Kulis.az Həmid Herisçinin "Perseyin papağı" adlı yeni hekayəsini təqdim edir.
Görmə, səni də görməyəcəklər
Baxma, sənə də baxmayacaqlar...
Təbrizə getməyin ən yaxşı, asan yolu ora gizli getməkdir.
Açıq, vallah, heç ləzzəti yoxdu. Sünidi.
Təbrizə o qədər gizli getmişəm ki...
Heç kimlə açıq görüşməmişəm amma.
Gizli gedəndə, hə... İnanılmaz bir şücaət öz cazibə qüvvəsini səndən əsirgəmir.
Hiss edirsən ki, - bütün hissiyyatınla - fədaisən.
Təbrizlisən.
Sakitcə, lal heykələ, kölgəyə dönərək gəlirsən öz evinə. Hacı Cabbar Naib, Məqsudiyyə məhəlləsinə.
Öz qapını taqqıldadıb tez də geri qanrılıb arxana baxırsan.
Sonra gizli saxlanclardan silahlarını çıxarırsan. Yaxşıca yağlayırsan, yenidən keçəyə büküb Təbrizə amanat qoyursan bu silahını.
Tapancanın ucunu Bələdiyyə binasına tuşlayırsan....
Bibilərinin qapısına qulağını basırsan...
Cəmi bircə an.
Bir körpə səsini, bibinin "cannn" kəlməsini qulağında sırğa edib aparırsan özünlə...
Nənənin məzardaşına sarılıb axşamı gecəyə çevirirsən.
Sübh namazınadək Təbrizi tərk edirsən.
İldırım, şimşək çaxanda sinəni verirsən önə - deyirsən, qanım halaldı, vur məni... yağış yağır, islanırsan... bütün ildırım zərbələri səndən yan ötdükcə göz yaşların yağışa qarışır... Diz üstə çökürsən... palçığa batırsan... Ölü kimi yıxılırsan, sərilirsən yerə...
Kölgəm gəlir polis binası önünə... siqaretimin bir tüsütüsünü düzxətt boyu bu qara ünvana göndərirəm ki, əşi, ayılın, gəlmişəm. Güllə yağdırın kölgəmə.
Heç kim görmür məni.
Heç kim.
Görmə, səni də görməyəcəklər.
Gözəgörünməz olub o taya keçməyin sirri budu.
Day, Persey papağı, Eqida qalxanı, özüyeriyən çarıqlar, əyri bıçaq, ölçüsüz çanta... hamısı, əfsanədir.
***
Görmə, səni də görməyəcəklər.
İlk dəfə bu istedadımı hələ yeniyetmə dövrümdə aşkarladım özümçün. Hiss etdim ki, görməm zəiflədikcə özüm də həqiqi gözəgörünməz oluram.
İstedadımı ilk olaraq Araz qırağında sınadım.
Sivişib keçdim o taya...
Hə... çox xatirələrim var bu haqda... çox...
Sizin üçün də maraqlı olar danışsam əgər.
Əhər, Qaradağ aşıqlarının telli sazda oxuduğu "Nə bağ bildi, nə də bağban" təranəsi qoy yol yoldaşımız olsun.
Yaxama tikdiyim şifrəli səndlərdə kod ismim çox qısadır - "Kəndli"
***
Bu London pivəxanasında... ingiliscə desək, - pabında müştərilər əvvəlkindən birə iki çoxdu.
Səhnədən az sonra uduş lotareyasının sıra nömrəsini elan edəcəkdilər. Səhnə aparıcısı, təqaüdçü BBC telejurnalisti qolundakı saata baxaraq son saniyələri sayırdı. Qorxurdu bir-iki saniyə geciksin.
Konspiroloji görüşün, söhbətin yeri də əla seçilmişdi. Elə vaxtı da.
Müştərilərin bütün diqqəti əldə sıxdıqları lotoreya biletlərinə tuşlandığı an Alek Limas nəhayət ki, dilləndi:
- Brandenburq qapıları önündə vaxtımı boşuna keçirdim. Donurdum. Dükandan plastik fincanlarda xeyli çay sifariş etdim. Hamısın yarıyacan boşaltdım, hamısın ovcumda əzib-əzişdirdim. İndiyədək sakitləşə bilmiərəm.
- Agentləriniz görünmədi? - Kontroller ləqəbli şef qısa cümlələrlə kifayətlənirdi.
- Paul, Firek, Lendzer, Zalomon görüş yerinə gəlmədilər. Karl Ribek Brandenburq qapılarından kənara cəmi iki-üç addım ata bildi. Yerindəcə güllələndi. Velosopedindən aşarkən hələ sağdı. Projektorların iti şüaları yazığı son nəfəsinədək güdürdü.
- Ağır mənzərələrdi. - Kontroller sol dirsəyini masaya dirəyib, çənəsini ovcuna tapşırdı.
Səhnədən uduş nömrəsi elan olundu bu vaxt. Müsbət eynəkli müştərilər biletlərini özlərindən, gözlərindən xeyli aralı tutdular. Mənfi eynəklilər girişdilər rəqəmləri dəqiqləşdirməyə.
- Avtomatik tüfənglərin yaylım atəşlərini qulaqlarımda hələ də eşidirəm. – Limasın dik qaməti ikiyə qatlandı. İti çənəsi köksünə sancıldı.
Aparıcı kürsü mikrafonunu yoxlayıb taqqıldadırdı. Səhnəyə qalxan qalib bir an tərddüd anları yaşadı bu vaxt. Bir də təkrar-təkrar öz uduşlu lotoreya biletinə zillənib gülümsədi.
- Şərqi almanlılar isə Brandenburq qapılarından tappatarapla öz agentlərini sızdırırlar. Elə bil gözəgörünməzdirlər. Perseyin papağınımı oğurlayıb qamarlayıblar qədim yunan əsatirlərindən?
Limasın bulanıq gözləri qəfil işıldadı.
Bəraətmi tapdı öz gunahlarına?
Səsi titrəyib yenidən peşəkar bariton ahəngi qazandı:
- Bəlkə, bu agenti “Persey” adıyla işarələyək?
Cazzband şeypurları qulaqları batırdı. Qısa ətəkli qızlar pərdəarxasından səhnəyə doluşdular. Puşk atıldı, əlvan kağız qırıntıları Limasın üst-başını bürüyəndə, Kontroller dilləndi:
- Yox. Əməliyyata son veririk. İş yeriniz kitabxana olacaq. Mövzunu yazıçı Con Le Karreyə ötürdük. Qərar qətidi. Roman artıq yazılıb. Filmin çəkilişi startdadır. Ssenari ilə kitabxanada tanış olarsız.
Sonra o, özünü içdiyi pivəylə birdəfəlik susdurdu.
***
Mİ-6 mühasibatlığının kassasına uzunan növbə gec əridi. Növbə küncdə mürgüləyən Alek Limasa yaxınlaşanda o, özü kimi bir-iki bəxtsizə son xoşbəxt anlar yaşatmaq istədi.
İrəli ötürdü bu şanssızları.
Dörd rəqəmli məbləğ... imza tələbi, müsahibin timsah gözləri, taxta sayğacın səsi... hmmm... ürəkaçan deyildi.
Göndəriş vərəqəsi bir an kassa önündə sahibini gözləyib axır, Limasın dərin cibində gizləndi. Qəbzlər, sağlamlıq haqda qısa arayış, digər növbətçi sənədlər də o cümlədən.
Limasın ləngidiyini görən xidmətçi işiqları söndürüb, yenidən yandırdı.
Əlavə sözlərə ehtiyac qalmadı.
***
Kitabxanada ənənəvi pivə, viski Limasın acığına ətirli-ətirsiz çayla əvəzləndi.
Kitab cildləri arasından hərdən güvələr qanadlanıb Limasın yun nimdaş pencəyinə daraşırdılar. Xoşagəlməz mənzərələr, qadınların him-cim dili, tərs baxışlar Limasdan xüsusi səbr, soyuqqanlılıq tələb edirdi hər an.
Le Karrenin “Soyuqdan gəlmiş casus” –“The Spy Who Came in from the Cold” romanını oxumaq dəhşətini o həmişə, hər gün sonraya saxlasa da...
Kitabxanaçı Nensi bir gün o kitabın qısa, olduqca amansız məzmununu Limasa danışdı.
Limas sonadək dözmədi. Kitabı qəfil qapayıb, tozlu rəfinə qaytardı.
- Ardını özüm danışaram, Nensi. Tünd qəhvəyə ehtiyacım var.
***
Axşam Nensinin çarpayısında rahatlıq tapan Limas qəfil, gecənin xain vaxtında yerindən dik yuxarı atıldı.
Nensini oyatmadan, ayaq barmaqları üstə yazı masasına yaxınlaşıb:
“PERSEY PAP.AĞI
TAM İMPLOZİYA
SIFIR EKSPLOZİYA
Gözəgörünməmək üçün, uzaq ünvanlara düşüb, sehirli papaq-filan axtarmayın.
Əbəsdi.
Yoxdu belə papaq.
"Perseyin papağı" mövzusu isə fiziki yox, psixofiziki mövzudu
Gözəgörünməməyin sirri düzü, çox sadədir.
Solla gedirsən, üstəlik, kimsəyə, heç nəyə, heç saman çöpünə belə baxmırsan.
Tam aut.
Daxilinə baxırsan, öz dərinliyinə.
Təkrarla.
Sən görmə, səni də görməyəcəklər.
Ancaq bu sadə düsturu heç kim təkrarlaya bilməyib.
Perseylərdən başqa.
P. S. Qarqona Meduza əfsanəsinin şifrəsi də elə budur.
Mətnini özü bildiyi kimi bir vərəq parçası üzərində şifrələdi.
Səhəri gözü diri açaraq axır, yataqdakı Nensinin incə çiyinlərini silkələdi:
- Nensi, Şəhirizadın dediyi kimi: "Min dirhəm məndən!" Düşmənlərimizə min təsbeh lənət!
Qoy bu cümləm frazeoloji lüğətimizdə ayrıca qırmız xəttlə işarələnsin.
Xarici İşlər Nazirliyinə göndərilsin.
Nensini dərin yuxudan, çarpayısınını ayı oyuğundan ancaq son cümlələr ayıldıb çıxarsa da, gözləri hələ də yuxulu, yarıaçıqdı.
Limas mövzunu öz dəqiq ünvanına qaytardı:
- Persey, Qarqona əfsanəsi varmı bizim kitabxanada?
***
- Alek, dayan. Bəlkə, kinoteatra gedək. “The Spy Who Came in from the Cold” romanının kinosunu də çəkiblər.
Nensinin arzusu axşam realaşdı.
Sevgi cütlüyü filmin 49-cu dəqiqəsindəki “Keytlin Kendli” şifrəsinƏ, 1-6-cı dəqiqədəki “Xəzər sahillərindəki asudə həyat” cümlələrinə takıldı.
- Romanda bu şifrələr yoxdu. “Keytlin-Kendli” eynitərkibli sözlərdi. Annoqrammadı. Şifrə burdadır.
Nensi sağ yanağını Aleksin çiynində isidib kinoekrandan ayrıldı. – Xəzər sahillərindədir dəqiq ünvan.
- “Persey” orda yaşayır? Əsl adı “Kendli”dir, hə?
Kinoteatrın zülməti, aşkarladığı nüanslar, detallar Aleks Liması bərk həyəcanlandırmışdı. Filmin sonunu gözləmədən o Nensini çıxış qapısına tərəf dartdı.
Ekran önündən sürüşən ani kölgələr filmə hopdu sanki.
Filmin qəfil iştirakçılarına çevrildilər.
***
Masadakı nazik dosyeni vərəqlədikcə Kontrollerin siması dəyişirdi.
Eynəyi iti burnunun ucundaydı.
O, dosyeyə əlavə sənədlər tikməyi də unutmadı.
- Qafar Kəndlinin SAVAK dosyesi də bizdədir. Xəzər sahillərində yaşayıb. Oğlu haqda məlumatlar da var orda. Qədim əlyazmalarını mikrofilmlərə köçürərmiş. Bu isə...
Limas mikrofilmləri görüncə gözlərinə inanmadı.
- Xüsusi Qordi düyünlüdür bu mikrofilmlər. Görmüşdünmü indiəyədk Qordi düyününü? - Kontroller, qısa fasilədən sonra davam etdi. – Qordi düyünlü bu mikrofilmlərə “Mikrat” da deyər nadir foto mütxəssisləri... 300 dəfə kiçildilmiş gözəgörünməz mətnlər.
Bu vaxt masadakı sənədlərin biri öz-özünə havaya qalxıb, tez də yerə qondu.
- Perseyin... yəni Kəndlinin SAVAK dosyesindəndir. Deyir ki, bir cadu... yox ey mahnı var. Oxuyunca gözəgörünməz olursan.
Kontroller otağın dörd küncünə növbəylə baş çəkib axır Limasın qarşısında dayandı. Sənədi Limasa ötürdü.
Burun tüklərini bayaq yolmuşdu. Siyirmədən əl güzgüsünü çıxarıb öz zərgər məharətinə, bu yatmış istedadına həsəd apardı sanki.
Ancaq güzküdəki sifət, deyərdim, dəlləyə məxsusdu... zərgərə yox.
Sakitləşincə, əmin olunca, sakitcə:
- Oxu. – pıçıldadı.
***
“Görmə səni də görməyəcəklər.
Baxma, sənə də baxmayacaqlar.
Yorğun, şişkin kürəklərimi ancaq Sahibül-əmr məscidinin sütunları dincəldə bilərdi.
Məsciddə namaz qıldıqdan sonra şəhər qəhvəxanalarından birində özümü aşkarladım. Ölü idim elə bil.
Dirilmək, ayaq üstə qalxıb Hacı Cabbar Naib ünvanına doğru getmək üçün son gücümü... son şüur qığılcamlarımı bir nöqtədə - daxilimdə cəmləməliydim.
Kimsə məni görmürdü. Gözlərimi əsla açmırdım. Bilirdim ki, açsam, heç... bütün səfərim əbəs çıxacaq.
Görəcəklər məni. Tez cumub qollarımı kürəklərimin arxasında buracaqlar.
Gözüyumulu irəli gedirdim.
Elə bil yeddi bacım bir ağızdan, çox-çox uzaqlardan məni səsləyirdilər.
Hiss etmişdilər, görünür məni. Doğma nəfəsimi.
Tez ayrıldım bu aldadıcı ilğım səslərindən. Yunan sirenalarından. Mənasız, xəyali seriallardan.
Bir gün İçərişəhərdə gəzirdim qəmgin-qəmgin. Sanki Təbrizdəki o qapımı, öz qapımı axtarırdım. Bir də gördüm... yahu, bu nə möcüzədir belə?
"Tverskaya 6" ünvanında, Qazan xan məscidi önündə bir qapı, eynən Təbrizdəki doğma qapımın sanki özüdür ki var!
Girdim o qapıdan içəri. Həyəcanlı anlar yaşadım. Ev sahibləri - Zəhrə xala ilə Rəhim kişi də mən kimi, o taylı idilər.
Qısası, kökümüz də, taleyimiz də eyni di... elə qapımız da.
Qapı haqda əsl həqiqəti bu ev sahiblərinə ölən günlərinədək demədim. Bir cümlə belə demədim.
Demədim, niyə bu evi, bu qapını, bu şəxsləri seçib başqalarından ayırmışam.
Özümə danışardım bu xırdalıqları, bu xatirələri.
Bir də Allaha.
Necə sevirəm, necə bayılıram bu hər iki qapının oxşar cırıltısına, qəfil sürət yığıb arxamca çırpılmasına.
Vaxtı ilə uzaq keçmişlərdə bu qapıdan səhər-səhər çıxıb bir də geri qayıtmamışam. Anamı, yeddi bacımı, yeddi qardaşımı ağlar qoymuşam. Ancaq inanıram ki, o qapını gec-tez açaraq bir gün geri dönəcəyəm.
Təbrizdəki ünvan - Pastore cədid, ev 334. Bakıdakı qapı - Tverskaya 6...
Büdrəyirdim hərdən. Ayaqlarımı daş-kəsək kəsirdi.
Qəfil uzaqdan telli saz dilləndi - “Gedib çoxu, qalıb azı...yetişib sübh namazı”.
Sonrakı məqamlar ağır, uzun-uzadı sükut, süqut fasiləsi ilə müşayət olundu. Səbrimi kəsdi.
Ardını özüm deməyə məcbur qaldım-“El avazı”.
Növbəti sükut lap ağırdı. Dözməyib pıçıldadım:
“Çıxarın sazı”...
Görmə, səni də görməyəcəklər.
Baxma, sənə də baxmayacaqlar.
Çarpaz, dolaşıq addımlarım məni sürətlə öz qapıma... o qapıya yaxınlaşdırdırdı.
Pıçıltımı lap uzaqlarda, kafelərin birində eşitdilər sanki.
Aşıq əl atdı mizraba.
Gözəgörünməzliyin duasını oxudu:
“Səhər-səhər bağa girdim,
Nə bağ bildi, nə də bağban,
Əl uzadıb bir gül dərdim,
Nə bağ bildi, nə də bağban.
Bağın bərəsindən aşdım,
Süsən-sünbülə dolaşdım,
Oynadım, güldüm, danışdım,
Nə bağ bildi, nə də bağban.
Dedim, “bu bağ əcəb yerdi”,
Çiçəkləri təzə-tərdi,
Yarım mənə busə verdi,
Nə bağ bildi, nə də bağban.
Cahan deyir: oxum atdım,
Küllü-aləmi oyatdım.
Gül-çiçəkdən yüküm tutdum,
Nə bağ bildi, nə də bağban.