Yağışın möcüzəsi - Elvira Əliyeva

Elvira Əliyeva

Elvira Əliyeva

26 noyabr 2022
# 12:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Elvira Əliyevanın "Yağışın möcüzəsi" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Yağışın möcüzəsi

Səhər gözünü açan kimi qulağına şırıltı ilə yağan yağışın səsi gəldi. Birdən yadına düşdü ki, dünən yatmazdan əvvəl paltar sərmişdi. Hövlank yerindən çıxdı, balkonun qapısını açıb çıxmaq istəyəndə yadına düşdü ki, əynində gecə paltarı var. Hava artıq işıqlanır. Həyətdə adamlar da gözə dəyir. Belə paltarla görünməsi yaxşı deyil. Tələsik üstdən xalatını əyninə keçirdi. Çıxıb paltarları yığmağa başladı. Yağış, görünür çoxdan yağırdı, çünki paltarlar əməlli-başlı islanmışdı. Bu onu dilxor etdi. Deyinə-deyinə paltarları yığdıqca ətrafa da göz gəzdirdi. Birdən ona elə gəldi ki, sanki hər şey başqa cür görünür.

Payızın əvvəlləri idi. Həyətdə olan ağacların yarpaqları saralmağa başlamışdı. Yağışın altında ağaclar o qədər məmnun görünürdülər ki, sanki sehrli bir əl onları kirdən, tozdan təmizlədikcə ağaclar xoşallanır, budaqlarını astaca yellədirdilər. Hər şey öz təbii rənginə bürünmüşdü. O qədər gözəl görüntü vardı ki, axırıncı paltarı da yığdıqdan sonra balkonun məhəccərinə söykənib qaldı. Havadakı xoş qoxunu sinəsinə çəkdi, gözlərini yumdu. Xəyalı birdən birə çox illər əvvələ getdi. Yağış çoxdan unudub getmiş xatirələri canlandırmışdı yaddaşında…

Onda hələ uşaq idi. Kəndləri dağın ətəyində yerləşirdi.
Özünəməxsus təbiəti vardı oraların. Qışı çox qar yağar, amma hava o qədər yüngül olardı ki, uşaqlar havada saatlarla oynasalar da soyuğu hiss etməz, evə gələndə sifətləri, əlləri qıpqırmızı olardı. Yazda hər yer yamyaşıl olar, ağaclar çiçək açar, quşların şən səsi, çiçəkdən çiçəyə qonan arıların vızıltısı hər yeri bürüyərdi. Yayda böyüklər daha çox bağda, bostanda işləyər, uşaqlar da bacardıqca onlara kömək edərdilər. Payız.... Payız nə qədər gözəl olurdu oralarda. Ağaclar elə gözəl rənglərə bürünürdü ki, elə bil istedadlı bir rəssam payız lövhələri adlı əsərini çox şövqlə işləyib, qürurla izləyicilərə təqdim etmişdi. Xəzəllərin üstü ilə gəzəndə xışıltısı və xoş ətri insanı valeh edirdi. Qoz ağaclarının altı ilə getmək başqa bir aləm idi. Çünki ağacdan düşən qozlar xəzəllərin içində gizlənsə də, ayaq altında hiss olunar, uşaqlar onları ciblərinə doldurub sındırıb ləzzətlə yeyərdilər. Kəndlərində tez-tez yağış yağardı. Yaz yağışlarını müşayiət edən ildırım, şimşək gurultusu, payızın narın, çiskin yağışları... Yağışdan sonra torpaqdan gələn ətir...

Gözlərini açıb yenə ətrafa baxdı. Payız yağışı hər şeyi yuduqca ətraf gözəlləşir, təzələnir, beyninin alt qatlarında çoxdan silinib getməkdə olan xatirələrini də üzə çıxarırdı.

Uşaqlığı necə keçmişdi soruşsalar, bəlkə də çiynini çəkər, dəqiq bir cavab verə bilməzdi. Ailədə iki bacı idilər. Bacısı özündən üç yaş balaca idi. Deyəsən aralarında bir oğlan uşağı da doğulub, amma cəmi bir neçə saat yaşayıb. Ata babası da onlarla yaşayırdı. Həlim xasiyyətli, hündürboylu, sağlam görünüşlü idi babası. Danışanda da çox müdrik hekayələr, əhvalatlar söyləyərdi. Təbiəti, heyvanları çox sevərdi. Dəfələrlə babasını dayanıb ağaclara, quşlara heyranlıqla baxan yerdə görmüşdü. Yanına gedəndə babası ona heyvanların, bitkilərin də dili olduğunu söyləyər, sadəcə onları ürəkdən sevərsə dillərini anlayacağını deyərdi.

Valideynləri onun böyüyəndə müəllim olmasını istəyirdilər. Amma di gəl ki, dərslərə həvəsi yox idi. Sadəcə biologiya dərsində heyvanlar barədə babasının dediklərini xatırlayar, onları öyrənməyə çalışardı. Sinifdən-sinfə güclə keçirdi. Oxumaq həvəsi isə hər il daha da azalırdı. Valideynləri artıq başa düşmüşdülər ki, qızlarını müəllim görmək arzuları heç üfüqdə də görünmür. Onsuz da sinif yoldaşları da onun kimi oxumağa həvəssiz idilər. Məktəbi bitirən kimi qızların çoxu ailə qurdu, oğlanların da bəziləri Rusiyaya, Türkiyədə işləməyə getdilər. Siniflərindən bir oğlan ali məktəbə qəbul ola bildi. İndi mühasib işləyirdi hansısa idarədə. Sinif yoldaşlarından heç kimlə əlaqəsi yox idi uzun illərdir. Nəinki onlar, heç qohumlarının da çoxu ilə əlaqə saxlamırdı. Bacısı isə sanki heç olmayıbmış onun üçün. Bibisi qızını iki il əvvəl tapmışdı sosial şəbəkədə. Onunla əlaqə saxlayırdı. Ona da and vermişdi ki, heç kimə deməsin əlaqə saxladıqlarını. Özündən sonra olanların çoxunu artıq bilirdi. Babası həyatda yox idi. Atası və anası sağ idilər. Bacısı ailə qurmuşdu. Bibisi qızının dediyinə görə elə də xoşbəxt deyildi bacısı. Əri deyingən, hər şeyi problemə çevirən biri idi.
Məktəbin son siniflərində qəribə istedadı üzə çıxmışdı onun. Cizgi filmlərini çox sevirdi. Baxdığı cizgi filmlərinin qəhrəmanlarını elə məharətlə yamsılayırdı ki, uşaqlar heyranlıqla yenə də təkrar etməsini istəyirdilər. O ərəfələrdə televizorda sirklə bağlı bir film göstərdilər. Filmin qəhrəmanı sirkdə işləyən bir qadın idi. Film o qədər təsir etdi ki, ona, həmin anda sirkdə işləməyi, heyvan təlimçisi olmağı qəti qərarlaşdırdı. Heyvanlara əvvəldən marağı vardı nə də olsa. Amma sirk yalnız böyük şəhərdə vardı.
Çox qəribə bir xüsusiyyəti də vardı onun. Dil öyrənmək asan idi onun üçün. Kəndlərində bir rus qadın vardı. Marusya xala . Vaxtilə onların qəsəbəsində əsgərlikdə olan bir oğlana vurulmuş, ona qoşulub doğma yerlərindən xeyli uzaqda olan, adət-ənənələri, dili, yaşayış tərzi tam fərqli olan diyarlara gəlib çıxmışdı. Rus dilini düz-əməlli bilən də az idi buralarda. Azərbaycan dilində də qadın uzun illər ərzində məişətdə işlənən əsas sözlərdən başqa heç nə öyrənə bilməmişdi. Qadın artıq qocalmışdı. Tez-tez Marusya xalanın yanına gedər, onun həyətdə gördüyü təsərrüfat işlərinə həvəslə kömək edərdi. Qadın da onunla elə danışırdı ki, elə bil illərdən bəri sirdaşı idi. Yaş fərqi də onların söhbətinə mane olmurdu. Beləliklə illərlə danışa-danışa dili əməlli-başlı öyrənmişdi. Yaxşı deyirlər, niyyətin hara, mənzilin ora. Elə rus dilini yaxşı bilməyi, sirkdə işləmək arzusu onu haralara gətirdi.
Balkonda üşüdüyünü hiss etdi. İçəri, mətbəxə keçdi. Qazı yandırıb, çaydanı üstünə qoydu. Sonra divanda oturub fikrə daldı. Sirkə necə gəlib çıxmağı yadına düşdü...

Məktəbi bitirən ili anası ilə şəhərdə yaşayan xalasıgilə qonaq getmişdilər. Elə bilirdi xalası hər gün onları şəhərdə gəzdirəcək, bütün görməli yerləri görəcəkdi. Amma gözlədiyi olmadı. Şəhərin görməli yerləri o tərəfə qalsın, heç yaxınlıqdakı parka da getməyə narazı idi xalası. Sirkə getmək arzusunu onlara deyəndə xalası məəttəl qaldı ki, ay balam, biz illərdir burda yaşayırıq. Heç bir dəfə də olsun sirkə getməmişik. Bu həvəs hardandır belə?! Amma əl çəkmədi, bir dəfə onları sirkə getməyə razı saldı. Həmin vaxtlar başqa şəhərdən qastrola gəlmiş bir qrup sirkdə tamaşa göstərirdi. Tamaşa bitəndə anasını bir bəhanə ilə yola gətirib səhnə arxasına getdi. Rus dilini bilməyi ona burda necə də gərək oldu. Heyvan təlimçisi orta yaşlı bir kişi idi. onun maraqla baxdığını görüb danışmağa başladı. Sirkdə işləmək arzunu təlimçi eşidəndə gülümsədi. Məktəbi yenicə bitirmiş çəlimsiz qız uşağı vəhşi heyvanları ram etmək arzusunda idi. Onun bəxtindən idi, ya nə idisə həmin qrup şəhərə yeni gəlmişdi və hələ bir müddət burda proqram nümayiş etdirəcəkdilər. Sirkə xalasıgilin evindən avtobusla getmək olurdu. Demək olar ki, hər gün ya gözdən oğurlanıb, ya da min bir bəhanə ilə sirkə gedirdi. Anası onun bu arzusuna yox deyə bilmirdi. Xalası isə yaşca özündən kiçik bacısını belə üzüyumşaqlığına görə hey danlayırdı. Təlimçi ilə dostlaşmışdı. Tamaşadan sonra heyvanlara maraqla və həsədlə baxırdı. Gecələr xəyallarında özünü sirkdə məşhur təlimçi kimi görür, alqışları hiss edirdi sanki. Qrupun getməyinə az qalmışdı. Bir gün qəti qərara gəldi. Onlara qoşulub bu şəhərdən gedəcəkdi. Anası artıq kəndə qayıtmışdı. Əslində onu da özü ilə aparacaqdı. Amma ağlayıb yalvardı. Bir az daha qalmaq istədiyini dedi. Anası göz yaşlarına dözmədi. Bir neçə gün sonra xalasının əri kənddə rəhmətə gedən qohumlarının qırx mərasiminə gedəcəkdi. Onunla gələcəyini şərt qoşdu anası. Anasını arxayın edib vidalaşmışdı ürəyində. Qərarı ona həm qorxulu, həm də əlçatmaz görünürdü ilk günlər. Amma qərarında möhkəm durdu. Təlimçini dilə tutub yola gətirdi. Gedəcəkləri gün axşamdan hazırladığı kiçik çantasını çarpayının altında gizlətdi. Xalası qızda olan dəyişikliyi sezmişdi. Elə hey soruşurdu ki, nəsə olub bəyəm? Niyə belə həyəcanlı görünürsən? Hər dəfə də qısa cavablarla söhbətdən yayınıb iş görməyə başlayırdı.

O gecə keçirdiyi hissləri birdən elə dəqiqliklə xatırladı ki, az qala həyəcandan ürəyi dayanacaqdı... Səhəri dirigözlü açmışdı. Xalası qızı ilə bir otaqda yatırdı. Onu oyatmamaq üçün sakitcə geyindi. Axşam tələsik yazdığı məktubu yorğanının altına qoydu. Çantasını götürüb barmaqlarının ucunda otaqdan çıxdı. Ətrafı dinlədi. Sakitlik idi. Xalasıgil hələ yatırdılar. Ayaqqabılarını əlinə götürüb, qapıdan çıxdı. Pilləkənləri əvvəlcə sakitcə, sonra az qala qaça-qaça düşdü. Blokdan çıxanda ayaqqabılarını geyinib, dayanacağa yönəldi. Avtobusu çox gözləmədi. Sirkin yaxınlığında düşdü. Sirk qrupu o həndəvərdə kiçik oteldə yerləşmişdi. Bir az gözlədi. Qrupun gedəcəyi avtobus gəldi. Ürəyi elə döyünürdü ki, sanki sinəsində deyil, beyninin içində idi.
Çaydanın səsi xəyallardan ayırdı onu. Qalxıb çay dəmlədi, pəncərədən bayıra baxdı. Yağış hələ də yağırdı. Fikirləşdi ki, görəsən o vaxt belə eləməsəydi indi haralarda idi. Qaçmaqla səhv, yaxud düz etdiyini hələ də bilmirdi. Amma ailəsinə pislik etdiyi danılmaz bir həqiqət idi. Onlara qoyduğu məktubda da arzularının arxasınca getdiyini, onu unutmalarını yazmışdı. Bibisi qızından eşitmişdi ki, qaçmağı üstündə anası xalası ilə möhkəm dalaşıb, illərlə küsülü qalıblar. Kəndin qeybətcil arvadları, elə bəzi kişiləri də atasını görəndə yəqin ki, dedi-qoduya başlayırmışlar. Atası heç nəyi üzə vurmaz, hər şeyi ürəyində çəkərdi.

Beynində çoxdan bəri yatmış xatirələr oynamaqda idilər. Yadındadır, avtobusda oturub yola düşəndə pəncərədən ətrafa baxdı. Sonra gecənin yuxusuzluğundan idi, ya nədənsə bərk yatmışdı. Bir də ayılmışdı ki, fasilə vermək üçün dayanır avtobus. Beləcə bir neçə dəfə fasilədən sonra gəlib çıxdılar. Təlimçi onu bir qıza tapşırdı. Qızla onun yaşadığı evə getdilər. İki ilə yaxın onunla bir evdə kirayədə qaldı. Sirkdə əvvəlcə təlimçi köməkçisi oldu. İstedadı, əzmi sayəsində tezliklə tanınmış heyvan təlimçisi idi artıq. Çoxlu şəhərlərə qastrola gedirdilər. Amma gəldiyi şəhərə bir dəfə də olsun yolu düşmədi.

Bir neçə il sonra sirkdə işləyən uşaq evində böyümüş bir oğlanla ailə qurdu. Atası azərbaycanlı imiş oğlanın. Ata-anasının üzlərini güclə xatırlayırdı. Atası onları atıb getmişdi. Anası da acığa düşüb uşağı uşaq evinə vermişdi. Elə iş yoldaşları, oğlanın bir neçə dostu öz aralarında kiçik bir məclisdə yığışdılar. Sakit, səssiz kirayə tutduqları mənzilə köçdülər. İş yoldaşları hədiyyə olaraq hərəsi bir ev əşyası almışdı onlara. Pis dolanmırdılar. Yoldaşı işdən sonra mağazada işləyirdi. Birlikdə işləyib pul yığdılar, ev aldılar. Qızları doğuldu. Sonralar yoldaşı onları da, işini də atıb getdi. Bir daha da nə xəbəri, nə də özü gəldi. Qızını əziyyətlə də olsa böyütdü təkbaşına. İnsafən qızına yaxşı tərbiyə vermişdi. Ağıllı, sözəbaxan, ev işlərində səriştəli idi qızı. Yad şəhərdə, yad insanlar arasında qızı onu üçün hər şeyi idi. Doğma dilini də körpəlikdən öyrətmişdi qızına. Həm sirdaşı, həm yoldaşı olmuşdu. Həmin vaxtlar başına bədbəxt hadisə gəldi. Vəhşi heyvanlardan biri təlim vaxtı ona hücum etdi. Bəxti gətirdi ki, vaxtında xilas etdilər onu. Amma ayağındakı yara nəticəsində ömürlük axsaq qaldı. O hadisədən sonra təlimçiliyi buraxdı. Sadəcə heyvanların təmizliyi, yeməyi ilə məşğul oldu. Qızı böyüdü, ali
məktəbə daxil oldu. Üçüncü kursda oxuyanda atası azərbaycanlı, anası rus olan bir oğlanla tanış oldu, anasının razılığı ilə ailə qurdu. İndi nəvəsi də var.

Nəvəsi yadına düşəndə gülümsədi. Hər gün görüntülü danışır qızı ilə. Nəvəsi də balaca əllərini ekrana uzadıb, öz aləmində nəsə deyir ona
Qızı ailə qurub evdən köçəndən sonra ev bomboş göründü ona. Elə onda anladı ki, buralarda artıq işi qalmayıb. İllərdir yaşadığı şəhər də yad göründü ona. Qəribə də olsa vətən həsrəti çəkdi o an. Qərarını verdi ordaca. Köçəcəkdi vətənə. Kəndlərinə yox əlbəttə ki. Amma başqa hara olsa olar. Araşdırdı, ev qiymətlərinə baxdı. Qızı ilə danışdı. Qızı çox israr elədi ki, onu fikrindən döndərsin, amma dediyində durdu. Axırda qızı da naəlac qalıb razılaşdı. Köçməyi sandığı qədər asan olmadı. Sənəd işləri, evin satılmağı, burda ev tapmağı, nə qədər prosedurlar. Nəhayət köçüb gəlmişdi paytaxt şəhərə. İllər ərzində necə dəyişmişdi buralar. Uşaq vaxtı paytaxtı çox da görməmişdi. Bir neçə dəfə olmuşdu buralarda. Sonuncu dəfə də qaçmışdı burdan...

Yağış hələ də yağırdı. Hər tərəf tərtəmiz, pak görünürdü. İllərdən bəri ilk dəfə sinə dolusu nəfəs aldı, beyninə qəfil gələn fikirdən gözləri işıqlandı.
Sabah doğulduğu kəndə gedəcəkdi

# 1057 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #