Yoxa çıxan məşhur inqilabçı belə tapılmışdı - Anı necə dondurmaq olar?

Yoxa çıxan məşhur inqilabçı belə tapılmışdı - Anı necə dondurmaq olar?
29 yanvar 2025
# 15:00

Kulis.az Fərid Hüseynin "Fotoqrafiyanın şəhadəti" yazısını təqdim edir.

John Bergerin adına bağışlayıram...

Həqiqət axtarışı

Fotoqrafiyaya münasibət əvvəl-əvvəl heç də indiki kimi sadəcə sənət müstəvisində olmayıb. Foto daha çox faktı – olmuşu əyaniləşdirmək, yadda saxlamaq üçün bir vasitə imiş.

İnsanlar orta əsrlərin sonlarından başlayaraq sanki yazının həqiqətindən yorulmuşdular. O əsrlərdən sonra yaranan fotoqrafiya donmuş anların şəhadəti idi.

Zamanla foto orta əsrlərin şəhadət gətirən canlı dəlillərini üstələdi. Bu o zamana qədər belə qaldı ki, insanlar fotolara müdaxilə etməyə – kəsib-doğramağa, istədikləri düzüb-qoşmağa başladılar. İndi isə fotolara nələrinsə müqayisəsi o qədər asanlaşıb ki, hətta günahkar adam əməlindən sonra ortaya çıxıb desə ki, filan şəkildəki adam mən deyiləm, ona daha insanlar artıq inanacaqlar, nəinki həqiqətə.

Fotoqrafiya ilə ömründə bir-birinin üzünü görməyən adamları həmyastıq etməyin, əlini siqaretə uzatmayanı narkoman kimi qələmə verməyin “iki vur iki” olduğu bir zamanda foto daha əvvəlki qüdrətdə həqiqət olmaq missiyasını itirib.

Məsələn, Çe Qevara ölümündən iki ay əvvəl “yoxa çıxıbmış”, dünyanın gözü onunla bağlı xəbərin intizarında imiş, amma elə ki onun vəfatı ilə bağlı məşhur “gözü açıq mərhum” fotosu yayılıb, o saat həmin söz-söhbətlər səngiyib. Bu foto məşhur inqilabçı haqqındakı dedi-qodulara son qoyub və onda çoxlarının ağlına da gəlməyib ki, onun ölümü ilə bağlı yayılan “fake news” – yalan, əsassız xəbər ola bilər.

Sonralar o şəkilin qəsdən o formada çəkildiyi – onu Rembranrtın “Nikolay Tulpun anatomiya dərsi” əsəri ilə müqayisə ediblər, yaxud Mantegnanın “Ölü İsa” rəsmi ilə də – məsələləri gündəmə gəlib. Amma bu yozumlar öz dövründə – o fotonun yayıldığı çağlarda ağıla gəlməyib, çünki fotoqrafiyanın həqiqətə şəhadət gətirməsi məsələsi o çağlarda çoxlarında şübhə oyatmırdı.

Orta əsrlərdə həqiqəti daha çox şahidlər, dəlillər ortaya çıxarırdı. Andlar, kitaba əl basmalar hətta qanun çərçivəsində inandırıcı idi. Sonrakı dövrdə yaranan fotoqrafiya sənəti isə mənəvi şəhadəti vizual şahidliklə əvəzlədi. Və bu fotoqrafiyanın indiki qədər inkişaf etmədiyi əyyamda bəşəriyyət üçün böyük əhəmiyyət kəsb edən məsələ idi. Fotoqraflar həqiqəti yayanlar kimi qəbul edilir, onların fəlsəfəsi ciddi önəm daşıyırdı. Fotoqrafı anlamaq üçün ilk növbədə həqiqətə yaxın olmalısan, gerçəkliyi görəndə irəli durmağa zəhmət çəkməlisən. Ağı-qaradan sərrast şəkildə ayıra bilməlisən. Fotolar uzaqdan da görünür, fotoqrafiya isə yox...

Anı anlamaq...

Fotoqrafiya bəzi hallarda bir sıra insanlar tərəfindən ona görə hörmətli bir peşə sayılmır ki, onun ərsəyə gəlməsi an məsələsidir. Məsələn, hər kəs hesab edir ki, heykəltəraş tuncu, bürüncü öz istədiyi formaya gətirmək üçün aylarla çalışır, rəngkarlar böyük əsərləri ortaya çıxarmaq üçün günlərlə tər tökürlər, amma fotoqraf əlini düyməyə toxunduraraq bircə anda işini başlayır və bitirir. Adətən, insanlarda zaman anlayışına şüuraltı olaraq ehtiram var deyə insanlar sövqi-təbii düşünür ki, nəyə çox vaxt sərf edilirsə, o daha qiymətə, dəyərə layiqdir. Ona görə də daha çox zaman xərclənən heykəltəraşlıq, rəssamlıq nümunələri fotoqrafiya əsərlərindən üstün sənət hadisəsi sayılır. Rəssamı anlamaq üçün zamanı, fotoqrafı anlamaq üçün isə anı, bir göz qırpımının fəlsəfəsini, o vaxt çərçivəsinə sığa biləcək sənət ömrünü başa düşməlisən. Fotoqrafiyanı sevmək üçün anın mahiyyətini, zaman miqdarını təsəvvüründə aydın canlandırmağa qabil olmalısan....

Şəkk gətirmək...

Hansısa rəsm əsərində real bir ərazinin təsvirinə baxan adamın sonradan həmin yerə yolun düşəndə tabloda gördükləri ilə həqiqi mənzərənin fərqli olması onda o qədər də təəccüb doğurmur. Fəqət fotoda gördüyü hanısa yerin real həyatda dəyişdiyinə şahidlik edəndə həmin kəs hökmən təəccüblənir, sanki yaddaşındakı ilə gördüyü arasındakı fərqdən diksinir. Çünki fotoqrafiyanın təxəyyül məhsulu ola biləcəyi faktını əksər insanlar özlərinə yaxın buraxmırlar. Sanırlar ki, o mənzərə hər zaman elə fotodakı kimi qalmalıymış, ordan heç bir cizgi nə artmalı, nə də əksilməliymiş. Deməli, fotoqrafiyanı anlamaq üçün anın donduğuna, dona biləcəyinə də inanmalısan. İnanmalısan ki, dünya donmuş anlardakı kimi qalmır. Fotoqrafiya dünyanın gedişatını, həyatın gərdişini yox, anı donduran bir sənətdir...

Dəyişməz qərar

Fotoqrafiyaya təkcə anı dondurmur, həm də fotoqrafçının sənət nümunəsi yaratmaq üçün verdiyi qərarını əbədiləşdirir. Hər foto fotoqrafın qərarıdır. Fotoqraf qərar verərək düyməni basır və o qərara əsasən hansısa anı yaşarı edir. Fotoqrafla adi şəkil çəkənin, əlində telefon, foto-aparat tutan həvəskarın fərqi ondadır ki, fotoqraf şəkli yüz ölçülüb-bir biçilən qərarla çəkir, adi şəkil çəkən isə öz məqsədi naminə. Fotoqrafı anlamaq üçün ani özündə qərarların uzunömürlülüyünə, gələcəkdə yaşayacağına da inanmağa güc tapmalısan.

Sonsuz gözəllik

Fotoqrafiyaya sənətinin inkişafı rəsmi, əksi sonsuz sayda çoxaltdı. Beləcə rəsmin kiməsə aid olmaq individuallığını qeyb oldu. Rəsm əsərləri belə artıq şəklə çevrilib divarları bəzəyir. Dahiyanə rəsm əsərləri fotolarda belə tamaşaçıya təsir edə, onları ələ ala bilir. Görünür, “klassikləri təhrif etmək olmur” həqiqəti bu məqamda da öz gücündə qalır. Orada hansısa rəngin orijinaldan cüzi fərqi, kətan, yoxsa kağız üzərində olması onun möhtəşəmlik gücünü heçə endirə bilmir. Necə ki, istedadsız tərcüməçi belə hansısa dahinin əsərlərini korlaya-korlaya çevirdikdə belə yenə də orada insanı sirkələyən mənalar tam olaraq əriyib heç olmur. Biz fotoqrafiyanı anlamaq üçün gərək gözəlliyin də, rahatlığın da çoxala bilən mahiyyətini qəbul etməliyik.

Sükut anı

Bu gün hər sinifdə bütün uşaqlar “fotoqrafdırlar”, ailədə demək olar hər kəs “fotoqrafdır”, küçədə bizi dinməzcə çəkən kameralar da, yollardakı sürətə nəzarət radarları da “fotoqrafdır”. Yaxud hər kəs hər yerdə biri-birini çəkə bilər. Beləcə, illər öncə şəkil çəkdirmək üçün fotoya anlarını qıyan insanlar elə zaman gəlib çıxdı ki, özləri də bilmədən ömrünü “qurban vermiş” oldu. Fotoqraflar bizdən anlarımızı, şəkil çəkənlər isə ömrümüzü sakit keçirməyi, – “düz dayanmağı” tələb edir. Fotoqrafı anlamaq üçün anın sükutuna dala bilməlisən, həmişə üzərində İlahi bir nəzərin olduğunu yadından çıxarmamalısan. Elə yaşamalısan ki, sonda Allahın çəkdiyi surətin peşəkar fotoqrafın yaratdığı sayaq mükəmməl olsun, hansısa həvəskar, çəpbaxan bir “şəkil çəkənin” əlindən çıxmış kimi yöndəmsiz yox...

# 447 dəfə oxunub

Oxşar xəbərlər

İranda əsərlərinin çapına qadağa qoyulan Güney azərbaycanlı şair - Araşdırma

İranda əsərlərinin çapına qadağa qoyulan Güney azərbaycanlı şair - Araşdırma

17:30 30 yanvar 2025
Xoreoqraf Rüfət Xəlilzadə ilə görüş keçiriləcək

Xoreoqraf Rüfət Xəlilzadə ilə görüş keçiriləcək

17:20 30 yanvar 2025
Ermitaj anonim təhdidlərə görə Qış Sarayını bağladı

Ermitaj anonim təhdidlərə görə Qış Sarayını bağladı

16:53 30 yanvar 2025
İlon Mask “Nobel”ə namizəd oldu

İlon Mask “Nobel”ə namizəd oldu

15:19 30 yanvar 2025
Məşhur cizgi filmi film olur

Məşhur cizgi filmi film olur

14:44 30 yanvar 2025
Niyazi Mehdi əməliyyat edilib, bu gün palataya köçürüləcək

Niyazi Mehdi əməliyyat edilib, bu gün palataya köçürüləcək

13:08 30 yanvar 2025
# # #