Xoşbəxt sevgi yoxdu ki, bu xaraba dünyada... - Lui Araqon

Xoşbəxt sevgi yoxdu ki, bu xaraba dünyada...  -  Lui Araqon
3 mart 2026
# 11:34

Kulis.az görkəmli fransız şair və yazıçı Lui Araqonun "Xoşbəxt sevgi yoxdu ki, bu xaraba dünyada..." şeirini təqdim edir.

Qazanc deyil insana, heç bir şey qazanc deyil,
Nə gücü, gücsüzlüyü, nə də yanar ürəyi.
Qucaq açsa kölgəsi xaça dönür elə bil,
Və bağrına basanda qırar sevdiyi şeyi.
Qəribədir ayrılıq, zülmət çökür hər yana,
Xoşbəxt sevgi yoxdu ki, bu xaraba dünyada...

Nədi ömür dediyin? Silahsız əsgərik biz -
taleyi özgələrin qələmiylə yazılan.
Boşunadır hər səhər güzgüyə gülməyimiz,
Hər gecə əhvalımız bir az daha pərişan.
Ömrümü danışıram, dinlə, fəqət, ağlama,
Xoşbəxt sevgi yoxdu ki, bu xaraba dünyada...

Sevgilim, canım-gözüm, mənim qanayan yaram,
Qəlbimdəsən sən mənim yaralı bir quş kimi.
Bizə göz qoyub gedir bizi görən hər adam,
Eşidirlər səninçün oxuduğum nəğməni.
Sözlər həya eləyir gözlərinin yanında,
Xoşbəxt sevgi yoxdur ki, bu xaraba dünyada...

Bundan sonra ta çətin öyrənək yaşamağı,
Qoy qəlbimiz ağlasın səhərdən axşamadək.
Ağrısız başa gəlmir nəğmənin doğulmağı,
Əgər ocaq sönürsə, közərtməyə ah gərək,
Gitaranın naləsi çatsın gərək imdada,
Xoşbəxt sevgi yoxdur ki, bu xaraba dünyada...

Bircə sevgi də yoxdur iztirabsız, kədərsiz,
Bircə sevgi də yoxdur şad-xürrəm, gülə-gülə.
Bircə sevgi də yoxdur ötüb keçsin zədəsiz,
Bil, səndən artıq deyil vətən sevgisi belə.
Bircə sevgi də yoxdur göz yaşına biganə,
Xoşbəxt sevgi yoxdu ki, bu xaraba dünyada,
Amma biz yorulmadan sevəcəyik yenə də.

Tərcümə: Qismət Rüstəmov

# 837 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər