Yalçın Rzazadənin oğlu: "Uzaqdan qaçıb əlini öpənlər indi deyirlər, oradadırsa, biz gəlmirik" - Müsahibə

Yalçın Rzazadənin oğlu:  "Uzaqdan qaçıb əlini öpənlər indi deyirlər, oradadırsa, biz gəlmirik" - Müsahibə
11 dekabr 2023
# 09:00

Kulis.az “Atamın xatirəsi” layihəsi çərçivəsində Xalq artisti Yalçın Rzazadənin oğlu Mətin Rzazadə ilə müsahibəni təqdim edir.

- Yalçın Rzazadə necə ata idi?

- Biz ailədə üç uşaq olmuşuq. Mən və iki qardaşım. Evin ən kiçiyi mənəm. Yalçın Rzazadə bizimlə atadan çox dost idi. Bir dost kimi həmişə yanımızda olmağa çalışırdı. Qoymazdı ki, bir işdə əziyyət çəkək. Hətta Türkiyədə müalicədəydi, mənim bir iş problemim oldu. Müalicəsini yarımçıq qoyub gəlmək, mənə dəstək olmaq istəyirdi.

- Oğlan böyüyən ailədə təbii ki, siqaret çəkmək, içki içmək, evə gec gəlmək halları olur. Münasibəti necə olurdu? Mühafizəkar idi, yoxsa azdlıq verirdi sizə?

- Biz elə problemlər yaşamadıq. Görmədik ki, atamız da içkili evə gəlsin, hansısa problem yaşansın. Mən siqaret çəkmirəm, içki içmirəm.

- Cib xərcliyi verirdimi sizə?

- Az yaşlarımdan mənə oxumağı öyrətdi, uzun illərdi ki, toylara gedirəm. Bizim borcumuz idi ki, ona dəstək olaq.

- Yalçın müəllim toylara getmirdi. Tələbəsi olmusunuz, nə əcəb sizə icazə verirdi?

- Əslində, qəbul eləmirdi. Mən Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul olunanda atamın xəbəri yox idi. Mənim bu sənətə gəlməyimdə ən çox anamın dəstəyi olub. Yalçın müəllimin də atası onun bu sənətə gəlməyinin əleyhinə olub. Bir neçə dəfə gitarasını sındırıb. Bizim taleyimiz bir-birinə oxşayıb, mən də bir il atamdan gizlin musiqi məktəbində oxudum.

- Qəti qadağa qoymuşdu?

- Hə. Deyirdi ki, istəmirəm Mətin oxusun.

- Fikrini necə əsaslandırırdı, nə deyirdi?

- Yəqin ki, çox haqsızlıq görüb bu sənətdə. Çox çətinlik çəkib. Ona görə istəyirdi məni qorusun. Biləndən sonra ki, mən məktəbə daxil olmuşam, çox əsəbiləşdi. Bir il məni öz sinfinə götürmədi. Sonra həvəsimi, istedadımı görüb sinifinə qəbul elədi. Artıq dörd ildir İncəsənət unversitetində vokal fakültəsində çalışıram.

- Siz özünüz istəyirdiniz onun sinfinə düşəsiniz. Başqa kimlər var idi orda?

- Mənim ilk müəllimim Mobil Əhmədov olub. Allah qəni-qəni rəhmət eləsin. Gözəl müəllim idi. Sonra da Yalçın müəllim. Atamın bəlkə də, ən yaxşı tələbəsi mən olmuşam. Döyürdü, danlayırdı...

-Hətta döyürdü də?

- Məcazi mənada. Sinifdə ən yaxşı mən olanda da. Elə deyirdi Mətin, Mətin.

- Bəs incimirdiniz ki, niyə mən?

- Əvvələr çox inciyirdim, sınırdım. Sonralar vərdiş elədim. Deyirdi ki, sən sinifdə ola-ola başqa birinə irad bildirə bilmərəm. Anladım hər şeyi.

- Heç olub ki, sizi dərsdən çıxarsın?

- Hə. Çox olub...

- İlk dəfə olanda hansı hissi keçirdiniz?

- Təbii, çox sınırdım. Amma anam arxamdaydı. Deyirdi, eybi yox, hər şey düzələcək. Məncə, Yalçın müəllim sənətin sirlərini hamıdan çox, mükəmməl mənə anladıbdı. O vaxtlar gənc olduğuma görə bunları tam dərk eləmirdim. İndi anlayıram ki, bəlkə də, məni bu qədər danlamasaydı, üstümə bu qədər düşməsəydi, indiki nəticəni ala bilməyəcəkdim.

- Başqa hansı tələbələrinin adını çəkə bilərsiniz?

- Çox tələbəsi olub, hətta bir neçə tanınmış müğənnimiz var idi. Təkcə Bülbül adına məktəbdə ya İncəsənət Unversitetində tələbəsi olmaq şərt deyildi. Gəlib oturub dərslərində iştirak edirdilər, məsləhətlərini alırdılar. İndi adlarını xatırlamıram, amma çox olub. Hətta başqa müəllimlərin də tələbələri dərslərində iştirak edirdi.

- Müəllim kimi necə idi tələbələrinə qarşı?

- Çox tələbkar idi. Amma bir insan kimi də tələbələrinə problemlərini həll etməkdə kömək edirdi. Müəllimdən başqa, tələbələri ilə həm də dost idi.

- Evdə, ailədə, nələri sevirdi, nələri sevmirdi?

- Yalçın müəllim böyük uşaq kimi olub. Onu xırda şeylərlə də sevindirmək olardı. Yaxşı paltarları, aksesuarları çox sevirdi. Müalicə vaxtı çox yorulurdu. İl yarım Heydər Əliyev Fondunun, Mehriban xanımın dəstəyi ilə Tükiyədə müalicə olundu. Çox çətin kurslardan sonra çıxıb mağazaları gəzirdi. Özünə yeni geyim alanda yaşamaq həvəsi artırdı.

- Atanızın kölgəsində qalmaq kompleksi yaşamısınız?

- Bu normaldır. Polad Bülbüloğlunun da, Rəşid Behbudovun da atası məhşur olub. Mətinin atası Yalçın Rzazadə olmasaydı da, oxuyacaqdı.

- Amma etiraf edək ki, Yalçın Rzazadənin populyarlığı sizdə yoxdur.

- Çünki mən bugünkü müğənnilərlə ayaqlaşmaq istəmirəm. Mən sənətkar ailəsində böyümüşəm. Keçən dəfə verilişdə də dedilər, bəs Mətin nəylə tanınır. Mən də tanınmaq üçün gərək onların oxuduğundan oxuyam. Yalçın müəllim, Rəşid Behbudov bugünkü zamanda oxusaydı, belə məhşur olmayacaqdı. İndiki dövrün tələbatı tamam başqadı.

- Dövr, tələblər dəyişsə də, onun ifa etdiyi “İncəbellim” və bu qəbildən olan mahnıları indi də çox sevilir.

- Mən bir çox müğənni ilə özümü müqayisə edə bilmirəm. Bu özünü tərifləmək deyil. Bəlkə, yetişdiyim mühitin təsiridi. Mən gözümü açıb Cabir Novruzu, Eldar Mansurovu, Elza İbrahimova kimi məhşur bəstəkarları görmüşəm.

- Elə onu sual vermək istəyirdim. Kimlərlə dostluq edirdi?

- Onların qızıl üçlüyü var idi. Yalçın Rzazadə, Cabir Novruz, Oqtay Kazımi. Atamın çox mahnısı bu üçlüyə məxsus idi. Emin Sabitoğlu ilə də çox yaxın idi.

- Evinizə ən çox kimlər gəlib-gedirdi?

- Emin Sabitoğlu, Cabir Novruz, Oqtay Kazımi.

- Bəs öz dövrünün ifaçıları? Məsələn, Mirzə Babayev, Elmira Rəhimova?

- Yox, deməzdim. Düzdü, konsertlərdə, tədbirlərdə görüşüblər, amma evimizə gəlib-getməyiblər. Arada İlhamə xanım, Flora xanım gəlib-gedib.

- Məclis adamıydı, Mətin bəy?

- Deməzdim. Qonaqlıqlara getsin, evdə tez-tez qonaqlıq versin... - Yox, elə də yox. Belə qapalı insan idi. Öz dünyası var idi. Əlli beş il səhnədə oldu, heç kim onun ailəsini yaxından tanımadı. Mən bir az tanınırdım. Efirə çıxmışdım deyə. İstəmirdi ailəsi barədə efirdə danışılsın. İstəyirdilər ki, evdə çəkilişlər olsun, qəti razılaşmırdı. İnciyirdilər. Deyirdi ki, mənəm müğənni, ailəm istəmirəm ki, reklam olunsun.

- Ananızla necə idi münasibətləri? Sevib ailə qurublar?

- Bəli. Atam çox diqqətcil insan olub. Özünə bir şey alanda mütləq anam üçün də alardı.

- Ananız mətbəxdə iş görəndə ona kömək edirdi?

-Yox. Nəsə xatırlamıram belə bir hal.

- Hansı xörəkləri sevirdi, nələri xoşlayırdı? Necə içkilər içirdi? Çay, kofe?

- Atam əslən Lənkəranlıdı. Bakıda anadan olub. Atası lənkəranlı, anası bakılıdı. Bəlkə də, lənkranlı olduğu üçün çayı xoşlayırdı. On stəkan çayı dalbadal içə bilərdi.

- Üç qardaş olmusunuz. Bir siz seçmisiniz bu sənəti.

- Verilişlərə gedəndə məsləhət alırdım ki, necə geyinim, hansı mahnıları ifa edim. Ancaq hansısa efirə çıxmağa görə heç vaxt məni kiməsə tapşırmayıb. Bəlkə də, hardasa düz etməyib. Deyirdi ki, istedadın varsa, irəli gedəcəksən. Məni heç kim tapşırmayıb zamanında. Ancaq o dövrün tələbatı ilə bu dövrün tələbatı eyni deyil. Zamanında Yalçın müəllimin üzünə söz deyə bilməyənlər Mətini hanısa siyahılardan silirlər.

- Olubmu belə faktlar?

- Hə. Əlbəttə. Acıqlarını məndən çıxırlar.

- Sənət adamları?

- Doxsan doqquz faiz sənət adamları idi. Yalçın müəllimin sağlığında 300 metrdən qaçıb əlini öpənlər indi deyirlər ki, Mətin ordadısa, biz gəlmirik. Rəşad Məmmədov və Oqtay Əliyev mənim əlimdən çox tutdular. Mən tamam həvəsdən düşmüşdüm. Daha bu sənətdə olmaq istəmirdim. Bir də Ədalət Şükürov. O, 2013-cü ildən mənə dəstəkdir.

- Ədalət Şükürov atanızla yaxın idi?

- 2013 cü ildə mən Ədalət müəllimə zəng elədim ki, sizinlə bir duet oxumaq istəyirəm. O da dedi ki, məmuniyyətlə. O vaxtdan da dostluğumuz başlandı. Atamla da münasibətləri yaxşı idi. Yalçın müəllim Ədalət müəllimin xeyrində də, şərində də yanında olub.

- Bəs Oqtay müəllim?

- Oqtay müəllim atam rəhmətə gedəndən sonra yanımda oldu, əlimdən tutdu. Qoymadı ki, batıb gedim. Bugünkü gündə də zəngləşirik. Təşəkkür edirəm ki, yanımda oldunuz. Deyir ki borcumuzdur.

- Deməli, sənətə, sənətkara ehtiram var...

- Bəli.

- Cavanlarda, ümumiyyətlə, qısqanclıq var.

- O qədər. Bura sanki balaca mafiyadı, kənardan gələni içəri buraxmırlar. Bilmirəm, adıma görə çəkinirlər. Bütün dövrlərdə paxıllıq, qısqanclıq olub.

- Yalçın müəllim pul qazanan adam idi?

- Çox bədxərc olub. Nə qazanıbsa, əyin-başına veribdi. Bir köynəyi görüb bəyənsəydi, sonuncu pulunu da ona verərdi. Düşünməzdi ki, pulsuz-parasız neyləyəcəm.

- Evdə buna görə söz-söhbət olmurdu ki?

- Xeyr. Çünki ailəyə çox yaxşı baxırdı. Türkiyədə müalicədə olanda qardaşım deyirdi ki, Mətin, corab əlindən burda yer yoxdu. Qırmızı rəngi də çox sevirdi.

- Qırmızı rəngi hər kişi ya qadın müğənni geyməzdi. Yalçın müəllim qırmızı rəngi efirə gətirib.

- Nəinki qırmızı rəng, kovboy şlyapası, gitara ilə saçaqlı ködəkçə.

- Mən bilən, geyimlərinə görə çoxlu qadağalar olub.

- Olub, özü də çox. O vaxt Yalçın müəllim “Sağlığında qiymət verin insanlara” mahnısına görə nə qədər çətinliklər çəkib. Sovet dövrü idi.

- Yalçın müəllimin əlindən tutub səhnəyə, sənətə gətirdiyi insanlar olubmu?

- O qədər.

- Konkret ad çəkə bilərsiniz?

- Yox. O qədər olub ki.

- Bəs siz incimirdiniz? Demirdiniz ki, mənə də kömək elə?

- Əlbəttə, inciyirdim. Bugünkü günə kimi heç bir kanal deyə bilməz ki, Yalçın müəllim zəng edib deyib ki, mənim oğlumu efirə çıxardın. Bəzən elə olub ki, atamdan da, məndən də xəbərsiz məni efirə dəvət ediblər.

- Aranızda rəqabət olubmu sənət baxımından?

- Yox. Atam əlli beş il sənətdə olub. Bizim aramızda necə rəqabət ola bilər? Mənim cəmi 33 yaşım var. Bəzən deyirlər ki, Mətin Yalçın müəllimin səviyyəsində ola bilməz. Mənsə deyirəm, sənət baxımından ondan da üstün ola bilərəm. Çünki Yalçın müəllimin Yalçın müəllim kimi müəllimi olmayıb. Onda razılaşırdı. Ədalət müəllim bir söz dedi ki, sən Yalçın müıllimdən populyar ola bilərsən, amma həmişə Yalçın müəllimin oğlu olaraq qalacaqsan. Harda olsan, deyəcəklər ki, bu, Yalçın Rzazadənin oğlu Mətindir.

- Bayaq mən də onu deyirdim ki, kölgədə qalmaq sizi sıxmayıb ki?

- Yox, əlbəttə. Mən ancaq Yalçın müəllimin mahnılarını oxumuram ki. On mahnıdan 3-4-ü atama məxsusdur. Digərləri oxuyandan sonra mən niyə oxumayım? Deyim ki, ancaq bu üslubda oxuyacam, əlbəttə, yox. Ancaq bu üslubda oxusaydım, Ədalət müəllimlə duet oxumazdım.

- İndi Yalçın müəllimin yaradıcılığına münasibət necədir?

- Adicə instaqram səhifəmdə, yutubda bir mahnısını paylaşanda görürəm ki, insanlar necə hörmətlə yanaşırlar, onun haqqında bir dənə də səhv fikir yazmırlar. Hamısı yazır ki, heyif ondan, gözəl sənətkar idi. Mənim özümə də bu çox xoşdu. Verilişlərin birində sual verdilər ki, Yalçın müəllim özündən sonra sizə nə qoyub, dedim ki, təmiz adını.

- Çox zərərsiz insan olub, heç kimə pislik etməyib.

- Əsəbiləşirdi, iki dəqiqə sonra zəng edirdi ki, necəsən, hardasan...

- Ən çox mübahisə nə üstündə olurdu?

- Geyim üstündə. Mən tünd rəngləri sevirəm. Deyirdi ki, gəncsən, açıq, parlaq rənglərdə geyin. Həmişə Türkiyədən gələndə hamıya geyim gətirirdi, bir məndən başqa.

- Özü kimləri dinləyirdi, bəyənirdi?

- Zəki Mürenə qulaq asırdı. Azərbaycan estradasında elə bir müğənni yox idi ki, saatlarla ona qulaq assın.

- Muğama münasibəti necə idi?

- Çox gözəl. Aşıq musiqilərini də sevirdi, hətta Vaqif Mustafazadə ilə caz stilində bir mahnı oxumuşdu, axırında azca muğam ifa etmişdi. Muğam dinləyirdi. Aşıq Əhliman mənim müəllim olub. Mən aşıq sənətindən söz açanda görürdüm ki, vokal ifaçısı ola-ola necə məlumatlı idi...

- Öz ifasında hansı mahnılarını sevirdi? Məsələn, deyirdi ki, bu mahnının möhürünü vurmuşam.

- Heç birini. 55 il il sənətdə oldu, həmişə deyirdi ki, mən hələ də öyrənirəm. Bir mahnını studiyada hissə-hissə yox, birbaşa yazdırardı. Görsəydi ki, səsi yerində deyil, yazdırmazdı.

- Amma bütün hallarda özünün bəyəndiyi ifası olmalıdı.

- Yox, yox. Heç vaxt deməyib.

- Səsini necə qoruyurdu?

- Qışda -20 dərəcədə dondurma yeyirdi. Yayda qaynar çay içirdi. Heç vaxt səsini qorumayıb. İmmuniteti çox güclü idi. Qrip olmurdu. Türkiyədə müalicədə olanda istədilər onu çəksinlər, razılaşmadı. Dedi, istəmirəm, xalqım məni belə görsün.

- Kövrək adam idi?

- Çox. Tez kövrəlirdi, gözləri dolurdu.

- Nəyə kövrəlirdi?

- Ən çox anasına görə. Son nəfəsinədək anasının şəklini görəndə ağlayırdı. Anasının vurğunu olub. Baxmayaraq ki, kommunist ailəsində böyüyüb, çox kasıb dolanıblar. Uşaqlar futbol oynayanda, o, balıq tutub, yarısını satıb, yarısını evə gətirirmiş. Çətin uşaqlıq keçirib. Deyirdi ki, hər bayramda balışın altına baxırdım. Anam ora mənim üçün nəsə qoyurdu. Qastrollardan oyuncaqlar, paltarlar gətirirdi. Çünki uşaqlığında görməyib.

- Ailədə neçə uşaq olublar? Ataları da tez rəhmətə gedib, deyəsən.

- Beş uşaq. Yox, anası.

- Neçə yaşında? Yalçın müəllimin populyarlığını görüb?

- O, atam qastrolda olanda dünyasını dəyişib. Yadıma çox dumanlı gəlir nənəmin ölümü. Atam bilirdi ki, anası xəstədi, əməliyyat olunmuşdu. Amma ona demişdilər ki, yaxşıdı.

- Yalçın müəllim sağlam adam idi, xəstəliyi qəfil başlandı...

- Düzdü, sağlam idi, həkimə getməyi sevmirdi. 2-3 il tez yoxlatdırsaydı, hələ də bizimlə idi. Xəstəliyini bilən kimi Mehriban xanım gecə ilə Türkiyəyə yola saldırdı. Problem əvvəl ürəyində yarandı, sonra mədəsində.

- Siz nə vaxt bildiniz ki, vəziyyəti yaxşı deyil?

- Axırıncı dəfə Bakıya qayıdanda həkimlər demişdilər ki, bədəni müalicəyə dözməyəcək. Mayın axırı Bakıya qayıtdı, fevral ayında dünyasını dəyişdi.

- Özü bilirdi xəstəliyinin ciddiyyətini? Yoxsa gizlədirdiniz?

- Yox. Gizlədirdik. Qardaşım Türkiyədə həkimlərə demişdi ki, özü bilməsin. Bilsəydi, müalicə etdirməyəcəkdi, geri qayıdacaqdı.

- Sağalacağına inanırdı?

- Özü bezirdi, yorulurdu. Biz də dəstək olurduq. Çox dözümlü idi. Günü ağır keçirdi, amma axşamlar bizimlə gümrah danışmağa çalışırdı.

- Yatağa düşdü?

- Sonuncu həftədə hə... Deyirdi ki, Mətin, sən niyə oxumursan? Mən də deyirdim ki, sən düzəl, oxuyacam. Təkid edirdi ki, oxu, efirlərə çıx, mən sənə bir neçə mahnı göndərəcəm. Onlara qulaq as, mənə bir söz de. Son günündə gözünü açmırdı, çox gücsüz idi. Üçümüz də yanındaydıq. Ortancıl qardaşım dedi ki, bax, ata, üçümüz də yanındayıq. O, son gücünü yığdı, gözlərini açdı. Dedi ki, nə böyük xoşbəxtlik! Üç oğlu da yanındaydı.

- Hansısa son sözü, vəsiyyəti, arzusu oldumu?

- Hə. Deyirdi ki, mən istəyirəm, öz torpağımda, atamın, qardaşımın yanında dəfn olunum. Artıq ölümü qəbul eləmişdi.

- Ağladığını görmüşdünüz, Mətin bəy?

- Hə. Hansısa şəkilə baxanda, özünə qarşı haqsızlıq görəndə.

- Bəs xəstə yatan müddətdə?

- Xəstə yatanda bizə bildirmirdi. Bir dəfə də şikayətlənmirdi. O, xarakter etibarı ilə çox çılğın adam idi. Bir söz xoşuna gəlməsə, həmin adamın cavabını verərdi. Xoşu gəlməyən insanlarla bir masada əyləşməzdi, fikrini bölüşməzdi. Ümumiyyətlə, hər şeyi biruzə verən adam deyildi.

- Üç oğlansınız. Hərənin öz həyatı, işi. Yalçın müəllimin boşluğunu nə vaxt hiss elədiniz?

- Hər zaman. Hələ də qəbul edə bilmirik onun ölümünü. Hər addımda hiss edirik ki, yoxdur artıq. İl yarım Türkiyədə oldu, bəzən adama elə gəlir ki, hələ də ordadı.

- Yuxuda görürsünüz?

- Cəmi bir dəfə görmüşəm. Qəbrinə - Lənkərana gedəndə hər dəfə görürük ki, bizdən başqa insanlar da güllər qoyublar qəbrinin üstünə.

- Qadın pərəstişkarları çox idi?

- Hə. Çox olub. Cavan vaxtı onu konsert zallarının arxa çıxışından çıxardırlarmış, çünki qadınlar imkan vermirlərmiş evə getsin. Axı atam çox yaraşıqlı idi...

# 4659 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #