Azər Turan: “Qara Qarayev modernist deyil” - MÜSAHİBƏ
- Azər müəllim, artıq üç ildən artıqdır ki, “Ədəbiyyat qəzeti”nin baş redaktorusunuz. Qəzetdə işləriniz necə gedir? Nə kimi sıxıntılarınız var?
- Gəlin sıxıntılardan danışmayaq. “Ədəbiyyat qəzeti” sıxıntıların fövqündədir. Bu gün Azərbaycanın əksər sanballı qələm sahibləri “Ədəbiyyat qəzeti”ndə çap olunur. “Ədəbiyyat qəzeti” dünya ədəbiyyatı səviyyəsində bir Azərbaycan ədəbiyyatını təqdim etmək niyyəti güdür. Bu iddiamızı da bacardığımız qədər yerinə yetirməkdəyik.
- Qəzet sizin özünüzü də səfərbər etdi. Qəzetin müəlliflərindən biri də siz özünüzsünüz. Türk ədəbiyyatı və modernizmlə bağlı silsilə yazılarınızı nəzərdə tuturam...
- Mən həmişə yazmışam. Yazmadığım dövr olmayıb. Sadəcə, Azərbaycan ədəbi mühitində görməzdən gəlmək tendensiyası var... “Ədəbiyyat qəzeti”nə gəlincə... Hər kəs yazır, mən də onlardan biri.
- Bir müddət əvvəl qəzetdə müxtəlif mövzularla bağlı müzakirə təşkil etmişdiniz. Sizin bu mövzuda maraqlı fikirlərinizi oxudum, ona görə istəyirəm, bu mövzuda danışaq.
- “Müzakirə saatı” bizdə üç ildir davam edir, layihənin müəllifi filologiya elmləri doktoru Elnarə Akimovadır. “Müzakirə saatı” oxucuların böyük rəğbətini qazanıb. Oxucularımız da bilirsiniz ki, əsasən, Azərbaycanın elit ədəbi mühitidir. “Müzakirə saatı”larında ədəbiyyatın müxtəlif məslələri ilə bağlı çoxlu suallar yaranır. Məsələn, siz dediyiniz cümhuriyyət müzakirəsində sual yarandı. Biz cümhuriyyət anlayışını bütün detalları ilə ədəbiyyatşünaslıq elminin predmetinə çevirə bilmişikmi?
1915-ci ilin yanvarında Əli bəy Hüseynzadənin evində Rusiyada yaşayan müsəlman türklərin hüquqlarını müdafiə komitəsi yaradılır. Əli bəy Hüseynzadənin, Mukiməddin Beycanın və Yusuf Akçuranın imzası ilə Osmanlı dövlətinin daxiliyyə nəzarətinə məktub göndərilir. Bu məktubdan sonra onların səsi Şərqi Avropanın bütün ölkələrinin paytaxtlarından gəlir. Onlar Şərqi Avropa dövlətlərinin bütün prezidentləri, baş nazirləri, Məclis sədrləri ilə görüşürlər. Həmin görüşlərdə Rusiya müsəlmanlarının hüquqlarının müdafiəsi və onların gələcək dövlətçilik məsələləri müzakirə olunur. Təsəvvür edin, bu məsələlər 1915-ci ildə olub. Sovet dövründə Azərbaycan alimləri deyirdilər, onlar kim idi ki, gedib Avropanın dövlət başçıları ilə görüşəydilər. Amma fakt budur ki, həmin görüşlər olub.
- Arxivlərdə sənədlər varmı?
- Əlbəttə. 1916-ci ilə qədər həmin səfərlər davam edir. Əli bəy Hüseynzadə, Yusuf Akçura hələ hakimiyyətə gəlməmiş Leninlə görüşürlər. Bu görüşlər barədə Lenin özü də yazıb. Sadəcə, biz sovet dövründə sual verə bilməmişik ki, Turan heyəti kimlərdən ibarət idi? Həmin görüşü Leninin yaxın dostu Artur Ziferd təşkil edib. 30-cu illərdə Artur Ziferd SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında Ədəbiyyat İnstitutunun direktoru olub. Bu adam Leninlə bərabər Əli bəy Hüseynzadənin də dostu idi. 37-ci ildə həbs olunan Artur Ziferdin günahlarından biri “Divani-Lüğəti Türk”ün tərcümə olunmasına qərar verməsiydi. Demək istəyirəm ki, cümhuriyyətlə bağlı müzakirələr aparılanda pərdənin arxasında olan cərəyanlara diqqət yetirmək lazımdır. Bu, epizodik məsələ deyil. Jaskenin 1934-cü ildə çap olunan bir məqaləsi var. Yazır ki, nə qədər Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu sağdırlar, onlara memuar yazdırmaq lazımdır. Çünki onlar 1915-1916-cı illərdə Şərqi Avropa dövlətlərinin başçıları ilə keçirdikləri görüşlərdə Volqaboyunun, Qafqazın və Türküstanın müstəqilliyini “de fakto” və “de yure” tanıtdırmışdılar. Bunu alman professoru yazır. Amma məsələ bundandır ki, onlara 30-cu illərdə necə memuar yazdıra bilərdilər?
- Eyni zamanda yazmayacaqdılar.
- Çünki məfkurəvi iş görürdülər. Səməd Ağaoğlu Əli bəy Hüseynzadəni pərdənin arxasındakı adam adlandırır. Diqqət yetirək, 1906-cı ildə Azərbaycanda Əli bəy Hüseynzadə Bodlerin “Əzhari-fəna” kitabı və dekadentizm haqqında məqalə yazıb, 1905-1906-cı illərdə Azərbaycanda Avropa modernizm cərəyanlarının istiqamətləri haqqında məlumatlar verib. Bizdə bunların da üstündən sükutla keçilib. Demək istəyirəm, bizdə cümhuriyyətin estetik tərəflərini hazırlayan məqamların da üstündən sükutla keçilib. Bu gün elə bilirik, çox mətləbləri bilirik. Amma bilmirik ki, məsələn, 1905-ci ildə Hacı Zeynalabdin Tağıyevin evində Azərbaycan ziyalıları yığışıb və Azərbaycanın ilk siyasi proqramını yazıblar. Təsəvvür edirsiniz bu nə deməkdir? Azərbaycanın çara ünvanlanan ilk petisiyasını hazırlayıblar. Mən həmin petisiyanın əlyazmasını görmüşəm. Həmin petisiyada – tələbnamədə torpaq, dil, təhsil, kadr və başqa məsələlər əksini tapmışdı. Sonra məsələ qalxır ki, həmin petisiyanı Peterburqa kim aparsın? Kim təqdim etsin? Əli bəy Hüseynzadə yazır ki, biz Vitte ilə (Rusiya imperiyası Nazirlər şurasının sədri) görüşdük və Trepovun intriqalarına rəğmən istədiyimiz məsələləri qəbul etdirdik. Hansı məsələləri? Bakıda “Həyat” qəzetinin nəşrinə icazə alıblar. O vaxta qədər mədəniyyət mərkəzi Tiflis idi. “Həyat” qəzetini Bakıda nəşr etməklə Bakını bütün türklərin mədəniyyət mərkəzinə çevirdilər.
- Əli bəy Hüseynzadənin məşhur şeiri var: “Ucundadır dilimin həqiqətin böyüyü, Nə qoydular deyəyim, nə kəsdilər dilimi”. Belə bir fakt həqiqətən vardırmı ki, Üzeyir bəy bu şeirə musiqi yazıb, sonra həmin musiqi itib.
- Bəli, Üzeyir bəy həmin şeirə musiqi yazıb. Hətta məktəblilər onu şərqi kimi oxuyurmuşlar. 1934-cü ildə SSRİ Yazıçılarının Moskvadakı birinci qurultayında bu şeir müzakirə mövzusu olub. Və azadlığa burjua baxışı kimi tənqid edilib. Bu şeir eyni zamanda, Naxçıvanda Əlixan məhəlləsində Həmdullahi dərvişlərinin oxuduğu şeirdir. Bu haqda Smirnov Naxçıvanın etnoqrafiyası barədə yazdığı kitabda qeyd edir. Əlixan məhəlləsi isə Cavidin doğulduğu, indi Hüseyn Cavidin məqbərəsinin yerləşdiyi ərazidir.
- Amma həmin bəstənin not yazıları əlimizdə yoxdur...
- Doğrudur, əlimizdə yoxdur. Cavid əfəndinin “Çingiz”, “Atilla” əsərləri də əlimizdə yoxdur. Fakt odur ki, bu şeirə yazılan marş məktəblərdə oxunub. 1908-ci ildə tatar qəzetlərinin birindən Bakıya gələn müxbir Əli bəy Hüseynzadə ilə görüşür və soruşur ki, hazırda nə ilə məşğulsunuz? Əli bəy cavab verir ki, “Hamlet”i tərcümə edirəm. İndi əlimizdə “Hamlet”in həmin tərcüməsi də yoxdur.
- Siz repressiya haqqında olan müzakirədə demişdiniz ki, 1937-ci ilin istintaq materiallarında “Təşkilati-Məxsusə”nin adı keçib...
- Bəli. Xalid Səid Xocayev İstanbulda məktəbi bitirir və Özbəkistana qayıda bilmir. Qafqaz İslam Ordusunun tərkibində Gəncəyə gəlir. Sonra Bakıya gəlib burda çalışır. 1937-ci ildə ona verilən suallardan biri bu idi ki, sənin “Təşkilati Məxsusə” ilə hansı əlaqələrin var? Həm də Xocayev “Divani-Lüğəti Türk”ün tərcüməçisidir. Bilirsiniz, biz ən yaxın tariximiz olan XX əsri yetərincə bilmirik. Məsələn, 1937-ci ilin istintaq materiallarında Hüseyn Cavidlə bağlı belə bir sual: “Cavid Türkiyə səfirinin evində hansı söhbətləri edib?”. Cavablardan biri belədir: “Bir-birindən heç nəyi ilə fərqlənməyən türk və Azərbaycan ədəbiyyatının birləşdirilməsi məsələsini müzakirə ediblər”. O dövrdə Türkiyənin Azərbaycandakı səfiri Atatürkün xarici ölkəyə göndərdiyi ilk diplomat olan Məmduh Şövkət Əsəndal olub. Əsəndal isə bilirsiniz ki, çox görkəmli türk yazıçısıdır. Yaxud İsmayıl bəy Qaspıralı Türkiyəyə bir sıra səfərlər etmiş və hər dönüşündə Türkiyədə gördüklərini, buradakı yaşantılarını qələmə almışdı. Amma bir səfəri də olub ki, onu heç yerdə yazmayıb. Rıza Tevfik Ammandan bir dostuna yazdığı məktubda bildirir ki, “Məşrutiyyətin elanından xeyli zaman əvvəl Rusiyadan məşhur milliyyətpərvər İsmayıl Qaspirinski tanınmamaq üçün qiyafəsini dəyişərək İstanbula gəlmiş və öncə məni sormuş və əski məktəb arkadaşım və dostum olan Kafkasyalı doktor Hüseynzadə Əli bəy vasitəsiylə mənimlə görüşmüş və Kadıköyündəki köşkümdə üç gecə müsafir qalmış… Həmin söhbətdən sonra Qasprinskinin rica və iltiması üzərinə Rusiyadan göndərilən on bir türk və tatar və Azərbaycanlı gənclərə, kimsəyə sezdirmədən, kəndi evimdə iki sənə xüsusi dərs verdim. Sonra da həmin on bir türk və tatar məmləkətlərinə bir mürşid olaraq göndərildi”. Tarixdə çox həssas məsələlər var ki, sükut pozulanda...
- O sükutu əvvəl pozmaq lazımdır, yoxsa zamanı gözləməyə ehtiyac var?
- Əli bəy Hüseynzadə ilə bağlı iki kitab yazıb nəşr etdirdim. Sonuncu kitabımı tamamlayanda elə bildim Əli bəylə bağlı qapalı heç nə qalmadı. Amma sonra gördüm ki, Əli bəy böyük bir sirrdir. Deyirdilər, 1918-ci ildə Əli bəy Hüseynzadə Azərbaycana jurnalist kimi gəlib. Amma özü yazırdı ki, 1918-ci ildə Azərbaycanın irəli gələnləri ilə birgə yenidən qurulmaqda olan Azərbaycanın cümhuriyyət halında təsis və təşkil olunmasında iştirak etdim. Yaxud heç bir sənəddə yoxdur ki, Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu Tiflisdə Seymin iclasında iştirak edib. Amma fakt odur ki, onlar Seymin iclasından Ənvər Paşaya məktub yazıblar.
- Söhbətimizin əvvəlində qeyd etdiyim kimi “Ədəbiyyat qəzeti”ndə türk ədəbiyyatı və modernizmlə bağlı yazılarınız çap olunur. Ədəbiyyatda təsir məsələsi haqqında danışmağınızı istərdim.
- XX yüzil modern dünya şeiri Fransız poeziyası deməkdir. 1906-ci ildə Əli bəy Hüseynzadə Bodlerin “Şər çiçəkləri” barədə yazırdı. Bodlerin bu kitabı dünya ədəbiyyatının bütün iqlimini dəyişdi. Yüz il əvvəl Cənab Şəhabətdin bir şeirində: “Düşüb üstünə ağlamaq istərim, söylə ey Tanrı dizlərin nerede?” - yazır. Bu düşüncə Azərbaycan poeziyasına 2000-ci illərdə gəlib çatdı. Biz bu qədər gecikdik. Cənab Şəhabətdin də türk ədəbiyyatında ilk dekadent kimi uzun illər qınanıb. Cavidin istintaqında ondan İstanbulda kimlərdən dərs aldığını soruşurlar. Cənab Şəhabətdinin adını çəkir. Hüseyn Cavid Şəhabətdinin gətirdiyi estetik dalğanı təmsil edirdi.
Sezai Karakoçun “Mona Rosa” şeirini çərçivəyə keçirib iş otağımdan asmışam. Karakoç bu şeiri 17 yaşında yazıb. Dünyanın ən gözəl eşq şeirlərindən biridir. Bu gün 35 yaşlı şairimiz Sezai Karakoçu təqlid edəndə adama əcaib görünür. Bəzən məndən narazılar deyir ki, Azər Turan mühafizəkardır. Xeyir. Mən həmişə yeniliyin tərəfindəyəm. Sadəcə, elə mövzular var ki, o məqamda mühafizəkar olmalısan. Tutaq ki, istəməzdim kimsə himnin sözlərini müzakirə etsin. Elə dəyərlər var ki, onlar müzakirə edilməz. Himn, Vətən və s...
- Himnin dəyişdirilməsi ilə bağlı bir vaxtlar müzakirələr aparılırdı...
- Mehmet Akifə sual vermişdilər ki, ikinci dəfə İstiqlal marşı yazsaydın, necə yazardın? Cavab vermişdi ki, Allah bu millətə ikinci İstiqlal marşını nəsib etməsin.
- Kimlər sizi mühafizəkar olmaqda qınayır?
- Məsələn, kimsə erotik nəsə yazır, çap etmirəm. Amma Cemal Sürəyya səviyyəsində yazsınlar... Nə qədər imitasiya etmək olar? Bizim yeni paradiqmalar yarada biləcək ədəbi gəncliyimiz var. İstərdim, bilinsin ki, Birinci Yeni, İkinci Yeni dalğası ədəbiyyata nə gətirdi? Belə şeyləri tənqidçilər bilməlidir. Ədəbi tənqidçinin özü bundan xəbərsizdirsə, onda necə olsun? Tənqidçi Cövdət Hacıyevi modernist adlandırırsa... Axı heç Qara Qarayev də modernist deyil. Musiqidə modernizmin əlamətlərini Vaqif Mustafazadədə, rəssamlıqda Mircavadda müşahidə etmək olar.
- Ədəbiyyat öz-özünü müstəqil şəkildə yarada bilməz, o digər sənət sahələri ilə qarşılıqlı əlaqədə olmalıdır...
- Əlbəttə. Orxan Pamukun mətnlərinə baxın. Yazıçı həm estetdir, həm də tarixçidir... Bəs bizdə belə mətnlər niyə yaranmır? Mən Orxan Pamuka münasibətdə ideoloji tərəfləri bir kənara qoyub onun mətnləri barədə danışıram. Yaxud İvo Andriçin "Drina körpüsü” romanı. O da ədəbiyyatın daş yuxusu idi. Amma hansı səviyyədə? Mədəniyyətlərin, sivilizasiyaların birliyini və toqquşmasını təsvir edirdi. "Drina körpüsü”ndə mənfi millət yoxdur, ortaq mədəniyyət var...
Əvvəl-axır dünyaya açılmalıyıq. Yoxsa kimsə Yəhya Kamalın “Səssiz gəmi” şeiri haqqında yazıb Bodlerin “Gözəl gəmi”sindən xəbəriz olacaqsa...
- Hazırda nə yazırsınız?
- Araşdırılası çox məsələlər var. Mən Əli bəy Hüseynzadə haqqında yazanda on beş dəfə İstanbula gedib-gəldim. İndi isə az hallarda paytaxtdan kənara çıxa bilirəm. Bu mənada qəzet vaxtımı çox alır. Amma bu da bir yaradıcılıqdır, missiyadır.