Vilayət Hacıyevin işıq kimi ömrü – Nəriman Əbdülrəhmanlı yazır…

Vilayət Hacıyev, Nəriman Əbdülrəhmanlı

Vilayət Hacıyev, Nəriman Əbdülrəhmanlı

12 aprel 2023
# 17:00

Kulis.az Nəriman Əbdülrəhmanlının “Vilayət Hacıyev: İşıq kimi ömür…” adlı yazısını təqdim edir.

…Üç il əvvəl, 70 illik yubileyi ərəfəsində yazmaq niyyətində olduğum bu yarımçıq yubiley yazısını kəmfürsət Ölüm tamamladı…

Həmişə yubiley yazıları yazmaqda çətinlik çəkmişəm, gözəgörünməz çərçivələr düşüncələrimi istədiyim kimi ifadə eləməyə imkan verməyib. Onda əmindim ki, yazını yubileydən sonra arxayınca tamamlayaram. Amma araya ağrı-acılı günlər girdi, niyyətimi gerçəkləşdirə bilmədim. Sonra da…

İndi fikirləşirəm ki, kaş, bu yazı hələ uzun illər yarımçıq qalaydı, bəlkə də, heç tamamlanmayaydı…

Xəstəliyinin şiddətləndiyini bilirdim, dostlar bir yerə yığışanda zəng vurur, Ustadı da aramızda görmək istəyirdik, amma son vaxtlar səhhəti əl vermirdi, uzaqdan-uzağa qəlbinin hərarətini çatdırırdı. Tez-tez zəng vurmağa da ürək eləmir, keçirdiyi cismani ağrıları səsindən duymaq istəmirdik.

Amma aprelin 1-də, doğum günündə uzun tərəddüddən sonra zəng vurdum. Səsimdən tanıdı, çox çətinliklə ağrılarına üstün gəlib bir neçə kəlmə danışdı. Vida hissi qurxunc lənət kimi içimə çökdü…

O məşum gün sevənlərinin nə qədər çox olduğunu görəndəsə, bir qədər də olsa, təskinlik tapdım…

***

Vilayət Hacıyevlə 80-ci illərin ortalarında, daha doğrusu, 1987-ci ildə tanış oldum. Onda ovaxtkı M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitunu bitirdiyini, elə həmin institutda da müəllim işlədiyini, müdafiə eləyib elmi dərəcə aldığını, Yazıçılar İttifaqı tərcümə bölməsinin rəhbəri olduğunu bilirdim, hekayələrini, alman dilindən tərcümələrini oxumuşdum, Erix Mariya Remarkın “Zəfər tağı” romanı da onun tərcüməsində yenicə çap olunmuş, çox yaxşı qarşılanmışdı. Mən də universiteti bitirəndən sonra təyinatımı “uğurla” başa vurub Gürcüstana qayıtmışdım, yazır, tərcümə eləyirdim. Bakıya yolum ildə bir-iki dəfə düşürdü, gələndə də dostlar, həm də özümə bir köynək yaxın bildiyim unudulmaz Abbas Abdullaya, İsa İsmayılzadəyə, Tahir Hüseynova, Vilayət Rüstəmzadəyə, Arif Əmrahoğluya… baş çəkirdim.

Belə səfərlərin birində tərcümələrimi də gətirmişdim, Abbas Abdulla dedi, Vilayətə göstər, rəy versin, çap eləyək. Özü də vəng vurdu, görüş təyin elədi, Vilayət müəllim də məni özünəxas səmimiyyətlə qarşıladı, iki günə oxuyub fikrini bildirəcəyini vəd elədi. İki gün sonra isə görüşə dəqiq vaxtında gəldi, ilk sözü də bu oldu ki, sən mütləq nəsr yazırsan (o vaxtacan çap olunmuş bir neçə hekayəm, görünür, rastına çıxmamışdı). Dedim, yazıram, amma hələ çap etdirməyə tələsmirəm. Tərcüməçi üçün yaradıcı olmaq ən vacib şərtlərdən biridi, dedi, mən də əvvəlcə yazmağı, sonra isə tərcümə eləməyi öyrəndim. Son sözü bu oldu ki, tərcümələrini oxudum, elə indidən sənə zamin dura bilərəm, əsas odu ki, çətin, əziyyətli, o qədər də naşükür işlə ürəkdən məşğul olasan.

Qonşu, həm də yaxın bölgədə doğulmağımız, təyinatla başqa-başqa vaxtlarda da olsa, Daşkəsən rayonunda işləməyimiz də, yəqin ki, aramızda səmimi münasibətin yaranmasında müəyyən rol oynadı. Az sonra Vilayət Hacıyevin tərcüməsində alman və dünya ədəbiyyatının klassikləri Herman Hessenin “Yalquzaq”, Lion Feyxtvangerin “Lautenzak qardaşları” romanlarını oxuyanda müəllifə, mətnə və ümumiyyətlə, Sözə nə qədər həssas, ciddi və peşəkar münasibət bəslədiyini aydın hiss elədim.

Sonra yolumuz 2008-ci ildə, Azərbaycan Prezidentinin sərəncamıyla nəşr edilən redaktorlarından və tərcüməçilərindən biri olduğum, 150 cildlik “Dünya Ədəbiyyatı Kitabxanası” layihəsində kəsişdi. Vilayət müəllim səriştəsi, nüfuzu hesabına o layihədən bir neçə müəllifin kitabını tərcümə eləyə bilərdi, amma həm Azərbaycan Dillər Universitetində tərcümə fakültəsinin dekanı, pedaqoq kimi işlərinin çox olduğunu, həm də səhhətindəki bəzi problemlərin mövcudluğunu əsas gətirib yalnız Henrix Böllün “Seçilmiş əsərləri”ni götürdü, “Bir təlxəyin düşüncələri” romanını və hekayələrini seçdi, işini səbirlə, peşəkarlıqla gördü. Həmişə də deyirdi, tərcümə tələskənliyi sevmir, çünki söz seçimində tərcüməçinin məsuliyyəti müəllifin məsuliyyətindən çoxdur, müəllifdə bədahətən olan bir proses tərcüməçidə düşünülmüş şəkildə gedir.

Elə o günlərdə də, dostlaşdıq, doğmalaşdıq, tez-tez ədəbiyyat, tərcümə, gündəm məsələləri ətrafında söhbətlərimiz oldu, üstəlik, ortaq layihə də düşündük, Avstriya nəsrindən seçmələr bir antologiyada toplamağı qərara aldıq. Vilayət müəllim özünəxas səbirlə müəllifləri müəyyənləşdirdi, dilimizə çevrilmiş əsərlərin siyahısını tərtib elədi, payıma düşən yazıçılarıın yaradıcılıq xüsusiyyətlərini başa saldı. Hətta layihəylə bağlı Avstriyanın Bakıdakı səfirinin yanında da olduq, ona Vilayət Hacıyevə hörmətin miqyasını daha aydın gördüm.

Həmin vaxtlar Vilayət müəllim “Qanun” nəşriyyatı üçün Frans Kafkanın “Məhkəmə” romanını, Ziqfrid Lentsin, Haynrix Böllün, Ştefan Svayqın nəsrindən seçmələri çevirsə də, üzüərinə görürdüyü işi vaxtında gördü. Amma təəssüf ki, o layihə gerçəkləməmiş qaldı.

***

Vilayət Hacıyevlə yolumuz bir də yeni yaradılan Azərbaycan Dövlət Tərcümə Mərkəzində kəsişdi. Mərkəzin sədri, Xalq yazıçısı Afaq Məsud yetərincə peşəkar tərcüməçiləri – Saday Budaqlı, Etimad Başkeçid, Mahir Qarayev, Yaşar, İlqar Əlfioğlu, Zahid Sarıtorpaq, Salam... – öz ətrafına toplaya bilmişdi, Vilayət Hacıyev də əvvəlcə Elmi Şuranın üzvü, 2017-2020-ci illərdə də sədr müavini kimi, biliyini və təcrübəsini əsirgəmədi, almandilli ədəbiyyatın Azərbaycanda, Azərbaycan ədəbiyyatının isə Almaniya, Avstriya, Çexiya, İngiltərə, Fransada təbliği üçün əlaqə və imkanlarından istifadə elədi. Bu illər ərzində də yaradıcılığından qalmadı, ayrıca kitab şəklində və “Xəzər” jurnalında Haynrix Böllün “Və bircə kəlmə də demədi”, “Kişisiz ev”, Mixael Kumpfmüllerin “Həyatın möhtəşəmliyi”, Daniel Keelmanın “Dünyanın arşını” romanlarını, Avstriya yazıçılarının hekayələrindən ibarət “Kafkadan Rilkeyə qədər” toplusunu nəşr etdirdi.

Məsələ mətnin, tərcümə prinsiplərinin, sözün üstünə gələndə, ünsiyyətimizdə yaş fərqini heç vaxt hiss etdirməyən təmkinli, sakit, mehriban Vilayət Hacıyevi tanımaq olmurdu, bir andaca dəyişir, çevirdiyi əsəri, hər cümləni, hər kəlməni fədakarcasına müdafiə eləyirdi. Onun redaktorla işi həmişə çətin, əziyyətli keçirdi, bəzən də ixtilafa səbəb olurdu, amma bundan heç də darılmırdı. Vilayət müəllimin uzun illər ərzində formalaşmış tərcümə prinsipləri vardı. Deyirdi, “...başqa bir dilin qəlibində hazırlanmış mətni, yəni güzgünü parçalayıb tamamilə başqa bir dilin – fərqi yoxdur, ona bir az yaxın da ola bilər, çox uzaq da – qəlibində təzədən yığırsan. Belə olan halda bilməlisən ki, o hansı materialdan hazırlanıb, necə hazırlanıb və ən əsası da özündə nəyi və necə əks etdirib. Yazıçını yaxşı tanımadan, yaradıcılıq manerasına bələd olmadan, əsərin qayəsini tutmadan, yarandığı dövrü bilmədən onu necə yaxşı tərcümə edə bilərsən?! Deməli, ilkin hazırlıq, necə deyərlər, onu özün üçün “doğmalaşdırmaq” mütləq lazımdır”.

Vilayət Hacıyevin başqa qələm sahiblərində, xüsusilə də tərcüməçilərdə nadir hallarda rast gəlinən bir cəhəti də vardı: o, çevirdiyi mətnlərə əxlaq prizmasından da baxır, qəbul elədiyi ölçülərə uyğun gəlməyən mətnlərə yaxın durmurdu. Bu da, görünür, tərbiyəsindən və çox sevdiyi pedaqoq peşəsindən qaynaqlanırdı. Məsələn, deyirdi, “Qünter Qrassın dünya şöhrətli “Tənəkə təbil” romanını çətinliyinə görə deyil, başqa səbəbə görə tərcümə edə bilmədim. Bilmirəm, səhvdir ya düzdür, bacarmadım... Mən müəlliməm, tələbələrim var, onların ordakı bəzi səhnələri mənim tərcümə etdiyimi düşünəndə hansı fikirlərə düşəcəkləri həmişə qarşımı kəsib. Ola bilsin, kimsə bunu primitiv düşüncə tərzi hesab eləyəcək, ancaq özümü məcbur eləyə bilmədim...”

Vilayət Hacıyev tərcüməçi həmkarlarına münasibəti də əxlaq ölçüləri çərçivəsindən kənara çıxmırdı. Kimsəni pisləməz, necə deyərlər, “yıxıb-sürüməyə” meyil göstərməzdi, əksinə, “çətin və naşükür” peşəylə məşğul olanlara anlayışla yanaşırdı. Deyirdi, “istər nəzəriyyə, istərsə də praktika göstərir ki, mükəmməl tərcümə yoxdur və belə olan halda kiminsə tərcüməsini qiymətləndirmək etik normaya sığmır. Yəni mənim tərcümələrimdə də kifayət qədər çatışmazlıqlar, yayınmalar var, ona görə də kiminsə haqqında “pis tərcümə edir” demək istəmirəm. Məslə burasındadır ki, bəzi tərcüməşilər fikri deyil, sözü tərcümə edirlər, hər hansı bir ifadə, deyim tərzinin Azərbaycan dilində yad səsləndiyinə fikir vermirlər. Bəzən tərcümə mətnində fikri tutmaq üçün cümləni bir neçə dəfə oxumalı olursan. Halbuki, tərcüməçi iş prosesində fikri tutmaq üçün cümləni bir neçə dəfə oxuya bilər, oxucu isə onu bircə dəfə oxumalıdır. Dili zorlamaq olmaz…”

***

Vilayət Hacıyev, az qala, yarım əsr sürən tərcüməçilik fəaliyyətinə görə haqqını alıbmı?

F.Kafkanın “Məhkəmə” romanını tərcüməsinə görə 2012-ci ildə Avstriyanın “Tərcümə Mükafatı”na, AJB-nin Toiq Bayram adına mükafatına layiq görülmüşdü…

Haynrix Böllün “Kişisiz ev” romanının tərcüməsinə görə 2019-cu ildə respublika Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə” mükafatını qazanmışdı…

Uzunmüddətli və səmərəli tərcüməçilik fəaliyyətinə görə 2020-ci ildə ona Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Fəxri Diplom” u təqdim olunmuşdu…

Avstriya-Azərbaycan mədəni əlaqələrinin inkişafında, Avstriya ədəbiyyatının tədqiqində və eləcə də onun Azərbaycan dilinə tərcümə işində qazandığı nailiyyətlərə görə “Avstriyanın elm və incəsənət sahəsində I dərəcəli fəxri xaç” ordeni ilə təltif edilmişdi...

2020-ci ildə, 70 illik yubileyində haqqı olan “Əməkdar mədəniyyət işçisi” fəxri adına təqdim ediləcəyini gözləyirdik, amma belə şey üçün əl-ayağa düşmək onun kitabında yox idi, AYB-dən də səs çıxmadı…

Gedəndə fincanını mənə bağışlamışdı, zarafatla, “Əminəm ki, bunu da tərcümə estafaeti kimi qoruyacaqsan”, - demişdi…

Səhhətiylə bağlı Mərkəzdəki işindən ayrılsa da, əlaqəsini kəsmirdi, biz də unutmurduq, fürsət tapan kimi işığına yığışırdıq…

Yaddaşımızda elə işıq kimi də qaldı…

Aprel, 2023.

# 1988 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #