Kulis.az Mətləb Ağanın şeirlərini yeni redaktədə təqdim edir.
***
Səhər səndən açılır,
gün batır sən tərəfdən...
nə yazsam, “sən” çıxırsan
otuz iki hərfdən...
...“sən”sən on iki dəfə
saatdakı rəqəmlər...
yolda min kərə hər gün
çıxır qarşıma “sən”lər...
... baxıram - hər yerdəsən,
sənsən bu boyda ölkə...
elə o əsən külək,
ya da bu isti bəlkə...
...bir tək sənə yaraşır
bu yay bütün geyimlər...
səndəndi- nə oxusam;
hekayələr, şeirlər...
...söhbətlərdə birinci
sənin adın çəkilir...
rəssamlar nə çəkirsə,
tək bir qadın çəkilir...
...amma bir söz demişdim,
anlamadım deyirsən:
“bir - güzgüdə gördüyün
o qadın sən deyilsən...”
***
Bax - yenə də bürküdür,
şəhərin hər qarışı...
külək də yox, biləsən,
ağaclar nə danışır...
...pəncərədə bütün gün
günəşin qürub çağı...
...qarışdırır hər şeyi,
zalım vaxtın barmağı...
...saatı da gün vurub,
ağır-ağır tərpənir...
arabir lap çaşarsan:
“mənəm bu adam, yəni?!”
...nə desələr, susarsan:
“düzünü Allah bilər...”
...özünü inandırıb,
yaşayarsan bax belə...
...təzələyər havanı
arabir köhnə şəklin...
şükür, o da olmasa,
boğulub öləcəkdim...
...məndən məktub alarsan,
bu axşam tək bir sətir:
“havalar lap çox qızır,
yenə bir şəkil gətir...”
***
Bir addım o tərəfdə
gecənin qaranlığı...
...belə olur - təkliyin
yoxsul firavanlığı...
...acıq verir keçmişə
saatın çıqqıltısı
hər gün xatirələrin
ölür beşi-altısı...
...adın da unudulub,
getdiyin neçə gündü...
mən də dəyişməmişəm,
nə varsa - gördüyündü...
...özün şahidi oldun;
uzun çəkmir bu işlər...
düz deyil yazılanlar,
yalandır, nə demişlər...
...ancaq bir zəng vur indi,
ya bir məktub yaz bu gün:
“mən bir azdan gəlirəm,
yuxudur bu gördüyün...”
***
Baxdığın bir tavandır,
fikirləşdiyin bir o...
səssizliyi hürküdür
hərdən köhnə radio...
hey fırlanır özüyçün
saatın əqrəbləri...
haçandı unutmusan
ovcundakı həbləri....
tozlu, köhnə şəkillər
döşəmədə dincəlir...
sanki filmə baxırsan
- kədərli, işgəncəli...
nə qədər görəcəksən,
sən bu ağ- qara filmi:
rolda tək bir nəfərdi,
ölüb qurtara bilmir...
***
Lap az qalıb sabaha,
gedənlər - yığışırlar...
hərdənbir qaranlığa
gülüb keçir maşınlar...
lap uzaqda bir qatar
cırır öz yaxasını...
...bəlkə səhər gec olar,
indi tutum yasını?..
səndən bir tək xəbər yox,
“ölüsən, sağsan”- deyim?
“beş gün keçsə aradan
unudacağsan”- deyim...
dünən deyildi bəlkə,
min ildi burda yoxsan...
yəqin səni görərəm,
durub güzgüyə baxsam...
bəlkə burda olarsan,
saatı geri çəksəm...
...ya, “sən” desəm, özünü
yanımda görəcəksən...
...deyəcəksən: “çox şükür,
nə yaxşı ki, çağırdın...
mən min ildi oturub,
səninçün darıxırdım...”
***
Yağış kəsdi deyəsən,
küçələr də susdular...
işıqlar yenə bir-bir
gecəyə uduzdular...
…stol üstündə şəklin
düşüb üzüstə qalıb...
otağda nəfəsindən
hələ də isti qalıb...
…yəqin sən də bilirsən;
üç gün, beş gün…bitəcək…
sonra eyni şey olur,
ya adam ol, ya böcək…
…tökülür üst-başından
sonda illərin pası…
xatirəylə başlayır
ölümün əlifbası….
…bu gün bağışlanarsan,
sabah əfv öyrənərsən…
o verdiyim kitabı
hərf-hərf öyrənərsən…
***
Bayırda soyuq gecə-
yəni - qaranlıq, hüzün...
döyəcləyir saatlar
yorulmuş ömrümüzü...
dilsiz-ağızsız sükut
danışdırır təkliyi...
ikimizin şəklimiz
yenə məni təkləyir...
...pəncərədən otağa
tökülür yağış səsi...
səndən bir ümid qalıb,
onu da bu qış kəsir...
havanın da elə bil
üzü dönüb bu axşam...
işıqlar da şəhərdə
yenə sönüb bu axşam...
...bundan belə fərqi yox,
bilirik mən də, sən də...
...bir azdan işıqları
yanacaq şəhərin də...
***
Çox dəyişib bu şəhər,
yolu, parkı, dənizi...
görən, sonuncu dəfə
kim görüb burda bizi?..
...hardasan bu dəqiqə,
neyləmisən özünü?
karıxıb, güzgülərdən
gizlədirsən üzünü...
...çəkilib bir tərəfdə
özünçün qocalırsan...
bilirəm, təkbaşına
bizdən heyif alırsan...
...qarımış xatirələr
bir bucaqda can verər...
...heç bir nəfər də yoxdur,
yerimi nişan verə...
"...zəng də çatmırdı sənə,
harda idin səhərdən?.."
"səni, məni gəzirdim,
biz olmayan şəhərdə..."