Kulis.az tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının 2019-cu ildə dərc edilmiş romanlar əsasında yazdığı "Roman janrının hüdudsuz ekperiment imkanları... ...bu imkanların reallaşan və reallaşa bilməyən nəticələri" adlı məqaləsini təqdim edir.
Vüsal Nurunun “Qaraqaşlı” romanı müəllifin ənənəvi təhkiyəsi və zəngin dili ilə seçilən üslubunu növbəti dəfə xatırlatsa da, bu dəfə simvolik mənalandırmadan reallıq müstəvisinə enmə daha çox duyulur (təbii ki, mövzunun özü – reallığı da bunu şərtləndirən amildir!). Amma realistik üslubda yazılmış romanda müəllif öz fərdi üslubundan gələn simvolik mənalandırma xəttindən də imtina etmir.Gerçək hadisələrin gerçək təsviri içərisində, hər şeydən əvvəl, əsərin adına çevrilmiş “Qaraqaşlı” tüfəngi simvolik məna yükü ilə obrazlaşır. Əvvəlcə itirilən, daha dəqiq desək, əldən alınan, daha sonra – İbad əsgərlikdən qaçıb öz vətənini qorumağa başlayanda isə geri qaytarılan gücün, qüvvənin, şərəfin simvolu kimi görünür. Yəni “Qaraqaşlı” mətnə təsadüfən gətirilmir. Mövsüm kişinin “Qaraqaşlı”sının məhz onun dostu Arakelin evindən çıxması da əsərdə verilən ötəri fakt deyil – xəyanətin yaxından, dost bilinən yerdən qaynaqlanmasını ifadə edir. Xüsusilə də nərəzə alınsa ki, silahları toplayan ermənilər deyil, azərbaycanlı milis işçiləri idi. Toplanan silahlar içərisində “Qaraqaşlı”nı tanıyaraq çoxdankı arzusuna çatmaq üçün onu gizlicə əldə edən Arakel olsa da.Eyni fikri əsərin əvvəlində və sonunda “boy verən” arzu, niyyət ağacı – Dağdağan ağacı haqqında da söyləmək olar. Roman – hadisələr, demək olar ki, iki xalqın, iki tərəfə aid sadə insanların bir inancını, bir dayaq nöqtəsini simvolizə edən Dağdağan ağacından başlayır. O günə qədər qoruyucu, dua qapısı olan Dağdağanın mərmi zərbəsi ilə yanması da faciələrin başlanğıc məqamı olur. İnanc yanır, dayaq nöqtəsi dağılır. Əsər boyu müəllif mətnə bir neçə simvolik obraz gətirir ki, bunlardan biri də bərəkət timsalı olan dəyirmandır.
Erməni divarını mundarladıqdan sonra darmadağın edilən dəyirman. Camaat kənddən çıxmağa başlayanda belə, hətta son məqama qədər, Mövsüm kişi onun qapısını bağlı qoymur; açır, işlədir. Çünki bu el üçün “Qaraqaşlı” qədər, Dağdağan qədər, Dəyirman da əvəzolunmazdır. Onlar varsa, kənd yaşayır – deməkdir. Qapısı bağlanan dəyirman, bərəkəti kəsilib, tifağı dağılan kəndin taleyini təmsil edir. “Yerlə göy arasında qalmaq” isə təkcə müharibənin dəhşətlərini yaşamaq, canında duymaq deyil. Təkcə ölüm mənasında başa düşülmür. Eyni zamanda, bir çox qarışıq ailələrin yaşadığı çıxılmazlığın, çarəsizliyin ifadəsidir.
Bir ailənin – Sabir müəllimin ailəsinin timsalında faciə o qədər real əks etdirilir ki, oxucu onun sevərək evləndiyi, uşaqlarının anası olan Mayranuşun timsalında yalnız ermənini deyil, insan faciəsini, çıxılmazlığını görür. Çünki ailə cəmiyyətdən (kənddən!) kənar deyil. Bu anlamda onun faciəsi ancaq öz içini dağıtmır. Sabir müəllimin qonşuların köçünə qoşduğu və etibar etdiyi arvadı onun erməni olduğunu bilən şəhid analarının əlinə düşəndə İnsan Ruhunun (və təbiətinin) Dilemması yaşanır. Nə etməli? Onu xilas etməli, yoxsa dünyası qaralmış anaların qəzəbində məhv olmasına göz yummalı? Bu tərəddüd içərisində çırpınan azərbaycanlı qonşuların yaşadığı ruh halı elə təsvir edilir ki, eyni həyəcanı oxucu da yaşayır. Və müəllifin uğuru oxucu adından özünün seçim etməməsindədir. Çünki əslində, bunun bir seçim yolu da yoxdur. Çünki bu, müharibənin çılpaq üzüdür. Müəllif onu oxucuya göstərə bilir.
Əsər bəzən roman reportaj-roman təəssüratı da bağışlayır. Sanki müəllif (mətndə o, qətiyyən görünmür və bu, çox əhəmiyyətli bir uğurdur!) qəhrəmanları ilə çiyin-çiyinə bütün hadisələrin iştirakçısıdır. Və cəbhə bölgəsindən canlı reportaj hazırlayıb. Hətta bu zaman “kameraya” çəkilən, ekrana gətirilən hər qəhrəmanının gözü ilə görülən, ruhu ilə yaşanan təsvirləri, hadisələri olduğu kimi təsvir də edə bilir. Amma iş burasındadır ki, ötəri baxışla görülən bu detallar müharibə gedən bölgənin məhz reportaj vasitəsilə ötürülə biləcək görüntüləridir. Konkret, lakonik, dəqiq təsvir edilir.
Romanı maraqlı edən məqamlardan biri də mətnin qaldırılan problemin, lokal xarakter daşısa da, qlobal olduğunu ifadə edə bilməsidir: “Doğrudanmı, dinlər fikirləşib müharibənin qarşısını ala bilməz?”
Fəlsəfi düşüncələr, mühakimələr yürütməyi sevən Vüsal Nuru bu romanında həmin yanlışlığa düşmür (digər romanlarından fərqli olaraq). Sadəcə, zəif ştrixlərlə özü həll yolu ola biləcək dinlərin, əslində, barışdırıcılıq missiyasını yerinə yetirmədiyini diqqətə çatdırır. Yuxarıda da qeyd etdiyimiz kimi, Vüsal Nuru hər zaman öz dili, təhkiyəsi ilə maraq doğuran müəllif olubdur. “Qaraqaşlı”da, əvvəlki əsərlərində olduğu kimi, sözlərin, ifadələrin, fikirlərin dolambaclara salınması, bərkə-boşa düşməsi üçün edilən xüsusi müəllif çabası hiss olunmur. Təsvirlər də, ifadələr də artıq xüsusi enerji, güc sərf edilmədən “yonulur”, cilalanır, maraqlı poetik təsvirə, ifadəyə çevrilir.
Ötən il dərc edilən romanlardan biri də əvvəlki dövrlərdə də “Yad dildə” və “Öləngi” kimi romanları ilə gündəmə gəlmiş (daha doğrusu, “bir o qədər də gələ bilməmiş”, – desək, daha doğru olar) Pərviz Cəbrayılın “Məryəm surəsi” romanıdır.
“Məryəm surəsi” magik-realist üslubda yazılıb. Postmodern estetikadan gələn mətnlərarası əlaqə burada da özünü göstərir. “Quran”dan “Məryəm surəsi”, məşhur Cəbrayılın üfürmə əhvalatı müasir müstəviyə gətirilir, lakin dekonstruktiv yanaşma ilə ilahiləşdirmədən adiləşdirmə məqamına endirilir (postmodern baxış!). Bu günün Məryəmləri (Umayları) timsalında, taleyində yeni “Məryəm surələri” yaradılır. Əvvəlki romanlarından fərqli olaraq, Pərviz Cəbrayıl bu romanda oturuşmuş, bəlli stixiyası olan yazıçı təhkiyəsi, dəqiq konstruksiyası olan roman strukturu ilə yadda qaldı. Hərçənd ki, bu romanda da, əvvəlki romanlarında olduğu kimi, “qəhrəman-müəllif-qəhrəmanın başqa bir tipi” kimi təhkiyə keçidlərində qarışıqlıq mövcud idi, hətta keçid yox idi də deyə bilərik, amma bu, romanın oxunaqlılığına, oxucunu cəlb etmək və maraq doğurmaq səviyyəsinə xələl gətirmir.
Roman bu cəmiyyətin içində var olan, haradasa gözlərimiz qarşısında baş verən, amma əksəriyyətimizin görə bilmədiyimiz, gerçəkliyini bir o qədər də duymadığımız hadisələrdən bəhs edir. Daha doğrusu, həmin hadisələrin başqa bir üzünü göstərir. Bəzən, hansısa hadisələr, informasiyalar içərisində rast gəldiyimiz, məntiqini anlaya bilmədiyimiz hadisələrin, insanlarının, tiplərinin məişətini, düşüncələrini, ruhunu və s. təqdim etməsi ilə diqqət çəkir. Tərcüməçi Dilsuz müəllim, şair Nəsimi, Umay, İsmi o mühitin azad ruhlu və ya azad olmağa çalışan insanlarıdı.
Roman pstmodern mətn olmaqla istər, obrazların adları, istər, taleləri (məsələn, Məryəmin taleyi) ilə “Məryəm surəsi”nə “göndərmələr” edir. İSA (İnsanların Sevgi Azadlığı), İsmi (Həqiqətin ismi), ASİ (Azad Seks İnqilabı) kimi adlandırmalar mahiyyətlə əlaqənin yaradılmasına yardım edən işarələrdir. Boynunda xaç gəzdirən Umayın Məryəmə çevrilməsi, sadəcə, ad dəyişmə deyildi. Umay öz kimliyini gizlətmək üçün Məryəm olmamışdı. O, taleyinin yaşatdığı, onun üçün seçdiyini adı ilə tamamlamışdı, əslində.
Romanda bir çox problemlərin maraqlı şərhləri (təkcə qaldırılması deyil!) var. Məsələn, döyüşmək istəməyən, oğlu öldürülən (həm də öz ermənisi tərəfindən), azərbaycanlılarla dost olan Vanonun əli səngərdə döyüşlərdə nə qədər azərbaycanlı qanına batsa da, İstanbulda – yad mühitdə o, düşmənlik hissini daşıya bilmir, Bakı həsrətini unuda bilmir. Məryəm (Umay) körpəlikdən etiraz ruhunda (zorlanan bir ananın bətnində) böyüyən, ana, ata sevgisindən uzaq, az qala, feminist ruhlu qız anasının taleyini yaşayır. O, əsərdə pozğun həyatı yaşayırmış kimi görünür, amma eyni zamanda, müəllif ona haqq qazandıraraq bunun belə olmadığını göstərir.
Mətn daxilində “Qızıl Xaç”ın, “İşgəncələrə qarşı beynəlxalq” təşkilatın hesabatlardan verilən parçalar müəllif missiyasına xidmət edir və mətnin ümumi axınına mənfi təsir etmir. Romanda qadın azadlığı məsələsinə müzakirə və mübahisələr doğuracaq bir yanaşma da mövcuddur.