Kulis.az Mehman Qaraxanoğlunun “Mirzə Cəlili niyə sevdim?!” məqaləsini təqdim edir.
Ədəbi sezintilər
“İranda hürriyyət” Azərbaycan hekayəçilik tarixinin ən çoxqatlı, çoxlaylı, çoxideyalı nümunələrindən biridir. Hekayənin əvvəlində müəllif əsərin “baş” qəhrəmanı Məşədi Molla Həsəni bizə bu cür “təqdim edir”:
“Bizim məscidin dalında, qapının səkisində əlli-əlli beş yaşında bir kişi oturub kasıblıq edir; bunun peşəsi bisavad müsəlmanlara və çox vaxt İran qəriblərinə məktub yazmaqdır”.
Məşədi Molla Həsən başına beş-altı uşaq yığıb əvvəl müəllimlik edir. Uşaqlar dərsi bilməyəndə onların üzünə tüpürdüyündən valideynlər uşaqlarını məktəbə qoymurlar. Sonra kitab satmaqla məşğul olur. Çörək pulu qazana bilmədiyindən işini dəyişib keçir kağız yazmağa. İşi pis getmir. Ta o vaxta qədər ki, iki nəfərin məktubunu səhv-dəyişik salır. Hər ikisi İran əhlidir. Biri Kərbəlayı Məmmədəli, digəri isə təbrizli Usta Cəfərdir.
“Ax, başı bəlalı kağızlar! Dünya və aləmi bir-birinə vurdunuz! Kaş sizi yazanın barmaqları quruya idi və sizi yazıb xalqı bu qədər bəlalara salmaya idi!”
Çox da kiçik olmayan mətnin içərisində müəllif mövqeyini “sərgiləyən” yeganə cümlələr bunlardır. Göründüyü kimi, onlar da bir şey “demir”. Mirzə Cəlilin bir dahiliyi də bundadır – mətnin strukturuna və ya hadisələrin gedişatına heç bir müdaxilə etmədən “tərəfsizlik” nümayiş etdirmək! Bu əvəzsiz bir üslubu keyfiyyət, sənətkarlıq məsələsidir. Əksər çağdaş yazarlarımız bu “sindrom”dan əziyyət çəkir...
***
Bəri başdan deyirik: Mirzə Cəlilin başqa mətnlərində olduğu kimi, burada da ad çox şərtidir. Böyük sənətkarın yaradıcılıq laboratoriyasına dərindən bələd olmayan oxucu səhvən addan yapışıb getsə, gedib çıxar əsl “hürriyyət”ə. Bu da yanlış təhlil deməkdir. Onsuz da bədbəxt qəhrəman “hürriyyət” anlayışına da öz prizmasından baxıb onu “qiymətləndirir”. Doğrudur, hekayənin yazıldığı 1906-cı ildə qonşu Rusiyada bir hürriyyət havası dolaşırdı. Onun da əsintiləri istər-istəməz ucqarlara gedib çıxırdı. Sosial zülmə qarşı İranda da etiraz nümayişləri başlanmışdı. Şah xalqı sakitləşdirməkdən ötrü bir sıra fərmanlar imzaladı. Qanun qarşısında hamının bərabər olacağı vəd olundu. Bir sözlə, xalqa kiçik azadlıqlar – hürriyyət verildi. Mirzə Cəlil bu tarixi məqamı özünəməxsus bir şəkildə öz sənət məramına “tabe edə bilir”. İrandan bizə hürriyyətin gəlməyəcəyini qəti şəkildə deməklə, bu taydakı həmvətənlərinə də işarə verirdi ki, hürriyyət havayı verilmir, qan bahasına olsa da alınır...
***
Hekayə bizə daha nələr deyir?!
1. Yazıçı bacı və qardaşlarımızın hələ hürriyyətə tam hazır olmadıqlarını acı bir ironiya və qəlb ağrısı ilə ifadə edir. Hekayədə “hürriyyət” kəlməsi ikibaşlı, üçbaşlı, dördbaşlı bir məna kəsb edir.
2. “İkibaşlı hürriyyət” müəllifə imkan verir ki, çörək dalınca qəribliyə gedən həmvətənlərinin necə məşəqqətlər çəkmələrini psixi-emosional sferada bütün parodoksları ilə göstərə bilsin. Ata-analarını, arvad və uşaqlarını qoyub gəldikləri doğma vətən çəkir onları. Amma vətəndə yaşayış səviyyəsinin aşağı olması, gün-güzəran və dolanışıq problemləri ucbatından qayıda bilmirlər. Qürbətdə olduğu son səkkiz ay ərzində ailəsinə cəmi iki manat pul göndərən Kərbəlayı Məmmədəlidən ailəsi yenə də xərclik istəyir. Amma “Çox səy edirdi ki pul göndərsin; amma göndərə bilmirdi Bir neçə gün keçirdi, öz-özünə deyirdi ki: "İnşallah bu gün vətənə gedən adam taparam və heç olmasa, iki manat, evə göndərərəm. Amma axırda genə göndərə bilmirdi”. Yaxın keçmişimizin acı mənzərələri gəlir durur gözümüzün önündə. Ötən əsrin 90-cı illərində ölkədə yaranan xaos, böhran və parçalanma üzündən nə qədər həmvətənlərimiz bir tikə çörək dalınca qürbətə getdilər. Hələ də qayıda bilmir onlar. Səbəb: başlıcası, onların tədricən içdən, daxildən soyumalarıdır. İkincisi, münasibətdə olduqları “əcnəbi” qadınların da rolu danılmazdır. “Tacirlərimiz Sonyalara bənd olacaqmış, Bədbəxt Tükəzbanları neylərdin, İlahi?!”. (Sabir)
3. Kərbəlayi Məmmədəliləri yalnız “üçbaşlı əjdaha” - hürriyyət (istiqlal, azadlıq, müstəqillik) qaytara bilər. Yazıçı hürriyyətin hələ Məmmədəlilərə məlum olmayan gizli-daxili potensial gücünü, hərarətli energetikasını göstərir. Görün, hürriyyət necə “amansız” və möhtəşəm bir qüdrətə malikdir ki, Kərbəlayi Məmmədəli siğə elədiyi sevimli Pərinisəni də “atıb” Vətənə dönmək istəyir. Amma qəhrəman hələ bunu dərk etmək gücündə deyildir. Hürriyyət onun üçün situasiyadan asılı olmayaraq altşüurunda tutduğu niyyətdir, yəni, “karın könlüdəkidir”. Məmmədəlinin beynində tutduğu isə yalnız və yalnız maddiyyat, pul və paradır. Yox, onu qınamağa haqqımız yoxdur. Çünki o məhz bunlara görə vətənini tərk edib. Məsələ burasındadır ki, həmşəriləri toplayıb İrana verilən hürriyyətdən alovlu-alovlu danışan “qonsur” (konsul) da onları düz-əməlli başa salmır. “Qonsur” da Mirzə Cəlil ironiyasının neştərinə tuş gəlir. “Pərinisə, balam, qonsur bizə heç zad paylamadı, dedi sizin hürriyyət payınızı İranda öz vətəninizdə paylıyacaqlar”. Ay “qonsur”, səni ona görə seçib göndəriblər ki, bu binəvaları adam dilində başa salasan da...
4. “Dördbaşlı” hürriyyət insan xarakterinin gizlinlərini açıb qoyur ortaya. Müəllif tərəfindən qurulmuş oyun - psixogen situasiya buna yardımçı olur. Əvvəla, “Qonsur”un “fəaliyyəti”ni “gördük”. İkincisi, Pərinisə də hürriyyətə sahiblənmək istəyir. Daha doğrusu, o da öz payını istəyir. Çoxdan arzuladığı arxalığı almağı düşünür. Və bu taydan o taya üzünü belə görmədiyi günüsünə kin, qəzəb güllələrini yağdırır: “İndi də başlamısan ki, mənim payımı qonsur vermədi, vətəndə verəcəklər. Mən heç vədə dözə bilmənəm ki, mənim qismətimi o kaftar arvadın alıb yesin. Ya helə bu gün get, kağızı yazdır ki, sənin payını yollasınlar bura özünə o kaftara verməsinlər; ya ki, mən bilmirəm neylərəm”. Üçüncüsü, qadının təhriki ilə Məşədi Molla Həsənin yanına gedən Kərbəlayı Məmmədəli tərəddüd içərisindədir. Arvadının qardaşları onun burada evlənməsi xəbərini bilsələr, vay onun halına. Çünki gələrkən “naməsi”ni oxuyublar qulağına. “Çıxar görüm, mənə nə verəcəksən? Kərbəlayı Məmmədəli yavaş-yavaş sağ əlini uzatdı cibinə və üç dənə tək qəpik qoydu mollanın qabağına. Məşədi Molla Həsən pulları götürüb, əvvəl tutdu günün qabağına, sonra saldı cibinə, sol dizini qalxızdı yuxarı, kağızı sol əlinin içində qoydu dizinin üstə. Qələmi batırdı mürəkkəbə və başladı yazmağa”. Təsvirin dəqiqliyinə fikir verdinizmi? Məşədi Molla Həsənin peşəsinə uyğun olaraq başlıca xarakterik cizgiləri burada ustacasına əks olunub. Dördüncüsü, müəllif Pərinisənin çox ayıq-sayıq bir qadın olduğunu göstərir. Pərinisə ərinin dediyinə inanmayıb kağızı qardaşına oxutdurmaq istəyir. Qardaşı cavab verdi: “Ay axmaq, bir fikir elə gör İrannan da bura hürriyyət gələr?” Simvolik örtüyə bürünən cümlə bu gün də qüvvədədir... Bu, birincisi. İkincisi, hürriyyət heç bir zaman bir ölkədən digər ölkəyə ixrac oluna bilməz.
***
Ən tragikomik situasiya bundan sonra başlanır. Pərinisənin gətirdiyi məktubu qardaşı Kərbəlayı Rza oxuya bilmədiyindən aparır Kərbəlayı Orucəlinin yanına. O da oxuya bilmir. Bəhanəsi bu olur ki, “tərəssül” xətti ilə yazılıb. Kərbəlayı Rza kağızı seminariya bitirmiş, rus-müsəlman məktəbinin müəllimi Mirzə Həsənə oxutdurmaq istəyir. Onun da bəhanəsi o olur ki, guya çox narın yazılıb. Kərbəlayı Rzanın “alim adam” hesab elədiyi Əttar Məşədi Hüseyn öz canını bu başıbəlalı məktubdan bu cür xilas edir:
“Zalım oğlu zalım, yazdığı kağızı heç kəs oxuya bilməz; çünki Məşədi Molla Həsən doğrudan dərin molladı”. Nəhayət, Kərbəlayı Rza Məşədi Molla Həsənin yanına gəlir. Sonuncusu Kərbəlayı Rzanı inandırır ki, məktubu o, yaxşı yazıb, heç narahat olmasın. Təhkiyəçi bu “oxumuş”lar dəstəsinin “bərkliyini-boşluğunu” bir-bir yoxlayıb oxucuya təqdim edir. Göründüyü kimi, nəticə ürəkaçan deyildir. Və üç il sonra (1909-cu ildə) bu “elm dəryaları”nın hamısını bir yerə yığıb acı və dəhşətli qəhqəhələrlə onlara bir ad verir: Ölülər!
***
Və Mirzə Cəlilsayağı sonluq: “Kərbəlayı Məmmədəlini qovlayan arvad onun "Ərəblər"dəki arvadı idi; həmin kişi də arvadın qardaşı idi. Dəxi bilmirəm mərəkənin axırı hara çatdı”. Bu boyda mərəkəni gözümüz önündə canlandıran yazıçının son cümləsi hərəkətdə olan dekorasiya - oyun təsiri bağışlayır. Oxucuya ötürülən mesaj budur: Mərəkənin axırını özün düşün, tap!
***
“Molla Nəsrəddin” jurnalının 22 yanvar 1927-ci il tarixli 4-cü sayında belə bir elan verilib: “Molla Nəsrəddin” məcmuəsinin ən yavuq əməkdaşlarından”. Orada yazılır: “Əbdürrəhim bəy Haqverdiyevin 35 illik ədəbi fəaliyyətini qeyd etmək üçün Tiflisdə bu yanvarın 28-də, Rustaveli teatrosunda... yubiley axşamı veriləcəkdir. Bizə qalsa, bu yubiley hələ tezdir. Yaxşı olardı ki, bir yüz il də gözləyərdik. Biryolluq möhtərəm ədibin yüz otuz beş illik fəaliyyəti gəlib çataydı. Çünki yazdıqları əsərlər hələ azdır. Ancaq on-on beş böyük əsər və pyeslərdir...”. Mətndəki acı sarkazmı sezdinizmi?! Nə qədər böyük vicdan və ürək sahibi olasan ki, qələm dostun, məsləkdaşın haqda bu cür qədirbilənliklə danışa biləsən. Biz Mizə Cəlilin Əbdürrəhin bəy Haqverdiyev haqqında yazdıqlarını onun özünə də şamil edə bilərik. Mirzə Cəlilin yubileyini keçirmək üçün əlli, yüz, yüz əlli il gözləmək lazım deyildir. Üç yüz altmış beş günün bir gününü Mirzə Cəlil Günü kimi qeyd etməliyik.
***
Əbədiyaşar Cəlil Məmmədquluzadəni (Mirzə Cəlili!) haçan sevdim, hansı situasiyada necə vurğununa çevrildim, bilmirəm. Elə bil ömrümün bütün “götür-qoy”ları, “yır-yığış”ları, “görünən” təpələri aşıb “görünməz”lərə doğru canatımları bu sevginin başındaymış. Elə bil nəhayətsiz bir naməlumluq məni gün kimi aydın olan o sevgiyə kodlaşdırırmış...
Sonra ən “ağır” sınaqlar gəlib çatacaqdı – o kodları “açmaq” da vardı... Bir də sevgi təftiş olunmur, axı. Və bir də məndən də kimsə soruşacaqdı onu niyə sevdiyimi. “Uçuş zolağı”nı doğru müəyyən etmək gərək idi.
“Uçuş zolağı”, birmənalı olaraq onun mətnləridir. Onlara təkrar qayıdış gözümün önündə təkrarsız aləmlər açdı. Hər dəfə dodaqlarımdan yalnız bir sual qopdu: “Necə olub ki, əvvəllər bunları görməmişəm?”. Özümü “təmizə” çıxarmaq üçün demirəm, heç görə də bilməzdim.
“Görmək üçün” “Yazmaq əzab, mütaliə isə bayramdır”. (Sartr) həqiqətinə gəlib yetməli və həm də ilk oxunun çox aldadıcı olduğunu dərk eləməliydim.
“Görmək üçün” ən azından, az da olsa, o dahinin yaşadığı hallara bənzər hallar yaşamalıydım: “Miladın min səkkiz yüz doxsanıncı illərində Nehrəm kəndində müəllim olduğum vaxt kəndlərimizdə qəribə hallar görərdim və gördüklərimizi yazıya götürərdim”. (Cəlil Məmmədquluzadə. “Xatiratım”. “Xan” nəşriyyatı, 2014-2015, səh: 147). “Qəribə hallar...” Mirzə Cəlilin bütün yaradıcılığı o “qəribə hallar”ın - gözlənilməzliklərin və “metafizik” situasiyaların proyeksiyasıdır...
“Görmək üçün” bir-birinə bənzəməyən, əksinə, bir-birini “itələyən” müxtəlif ədəbi-nevroloji epoxaların paradokslarından keçən bir ömrün, heç olmasa, kiçik eskizlərinin “təkrarı”nı öz taleyimdə də görməliydim...
“Görmək üçün” gözəlim Azərbaycanı o dahinin alovlu gözləri ilə görmək, yanar ürəyi ilə sevib, “Ah, gözəl Azərbaycan vətənim! Harada qalmısan?” sual-hayqırtısını bir damlacıq olsa da haqq eləməliydim...
Və... daha yazmaq olmur...