XIX əsrdə sevgi haqqında açıq danışan modern şair - Ona niyə “çəkingən rahibə” deyirdilər?

XIX əsrdə sevgi haqqında açıq danışan modern şair - Ona niyə “çəkingən rahibə” deyirdilər?
10 dekabr 2025
# 13:30

10 dekabr amerikalı şair Emili Dikinsonun doğum günüdür.

Kuıis.az bu münasibətlə Hefzibah Andersonun "Bədbin gənclər niyə "Emili Dikinsonu sevir? " yazısını təqdim edir.

Emili Dikinson uzun müddət "cəmiyyətdən uzaq yaşayan, evdə qalmış bir qadın", “çəkingən rahibə” kimi təsvir edilib və illərlə belə qəbul olunub.

Bu obraz onun gənclər tərəfindən sevilməsinə də təsir edib. Lakin Dikinson doğrudan da belə biri idimi?

XIX əsr Amerika poeziyasının simalarından biri olan Dikinson özü haqqında yaradılan portretlə bütöv şəkildə qiymətləndirilib.

Bu tip portretlər şairləri necə gördüyümüzü, xüsusilə də qadın şairlər haqqında nə düşündüyümüzü böyük ölçüdə formalaşdırır.

Emili Dikinsonu xarakterizə edən ən qəribə detallar isə onun bioqrafiyasında qeyd olunur: ağ paltar geyinmə vərdişi, otağından çıxmaq istəməməsi, qonaqlarla üz-üzə deyil, qapı arxasından danışması…

Dikinsonun bütün şeirləri oxuculara təqdim olunduğu andan etibarən qəbul edildi. Ömrü boyu təxminən min səkkiz yüz şeir yazan şair sağlığında onların yalnız onunu çap etdirmişdi.

Digər şeirləri isə 1886-cı ildə əlli beş yaşında öldükdən sonra ortaya çıxdı. Bir çox şair və yazıçıda olduğu kimi, Dikinsonun pərəstişkarlarının sayı da ölümündən sonra kəskin artdı.

Xüsusilə qadın oxucular ona heyran qaldılar və bu gün muzey kimi fəaliyyət göstərən Massaçusets ştatının Amherst şəhərindəki evinə axın etdilər.

Ölümündən bəri Dikinsonun yazdığı bu cür şeirlərin yalnız cəmiyyətdən uzaq yaşayan, evdə qalmış qadınlar tərəfindən yaradıla biləcəyi fikri sanki dəyişdirilə bilməz bir həqiqət kimi qəbul olundu.

Bu düşüncəyə isə ən çox təcrübəsiz və həddindən artıq həssas gənclər inanmışdılar.

1980-ci illərdə məktəbdə poeziyaya giriş dərsi alan Rosanna Bruno belə deyir: “Biz Dikinsonun ailəsi xaricində hər kəsdən uzaq yaşayan, daim ağ geyinən, heç vaxt otağından çıxmayan, evdə qalmış bir qadın olduğunu öyrənirdik.”

Lakin onun fikrincə, o vaxt belə şair haqqında deyilənlər şeirləri ilə uyğunlaşmırdı. “Bütün deyilənlər onun yazdıqlarına zidd idi. Hər şey yenidən nəzərdən keçirilməliydi”.

Gənc bir qadın və şair kimi Dikinson əslində sosial cəhətdən aktiv biri idi. Məktublaşmaq yolu ilə yeni dostluqlar qurur və onları davam etdirirdi. Bu məktubların bir qismi onun həyatına və şeirlərinə dair təşkil edilən sərgidə nümayiş etdirilib.

Sərginin kuratoru Kerolin Veqa uzun müddətdir Dikinson heyranıdır. “Dikinsonun cəmiyyətdən müəyyən qədər uzaq durduğu doğrudur, lakin eyni zamanda dostları, ailəsi, ədəbiyyat məsləhətçiləri və redaktorlarla güclü əlaqələri varmış. O, həmçinin Amerika Vətəndaş müharibəsi kimi siyasi məsələlər barədə oxuyur və ətrafında baş verənləri izləyirmiş. Yəni izolyasiya olunmuş həyat sürdüyünü demək düzgün deyil” - deyə Veqa bildirir.

Dikinsonun şeirlərində də təcrid olunmuş bir həyata dair işarələr azdır. Bundan başqa, yazdığı şeirləri bir sıra dostlarına və redaktorlara göndərdiyi də məlumdur.

Deməli, o, qapalı bir həyat yaşamır, yaradıcılığını başqaları ilə bölüşürdü. Daha sonralar fiziki təkliyi seçsə də, hər zaman belə yaşadığını iddia etmək doğru olmaz.

Dikinson haqqında araşdırmalar aparan və Kanberra Universitetində yaradıcılıq yazısı müəllimi olan Paul Hetherinqton belə deyir: “Dikinsonu cəmiyyətdən uzaq, qəribə bir fiqur kimi təsəvvür etmək onun əsərlərini anlamağımıza mane olur. Çünki bu portret onu əsas axından ayıraraq daima kölgədə qalan, normal həyata uyğunlaşmayan və həmişə uclarda yaşayan bir obraz kimi təqdim edir”.

Halbuki Dikinson XIX əsrin patriarxal cəmiyyətində sevgi, arzular və bağlılıq haqqında açıq danışan ilk modern şair idi. Yəni onun haqqında yaradılan stereotip portretdən tamamilə uzaqdır.

Yazıçı və akademik Dr. Kassandra Aterton da buna bənzər fikirdədir: “Dikinson akademiklər tərəfindən çox vaxt yanlış interpretasiya edilir. Şair atasının evində sıxılıb qalmış biri deyildi. O, patriarxal cəmiyyətə qarşı mübarizəsi və özünü intellektual qadın kimi var etmək savaşı ilə güclü və ağıllı bir insan idi”.

Lakin Aterton da bir çox gənc kimi əvvəllər Dikinsonu fərqli biri kimi görürdü: “Gəncliyimdə o mənim üçün poster qızı idi. Məktəbə gedərkən onun kimi ağlar geyinmək, saçımı onun kimi bağlamaq istəyirdim”.

Bu anlayışlar həm ümidvericidir, həm də Dikinsondan qalanlara - yəni onun öz sözlərinə diqqət yetirmək üçün bir xəbərdarlıq mahiyyəti daşıyır.

Onun öz sözlərini isə ən yaxşı şəkildə məktublarında yazdıqları ifadə edir: “Fiziki olaraq başımın uçub getdiyini hiss edirəm və bilirəm ki, bunun səbəbi — şeirdir!”

# 77 dəfə oxunub

Oxşar xəbərlər

İncəsənət Kollecində “Bir əsrdən artıq yol” adlı sərgi açılıb

İncəsənət Kollecində “Bir əsrdən artıq yol” adlı sərgi açılıb

13:52 10 dekabr 2025
Virtual sərgi: “Beynəlxalq İnsan Hüquqları Günü”

Virtual sərgi: “Beynəlxalq İnsan Hüquqları Günü”

13:20 10 dekabr 2025
Səhnədən ekrana uzanan ömür - Müxlis Cənizadə öz ustalığını hansı filmdə təsdiqləmişdi?

Səhnədən ekrana uzanan ömür - Müxlis Cənizadə öz ustalığını hansı filmdə təsdiqləmişdi?

13:00 10 dekabr 2025
Leonardo Di Kaprio "İlin aktyoru"  elan edildi

Leonardo Di Kaprio "İlin aktyoru" elan edildi

12:35 10 dekabr 2025
Tanınmış opera müğənnisi oğlu tərəfindən öldürüldü

Tanınmış opera müğənnisi oğlu tərəfindən öldürüldü

12:20 10 dekabr 2025
Verdiyi vədəni yadına salıram, bəyənmir məni... - Günün mahnısı

Verdiyi vədəni yadına salıram, bəyənmir məni... - Günün mahnısı

12:15 10 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər