Bu dəfə sizi Anar, Fikrət Qoca, Cəlil Cavanşir güldürəcək – LƏTİFƏLƏR

Bu dəfə sizi Anar, Fikrət Qoca, Cəlil Cavanşir güldürəcək – <span style="color:red;">LƏTİFƏLƏR
1 yanvar 2018
# 10:00

Kulis.az tanınmış yazıçıların Şaxta Baba ilə Yeni il macəralarını təqdim edir.

Polislər küçədə çılpaq Şaxta Babanı saxlayırlar. Deyirlər, ağsaqqal adamsan, bu nə vəziyyətdir, olmaya içmisən?

Şaxta Baba:

- Yox, a kişi, Yazıçılar Birliyinin “26-lar” kafesindən gəlirəm, bomba diskateka var!

***

Akademik Tehran Əlişanoğlunun telefonu zəng çalır:

- Alo, mənəm, Şaxta Baba, Yeni iliniz mübarək, istəyirəm sizə qonaq gəlim.

Tehran müəllim:

- Qloballaşan dünya ana dilimizin saflığının qorunmasını tələb edir.

Şaxta baba:

- Bu nə deməkdir, Tehran müəllim? Mən keçən il də sizə zəng vurmuşdum. Mənimlə çox mehriban danışdınız:

Tehran müəllim:

- Onda akademik deyildim.

***

Çingiz Abdullayev Yeni il gecəsi dayanmadan dua edir:

- Ay Allah, mənə ayda 8 min manat yetir. Ay Allah mənə ayda 8 min manat yetir. Ay Allah mənə ayda 8 min manat yetir.

Allah dözmür:

- Çingiz, doroqoy moy, mən etiraz eləmirəm, amma heç olmasa sən də bir kafe tap arendaya ver də!

***

Bulvarda nəhəng yolkanın altında şəkil çəkdirən Rəşad Məcid Qar qıza deyir:

- Gəl səni AYB-yə üzv eləyək.

Qar qız:

- Axı mən şeir yaza bilmirəm.

Rəşad Məcid:

- Sən sədaqətli ol yetər, şeiri Qəşəm Nəcəfzadəyə yazdırarıq.

***

Şaxta Baba Ramiz Rövşəndən soruşur:

- Gözəl insan, sənin Yeni il arzuların nədir?

Ramiz Rövşən:

- Elə et ki, ömür billah göy üzü daş saxlamasın!

***

Rasim Qaracanınsa Şaxta Babadan Yeni il arzusu bu olub:

“Sən Allah elə et ki, göy üzü daş saxlasın, Ramiz Rövşəndən canımız qurtarsın.”

***

AYB-nin girişində Şaxta Baba ilə rastlaşan İlqar Fəhmi soruşur:

- Burda nə işin var?

- Gəlmişəm, AYB-yə üzv olum.

İlqar Fəhmi hirslənir:

- Şaxta Baba hara, AYB hara! Bura sənin üçün kolxozdur bəyəm? Hər yoldan ötəni birliyə üzv edə bilmərik!

Şaxta Baba təəccüblə:

- Namiq Məna filial rəhbəri ola bilir, Şaxta Baba üzv ola bilmir?

***

Şərif Ağayar marşrut taksisində Şaxta Babanı görür. Yazıçının ədəbiyyat haqda yarım saatlıq mühazirəsini dinləyən Şaxta Baba söhbəti bitirmək üçün deyir:

- Ədəbiyyat ağır məsələdir. Sənin yükün çoxdur. Bir arzunu de. Şaxta Babayam, adım-sanım var, bəlkə yerinə yetirə bildim.

- A kişi, nə arzu? Mən “Arzulardan sonrakı şəhər”i yazmışam e. 50 min oxucum var. Bu, sənə yolkanın başına fırlanmaq deyil. Eko deyir ki, ədəbiyyat...

Arzusu ürəyində qalan Şaxta Baba saqqalını yolmağa başlayır.

***

Rüstəm Behrudi Fəvvarələr bağındakı yolkanın yanında dayanmış Şaxta Babanın qulağına nəsə deyir.

Şaxta Baba:

- Sən o dar ağacına salam verən oğlansan?

Rüstəm lovğalanır:

- Bəli! Nəydi ki?

Şaxta Baba əlini yolkaya uzadır.

- Biz qardaşıq. İkimizin də çörəyi ağacdan çıxır.

***

İntiqam Qasımzadə Şaxta Babaya deyir:

- Elə et ki, bütün Azərbaycan torpaqları birləşsin, 50 milyonluq nəhəng ölkə olsun.

Şaxta Baba fikrə gedir:

- Bu, çox çətindir, başqa bir istəyini de.

İntiqam Qasımzadə:

- Onda Qarabağ qayıtsın!

Şaxta baba:

- Açığı, bu da mənə çətin gəlir, keç üçüncüyə.

İntiqam Qasımzadə:

- Ona elə et ki, nəsə yaza bilim... Nəsr, şeir, tənqidi yazı, məqalə... fərqi yoxdur.

Şaxta Baba daha dərindən fikrə gedir:

- Qoy o 50 milyonluq ölkə söhbətini bir də düşünüm.

***

Nazim Əhmədli Yeni ilə on saniyə qalmış Şaxta Babaya “vızıv” atıb “odboy” verir. Şaxta Baba geri zəng edəndə deyir:

- Olar sizə təzə şeirimi oxuyum?

***

Şaxta Baba Tərcümə Mərkəzinə gedir. Afaq Məsud səfərdə olduğu üçün onu Yaşar qəbul edir.

- Aşağı temperaturlu təqaüdçü, mərkəzimizə xoş gəlmisiniz!

Şaxta Baba çaşır:

- Bu nə deməkdir?

Yaşar:

- “Şaxta Baba” ifadəsi etik səslənmədiyi üçün mərkəzimizin buraxdığı yeni orfoqrafiyada onu “Aşağı temperaturlu təqaüdçü” ifadəsiylə əvəz etmişik.

***

Şaxta Baba Kənan Hacıya yanaşıb hal-əhval tutur, Kənan Hacı gülümsünərək “Sağ olun, hər şey qaydasındadır” – deyəndə çaşır:

- Bağışlayın, elə bildim Kənan Hacısınız!

***

Şaxta Baba gənc Ömər Xəyyama Yeni il sovqatını yanvarın 31-də çatdırır və təngnəfəs gileylənir:

- Yekə kişisən, ya Ömər ol, ya Xəyyam! Tərs kimi şəkildə də saqqalısan, geyimin də belə birtəhərdi. Səni axtara-axtara gedib orta əsrlərə çıxmışam.

***

Şəhriyar del Gerani:

- Şərif, Kulisə “novoqodnı” şeir gətirmişəm.

- Ayə, bu ki “İt kimi darıxmaq nə təhər olur” şeiridir. Camaat bayram keçirir, qaramat tökməyək.

- Bu elə bayram şeiridir də. Deyirəm axı “novoqodnı” şeirdi. Üzümüzə gələn it ilidi... Üzündən irağ...

***

Mirmehdi Ağaoğlu Şirazda gəzərkən qəfil Şaxta Babayla rastlaşır. İran kimi ölkədə, əlində qəribə parıldayan çubuq olan Şaxta Baba görmək yazıçını mistikaya inandırır.

- Həmişə inanırdım ki, sən həqiqisən. Tez ol, sehrli ağacla sağ əlimə vur. Qoy mən bestseller yazım, hər yazdığım hərf yüz manata satılsın.

Şaxta baba ona çəp-çəp baxır:

- Birincisi, sağ əlinə vurmağımı başa düşmədim, indi əlyazma yazan yoxdu, seyid. İkincisi, əlimdə ağac var deyə sənə vurmalıyam? Yox bir. Sən də gəl ağzıma tüpür.

***

Cəlil Cavanşir bulvarda yolkanın yanında dayanmış Şaxta Babanı boynubükük görüb ona yaxınlaşır. Şaxta Baba gileylənir:

- Bu il mənim yolkamın başına yığışan olmadı.

Cəlil Şaxta Babanı qucaqlayır:

- Mənim də təqdimatıma gələn olmadı, ona görə ədəbiyyatdan getdm.

Şaxta Baba da ona sarılır:

- Can! Can! Bu sol tərəfdə yaxşı bir ucuzxana var, gedək başımızı düzəldək!

Cəlil Cavanşir Şaxta Babanı qəfil kənara itələyib ciddiləşir:

- Yox! Sola dönmək qadağandır!

***

Yanvarın 1-i səhər tezdən Fikrət Qoca Anara zəng vurub ona yuxudan oyadır və Yeni ilə aid şeir oxuyur. Şeiri diqqətlə dinləyən Anar deyir:

- Maraqlıdır, nəvən yazıb?

Fikrət Qoca:

- Yox, özüm yazmışam!

# 1661 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçiriləcək

Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçiriləcək

10:45 26 noyabr 2024
Yeni serial gəlir - Baş rolları kim oynayacaq?

Yeni serial gəlir - Baş rolları kim oynayacaq?

09:47 26 noyabr 2024
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq

Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq

09:30 26 noyabr 2024
Azərbaycan mədəniyyəti və mətbəxi Fransadakı festivalda

Azərbaycan mədəniyyəti və mətbəxi Fransadakı festivalda

09:23 26 noyabr 2024
Adel karyerasına fasilə verir

Adel karyerasına fasilə verir

09:21 26 noyabr 2024
Demet Akalın:  "Bir də ayağa qalxa bilməyəcəyimi düşünürdüm"

Demet Akalın: "Bir də ayağa qalxa bilməyəcəyimi düşünürdüm"

09:15 26 noyabr 2024
# # #