Bu gün məşhur gürcü yazıçı, "Ağ bayraqlar", "Mən, nənəm, İliko və İllarion", "Günəşi görürəm" kimi dünyaca məşhur romanların müəllifi Nodar Dumbadzenin anım günüdür.
Kulis.az bu münasibətlə böyük nasirin qızı, yazıçı və ədəbiyyatşünas Manana Dumbadzenin atası haqqında yazdığı "Barmaqlığın o üzündə qalan atam" oçerkini Nəriman Əbdülrəhmanlının tərcüməsində təqdim edir.
Manana Dumbadze (1951) – nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, fəlsəfə doktoru. Manana Dumbadze Tbilisidə, böyük gürcü yazıçı Nodar Dumbadzenin ailəsində doğulub, Tbilisi Dövlət Universitetini bitirib, Gürcüstan EA Ədəbiyyat İnstitutunda çalışıb, Mark Tvenin ədəbi irsi ilə bağlı araşdırmalar aparıb, sonra Fulbrayt təqaüdü ilə Missisipi universitetində işləyib. O, Havay Universitetinin Tbilisi filialında mühazirələr oxuyub, gündəlik “Dilis qəzeti” qəzetinin icraçı direktoru olub, İREX təqaüdü ilə Missuri Universtetində çalışıb, müxtəlif nəşrlərdə, o cümlədən, “National Geographic – Georgia”da çalışıb. Gürcüstan Tərcüməçilər Assosiyasiasının prezidenti, bir çox qurumların üzvüdür.
Manana Dumbadze yaradıcılığa erkən yaşlarından başlayıb, məqalə, esse və hekayələri dövri nəşrlərdə çap olunub. O, “Mikrofon və meqafonsuz” (1986), “Gürcüstan Simli Kvarteti” (2006), “Hindistan gündəliyi” (2007), “Qulripş şəhəri yaxınlığındakı KAS” (2008), “Əfqanıstan...” (2012), “Ovcumdakı yollar” (2013), “Devrilmiş piramida” (2016) bədii və publisistik kitablarını nəşr etdirib.
Manana Dumbadze ingilisdilli ədəbiyyatdan tərcümələri ilə yanaşı, “Mark Tven gürcü ədəbiyyatında” (1986) monoqrafiyasını da qələmə alıb.
BARMAQLIĞIN O ÜZÜNDƏ QALAN ATAM
- Ay sizi, səfeh qızlar, nə qədər təkrar eləmək olar: sağ olduğum müddətdə məni sorğu-suala tuta, yaza bilərsiniz! Bəyəm görmürsünüz ki, əldən-ayaqdan itilər, atanız barədə tələm-tələsik “memuarlar” yazırlar, yazdıqlarının da səhv olub-olmadığını bir Allah bilir, bir də mən! – Anam bugünəcən məni və Ketinonu nəzərdə tutub şikayətlənir.
Onun səksən üç yaşı var, yaddaşında yaşayan xatirələrin itib-batmasından, özüylə axirət dünyasına getməsindən qorxur. Amma anama baxanda gözlərim qarşısında həmişə Qarsia Markesin sirlərlə dolu ölməz Ursula obrazı canlanır.
Onu da deyim ki, anamın iradları o qədər də ədalətli deyil, çünki atam barədə dəfələrlə oçerk yazmışam, zənnimcə, əsərlərində öz bioqrafiyasını ətraflı qələmə almasa da, ora qızlarının nəsə əlavə eləməsinə ehtiyac yoxdu.
Bugünlərdə “Profil” teleproqramından zəng vurub “Ağ bayraqlar” tamaşası və filminin doğum gününü qeyd eləmək istədiklərini söylədilər. Studiyaya o əsərlə təmasda olmuş rejissorlar, aktyorlar, bir çox digər şəxslər dəvət edilmiş, onlarla birgə atamın ailəsini də çağırmışdılar.
Anam bir neçə ildi ki, televerilişlərdə iştirak eləməkdən boyun qaçırır. Deməli, tək gedəcək, görkəmli mədəniyyət və incəsənət xadimləriylə yanaşı tək çıxış eləyəcəkdim. Üstəlik, tamaşaçı da, dinləyici də məni atamın həbsxana həyatı dövrünün şahidi hesab eləyir, amma çox adam o vaxt cəmi-cümlətanı iki yaş yarımlıq olduğumu yada salır.
Axır ki, anamın arzusu çin oldu: qeyd dəftərçəmi, qələmimi götürdüm, “ifadələrini” yazmaq üçün yanına getdim.
- Hə, danış görək, onda “Qemo” restoranında nə baş vermişdi ki, “Ağ bayraqlar”da yazılmayıb? Deyilənə görə, o qətlin üstü əməlli-başlı açılmayıb, - anamı ətraflı izah üçün hazırlayıram, amma o, kitabda həddən artıq təsvir olunmuş hadisəylə bağlı faktları yetərincə quru, dəqiq tərzdə təsvir eləyir...
- Nə vaxt həbs olunmuşdu?
- Aprelin 14-də.
- 14 iyul onun doğum günüdü...
- Sentyabrın on dördündə də rəhmətə getdi, oktyabrın on dördündəsə, nikaha girmişik.
- Rostom Barataşvilini (kitabda Rostom Amilaxvari) hardan tanıyırdı?
- Qonşuydular, eyni məktəbdə oxuyurdular. Repressiya illərində Nodarın atasını güllələyib, anasını Qazaxıstana sürgün eləyiblər. Xalası uşaqları götürüb Suxumiyə aparıb. Bir müddət sonra da Nodar Quriyaya, babasının yanına gedib. Beləcə, tələbəlik illərinəcən atan və Rostom qarşılaşmayıblar. Məhz həmin nəhs gündə uzunmüddətli ayrılıqdan sonra ilk dəfə rastlaşıblar, Rostom da atanı restorana dəvət eləyib.
- Tək idilər? Səhv eləmirəmsə, onlarla birgə başqaları da həbs olunub, amma bununla bağlı kitabda heç nə yazılmayıb.
- Hə. Malxaz Yeganov, bir də Böyük Çiçik – Andro Çiçinadze olub. Onlar Rostomla Nodarın dostuydular, amma “Qemo” restoranında başqa masa arxasında əyləşmişdilər. Çiçiki bir qədər sonra, Malxaz Yeganovun istintaqından sonra həbs elədilər.
- “Ağ bayraqlar”dakı hansı personajlar həqiqi, hansılar uydurmadı?
- Məsələn, İsidore əmi, Şoşik uydurmadı; gerçəkdə Tiqran, Çiçiko Qoqol, müstəntiq Qaqua olub... Yadındadı, Çiçiko Qoqol dəfn maşınında əyləşib atanın nəşini Yazıçılar İttifaqına apardı? Tiqransa evimizə gəlmişdi, yadındadı?
- Yaxşı yadımdadı! O, sənə “bacı” deyirdi. Yadımdadı, onda xeyli gülmüşdük.
- Hə, o, atana “Salam, qardaş”, - dedi, Nodarın kabinetinə girdilər. Az sonra onlara çay gətirdim. Onda Tiqran dedi ki, oğurluqdan əl çəkib, oğlu ali təhsillidi, yaxşı yerdə işləyir, Allah eləməsin, ona kiminsə atasının oğru olduğunu söyləməsini istəmir.
- Bəs, Limon real şəxsiyyətdi?
- Hə, Limon Mtasminda rayonunda yaşayırdı, məşhur oğruydu. Adı İlo Devdarianiydi. Kamerada atanla birgə oturmuşdu. Nodar onu yaxşı tanıdığına görə, Limon obrazının prototipinə çevirmişdi. “Əbədiyyət qanunu”nda təxminən eyni cür obraz – Baçana Ramişviliyə bahalı dərmanlar gətirib palata qonşusu İoram atayla bölüşməsini xahiş eləyən yaraşıqlı oğru – var. Prototipi mtasmindalı oğru Kako Ambokadzeydi.
- Bəs, onunla həbsxanada necə rəftar eləyirdilər? Döyülmə, işgəncə barədə danışmırdı?
- Yox, onda belə şey yoxuydu, ciddi surətdə qadağan olunmuşdu, - anam əminliklə cavab verir.
- Bəlkə, deyib, sən unutmusan?
- Yox, söyləmədiyini onun ayağına yaza bilmərəm. Məktublarında da belə bir şey yoxuydu. Yalnız müstəntiq Qaqua məni dilə tuturdu Nodara deyim ki, cinayəti boynuna alsın, belə olsa, cəzasının xeyli yüngülləşəcəyini bildirirdi.
- Niyə belə təzyiq göstərirdi axı? – Sualı yeniləyirəm.
- Çünki Nodar heç nəyi boynuna almamışdı, məsələ uzanırdı. Məni inandırmağa çalışırdı ki, Nodar etiraf eləsə, cəzası xeyli yüngülləşəcək, ilk dəfə həbs olunduğuna görə, tez buraxılacaq. Deyirdi, gəncsiniz, gələcəyiniz hələ qabaqdadı.
- Ancaq bunu təklif eləyirdi?
- Yox, həm də məni dilə tuturdu ki, ərinə məktub yaz, günahını boynuna almağı təklif elə. Düşünüb-daşınıb razılaşdım, - anam xüsusi fəxarət hissilə dillənir.
- Nə danışırsan?
- Hə, razılıq verdim, amma elə məktub yazdım ki, Qaqua öz əliylə cırıq-cırıq elədi.
- Bəs, nə yazmışdın?
- Yazmışdım: “Nodar, müstəntiqə etibar eləyə bilərsən, bizim adamdı”.
- Ağıllı iş görmüsən!
- Hə! Belə məktubu kimə göstərə bilərdi axı? Ondan yaxamı bu cür qurtardım, amma əsas məsələlər sonra başladı. Məhz həmin vaxt Qolst Gürcüstana gəldi, bütün cinayət işlərini nəzarətə götürdü.
- Bəs, Qolst kimdi axı?
- O, Zaqafqaziyanın baş prokuroruydu. “Qemo” restoranındakı hadisə haqqında işlə tanış olanda hamını – Yeganovun anasını, Rostomun arvadını... – şəxsən dindirdi. Lap axırda da məni sorğu-suala çəkib, bilirsən nə məsləhət gördü? “Ərinizə deyin, restoranları gəzməyə son qoysun!”
- Bu nə deməyiydi?
- Onda mən də başa düşmədim, elə çaşdım ki, dedim, əlbəttə, sözlərinizi ərimə çatdıraram, istintaqdan da tamamilə çaşqın halda çıxdım.
- Bəs, hansı hökmü çıxardılar?
- Nodarı da, Rostomu da güllələnmə maddəsi gözləyirdi, amma hökm çıxarılmadı.
- Bu cür maddə gözləyən adama da... restoranları gəzməyə son qoymağı məsləhət görürlər? Bu, ələ salmaqdı?
- Mən də belə düşünür, amma qəlbimin dərinliklərində daim saman çöpündən yapışmağa cəhd göstərirdim, üstəlik, o qəribə söhbətdən sonra içimdə ümid qığılcımları doğuldu. Mamia əmi bayırda məni gözləyirdi. O, səkidə oturub başını dizlərinin arasına almışdı. Üzümə baxmağa, bəd xəbər eşitməyə qorxurdu. Dedim, Nodarı, güman ki, tezliklə buraxacaqlar, bu sözlərin ağzımdan necə çıxdığına özüm də təəccübləndim. Mamia başını qaldırıb maraqla soruşdu ki, hardan bildin? O adam dedi, Nodar restoranlar gəzməyə son qoymalıdı. Bunun nə demək olduğunu başa düşmürəm! Düz evəcən dinib-danışmadıq.
- Bəs nənəm?
- Nənən neyləməliydi axı? Bir dəfə belə, həbsxanaya getmədi. Dedi, bir halda ki, oğlum dustaqdı, bu gündən mən də dustağam. Çəkilib bir küncdə oturdu, yerindən tərpənmədi. Dəli olmuşdum. Hər yerə - sənədlər, xasiyyətnamələr, imzalar, vəkillər, bağlamalar dalınca – təkcə qaçırdım... Kitabda anasının ayağına yazdığı bütün işləri mən görmüşəm. Hətta kitab çapdan çıxanda Quliko Baxtadze zarafatla dedi ki, bəs, Nodar anasıyla arvadını dolaşıq salıb!
- Nə olsun ki? Təəccüblənirsən? Nənəmin ərini güllələyiblər, özü on il Qazaxıstanda sürgündə olub, ondan daha nə gözləyirdin axı? O, kimə, yaxud nəyə ümid bəsləməliydi ki? Bəyəm, idarələri ayaqdan salmağın, başqa bir cəhd göstərməyin ondan ötrü bir mənası vardı? Bu barədə düşünmüsən? Axı həbsxana onun anlayışında artıq özünün və ailəsinin taleyinə çevrilmişdi... Oğlunu həbs eləmişdilər. O da özünə həbsxana düzəltmişdi. Bunun bir növ özünümüdafiə olduğu barədə düşünmüsən?
- Düşünməyə vaxtım yoxuydu. İyirmi bir yaşım vardı, elə hey həbsxanaların qapısı ağzındaydım: ərimi ordan çıxarmaq həyatımın başlıca məqsədinə çevrilmişdi. Gecələr, demək olar, yatmırdım, paltar tikmək üçün sifarişlər götürür, aldığım pulu da bağlamalara xərcləyirdim. Düşünməyə vaxtım vardı ki? Bütün sutkanı qaçhaqaçdaydım.
- Düzdü ki, komsomol katibi atama xasiyyətnamə verməkdən boyun qaçırıb?
- Hə, düzdü, Maqali Todua Niko Ketsxovelinin (Tbilisi Dövlət Universitetinin o vaxtkı rektoru) yanına gedib deyəndə ki, Nodarı həbsə alıblar, kömək eləyin, o, dəhşət içində başını tutub, sonra səbəbinin siyasi olub-olmadığını soruşub. Maqali deyib, adam öldürmək ittihamıyla həbs eləyiblər. Niko rahat nəfəs alıb, deyib, Nodar qatil ola bilməz, bu, tezliklə aydınlaşar. Bizə Niko əmi, bir də o vaxt universitet ədəbiyyat dərnəyinin rəhbəri olan Beso Jgenti çox yardım göstərdilər. O, Nodarı çox sevirdi.
- Bəs, sən lal-karların hərəkət dilini və əlifbasını nə vaxt öyrəndin? Axı atam həbsxanada cəmi yeddi ay qalıb?
- Hə, elə onda da öyrəndim. Lazım gələndə adam hər şeyi tez öyrənir... Məhbusları saat beşdən səkkizəcən tualetə çıxarırdılar. Keçdikləri dəhlizlərin birində nəfəslik vardı, Nodar da ordan mənə dəsmal yelləyir, ya da əl işarəsiylə nəsə başa salmağa çalışırdı. O üç saat ərzində yerimdən tərpənmədən dayanıb gözləyirdim. Bir dəfə barmaqlıqdan yapışıb nəfəsliyi bədəniylə örtdüyünü gördüm. O qədər qorxdum ki, özümdən getdim. Məni Malxaz Yeganovun arvadı özümə gətirdi, o da mənim kimi ərindən işarə gözləyirdi. Bir dəfə də Nodar nəfəslikdən məktub atdı, amma nəzarətçi gördü. Dərhal məktubu büküb qoynumda gizlətdim. Nəzarətçi məni tutub gözləmə otağına sürüdü. Qışqırırdım ki, yolla ötən adamam, burda heç kəsim yoxdu, amma inanmırdılar. Həmin məqamda təsadüfən Quram Doçanaşvilinin atası, möhtərəm Petre gəlib çıxdı. O, həbsxana xəstəxanasında işləyirdi. Əlini dodağına aparıb sakit olmağımı tapşırdı ki, hər şeyi yoluna qoyacaq. Susdum, az sonra da buraxdılar, səhəri günsə Nodarı xəstəxanaya köçürdülər. Bu hamımız üçün böyük sevinciydi.
- Bəs, xəstəxanada neçə gün qaldı?
- Çox az, amma böyrəkləri ağrıdığına görə, tutması olanda xəstəxanaya aparırdılar. Doğum günündə də ordaydı. Həmin gün yaxşı bağlama düzəltdim, kisel kimi düzəltdiyim çaxır da apardım. İlahi, onun ədadətsiz əzablarını yüngülləşdirmək üçün nələrə əl atmırdım!
- Bəs, o cür sanballı bağlamanı necə hazırladın?
- Ata-anam kömək elədilər, özüm də gecə-gündüz işləyir, sifarişlə paltar tikirdim. Axır ki, bağlamanı hazırlayıb həbsxanaya apardım, ancaq qəbul eləmədilər... Sən demə, səhər xalası yemək – kotlet, kartof püresi - göndəribmiş.
- Hə, vəziyyətini təsəvvür eləyirəm. Bəs, bahalı ərzağı neylədin?
- Gör necə vəziyyətdən çıxdım. Yadındadı, evimizdə milis əməkdaşı Şukrua Corcua qalırdı. Onda böyük vəzifəsi vardı. Yanına gedib dedim, anlaşılmazlıq yaranıb, bağlamamı qəbul eləmirlər, zəhmət olmasa, yardım göstərin. Şukrua zəng vurub bağlamanı götürmələrini tapşırdı. Sonralar hər həftə yadda saxladığım o nömrəyə zəng vurur – görünür, katibə cavab verirdi, - deyirdim, Şukruanın tapşırdığı adamam, kömək eləyin.
- Həqiqətən, güclü qadınsan! Deməli, işə yaradı?
- Əlbəttə, işə yaradı. Elə bir adamın adından zəng vurana kim boyun qaçırardı axı! – Anam güldü.
- Bəs, hərəkətinə nə ad verək?
- Necə ad verəcəyini bilmirəm, yalnız bir şey aydındı: onda iyirmi bir yaşım vardı, günahsız həbs edilmiş adamın arvadıydım. Məncə, əməlim sevgi adlanır, bəli, sevgidən başqa bir şey deyil, - anam dilləndi, gözləri yaşla doldu. Bir dəfə də həbsxanadan çağırdılar. Tək getməyə qorxurdum, Siala Kiquradzeylə getdim. Girişin ağzındakı səkidə gözləyirdik, dəmir qapı cırıldaya-cırıldaya açıldı, ordan Nodar çıxdı – başı daz qırxılmışdı, rəngi solğunuydu, qoltuğunda iplə bağlanmış adyal vardı. Üç il şərti iş vermişdilər!
***
Boş otaq soyuqdu. Anam nəni enli taxtın üstünə qoyub. Qarşımda çəkilmiş nazik tor otağı iki bölür. O tərəfində otağın boş, bomboz hissəsi var, küncdəki ensiz dəmir qapı da boz rəngdədi. İkiəlli tordan yapışıb gözlərimi həmin qapıya zilləmişəm. Qapı asta-asta, cırıltıyla açılır, ordan arıq, solğun rəngli, başı daz qırxılmış, üzü tüklü, boz paltar geyinmiş tanımadığım bir kişi çıxır. O, yaxınlaşır. Torun digər tərəfindən yapışır, həlim, nəmli, balrəngli gözləriylə məni süzür. Yaşlı gözlərində Günəşin kasıb otağa düşən son şüaları əks olunur, nədənsə, çənəsi əsir.
- Qızım... – o, dillənir. – Qızımmm...
- Ataaaa! – Ata burdan keçə bilmir!.. Atam qəfəsdən çıxa bilmir!.. – Vəhşisayaq qışqırıram. – O, bu qəfəsdən çıxa bilmiiir!
- Onu aparın, aparın! – Atam qışqırır, boz rəngli qapıya doğru qaça-qaça bizə əliylə çıxışı göstərir. – Onu niyə gətirmisiniz?!
Sonra boz qapı ömrüm boyu xatırladığım dəhşətli gurultuyla örtülür.
***
- Səni atanla görüşə aparanda iki yaş yarımlıq idin, - anam deyir.
- Yadımdadı.
- Gop eləmə. İkiniz də elə bağırdınız ki, görüş heç yarım dəqiqə də çəkmədi.
- Niyə qışqırdığımı deyim? “Atam bu qəfəsdən çıxa bilməyəcək!” – bağırırdım. Hər şeyi əməlli-başlı xatırlayıram.
- Heç nəyi xatırlamırsan, bala. Görünür, nə vaxtsa sənə danışmışam, elə bilirsən, yadında qalıb, - anam dilə turur.
- Yox, danışmamısan! O dövrdən başqa bir şey yox, yalnız bunu xatırlayıram. Atamın və öz səsimi xatırlayıram. El bil, indi qışqırır: “Onu burdan aparın, aparıııın!” – “Atam bu qəfəsdən çıxa bilməyəcəəəəəək!”