Kulis.az Nadir Yalçının "Fransanın bayram hədiyyəsi" adlı yazısını təqdim edir.
O, sonuncu Qarabağ xanının qızı idi. Mehdiqulu xan öz anasının adını vermişdi əziz-xələf qızına. Xurşidbanu Natəvan sarayda "Dürrü yekta", yəni "Tək inci" çağırılırdı. El arasında isə, sadəcə, Xan qızı... Natəvandan söhbət açılanda Seyyid Əzimin bu misralarını xatırlayıram:
"Ey şeyx Nizami, ey nizamı dağılan,
Ey Gəncədə izzü-ehtişamı dağılan.
Olmuşmu səninlə mən təki aləmdə
Beyti, evi, məktəbi, kəlamı dağılan..."
Onun da beyti, məktəbi, kəlamı dağılmışdı. Ölümündən doxsan beş il sonra erməni daşnakları sağlığında taleyi üzünə gülməyən Natəvanın "İmarət" qəbiristanlığındakı məqbərəsini dağıtmış, qəbrini təhqir etmiş, sümüklərini məzardan çıxarıb aparmışdılar.
Təəssüf, ilin-günün bu vaxtında, Qarabağı - Xurşidbanu Natəvanın yurdunu düşmən tapdağından azad etdiyimiz, qəbrini təhqir edən vandallardan müqəddəs torpağını təmizlədiyimiz dövrdə Ermənistana dostluq, sadiqlik nümayiş etdirən bədnam Fransa yenidən keçmişi təkrarladı - Natəvanın əziz ruhunu yenidən incitdi... Görünür, bu, əqidə yoldaşlarına xas əlamət imiş.
İsmayıllı şəhəri ilə Fransanın Evian-le Bən şəhəri arasında 2015-ci ildə imzalanan dostluq və əməkdşalıq xartiyası çərçivəsində 2017-ci ildə bu şəhərdə, Leman gölü sahilində Azərbaycan parkı açılmışdı və Heydər Əliyev Fondunun dəstəyi ilə parkda görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın abidəsi ucaldılmışdı. Həmin abidənin açılışında Evian şəhəri merinin mədəniyyət işləri üzrə müavini Alən Giro "Azərtac"a müsahibəsində Fransanın anlamadığı, yaxud bilərəkdən inkar etdiyi dostluq barədə danışmışdı: "Dostluq da insanlar arasında mübadilədir. Bugünkü mürəkkəb dünyada bizi dostluq xilas edəcək. Əminəm ki, gələcəkdə daha böyük layihələri birgə həyata keçirəcəyik. Yaşasın Azərbaycan-Fransa dostluğu!"
Yaşamadı, Eldar Baxış demiş, "kəpənək doğuldu, kəpənək öldü". Çünki Fransanın fitrətində bədnamlıq var, şərə pərəstlik var. Fransada o dostluğu qorumaq üçün təpər olmadı.
Yanvarın əvvəlləri mətbuatda Natəvanın Fransadakı heykəlinə qarşı vandalizm törədilməsi barədə xəbər yayılmışdı. Söhbət 90-cı illərin əvvəlində Natəvanın heykəlini güllə-boran edən Ermənistanın dostu Fransadan gedir. Sosial şəbəkələrdə Fransanın Evian-le Bən şəhərində 2017-ci ildə ucaldılmış Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinin tezliklə götürüləcəyi ilə bağlı məlumatlar işıqlandırılmışdı. Məlum olmuşdu ki, Natəvanın heykəlinin üzərinə qırmızı boya atılıb, heykəlin mühafizəsi məqsədilə sonradan üzərinə qoruyucu örtük sarılıb. Bu yaxınlarda heykəlin örtüksüz şəkillərinin paylaşılması məsələni yenidən gündəmə gətirib.
Vaxtilə özündən 30 yaş böyük dünya şöhrətli yazıçı Aleksandr Dümanı zəkası ilə, həm də sözün əsl mənasında şahmat masasında mat edən Natəvanın heykəlinə atılan boya mədəniyyətin, keçmişin, dəyərlərin üzərinə atılan boyadır. Natəvan heç Dümanın qarşısında bürünməmişdi, amma Fransada Natəvanın heykəlini bürüdülər, simasını gizlətdilər, öz simasızlıqlarını əyan elədilər.
Xan oğlanlar xanım qızların namusunu qoruyantəki Vətənimizi yağılardan azad elədi. Həmin xan oğlanlar Xan qızının da təəssübünü çəkir, çəkəcək də. Həmin xan oğlanlar Qarabağda Dümanın da, Hüqonun da heykəlini ucaldacaq qədər genişürəklidi. Biz güllə-çiçəklə təzim edə bilirik, boya ata, ləkə yaxa bilmirik...
Fransanın 8 Mart — Beynəlxalq Qadınlar Günü ərəfəsində Xurşidbanu Natəvanın vandalizmə məruz qalmış abidəsinin “çadrasını” açıb bu miskin mənzərə ilə bizi tanış etməsi yəqin ümumidünya qadınlarına “bayram hədiyyəsi” idi. Onların gözündə insan hüquqları, qadına münasibət, sən demə, belə imiş…