Dino Bussati, Alber Kamyu və Mirmehdi Ağaoğlunu nə birləşdirir? - TƏHLİL

Dino Bussati, Alber Kamyu və Mirmehdi Ağaoğlunu nə birləşdirir? - <span style="color:red;">TƏHLİL
27 avqust 2017
# 11:00

Kulis.az Mətanət Vahidin "Tatar çölündə küləyi dişləmək" məqaləsini təqdim edir.

Covanni Droqo ilə “Tatar çölü”ndən keçən hər bir oxucu mütləq öz həyatı haqqında düşünür, lap bircə anlıq olsa belə, “Bəs mənim həyat seçimim doğrudurmu?” – sualı ətrafında fikir yürüdür. Çünki italyan yazarın romanı oxucunun həyatına güzgü tutur, düşünməyə sövq edir. Fərqinə varırsan ki, sən yaşadığını, hansısa məramlar uğrunda mübarizə apardığını düşünərkən, əslində, həyat yanından ötüb keçir, günlər qum saatındakı qum kimi axıb gedir. Droqo hər gününü sabah baş verəcək döyüşü gözləməklə keçirir və bu gün keçmişə çevrildiyi zaman yerində heç nə qalmır. Beləcə düz otuz il...

Əsər boyu bir gözlənti, “nəsə baş verəcək, nəsə olmalıdır” deyə olacaqların həsrəti oxucunu müşayiət edir. Dino Bussati oxucunu sarsıdır; elə mən də uzun müddətdir ki, bu romanın təsirindən yaxa qurtara bilmirəm. Yazarın qurtuluşu isə yazıdadır...

Bu kitabı oxuyub bitirdikdən sonra bir sual məni düşündürürdü: onu ömrünün dördüncü onilliyi xırdalanan bir oxucu deyil, 20 yaşlarında birisi oxusa, eyni hisləri yaşayarmı, eyni dərəcədə bədbinliyə qapılmağına səbəb olarmı? Həyatını yüksək ideallara sərf etməyə hazır olan hərkəsmi sonunda illərlə Sizif əməyi ilə məşğul olduğunu düşünüb peşmanlıq duyğusu keçirir? Hələ söz adamları... Onlar sözlə həm işləyir, həm də dincəlirlər. Sözün onlara qazandırdığının mənəvi tərəfi qat-qat ağır gələndə bəzən usanır, sözdən küsürlər, üz çevirib gedəcək qədər asiləşirlər. Ədəbiyyata, sözün həqiqi mənasında aşiq olan nə qədər adam tanıyıram ki, məhz bu sahə ilə məşğul olduğuna görə həyatları olduqca acınacaqlı keçir. Amma nə bu sevdadan dönə bilirlər, nə də bu sevda onlara arzusunda olduqları hüzuru verir. Pozuq yaddaşım məni yanıltmırsa, Orxan Pamukun şah əsərində təxminən belə bir fikir oxumuşdum: sevdiyin sənəti peşəyə çevirmə ki, ondan istədiyin qazancı əldə edə bilməyəndə sevgin nifrətə çevrilməsin. Amma sözüm bunda deyil...

İnsan həyatının, fəaliyyətinin simvoluna dönən Sizif mifi dünya yazarlarının birbaşa, yaxud dolayı şəkildə üz tutduğu bir mövzudur. Bu barədə ən məşhur və yaddaqalan əsər Alber Kamyunun “Sizif haqqında mif” absurd essesidir.

Kamyu deyir ki, təpəyə, ucaya qalxmaq uğrunda mübarizə insan qəlbini doldurmaq üçün kifayətdir; odur ki, Sizifi gərək bəxtiyar sanasan. Onun şərhinə görə, insanın taleyi öz əlindədir, qisməti əməllərinin məhsuludur: “Sizifin sezilməz sevinci burasındaymış. Onun qisməti ona məxsusdur. Daş onun əmlakıdır.” Demək, insan bilərəkdən və ya bilməyərəkdən tale yolunu, əslində, özü müəyyənləşdirir. Bəzən gördüyü iş insana xoşbəxtlik gətirməsə də, yorucu, bezdirici, hətta alçaldıcı olsa da, buna dözür, boyun əyir – çünki alışır. Bəlkə də, insan üçün yaşadıqlarına alışmaq qabiliyyəti qədər böyük bir bədbəxtlik yoxdur. Ona lazım olsa da, olmasa da, sevinc bəxş etsə də, etməsə də, “mənimdir” deyə biləcəyindən bərk yapışır və imtina etməyə çətinlik çəkir...

İnqilab ədəbiyyatının görkəmli nümayəndələrindən olan yazıçı-dramaturq Stefan Jeromskiy “Sizif əməyi” povestində polşalı gənclərin azadlıq ruhunun qırılması cəhdlərindən bəhs edir. Əsərin əsasında gənclik illərində müəllifin və silahdaşlarının başına gələn hadisələr dayanır. XIX əsrin ikinci yarısında Polşada aparılan ruslaşma siyasətinə qarşı gənclərin etirazı və bu yolda çəkilən bəhrəsiz zəhmətlər Sizif əməyi kimi dəyərləndirilir.

Səmərəsiz əmək motivi F.Dostoyevskinin “Ölü evdən qeydlər” romanında da qabardılıb. Məhkumların işindən bəhs edilərkən bu əməyin ağırlığı onun məcburi və əsas da faydasız olması ilə əlaqələndirilir: “Bir dəfə ağlıma gəldi, əgər adamı tamamilə əzmək, məhv etmək, ona ən dəhşətli cəza vermək istəsələr, onda işə tamamilə lazımsızlıq və mənasızlıq səciyyəsi vermək kifayətdir ki, ən dəhşətli qatil belə ondan lərzəyə gəlsin və qorxsun.” Müəllif bu qənaətdədir ki, əgər katorqa işçisinə yer qazmaq, suvaq vurmaq, kərpic kəsmək kimi hər hansı bir faydası toxunacaq iş deyil, tamamilə mənasız, məsələn, suyu bir çəlləkdən o birinə boşaltmaq, bir yığın torpağı bir yerdən başqa yerə və oradan da geriyə gətirmək kimi işlər tapşırılsaydı, onda məhbus boğulardı: elə bir cinayət törədərdi ki, lap ölüm cəzası alsın, təki bu alçaldılmadan canı qurtarsın.

Gənc yazar Mirmehdi Ağaoğlunun qəhrəmanı Asif də çox dözmür, gördüyü işə bir gün etiraz edir. Lakin bir neçə günlük karserə salınandan, oradakı əziyyətləri görəndən sonra yenə əvvəlki məqsədsiz, məramsız işinin başına dönməyi seçir. Bu əsərin qəhrəmanı da bir Sizifdir – general qızına vurulan, onunla yaxınlıq edən və bu səbəbdən mənasız, əzablı bir işlə cəzalanan...

“Küləyi dişləyən” memuar-hekayəsi ədəbiyyatımızda Sizif əməyi haqqında bu səviyyədə yazılmış yeganə əsərdir. Asifin cəzası min dənə daşı qırx addım o tərəfdə qalaqlamaq, sonra yenidən daşıyıb yerinə gətirmək və bu işi hər gün beləcə təkrarlamaqdır. Heç bir ağıl, düşüncə sərf etmədən, azacıq da olsa, dəyişiklik etmək hüququna malik olmadan hər gün eyni əhəmiyyətsiz, faydasız işi görməkdən daha ağır cəza ola bilərdimi?! “Allahlar ona da əmin idilər ki, yer üzündə xeyirsiz və hədər zəhmət qədərincə ağır cəza yoxdur.” Bunu essesində Kamyu deyir...

Günlər keçdikcə Asif özünün bu mənasız işinə elə alışır ki, tərxis olunacağı gün yaxında olsa da, nə mülki həyatının xəyallarını qurur, nə də ailəsini, sevgilisini, dostlarını düşünür. Hər gecə həyəcanla sabahın gəlməsini gözləyir ki, yenidən işinin başına dönsün. Hər kəs tərxis sevincini yaşarkən Asifi yalnız bu mənasız işi sevindirir. Hətta zabit və çavuş nəzarəti artıq bitsə də, o, səhər yeməyindən dərhal sonra dinməz-söyləməz öz daşlarının yanına gəlir. Bundan sonra nə işlə məşğul olacağı sualı Asifi kövrəldib ağladır. Tərxis olunduğu gün daşlarına baxıb qərar verir: “Evə çatan günün səhərindən başlayaraq bənna yanında iş axtarmağa başlayacam. Əvvəl kəndimizin, sonra ətraf kəndlərin, daha sonra rayonumuzun daşlarını daşıyacam. Artıq rayonda daşımağa bir şey qalmayanda isə Bakıya gələcək, tikilən göydələnlərin daşlarını daşıyacam!” Xilasedici dəstə Asifin cəsədini Bakıda - uçmuş binanın qalıqları altından tapır...

Droqonu yaşadığı həyata bir ümid bağlayırdısa, Asifin cəza müddətində ümid edəcəyi bir nəsnə də yox idi. Onun əməyi mənasızlığı, absurdluğu ilə yalnız daşı dağın başına qaldıran Sizifin işi ilə müqayisə oluna bilər. Sizif əməyi ilə keçən ömrü yaşamaq Droqonun könüllü seçimi idisə, Asif üçün sadəcə cəza növü idi. Lakin o, bu cəzaya elə alışır ki, onu sevir və həyatını onsuz təsəvvür edə bilmir; onlar ikisi də xoşbəxtliyi bu bihudə əməkdə tapırlar.

Həyatının hər hansı bir məna kəsb etməsi üçün çalışmaqmı çıxış yoludur, yoxsa belə bir imkanı əldə etməyin mümkünsüzdürsə, qismətinə düşənlə barışmaqmı? Sizif üçün yeganə yol taleyi ilə barışmaq və onu sevmək idi, amma Droqonun və Asifin başqa seçim etmək imkanlarına baxmayaraq, onların seçimi oxucunu çaşdırır; düşünürsən ki, nə qədər absurd görünsə də, insan həyatın mənasını elə bu mənasızlıqda da axtarır əslində.

Bəlkə də, sonradan Tatar çölündə küləyi dişləyən olmamaq üçün həyat yolu haqqında vaxtında düşünmək, seçimi doğru etmək lazımdır. Amma mümkündürmü ki? Axı hər yaş dövrünün öz qənaətləri var və biz özümüzü seçimlərimiz üçün nə qədər qınasaq da, bəzən fərqində olmuruq ki, əslində getdiyimiz yol bizim seçimimiz olmaqdan daha çox alın yazımız, taleyimizdir. Və bizim bu yazıya qatlaşıb Sizif ömrü yaşamaqdan başqa çarəmiz bəlkə də yoxdur. Bəlkə də...

Feliks Krivinin Sizifi kiçik bir hiylə işlədir: əsrlərlə çəkdiyi əziyyətdən sonra ağlına gəlir ki, diyirlədib təpənin başına qaldırdığı daş düşməsin deyə, onun altına balaca bir dayaq qoysun. Daş yerində qalır və əsrlər keçdikcə daş dağın başında qalmağa, Sizif isə enişdə oturub ona tamaşa edərək zəhmətinin bihudə olmadığı haqqında düşünməyə davam edir. Dəyişən heç bir şey olmur: dünən nə vardısa, bu gün də odur. Bu gün nə varsa, sabah da o olacaq. Oturmaqdan Sizifin ayaqları şişir, kürəyi quruyur və ona elə gəlir ki, bir az da belə otursa, özü də daşa dönəcək. Dağın başına qalxıb daşın altındakı talaşanı çıxarır, yenə onu yuxarı qaldırmağa davam edir.

Bəzən bir addım, sadəcə bircə addım atmaq bəs edər ki, həyat yolunun istiqamətini dəyişəsən. Dünənə qədər doğru saydığından bu gün imtina edəcək qədər güclü olasan. Məsələn, iyirmi illik zəhmətini geridə qoyub, yepyeni bir səhifə açasan. Yeni bilgilərə yiyələnərək, yenicə sevməyə başladığın işlərlə məşğul olasan. Qəbul edəsən ki, bunca illər yanlış yaşamamısan, sadəcə həyata, sənətə, cəmiyyətə, bir sözlə, hər şeyə münasibətin dəyişib və bu heç də cinayət deyil.

Əslinə baxsaq, hər bir insan bir Sizifdir və kimsə buxovlarından can qurtarmaqla xoşbəxtliyə nail ola bilər (xoşbəxtlik anlayışı şərtidir), kimsə əksinə, elə buxovdakı həyatına vərdiş edib, o həyatı sevməklə. İnsan həyatı, əsasən, vərdişlərdən ibarətdir. Və bəzən heç bir məntiqi nəticəyə varmasa belə, sadəcə vərdiş etdiyindən qopmamağı seçir. Beləcə, o kiçik talaşanı tapıb daşın altına qoymağa cürət etmədən yaşanır ömürlər. Çünki bəzən fəaliyyətsizlik səmərəsiz əməkdən daha çox qorxudur. Lazım olmadığını bilə-bilə öz daşımızı daşımaqda davam edirik. Yetər ki, durğunluqdan qurtulaq. Nə gedə, nə də qala bildiyin məqamlar var: dəhşətli ağrı verir insana.

“Və daş yenə üzüaşağı yuvarlanmaqdadır…”

# 4330 dəfə oxunub

Müəllifin son yazıları

# # #