"Bizim dili cəmi 50 evdə danışırlar"

"Bizim dili cəmi 50 evdə danışırlar"
13 fevral 2013
# 14:13

“Sözlü adam” - LAYİHƏ

“O qızdan ötəri gözüm çıxır”

Sizə hardan deyim, kimdən danışım, Quba-Xaçmaz səfərimdən!

Qubaya bir neçə gün əvvəl getməyi planlaşdırmışdım. Lakin əziz dostum, böyük şairimiz Şaiq Vəlinin ölümü bu səfəri xeyli ləngitdi.

Adətən, Qubaya gedəndə şair qardaşım Ramiz Qusarçaylıya zəng eləyirəm. Şair qardaşım həmişəki kimi məni çox mehriban qarşıladı.

Qubaya gəlişim Ramiz Qusarçaylının rəhbərliyi ilə fəaliyyət göstərən “Ay işığı” ədəbi birliyinin toplantısına təsadüf elədi. Məlumat kimi onu da deyim ki, dostumun 20 ildi rəhbərlik elədiyi bu ədəbi birliyin yüzdən çox yazar üzvü var. “Ay işığı”nın yığıncaqlarında Qubada, Qusarda və Xaçmazda yaşayan müxtəlif xalqların nümayəndələrindən olan, türkcə yazan yazarlar öz yaradıcılığını müzakirəyə buraxırlar. Burada türk, tat, ləzgi, lak, yəhudi, hapıt, ilaqar xalqlarına məxsus şair və yazıçıların biri-biri ilə çox mehriban davrandıqlarının şahidi oldum.

Bu dəfə “Ay işığı”nın kənardan gələn qonağı mən idim. Birlik üzvləri öz yaradıcılıqlarından nümunələr oxudular. Mən də öz şeirlərimdən bir neçəsini dedikdən sonra Birlikdəkilər məni özlərinə yaxın dost bildilər. Tədbir bitdikdən sonra parkda Birlik üzvləri ilə birgə şəkil çəkdirdik. Sonra Ramiz Qusarçaylı, lirik şeirlər müəllifi Zakir Məmməd, satirik şair Eynulla Müslüm və mən bir kafedə nahar eləyəsi olduq. Burada da öz-özünə bir şeir məclisi yarandı. Mən çay süfrəsində fürsətdən istifadə eləyib yavaş-yavaş Zakir Məmmədi suala tutdum. Zakir mənə xoş xasiyyətli, mütaliəli, işıqlı, mərifətli bir kənd müəllimi təsiri bağışlamışdı. Gülümsəyəndə üzünün bir tərəfini yana dartma jesti onun sifətini daha da yaddaqalan edirdi.

- Zakir, demək, müəllim işləyirsən, hə?

- Hə, qardaş. Mən Lenin adına Bakı Pedoqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişəm. Yəni, tərtəmiz müəlliməm. Ancaq müharibə vaxtı 1992-95-ci illərdə kənd icra nümayəndəsi olmuşam. Dövlət İncəsənət Universitetinin Quba filialında da dərs demişəm. Sonra, iki il türk liseyində müəllim işləmişəm. Özüm Əlik kəndində doğulmuşam, 56 yaşım var. Hazırda Hacıhüseynli kəndində ədəbiyyat və Azərbaycan dili fənlərindən dərs deyirəm.

- Bayaq Ramiz qardaşımız dedi ki, sənin də fərqli etnik mənsubiyyətin var.

- Biz qədim Alban tayfalarından sayılırıq. Xalqımızın adı “İlaqar”dı. Bəzi mənbələrdə bizə Laqlar da deyilir.

- Ooo! Çox maraqlıdı, bəs ilaqar dili varmı?

- Əlbəttə var!

- O dildə danışa bilirsən?

- Bəs nədi! Evdə anam-atam öz doğma dilimizdə danışıb, biz də onlardan öyrənmişik.

- Bu dildə nə qədər adam danışır?

- Bizdə təxminən üç yüzə yaxın adam bu dili özündə yaşadır. Yəni, hardasa, 50 evlik əhali. Ancaq ümumilikdə, üç minə yaxın ilaqar var. Onlar Azərbaycanın müxtəlif rayonlarına və Bakıya səpələnib.

- Bəs uşaqların bu dili yaşada bilirmi?

- Evdə həyat yoldaşımla bu dildə danışırıq. Gəlinimiz də bilir bu dili, ancaq oğlum başa düşsə də yaxşı danışa bilmir.

- Bu dildə orta məktəbin olmasını arzulayardınmı?

- Əlbəttə! Həmin məktəbdə məmnuniyyətlə dərs də deyərdim.

- Leksikonunda neçə söz ola bilər?

- Təxminən minə yaxın söz olar. O qədər də kasıb dil deyil, antonimlik, sinonimlik, omonimlik var. Azərbaycan dilindən fərqli çoxlu frazeoloji ifadələri mövcuddu.

- Bir frazeoloji ifadə deyə bilərsənmi?

- Niyə demirəm? (Bir az fikirləşir.) Məsələn, qız sevən oğlan belə deyir: “O qızdan ötəri gözüm çıxır!”

- Hə, buna bənzər ifadələr bizdə də var. Zakir bəy, özünü hansısa yurddan, xalqdan, millətdən qopmuş kimi sayırsanmı? Yəni Azərbaycan sizin üçün qürbət deyil ki?

- Nə danışırsan, qətiyyən elə düşüncəm yoxdu. Azərbaycan mənim ana yurdumdu. Bu dövləti də özümüzə doğma sayırıq. Biz alban tayfalarındanıq. Mən biləni, 26 müxtəlif dildə danışan alban tayfası mövcuddu. Bizim Əlik kəndində quyu qazılan vaxtı üst-üstə üç qat qəbirlər çıxırdı. Bu torpaqlar bizim qədim yurdumuzdu. Həm də, şəxsən mən özümü türk sayıram və bununla qürur duyuram!

- Qardaş, açığı, sənin bu sözlərin məni xeyli duyğulandırdı. Sizin dil hansı tayfanın dilinə yaxındı?

- Biz ümumilikdə qırız adlanırıq. Dilimiz hapıt dilinə yaxındı. Məsələn, Baba Vəziroğlu hapıtca danışarsa mən onu başa düşərəm. Diqqət edəndə görürsən ki, hapıt dili ilə bizim dilin arasında dialekt fərqi var. Özü də bu dildə cinslər də mövcuddu.

- Neçə övladın var?

- Üç qız, iki oğlan atasıyam. Qızlarımın hamısı ailə qurub. Onların üçü də sinif müəllimidi. İkisi Bakıda, biri isə mən işlədiyim məktəbdə dərs deyir. Bir də kiçik oğlum evlənib. Evlənməyən böyük oğlum da dil-ədəbiyyat müəllimidi.

- Şeirlərin hansı mətbu orqanlarda çap olunub?

- Mən “Ulduz”, “Azərbaycan” jurnallarında və müxtəlif qəzetlərdə şeir və məqalələrlə çıxış eləmişəm. Bu yaxınlarda “525-ci qəzet”də “Sitatlar Ramiz Qusarçaylıdandı” adlı məqaləm getdi. 1983-cü ildə “Azərbaycan gəncləri” qəzetində böyük şairimiz Hüseyn Arifin “Şeirlə açılan sabah” adlı təqdimatı ilə çap olunmağımın sevincini hələ də unutmamışam.

- Hə, Hüseyn qağa hər adamın yazdığını bəyənməzdi, yəqin şeirlərin xoşuna gəlibmiş.

- Hüseyn Arif deyəndə yadıma sizin tərəflər düşür. Sizin tərəflərdən də danışanda adamın ağlına ilk gələn saz olur. Mən özüm də saz çalıram. İsmayıl Mahi adlı bir sazbənddən üst-üstə 5 dənə saz alıb rayonumuza gətirmişəm. Bayaq deyirdim axı, mən türk oğlu türkəm.

- Çox maraqlıdı! Düzü, saz çalmağın məni bir az da heyrətləndirdi. Hansı saz havalarını sevirsən?

- Belə bilsəydim sazı evdən gətirərdim. “Ruhani”ni, “Quba Kərəmi”ni, “Misri”ni, “Dilqəmi”ni, “Orta sarıtel”i, “Baş sarıtel”i daha çox sevirəm. Tovuzda Aşıq Əli var, ondan da qara zurna alıb gətirmək istəyirəm.

- Çox gözəl! Bəs, ədəbiyyatımızda ən çox hansı imzaları sevirsən?

- Mirzə Cəlildi, Rəsul Rzadı, İsa Muğannadı, Mövlud Süleymanlıdı, Eldar Baxışdı, Ələkbər Salahzadədi, Ramiz Rövşəndi, Ramiz Qusarçaylıdı, Firuzə Məmmədlidi, Aqşindi, Zahir Əzəmətdi...

Mən, ümumiyyətlə, orta məktəb uşaqlarına həmişə bədii əsərlər oxumağı tövsiyə edir, dünya ədəbiyyatından, Mark Tvenin, Cek Londonun, Hüqonun, Dostoyevskinin, Tolstoyun müxtəlif əsərlərinin adlarını yazıb onlara verirəm ki, tapıb oxusunlar.

- Nə gözəl! Sən əsil müəllimsən! Sənin kimilər çox olsaydı, nə vardı ki!

- Təşəkkür edirəm! Mən bunu özümə borc bilirəm.

- Söhbətə görə çox sağ ol!

- Sən də sağ ol! Nə vaxt yolun Qubaya düşsə gözümüz üstə yerin var!

Kulis.az Zakir Məmmədin bir neçə şeirini təqdim edir.

Qiyamət şamı

Qiyamət qopsa da belə

Bitməz bu axşam bazarı.

Şamları yandırıb keçin,

Qaranlıqdır şam bazarı.

Şam aldım, evə apardım,

Yoxsa qiyamət qopardı.

Bu cür kim gəzib tapardı

Adamlar tapan bazarı?

Ağa deyiləm qul alım.

Gedim hardan ağıl alım?

Hansı bazara yol alım?

Hər tərəf adam bazarı.

***

Gedək gəzək yer üzünü,

Gedək Allahın böcəyi.

Baxaq, bu torpağın, daşın

Nədir bizə deyəcəyi?

Səni böcək edən Allah

Məni də adam elədi.

Dünyaya hökmünü verdi;

Bu işi xitam elədi.

Yeri bizə bağışlayan

Yer – göy arasını sevər.

Bir az qarışqasını,

Bir az arısını sevər.

Gedək gəzək yer üzünü,

Qayıdaq Allaha sarı.

Böcək, sənin günahın yox;

Bizi əfv eləsin Tanrı.

***

Daha bu qəm də çoxalıb,

Qoşun tək ard-arda gəlir.

Elə oturduğun yerdə

Gəlir, lap yollarda gəlir.

Odu sönür ocağın da.

Ev soyuyur qucağında.

Ömrün isti bir çağında,

Ya boranda, qarda gəlir.

Əli hər yetənə çatır.

Kişiyə, qadına çatır.

Elə bil, dadına çatır,

Köməyinə darda gəlir.

***

Nə bu yerdən üz çevir,

Nə üzünə ləçək tut.

Bura çiçəkli dağdır.

Qaldır, sən də çiçək tut.

Nə qabına doğrasa,

Adam ona uğrasa;

Əgər haqsa, doğrusa,

Onu sənə desək, tut.

Nə gurulda, nə çağla

Bu zamanla, bu çağla.

Bir əyrini bıçaqla,

Bu dünyayla hesab tut.

***

Bu sevginin həsrət namlı

Qatarı indi gələcək.

Dünyadan çox gizlənmişik;

Radarı indi gələcək.

Yadlaşdıq hər yad baxışla.

Allah, sən də az bağışla!

Yenə yazımız bu qışla

Qurtarıb indi gələcək.

İsinməyib oda, közə

Könül verdik əhdə, sözə.

Haqq verib haqq işimizə

Bu Tanrı indi gələcək.

# 6376 dəfə oxunub

Müəllifin son yazıları

# # #