"Əxlaqsızlıq" ittihamı ilə həbs olunan yazıçı - Oskar Vayldı məhvə aparan nə idi?

"Əxlaqsızlıq" ittihamı ilə həbs olunan yazıçı - Oskar Vayldı məhvə aparan nə idi?
16 oktyabr 2025
# 15:10

Bu gün irland yazıçı Oskar Vayldın doğum günüdür.

Kulis.az bu münasibətlə yazıçı haqqında materialı təqdim edir.



Az adam var ki, həm intellekti, həm də həyat tərzi ilə bir dövrün simvoluna çevrilsin. Oskar Vayld məhz o yazıçılardandır.

İrlandiyada doğulan yazıçı həm öz dövrünün, həm də bütün zamanların ən maraqlı simalarından biri idi. Onun həyatı ziddiyyətlərlə doludur.

Qeyri-ənənəvi sevgi, azadlıq arzusu, cəmiyyətlə mübarizə, həbsxana həyatı, romantika... Bu həyatın içində nə axtarsan, tapmaq olar.

Vayld təkcə yazıçı deyildi, o, bütün həyatını sənətə çevirmək istəyirdi.

Oskar Vayld uşaqlıqdan kitabların sehrinə düşmüşdü. Enniskillen şəhərindəki Portora Royal məktəbində oxuyarkən klassik yunan və Roma mədəniyyətinə vurulmuşdu.

Hətta məktəbin ən nüfuzlu mükafatlarından birini qazanmışdı.

Daha sonra Dublində yerləşən Trinity kollecində, davamında Oksford Universitetində təhsil aldı. “Ravenna” adlı şeirinə görə “Newdigate” mükafatını qazanması onun gələcək şöhrətinin başlanğıcı idi.

Oskar Vayld Oksfordda ədəbi proseslər ilə tanış olur. O, “Sənət sənət üçündür” ideyasına inanır, gözəlliyi həyatın mənası sayırdı.

Geyimi, danışığı, davranışı ilə hər yerdə fərqlənirdi. Bəzilərinə görə ədəbsiz, bəzilərinə görə dahi idi.

Bütün bu ziddiyyətlərə baxmayaraq, hamı qəbul edirdi ki, o, adi adam deyil.

Oskar Vayld ömrü boyu yalnız bir roman çap eləmişdi. “Dorian Qreyin portreti”. Bu roman onun adını ədəbiyyat tarixinə yazmağa kifayət elədi.

Gözəlliyin və mənəvi tənəzzülün hekayəsi olan bu əsər, əslində yazıçının öz həyatından bəhs edirdi.

Bundan başqa, o, “Xoşbəxt şahzadə və digər nağıllar” kimi uşaq hekayələri ilə məşhurlaşmışdı.

Onun dili həm gözəl idi, həm də iti. Nəsildaşları yazıçını “dilin sehrbazı” adlandırırdı. İngilis, fransız, alman dillərində sərbəst danışır, yunan dilini mükəmməl bilirdi. Amma onun fərqi biliyində yox, cəsarətindəydi.

Cəmiyyətin ikiüzlülüyünü açıq şəkildə lağa qoyurdu. Hər aforizmi sanki tikan idi, amma o tikanın ucunda bəzəkli bir gül vardı.

Oskar Vayld ailə qurmuşdu və iki oğlu vardı. Amma əsl münasibəti həyat yoldaşı ilə yox, Lord Alfred Doqlas ilə yaşadığı eşq idi. Bu sevgi onu həm ilhama aparacaqdı, həm də məhvə...

Onların münasibəti 1890-cı illərdə Londonun ən qalmaqallı mövzularından birinə çevrilmişdi. Nəticədə Oskar Vayld “əxlaqsızlıq” ittihamı ilə həbs olundu.

İki illik həbsdən çıxanda o, həm bədəncə, həm ruhən sarsılmışdı. Həbsxanada yazdığı “Dərinlərdən” adlı uzun məktubu yazıçını yenidən ədəbiyyat aləminə qaytardı.

Bu məktub həm sevgi etirafı idi, həm də həyatla barışmağa cəhd...

Oskar Vayld 46 yaşında, sürgündə - yoxsulluq içində öldü.

Parisə yolu düşənlər onu Per-Laşez qəbiristanlığında ziyarət edir, məzar daşını öpürdülər.

Məzar daşı o qədər öpülmüşdü ki, mərmər dodaq boyasından korlanmışdı və buna görə məzarın ətrafına şüşə sədd çəkilmişdi.

Ancaq bu pərəstişkarlarına mane ola bilmədi. Oskar Vaylda bir dəfə toxunan, bir daha unuda bilmirdi.

O, təkcə ədəbiyyata yox, musiqiyə də təsir eləmişdi. “Beatles” və “Rolling Stones” kimi əfsanəvi qruplar Oskar Vaylddan ilhamlanırdlar.

Con Lennon onu “şeir ustadı” adlandırırdı.

Oskar Vayld yazırdı: “Bütün müqəddəs şeylərin üstündə ən müqəddəs insanın öz həyatıdır.”

O məhz bu aforizmdəki fəlsəfə ilə yaşadı.

Bəlkə də elə buna görə dünya hələ də onu unuda bilmir, çünki o, öz həyatını sənətə, sənətini isə əbədiyyətə çevirdi.

# 1015 dəfə oxunub

Oxşar xəbərlər

"Taxt oyunları", milyard dollarlıq sərvət, "Dəhşətlər kralı"... - Dünyanın ən varlı 10 yazıçısı

"Taxt oyunları", milyard dollarlıq sərvət, "Dəhşətlər kralı"... - Dünyanın ən varlı 10 yazıçısı

15:00 1 mart 2026
"Qadının üç vəzifəsi var: gözəl olmaq, yaxşı geyinmək və heç vaxt etiraz etməmək" - “Yazıçının qeyd dəftəri” kitabından seçmələr

"Qadının üç vəzifəsi var: gözəl olmaq, yaxşı geyinmək və heç vaxt etiraz etməmək" - “Yazıçının qeyd dəftəri” kitabından seçmələr

12:00 1 mart 2026
Stalin dilemma qarşısında və Atatürkün sükutu - Azər Turan

Stalin dilemma qarşısında və Atatürkün sükutu - Azər Turan

12:00 28 fevral 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:16 28 fevral 2026
Əlimizdə çarə yox, cəmiyyəti sel aparıb - Aliminə, ağsaqqalına lağ edən naqqallar

Əlimizdə çarə yox, cəmiyyəti sel aparıb - Aliminə, ağsaqqalına lağ edən naqqallar

10:26 28 fevral 2026
Məşhur meyxanaçı vəfat etdi

Məşhur meyxanaçı vəfat etdi

09:54 28 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər