Sehrli təsbeh, baldan balqabağa keçid, külqabına çevrilən güldanlar – “Xəzər Səhər”dən Reportaj

Sehrli təsbeh, baldan balqabağa keçid, külqabına çevrilən güldanlar – <span style="color:red;">“Xəzər Səhər”dən Reportaj
6 mart 2019
# 09:00

Anons

Həmid Herisçi ilə İlhamiyyə Rzanın “Xəzər Səhər” verilişinin kulisində nə baş verir? İlhamiyyə xanım verilişdən sonra enerji toplamaq üçün nə yeyir? Həmid ağanın böyük ixtirası nədir? Bütün bunlar az sonra...

Kadrarxası

- Nədir o elə?

- Bal.

- Çox enerji itirirsiniz deyəsən...

İlhamiyyə xanım balaca bal qabını qırağa qoyub gülümsünür.

- İtiririk də, qazanırıq da! Bal boğazım üçün lazımdır-quruyur.

Həmid ağa deyir ki, canlı efirdə aparıcı olmaq asan gəlməsin sənə və əlində nəyisə oynada-oynada efir məkanını tərk edir.

Hazırki əsas şəkil

Ər-arvadın veriliş aparması

Həmid Herisçi sol əli havada bizi öz otağına aparır. Masanın üstündə çoxlu kağız-kuğuz var. Hamısı da sahibinə sadiq köpək kimi dinməz-söyləməz yerlərində durublar.

Gözümə bapbalaca bir alma sataşır.

- Almanın çürük olduğunu göstərməyin! – deyir – Ya da çəkin. Yazarsan ki, bir adəti var, masaya alma qoyur.

Şkafdan kostyum asılıb. Həmid ağa masadakı kağız-kuğuzu göstərir:

- Baxın, biz belə hazırlaşırıq.

İlhamiyyə xanım əlavə edir:

- Söhbət efirə hazırlaşmaqdan getmir, Həmid ümumiyyətlə hazırlaşır, həmişə belədir, çox oxuyur, gündəmdə olanları bir neçə mənbədən mənimsəyib paralellər aparır, məlumat toplayır. Amma bu, böyük mənada hazırlıq olsa da, konkret verilişə hazırlıq deyil - efirdə hansı mövzuların olacağını bilmirik axı əvvəlcədən. Xəbərlər gecə toplanır, səhər bizə verilir. Onların şərhi isə artıq bizlikdir.

- Əvvəldən heç bir hazırlıq olmur?

- Yox, son xəbərlərdir axı, gecədən yığılır, bizsə efirə birinci çıxırıq...

Həmid sözünü kəsir:

- Bizdə üç səhifəlik plan olur. Efirə bir neçə dəqiqə qalmış hazır olur və bizə verilir. İstəyirsən, gətirim göstərim.

Yenə əlində elmə məlum olmayan aləti oynada-oynada çıxıb gedir.

Verilişin ssenarisinə göz gəzdirirəm:

- Biz Həmidlə “Gecə kanal”ında da bir yerdə işləmişik. Ailə cütlüyünün veriliş aparması bizdə olmasa da, dünya praktikasında var. Elə Rusiyanın Səhər verilişindəki Yekaterina və Aleksandr Strijenovları misal gətirə bilərəm. Başqaları da var. Sadəcə indi adlarını xatırlaya bilmirəm. Onlar səhər verilişi aparırlar. Analitik və ictimai-siyasi veriliş deyil. Rusiyanın səhər verilişləri çox sadədir. Tutaq ki, süjet gedir: adlar haqqında. Aparıcı da qayıdır ki, sənin adını kim qoyub, o da deyir, babam. Hə, süjetimiz də bu barədədir. Bir qədər oynaq və qeyri-ciddi. Mən bəyənirəm. Çünki yüksək efir mədəniyyəti sərgiləyirlər. Amma heç nə öyrənmək mümkün deyil onlardan.

Həmid gəlir, əlindəki kağızları mənə uzadır:

- İki saatlıq verilişimizi bax bu üç səhifəylə aparırıq. Həmin bu üç səhifəni kimə versən, nə danışar görəsən? Biz demirik ki, başqası eləyə bilməz. Amma bu üç səhifəyə baxıb iki saat danışmaq doğrudan da insandan güclü istedad tələb edir.

İlhamiyyə xanım izah edir: “Başlayır gündəmdən – ən son xəbərlərin xülasəsidir, bunu qabaqcadan bilmirik təbii ki. Sonra günün tarixi – o vikipediyadan baxılır. Məsələn, bu gün Mirzə Cəlilin doğum günüdür. Ameriqo Vespuççinin, Corc Vaşinqtonun doğum günüdür. Biz süjet gedəndən sonra ordakı adamların və ya hadisələrin hamısı ilə bağlı süjetdə getməyən nüansları deyirik. Əsasən Həmid. Çünki Həmiddə belə məlumatlar çoxdur. Məsələn, Ameriqo Vespuççi haqqında elə qəşəng danışdı ki... Dedi, Kolumb Amerikanı daha əvvəl kəşf etsə də, qitəyə onun adı verilmədi, çünki o, səhv buraxmışdı, Hindistana gəlib çıxdığını düşünmüşdü. Belə səhvləri isə tarix bağışlamır. Amma Kolumbiya onun adını daşıyır. Venesuelanın adını isə Vespuççi qoyub. Gəlib görüb ki, dirəklər üzərində, suyun içində şəhərdir. Deyib, bura balaca Venesiyadı ki. Venesuela, yəni Venesiyacıq. Belə məlumatlar Həmiddə nə qədər desəniz var. Elə özüm də ilk dəfə bunları efirdə ondan eşidirəm – tamaşaçıya çevrilirəm.

Sonra xarici xəbərlər gəlir, mən təqdim edirəm, Həmidsə şərh edir. Burda da mən tamaşaçını təmsil edirəm, Həmid şərh edərkən bəzi suallar verib nələrisə dəqiqləşdirirəm. Belə dialoq şəklində xəbəri çatdırmaq tamaşaçıların çox xoşuna gəlir, əsasən bundan razılıq edirlər bizə. Sonra müxbirlərimizin hazırladığı tematik süjetlər gedir – məsələn, Xocalı faciəsinin ildönümüdür. Buna hazırlıq necə gedir? – bu barədə süjet. Sonra “Qiraət” rubrikamız var – Nikoloy Qoqolun “Müfəttiş”indən danışdı bu gün Həmid. Həftədə bir dəfə olur. O, hər dəfə bir müəllifi oxumağı tövsiyə edir və səbəbini də izah edir. Sonra digər xəbərlər gəlir və keçirik verilişin ikinci hissəsinə. Burda təzədən salamlaşırıq. Amma təkrar heç nə getmir. Sadəcə auditoriya təzələnir, başqa auditoriya ilə işləyirik. Yuxudan təzə oyananlar gəlir. Xəbər lenti başlayır. Xarici xəbərlər. Yenidən anons. Reklam fasiləsi. Reklamdan sonra iki süjet və son.

Həmid Herisçinin bədii əlavəsi:

- Canlı efir möcüzələr məkanıdır. Burda başqa ölçülər hakimdir. Bir növ, “Pole çudes” (Möcüzələr ərazisi). Ələlxüsus, yaradıcı adamlar canlı efiri aparanda bütün gizli imkanları açılır - yüksək pilotaj edə bilirsən. Gərək sürəti qabaqlayasan. Unutmayın, əsl süvari öz atından irəlidə çapmalıdır. Elə ki sürəti qabaqladın, öncələdin, vəssalam, başlayır sinqulyarlıq. Yəni zamanla məkanı məğlub edib fərqli müstəviyə yetişmək xoşbəxtliyi. Zaman və məkan anlayışlarını dəf edən kimi insanın ikinci nəfəsi açılır. Bir də görürsən, özündən asılı olmadan çox ciddi yeni fikirlər yürüdürsən. Bax bu maraqlıdır. Canlı efirdə bu təcrübə çox vacibdir. Yaradıcılıq möcüzəsi bax bu zaman baş verir. Nəsrdə, şerdə də oxşar təcrübəni yaşamışam.

Reklam

Bayaq İlhamiyyə xanımın yediyi balın balaca qabı masada uşaq kimi mısmırığını sallayıb. Həmid bala baxdığımı görüb deyir:

- Bir dəfə bal haqda süjet var idi, növbəti süjet isə balqabaq barədə idi. Keçid eləmək lazım idi. Fikirləşdim, görəsən necə edəcək. İlhamiyyə xanım sadəcə dedi: İndi isə baldan keçirik balqabağa. Bunu başqa necə demək olardı?

- Burda xüsusi intellektuallıq tələb olunmur. – İlhamiyyə xanım gülümsünür.

- Xəbərdən-xəbərə keçmək çətindir. Elə eləməlisən ki, yamaq kimi görsənməsin, baltalamalı (televiziya jarqonunda buna “tapornı” keçid deyirlər) deyilsən. İlhamiyyə xanımda bu daha yaxşı alınır. O, çevikdir.

Anons

Həmid Herisçi üzü kameraya danışır:

- Xahiş edirəm, mənim yeni ixtiramı da göstərin. Mən ixtiraçıyam, yenilikçiyəm. Özüm təzə təsbeh icad eləmişəm.

- Təsbeh?

- Sapsız təsbeh.

Efir

- Həmid ağa, bunu nə vaxt ixtira eləmisiniz?

- Çoxdan.

Təsbehi göyə qaldırıb şıqqıldadır.

- Bu da bir ayindi deyəsən...

- Hə də... Hər insanın balaca sirləri olur. Bu da mənim sirli ixtiramdır.

- O möcüzəyə toxunmaq olar?

- Buyurun...

Maqnit daşları ovcumda məskən salır. Qolum aşağı sallanır.

- Ağırdı. – İlhamiyyə xanım deyir. – Zamanla maqnitlərin çoxusu deformasiya olub. Baxın. Bəziləri salamat qalıb.

Bu maqnit daşları nə biləydi ki, bir gün Azərbaycanlı yazıçı onları üst-üstə yığacaq və sapsız təsbeh düzəldəcək. Postmodernist Həmid Herisçi ənənəvi təsbehi dekonstruksiya edib yeni biçimdə nümayiş edəcək.

- Meditasiyalarla məşğulam. Veriliş hazırlanarkən mən həmişə mediativ vəziyyətlərə düşürəm. Bu təsbeh öz ixtiramdır. Deyilənə görə, əşya o zaman sehrli olur ki, onu sən özün düzəldəsən.

Eynəyinin arxasından gözləri mirvari kimi parıldayır:

- Həm verilişi özüm ixtira edirəm, həm də təsbehi. Sehirli çubuğum odur.

Hazırki əsas şəkil

Növbəti süjet

Həmid ağanın başqa kəşfləri də olmamış deyil.

- Bir də verilişin gedişində ağlıma şeir, hekayə mövzusu gələndə onu qeyd edirəm, siyahıya əlavə edirəm.

Siyirməsindən kağız çıxarır:

- Bu, mənim siyahımdır. Bədii, fəlsəfi, nəsr düşüncələrimi bura yazmışam. Bura yazıram, sonradan bunlardan şeir, hekayə yaradacam. Zbiqnev Bjezinski haqda süjet gedirdi. Ağlıma hekayə ideyası gəldi.

- Həmid, “Böyük şahmat taxtası”nın müəllifini deyirsən? – İlhamiyyə xanım soruşur.

Diqqət! Efirdəyik!

- Hə... Məşhur Amerika geopolitiki, siyasətçi, Bakı-Ceyhan neft kəmərinin müəlliflərindən biri. Azərbaycan haqqında da yaxşı, dəyərli fikirlər söyləyib. Onun haqqında süjet verəndə ağlıma çox yaxşı bir bədii nüans gəldi ki, bundan əla, özü də detektiv bir hekayə eləmək olar. Onun atası diplomat idi, Polşa diplomatı. Xarkovda konsul işləyib. Uşaq olarkən Bjezinski çıxır dəhlizə, görür, ruslar güldanları gülqabı yox, külqabı hesab edib siqaretlərini ora batırırlar. Və bu, rusların bir xasiyyəti kimi onun yadında qalır. Vaxt keçir, Bjezinski köçür Amerikaya, senatda, Amerika konqresində tələbə mübadiləsi proqramları çərçivəsində təcrübə keçəndə görür, aa, oxşar rus mənzərəsi Amerika konqresi binasındadır. Güldanın dibində kimsə russayağı siqaret söndürüb. Deyir, rus casusları burdadır. 18 yaşı vardı onda. Götürüb yuxarı ünvanlara yekə namə yazır. Bəs, siz nə danışırsınız, Konqresdə rus casusları çoxdur, mən görmüşəm. Senatın təhlükəsizlik komitəsinə yazılı müraciət edir. O vaxt düşür nəzarətə. Deyirlər, bu yaxşı oğlandı. Bu, mənə gözəl hekayə mövzusu verdi.

Həmid Herisçinin qeydinə baxaq: “Güldan. Rus casusu. Şerlok Holms kompleksi – hekayə yazmaq bu mövzuda”.

- Deməli, səhər verilişi sizə yaradıcılıq stimulu da verir…

- Bu veriliş mənə qida verir. Mən otururam sakitcə və öz-özümə düşünürəm ki, verilişdən qopmuş hansı qəlpələr bədii əsərə çevrilə bilər. Məsələn, Stiven Kinqin “Sağ qalmağa məhkum” adlı bir hekayəsini qiraət layihəmizdə verdik. O hekayə əslində yazıçı Daniel Defoya məxsus “Robinzon Kruzo” romanının dekonstruksiyasıdır. Əsərdə narkoman adaya düşür və o, sağ qalmalıdır. Necə Robinzon sağ qalmağa məhkumdur, bu da elə.

- Bu, həm də cərrah obrazıdır – İlhamiyyə xanımın əlavəsi.

- Üstündə narkotik, bıçaq və qələm var. Əvvəlcə narkotik qəbul edir, sonra öz bədənini tikə-tikə doğrayıb yeyir ki, ölməsin. Eynən bizim Məlikməmməd nağılında olduğu kimi... Mənə toxundu bu oxşar süjetlər. Barmağımı dişlədim. Başa düşdüm ki, bədii mətnlər arasında mistik, izahsız əlaqə var. Bu səbəbdən deyirlər ki, bədii mətnlərin kökü neo-sferadadır, səmadadır. Dərvişlər deyirdilər ki, aləmi-misaldadır, göyün dördüncü qatında. Görünür, informatik mənbə eynidir.

Verilişdən qopmuş qəlpəni Həmid ağa tez-tələsik kağızına qeyd edib: “Stiven Kinq-Məlikməhəmməd nağılı-son tikəni öz bədənindən qoparmaq. Şəxsi kannibalizm paralelləri”.

- Görürsünüz, canlı efirdə veriliş aparmaq yaradıcı adama vacib, əlavə dəyərlər verir. Mən burda qızılaxtaranlar kimi bir növ çay kənarında qızıl qəlpələri, qızıl tozu yığıram.

Anons

- Həmid ağa, deyirlər, verilişinizin intellektual plankası çox yüksəkdir. Bəzən tamaşaçı sizin nə dediyinizi anlamır.

İlhamiyyə xanım müdaxilə edir:

- Bu fikri ancaq Həmiddən müsahibə alanlardan eşitmişəm. Amma Həmidin kitablarını oxuyanlar təkcə intellektuallar deyil. Elə verilişlərinə də sadə insanlar baxır. Dükan bazara çıxmaq olmur. Hamı yaxınlaşıb ictimai-siyasi xəbərləri sadə və anlaşıqlı dildə çatdırdığı üçün ona minnətdarlıq edirlər.

Həm də Azərbaycan xalqının səviyyəsi çox yüksəkdir. Biz ümumiyyətlə Azərbaycan xalqı haqqında mənfi fikirdəyik. Sözsüz, bu, Mirzə Cəlildən gələn natamamlıq kompleksdir.

Az sonra…

İntellektual və xalq

- Hadisələrin pərdəarxasını görmək xüsusi qabiliyyət tələb edir. Bizim yanaşmamız yaradıcı yanaşmadır. Çalışırıq işimizi rutinə çevirməyək. Həmid energetik baxımdan da çox maraqlıdır və hesab edirəm ki, bu, tamaşaçıların xoşuna gəlir. Həmidin spontan, çılğın danışığı maraqla qarşılanır. Bəlkə də xəbər aparıcısı belə danışmamalıdır. Ancaq Həmid fərqlidir. Hər yerdə olduğu kimi. Burda da...

- Sizcə, intellektual planka çox yuxarıda deyil ki?

- Elədir, Həmid?

- Məncə, Azərbaycan xalqının səviyyəsi çox yüksəkdir.

- Aha.

- “Xalqımız zaydır” düşüncəsi düz deyil. Ziyalı həmişə Cəlildən üzübəri, özünü xalqdan ağıllı göstərməyə çalışıb. Ziyalılar çox istəyirlər xalqdan ağıllı görünsünlər. Bir-iki kitab oxuyur və son nəticədə guya xalqdan ağıllı olur. Bu, yaxşı tendensiya deyil. Qısası, xalqı redaktə etmək Mirzə Cəlillərimizin işi deyil. Natamamlıq kompleksi o vaxtdan bizi təqib edir. Cəlil bizə ancaq elə bunu aşılayıb. Mən heç vaxt xalqı aşağılamaq tərəfdarı olmamışam. Əsrin əvvəlində bizdə iki fərqli məktəb mövcud idi - “Molla Nəsrəddin” və “Fyüzat” məktəbləri. Həmişə “Füyuzat”ın tərəfində olmuşam. Demokratik Cümhuriyyətimizin kadr rezervini də elə füyuzatçılar təmin edib, nəinki, nəsrəddinçilər. Cəlilin bütün felyetonları rus mətbuatından açıq-aşkar tərcümədir. Əksəri plagiatdır. O heç vaxt orijinal olmayıb. Nə “Ölülər”də orijinaldı, nə “Danabaş kəndinin əhvalatları”nda. Biri Meterlingdən iqtibasdır, digəri gürcü maarifçisi Yekaterina Qabaşvilidən. Cəlil, Qoridəykən bu qadınla çox görüşüb, əsərlərindən ilhamlanıb. Yəni, xalqımızı ilk dəfə haqsız tənqid atəşinə məruz qoymuş Cəlilin bu gün özü tənqid edilməlidir. Göstərilməlidir ki, o plagiatdan çəkinməyib. Bu, mənim bir yazıçı və ədəbiyyat adamı olaraq Cəlilə münasibətimdir. Ancaq fərqindəyəm ki, aparıcı öz şəxsi baxış və dəyərlərini efirdə sərgiləməməlidir. Bu mövzunu mətbuatda bir fərd, yazıçı olaraq davam etdirmək olar. Verilişimiz bunun üçün deyil.

- Biz intellektual çəkili söhbətləri elə dildə veririk ki, asan anlaşılsın. – İlhamiyyə xanımın səsi - Siyasi xəbərləri necə veririk? Sadəcə oxumuruq ki. Həmid başlayır o siyasi hadisələri tarixin süzgəcindən keçirməyə. Misal üçün, mövzu Çinlə Amerika danışıqlarıdır. Həmid şərhində deyir ki, yüz illər öncə necə Avropa Çinə müdaxilə elədi, necə bazarını çökdürdü, necə milyonlarla çinlini qətlə yetirdi, indi tərsinə oldu. Yüz il sonra Çin girdi Avropaya, Avropa bazarını çökdürdü. Yəni, Çin-ABŞ ticarət davasının siyasi, iqtisadi səbəbi azdı. Fəlsəfi, tarixi əsasları isə çoxdur.

- Siz deyirsiniz e, camaat başa düşməz. Mənə əksinə həmişə deyiblər ki, daha da ciddiləşdir, daha qəliz danış. O fikri ki var “xalqımız geridə qalıb”, gülünc fikirdir. Mən elə düşünmürəm.

Mübahisə edən cütlük

Mənə elə gəldi ki, Həmid ağa və İlhamiyyə xanım evdə necədirsə, işdə də elədir. Bayaqdan fikir verirəm, Həmid Herisçi dil qəfəsə qoymadan danışır, İlhamiyyə xanıma aman vermir.

- Verilişdən əvvəl mübahisələriniz olur?

- Əlbəttə. Mübahisələrimiz olur. Nəyin üstündə olur Həmid?

Həmid ağa meditasiya ilə məşğuldur. Onu narahat etməyək.

- Hə, bəzən o, verilişdə kəskin bir şey deyir, mən malalayıram. Deyirəm, Həmid, bəlkə belə deyil-filan. Bir də Həmid sözümü çox kəsir. Burda da gördünüz də. Qoymur söz deyim.

Efirə getməyən hissələr

- İlhamiyyə xanımın yazı masasıdır bu. Mən sui-istifadə eləyib...

- O artıq sənin yazı masandı.

- Öz yazı masam azlıq eləyib İlhamiyyə xanımın da yazı masasını qəsb eləmişəm.

***

- Bir də ki Həmidin məlumatlılığı... – Həmidə yaxınlaşıb əlini çiyninə qoyur, o isə aralanır. – Başa düşmədim, hara getdin? Bəlkə elə səni qucaqlayacaqdım?

-Hə? Yaxşı, gəlirəm.

- Daha gəlmə, istəmirəm.

Gülüşmə…

***

- Mən iki əllə yaza bilirəm. İndi ancaq solla yazıram.

İlhamiyyə xanım bizə şəkil göstərir – efirdə Həmid ağa ilə yanaşı durublar hərəsi qələmi bir əllə tutub:

- Mən sağ əldə yazıram, o sol əllə... Bunu paylaşıb yazmışdım: “Solaxay adamla veriliş aparmaq”…

***

Həmid bəyin səsi gəlir:

- Qəzəbimə tuş gəlmiş xəbərləri zibil qutusuna atıram.

Zibil qutusu masanın aşağısındadır. Kağızlar zibil qutusuna yerləşmir, bəziləri solğun güllər kimi böyrü üstə düşüb.

***

- Bizim ədəbiyyata yer verməyimiz təbiidir. – Həmid ağa əlində sapsız təsbehi oynada-oynada danışır - Özü də sənə deyim ki, tamaşaçı aludədir buna. Camaat bunun təşnəsidir. Bisavad aparıcılar nə istəyir? İstəyirlər, peşəkar, ağıllı aparıcılar olmasın. Bunların eybi bizim fonumuzda görünməsin. 1957-ci ildən Azərbaycan televiziya siqnalımız efirdədir. Gəlin onu naşılardan qoruyaq.

***

- Televiziyanın vuran ürəyi canlı efirdir. Canlı aparıcısı olmayan televiziya televiziya ola bilməz. Veriliş gedə-gedə birdən-birə kəşflər edirsən, zaman-məkan anlayışı itir, bu, həm mistik, həm də real fürsətdir.

İlhamiyyə xanım:

- Verilişdə deyilsən e, imkan ver mən də danışım.

***

- Hə də, mən beləyəm, bir də görürsən yel məni aparır. İlhamə xanım da məni bu cür redaktə eləyir.

- Həmid mövzuya girir, bir də görürəm mövzu apardı onu, Həmid göylərdə uçur. Mən də onu tutub, təzədən otuzdururam kresloya.

- Göydən yerə endirirsiniz…

- Göydən-yerə deyəndə ki... Həmid heç vaxt yerdə olmayıb. Ən qəribə hadisələr elə Həmidin efirdə qəfil dediyi fikir və məlumatlardır.

Həmid ağa yenə adətini pozmur və İlhamiyyə xanımın sözünü kəsir:

- İlhamiyyə xanımla heç vaxt öncədən oturub plan qurmamışıq. Bu caz improvizasiyası kimidir, salamlaşmadan tutmuş, sağollaşmaya qədər. Psixologiyada buna “avtomatizm” deyilir. “Analitik təfəkkür” canlı efirdə gecikmələrə gətirib çıxara bilər. Aparıcı gərək mütləq “reflektor təfəkkür”də olsun.

- Nəysə, biz gedirik iclasa. – Həmid ağa sapsız təsbehini göyə qaldırıb ovcunda saxladı və addımlarını yeyinlədib otaqdan çıxdı...

# 5796 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #