Bildiyiniz kimi, Rusiyada keçirilən Dünya Çempionatı davam edir. Artıq qrup mərhələləri başa çatıb.
Kişilərin daha çox marağında olan futbola qadınların münasibəti necədir? Dünya Çempionatına baxırlarmı? Hansı ölkəyə azarkeşlik edirlər? Kimin qalib olacağını düşünürlər?
Kulis.az bu barədə tanınmış xanımlardan münasibət öyrənib. Cavabları təqdim edirik.
Nura Suri
müğənni
Hər zaman İspaniyaya azarkeşlik etmişəm. İker Kasillas gedəndən sonra onların qələbəsinə şübhə ilə yanaşıram. Bu da ona olan pərəstişimdən irəli gəlir, yəqin ki. Qapıçılara ayrıca sevgim var. Özüm də uşaq vaxtı həmişə futbol oynamışam və qapıçı olmuşam. Bu il istərdim çempion Portuqaliya olsun. Real Madridin ulduzu Ronaldoya görə. Real Madrid sevimli komandamdır. Zidan da getdi Real Madriddən. Bilmirəm, sonrası necə olacaq. Zidan da ən sevimli futbolçum idi və ona görə Fransa yığmasına azarkeşlik edirdim o vaxtlar. Amma futbol dəlisi deyiləm.
Ülvira Qarayeva
teleaparıcı
Hansı çempionat olur-olsun, harda Azərbaycan oynayırsa, təbii ki, mən milli komandamıza azarkeşlik edirəm. Azərbaycan oynamırsa, Türkiyə milli yığmasına və yaxud onun klublarına azarkeşlik edirəm. Türkiyə oynamırsa, təbii ki, mənim favoritim Almaniyadır. Almaniya qrupdan çıxa bilmədi. Hamı buna görə mənə “keçmiş olsun” dedi. Amma mən heç vaxt DÇ-da qrup mərhələsini izləmirəm. Qrupdan çıxandan sonra, 4/1 mərhələsində izləməyə başlayıram. Ona görə də o faciənin şahidi olmadım. Yoahim Löv yəqin ki, darmadağındır. Hesab edirəm, Löv ümumiyyətlə, istefa verməlidir. Amma güman edirəm, onun keçmiş zəfərlərini, uğurlarını nəzərə alaraq məşqçi kimi saxlayacaqlar, özü də istefa verməyəcək. Mən Almaniyanı heç vaxt bu qədər əzilmiş, alçaldılmış görməmişdim. Ürəyim ağrıdı, rəsmən ürəyim ağrıdı...
Aygün Aslanlı
kinoşünas
Futbola baxmıram. Belə çox sərt çıxdı, amma çempionatı da izləmirəm. Əvvəllər baxırdım. Tələbə vaxtı. Sonra türklər demiş, arada qaynadı getdi. Məndə azarkeş ruhu, azart yoxdu. Heç bir oyuna qarşı.
Şəbnəm Karslı
yazar
1998-ci ildən etibarən DÇ-ni izləyirəm. Əslində orada Türkiyənin olmasını çox istərdim və təbii olaraq Türkiyəyə azarkeşlik edəcəkdim. Ümumiyyətlə, dünya komandaları arasında Braziliya azarkeşiyəm, təxminimə görə də ən azından finalda oynayacaq.
Rəbiqə Nazimqızı
şairə
Hələ ki baxmiram, 4/1-də baxacam. Final qarşılaşmasını daha maraqla izləyəcəyəm. Xorvatlara və portuqallara - Mounun həmvətənlərinə rəğbətim var, amma kimin qalib gələcəyini bilmirəm. Yaxşı oyun olsun, əsas budur. Ekstrasenslik eləmək lazımdırsa, bunu da deyim: niyəsə mənə elə gəlir, çempion komandanın adı “İ” hərfi ilə başlayacaq.
Fəridə Uğur
şairə
Men futbolla maraqlanmıram. Heç anlayışım da yoxdur. Elə Facebookdakı statuslardan görəndə bilirəm ki, bu gün nədisə futbol söhbəti var.
Günel Natiq
yazar
Dünya çempionatı 4 ildən bir azarkeşlərə bəxş edilən sevincdir, heç belə idman bayramını da qaçırmaq olar? Heç bir matçı nəzərdən qaçırmamağa çalışıram. Mənim uşaqlıqdan bəri azarkeşi olduğum bir komanda var, o da Hollandiya milli yığma komandasıdır. Hollandiya əsl futbol sərgilədiyindən müdafiəyə çəkilmir, qorunmur. Bir də bəxtsiz komandadır. Ən güclü olduğu vaxtlarda da maksimum ikinci yerə çıxıb. Hollandiya bu mundialda yoxdur, mən də futbol sevgimi digər komandalar arasında paylaşmışam.
Messiyə və Maradonaya uşaqlıqdan bəslədiyim rəğbətə görə Argentinaya azarkeşlik edirəm. Amma Argentinanın çempion olma şanslarını itirdi, zəif təsir bağışladı, komandada qələbə üçün lazım olan iradə və ruh yüksəkliyi olmadı. Halbuki mən Messinin möcüzə yaradacağına inanırdım.
Əslində, bu mundialda çox sürprizlərlə qarşılaşdıq. Ona görə sürpriz bir komanda da çempion ola bilər. Maraqlıdır ki, xüsusi fərqlənən, xüsusi üstün görünən komanda yoxdur. Səviyyələr bərabər həddə çatıb. Təsəvvür edin ki, ciddi qəbul etmədiyimiz bir komanda dünya çempionlarını çempionatdan uzaqlaşdırır.
Proqnozlarda favoritlər arasında Braziliyanın da adı hallanır. Digər favoritlərə nisbətən beş qat dünya çempionları daha inamlı təsir bağışlayır. Çox güman ki, birinci yerin sahibi elə cənubi amerikalılar olacaq.
Rövşanə Ağasəfqızı
teleaparıcı
Təəssüf ki, izləyə bilmirəm. Zamanım yoxdur. Futbola münasibətim təbii ki yaxşıdır. Maraqlı idman növüdür... Sadəcə mən izləmirəm.. Bunun da səbəbi zaman qıtlığıdır...
İlqarə Tosova
aktrisa
Baxmıram futbola. Ümumiyyətlə, heç vaxt baxmamışam, həmişə mənə maraqsız və mənasız görünüb. Baxanları da qınamıram.