Kulis.az yazıçı Nərmin Kamalın “Şokolad necə bərkidi?” məqaləsini təqdim edir
Bir dəfə mən şokolad fabrikində (Cadbury) ekskursiyada olmuşam.
Süd, kakaodan dükanlara göndərilən şokolad yeşiklərinə qədərki proses dəqiqliklə avtomatlaşdırılıb, hər gün dəfələrlə təkrar olunur, orda heç bir təsadüfə yer yoxdur.
Əsas zalı bizə şüşənin arxasından göstərirdilər.
Süd, şəkər, kakao bir tərəfdən metal qurğuya daxil olurdu, bunun ardınca sən hər mərhələnin sonunu görə bilirdin.
Məsələn, şokolad olacaq isti mayeni, sonra ilkin formanı alanda, sonra parlaq kağızlara bükülməyə başlayanda...
Əsas zalı bizə şüşənin arxasından göstərirdilər...
Həyəcansız, səs-küysüz bir fabrik.
Cəmi bir nəfər ağ papaqlı, ağ xalatlı kişi hərdən zala girib dəzgahların arasında gəzirdi, nəzarət eləyib gedirdi.
Arxada bir qoca kişi arvadına deyirdi ki, görürsənmi, bunun içinə heç cür tük düşə bilməz.
Oktyabr ayında keçirilən London Ədəbiyyat Festivalı 2014-dən də həmin təəssüratı aldım.
Ədəbiyyat sənayesi konveyer üsuluyla işləyir, yazıçı da şokolad kimi o başdan çıxır.
Ədəbiyyat festivalının bəzi tədbirləri şokoladın maye mərhələsini, bəzi tədbirləri isə artıq şokoladın hazır, yeşikdə olduğu mərhələni xatırladırdı.
İcazə verin, fikrimi əsaslandırım.
Dünyanı yaxşılığa doğru dəyişdirməkdə sözün rolu London Ədəbiyyat Festivalının builki rəsmi mövzusudur.
Festivalın elanında deyilir:
“Dünyanın ən yaxşı yazıçılarından və ifaçılarından bir neçəsini - Hilary Mantel, Stephen Fry, Alice Oswald, Kate Tempest, John Cooper Clarke, Colm Toibin və Elif Şafak’ı salamlayacağıq və başqa tədbirlərimiz olacaq.” Bu elandakı yazıçıların adları ədəbiyyat sənayesinin artıq hazır etdiyi parlaq şokoladlardır.
Bu gün mən sizə şokoladın parlaq kağıza bükülməzdən əvvəlki mərhələlərini göstərən bir tədbirdən danışacam.
Deməli, üç il bundan əvvəl Şimali İngiltərənin Ilkley adlı balaca şəhərində keçirilən başqa bir ədəbiyyat festivalında SI Leeds adlı mükafat yaradılıb. Bu mükafatın ilaşırı, yalnız Britaniyada yaşayan qaradərili və asiyalı qadınların hələ kitab kimi nəşr olunmamış nəsr əsərlərinə veriləcəyi elan olunub.
“Çünki bu, Britaniya əhalisinin səsini ən az eşidə bildiyimiz kateqoriyasıdır. Aparıcı ədəbi kültürdə qeyri-mütənasib təmsil olunan bu qrupun orijinal ədəbiyyat səslərinin yeni auditoriyalara çatması üçün bu mükafat səsgücləndirici olacaq.”
Mükafatın qalibi puldan əlavə, Arvon yaradıcılıq kurslarında oxumaq üçün yer alacaq. İkinci və üçüncü yeri qazananlar Azad Söz Mərkəzində yazıçıların inkişaf etdirilməsi konsultasiyalarında iştirak edəcəklər.
Heç bir yer tutmayan üç yazıçı Preepal Tree Press-in keçirdiyi yazıçıların inkişaf konsultasiyalarına göndəriləcək. Əlyazmalarının ilk yüz səhifəsi peşəkar ədəbiyyat agentləri tərəfindən oxunacaq... Deməli, sizdən tələb olunan yalnız süd və kakao olmaqdır.
Əgər sizdə bir az da olsun, şokolada çevrilmək potensialı varsa, bu sənaye sizin inkişafınız üçün öz dəzgahlarında hər nə lazımdırsa edəcək, sizə hər nə lazımdırsa, qatacaq. Bu həm pisdir, İsveç Akademiyasının üzvü demişkən. Həm də yaxşıdır, necə deyərlər, “istedada kömək et” baxımından.
Si Leeds mükafatının ilk qalibi (2012) Minoli Salgado adlı qadın olub – “A little Dust on the Eyes” (“Gözlərdə bir az toz”) romanının əlyazmasına görə. Bundan sonra bu romanın müəllifi göndərilib yüksək səviyyəli yazıçılıq kurslarına, onun romanı isə hələ nəşr olunmazdan əvvəl zərfə qoyularaq göndərilib Britaniyanın nüfuzlu yazıçılarına. Onların rəyləri mətbuatda, kitabxanalarda və gələcəkdə kitabın üz qabığında bu romanın təbliğ olunması üçün gərəkdir.
Budur:
“Güclü, incə və sürükləyici” – Buker mükafatının qalibi Əbdulrza Gurnah.
“İtmiş uşaqlığa və ölkəyə möhtəşəm bir elegiya” - Susheila Nasta, “Wasafiri” jurnalının redaktoru.
Əksər hallarda bunlar nəşriyyatların, mükafatların xüsusi rəy verən əməkdaşları olur. O adamlar həmin nəşriyyatın başqa kitablarına da pozitiv rəy yazırlar, Salgadoya da həmçinin.
Nəhayət, kitab nəşr olunur, ancaq hələ satışa çıxmazdan əvvəl onun cəmiyyətə təqdim olunması kampaniyasına start verilir.
Ölkənin nüfuzlu qəzetlərində rəy (review) yazıları, müəllifin müsahibələri bu işin tərkib hissəsidir. “Wasafiri” jurnalının redaktoru Sharmilla Beezmohun kitabın reklamının siması seçilir. Qalibin internet səhifəsi yaradlır və orada o, maksimum ekzotk şəkildə təqdim olunur: “Mən qarşısında qızılı bambukun səmaya toxunduğu bir evdə dünyaya gəlmişəm, işıq pəriləri, külək və yağış bambuk yarpaqlarında ney çalırdı. Minoli Salgadonun səhifəsi.”
Növbəti mərhələ satışa çıxmazdan əvvəl kitabı dar çevrədə ictimaiyyətə təqdim etməkdir. Bizlərdə buna “kitab təqdimatı” deyirlər, onlarda “the book launch”. Bu “launch” – ingiliscədə təyyarənin, gəminin, biznesin fəaliyyətə başlaması, odlamaq, işlətmək kimi mənaları da olan bir sözdür, demək istəyirəm ki, “təqdim etmək”-dən daha hərəkətli bir kəlmədir.
Budur, 2012-ci ildən bu yana yol gələn kitab 2014-cü il London Ədəbiyyat Festivalı çərçivəsində bir axşam təqdim olunur. Tanınmış Britaniya yazıçısı Bernardine Evaristo tədbirə aparıcılıq edir. Forması təzəlikcə verilmiş qaynar şokolad plitəsi, yəni mükafatın ilk üç yerinin sahibləri öz romanlarından hissələr oxuyurlar. Zaldakı iki yüz nəfərlik auditoriyaya “Minoli Salgadonun qalib kitabının ilk nüsxələrini satın almaq fürsəti verilir”.
Tədbirdə Minoli Salgado deyir ki, əvvəllər bir roman və bir hekayələr kitabı yazıb, onları yaxşı nəşriyyatlara, agentlərə göndərib, çoxu pozitiv reaksiya versə də, Şri Lanka mövzusunda olan bu kitabları nəşr etməyə risk etməyiblər.
Düşünüblər ki, böyük xərc qoyub bu kitabı nəşr etsələr, mövzusuna görə satılmaya və xərcləri bata bilər. Sonra kitablarını bu mükafata təqdim edib, çünki bu mükafat özü “Üçüncü dünya ölkələri” mövzularına qarşı istiqanlı olduğunu elan edib, kitablarının hər ikisi uzun siyahıya düşüb.
Salgado Malayziyada doğulub, bu gün Londonda yaşayır, ingilis dilində yazır. Ancaq onun valideynləri, babaları Şri Lankada doğulub böyüyüblər. Salgadoya sual verirlər ki, niyə britaniyalılar Şri Lankadan danışan bir romanı oxumalıdırlar.
Cavab verir ki, yaşadığımız dövrdə ən uzun vətəndaş müharibələrindən birini yaşayıb Şri Lanka, həm də dünyanın ən dəhşətli sunamisi orda baş verib. Yəni xanım Salgado öz ölkəsini “ən”, “ən” sözlərilə tanıtmaq zərurəti hiss edir ki, onun həmin ölkədən bəhs edən romanı da auditoriyanın marağını çəksin.
Romanının qısa süjetini isə belə nəql edir: 1980-ci illərin sonu, Şri Lankanın cənubu. Bir kişi dövlətlə yerli üsyançılar arasındakı şiddətli mübarizədə itkin düşür. On beş il keçsə də, ondan xəbər yoxdur.
O biri tərəfdə, Savi adlı Şri Lankalı tələbə qız İngiltərədə çətin vəziyyətə düşür; onun həm şəxsi həyatında dolaşıqlıq yaranıb, həm də dissertasiyasında. Belə bir vaxtda Savi əmisinin toyuna dəvət alıb Şri Lankaya gedir.
Gedib görür ki, xalası qızı Renu o vaxt itkin düşmüş insanların axtarışını aparır. İki xalaqızı birləşirlər, mübarizə aparırlar, bu axtarış Şri Lankanın yaxın tarixinin siyasi dərdlərini danışır. Onlar keçmişi soraqlamaqda ikən sunami gəlib ölkəni viran qoyur, daha çox, minlərlə insan itkin düşür. Artıq bu iki xalaqızı üçün nəinki keçmiş, gələcək də naməlum olur.
Ancaq bu kitab hələ də geniş satışa çıxmayıb. Bu uzun proseslə müqayisədə, biz Bakıda kitabları hələ maye halında olanda satışa çıxarırıq.
***
Kofe saatında bu tədbirin aparıcısı, yazıçı, şair Bernardine Evaristoya yaxılaşıb deyirəm ki, ona bir neçə sualım var.
Bernardine Evaristo – qaradərili nigeriyalı atanın və ingilis ananın övladıdır. Yeddi kitab müəllifidir, “Mr Loverman” adlı romanı bu il çıxıb, dünyanın çoxtirajlı qəzetlərinə nəşriyyatların ona rəy yazmaq üçün göndərdiyi müxtəlif kitablar haqda yazır.
- Britaniyada bərabər imkanlar yoxdurmu ki, bu cür xüsusi “qaradərili və asiyalılar üçün mükafat”a ehtiyac yaranıb?
- Yoxdur. On il bundan əvvəl mənim təşəbbüsümlə İngiltərənin Arts Council təşkilatı böyük bir araşdırma apardı və hesabat hazırladı. Hesabatın adı beləydi: “Niyə qaradərili və asiyalı şairlər İngiltərədə nəşr oluna bilmirlər”. Həmin araşdırmaya görə, rəsmi olaraq, İngiltərədə həm jurnallarda, həm də kitab şəklində nəşr olunan bütün poeziyanın yalnız 0,8 faizi qeyri-ağdərililərin şeirləridir. Ondan sonra mən Afrika şairləri üçün poeziya müsabiqəsi yaratdım.
Belə şeylər dünyada hələ də ciddi rol oynayır. Çox da ki, Nelson Mandelanın heykəlini qoyublar indi bizim söhbət etdiyimiz binanın önünə. Bu gün nəşr olunan əsərlər yalnız həmin əsərlərin və yaxud da onları qəbul edən naşirin qavrayışının keyfiyyətlindən irəli gəlmir. Burda həlledici amil həmin əsərlərin satılıb-satılmayacağı, hansısa cəhətinə görə dəbdə olub-olmadığı, bir sözlə, yazıçının “marketable” (bazara uyğun) olub-olmamasıdır.
- Yazmağa təzə başlayan yazıçılara xüsusi bir məsləhətiniz varmı?
- Başqa yazıçıların nə yazdığına, yaxud onlardan nə gözləndiyinə yox, özlərinin hansı mövzuda və necə yazmaq istədiyinə, öz cəsarətlərinə üstünlük versinlər.
Mənim bu il “Mr Loverman” romanım çıxıb. Həmin romanda cəmiyyətin gözləntisinin əksinə çıxaraq, 75 yaşlı, nəvələri olan bir karibiyalı kişinin sən demə, ömrü boyu ikili həyat yaşadığından, gizli gey həyatından yazmışam. Bu qəhrəmanım haqda ideya məndə tanımadığım bir qoca kişinin pasport şəklinə baxanda yaranmışdı.
Bizim cəmiyyətdə qocalar haqqında daha ehtiyatla, çərçivəli danışmaq qəbul olunub. Demək istəyirəm ki, cəsarətli olsunlar, öz sözlərini desinlər. Elə bizim London Ədəbiyyat Festivalının builki şüarı da Maya Angelou-nun bu sözləridir: “Nəyisə bəyənmirsənsə onu dəyişdir. Dəyişdirə bilmirsənsə, ona münasibətini dəyişdir. Ancaq şikayət etmə.” /oxu zalı/