88-dən başlayır, atəşkəslə bitir... – Nərgiz Cabbarlıdan roman tənqidi

88-dən başlayır, atəşkəslə bitir... – Nərgiz Cabbarlıdan roman tənqidi
1 yanvar 2021
# 16:31

Kulis.az tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının 2019-cu ildə dərc edilmiş romanlar əsasında yazdığı "Roman janrının hüdudsuz ekperiment imkanları... ...bu imkanların reallaşan və reallaşa bilməyən nəticələri" adlı məqaləsini təqdim edir.

əvvəli burda

Ötən il dərc edilən ənənəvi romanlardan biri də Əjdər Olun “Lo” romanı idi. Roman XX əsrin sonlarında, daha dəqiqi, 80-ci illərin axırlarında Azərbaycanda baş verən ictima-siyasi hadisələrə, azadlıq mübarizəsinə həsr edilib.

Əslində, Azərbaycan tarixinin bu əhəmiyyətli mərhələsi indiyə qədər romanlara əsasən epizodik hallarda gətirilmişdir. Xüsusilə də həmin hadisələrin iştirakçılarının real həyatda yaşadıqları sonrakı müqəddərat, siyasi anlamda uğradıqları fiasko nə onların fəaliyyətinin obyektiv dəyərləndirilməsinə, nə də ədəbi mətnlərdə, xüsüsuilə də romanlarda o dövrün obyektiv təsvirinin yaradılmasına imkan vermirdi. “Lo” romanı dövrə, hadisələrə loyal, bitərəf və ən əsası, soyuqqanlı yanaşması ilə “alınmış roman”a çevrilə bildi. Əlbəttə, bu “soyuqqanlılıq” romanın bədii-emosional təsir gücündən müəyyən qədərini öz “ağuşunda” boğmuş oldu. Amma bununla belə, “müəllif vəziyyətdən ən optilam çıxış yolunu (hələlik!) tapa bildi”, demək mümkündür.

Əslində, öz canlı tarixi personajları, fiqurları, xarakterləri, epizodik obrazları ilə birlikdə “canlı roman” yazan Əjdər Ol böyük cəsarət nümayiş etdirib. Çünki hər zaman yazıçılarımızın canında bu hadisələr, müxalifət, iqtidar, siyasi oyunlar, siyasi prosesin mənzərəsi, üstəgəl “hansısa reallığı verərsəm, birdən müxalifət tərəfdarı kimi görünə bilərəm, verməsəm, kimlərinsə rolunu daha çox şişirtmiş olaram” qorxusu olub. Bundan başqa, bu personajların, fiqurların, xarakterlərin hər biri müasir baxışdan çox ziddiyyətlidir.

Müəllif ziddiyyəti göstərməklə bərabər, dəyərləndirmə aparmamaqda tapıb öz obyektiv mövqeyini. Sadəcə, təsvir edib, göstərib, xatırladıb, amma qiymətləndirməyib. Məsələn, hadisələrin düz mərkəzində olan Bəxtiyar Vahabzadənin obrazı yaradılarkən onun yalnız çox müsbət bir tərəfini deyil, xarakterik cizgilərin toplusunu verib.

Eyni zamanda, onun elə bir mənfi xüsusiyyətini qeyd edib ki, artıq oxucu Əjdər Olu subyektiv bir yanaşmada günahlandıra bilmir. Xalqın naminə Bəxtiyar Vahabzadə bunu etdi, televiziya partladıldığı zaman rus generalının üzünə tüpürdü, yeri gələndə özünü zərbə altına qoydu... Amma eyni zamanda da... Məsələn, şair nəyəsə söz verdi, o söz yaddaşlarda qaldı, amma sözünün üstündə durmadı, dediyini etmədi... Yazıçı bu məqamda personajlara qiymət vermir, sadəcə, təsvir edir, təqdim edir. Bu çox vacib xüsusiyyətdir. Hadisə, situasiya, mimika, jest, personajın rəftarı və reaksiyası... özü danışır. Müəllif yox. Onun dəyərləndirməsi olsaydı, əksinə, mətn korlanardı.

“Lo”da biz yarı roman, yarı publisistik əsər kimi görünən, postmodern roman elementlərindən yararlanmanın diqqət çəkdiyi, bəzi anlamda, xüsusilə təhkiyəsi ilə ənənəvi romanı xatırladan, metaroman elementləri müşahidə edilən və s. bir mətnlə üz-üzəyik. Hərçənd bu əsəri “ənənəvi roman” adlandırdıq, lakin ülsub baxımından ənənəvi görünən mətn struktur baxımından belə deyil. Ənənəvi romanda olan bölmələr, fəsillər, keçidlər burada yoxdur.

Məsələn, qəhrəman nənəsinin portretini yaratdığı yerdə birdən-birə keçir 88-ci ilin, 90-cı illərin əvvəllərinin hadisələrinə... Tutaq ki, cinayətkar Babayardan danışdığı məqamda birdən-birə hadisələrin içərisindəncə heç bir keçidsiz-filansız başqa bir hadisəyə adlayır və... normal bir adlama olur... Oxucu zaman, məkan, hadisə, mühit dəyişikliyindən narahatlıq yaşamır. Keçidlərin olmaması ona maneçilik törətmir. Adaptasiya tez baş verir... Və xüsusi hazırlıq da tələb etmir.

Kitab LO (canlı roman) | Əjdər Ol | 9789952367058 | Alinino.az

Əjdər Ol bu əsərində xalq obrazını yaratmağa çalışıb. Azadlıq hərəkatının bir çox iştirakçılarını burada görmək mümkündür... Bir personaj kimi özü, qardaşı, nənəsi, ən əsası, başqa tarixi simalar – şairlər, yazıçılar, siyasətçilər... onun yaratdığı bütün bir xalqı ifadə edən simvolik bir xalq obrazı deyil. Gerçək mənada xalqdır – öz fərdləri, nümayəndələri, vətəndaşları və vətəndaş ola bilməyənləri ilə...

Romanda müəllif əsərin bir obrazı kimi çıxış edir. Bir obraz kimi danışır. Və oxucu onun “obrazlığına” alışır. Lakin çox maraqlıdır ki, aradabir məhz müəllif kimi, məhz Əjdər Ol kimi çox bariz şəkildə görünür. Xüsusilə müəyyən məqamlarda baş verən mətnə ironik müdaxiləsi ilə. Bəlkə də, elə qarışıqlıq bir az da bu məqamda meydana çıxır. Yazıçı, ədəbi portretlərində olduğu kimi, bu romanda da müəyyən məqamlarda öz yazıçı “mən”inə mane ola bilmir, bu müdaxilələrə yol verir. Halbuki,özünü mətndən çox uzun müddət uzaq tuta bilir. Müdaxilə anında isə, əksinə, personajlıqdan uzaqlaşır. Bu da romandakı təzadlı məqamlardan biri kimi diqqəti dərhal çəkir.

Roman bir bütün, bir tam kimi alınmış olsa da, daxilində özünü çox bariz şəkildə büruzə verən kiçik hekayə süjetləri var... Xarakterik portretlər də həmçinin... Bu süjetlər romanın ümumi süjet xəttinə, inkişf dinamikasına “qarışdırıla” bilsə də, yenə də oxucu “yaxşı hekayədir” fikrindən yan keçmir.

Romanda publisistik yük onun ümumilikdə bədii mətn kimi qəbul edilməsinə mane olmasa da, müəyyən məqamlarda ağırlaşmasına səbəb olur. Hətta bəzi məqamlarda baş verən informativ yüklənmələr də bu ağırlaşmaya xidmət edir.Müəllif xüsusilə də dövrün mənzərəsini yaratmaq istədikdə daha xarakterik informasiyalar verilməsinə çalışır. Təbii ki, bu, onun mənzərəni tam olaraqyaratmaq cəhdi ilə bağlıdır. Lakin bəzən böyük həqiqətlər ətraflı təfərrüatlarda deyil, ötəri, xırda detallarda da gizlənə bilər.

Romanda “hadisələrin montajı” metodundan da istifadə edilib. Babayarla bağlı hadisələr, cinayətkar mühitinin təsviri roman süjeti ilə birbaşa deyil, dolayı bir əlaqəlidir daşıyır. O süjetlərin əsas süjetə “montajı” mətninin ümumi stixiyasına tam daxil ola bilməsə də, eyni dövr və eyni mühitin fərqli rakursları kimi maraq doğurur. Əfqanıstanla bağlı hadisələr də həmçinin. Hətta dağılmaqda olan sovet ölkəsinin dağılma başlanğıcı kimi, ilkin hadisələrin ilkin mərhələsi kimi məhz bu hadisələrin “çıxış nöqtəsi” kimi götürülməsi gözlənilməz olsa da, fərqli təəssürat bağışlasa da, əsassız görünmür. Amma cinayətkar mühiti, oğurluqla bağlı hadisələrin təsviri romanın əsas xətti ilə tam çulğalaşa bilmir. Nə qədər maraqlı olsa da...

Yazıçının uğurunu təmin edən xüsusiyyətlərdən biri də budur ki, o, dövrlə, mühitlə bağlı elə xarakterik xüsusiyyətlər və detallar verir ki, istər-istəməz yaddaşa çökə bilir. Məsələn, heç vaxt övladlarını qucaqlamayan atanın o ağır günlərdə bunu etməsi kimi... Yaxud kəsilmiş qolla bağlı xətt... Həm realdır, həm xarakterik, həm də yaddaqalan. Onun təəssüratı uzun zaman oxucunun yaddaşından silinmir. Çünki bu cür “kəsilmiş qol arayışı”, “hansısa bədən üzvündən doğma bir adamı tanıma” səhnəsi, dəfn edilən “tək qollar, tək qıçlar” məsələsi yaşanmış, unudulmamış, canlı təəssüratları təkrarən “ağrıda”, “qanada” bilir.

Canlı, tənha, sahibini axtaran, tapa bilməyən, azmış bədən üzvü özü roman olacaq gücə malik bir tapıntıdır...

Romanda memuar elementləri də çoxdur. Müəllif “mənim üçün roman 88-ci ildə başlayır və atəşkəsdə bitir”, - deyir və həqiqətən də, roman özü bir mərhələdir və başladığı zaman Tarixin təsdiqlədiyi faktdır. Amma atəşkəslə bitməsi bizim düşüncəmizə görə, mətnə, haradasa, yarımçıqlıq təəssüratı verir. Hadisələrin məhz bu hadisələrə dirənməsi romanın tamamlanmadığı effektini daşıyır. Düzdür, atəşkəs, həqiqətən də, hansısa bir mərhələnin bitməsi idi. Amma roman sonluğu kimi atəşkəsin seçilməsi bəzən əsərlərin sonuna yazılan “davamı var” təəssüratını yaradır.

Bu, bəlkə də, simvolik bir mənalandırma adlandırıla bilər. Axı, həqiqətdə baş vermiş real hadisələrin gedişatı, diktəsi var. Biz qalib bir dövlət, qalib bir xalq deyilik, atəşkəsi hələ də qurbanlar, şəhidlər verə-verə yaşayırıq. Lakin romanda təsvir edilən o cür emosional yaşantıların məntiqi sonluğu kimi “atəşkəs” yerinə düşmür. Tamamlama alınmır. Emosional sönməyə gətirib çıxarır. Oxucu bunu yaşayır. Emosiya ilə başlayan azadlıq mücadiləsi və əldə olunan atəşkəsin ağrısı şəklində duyulur bütün mətn. Bununla belə, bu roman fakt bolluğu, dövrün, hadisələrin, yaşantıların real təsviri və emosional yükünü ötürməsi ilə özünə iz aça bilmiş bir mətndir.

***

Ötən il Aydın Talıbzadənin “Ramana” romanı da dərc edilib. Ümumiyyətlə, Azərbaycan romanının müasir mərhələsində bu yazıçının və əsərlərinin izi danılmazdır və hər zaman tənqidçiləri də, ədəbiyyat tarixçilərini də özü haqqında danışmağa vadar edəcək.

Roman tamamlanmamış olsa da, öz dili, yaratdığı dolğun xarakterləri, tipi, təsvirləri, çox orijinal və dəqiq, hədəfə dəyən təsvir vasitələri ilə diqqətimizi çəkdi və öz davamını gözlətdirir. Xüsusilə də yazıçının dərin fəlsəfi mühakimələrinin, fərqli, özünəməxsus düşüncə və qənaətlərinin mətnə hopdurması, bu “düşüncə yükü” ilə “bədii mətn” arasında ideal bir əlaqə-bağ qura bilməsi onun yaratdığı mətnlər üzərində xüsusi təhlillərin aparılmasını, həmçinin, roman yaradıcılığında mövcud olan bu “qarışdıra bilməmə” probleminin optimal həll variantı kimi bir çox yazıçılara tövsiyə olunmasını diktə edir.

***

2019-cu ildə dərc edilən romanlar Azərbaycan romanının inkişaf istiqamətində əsaslı addımlar atıldığını göstərdi. İstər forma-struktur, istərsə də mövzu-problematika cəhətdən yeniliklərə imza atmaq cəhdləri, aparılan eksperimentlər bir çox mətnlərdə öz müsbət nəticəsini verdi. Bu isə roman yaradıcılığında fərqli texnoloji yanaşmaların meydana çıxması, əsaslandırılması deməkdir.

Son

# 2575 dəfə oxunub

Müəllifin son yazıları

# # #