"Mənim adımı qurultay nümayəndələri siyahısına salmadılar" - Əyalətdən dünyaya boylanan şair

"Mənim adımı qurultay nümayəndələri siyahısına salmadılar" - Əyalətdən dünyaya boylanan şair
8 may 2024
# 17:00

Kulis.az Nərman Əbdülrəhmanlının "Əyalətdən dünyaya boylanana adam" yazısını təqdim edir.

İki şairi kövşən ətrindən tanımışam: Qarayazıda Məmməd Həsənlini, Şəkidə Namizəd Xalidoğlunu...

Aralarında cəmi iki yaş fərq var, hər ikisi də politexnikdə təhsil alıb, amma ilahi sığınacağı Sözdə tapıb, az yazıb, amma poetik kodlarının ilkinliyini, saflığını qoruyub saxlayıb, boğazdanyuxarı şeirlər yazmayıb, az çap olunub, qalın poetik toplular çap etdirməyib, qürbət ağrıları yaşayıb ...

Əminəm ki, bu oxşarlıqdan özlərinin xəbərləri yoxdu, bir-birini şəxsən tanıdıqlarına da əmin deyiləm, olsa-olsa, rastlarına çıxan şeirlərini oxuyublar...
Namizəd Xalidoğlu 1954-cü il mayın 25-də Şəki rayonunun Kiçk Dəhnə kəndində doğulub, Azərbaycan Politexnik İnstitutunun hidromeliorasiya, Bakı Dövlət Univertsitetinin filologiya fakültələrində təhsilini yarımçıq qoyub, təsərrüfatda çalışıb, 1986-cı ildə “Sakit çöllərin mahnısı”, 1996-cı ildə “Yaz suları” şeirlər, 1993-cü ildə “Bir dənizdən yeddi damla” tərcümələr kitabı nəşr etdirib. Sonra, 43 yaşında ucqar əyalətdən – Kiçik Dəhnə kəndindən – Bakını yox, dünyanın ədəbiyyat paytaxtlarından biri olan Moskvanı fəth eləməyə gedib, aldığını alıb, sonra yenə kəndinə qayıdıb. 2000-ci ildə “Bu su dəhnədən gəlir” poetik toplusunu ortaya qoyub, ictimai və ədəbi mühitdən, kütləvi informasiya vasitələrindən, sosial şəbəkələrdən uzaqda müəllimliyini eləyib, tərcüməylə məğul olub, çağdaş rus poeziyasından, xüsusilə Nikolay Rubtsovdan, Vladimir Vısotskidən, Yuri Kuznetsovdan çevirdiklərini üzə çıxarmağa çalışıb...

2014-cü ilin payızında, Bakıya səfərlərinin birində görüşüb, artıq 60 yaşını haqlamış Namizəd Xalidoğlunu (Qoca Xalidi) söhbətə çəkmişdim...
On il sonra gördüm ki, 70 yaşlı söz adamının yaşamında heç nə dəyişməyib, yalnız yenicə çapdan çıxmış yeni poetik tərcümələr toplusunun sevincini yaşayır...

***

– Hazırda nə ilə məşğulsan, günlərin necə keçir?

– Şəkinin Kiçik Dəhnə kəndində ədəbiyyat müəlimi işləyirəm. Günlərim mütaliə, məişət qayğıları ilə keçir. Tipik kənd həyatı yaşayıram. Hərdən Bakıya gəlib-gedirəm. İndi də görkəmli şairimiz Məmməd İsmayılın 75 illik yubileyinə gəlmişdim. Bu ilin fevralında Moskvada. Rusiya Elmlər Akademiyasının Elmi Tədqiqat Ədəbiyyat İnstitutunda keçirilən “Yuri Kuznetsovun yaradıcılığında zaman və məkan anlayışı” adlı beynəlxalq konfransda iştirak eləmişəm. Hər il onun yaradıcılığının bir istiqaməti üzrə bu cür tədbir keçirilir. Beləcə, qismətimə düşən ömrü yaşayıram.

– Moskvadakı ədəbi mühit haqqında təəssüratların necədi?

– Orda bu cür tədbirlər həmişə yüksək səviyyədə keçir. Yuri Kuznetsov, həqiqətən, böyük şairdi, miqyasını bir sözlə ifadə eləmək olmur. Mifik şairdi, onu bu dünyanın yox, o biri dünyanın adamı adlandırırlar. Kuznetsov mənim də müəllimim olub.

– Gəl bir qədər əvvələ qayıdaq. Qəfildən Azərbaycanın əyalət mühitindən – Şəkinin kəndindən Ali Ədəbiyyat Kurslarına getməyin necə oldu?

– Mənə elə gəlir, bu, təbii proses, bəlkə də alın yazım idi. Gənclik illərindən rus ədəbiyyatından tərcüməylə məşğul idim. 1991-ci ildə Məmməd İsmayıl mənim Yuri Kuznetsovdan çevirdiyim şeirlərinə ön söz yazıb “Gənclik” jurnalında çap eləmişdi. 1996-cı ildə təsadüfən yolum Moskvaya düşdü. Kuznetsovla görüşdük, ovaxtacan şəxsi tanışlığım yox idi. Şeirlərini tərcümə elədiyimdən xəbər tutanda jurnalı tapıb göstərdi ki, bu şeirləri siz çevirmisiniz? Dedim, bəli, mən çevirmişəm. Dedi, gələn ilə yeni kurs yığıram, sizi də mütləq həmin kursda görmək istəyirəm. Ailə qayğılarım çox olduğundan, bir qədər tərəddüd elədim. Dedi, hər şeyi yoluna qoyacağam, elə olsun, gəl. Qərara gəldim, 1997-ci ilin sentyabrında dinləyicilərindən biri mən idim.

– Bir az tələbəlik həyatından danış. Artıq 43 yaşın, yetərincə ədəbi təcrübən vardı. Ali Ədəbiyyat Kurslarında oxumaq sənə nə verdi?

– Birincisi, Yuri Kuznetsov kimi nəhəng şəxsiyyət və şairlə təmasda oldum. Dünyagörüşüm genişləndi, yeni bilgilər əldə elədim. O, iki il mənə sözlə daha yaxşı rəftar eləməyi öyrətdi. Əlbəttə, dünya ədəbiyyatıyla da tanışlığımın miqyası da böyüdü. Mən Sovet quruluşu dağılandan sonra həmin kurslarda oxuyan sonuncu azərbaycanlıydım. Dünya Ədəbiyyatı İnstitutunda, Ali Ədəbiyyat Kurslarında sırf yaradıcı, yetkin adamlar - şairlər, yazıçılar, tənqidçilər – oxuyur, işləyirlər, müəllim və dinləyici heyəti azdı. Orda təkcə rus yox, dünya ədəbiyyatı da tədris olunur. Kurslarda istedadlı yaradıcı adamlarla tanış oldum. 90-cı illərdə o mühitdə düşmənləriniz haqqımızda çox pis fikir formalaşdırmışdılar, həmin təsəvvürü dəyişmək də başlıca vəzifələrimdən biriydi. 1999-cu il “Yunost” (“Gənclik”) jurnalı Yuri Kuznetsovun tərcüməsində “Əsrin son misraları” ilə açıldı. Həmin sayda on şeirim çap olundu. Elə o il də Akademiya nəşriyyatında ədəbiyyatşünas, Moskva şəhər Yazıçılar İttifaqının katiblərindən biri, tənqidçi və sənətşünas, “Literaturnaya znakomstva” (“Ədəbi tanışlıq”) almanaxının baş redaktoru Lola Zvonaryovanın ön sözüylə dostlarım Vladimir Soroçkin, Anatoli Perşin, Konstantin Paskal, Aleksandr Ananiçevin tərcüməsində şeirlər kitabım çapdan çıxdı. Yeri gəlmişkən, deyim ki, rus ədibləri bizimlə yaradıcılıq ünsiyyətində olmaq istəyirlər, sadəcə, işi düz qurmuruq. Bu, iş fərdi deyil, sistemli təşkil olunmalıdı.

– Azərbaycanda səni, əsasən, bənzərsiz rus şairləri Nikolay Rubtsov və Vladimir Vısotski yardıcılığından tərcümələrlə tanınmısan. Bu, necə başladı?

– Əvvəlcə Rubtsovdan başladım. 1974-76-cı illərdə əsgərlikdə olmuşam. Əsgərliyə ovaxtkı Ç.İldırım adına Azərbaycan Politexnik institutunu atıb getmişdim. Qismətdən Rusiyada bu sahədə yeganə hərbi ali məktəb olan Yaroslav Ali Hərbi Maliyyə Məktəbinə düşdüm. Orada hərbi sistem üçün mühasibat işçisi hazırlayırdılar. Məktəbin “Buxqalteriya” (“Mühasibat”) qəzetində kiçik şeirlərim çıxmışdı. Rəhbərlik oxuyub məni Rusiyanın bir sıra aparıcı şairləriylə tanış elədi. Müasir rus poeziyasıyla tanışlığım belə başladı. 1974-cü ildə Yuri Kuznetsovun Moskvada kiçik bir şeirlər kitabı çıxmışdı. Sonra Vladimir Sokolovun şeirlərini tərcümə eləmişəm. Belə demək mümkünsə, əsasən, “sakit poeziya”nı - Rubtsov, Sokolov, Andrey Jiqulin, Anatoli Peredreyev, Vladimir Kostrovun, onların mənən söykəndikləri klassiklərin – Fyodor Tütçevin, Sergey Yeseninin şeirlərini çevirmişəm. Vısotskinin şeirlərini təsadüf üzündən tərcümə elədim. Ədəbiyyatşünas dostum İlham Abbasov təkidlə üz vurdu ki, onun bir-iki şeirini çevirim. Boyun qaçırdım, mənə nə qədər vallar aldı, jurnallar göndərdisə, heç gözümün ucuyla da baxmadım. Axırda fikirləşdim, bir halda ki, bu qədər təkid eləyir, qəlbini sındırmayım. Bir-iki şeir çevirib göndərdim, çap olundu, bununla da həvəsim öldü. Üç-dörd il sonra on şeirini də tərcümə elədim. 1993-cü ildə “Bir dənizdə yeddi damla” adlı kitab nəşr etdirdim. Yeddi şairin – “sakit poeziya”nın nümayəndələrinin şeirləriydi, axırda da Vısotsknin bir neçə şeirini əlavə eləmişdim. Sonra 1995-1996-cı illərdə klassik rus poeziyasından tərcümələr elədim, “Yaz suları. Dan söküləndə. İlxı” adı altında kiçik bir kitab hazırladım. Moskvada oxuyanda mənə aydın oldu ki, Vısotski Azərbaycan dilinə daha yaxşı tərcümə oluna bilər. O, bir tərəfdən də aktyordu, rola girməyi bacarır. Hamının satirik şair kimi tanıdığı Vısotskini lirik şair kimi tərcümə elədim. Tutalım, bir alpinistin dilindən danışır, roldadı. Yaxud məhbusun monoloqunu qələmə alır... Axı bu, lirikadı. Bir də ki, onun dilində canlı jarqonlar var, dilimizdəki jarqonlarsa rus dilindəkindən daha zəngindi. Sonralar Vısotskinin bir çox şeirlərini çevirib iki kitabını nəşr etdirdim.

– Rus poeziyasından elədiyin tərcümələri toplu halında nəşr etdirmisənmi?

– Hə, “Mən də cığır açdım” adlı sonuncu tərcümə kitabımda o 12 şairin hamısının çevirdiyim şeirləri toplanıb. Vısotskinin şeirlərinin tərcüməsini yenə davam etdirirəm...

– Öz yaradıcılığın nə yerdədi? Mətbuatda az görünürsən, şeirlərini də çox xəsisliklə çap etdirirsın...

– İndiyədək cəmi iki şeirlər kitabım çıxıb. Biri 1986-cı, digəri də 2000-ci ildə. İkinci kitabı nəşr etdirmək istəmirdim. Kənddə qohum-əqrəba rus dilini bilmədiyindən, Moskvada çap olunmuş kitabdakı şeirləri doğma dilimizdə də nəşrə hazırlamalı oldum. Yeni şeirlərim var, qismət olsa, yaxın vaxtlarda toplayıb kitab halına salacağam.

– Düzdü, əyalətdə yaşamağın da öz ağrıları var, amma üstünlüklərini də inkar eləmək olmaz. Həyatın tələskən axarından kənardakı sakit həyat yaradıcı adam üçün əvəzolunmaz nemətdi. Bəs, bu cür həyat sənə nə verir?

– Şəhərdə tez darıxmağa başlayıram. Hay-küyə öyrəşməmişəm. Kənddə sərbəstlikdi, azadlıqdı, günlərlə bir misranın üzərində düşünə bilərsən... Uşaqlar da böyüyüb, ailə qurublar, bir həyat yoldaşımdı, bir də mən. Kasıbyana həyat yaşayıram, rahat, sərbəst işləməyim üçünsə kənd həyatı əvəzolunmazdı. Amma əyalət həyatının bir cəhəti də var - bir az tənbəlliyə sürükləyən həyatdı. Şəhərdə vaxt qızıldı, əyalətdəsə vaxt hesablanmadığından bolluğunda üzürəm.

– Bakıya gec-gec gəlirsən, ədəbi mühitdə gec-gec görünürsən. Darıxdığın dostlar, imzalar varmı?

– Şübhəsiz ki, var. Mən 80-ci illər ədəbiyyatını izləyirəm, onlarla nəfəs alıram. Bu nəsil ədəbiyyatda daha təmkinli, daha təvazökar, daha ağıllıdı. 80-ci illərdə gələnlərin yaradıcılığını ədəbiyyatımızda yaxşı mənada son mərhələ hesab eləyirəm.

– Kənddə günün necə başlayır, necə bitir? Çevirdiklərində hiss elədiyin həyatı yaşaya bilirsənmi?

– Birbaşa hiss eləyirəm. Əslində, bütün xalqların həyatı, urbanizasiyanı kənara qoysaq, kənddən başlayır. Elə xalqın əvvəli də, kökü də kənddi. Azərbaycan və rus kəndçisinin dil və din fərqi ola bilər, amma qayğıları, problemləri, ağrıları sevincləri eynidi.

– Yaşadığın Kiçik Dəhnədən Azərbaycan ədəbi mühiti necə görünür, nələri sezə bilirsən?

– Bugünkü ədəbi mühit qarmaqarışıq, xaotikdi, söz xeyli ucuzlaşıb. Onu da deyim ki, əyalətdən Bakı yaxşı görünür, amma Bakıdan əyalət görünmür. Məsələn, mənim adımı qurultay nümayəndələri siyahısına salmadılar. Gəlsəm, qələm dostlarımla görüşə bilərdim, fikir mübadiləsi aparardım, ədəbiyyatda gedən proseslərdən xəbərdar olardım. O, 400-dən artıq yazıçının arasında adımı görməyəndə təəccübləndim, amma heç bir reaksiya vermədim. Əvvəlcədən Sözün qədir-qiymətini bilən adam həmişə vicdanla yazıb-yaradır, bilməyənlərsə daim ədəbiyyata alver kimi baxırlar. Heç kəsin əleyhinə deyiləm, hamı yaza bilər, amma hamının borcu da məhz Sözün aliliyini gözləməkdi.

– Moskva ədəbi mühiti ilə tanışsan. Azərbaycan ədəbiyyatı Rusiyada niyə layiqincə görünmür?

– Yuri Kuznetsov, eyni zamanda, “Naş sovremennik” jurnalının şöbə müdiriydi. Dərsdən sonra tez-tez ora gedir, söhbət eləyir, içir, yaradıcı adamlarla tanış olurduq. Bir gün jurnalın baş redaktor müaviniylə tanış olduq. Ordan-burdan söhbət düşəndə dedim ki, nə olar, bir dəfə də Azərbaycandan yazı verin. Dedi, biz həmişə hazırıq, sadəcə yazı gətirən yoxdu. Orada jurnal dövlət yardımıyla yox, abunəçilərin hesabına çıxır. Dedi, bir nömrənin pulunu verin, tamamilə Azərbaycana həsr eləyək. Bakıya qayıdanda məşhur yazıçılarımızdan biriylə bu barədə dərdləşdim.. O da mənə Nazirlər Kabinetinə müraciət eləməyi məsləhət gördü. Halbuki, məsələni aşağı instansiyalarda asanlıqla yoluna qoymaq mümkün idi. Bu cür məsələlər bir qədər də təəssübkeşliklə bağlıdı, yaxın qonşularımızla, təəssüf ki, xeyrimizə olmayan fərqimiz də bundan ibarətdi.

***
Ayda-ildə bir dəfə Bakıya yolu düşəndə zəng vurur, Nurafizlə birgə görüşünə tələsirik, söz-söhbətimiz də, az qala, gecəyarısınacan uzanır...
Hər dəfə də çap etdirmək istədiyi yeni şeirlər və tərcümə toplularından söz salır, amma qayğılar ucbatından planları həmişə təxirə düşür...
Arabir də kənddən zəng vurur, ədəbi mühitdən xəbər tutur, dost-tanışları xəbər alır, yenə planlarından söz salır, amma darıxdığını qətiyyən hiss eləmirəm – yəqin, öz içiylə çoxdan dil tapdığının əlamətidi...

Bir dəfə də yolumuz o tərəfə düşəndə Kiçik Dəhnəyə döndük, ocağında qonaq olduq, Sözünün sirrindən-sehrindən doymadıq. O səfərdən Nurafizin elə Namizəd Xalidoğlunun öz havasında bir şeiri də qaldı:

...Kənd həyəti, agaclar da güllənib,
Daş-divarlar doluxsunub, fagırdı.
Qoca Xalid – duruşundan şairlik,
Üst-başından müəllimlik yağırdı.

Sonra Mahaçqalada, “Bəyaz durnalar” ədəbiyyat festivalında yeni rus poeziyasının tanınmış simaları Vladimir Soroçkin və Aleksandr Ananiçevin Namizəd Xalidoğlu haqqında necə böyük sevgiylə söz açdıqlarını eşidəndə qürur hissi keçirdim...

O isə məkan mənasında əyalətdə, yaradıcılıq anlamındasa, Sözün paytaxtında sakitcə öz həyatını yaşayır...

2014, oktyabr – 2024, may

# 2573 dəfə oxunub

Müəllifin son yazıları

# # #