Kulis.az Nərgiz Cabbarlının "Oyanmış ruhun gözəlliyi" adlı yeni yazısını təqdim edir.
Qazananlara və yaşadanlara EŞQ olsun!
Bütün müharibələr kimi, Qarabağ savaşı da təkcə ruhumuza, taleyimizə, ömür yolumuza qara ləkə salmadı, həm də mənəvi dünyamızın güzgüsü olan ədəbiyyatımızda silinməz izlər qoydu. Göz yaşının, ağrının, çıxılmazlığın, itkinin izlərini... Buna görə də savaşın ilk illərində yaşanan coşqu ədəbiyyatımızda öz yerini zaman keçdikcə sönmüş, öləzimiş cəsarətə, susmuş igidliyə, Yaşanan deyil, Arzulanan Qələbəyə verdi. Ədəbi mətnlərdə bir obraz olaraq “döyüşkən xalq”ın yerini “məzlum xalq”, “haqqı tapdanan xalq”, “qalibiyyəti qazandıracaq qəhrəmanını arayan xalq” almağa başladı. Hətta sonuncusu ilk ikisindən daha az gözə dəydi... Və Ədəbiyyatımızda nə qədər arasaq da, coşan, çağlayan Ruhun deyil, silkinməsi, silkinib də ayılması gərəkən Ruhun varlığını gördük. Bu isə təsadüf deyildi. Bu, qanunauyğunluq idi. O Ruhun oyanmağa, oyadılmağa ehtiyacı vardı. Həm də təkcə ədəbiyyatda yox! Bu Oyanma Həyatda baş verməli idi ki, Sözə də yansısın. Yəni... O coşan ruhun Sözümüzdə görünməsi üçün yaşaması, yaşadılması lazımmış...
Mən bu igidləri ilk dəfə Nigar Həsənzadənin “İgidlərin sözü” layihəsində – “Muğam teatrı”nda, Vətən müharibəsinin ilk il dönümündə görmüş, dinləmişdim. Hər kəs kimi ayaq üstə alqışlamışdım. Həm igidliklərinə, yaşatdıqları Zəfərə, həm də Sözə gətirdikləri Qələbəyə görə! Sonra azad edilmiş Şuşada yaddaqalan “Vaqif poeziya günləri”ndə o sözlərdəki coşqunun bir daha şahidi oldum. Və bu zaman yaşananla ötürülən, ötürülənlə duyulan (zəfər!) və bir daha təkrarən yaşanan duyğular arasında elə bir qəribə uyğunluq, ahəng hiss etdim ki, sözlə ifadə edilməsi zor... Onu da anladım ki, bu şeirləri fərqli, təsirli, anlamlı edən həm də səhnədə – göz önündə olan Qəhrəmanlığın obrazıdır! Canlı Döyüşün simvoluna çevrilmiş Canlı ruhlardır! O misraları ifadə edən səslərdə duyulan yaşanmışlıq, ağrıdır! Şeirlə igidliyin, poetika ilə şücaətin bir ahəngdə birləşməsi, qovuşmasıdır! Qələbə yaşadan, Qələbə bağışlayan, Qürur verən Əsgər obrazı ilə yaşanan qürurun bir müstəvidə – Şeirdə çulğalaşmasıdır! Amma bu dərketmənin arxasında poetikanın, istedadın, şeiriyyətin varlığı, diriliyi də bir Fakt kimi göz önünə gətirilməsə, olmaz.
Məsələn, İkinci Qarabağ müharibəsi iştirakçısı, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş
Oğuz Alparslanın adının möhtəşəmliyi ilə bərabər ruhunun gücünü də əks etdirən şeirində olduğu kimi:
Azadlığa gedən o yol, cığır mənəm, o iz mənəm!
Sönməyən o çıraq mənəm, o köz mənəm!
Hər qarışı qana doymuş bu torpağın fədaisi,
Çiçəkləri Şəhid qoxan Vətən mənəm!
Vətən üçün candan keçən, qandan keçən,
Şəhid olub qayasında bitən mənəm!
Nəsiminin “Zərrə mənəm, Günəş mənəm!” misralarının tanış, təkrar intonasiyanın arasından boy verən “Çiçəkləri şəhid qoxan Vətən” obrazının gözəlliyi, əzizliyi, təsirliliyi danılmazdır. Onun arxasından boylanan əsgərin – döyüşçünün – şairin misralarında təsvir edilən “hər qarışı qana doymuş torpaq” obrazı isə süni patetikadan uzaqdır. Canlıdır. Nəfəs alır, kükrəyir. Bu misralarda o kükrəyişin, o coşqunun dinamikasını da, dalğalanmasını də dəqiq duyur və görürsən. Sözlərdə nə qədər pafos olsa da, bu, süni, yalançı pafos deyil. Gerçək bir canatmanın, şığımanın, sıçrayışın görüntüsüdür! Və ən əsası, artıq sübuta, təsdiqə ehtiyacı yoxdur. Öz təsdiq möhürünü alıbdır. Bu şeirdə hətta qəfil dəyişən tonallıq, qəfil fərqli intonasiya ladına adlayış belə səni narahat etmir. Hətta “Mamır olub qayasında bitərdim” misrasının dogma, tanış ifadəsi boy verdiyi məqamda da “daşlaşmış bir obrazın” yeni çalar qazanmış variantı – versiyası tələbə uyğun şəkildə dəyişdiyi üçün çox təbii səslənir.
Mən əsgərəm!
Azərbaycan əsgəri!
Sinəsini torpağına sipər tutan,
Yağılara qan udduran əsgərəm mən!
Yumuruqları dəmir olan,
Al bayrağa salam verən əsgərəm mən!
Mən əsgərəm!
Al günəşdən qüvvət alar tunc bədənim.
Torpağıma göz qoyanın boynuna qılıncdır əlim!
Sadə sözlərin canlı birləşməsi, canlı ifadəsi arasından ucalan “Al bayrağa salam verən əsgər” obrazı nə qədər qürurvericidirsə, bu anın gözəlliyinə qarışan “Torpağıma göz qoyanın boynuna qılıncdır əlim” misrası bir o qədər inandırıcıdır. Eyni zamanda da yeni, ruhu haradasa hələ ki bir az gizli qalan, tam açılmayan, özünü tam göstərməyən bir poetik istedadın varlığını pıçıldayır. O şücaətli, iddialı haraya bu “pıçıltı” nə qədər zidd görünsə də, bu birləşmədən sonra maraqlı bir təəssürat yadda qalır. Qürur verən, doğmalıq duyulan bir təəssürat:
Mən əsgərəm!
Ulu Türkün xilaskarı o boz qurdun özüyəm mən!
Qarabağın zənguləsi, azad yurdun səsiyəm mən!
Mən Şəhidəm, bir şanlı zəfər şəhidi!
Mən Şahidəm, bir şanlı tarix şahidi!
Eyni anda həm Şəhid, həm Şahid ruhunu bir bədəndə birləşdirən şairin, əsas odur ki, bu qürurun ifadəsinə haqqı çatır. Böyük mənəvi haqqı!
Bu şeirlərdə səslənən iddiadır həm də onları sevdirən. Cəsarətdir, qorxmazlıqdır. İllərlə arzulanan, artıq qələbə ilə birləşdiyindən oxucuya sevinc yaşadan bir iddia! O iddia uğruna çıxılan yol, gedilən savaş müqəddəsdir! Bu yolu bilə-bilə, sevə-sevə, qürurula Ölümə doğru addımlayan insanlar qarşısında baş əyiləcək qədər böyükdürlər. Amma bu böyüklük bu şeirlərdə deyilmir, sözə gətirilmir, sadəcə, çıxılan yolun ağrısı və ağırlığı, bir də duyulan şərəfi, qüruru şəklində təsvir edilir. “Müqəddəs” deyilib qabardılmadan... Füzuli, Cəbrayıl, Xocavənd, Xocalı, Şuşa kəndlərinin azad olunması uğrunda döyüşən, "Vətən Müharibəsi iştirakçısı", “Hərbi xidmətdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmiş
Emin Pirinin “Sən azadsan” şeirində olduğu kimi:
Saçımda anamın xınası,
yolların ayaqlarımçün duası,
gözlərimdə hələ bizim olmayan uzaqlıq
deyir:
Sən azadsan!
Sən azadsan!
Elə bircə “gözlərimdə hələ bizim olmayan uzaqlıq” ifadəsi belə bu canatmanın böyüklüyünü, içdənliyini ifadə etməyə qadirdir. Elə bircə bu poetik görüntü belə “Bizim olmayan uzaqlığ”ın müqəddəslik, əlçatmazlıq xüsusiyyətini, arzu edilən azadlığın böyüklüyünü, həsrətini, ona canatmanın yanğısını ifadə etməyə yetir! Başlanan yolun gətirəcəyi “Sən azadsan!” harayını o uzaqlığa çatdıra bilmək arzusunun ululuğunu ifadə etmək üçün bəs edir. Bir də analardan başqa yollar da dua deyir onu tapdalaya-tapdalaya gələn doğma ayaqlar üçün... Çox dəqiq bir təəssürat, çox incə bir detaldır. Ümumiyyətlə, müasir şeirimizdə bu cür kiçik detallarla böyük mahiyyətlər və mənalar ifadə etmək ənənəsi maraqlı bir tendensiyaya çevrilib. Bu misrada olduğu kimi.
Sanki insan gözləri önündə doğma torlaqlara ayaq basan əsgərlərə: “Gələn ayaqlarınıza qurban olum” duasını pıçıldayaraq onlara doğru uzanan, qollarını açan yolları, cığırları görürsən.
Bu misralarda müharibənin – qələbəyə doğru uzanan və gedilən yolların təsviri var. Bir ucunda doğma və yenidən qazanılan torpağın öz doğma balasına bağışlaya biləcəyi, “mükafatlandıra” biləcəyi Ölüm belə bu şeirlərdə canlı-canlı nəfəs alır. Amma bu Ölüm “qorxu” rəngində deyil. Dəhşət saçmır. Ondan danışanı sanki heç silkələmir də. Maraqlı olan da budur. Bu şeirlərdə Ölüm üzərinə gözü açıq gedilən reallıq donundadır. Qəbullanılan mümkünlük rəngindədir: artıq adidir, sadədir, gözləniləndir...
Ayaqlarım cığırlara yalvarır:
QARABAĞ,
biz sənin övladınıq,
ilk dəfə gördüyün övladlar.
At ayaqlarımızdan uzağa
bətnində gizlətdiyin minaları.
Biz illərdir şeirimizdə də, nəsirimizdə də daha çox cəbhənin bu üzündə – arxada qarşılanan şəhid övladlarının yuyunduğu göz yaşlarını gördük. Həm də yaşadıq. Ədəbiyyatımızda da torpaq itkisinin burada – arxa cəbhədə yaşanan ağrısına daha çox şahidlik – yuvalıq etdik. Qazilərin yazdığı bu şeirləri sevdirən və fərqli edən isə bu “müharibə aysberqi”nin o üzündən görünən və poetik şəkildə göstərilən həqiqətlərdir. Yaşanan və yaşadılan duyğulardır. “Biz sənin övladınıq” deyərək qoynunda (Ananın qoynunda!) onu gözləyən Ölümün varlığını bilən, lakin ölümə deyil, “üzünü görmədiyin övlad” qismində Anaya doğru can atan, bu qovuşma anının sevinci üçün ölümü belə gözə alan Qəhrəmanın doğmasına ünvanladığı sözlər çox təsirlidir: öz doğmalığını, əzizliyinı xatırlatmağa çalışan əsgər obrazı şair yanaşmasının, yaradılan təsvirin orijinallığı ilə yadda qalır: “At ayaqlarımızdan uzağa bətnində gizlətdiyin minaları”... Sanki sətiraltında gizlənmiş: “Mən düşmən deyiləm, ana, yad deyiləm, balanam” pıçıltısını duyursan. Bu pıçlltını eşidib də Ananın “minaları kənara atıb” balasına qucaq açacağı anı sən də bir oxucu kimi böyük səbirsizliklə gözləyirsən.
...Burda ulduzlarla deyil,
hər minamyot mərmisiylə sayırıq
yarım qalan ümidləri,
anaların göz yaşını.
bir döyüşçü sevgilisinin
bətnində ölən arzusunu.
Şeirdə “Yarım qalan ümudlər”, “anaların göz yaşı”, “döyüşçü sevgilisinin” həm də “bətnində ölən arzusu”nun (keçid!) atılan minamyot mərmilərinin sayı ilə tən gələn qədəri də təsəvvür edilən olsa da, eyni zamanda da ifadə baxımından maraqlıdır, fərqlidir... Bu da o aysberqin varlığı təxmin edilən, amma durduğumuz yerdən görünməyən üzü kimidir. Şeirə gətirilərək “görünənlik” xüsusiyyəti qazanır. Və bu misraları oxuduqca (dinlədikcə!) anlayırsan ki, bütün bunların şeirdə canlı ifadəsinin alınması üçün yaşanmışlıq vacib imiş.
Formamda şəhid qardaşlarımın qanı,
gözlərimdə 44 gecənin yuxusuzluğu,
bir az həyəcan, bir az da
sevinc tərinə qarışan geyimim.
Təqvimdəki “8 noyabr”
Qarabağ torpağıyla, palçığıyla
büsbütün vətənləşən bədənimiz
və
bizi gözləyən Azərbaycan
meydanlarda, ürəklərdə, gözləriylə hayqırır:
Sən azadsan!
Sən azadsan!
Bu şeirləri fərqli edən bir də odur ki, onlarda “vətənləşən bədənlər” öz (ifadə!) gözəlliyi ilə, sözün əsl mənasında, görünən olur. Amma eyni zamanda da qazanılmış qələbənin işığında göründüyü üçün daha inandırıcı, daha təsirli, daha qürurverici alınır. Çünki müharibənin bizim üçün görünmədiyi bir müstəvisində yaşanan, dünyanı başına alan hayqırışlar belə məhz yaşanmışlıqla təsvir edildiyi, məhz o rakursdan sözə gətirildiyi üçün daha böyük bir dəyər qazanır. Yaxud bu yaşanmışlıqdır ki, Kərəm Əlizadənin şeirinə Dədə Qorqud “havası” ilə səsləşən alqış sədalarını qatır və süni görünmür...
Qələbə işığında bir başqa anlam, bir başqa dəyər qazanır:
Yumruq olduq, əzdik düsmən başını,
Bu dövlətə, bu millətə eşq ola!
Baş Komandan, nə yaxşı ki, varsınız,
Seçdiyiniz siyasətə eşq ola!
Qazilərin yaradıcılığında diqqəti çəkən, “müharibə aysberqi”nin görünməyən tərəfində şəhidlərin dilindən səslənən sözlər daha təsirlidir. Bir səbəbi də o şəhidliklərə şahidlik edən qəhrəmanların şeirlərində ifadə edilməsidir... Müharibə veteranı, “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuş Orxan Səlifovun “Mən şəhid olmuşam, ölməmişəm ki...” şeiri şəhidin dilindən səslənən ən maraqlı nümunələrdəndir. Və bu dəfə bu mətni maraqlı edən müəllifin hansısa fərqli, qeyri-adi bir poetik tapıntısı, poetik ifadəsi yox, real görüntünü “şəkilləşdirmək”, “fotolaşdırmaq” bacarığıdır. Sanki onunla birlikdə o fotoya sən də “tamaşa edirsən”:
Mən bu gün şəhidəm, qan içindəyəm,
Ölüm başım üstə günahım kimi.
Yıxılıb, qalmışam səngər icində,
Sahibsiz, boş qalan silahım kimi..
Mən şəhid olmuşam, ölməmişəm ki,
Tanrı şərəf yazdı taleyimizə.
Şəhidlik ən uca zirvə sayılır,
Həmin o zirvədən baxacam sizə.
Siz də üzülməyin, mən üzülmürəm,
Axı öz arzuma çatıram bu gün.
Torpağın üstündə gəzəsiz deyə,
Torpağın altında yatıram bu gün.
Mən öldüm, nə qaldı məndən geriyə?
Bir məzarım qalıb, hər yanı daşlı.
Tozlu cəkmələrim, qanlı paltarım,
Hə, bir də anamın gözləri yaşlı...
Bu şeirlərin hər birində ana obrazı görünən və görünməyən planlarda mövcuddur. Diridir. Ağrısı ilə, göz yaşı ilə öz Varlığını hər addımda qoruyur, yada salır, unudulmağa aman vermir. Amma maraqlıdır ki, arxa cəbhədə yaranan şeirlərdəki “Şəhid anası” obrazları ilə qazilərin şeirlərində boy verən Şəhid anaları belə fərqlidir. Bu şeirlərdə o nalələr görünmür. O ağrılar təsvirə gətirilmir. Bu şeirlərdə o analar belə Qürur geyimində, Fəxr donundadır. Göz yaşı tökməsinə izn verilməz bir Ana tək görünür. “Fizulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə ”medalları ilə təltif olunmuş Kərəm Əlizadənin “Şəhid” şeirində isə Ana-Şəhid sevgisi “məzar üzərinə düzülən çiçəklər”lə simvollaşdırılır.
İndi qəbrin üstə anan gül düzür,
Dünyadan cənnətə yol alan ŞƏHİD,
Neçə gül borcu var ananın sənə,
Hər il anasına gül alan ŞƏHİD…
Bu şeirlərdə müharibənin gerçək üzünün görünməsi gözləniləndir. Amma bu təkcə qəhrəmanlığı, şücaəti ilə deyil, həm də çox insani bir duyğu olan qorxusu ilə görünür... Məsələn, Vətən müharibəsi iştirakçısı, “Füzulinin azad olunmasına görə” medalına layiq görülmüş Elvin Məmmədlinin “On iki oktyabr” şeirində bütün əsgərlərin qorxusu elə bir şəkildə təsvir edilib ki, o qorxuya şərik çıxmamaq mümkün deyil. Amma bir fərqlə - bu da Ölüm qorxusu deyil. Ölümün belə bəzi məqamlarda Əsgər üçün Hədiyyə olacaq qədər dəyərli görünməsinin yaratdığı, yaşatdığı qorxudur. Müharibənin gerçək üzünə yol alır:
Ölüm qorxusu deyil,
Əsir düşmək qorxusudur
Qorxusuz müharibənin dərd tərəfi –
On iki oktyabr,
Füzuli,
İki daşın arasında tora düşdük iki dağın arasında:
Ermənidir dörd tərəfi...
Rabitə xətlərindən aslı qalıb komandir:
Kömək edin, cənab polkovnik-leytenant,
Kömək göndərin bizə;
Etibarsız çıxdı rabitə daşı...
Təki Vətən sağ olsun,
Çıxarın daraqları –
İçindən hərə bir güllə götürsün atsın cibə,
Ola bilsin, oldu bizlər üçün son müharibə…
Amma yuxarıda da qeyd etdiyim kimi, qorxu gözlənilən, adiləşən, gözü açıq üzərinə gedilən reallıq donundadır. Qəbullanılan mümkünlük rəngindədir: artıq adidir, sadədir, gözləniləndir... Şəhidlikdən deyir, əsirlikdəndir. Və yalnız onu yaşamış Söz adamı yalnız o anın yaşatdığı qorxunun təsiri altında şeirdə bu qədər səlis, bu qədər dəqiq bir tərif səsləndirilə bilərdi:
Mən onda bildim güllənin tərifin –
Bir dəqiqəlik sükut,
Bir ömürlük göz yaşı...
Qazilərin yazdıqları şeirlərdə misralar bəzən bax beləcə, Şeirlikdən çıxıb Tərif qazanır. Həm də elə bir Tərif ki, şeirimizdə uzun zaman obrazlaşmış bir şəkildə yaşamaq hüququnu da əldə etmiş olur. Bu obrazları fərqli edən şairlərin-igidlərin onlara – Ölümə, Qana, Güllləyə belə duyduqları Doğma münasibətdir. Emin Pirini “Sağ qalan varmı?! şeirində “fevral şaxtasında üşüyən və isinməyə əsgər sinəsi axtaran güllə” kimi...
Əsgər sinəsi axtarır
isinməyə
fevral şaxtasından
üşüyən güllə.
Hər əsgər tabutu
bir ağ gəlinliklə köçər…
Əsgər deyil,
sevən qızın arzularını
götürüb gedər
hər atılan güllə...
Bu “doğmalıq” bəzən elə bir hədd alır ki, sanki gözlərin önündə o gülləyə qucaq açan əsgəri, onun “ağ gəlinliyə bürünəcək tabutu”nu belə adi, sadə bir Barışıqla qarşılayan Cəsarətini, Sakitliyini, Müdrikliyini görürsən.
Qazilərin şeirlərində bir soyuq, donuq münasibət də gördüm yaşadıqları və yaşadacıqları ağrılara. Sanki bədəndən çıxmış bir ruh ölüm üçün ağlayan insanları öz laqeyd varlığı ilə izləməkdədir. Amma eyni zamanda da bu şeirlərdə gördüyümüz, duyduğumu bu soyuqluq olmasaydı, bəlkə də, ölümün üzərinə belə asanlıqla atlayışlar da olmazdı...
Əlbəttə, qazilərin şeirləri yalnız Müharibənin soyuq üzünü ifadə etməklə məhdudlaşmır. Bəzi məqamlarda, bəzi anlarda araya elə bir həssas, incə Münasibət girir ki, bu Böyük ruhların incinə, ağrıya, həssaslaşa biləcəyi anları görürsən. Sanki onları narahat edən, həyəcanlandıran özləri, ölümlə üz-üzə olmaları yox, burada qalan taleyinə “müharibə uşağı” olmaq yazılmış “balaca adamlar”ın yaşantılarıdır. Həsən Kürün “Qərənfil” şeirində deyilir:
– Qızım, sənin adın nə?
– Mənim adım Qərənfil.
– Gözünə qurban olum,
darıxırsan elə bil.
– Atamı gözləyirəm.
– Atan hardadır məgər?
– Müharibəyə gedib,
o döyüşür gecələr.
– Nə vaxt gedibdir atan,
gecikdiyi çoxdurmu?
– Çoxdur, əmican, çoxdur.
– Ananın da atandan
bir xəbəri yoxdurmu?
– Anam indi işdədir.
– Qızım, harda işləyir?
– Anam çox mehribandır,
yarpaqları çox sevir,
səhərdən-axşamacan
onları təmizləyir.
İlk intonasiyasından “Yavrum, sənin adın nə?” yada düşsə də, sonrakı misralardan yadda qalan artıq şeirdəki səmimi bir axıcılıq, rəvanlıq, təbiilikdir. Sanki “birnəfəsə” yazılmış misralar elə bu şəkildə də “söhbət” əsnasında yaranıb – yaradılmayıb. Hətta “səhərdən axşamacan yarpaq təmizləyən” ananın görüntüsü (əslində, böyük sosial bir problem!) misralar arasında, sadəcə, gizlədilib. Özü də qəribə bir utancaqlıqla.
– Yaxşı, mehriban anan
atandan bir söz demir?
– Demir, əmican, demir,
daha yollara baxmır,
daha onu gözləmir.
Mən dünən çox ağladım
gecə yatmazdan öncə.
Anamın nə etdiyin
izləyirdim gizlicə.
Atamın divardakı
şəklini qucaqlayıb,
belə deyirdi, əmi:
“Mən necə böyüdəcəm
Atasız bu yetimi?!”.
Bütün bu gedişatın uşaq tərəfindən dərk edilən və yaradılan Rəsmi insanı sarsıdır: “Mən necə böyüdəcəm atasız bu yetimi?!” Bu, bir kəlmə ilə böyük mətləblərin ifadəsi təsirli, sarsıdıcı, hətta dağıdıcıdır...
Eyni təəssüratı müharibəyə gedən yolun başlanğıcını Cavid Əlioğlunun “Səsinə” şeirində görürük. Tək istedadlı misraları ilə deyil, eyni zamanda da ifası, pafosu, həyəcan dolu səsi ilə də yadda qalan bu “cılız görünüşlü” bədəndə necə böyük bir Ruh kükrədiyi köksləri qabartmaya bilməzdi. Amma bu
Böyük Ruh məhz yarım qalmış, qırılmış laylay səsinin ağrısı altında çilikləndiyini, sarsıldığını dilə gətirə bilir:
Son qoyur güllə səsi, evdəki laylay səsinə,
Oyanır körpə uşaq bir ananın vay səsinə.
Tərpədir naləsi, altında duran öz beşiyin,
Əriyir pəncərədən gördüyümüz Ay - səsinə.
Geri aldıqca nəfəs, qışqırığın boğmadadır,
O kiçik qəlbi döyünməklə verir hay səninə.
Şeirdəki təzadlar, hüzurla – güllə səsi, laylayla – vay səsi nə qədər bir-birinə zidd olsa da, bir mətn daxilində Müharibəni əks etdirməyə kömək edir. O cənnətə gedəcək ruhların, körpələrin varlığını dünyaya çatdırmağa, göstərməyə çalışaraq sanki Sözlə nələrinsə qarşısını almaq inamını dilə gətirir.
Yerə çəkməkdədi gözlər göyün ulduzlarını,
Mərminin evdə divardan çıxaran say səsinə.
Kəfənin, ruhu bədəndən hələ çıxmaz bələyin,
Qapısın cənnətin açmaqdadı lay-lay səsinə!
Oxşar ağrını Vətən müharibəsi qazisi Nicat Ağayevin şerində də görürük. Bu dəfə də Ön yerdə Şəhiddən sonra yadigar qalan Övlad obrazıdır. Sanki bu misralarla qazı-şairlər oxucuların çiyinlərində olan məsuliyyət yükünü də xatırlatmaq, yada salmaq, unudulmamağa qoymamaq kimi bir missiya daşıyırlar:
Cənnətdəki bir ilin
Necə keçdi şəhidim?
Bizə günlər qaranlıq
Gecə keçdi şəhidim.
Sən gedəndən yanmayır
Evimizdəki ocaq.
Bilmədik heç körpəni
Necə sənsiz ovudaq?
Onun da şeirinin “havası” Həsən Kürün “havası” kimi axıcı, səmimi, “birnəfəsə”dir. Heç bir “fikir zorlaması”na, “düşüncə qəlibləməsi”nə məruz qalmır. Söhbətmiş, danışırmış kimi davam edir:
Yadına salırsanmı
Bizimlə son anları?
Su istədin tapmadım,
Su içmisənmi barı?
Orda necə baxırlar,
Torpaqdamı yatırsız?
Qış da gəlir qabaqdan
Yorğansızmı yatırsız?
Sağollaşaq, şəhidim
Çox vaxtını almayım.
Arada gəl yuxuma
Çox nigaran qalmayım.
Görəndə salamlayın
Şəhidlərin ağasın.
Halal edin bizlərə
Bu Vətənin havasın.
Göründüyü kimi, qazilər öz şeilərində yaşanmış müharibəni hər üzü ilə göstərə bilirlər. Hər rakursdan və hər dərinliyinə qədər. Bu isə Azərbaycan şeirinə tam fərqli və gözlənilməz bir keyfiyyət qatır. Açığı – gözlənilən, uzun zamandır olmayan bir keyfiyyət: yaşanmışlıq.
Qazilərin şeirləri arasında ən çox bəyəndiklərimdən biri Qayıdışın havasını, sevincini duyuran Eyvaz Əyyubun “Salam ata yurdum, ana ocağım…” şeiridir. Müharibə başlayan kimi könüllü olaraq cəbhəyə yollanan, cəbhənin müxtəlif istiqamətlərində, eyni zamanda Suqovuşanın və Ağdamın alınmasında iştirak edən şairin şeirində elə bir həzin, doğma, təbii bir ahəng var ki, xalq şeirinin ruhu ilə bərabər yaşanan ağrının, həsrətin elə bir tərənnümü verilir ki, oxucu özünü daşla, ağacla, torpaqla bu söhbətə şahidlik edirmiş kimi hiss edir. Bu salamlaşma otu, dağı, daşı doğma insan – həm də əvəzedilməz, unudulmaz, aranan doğma insan obrazına salır.
Salam, ay illərin həsrəti, salam,
Bizsiz darıxmısan, hövsələn darmı?!
Salam, ev içində bitən gül, çiçək,
Bizi kənd etməyə həvəsin varmı?
Sanki gözlərimizin önündə, həqiqətən də, tənha qalmış yurd yerini basmış kol-kosun arasında bitən gül-çiçək boy verir. Amma vacib odur ki, həmdərdə, həmsöhbətə kol-kos deyil, gül-çiçək çevrilir. Yəni çiçəkləyən, pardaqlanan Ümid dönür. Şairin o Sevinc anında görə və duya bildiyi də ancaq bu ola bilərdi....
Salam, ata yurdum, ana ocagım,
İllərin həsrəti bitdi, gəlirik.
Sən bizsiz, biz sənsiz çox darıxmışıq,
Vüsal arzusuna yetdi, gəlirik.
Bu həsrətin sona yetdiyi anın sevinci təsvir edilən misralarda ana-bala, ocaq-övladın doğmalıqla salamlaşması, qucaqlaşması Görünür: “Salam, "Səngər" qala, salam, daş evim, Balan üşüyübdü, qucagını aç” sözlərindən sonra bu həsrət anının sona yetdiyi məqamı sən də müəlliflə birlikdə yaşaya bilirsən...
Gizli cığırları bağlayan ağac,
Bizi düşmənlərdən qorumaq çətin.
Yerimə bitmisən evin içində,
Ağacı olaydım bu məmləkətin.
Bu qaya babama necə oxşayır,
Dözümü, qüruru görürəm onda.
Biz yurdu sahibsiz qoyub gələndə,
"Mən çıxıb getmərəm" demişdi onda.
Sanki oxucu da şairlə birlikdə, onunla yan-yana dolaşdığı cığırları dolaşır, görüşdüyü ağacla, otla salamlaşır. Xatirələrin hərarətinə isinir, amma eyni zamanda da arzuların, planların, ümidlərin ardınca düşür.
Salam, dar cığırlar, yol verin keçim,
Əyilim torpaqdan öpüm, barışaq.
Balan bil, qoynuna gəlmişəm sənin,
Böyüklük səndədir , gəl qucaqlaşaq.
Salam, buz bulaqlar, kövsər bulaqlar,
Həsrətdən qaynayıb coşdun, bilirəm.
Sinəndən tökülən göz yaşlarındır,
Nə qədər qəm, kədər çəkdin bilirəm.
Bəlkə, qazi şeirlərində ən çox diqqət çəkən də elə bu idi – səmimi, içdən gələn ana-bala, Vətən-bala, Torpaq-bala münasibəti. Bu münasibət heç yad, qurama görünmür. Xüsusilə də bu şeirdə: “Əyilim torpaqdan öpüm, barışaq” kimi könül alan bir müraciət qədər bu doğmalığı və həsrəti ifadə edən misra çətin ki, olaydı...
Otuz ilə qədər keşik çəkdiniz
Sağolun, bu evin yiyəsi gəlib.
Oğlum qaya, qızım çiçək, anam su,
Paslı qılıncların tiyəsi gəlib...
Qazilərin şeirləri Vətən şeirləridir. Öz poetik gözəlliyidən, gücündən başqa, həm də səmimiyyəti ilə yadda qaldılar. Şuşada səsləndirildiyi zaman sözdəki qəhrəmanlıqla həyatdakı qəhrəmanlığın poetik vəhdətini gördükdən sonra “daha başqa şairlərin şeir oxumağına dəyməz” dedi bir çoxları. Və bu təkcə əsgər deyil, həm də əsgər şeiri qarşısında yaşanan susqunluq idi. Ona haqqı olanın verilməsi idi. Çünki bu şeirlər Vətən torpağı qarşısında ən böyük sevgi etirafı idi... Qarabağ qazisi, "Füzulinin azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuş Səbuhi Qurbanovun şeiri kimi:
Bu elə eşq idi ki, aşiqi-məşuq misalı,
Çəkir hər dəm, hər an insanı Vətən torpağına.
"Mənbə: "Azərbaycan" jurnalı"