(Natiq Qədimovun böyük xatirəsinə kiçik bir ithaf)
"News room"un bir küncündə o oturub, bir küncündə mən... Qulağında "nauşnik" var, təcili süjet verməlidir, montajı yekunlaşdırdığını öz səsini eşitmədiyindən anlayıram... Qışqırır:
- Nəska...!
Əlimdə gördüyüm işə mane olduğu üçün mənim səsim onunkundan beş-betər çıxır:
- Alə, həəə...!!!
- Süjet yüksək səviyyədə, bi dənə mətnə bax, o didiyün iki dənə kadrı da at mənə, "dadanq" (bu tapıntısını xüsusi vurğulayır) material "qotov"...!
***
Çay içmək istəyirəm, həmişəki kimi diş arasına qoymağa heç nəyim yoxdu... Bilirəm ki, siyirməsi doludur:
- Əmi...
Məsələ səsimin tonundan ona məlumdur... başını stoldan qaldırmadan:
- "Şüşəli qənfet" verə bilərəm, "dolqoiqrayuşşidi"...
Yerimdən qalxıb, “qənfet”imi almağa getmək istəyirəm...
- Yox, gəlmə... Tut, özü gəlir – aləəə... Və şirnini elə atır ki, otağın bu küncündə düz gəlib düşür ovucuma... Mən də "aləəə"si kəsilməmiş, bir nidalı "hop"la prosesi yekunlaşdırıram...
***
- Nəsi...
- Bəli, Qədimov...
- Dur gedey bi dənə siqaret çekey...
- Getdik...
Düşürük aşağı, o, cibindən "nazik qara-göy Viceroy"unu, mən də "qalın West"imi çıxarıb, adama birini yandırırıq... 5 dəqiqəyə siqaretləri atırıq... Dilxor olduğunu hiss edirəm:
- Noolub...?
- Alə, heç nə... Voopşe bi dənə o "qalınundan" ver, bu "matışkə siqareti" doyuzdurmadı...
***
İşə hamıdan gec gəlib və tez:
- Sabahçağıvuz xeyir...! Kim yimey gətirmiyibsə, marketə getməsin... Bilirsüz, nələr gətirmişəm...?! Amma maşındadı... Mənə üzünü tutaraq:
- Nəska, "obed"dən qabaq siqaretə düşəndə gətirərik...
- Yes...
Dediyi vaxt düşürük... Sağ qapını açır, azı 20-30 göy qutabıdı, birini götürüb, mənə:
- Sən bilmərsən, Səddam Hüseyn yiyən qutabdandı ee, tez birini burda ötür...
- Alə, aparaq qızdıraq sonra da...
- Alə, yi, orda çox çatmıycey sənə...
***
Elə indicə, bu xatirələri yazarkən yadıma düşdü... Mənə hərdən deyirdi:
- Nəska, inan ki, elə bilirəm mənim qardaşım təkcə Namiq deyil, sən də ikinci qardaşımsan... Sonra da gülümsəyərək - "alə, "kakraz" sənün də adun "N"yla başlayır"...
***
Natiqin həyatında "2" rəqəmi ilə bağlı məqamlar çoxdu... İyulun 2-də doğulub, həmin tarix həm də polis günü kimi qeyd olunur... Maraqlıdır, o jurnalist kimi məhz hüquq-mühafizə orqanları ilə işlədi, kriminal müxbir kimi məşhurlaşdı... Natiqin illərdir sürdüyü "Mercedes"in (o da QOŞA fara) dövlət nömrə nişanının son iki rəqəmi 22-dir (90-EE-322)... həyat belə gətirdi ki, Natiq 2 dəfə ailə qurdu... onun bir oğlu var, 2-ci övladı isə bildiyim qədəri ilə 2 aydan sonra doğulacaq... və nəhayət, noyabrın 22-də bizimlə əbədi vidalaşdı...
P.S. Bu gün dostlar da sənə məzarının başında "2" verdi Natiq, amma səni sinifdə (məzarda) yox, ürəyimizdə saxlayırıq...
Qardaşın, Nəsimi Nəbizadə... 23 noyabr, 2017-ci il