Taryel Abdullayev
Millət vəkili Fazil Mustafanın son müsahibəsində səsləndirdiyi elmə, xüsusən Təkamül Nəzəriyyəsinə qarşı tutarsızlıqlar məndə böyük təəssüf hiss yaratdı və düşünürəm artıq Fazil bəy qocalıq dövrünü yaşayır.
Məsələn, jurnalistin “yəqin təkamül nəzəriyyəsini qəbul etmirsiniz” sözlərinə Fazil bəyin cavabına baxaq:
- Qəbul edib-etməmək məsələsi deyil. Təkamül nəzəriyyəsi öz təsdiqini tapmadı.
Fazil bəy, ancaq siz qeyd etmirsiniz Təkamül Nəzəriyyəsi harda öz təsdiqini tapmadı? Təhsil səviyyəsinə görə dünyanın öndə gedən hansı universitetlərində? Əksinə biz bu gün bütün inkişaf edən ölkələrin ən nüfuzlu universitetlərində fəaliyyətdə olan Təkamül araşdırma şöbələrini və lobaratoriyalarını görə bilirik. Oxford, Yel, Harvard, Kembric, Berkeley və sair kimi ən öndə gedən təhsil ocaqlarının tədrisində Təkamül yer alır və üzərində hər gün daha ciddi araşdırmalar edilir.
Fazil müəllim və onun timsalında hər kəs üçün dünyanın nüfuzlu universitetlərin Təkamül araşdırma şöbələrinin bir neçəsini təqdim edirəm;
1. Oxford Univeristeti: - https://www.icea.ox.ac.uk/home
2. Harvard Univeristeti- https://heb.fas.harvard.edu/
3. Yel Univeristeti- http://eeb.yale.edu/
4. Berkeley Univeristeti http://evolution.berkeley.edu/evolibrary/home.php
5. Çiqako Univeristeti- http://pondside.uchicago.edu/ecol-evol/
6. Stenford Universiteti- https://biology.stanford.edu/resea…/research-areas/evolution
7. Massaçusets Texnologiya Universiteti - http://gpls.cns.umass.edu/oeb
8. Kolumbiya Universiteti - http://gpls.cns.umass.edu/oeb
57 müsəlman ölkəsində, məsələn Ərəbistanda, Suriyada, İraqda, Pakistanda Təkamül Nəzəriyyəsi öz təsdiqini tapmaya bilər, bu normaldı. Fazil bəy bilməlidir ki, The Times Higher Education (THE) bu əsrin ən çox Nobel mükafatı qazanan universitetlərini açıqladığı zaman 57 müsəlman ölkəsindən bir universitet belə yox idi. Eləcə də, Türkiyədə Təkamül nəzəriyyəsi öz təsdiqini tapmırsa nə dəyişəcək ki? Bu başa düşülən deyilmi? Yalnız Kolumbiya Universitetindən məzun olan 60 Nobel mükafatçısı var. Bütün müsəlman dünyasından yalnızca 10 nobel mükafatı verilib ki, bunun 6-sı ədəbiyyat və sülh mükafatları olub. Digər 4 mükafatın sahibi isə yenə Qərb coğrafiyasında təhsil almışdır. Bu sizə bir şeylər demirmi?
Sonra jurnalistin “Axı hələ ki, Darvinin Təkamül nəzəriyyəsini üstələyən bir nəzəriyyə yoxdur” sözlərinə Fazil bəy belə cavab verir:
“Nəzəriyyə yoxdur, amma ehkam var. Dini ehkamın ortaya qoyduğu postulatlar daha inandırıcı və daha məntiqli qəbul olunur, nəinki insanın hansı bir heyvan formasından çevrilərək yaranması”.
Gəlin bu hissəyə daha geniş izah verək. Taksonomik olaraq bizlər insan nüvəlilər domeninə aidik. Bu da o deməkdir ki, orqanizmimizi təşkil edən hüceyrələr nüvəyə sahibdir. Hər birimiz bir heyvanıq, bitki deyilik. Əsl çoxhüceyrəli alt aləminə aidik, yalançı orqanlarımız yoxdur. Xordalılardan onurğalılara təkamül edərək onurğaya sahib olmuşuq. Bir məməli olduğumuz üçün döş nahiyəmizdə məmələrə sahibik. Doğaraq nəsil artırırıq, yəni doğan məməlilərik. Hamiləlik dövründə embrionlar plasenta üzvünə sahib olur.
Bir primatıq. Sadəcə biz deyil, meymun adlanan bütün canlı növləri primatdır. Primatlardan ayrılan quru burunlu meymunlar, sonra isə meymunlar və qədim dünya meymunları qollarına aidik. Yəni təkamül prosesində uzun zaman öncə əcdadlarımız qəti bir şəkildə meymun idi. Bu mənim fikrim deyil, bu canlı növlərini, xromosom strukturlarını, zülal strukturlarını, anatomik və fizioloji xüsusiyyətlərinə görə təsnif edən elmin dediyidir.
Fazil müəllim özünə sual versin ki, niyə biologiya məni şimpanze, bonobolarla, oranqutanlara və qorillərlə eyni dəstəyə aid edir? Niyə məni primat növü adlandırırlar? Bunun səbəbi nədir? Əlbəttə, mən bunu geniş şəkildə izah edə bilərəm, ancaq Təkamül Nəzəriyyəsini insanın hansı bir heyvan formasından çevrilərək yaranması kimi anlayan biri üçün məncə nə yazsam da kar etməyəcək.
Sonra Fazil müəllim qeyd edir ki, İnsanın DNT-sinin donuzun DNT-sinə uyğun gələn xüsusiyyətləri var. Ancaq bu, insanın heyvandan çevrilməsi mənasına gəlmir.
Burda həm həqiqətlər var, həm də tutarsızlıqlar. Doğrudur insanla donuzlar genetik olaraq yaxındır. Hətta ev siçanları ilə (70%), zebralarla (78%) və malyariya parazitləriylə (5%) ilə də genetik olaraq oxşarlığımız var. Təkamül Ağacı üzərində zamanda geriyə doğru irəllədikcə insan ilə digər növlərin arası uzaqlaşır. Çünki bir şimpanze ilə insan (98%) yaxın qohum olduğu halda, bir malyariya paraziti ilə insanın ortaq atası bundan yüz milyonlarla il əvvəl yaşamışdır. Bu, insanın malyariya parazitindən təkamül keçirmiş bir növ olduğu demək deyil. Sadəcə insana qədər inkişaf edəcək olan qol malyariya paraziti ilə olan ortaq bir atadan ayrılmışdır, ancaq arada yüzlərlə, minlərlə, milyonlarla növ müxtəlifləşib o qoldan ayrılaraq təkamül etmişdir. Yəni bu ata nə günümüzdə mövcud olan malyariya parazitinə, nə də müasir insana bənzəyir, hətta əlaqəsi belə yoxdur. Mən hörmətli Fazil bəyə bildirmək istəyirəm ki, Təkamül Nəzəriyyəsi və ümumi təkamülün işləmə prinsipləri haqqında geniş araşdırmalar etsin.
Adəmin palçıqdan yarandığını, Həvvanın günahına görə cənnətdən Yer üzünə sürgün edildiklərini, insanlığın Adəm və Həvvadan törədiyini düşünən Fazil bəyə jurnalistin “sizin üçün dünyanın yaradılış modeli necədir” sualına cavaba baxın: “Daha çox dini doktrini ağlabatan hesab edirəm”. Bu mənə bir şeyi xatırladır. Gəlin tarixə nəzər salaq.
İslam dini yarandığı zamanlarda, yəni ilk bir necə əsrində islam coğrafiyasından ortaya çıxan elm adamları əsasını Antik Yunanlardan götürüb, kainatın sirlərini işıqlandırmaq üçün əllərindən gələni edirdilər. Yəni elmin inkişafına çalışır və elmə fayda vermək istəyirdilər. Məsələn Xarəzmi, Bəttani, Biruni, Cabir ibn Həyyan, Fərqani, İbn Heysəm, İbn Sina, İbn Rüşt, Haldun və sairləri. Bəs sonra nə oldu? Necə oldu ki, kilsə, kəskin şəkildə elm və biliyə qarşı çıxdığı, dəqiq elmlərə yiyələnən alimlərin əl-qolunu bağlayaraq və onlara fəaliyyət üçün icazə vermədiyi halda elmi biliklərə sahiblənmək istəyən İslam coğrafiyası bu gün cahil bir vəziyyətə gəlib çıxdı? Və təbii sərvətlərlə zəngin olan İslam dövlətləri niyə Oksford kimi universitet yarada bilmədilər? Bunun səbəbin izah edim.
Orta əsrlərdə elmə xidmət etməyə çalışan və islam coğrafiyasından ortaya çıxan bir necə filosof elə Fazil müəllim kimi ehkamçı düşüncəni əsas götürən İmam Qazzalinin hədəfinə tuş gəldi. Belə ki, Aristotelin fikirlərindən bəhrələnən İbn Rüşt, Farabi və İbn Sinanın düşüncələrini, küfrə aparan, bidətçiliyə və inkara aparan kimi qiymətləndirərək onları tənqid etdi. İnsan ağlını yetərsiz hesab edən İmam Qazzali dini ehkamçılığa əks olan bütün hər şeyi rədd etdi və riyaziyyatı şeytanın əməli adlandırdı. Bununla da islam coğrafiyasında ehkamçı düşüncə hakim oldu, elmin, insan ağlının qarşısına bir sərhəd çəkildi, insanlar mühafizəkar oldu və nəticə göz qabağındadır. Fazil müəllim tarixdə islam coğrafiyası üçün ağır nəticələnən ehkamçı düşüncəni doğurdan davam etdirmək istəyirsinizmi? Daha bəs deyilmi? Bəlkə bir az da insana və insan ağlına güvənək? Bəlkə üzümüzü Şərqdən ayırıb Qərbə tərəf də baxaq?
Son olaraq bu yazını oxuyan hər kəsə bildirmək istəyirəm ki, Təkamül Nəzəriyyəsi tibb elmləri, antropologiya, arxeologiya, anatomiya, astrobiologiya, bakteriologiya, biocoğrafiya, biofizika, biokimya, genetika, mikrobiologiya, molekulyar biologiya, nevrobiologiya, paleontologiya, parazitologiya, entomologiya, ekologiya, biotexnologiya və sair kimi onlarca elm sahəsi tərəfindən dəstəklənir və bu sahələr elə Təkamül nəzəriyyəsi sayəsində fəaliyyət edir. Bunu dünyanın elmi dərgilərində dərc edilən elmi xəbərlərdə daha geniş öyrənə bilərsiniz.
Elm və Təkamül Nəzəriyyəsi nə Allahın varlığı, nə də yoxluğunu deyən bir nəzəriyyə deyil. Elmlə məşğul olan insanın inanclı olub-olmaması qətiyyən əsas kriteriya deyil. Tarixdə elmə xidmət etmiş və onu inkişaf etdirən onlarca inanclı insan var. Bu şəxslər elmi metodu əsas alaraq fəaliyyət edirlər. Məsələn, elə şəkildə gördüyünüz İordaniyalı Genetik və molekulyar bioloq, ABŞ-da Ayova Elm və Texnologiya Universitetində, Yeyl Kök Hüceyrələr Mərkəzində araşdırmalar aparıb Kembric və Oksfordda bir neçə dəfə elmi mühazirələr verən, İordaniyada molekulyar biologiyanı, habelə təkamül nəzəriyyəsini tədris edən, “Nature” və “Science” jurnallarında dərc olunmuş məqalələri ilə tanınan müsəlman qadın Dr. Rana Dajandi kimi...