Atasının yanına keçmək şansı qazanmışdı. 37-ci otağın qarşısında sürətini azaltdı, dərindən nəfəs aldı. Nə deyəcəyini bilmirdi. Nəticədə bu gün baş verənlərdə onun da günahı var idi. Onun eqoistliyinə görə atası ölə bilərdi. “Mən atamın oğlu haqqında arzularının olmasını qəbul etməmişəm. Əlimdəki bıçaqla onun arzularının qarşısını almaq istəmişəm. Məncə, hər kəsin arzu etməyə haqqı var”. Otağa daxil oldu.

- Elvin...
Qışqıraraq Məryəm onun yanına qaçdı.
- Sən burada nə edirsən?
- Atam məni görmək istəyib.

Elvin Məryəmi qucaqlayıb otağa baxdı. Atası sanki işıqdan küsmüş halda gözlərinin önünü bağlayaraq yuxuya getmişdi. Üstündəki ədyal yuxarı qalxıb enməsəydi, Elvin özünün ən böyük düşməni kimi yaşamaq məcburiyyətində qalacaqdı. Dərindən nəfəs alaraq otağa göz gəzdirdi. Anası atasının yanında əyləşmişdi. Gözlərindən bu gecə yatmadığı bəlli idi. Yanında dayısı dayanmışdı. Pəncərədən otağa düşən payız günəşi axşamdan hələ çəkilməyən jaluzlərin arasından gizlicə otağa sızır, sanki otaqdakı səssizliyi dinləmək istəyirdi. Günəş şüalarını tapdalayaraq Elvin atasının yanına getdi. Dayısına başı ilə salam verib anasının qarşısında, çarpayıdan sol tərəfdə əyləşdi. Atasının əlini bərk sıxıb öpdü. Ürəyində tıxanıb qalan, nifərt doğuran uşaqlıq xatirələri odun üzərinə düşən buz kimi yox olmağa başladı. Ruhuna bir sakitlik çökdü: “Bu gündən hər şey yaxşı olacaq. Biz birlikdə ailənin arzusunu quracağıq”.

Fikirlədiyi bütün planları atasının üzünə baxaraq öz beynindən ürəyinə danışdı. Bu vaxt anası oyandı. Elvini görüb sevindi, lakin qısa müddətə əhvalı dəyişdi.
- Axşam necə yatmısan, üstünü örtmüşdün?
- Hə, divanda...

Nifrəti analıq hissinə qalib gəldikdə Elvinin sözünü dinləmədən:
- Sevindin dünən etdiklərinə, hə? Hər şeyi başa düşdüm, əlində gizlətdiyin bıçağı başa düşə bilmədim. İnan bütün səhvlər bağışlanıla bilər. Atan kobud olub, bəzən haqlı, bəzən haqsız bizim xətrimizə dəymişdi. Ancaq ailəyə xəyanət etməmişdi. Sən dünənki hərəkətinlə xəyanət etmiş sayılırsan. Niyə etdin bunu? Yəni məqsədin nə idi? Atanı öldürmək istəyirdin, hə? Sən elə bilirsən, ərimi öldürsən, səni bağışlayardım? Atan, görünür, düz deyibmiş, sənin məşğul olduğun kişi peşəsi deyil . Özünü kişi adlandıran dünən sənin kimi davranmazdı. Atalar övladları üçün ölərlər, övladları üçün yaşayarlar. Sən yaxşı mühitdə yetişəsən, səni hər şeylə təmin edə bilsin deyə, sənin dünən yaşadıqlarının qat-qat artığını yaşayıb. Dözülməz olan daha böyük hadislərlə üzləşib, amma dözüb. Özünü məqsədi üçün idarə etməyi bacarıb.

Elvin təəccüblə anasının gözlərinə baxırdı. Həm sözləri dinləyir, həm də hər sözün arxasında dayanan həqiqəti qaçırmamaq üçün gözünü çəkmirdi. Anasının onu danlayacağını bilirdi, amma belə sərt reaksiya verəcəyini gözləmirdi. “Hə Elvin, axşam ağıllı planlar qururdun, indi nə deyəcəksən?”
- Ana, sən mənim ayaq üstə gəzməyim üçün əlimi tuta biləcəyim yeganə adamsan. Oğlanların qəhramanı atası olur, amma mənim qəhramanım sən olmusan. Atamın etdiklərinə rəğmən sən qorxmadan mənim arzumu dəstəkləmisən. Fikirləş, mənim belimə ip bağlayaraq hündür qayadan aşağı atırlar. İpin ucunu sən tutmusan deyə, mən atılmağa razılıq verirəm. Havada ikən mənim ümid yerim sənsən. Sən ipi buraxsan, sürətlə düşərək yerdəki qayalıqlara çırpılacağam. Amma mən ölməyəcəyəm, qayaya çırpılıb oradan daha sağlam, daha möhkəm şəkildə ayağa qalxacağam. Sonra ailə quracağam, sonra sənin nəvələrin olacaq. Sonra nə olacaq bilirsən? Sən cadügar deyilsən, ana, necə biləcəksən? Sonra sənin hər axşam gəlinin yanına gəlib onu döydüyümə görə şikayət edəcək. Sənə kəsdiyim saçını, yandırdığım əllərini göstərəcək. Sən hərdən bizə gələndə bizi ayırmaq məcburiyyətində qalacaqsan. Qışqırıb deyəcəksən ki, mən atama oxşamışam, ondan ibrət götürməyib daha pis olmuşam. Hə, sən bizə gələndə dedim, çünki hər evimdə dava düşəndə səbəbinin sən olduğunu düşündüyümə görə sənin bizimlə eyni evdə qalmağını istəməyəcəyəm. Sonralar baxacaqsan ki, nəvələrinin bədənlərində zərbə izləri var. Ana, məni bu uçurumun üzərinə buraxma...
- Məryəm, Məryəm.

Rafiqin sözləri yenidən otaqda səssizlik yaratdı. Bayaqdan təəccüblə Elvini dinləyən, amma heç nə anlamayan Məryəm anasının qucağına atıldı. Rafiq gözlərini açaraq Məryəmi görüb gülümsədi, Zeynəbə baxdıqda gülüşü geri çəkildi.
- Mənə su ver.
Sol tərəfə çevrildikdə Elvinə baxıb üzünü yenidən sağa çevirdi.

Zeynəb su gətirmək üçün ayağa qalxdı.
- Zöhrab, görürsən də bunlar məni nə günə saldılar? Gərək mən Zeynəbi vaxtında geri qaytarardım. Gülümsəyərək:
- İndi heç su verənim də olmazdı.

Bu sözlər Zeynəbin xoşuna gəldi. Səhərdən gülməyən qadın sərin suya öz gülüşü ilə təravət qatdı. Suyu Rafiqə uzatdı.

Zöhrab gülərək cavab verdi:
- Səni məhəllədən neçə dəfə qovduğum yadından çıxıb, deyəsən.

Hər ikisi güldü. Sonra səssizlik çökdü. Rafiq xatirələrə daldı. Xatirələr xoş və kədərli idi. Gözünün önündə tələbəlik illəri canlandı. Həmin gün universitetə getməli olduğu halda, vaqondan üç dayanacaq sonra düşmüşdü. Əlində tutduğu “Pedaqogikanın əsasları” kimi solğun kitabı işıqlandıran bir xanımın arxasınca addım-addım irəliləyirdi. Uzun saçları, incə burnu, qara gözləri vardı. Sönmüş kömürə bənzəyən baxışlarda doğma bir istilik vardı. Rafiqin çox bəyəndiyi xırda dodaqları və çənəsinin ortasındakı “tanrı kəsiyi” idi. Metronun çıxışında sevigisinin ilk cümləsini etiraf etdi. Rafiqin xəyalında universiteti tez bitirdilər. Evləndilər. Bir müddət hər şey ilk görüşdəki kimi davam etdi. Lakin Zeynəb “mənim diplomum var, Rafiq, icazə ver, sənədlərimi müəllim kimi işləmək üçün təqdim edim” cümləsindən sonra bu möhtəşəm sevgi ilk şilləsini aldı. Zeynəb ailənin təkcə sevgi üzərindən qurulmadığını, ailə hər iki fərdin ağıllı şəkildə qarşılıqlı razılıqla qura bildikləri bir ittifaq olduğunu anlamşdı. Rafiq isə sevginin narkotik olduğunu ilk əvvəl həzz sonra isə əzab verdiyini anlamış olmuşdu.

Rafiq heç kimin görmədiyini fikirləşərək sol əlini gözünə aparıb yaşını sildi. Neçə il sonra o şilləyə görə peşman olmuşdu. Bu gün xəstə yatağında uzanaraq əməliyyat vaxtını gözlərkən onun yanında yuxusuz qalan həmin qadın idi. Evə gələrkən radioda eşitdiyi bir şeiri xatırladı . Gözünün önünə əməliyyatın uğursuzluğu və aylar sonra qəbir üzərində ağlayan qara donlu qadın gəldi. Bu günədək yoldaşına və uşaqlarına yaşatdıqlarına görə bilmirdi ki, arağı, keçmişini, yoxsa özünü günahkar etsin. Keçmişindəki uşaqlığını, atasını, indiki özü və oğlu ilə müqayisə etdi. Evin küncünə qısılaraq nifrətlə izlədiyi birinə çevrildiyini anladı.

İçəri orta yaşlarda, çənəsində eyni kəsiyi olan tibb bacısı daxil oldu. Rafiqin gözündə yenidən gülüş yarandı.
- Rafiq bəy, necəsiniz?

Qamətini düzəldərək,- yaxşıyam,- dedi.
- Nə gözəl, mən sizin qolunuzdakı sistemi dəyişəcəyəm.

Rafiq gözlərini tavandan çəkərək xanıma yönəltmişdi. Bunu Elvin hiss etmişdi və gülümsəyərək yaranan ideyasına sevindi. Zeynəb də sevinirdi. Səbəb nə olursa, olsun. Rafiqdə bir canlanma hiss etmişdi.
- Sizin toxunduğunuz şüşədən axan damcılar, mənim bir başa ürəyimə gedir?.

Tibb bacısı gülümsəyərək:
- Ehtiyatlı olun, siz ürəyinizə görə bura gəldiyinizi xatırlayırsınız, yəqin?
Zeynəb müdaxilə etdi:
- Həkim nə vaxt gələcək? Bizə bir söz demədilər.
- Bir azdan gələcək. Səhər iclas oldu, mən başa düşdüyüm qədər sizin yoldaşınız bir müddət də xəstəxanada qalacaq. Ürəyindən əməliyyat edilməlidir. Daha təfərrüatı ilə həkim danışacaq. Rafiqə bir daha gülümsəyərək:
- Özünüzə yaxşı baxın, nəsə lazım olsa, çağırın.

Əlbəttə ,tez-tez çağıracağam demək istədi, lakin Zeynəbin burada olduğunu xatırlayıb sakit durdu.

Tibb bacısı çıxdıqdan sonra Elvin arxasınca getdi.

“ Ona hər şeyi danışacağam. Arzularımı, atamla münasibətləri düzəltmək istədiyimi və yardıma ehtiyacım olduğunu. Gətirdiyim kitabı anam versə, atam oxuyan deyil, lakin tibb bacısı kitabı vermiş olsa, kişilik instinkti hər şeyə qalib gələcək. Tibb bacısından bu kitabı atama verərək onu oxumağa həvəsləndirməsini xahiş edəcəyəm. Atamın da, deyəsən, ondan xoşu gəlir ”

Atası ilə maşına əyləşərkən birdən dayandı və atasına nəsə dedi. Atası sürücüyə əli ilə getməyini işarə etdi. Onlar yan-yana piyada evə qədər hərəkət etdilər. Mutlu skripka çantasını belində daşıyırdı. Elvin onların arxasınca gedirdi. Onların xoş gəzintisini və aralarındakı mehribançılığı izləyərək paxıllıq etdi. Yataqda yatan atasını xatırladı. Lakin könlündə bir rahatlıq vardı. Onun qurduğu plan işə yarayacaqdı. Evlərinə çatmamış yolüstü parkda əyləşdilər. Qarşı oturacaqda isə Elvin əyləşdi. Parkda uşaqlar ora-bura qaçışırdılar. Vaildeynlər gözləri ilə uşaqlara nəzarət edirdilər. Beyinləri və ruhları ilə başqa bir yerdə idilər. Biri telefona gələn mesaja baxıb gülür, digəri gözünü uşağına zilləyərək nələri isə dərindən düşünürdü. Mutlu uşaqları atasına göstərir, birlikdə gülürdülər. Birdən atası Elvini başı ilə göstərib Mutludan nəsə soruşdu. Elvin baxışlarını başqa səmtə çevirdi. Bir müddət sonra onlar uzaqlaşdılar. Parkın sonunda atası Mutlunu öpüb yola saldı. Özü isə əks-istiqamətdə maşın yoluna doğru getdi. Elvin arxada dayanaraq onları izləyir, gedəcəyi yolu qətiləşdirirdi. Qısa müddət sonra Mutlunun atasının qarşısında bayaqkı maşın dayındı. O, qapını açaraq mindiyi anda:
- Salam, adım Elvindir. Əgər icazə versəniz, sizinlə söhbət etmək istərdim.
- Yaxşı, buyurun, amma qısa danışaq, mən tələsirəm. Nədən danışacaqsınız?
- Mənə kömək edin.

Akif Elvinin geyimini diqqətlə süzdükdən sonra gözlərinə baxdı. “Bu sadəcə pul istəyən avara uşaqlardan deyildi. Gözlərindən yardıma ehtiyacı olduğu hiss olunurdu”.
- Yaxşı, əyləş maşına, amma geri özün qayıtmalı olacaqsan. İş yerinə qədər söhbətləşək. Səni kim isə narahat edir?
- Atam xəstədir. Əməliyyat olunacaq.

Elvinin sözünü kəsərək:
- Pul yardımına ehtiyacın var sənin?

Elvin biraz sərt şəkildə:
- Yox, ehtiyac yoxdur.

Akif dediyi cümlədən utanmış halda:

- Hə, buyur.
- Sizin qızınız bizim məşq zalının yanında olan musiqi məktəbində skripka ifaçılığını öyrənir. Qızınızı necə dəstəklədiyinizi görürəm. Parkda onunla olan münasibətinizi izlədim. Onu necə sevdiyiniz, dəyərləndirdiyiniz kənardan hiss olunur. Mənim atam da əslində pis adam deyil. Ailəsini sevən, övladının yaxşılığını istəyən ailə başçısıdır. Təkidi ilə məni güləş məşqinə yazdırıb. İndi də hüquqşünas olmaq üçün mənim universitetə hazırlaşmağımı istəyir. Mən isə gizlincə anamın dəstəyi ilə balet rəqslərinə gedirəm. Dünyaca məşhur balet rəqqası olmaq mənim ən böyük arzumdur. Böyük zallarda insanların qarşısında çıxış etmək, hisslərimi rəqsimlə ifadə etmək istəyirəm. Atam isə buna qarşıdır. Son günlər onunla bu mövzuda mübahisə etdik. Ürəyi dözmədi, xəstəxanaya yerləşdirdik. İndi isə əməliyyat olunacaq. Mən ona haqq qazandırıram, amma arzumdan da əl çəkmək istəmirəm.

Türkiyədə kənddə böyüyən biri olaraq öz uşaqlığını xatırladı və belə səhnələrlə dəfələrlə qarşılaşmışdı, amma kimdənsə yardım istəmək nə ağlına gəlmişdi, nə də cəsarəti çatmışdı.
- Sən hər dövrdə uşaqlarla atalar arasında yaşanan problemlərdən danışırsan. Keçmişlə indinin savaşı kimi. Sən ilk növbədə atana hörmət etdiyini göstərməlisən. Onu atalıq qürurundan və böyüklük hissindən məhrum etməli deyilsən. Elə bir şərait yaratmalısan ki, hökm və böyüklük dostluqla əvəz edilsin. Sadəcə mən sənə nə cür kömək edə bilərəm, onu anlamadım?

- Oxuduğum kitabların birində belə yazılmışdı: “İnsanın xarakteri onu əhatə edənlərdən formalaşır”. Atamın ətrafı ən yaxşı anlarını kabab və içki məcislərində keçirən insanlardan ibarətdir. Onların uşaqları ya güləş, ya da boksa gedirlər. Təkcə kobudluğu və fiziki gücü kişiliyin əlaməti hesab edirlər. Nə özlərinin, nə də uşaqlarının kitabla, incəsənətlə əlaqələri yoxdur. Atam başqa cür olmaq istəsə belə, ətrafı təsir göstərib onu utandırmağa çalışacaq. Mən istərdim ki, siz atamla dostluq edəsiniz. Öz dostlarınızı onunla tanış edin, beləcə sizin kimi insanlardan ibarət onun yeni ətrafı formalaşsın. Bəlkə, onda düşüncə tərzi, rəqsə və incəsənətə münasibəti dəyişər.
Akif uşağı dinlədikdən sonra onun cəsarətini, problemə yanaşma tərzini və həll etmə üsulunu çox bəyənmişdi. Niyə də olmasın?,- deyə düşündü. “yerli insanlardan daha bir dost qazanmış olaram, həm də bir gəncin öz arzusuna çatmağına yardımçı olaram”

Artıq üç gün idi ki, atası xətəxanada qalırdı. Bir gün sonra onu əməliyyat edəcəkdilər. Hər gün gedib qısa müddət atasına baş çəkib evə qayıdırdı. Anası, demək olar ki, onunla danışmırdı. Atası da səsiz idi, sadəcə baxışlarında əvvəlki sərtlik yox idi. Bu gün yuxudan oyandıqda Akiflə bölüşdüyü planını xatırladı və gülümsədi. Düşündü ki, hər şey yaxşı olacaq. Anası evdə olmadığına görə otaqlar dağınıq idi. Evi səliqə-sahmana saldı. Mətbəxə keçib yemək hazırladı. Bu gün qəti qərara gəlmişdi ki, anasını evə göndərməli, atası ilə əməliyyat qabağı özü qalmalıdır. Yeməyi bişirdikdən sonra bir hissəsini xətəxanaya götürmək üçün çantaya qoydu. Getməmişdən əvvəl dayısı ilə telefonla danışaraq anasının evə gəlməsi üçün ondan yardım istədi. Anasının onun sözünə qulaq asmayacağını bilirdi, lakin dayısı hər şeyi həll edəcəkdir. Qapıdan çıxmazdan əvvəl dayandı. Nə isə xatırlamış kimi geri qayıdıb çantanı masanın üzərinə qoyub qapıdan çıxdı. Bir müddət sonra əlində gül dəstəsi ilə geri qayıtdı. Mətbəxdəki stolun üstünə qoydu. Kağız parçası götürərək üzərinə bu sözləri yazdı: “Dünaynın ən cəsarətli anasına”

Qapını açaraq palataya daxil oldu. Dayısını görən kimi Elvin gülümsəyib salamladı.
- Deyirdim axı gələcək . Sən bu günlük istirahət et.

Anası çevrilib ona baxdı. Baxışlarında heç nə dəyişməmişdi. Lakin atasının əhvalı fərqli görünürdü.
- Zeynəb, sən get. Mən Elvinlə qalaram. Həm bizim təklikdə danışmalı, həll etməli oduğumuz məsələlər var. Mənə görə narahat olma.

Zeynəb tərəddüd etsə də, sonda razılığını bildirdi.

Anası dayısı ilə birlikdə otağı tərk etdi. Elvin atasından uzaq məsafədə əyləşdi. Pəncərəyə baxıb, gözünü yumdu. Hardan və niyə indi xatırladığını bilmirdi, lakin yutubda baxdığı kvant fizikası haqqında videolar yadına düşdü. “Pəncərənin arxasındakı o gözəl mənzərə, görəsən, mənim beynimdə var, yoxsa həqiqətdə? Gözünü açdıqda pəncərə önündən keçən quş artıq orda deyildi. Gülümsədi, reallıqlar qarışmışdı. Gözləri pəncərədə olarkən atasının onu izlədiyindən xəbəri yox idi.

- Atalar saturnun halqası kimi övladlarını əhatə edərək qorumağa çalışır. Düşmənlərdən qoruduğumuz kimi bəzən öz arzularınızdan belə qorumağa məcbur oluruq. İstəmədən yaxşı insanların və ya təsadüflərin sizlərə yaxınlaşmasının qarşısını alırıq. Biz bir çox hallarda sizin mühitə, düşüncələrə uyğunlaşmaqda çətinlik çəkirik. Amma son nöqtə olaraq biz sizin yaxşılığınızı düşünürük. Mən balet rəqsi oynayıb ailəsinə baxan kişi görməmişəm. Bizim dövrümüzdə belələrinə heç kişi demirdilər. Olmazmı ki, sən məni dinləyib hər kəs kimi hamının tutduğu yolla gedəsən?

Elvin kvant reallığından ayrılaraq atasını dinləyirdi. Dediyi sözlərin hər birini anlayır və qəbul edirdi. Bəzən iki həqiqət yan-yana dayanır. Seçim çox çətin olur.
- Ata, məni bağışla.

Atasının yanına yaxınlaşdı. Onu qucaqladı. Sanki sinəsində yığılmış yükü söküb kənara atdı. Atası da kövrəlmişdi. İçib evə gələrkən anasını övladına qatan həmin o qəddar atadan heç nə qalmamışdı. Hava qaralanadək atası ilə xeyli dərdləşdilər. Atası ona uşaqlıq xatirələrindən, anası ilə tanışlığından danışdı. Elvin güləşdə başına gələnlərdən və hərdən baletin gözəlliklərindən danışdı. Hər cümləsində atasına baleti sevdirməyə çalışırdı. Hava qaraldıqdan sonra atası yuxuya getdi. Elvin bir müddət ona baxdı. Atasının üstünü örtüb yatmaq qərarına gəldi. Bu an atasının başının altındakı yastığın bir tərəfinin fərqli duruşu diqqətini çəkdi. Yastığın altında kitabın olduğunu gördükdə çox sevindi. Planın ilk hissəsi həyata keçmişdi, hətta təsirini belə göstərirdi. Stolda əyləşdi, başını atasının çarpayısına qoyaraq yuxuya getdi.

Səhər oyananda üzərində ədyal olduğunu gördü. Atası ayaq üstə pəncərəyə baxırdı.

Duruşunu dəyişmədən:
- Sabahın xeyir. Məndən qabaq yatıb məndən gec durursan.

Üzünü Elvinə çevirib:
- Səndən mənə Zeynəb olmaz.

Elə bu vaxt qapı açıldı. Otağa dayısı ilə anası daxil oldu. Elvin anasının üzünə baxdı. Üzündə “təşəkkür edirəm, sürpirizini çox bəyəndim” cümləsini oxudu.
- Rafiq, necəsən? Əhvalın daha da yaxşı olsun deyə sənə dünən qarşılaşdığım bir hadisəni danışım. Evdə mətbəxdəki masanın üstündə bir büket gül var idi, kim isə mənim üçün almışdı.

Rafiqin qaşları çatıldı:
- Kim?,-deyərək Zeynəbin üzərinə gəldi. Zeynəb geri çəkilərək cavb verdi.
- Elvin. Üzərində “Dünyanın ən qayğıkeş anasına” sözləri yazılmışdı.

Rafiq Elvinə baxıb gülüməsdi.
- Hə, oğluma olar, Elvin kişiləşməyə başlamısan, xoşuma gəldi.

Əməliyyatdan çıxmağından 4 saat keçmişdi. Hər kəs otaqda onun ətrafına yığılmışdı. Rafiq gözlərini açıb qohumlarını gördü. Kövrəldi. Hər kəs öz hisslərindən danışır, ona xoş sözlər deyirdi. Bu vaxt qapı açıldı. Əllərində meyvə dolu zənbillə otağa bir nəfər daxil oldu. Hami təəccüblə ona baxdı. Onu heç kim tanımırdı.
- Salam, mənim adım Akifdir. Rafiq bəyi görməyə gəlmişəm. Həm də təşəkkür edəcəyəm. (Elvini göstərərək) -Belə bir övlad yetişdirdiyinizə görə.

Akif bəy Elvinin onun qızını bir küçə xuliqanından necə xilas etdiyini danışdıqda heç kim qulaqlarına inanmadı. Lakin Akifin inandırmaq qabiliyyəti yüksək idi. Şirkətin satış rəhbəri idi. Akif bəy danışıb bitirdikdən sonra hamı Elvinə baxdı. Atasının gözlərində yaş vardı. Sanki bütün həyatını bu hadisə üçün yaşamışdı. Kimsə gəlib onun övladının qəhraman olmasını desin.
- Belə, mən sizə oğlunuzun çox böyük ürək və cəsarət sahibi olmasından danışdım. Xəstə ziyarətinin qısası yaxşıdır. Lakin bilirsiniz, mən bu ölkədə yadam və yerli insanlardan dostum yoxdur. Mən sizinlə sağaldıqdan sonra bir daha mütləq görüşmək istəyirəm. Gedib bir çay içərik, birlikdə okey oynayarıq.

- Akif bəy, əlbəttə, mütləq! Mənə çox xoş oldu.

Akif otağı tərk etdikdən sonra səssizlik içində bütün otaq öz qəhramanını izləyirdi.

Qırmızı pərdələrin hərəsi bir küncdə həsrətlə yenə birləşəcəkləri anı gözləyirdilər. Gur alqışlar səslənirdi. Elvinin ilk tamaşasının sonunun, böyük balet rəqassı kimi uğurunun başlanğıcının xəbərçisi idi bu alqışlar. Elvin diqqətlə ön sıranı izləyirdi. Rafiq və Zeynəbin gözlərində yaş vardı, amma indi Rafiq göz yaşlarını gizlətməyə çalışmırdı. O, indi nə oğlundan, nə də hisslərindən utanmırdı. Rafiq bir anlıq çevrilib arxa oturacaqda əyləşən tamaşaçıya baxdı və baxışları ilə ona minnətdarlığını bildirdi. Akif bəy də kürəkəninin çıxışından və qızının xoşbəxt olmağına səbəb olan şəxsdən çox razı idi. Mutlu əllərini bir-birinə sıxıb ilk alqışdan sonra sevgi dolu baxışlarla donub qalmışdı. O qədər xoşbəxt idi ki, bu anın ömrlük yaddaşında həkk edilməsini və bitməməsini istəyirdi. Elvin zalda təkcə Məryəmi görə bilmirdi. Ona xəbər etdiyini, xatırlalyırdı. O da sevincək halda mütləq gələcəyini demişdi. Məryəmin zalda olmamasının səbəbini təkcə Zeynəb bilirdi. Ərinin Məryəmi bu cür tədbirlərə icazə vermədiyini Elvinə deməmişdi.

Yeni tamaşalar göstərmək üçün pərdələr yenidən bağlandı.

# 1944 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #