Çörək yediyin yerdə sevişmə! - Bir hekayənin analizi

Çörək yediyin yerdə sevişmə! - <span style="color:red;">Bir hekayənin analizi
23 aprel 2019
# 14:01

Kulis.az Mehman Qaraxanoğlunun “Toqquş, Andromeda!” adlı yazısını təqdim edir.

Ataqamla tanışlığıma görə ədəbi zövqünə çox inandığım Mübariz Örənə minnətdaram. O, sözügedən müəllifin “Kulis”də çap olunan “Oyconbi” hekayəsini sosial şəbəkədə özünəməxsus bir şəkildə paylaşmışdı: “Ataqamın canlı-qanlı hekayəsi. Əladı!”.

Bizdə “tanışlıq” deyərkən çox sayda Allah bəndəsinin ağlından mentalitetimizə uyğun nəsnələr keçir; gərək tanış olduğun adamla oturub çay içəsən, çörək kəsəsən, bir-birinin sağlığına çoxmərtəbəli təriflər yağdırasan və təbii ki, o mərtəbələrdəki otaqlardan birini də gərək “öngörənlik”lə özün üçün “kirayələyəsən”, əlqərəz, şəxsi münasibətlərin ola gərək və günlərin bir günü də o kəsdiyin çörəyin zibilinə düşəsən gərək. Müqəddəs “çörəy”in böyründə “zibil” yazdığıma görə yəqin ki, Tanrı keçər günahımdan... Neynək, biz biyuq! Heç özüm də süddən çıxan qaşıq deyilərm. Amma özümü bir az yaxşı tanıdığıma görə deyirəm, gözəl bir sənət nümunəsi əlimə düşdümü, çək-çevir başlanır, bir-birimizin yaxasından bərk-bərk yapışıb o tərəf, bu tərəfə dartışdırırıq, aramıza başqa mətnlərin girməsinə razı olmuruq, o qədər ha bir-birimizlə dil tapdıq. Və Ustadımın: “Yalnız yaxşı hesab elədiyin mətnlərdən yaz!” hökmüdür daima beynimdə fırlanan.

Hər bir gözəl mətnin professional bir “xəfiyyə” olduğunu da nəzərə almağınızı istəyirəm. Çünki mətn səni ələ verir, həmişə onda nəsə bir ipucu və ya Ariadna ipi tapmaq olur. Amma bu dəqiqə mən Ariadna ipini də lənətləyirəm, çünki gərək o, labirintdən çıxmağımıza səbəb olmayaydı... Labirintdən qurtulub nə etdik ki?! Labirintdəsənsə, bilirsən ki, labirintdəsən. Amma məxməri tüklü həyat... Ona görə də Ataqamın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi 56 işarəli fikirlərini təqdir edirəm: “Andromeda Süd Yolu ilə toqquşdu, Yer kül oldu. Toqquş, Andromeda!”. Mən indi gecənin bu səsiz dərinliyinə bağırıram: “Toqquş, Andromeda!”

Ataqamın “Qonağa vurulan gəlin” (Və ya “Oyconbi”) hekayəsi də dəhşətli toqquşmalar üzərində qurulub. “Toqquşma”nı, “estetik” görünsün - deyə “daramatizm”lə də əvəz edə bilərik. Dramatizm incəsənətin nəbzini tənzimləyən qan funksiyasını daşıyır. Dayandımı, klinik ölüm başlanır. Vaxtında hərəkətə gətirə bilməsən, əsl ölüm gəlir. Bugün yazıçıların çoxu “demə, göstər!” prinsipini pozaraq özlərini yuxarıdakı “xronoloji ardıcıllıq”la” bitirirlər. Onlar “de, göstər!” formulu ilə hərəkət edirlər. Bu da ötən əsrin 30-cu illərinin nəsrini xatırladır. Puşkinə “rus poeziyasının feli” elə, belə deyilməyib. Onun nəsri də poeziyası kimi daima hərəktədədir. Həm də bu ritm, bu hərəkət epoxanı təcəssüm etdirir. Buna uyğun olaraq intonasiya formalaşır. “Fikir zadəganı” (Kamal Abdulla) Hüseyn Cavidin əsərələrindəki dramatizm və onun doğurduğu dil, intonasiya yaşadığı epoxanın faciəvilik əmsalı ilə düz mütənasibdir. Biz Ataqamda da bunu müşahidə edirik. O bir yaradıcı kimi çox “faciəvi”dir. Hətta deyərdim ki, qədərindən çox.

Yazıçı, hekayənin əvvəlində Timurçin Babakulovun portretindəki ştrixlərdən birinin məşhur rus rəssamı Vasiliy Perovun “Üç ovçu” (“Ovçular birhovurda”) rəsmindən gəldiyini deməsi təsadüfi deyildir. Doğrudur, həmin ifadəni “sarkastik ifadə” adlandırır. Amma rəsmə diqqətlə baxanda bu “sarkastik ifadə”nin arxasında dərin faciəviliyin durduğunu hiss etməmək mümkün deyildir. Hətta uğurlu ov da, böyrü üstə yıxılmış araq şüşəsindən “sümürülmüş” məstlik də, ortadakı personajın “təbəssümlü” diqqəti də dərinlikdə gizlənən faciəviliyi azaltmır. Hadisələrin sonrakı gedişi göstərir ki, yazıçı bilərəkdən həyatın Babakulova ironiyasını qabardır, hətta bunu sarkazm səviyyəsinə qaldırır və bu da ona şans verir ki, mahiyyətdəki faciəviliyi “ört-basdır” etsin.

Babakulovla “eyni idarə”də işləyən “qonaq” (Nağılçı, təhkiyəçi də demək olar) hekayəsini ustalıqla iki sualın çözümü üzərində qurur: 1. Evli olmayan Babakulov ovladığı qabanların ətini nə edir? 2. Yaxınlıqda qaban dolu meşə ola-ola niyə məhz Havalıcaya gedir? Hətta qəliz situasiyada da birinci suala cavab tapmaq olar. Amma ikinci suala Babakulovun cavabı “yoxdur”. Əvəzində “məkrlə gülümsəyib” göz vurur: “Gedək, özün gör”. Oxucu intizarla təhkiyəçinin “irəli” getməsini gözləyir. Məlum olur ki, o “məkrli” təbəssümün arxasında ağlı-qaralı, təlatümlü, bir-biri ilə mütəmadi “toqquşan” dünyalar dayanır - insanın çox qəliz, hətta Allahın belə baş açmadığı daxili dünyaları.

Bu yerdə Mübariz Örənlə Ataqam arasında oxşar rəng sayrışmalarını görüb paralellər aparmaq olar. Həm də onların dünya nəsrinin nəhayətsiz palitrasından gəldiyini söyləmək, hətta konkret adlar da çəkmək olar. Amma və lakin... yazılarımda bacardığım qədər bundan qaçıram, çünki bunlar bizdə də var. Yetər ki, sevgi ilə boylanasan. Dostlar bilir, belə yerdə özümü saxlaya bilmirəm; bu an ağlıma ilk gələn dahi Mirzə Cəlilin “Buz”u oldu! “Buz” təkcə hekayət deyildir, mətnin doğuluş estetikasını bütün möhtəşəmliyi ilə göstərən, “İnsan niyə yazır?” – sualının əsrarəngiz koordinantlarını ortaya qoyan, lakin onların içərisindən yalnız ikisini qabardıb yazıçı əzablarının da məhz oradan qaynaqlandığını israrla pıçıldayaraq bədii-estetik və elmi-nəzəri konsepsiya sərgiləyən bir mətndir. Amma biz hələ də bu əsəri uşaq hekayəsi kimi təqdim edirik. Bu, bizm faciəmiz, Mirzə Cəlilin isə dahiliyidir.

Nədir yazıçını yazmağa sövq edən həmin iki əlamət? Birincisi, insan adətkərdə olmuş vərdişlərin əsiridir. Ondan qaçmaq mümkünsüzdür. “Kortəbii” ağıllılıq (Və ya fəaliyyət) maraqlarımızn əksinə olsa da, bizi idarə edir. Nitşe də, Şopenhauer da, Freyd də bunu deyirdi.

“Buz”da qırx il öncəki hadisə nəql olunur. Özü də təhkiyəçinin öz dilindən. Elə yazmağın özü də “kortəbii” fəaliyyət növüdür. Yazma! Görüm necə yazmırsan? Dəli olacaqsan! Özün özünə daş atacaqsan. “Buz”dakı uşaq kimi. Uşaq daşı küçə yoldaşı Şirəlinin darvazasına deyil, özünə, “qurban olsun sənə xalan, ürəyim pörşələndi, buzu tez gətir” - deyən xəstə xalasının son ümidinə atır. Dahi yazıçının fəlsəfi qənaəti budur: “Adətkərdə olmaq yaman pis imiş”. (“Buz”)

İkincisi, insan yazarkən nə vaxtsa aldığı travmalardan, acı xatirələrdən, lap “görüb-götürdükləri”ndən, bir sözlə, izafi “yük”ün ağırlığına tablaşmayan yaddaşından qurtumaq istəyir. Yazmaq da sərxoşluğun bir növüdür. (“Kefli” İskəndərlər içməsə dəli olarlar! Arxayın olun, Həsən ağalar heç bir zaman içməyəcəklər! Çünki onlar yaddaşsızlığa məhkum olunmuşlardır) Təhkiyəçi qırx il öncə baş vermiş hadisəni hec cür unuda bilmir: “Hər yay fəsli arabalarda daşınan ağ və təmiz duru buz kərpiclərini görəndə xalam yadıma düşür”.

C.Məmmədquluzadə “Buz”dan, Ə.Haqverdiyev “Ayın şahidliyi”ndən, Kamal Abdulla “Ay işığı”ndan, Mübariz “Balıq gülüşü”ndən, Şərif “Şəkil”dən, Hədiyyə “Azza”sından, Rəşid “Namus dağ”ından... necə qurtulmaq istəyirsə, Ataqam da “Oyconbi”dən o cür qurtulmaq istəyir. Amma sonuncunun qurtulmağı “mümkünsüzdür”, lori dillə desək, çünki qadına “ilişib”. Hekayəni əsrarəngiz edən də budur. Oxucu nəfəsini dərmədən təhkiyəçinin arxasınca düşüb gedir. Bilmək istəyir Babakulovun: “gedək, özün gör” sözlərinin alt qatında nə durur. Hekayədə təsvir olunan bütün detallar bizə öncədən vəd olunan “detektiv görüntü”yə hesablanıb. Özü də ustaca seçilən çox dəqiq detallar... Havalıcıda Babakulovun aldığı günəbaxan yağından tutub Oyconbinin “sapsarı” bir qız uşağı doğmasına qədər hər şey dəqiq və inandırıcıdır. Hekayənin çoxqatlı dilinə də söz ola bilməz! Dilə münasibətdə Ataqam çox cəsarətli jestlər edə bilir...

Babakulov köhnə tanışı, yaşı yetmişdən çox olan Abducabborgildə qalır. Abducabbor əlinin zəhməti ilə dolanan dürüst bir insandır. Qonaqların gəlişi onun ürəyincədir. Çünki qabanlar əkin-biçin saxlamırlar. “O çər dəymişlər gecələr sürü ilə gəlib bağa doluşurlar, bir salamat ağac qoymurlar”.

Abducabborun gəlini Oyconbinin hekayəyə daxil olması ilə Babakulovun o məkrli təbəssümünün “sirri” açılmağa başlayır. Məlum olur ki, Babakulovu Havalıcıya dartıb gətirən təkcə qaban ovuna olan “güclü” maraq deyildir, həm də Oyconbini “özününküləşdirmək” ehtirasıdır. Amma hələ ki, istətəyinə nail ola bilmir: “Altı aydır hərləyirəm, qonduğu qanaddan qopara bilmirəm”.

“Qonağ”ın Oyconbiyə verdiyi sual da maraqlıdır: “Bəs ərin hardadı?” Bu, beynimizdə şeytanın Əyyub peyğəmbərin arvadına verdiyi sualı assosiasiya edir: “Ey qadın, ərin hardadır?” Şeytan, Əyyub peyğəmbərin həyat yoldaşının qəlbinə vəsvəsə salmağı bacarır.

İnsanın içərisində əbədi həyat çeşməsi kim qaynayan və onun heç bir zaman susamağa qoymayan sudan istəyən səmərəyyəli qadına İsa Məsih deyir: “-Get, ərini də çağır, bura gəl. - Mənim ərim yoxdur. – Düz dedin, ərin yoxdur. Sənin beş ərin olub, ancaq indi yaşadığın kişi ərin deyil”.

Oyconbi də dünyaya uşaq gətirib, amma hələ də onun atasının məkrli “axtarışındadır”. Abducaabor kişinin də özünün dediyi kimi, ocağını söndürən arvadının ölümündən sonra aldığı ikinci qadın olur.

Göründüyü kimi, Oyconbini də bir klassik qadın tipi kimi dini-mifoloji müstəvidə geniş təhlil etmək olar. Ərinin evdən çıxıb haralara getdiyini dəqiq bilməyən Oyconbinin qadın dünyasına “ekskursiya” oxucu üçün ürəkaçan olmur. Necə olursa-olsun “qonağ”ı özünə “bağlamaq” istəyən Oyconbinin xəyalından da keçmir ki, qarşısındakı “uşaq” etnopsixoloji yaddaşdan süzülüb gələn minillik dəyərlərə - arxetipləşən “yükü”nə heç bir zaman xəyanət etməz: “Mənə belə öyrətmişdilər: çörək yediyin yerdə sevişmə, sevişdiyin yerdə çörək yemə”. Bu, həm də əsərin başlıca qayəsini müəyyənləşdirir. “Qonağ”ın başının salamat qalmasının başlıca səbəbi də elə budur. Mənəvi deqredasiyanın tüğyan elədiyi çağımızda bu ideyanın nə qədər aktual olduğu göz önünə gəlir.

Ataqamın üslubundakı virtouzluq heyranedicidir. Onun nəsrində hər detal danışır. Onlar arasındakı bağlar çox möhkəmdir. Amma bəzən sosial şəbəkədə öz əsərini çox “ləzzətlə danışdırması”nı yaxşı hal saymıram. Məsələn, Babakulov haqda deyir: “Guya o, (Babakulov – M.Q) hansısa peyğəmbərin prototipidir. Və ya Babakulovun Oyconbi tərəfindən öldürülməsi səbəblərini açır.

Ədəbiyyat sehrli bir yolçuluqdur. Hara gəlib çıxacağını heç özün də irəlicədən bilə bilməzsən. Burda məqsəd olmur.

“Buz”un sonuna yaxın dahi Mirzə Cəlil altı-yeddi sual qoyur. Amma cavab yoxdur. Özünüz diqqət edin: “Məqsəd suallara cavab vermək və belə fənni məsələləri açmaq deyil. Və heç bir məqsəd yoxdur”. Ümumiyyətlə, yazıçının öz əsəri haqda uzun-uzadı (və ya “qısa-qısa”) danışması mənə çatmır. Bu, Tanrı tərəfindən uşaq üçün əvvəlcədən seçilmiş dilə müdaxilə etmək kimi bir şeydir. Bioloji atası olduğun uşağa yalnız o dilin qrammatik qaydalarını öyrədə bilərsən. Heç ona da ehtiyac yoxdur. Ataqamın da nigarançılığı başadüşüləndir: “Birdən hekayəm düzgün başa düşülməz”. Biz burada Ekonun konsepsiyası ilə ikiəlli razıyıq: “Müəllif oxucunun qarşısından çəkilməlidir və ya ən yaxşı halda “ölməlidir”.

Ataqam öz nəsrində qapı arxasındakı həyatı (“Qapı arxasındakı adam” hekayəsi) göstərə bilir. O, həyatın başqa bir adının da olmasına inanır. Ehtirasla onun axtarışındadır. “Okean” balıq dükanı adlı hekayədə elə-belə çəkilmir. Əslində hamımız okean qarşısındayıq. Arxasını “Okean”ın şüşə vitrininə söykəyib qocanın danışdığı əhvalatı dinləyən” o insanı tanı! O, yazıçıdır! O, milyon-milyon dalğa içərisindən öz səsinə “yatan”, ibrətamiz vaqiələri sahilə qovan dalğanı - özünə gərək olanını seçməyi bacarmalıdr. Təkrarən “tək daban üstə yerində fırlanan” uşağın vaxtilə: “Həyat yaman gülüncdür” - söyləyən Əşrəfin olması ehtimalı daha çoxdur.

Zaman, Ataqam üçün çox elastik bir nəsnədir. Ümumiyyətlə, hər bir istedadlı yazıçı üçün konkret zaman olmamalıdır. Bir az əvvəl qapını döyən adam (“Qapı arxasındakı adam”) öz hekayəsini danışan o qoca da ola bilər və ya bütün yaxşılıqlara rəğmən ona - sözügedən qocaya həbsxana acılarını “günəgün” yaşadan Əşrəf də... Necə ki, Hacı Mir Həsən ağa Səyyah qosqoca sirlərin içərisindən çıxıb günümüzdə Həsən müəllim ola bilir. (Kamal Abdulla. “Sirlərin sərgüzəşti”)

Yazıya “Toqquş, Andromeda...” başlığını seçməyim sırf təsadüf nəticəsində oldu. Amma qəddar həyat təcrübəm mənə bu dünyada “təsadüf” adlanan bir nəsnənin olmadığını deyir. Andromeda ən dumanlı qalaktikadır. Mifoloji təfəkkürdə o, “zəncirlənmiş qız” kimi də simvolizə edilir. Bu isə beynimdə Oyconbini assosiasiya edir: hə, zəncirlənmiş qız Oyconbi...

Oyconbi öz zəncirlərini qırıb qaçdı. Lap Həvvasayağı. Doğdu, ana da oldu. Ana ha... Daha nə istəyir ki? Bəs niyə qulaqlarımıza yenə zəncir sədaları gəlir?!

# 6229 dəfə oxunub

Müəllifin son yazıları

# # #