Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi
24 noyabr 2024
# 15:00

Kulis.az İsveç yazıçısı, 1974-cü ilin Nobel mükafatçısı Eyvind Yunsonun "Etoliyalı" hekayəsini Nəriman Əbdülrəhmanlının tərcüməsində təqdim edir.

O, gözlərini qıyırdı, adamlara da elə gəlirdi ki, bədxah baxışı var. Adı həqiqətin özü kimi sadə səslənirdi. Lefkadalı, İoni dənizindəki Lefkada adasından olan Dekatos. Bir də ki, onun yalan danışıb-danışmadığının kimə nə dəxli vardı? Çoxlu qardaş-bacının doqquzuncusuydumu, onuncusu, yaxud on birincisiydimi – bu onun bədənini nəzərləriylə yoxlayan, əzələlərini əlləşdirən, çox yeyib-yemədiyini öyrənməyə çalışan kəsləri zərrə qədər də maraqlandırmırdı.

Kölə deyildi, amma qarnını doydurmaq üçün donuz damları təmizləməyə, ağac doğramağa, ev tikməyə məcbur idi. Uşaq çağından işləməyə başlamışdı, – neyləmək olar… Amma insanlara faydası azalan kimi, onunla pis rəftar eləyirdilər… bəzən nə üçün döyüşçü olmadığını soruşurdular: Dekatos ada sakininin yadırğamağı
heç cür bacarmadığı kobud şivəsiylə qan qoxusuna dözə bilmədiyini deyirdi.

Donuzları kəsəndə də onu qəsdən əlinə bıçaq götürməyə məcbur eləyir, necə bağırdığına baxa-baxa əylənirdilər. Boyca balacaydı, amma bədəncə möhkəm və dözümlüydü. Ayaq barmaqları dikiydi, elə bil həddən artıq dar səndəllər geyinməli olmuşdu, saç-saqqalısa o qədər qaraydı ki, onu Etoliada, Akarnaniada, Fokiddə haonialı, yaxud Epirdən olan moloselu sayırdılar.

Dişləri pis gündəydi, qalan işçilər, həm də kölələrin ən həyasızları ondan, doğrudan da, uşaqlıqda daş kimi bərk çörək yeyib yemədiyini soruşanda, utanmadan, üzünü gizlətmədən bu sualın cavabında “hə” deyirdi. Hamıya – qalan işçilərə də, sahibinə də – gözlərini qıya-qıya baxırdı. Ondan babasının kölə olub-olmadığını, azad adamlar kimi şapalaqlamaq əvəzinə uşaqlarının sifətinə zərbə vurub-vurmadığını soruşurdular, o isə yalnız başını astaca bulayır, atasını heç vaxt görmədiyini, babasının isə döyüşçü olduğunu, uşaqları heç vaxt döymədiyini deyirdi.

Adını dəyişdirir, Ekotostos çağıraraq cırnadırdılar: o, həvəslə həmin adı daşımağa hazır olduğunu deyirdi. “Çünki hamımıza məlumdur ki, – gözünü hiyləgərcəsinə qıyıb, – yüz uşaq doğan ananı Oksanayla, Poseydonla, Tefisayla, Demetroyla müqayisə eləmək olar”, – deyirdi. Kölələr və xidmətçilər haqqında heç nə bilmədən, səcdə elədikləri tanrılar barədə mübahisə aparmağı bacarmadıqlarından özlərini yalnız başqa üsullarla mükafatlandırmağa məcbur idilər.

Bayram günlərində yemək yarışı keçirir, donuz əti yeyir, taxıl arağı, bəzən şərab içirdilər, üzüyola Lefkadalı Dekatos da həmin yarışda iştirak eləməliydi. Amma o, qarınqulu deyildi, şəraba, hətta ən yaxşı şəraba dözümü yox idi, tez keflənirdi. Bəzən artıq iki-üç qurtumdan sonra yuxuya gedirdi, bu zaman da onu bayıra sürüyür, ayılanacan yaxın gəlmirdilər. Amma bəzən qəfildən beyninə nəğmə oxumaq düşürdü – onda da lağlağı başlayırdı.

O, tüklü ayaqlarını altına yığıb oturacaqda əyləşir, çənəsini dizlərinin üstünə qoyurdu, sərxoş gözləri yumulmurdu – geniş açılır, diqqətlə harasa uzaqlara zillənirdi, sonra xırıltılı səslə Lefkadada öyrəndiyi, yaxud özünün qoşduğu nəğməni, məhsul barədə, donuzların necə kəsilməsi barədə, tanrıların Pisriadakı sığınacağı barədə, əliəyri Hermes barədə, vurğun Apollon, sarsaq Hefest barədə oxuyurdu, yaxud acgöz kəndlilər, qüvvətli, amma kütbeyin nökərlər, Fesaliyalı qorxaq kölələr, Aralıq və Liviya dənizlərinin cəsur balıqçıları və dənizçiləri, İlliriya və Makedoniyanın bomboş yolları, Xalkidikinin möcüzələri, Pirey körfəzinin sahilindəki gözəl şəhərlər, Arqos, Korinor, Afinanın qaynar həyatı barədə kinayə dolu nəğmələri oxuyurdu.

Həmin məqamda onun görkəmində hətta ən zəhlətökən nökərləri belə susmağa məcbur eləyən anlaşılmaz əzəmət vardı. Onlar hissiyyata qapılıb əllərini bir-birinin kürəyinə vurur, sərgərdan həyatlarını, başlarına gələn fəlakətləri xatırlayır, hıçqırıb ağlayırdılar. Dekatos səssizcə yata biləcəyi bir yer tapmaq üçün ətrafı nəzərdən keçirəndə onlar, adətləri üzrə, onu vurur, – şübhəsiz ki, zarafatla, mehribanlıqla – həyətə atır, ya da daha təhlükəli tapşırıq – idarəçinin yanına gedib yenə şərab istəmək, eyni zamanda, rəqs eləməyi bacaran daha gözəl qızlar gətirməklə bağlı əmr verirdilər.

Oğlan həvəslə tabe olur, onları da elə bu əsəbiləşdirirdi: bir halda ki etiraz eləmir, deməli, hiyləgər yaltaqdır, hər şeyi sahibə xəbər verəcək. Bəlkə, elə beləydi: sahiblər – varlı kəndlilər və döyüşçülər – onunla nə qədər pis davransalar da, öz əllərini satan, amma cisminin və həyatının ağası sayılan azad adam olduğunu heç vaxt unutmurdular. Ola bilsin, bu hətta xoşlarına da gəlirdi, çünki tanrılar barədə ibrətamiz, eyni zamanda, abırsız lətifələr danışmağı bacarırdı, səsi xırıltılı olmasına baxmayaraq yalnız kədərli nəğmələr, bir də Dionis barədə abırsız şeirlər quraşdırıb söyləyən kölələrdən və başqa xidmətçilərdən daha yaxşı oxuyurdu.

Qonaqlar gələndə Dekatosa kandarda, bəzən də masa arxasında oturmağa icazə verir, amma tez kefləndiyi üçün çox vaxt qovurdular. Azad adamıydı, buna görə də sahibləri onu döymürdülər, amma başına qapaz vursalar da, kölələrini yamanlamırdılar – belə şeylərə qarışmağa vaxtları yoxuydu.

Bir dəfə qəfildən dimdik ayağa durdu, həm də qətiyyətlə elə dikəldi, sanki cisminə Tanrı girmişdi. Bir gözü ona çox baha başa gəlsə də, azadlıq haqqını qoruyub ömrünün axırınacan saxladı. Ardınca da Etoliyadan yoxa çıxdı, çox-çox sonralar, ləqəbini unudan, ona yeni, ölməz ad verən əsrlər ötəndən sonra qayıtdı.

***

Dekatos onda Kalidon yaxınlığında işləyirdi; məhsul bayramı vaxtı ora sahibin qohumu, lovğa döyüşçü, Zakinfli Feney adlı cavan oğlan gəldi. Feney Arqolidada, daha da uzaqlarda olmuşdu, guya bütün Fessaliyanı və Xalısdikini keçmiş, qədim İlionanın xarabalıqlarını görmüşdü, amma bunlar barədə çox yanlış danışırdı, – guya orada daş yığınları saxlayırlar, onların üzərində ruhlar dəstə-dəstə uçuşurlar, qorxaq deyilsənsə, o ruhlarla söhbət eləmək, dünyada hər şey barədə onlardan soruşmaq olar.

Qonaq yeməyi sevir, donuz ətini və vələmir kökəsini acgözlüklə təpişdirirdi, şərabdansa o qədər içdi ki, az qala, gözləri hədəqəsindən çıxacaqdı. Masa arxasında özünü abırsız aparır, qulluqçuların budlarına əl atır, qışqırır, musiqi və nəğmə istəyirdi, bu dəfə də Dekatosu çağırırdılar. Amma Dekatosun səsi, onsuz da, gözəl deyildi, həmin vaxtlar, üstəlik, soyuqlamışdı da. Arada asqırmaq, burnunu silmək üçün dayana-dayana, öz düşüncəsinə görə yerinə düşən bir neçə nəğmə oxudu. Feney əvvəlcə həvəslə qulaq asırdı, hətta hisslərə qapılmışdı, amma sonra qızışdı, təkcə Dekatosu yox, hamını söyüb-yamanlamağa başladı, dediyinə görə, bir ləzzətli tikə və bir udum şərab qoparmaq üçün parazit kimi yaşayır, özlərini oxumağı bacaran kimi göstərirlər.

Onların yeri müharibədir, müharibə – evdə oturmaq, oxumaq əvəzinə qırıldamaq deyil. Ümumiyyətlə, qoy Feney, guya Lefkadada doğulmasıyla başını xarab eləməsin, çünki Feney özü həmin diyarlarda olub, orada qohumları var, oranın adamları da hamı kimi danışırlar, hər kəs başa düşür. O, rabitəsiz və hiddət dolu söyüşünü uzun müddət yağdırdı, amma Dekatos axıracan diqqətlə qulaq asdı, sonra qonağa qıyılmış gözləriylə dostyana nəzər saldı, belə pis oxuduğuna görə üzr istədi. O eşitmişdi ki, Arqolidada Bəlağət Akademiyası var, Zakinfdə də belə bir akademiyanın açıldığından xəbəri yoxdur. Orada müğənnilik öyrədib-öyrətmədikləri barədə bir söz deməyini xahiş elədi, çünki dərhal yola rəvan olmaq istəyirdi. Hələliksə Feneydən başlanğıc üçün özünün gözəl Zakinf şivəsində bir nəğmə oxumasını xahiş eləyir, guya miskin həvəskar məhz Makedoniyada və Epirdə də doğula bilərdi, onun Afina ləhcəsində danışmağı öyrənməyə, çox nəcib ağalar qarşısında oxumaq tərzini mənimsəməyə vaxtı yox idi.

Bu zaman Feney yerindən sıçradı, elə söyüş yağdırmağa başladı ki, qadınlar otaqlarında gizləndilər, yeməklər qablarda turşudu, az qala, ocağın alovu sönəcəkdi. “Yaxşı danışmağı öyrənəndən bəri kölələrə də, heyvanlara da rast gəlmişdim, – o qışqırırdı, – amma heç kəs mənim adımı, evdə və Arqolidada ən yaxşı müəllimlərdən qazandığım təcrübəmi və biliyimi ləkələməyə cəsarət eləməmişdi!” O daha danışa bilmədi. Beyni qaynayırdı. Köməksiz halda ətrafa baxdı, amma bütün qalan qonaqlar ya gülürdülər, ya da üzlərini çevirmişdilər, bu vaxt da ağlını tamam itirdi. Əti yeyilmiş sümüyü masanın üstündən götürüb var gücüylə gözlərini qıyan xidmətçinin sifətinə atdı; zavallı xidmətçi ağrıdan qıvrılır, quyruğu tapdanmış it kimi ulayırdı.

Dekatos şişib qana batmış sifətini qaldıranda isə sol gözünün çıxdığını gördülər. O, bütün gecəni elə inildəyirdi ki, hətta sahibin ona yazığı gəlib yarasına sürtmək üçün donuz piyi, sarımaq üçün əsgi, şirniyyat, iri piyalə dolu şərab gətirdi. Sonrakı gün işdən azad edildi, o da sakitcə uzanıb salamat gözüylə his basmış tavana baxır, itaətlə suallara cavab verirdi. Gecə sayıqlamağa başladı, fikirləşdilər ki, öləcək, ayılıb öz hərəkətindən peşman olan Feney də Dekatosun od tutub yanan əllərindən yapışıb üzrxahlıq diləyir, dua oxuyur, bununla da ətrafdakıların istehzasına səbəb olurdu, çünki bu, əsl döyüşçüyə yaraşmaz. Hərarəti bədənindən çıxarmaq üçün başından soyuq su tökdülər, dodaqlarına bal sürtdülər, qan aldılar, amma bütün bunlar vicdanlarını sakitləşdirmək üçün idi, çünki heç kəs onun öləcəyinə şübhə eləmirdi. Kölələr və xidmətçilər Dekatosun yanında yığılıb sayıqlamağına qulaq asırdılar.

Onun haradan gəlməsi barədə həqiqəti eşidən yeganə adamlar oldular: dediyi kimi, Lefkadadan yox, uzaq quzeydən, həm də günbatandan, çox az adamların başa düşdükləri Etoliya və İoniya sözlərini mənimsədiyi diyarlardan, dünyanın hündür qayalar, ucsuz-bucaqsız mavi okeanla bitdiyi yerdən, axar qumluqların uzanıb getdiyi Kritdən güneydə yerləşən ölkələrin birindəndir. Uca dağlarda, torpağın altında rast gəldiyi tanrılar və yarımtanrılar barədə danışanda isə hamı anladı ki, bunlar uydurmadır, amma hər halda, eşitmək maraqlı, əyləncəliydi. Ən maraqlı əhvalatlar danışanda ömrünün uzanması üçün dua elədilər, başından yenə çoxlu soyuq su əndərdilər.

Bir neçə dəfə nəfəsini dərindən çəkdi, adama elə gəldi, artıq Qadesin zülmət səltənətinə gedən yoldadır, xidmətçilər də onun sərgərdanlıqları barədə hekayəti eşitmək üçün maraqla üzərinə əyilirdilər, beşinci gün bərk yuxuya gedəndə isə özlərini həddən artıq aldanmış hesab elədilər.

***

Dekatos sutkalarla yatdı, oyananda da yemək-içmək istədi, bu zaman hamısı onun sağaldığını hiss eləyib oğlana olan marağını itirdi. O, iki gün də yataqdan qalxmadı, qıyılmış gözüylə açıq qapıdan diqqətlə içəri baxır, buyruqçu oğlansa suallarına heç cavab da vermirdi. Yalnız sahibin özü bir dəfə səhər ona buranın ancaq yeməyi və yatmağı bilən hər cür avaranın yeri olmadığını çatdırmağı tapşırdı. Dekatos qalxdı, çıxmış gözünü örtən sarığı düzəltdi, həyətə endi, sağ gözünü qıyaraq səmaya baxdı ki, havanın necə olacağını öyrənsin.

Başı fırlanır, gözü ağrıyır, qıçları əsirdi. Amma hava elə gözəliydi ki, qeyri-ixtiyari gülümsündü. O, mətbəxdəki səs-küyü, çöldəki it hürüşünü, dağlardakı çoban qışqırığını, donuzların xortultusunu, böyük yolun kənarında yatmış bir məxluqun fısıltısını eşitdi. Dekatos səndələyə-səndələyə qapıya yaxınlaşıb içəri baxdı. Feney qaranlıq zalın o başındakı ocağın yanında dəri üstündə uzanıb yatırdı.

Dekatos tərəddüdlə geri çevrilib bomboş həyətə göz gəzdirdi. Yenə göyə baxdı: səma apaydın idi, amma sanki uzaq dağların başında buludlar toplaşırdı. Oradan sərin külək əsir, elə oradan da faydalı yağış gəlirdi.

– Qüdrətli Zevs, – o pıçıldadı, – yağışınla əməlimi isladacaqsansa, deməli, o əməl xeyirxah əməldi.

***

Dekatos Feneyi, az qala, rahatlıqla öldürdü, qurbanının plaşını və qılıncını götürüb gizlicə yola düzəldi. Onu axtarırdılar, amma meşələrdə gizlənir, get-gedə uzaqlaşırdı, elə bu zaman da Zevsin torpağa yağış bəxş elədiyi, qurban istədiyi payız gəldi, adamlar da Dekatosu unutdular.

Camaat onun bəzi mahnılarını xatırlayır, həmin mahnıları bacardıqları kimi oxuyurdular, amma adı, eyni zamanda Ekatostos ayaması illər keçdikcə unuduldu; həmin dövr daha vacib hadisələrlə zəngin olan narahat bir vaxt idi. Özü isə get-gedə daha yeni-yeni adlar qazanmağa başladı. Farsalda və Atraksda onu Balaca Təpəgöz adlandırırdılar, Olimpin və Stimfalın ətrafındakı tutqun diyarlarda Xırıltılı İoniyalı adı altında tanıyırdılar, Termey körfəzi sahillərindəki bir neçə il yaşadığı kiçik şəhərlərdəsə sadəcə Axsaq Sərxoş çağırırdılar; o, çox içəndə şərabdanmı, yoxsa başqa şeydənmi qıçının biri tutulurdu.

Quruda da, dənizdə də uzun illər sərgərdanlıq elədi, amma heç vaxt müharibədə olmadı. O, Melibedə ikinci gözünü itirənəcən dələduz və içki düşkünüydü. Həmin vaxt tamam kor olub quzeyə getdi. Deyirdilər, guya kor olandan sonra yaxşı oxumağa başlayıb. Preriyada onu Homer çağırırdılar.

# 486 dəfə oxunub

Müəllifin son yazıları

# # #