Yetmiş illik ayrılıq axır ki çatdı sona - Günün şeiri

Yetmiş illik ayrılıq axır ki çatdı sona - Günün şeiri
28 may 2022
# 10:40

Bu gün Şərqdə ilk demokratik cümhuriyyətin – Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Kulis.az bu münasibətlə Xalq şairi Zəlimxan Yaqubun Azərbaycan Xalq Cühmuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadəyə yazdığı şeiri təqdim edir.

Yetmiş illik ayrılıq axır ki çatdı sona,
Salam! Rəsul övladı Məhəmməd Əmin kişi!
Yordun uzaq yolları, səsinlə, sorağınla,
Qırdın axır belini həsrətin, qəmin, kişi!

Məzarına baxanın kirpiyində nəm gördüm,
Ağ mərmərin üzündə qara donlu qəm gördüm,
Sənin kimi yarımaz bir qisməti kəm gördüm,
Acıdım taleyinə min bəxti kəmin, kişi!

Sağ olsun məzarını ağ mərmərə tutanlar,
Dilindəki sözləri seçib zərə tutanlar.
Qoy tarixdən utansın səni şərə tutanlar,
Yaman getdi əlindən fürsətin, çəmin, kişi!

Tanrı səni yaratdı, bir də çətin yarada,
Sən qurtuluş istədin, qanlar axdı arada.
Beşiyin Bakıdadır, məzarın Ankarada,
Sənin Vətəndən özgə kimin var, kimin, kişi!

Nələr çəkib başımız, dərdimizdən halıydın,
Yaralı bir nəğmənin unudulmaz xalıydın.
Sən də bizim torpağın Mustafa Kamalıydın,
Heyf! Sünbül tutmamış biçildi zəmin, kişi!

Səndən sonra gələnlər qara yeltək əsdilər,
Bizi bizdən almağa coşdular, tələsdilər.
Məğrur saraylar yapan düz əlləri kəsdilər,
Daşı düz qoyulmadı özülün, himin, kişi!

Ana öz övladını qoymaz gözündən yana,
Vətənin ölməz oğlu, gedək Azərbaycana.
Millət "İstiqlal!"-deyə yenidən gəlir cana,
Özün çal havasını köklənən simin, kişi!

Əzilməz xalqın kökü, dərindədir, dərində,
Zaman çəkib oturdar hər kəsi öz yerində,
İllər gəlib keçsə də sən xalqın nəzərində
Yenə həmin oğulsan, yenə də həmin kişi!
Bu böyük həqiqətə əmin ol, əmin, kişi!

# 3302 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər