Zəfər günü olan millətin Matəm günü olmur! - Fazil Mustafa

Zəfər günü olan millətin Matəm günü olmur! - Fazil Mustafa
8 noyabr 2023
# 12:20

Kulis.az Millət vəkili Fazil Mustafanın yazısını təqdim edir.

Qardaşımız, canımız Türkiyənin müstəqillik günü yoxdur. Sadəcə Zəfər və Cumhuriyyət bayramları var. Çünki Osmanlı uzun əsrlər müstəqilliyi paylayan dövlət olub. Osmanlının nəhəng vücudundan dahi Atatürk ərazi olaraq az görünsə də, millət iradəsi ilə əzəmətli olan bir dövlət çıxara bilmiş.

Tale, coğrafiya və başqa şərtlər elə gətirib ki, bizim müstəqillik paylama imkanımız olmayıb. 1918-i ildə də, 1991-ci ildə də dünya havasında dolaşan müstəqilliyi qazanan millət olmuşuq. Qanımızla, mübarizəmizlə, ağlmızla, şansımızla qazandığımız yaralı müstəqilliyimiz vardı ortada! 2020-ci ilin 8 noyabr tarixində Şuşanın işğaldan azad olunması ilə yarası sağalmış bir müstəqillik ruhunu yenidən yaşamış olduq. Eynən Türkiyənin 30 avqustu kimi bizim də 8 noyabr Zəfər günümüz oldu. Ancaq bu Zəfər gününün fərqli bir özəlliyi var: 9 noyabr Bayraq günü ilə 12 noyabr Anayasa günü bizim həm də maraqlı və mənalı bir Triadamızı yaratdı. Bayrağımızın üç rənginin solqunlaşmış mənası yenidən dirildi, Anayasamızın əsl dövlət atributlarının məzmunu tamamlandı. Bu əslində Müəqddəs beş günün milli varlığımızı əks etdirən Triadasıdır!

Xankəndidə Zəfər paradımızı Müzəffər Ali Baş Komandanımız qəbul edir! Bütün Azərbaycansevər varlıqların başını dik, ruhunu canlı tutduğu anlardır bu! Bu Zəfər şəhidliyə, qaziliyə ucalmış Azərbaycan əsgərinin əzəmətli əsəridir, onlar hamımızın adından, bizdən soruşmadan, bizə söyləmədən bu əsəri yazdılar.

Digər bir gerçəyi də anlamalıyıq və anlatmalıyıq! Zəfər günü olan millətin Matəm günü olmur! Artıq bu cür Zəfər qazanma şəxsiyyəti olan bir xalqın nə milli, nə dini Matəm günləri olmamalıdır! Bu cür böyük Zəfəri kiçildən Matəmdən uzaq durmalıyıq. Uzaq və yaxın tariximizdəki faciələrimizi anmalıyıq, xatırlamalıyıq, dəyər verməliyik, içimizdə acısını yaşatmalıyıq, ancaq dünyanın, dostun, düşmənin qarşısına bu Zəfərə layiq şəxsiyyətlə çıxmalıyıq! “Ağlamayana süd yoxdur!” deyərlər, bu ifadə uşaqlar üçündür, artıq böyümüş insanlar üçün, dövlət qurmaq yetkinliyi olan xalqlar üçün “Ağlayana Zəfər yoxdur!” deyirlər. Bütöv dövlət olmaq hələ bütöv millət olmaq mənasına gəlmir! Çanaqqalada 250 min, Sarıqamışda 100 min şəhid vermiş qardaş Türkiyəmiz bunları matəm günü kimi keçirmir. Çünki bir insanda olduğu kimi, bir millətin də tarixdə itirdiklərinə əbədi ağlamağa aludə olması, yaşamaq, qalib gəlmək ruhunu sındıran, Türk-Müsəlman-Qafqazlı xarakterinə yabançı olan əsas məqamlardandır.

Bundan sonra hər bir Azərbaycan insanı müəllif kimi yaşadığı, paylaşdığı, danışdığı bu əsərin müəlliflik haqqına layiq olduğunu göstərmək üçün daha çox və daha məsuliyyətlə çalışmaq zorunda. Hansı peşədə, işdə, statusda, dünyagörüşdə olsursa olsun, hər kəs bu əsərin, bu kitabın bir vərəqi, bir cümləsi olaraq özünü hiss etməlidir. Bundan sonra biz azərbaycanlılara da münasibətdə iki baxış olacaqdır: işi ilə, zəhməti ilə, məsuliyyəti ilə, hədəfləri ilə Zəfərə layiq azərbaycanlı və bu Zəfərə yük olan azərbaycanlı.

Zəfərə layiq olan, bu əsərin ən azı bir cümləsi olan hər bir Azərbaycanlının bayramı qutlu olsun!

# 1560 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyat, kino və jurnalistikaya həsr olunmuş ömür - Reportaj

Ədəbiyyat, kino və jurnalistikaya həsr olunmuş ömür - Reportaj

18:30 17 mart 2026
Jan-Klod Vandam Putini “yaxşı dost” adlandırıb

Jan-Klod Vandam Putini “yaxşı dost” adlandırıb

17:27 17 mart 2026
 Yazıçı Vilyam Gibson:  "Məhsuldar işləyəndə mən sanki daim yarıyuxulu, yarıanlaqlı vəziyyətdə oluram..." - Müsahibə

Yazıçı Vilyam Gibson: "Məhsuldar işləyəndə mən sanki daim yarıyuxulu, yarıanlaqlı vəziyyətdə oluram..." - Müsahibə

16:00 17 mart 2026
Respublika Uşaq Kitabxanasında yazıçı Zahid Xəlil ilə görüş keçirildi

Respublika Uşaq Kitabxanasında yazıçı Zahid Xəlil ilə görüş keçirildi

15:20 17 mart 2026
Rejissor Rüfət Əsədov:  "Ayaz Salayev bu məsələdə qarışıqlıq saldı" - Müsahibə

Rejissor Rüfət Əsədov: "Ayaz Salayev bu məsələdə qarışıqlıq saldı" - Müsahibə

14:15 17 mart 2026
"Sən demə, belələri də varmış ..." - Fərman Kərimzadə rüşvətdən necə imtina etdi?

"Sən demə, belələri də varmış ..." - Fərman Kərimzadə rüşvətdən necə imtina etdi?

14:00 17 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər