Yazarın “istəmirəm” oyunu

Yazarın “istəmirəm” oyunu
25 aprel 2011
# 10:52
Bu yaxınlarda “Azadlıq” radiosunun “Pen klub” verilişinə dəvət olunmuşdum. Verilişin aparıcısı İlqar Rəsul mənə təxminən belə bir sual verdi: “Yazıçılar Birliyinə gənc bir yazar sədr seçilərsə nə dəyişər?”

Elə bu sualı bəhanə eləyib burada bəzi məqamlara toxunmaq istəyirəm. Əvvəla, yaranandan bu yana AYB-yə heç vaxt sədr seçki yolu ilə gəlməyib, onu həmişə yuxarıdan təyin eləyiblər.

Sovet dövründə yazıçılar birlikləri hər bir sovet respublikasında təsis edilmişdi. Mərkəzi Komitənin qurultaylarında ədəbiyyat üçün xüsusi yaradıcılıq planları təyin edilirdi. Yəni sovet yazıçısı nədən yazmalı olduğunu qurultaylar müəyyənləşdirirdi.

Bədii əsərdə sosializm quruculuğu mədh edilməli, bədxahları ifşa olunmalı idi. Ona görə Yazıçılar Birlikləri böyük bir nazirlikdən də əhəmiyyətli sayılırdı.

“Natəvan” klubunda yazarların əsərlərinin müzakirəsində Mərkəzi Komitənin nümayəndələri, KQB xəfiyyələri açıq və gizlin şəkildə mütləq iştirak edirdi. Qəzet və jurnalların məsul katibləri bir qayda olaraq KQB ilə bağlı adamlar olurdu.

Sovetlər birliyi dağılandan sonra Yazıçılar Birlikləri tədricən Moskvada oturan ağasından ayrıldı. Bizim Yazıçılar Birliyi öz əvvəlki ağasından ayrılsa da yenidən öz hakimiyyətimizdən təmənna götürərək ondan asılı vəziyyətdə qaldı.

Ölkənin bütün təsərrüfat sahələrində struktur dəyişsə də burada vəziyyət dəyişmədi. Yazıçılar Birliyi müstəqillik adlandırdığımız dövrdə də köləlik dövrünün modelini özündə saxladı. Burada indi də sədr yuxarıdan təyin olunur.

İndi də Birliyin ədəbi orqanları hakimiyyətə yamaq kimidi. Birliyin “Ədəbiyyat” qəzeti köhnə “Kənd soveti” qəzetini xatırladır. Digər ədəbi orqanlarda – jurnallarda dərc olunan ədəbi məhsulların mövzusu yenə də hakimiyyətin mədhindən o tərəfə keçə bilməyən yalan-palanlardı.

Belə götürəndə, Birlik öz nizamnaməsinə görə qeyri hökumət təşkilatıdı. Lakin sirr deyil ki, Birliyin bütün maliyyəsi hakimiyyətdən gəlir. Heç bir tender elan olunmamış, heç bir yaradıcılıq yarışları, rəqabətlər qurulmamış hakimiyyətin birbaşa birliyə maliyyə ayırması qanun pozuntusudu.

Bu halda nizamnaməsi dəyişməli, Birlik dövlət orqanı kimi sənədləşməlidi. İndiki halda isə buradakı yazıçılar diktator hakimiyyətindən asılı qeyri azad insan yığınıdı.

Yazının əvvəlinə qayıdıram. Burada demokratik seçki olmasa gənc bir yazar birliyə necə sədr seçilə bilər? Yaxud, azad qələmi olan gənc bir yazarın belə Birliklərdə nə iti azıb?

Bir neçə həftə bundan qabaq Birliyin sədri Anar öz müsahibəsində demişdi ki, növbəti qurultayda namizədliyimi verməyəcəm. Birlik haqda söz-söhbətlər də buna görə gündəmə gəlib. Birlik üzvlərini maraq bürüdü, görəsən, Anar sədr olmasa yerinə kimi gətirə bilərlər.

Qəzetlərdə, saytlarda Birliyin katibi Rəşad Məciddən və “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəylidən müəyyən əks sədalar eşidildi. Sədr olmaq arzularını tezcə biruzə verdilər.

Lakin bu iddiaları eşidən hər bir Birlik üzvü düşüncəsində Rəşadın və Elçinin yuxarıdan təyin olunma şansını ölçdülər. Yəni, görəsən, Rəşadın, yaxud Elçinin arxasında duran hakimiyyət adamı onu Birliyə sədr təyin elətdirə bilərmi? Əksəriyyət isə bu hesablamalarda dedektiv yazar Çingiz Abdullayevin təyinatını real saydı. Çünki, bir dəfə İlham Əliyev demişdi, Çingiz Abdullayevi maraqla oxuyur.

Lakin burda bir dənə “no” var. Birliyin 20 illik sədri Anar həmişə qurultayqabağı dövriyyəyə belə söhbət buraxır. Hər dəfə sədrlikdən bezib-usandığından söz açır, vəzifəsindən getmək istəyini dilə gətirir. Lakin öz hakimiyyətini uzatmaq üçün qurultayların vaxtını aylarla, illərlə uzadır.

Tərs kimi, “xalq” da həmişə onu “seçir.” Anar hər qurultayda sədrliyə namizədliyini qurduğu bayağı ssenari üzrə camaata minnət qoyaraq irəli sürdürür. Qocaman yazar sədr olmaq “istəmir”, lakin onu minlərlə Birlik üzvlərinin arasından seçib təyin elədiyi qurultay nümayəndələri “zorla” sədr seçir.

Əslində, Anar həqiqətən sədrlikdən getmək istəsə və hakimiyyət onu buraxmaq istəməsə o, heç yana gedə bilməz. Yaxud, hakimiyyət Anarı təyin eləməsə o, heç vaxt qurultayda sədr “seçilə” bilməz.

Belə ki, Birliyə sədr gəlmək istəyən yazarlar heç də vaxtından əvvəl sevinməsin, bu da qocaman yazarın qurultayqabağı növbəti manevri ola bilər.

Türkmənbaşı da prezident olmaq “istəmirdi”, lakin türkmən xalqı öz dəyərli oğlunu gizləndiyi taxtın altından zorla dartıb çıxararaq onu özlərinə yenidən prezident “seçirdi”...
# 3618 dəfə oxunub

Müəllifin son yazıları

# # #