Gözəllik salonunda Kulisin əməkdaşını hədələdilər - Reportaj

Gözəllik salonunda Kulisin əməkdaşını hədələdilər - <span style="color:red;">Reportaj
22 may 2019
# 09:00

Kulis.az Samirə Əşrəfin gözəllik salonundan yazdığı reportajı təqdim edir.

Çata göz gəzdirirəm. Ayxan Ayvazın yaşıl işığı yanır.

Yeni ideyalarla virtual həmləyə keçirəm.

- Ayxan, qadın salonlarından əla reportaj etmək olar. Bəlkə oralara da baş çəkəsən?

- Həə, yaxşı olar. Amma məni qadın salonuna buraxmazlar axı.

- Niyə? Qadın salonu deyirəm e, qadın hamamı yox.

- Bilirəm, amma buraxmazlar. Reportaj etmək istədiyimi bilsələr, qovarlar da.

- Bəlkə özüm edim? Çoxdandır sənin reportajlarına göz dikmişəm.

- Əla olar. Həm də qadınların dilini özlərindən başqa heç kim bilə bilməz. Etiraf edirəm ki, kişilər bu kimi məsələlərdə acizdilər.

Yarım saatdan sonra yaxınlıqdakı iki mərtəbəli qadın salonuna yollanıram. Pillələri çıxa-çıxa ətrafı dinləyirəm. Gündüz saatları olsa da sakitlikdir. Doğrusu bir az həyəcanlıyam. Məqsədimi necə açıqlayacağımı fikrimdə götür-qoy edirəm. Salonun qapısından içəri girəndə gözümə bircə müştəri də dəymir.

- Nə yaxşı sakitlikdir. Müştəriniz yoxdur?

Salonun daimi nəzarətçisi həmişə ətrafa ciddi ab-hava yayan İntizar xanım qaş alan Səmayə xalanın əlinin altından mənə tərəf qanrılır:

- Nəyi yaxşıdır? Müştəri yoxdur. Orucluqda həmişə belə olur.

Bizim qadınlar belədirlər də. Ancaq toydan toya bəzənib düzənirlər. Elə belə vaxtda öldür gözəllik salonunun qapısından içəri ayaq qoymazlar. İstidən tövşüyərək Səmayə xanıma yaxınlaşıram. Masanın üstünə qoyulmuş yelpiklərdən birini götürüb özümü yelləyərək niyyətimi açıqlayıram:

- Səmayə xala, sizin salondan reportaj etmək istəyirəm.

Hamı döyükmüş halda mənə baxır. Məqsədimi daha korrekt şəkildə ifadə etməyə çalışıram:

- Reportaj saytda çıxacaq, salonun adı getməyəcək. Sizin adlarınız isə şərti yazılacaq.

Səmayə xala cəsarətli bir az da küskün şəkildə dillənir:

- Lap elə öz adım da getsin, nədən qorxacam ki?

- Hə də.

Birdən onun masadan icazəsiz götürdüyüm yelpiyə baxdığını görürəm.

- Yelpik sizindir?

- Hə. Satlıqdır. Zəhmət çək, iki manat ver, sonra sənə müsahibə verərəm.

Kitayiski yelpiyi tez masaya qoyub nümunəvi suala keçirəm:

- Neçə ildir qaş alan işləyirsiniz?

Sualıma bir az düzəliş edərək cavab verir:

- Həm də manikur və pedikur ustasıyam. On doqquz ildir işləyirəm. Əvvəl mühasib işləmişəm.

- Yaddan çıxmayan müştəriniz olub heç?

Bir az fikirləşir. Qızlardan biri salonun yuxarı başından replika atır:

- Uşağa şellak (dırnağa qalıcı lak vurmaq – red) eləmişdin e bu yaxınlarda.

Səmayə xala əlindəki işini yarımçıq qoyur.

- Sənin üçün elə müştərini indi canlı-canlı göstərərəm.

Cibindən telefonu çıxarıb whatsaapa girir, kiminsə nömrəsini axtarmağa başlayır. Salondakı işçilərdən biri sakitliyi pozub feni qoşur. Fen işləyən tərəfə baxıram.

- Deyəsən, bir müştəriniz var.

İntizar xanım tez dillənir:

- Müştəri deyil, öz qızlarımızdandır.

- Salon işçiləri bir-birlərini də bəzəyirlər. Xidmət haqqı alırlar heç?

- Yox. Nə xidmət haqqı? Bu gün bu onu abıra salır, sabah da o bunu.

Səmayə xala axır ki, axtardığı videonu tapır. Beş yaşlı uşağa şellak etdiyi zaman çəkilmiş videodur.

- Ən az yaşlı müştərim budur.

Videoda uzun saçları olan balaca qızcığaz yenicə yapışdırılmış süni, uzun dırnaqlarına baxır.

Ətrafdan kimsə məni qabaqlayır:

- Anası şellaka niyə gətirir?

Səmayə xanım müştərisini müdafiə edir:

- Deyir bacara bilmirik. Hər gün ağlayır ki, dırnaqalarımı uzadın.

Öz uşaqlığım yadıma düşür. Mənim də belə vaxtından əvvəl böyüyən arzularım olurdu. Anamın və yaxın qohumların tuflilərini geyinib yaş torpağın üzərinə tuflinin dabanı ilə naxış saldığım günləri xatırlayıram.

İntizar xanımın üz-gözünə işarə edib soruşuram:

- İntizar xanım, deyəsən nəzarətçiliyin belə üstünlükləri də var. Arada özünüzə vaxt ayırırsınız.

- İmkan düşdükcə hə.

- Qadın kollektivinə nəzarət etmək çətin olar? Qeybət, təmizlik işləri, çay-su, gətir-götür.

- Hərə öz işini biləndən sonra heç bir narahatlıq olmur. Kimin vaxtı olursa çay dəmləyir, yerə tökülənləri yığıb yığışdırır. Mən əvvəllər Tovuzda iyirmi beş il müəllimə işləmişəm. Bakıya köçəndən sonra işsiz qalmayım deyə burda işləməyə başladım.

- Niyə axıra qədər müəllimlik etmədiniz?

- Bacıma görə. O qıza yaxın ola bilmək üçün Bakıya gəldim. Gəlməyə məcbur idim...

Araya sükut çökür. İntizar xanımın siması dumanlanır.

- Bacınıza yaxın ola bildiniz?

Duman çəkilir, üzbəüz pəncərədən uzağa zillənən baxışlar geriyə, salona qayıdır:

- Hə, oldum. Amma müəllimə ola bilmədim. Mən öz sənətimi çox sevirdim. İndi müəlliməlik üçün, şagirdlərimdən ötrü darıxıram. Müəllimə olub, sonra qadın salonunda nəzarətçi olmaq maraqlı deyil. Hətta çətindir. Bu işin içərisində olmağıma baxma, heç feni düz-əməlli tuta bilmirəm. Uşaqlarla işləmək daha asandır, nəinki fen tutmaq.

- Salonla bağlı yadınızda qalan maraqlı əhvalat, hadisə olub?

- Bir dəfə hədsiz çox müştəri vardı. İki qadın gəldi. Qadınlardan biri beş dəqiqə dayanandan sonra çıxıb getdi. Sonra təzədən qayıdıb dedi ki, mənim burda telefonum qalıb. Sizi polisə şikayət edəcəm. Mən də hamıya nəzarət etdiyimdən onun da gəliş-gediş vaxtları yadımda qalmışdı. Ona sübut etdim ki, salonda heç bir telefon filan qalmayıb. Həm də həmin ərəfədə salondan ondan başqa heç kim çıxmamışdı. Sonra dedi ki, bağışlayın, yəqin telefonumu evdəki baldızım oğurlayıb. Necə gəlmişdisə, elə də getdi.

Ətrafa göz gəzdirirəm. İnsafən hər yer səliqə-səhmandadır. Otağın saç yuyulma tərəfində yerə qoyulmuş vedrənin içindəki gümüşü falqalara baxıram. Qadın marağı ilə soruşuram:

- Bunlar refle üçün istifadə olunur?

Kosmetoloq Səbinə gülə-gülə tez dillənir:

- Hə, amma onları çəkməzsiniz. Bir azdan qızlar götürəcək.

- Onda sənin şəklini çəkəcəm.

Digər işçilər yerbəyerdən gülüşürlər:

- İçimizdə ən cavanı və subay olanımız odur. Onun şəklini çək.

Qara qaş, qara göz şirin xanımdır Səbinə. Gülümsəyərək deyir:

- Bir az gözləyin, indi müştəri gələcək. Onun üzərində işləyəndə çəkərsiniz.

Səmayə xanım söhbətə qaldığı yerdən davam etmək istəyir:

- Ən yaşlı müştərim isə 86 yaşındadır.

- Azərbaycanlıdır?

- Yox, o yaşda azərbaycanlı müştəri təsəvvür etmək çətindir. Nadya adlı yaşlı rus qadınıdır.

- İmkanlıdır?

- Adi, evdar nənədir. Hər ay təqaüdünü alan kimi bura gəlir. Saç rəngləməsindən tutmuş, manikur, pedikur elətdirib gedir.

- Bizimkilər deyəsən manikura o qədər də həvəsli deyillər. Toydan-toya bəzənib, düzənirlər?

- Bizimkilər də yavaş-yavaş gəlirlər. Passivdirlər demək olmaz.

Əlimdəki telefona işarə edib, pıçıldayır:

- Danışdıqlarımın hamısını yazırsan?

- Əlbəttə.

Yenə ortaya sükut çökür. Məqsədimə yenidən aydınlıq gətirməli oluram. Narahat olmayın, adınız şərti olaraq yazılacaq. Şəkilləriniz də olmayacaq. Adi, gündəlik reportajdır.

- Sən denən yazıram, mən də mədəni danışım də. Loru dildə danışmayım.

- Səmayə xala, dərzilər haqqında məşhur bir məsəl var e. Dərzi, iynə məsələsi. Sizə aid etmək olar?

- Həə, bax o çətin məsələdir. Toya-nişana gedəndə həmişə “çuçila” günündə gedirik. Özümüzə heç vaxt çatmır. Məclislərə ancaq yorğunluğumuzu çıxarmaq üçün gedirik. Bər-bəzək yadımıza da düşmür.

Ortalığa yeni sual yumalayıram:

- Məşhur müştəriləriniz olur?

Hamı çiynini çəkir. Birdən kimsə dillənir:

- Müğənni Ramalın arvadı bir dəfə gəlmişdi. Bankir arvadları olan müştərilərimiz də çox olur.

Bu dəfə yazıçı marağı ilə sualı bir az dərinləşdirməyə çalışıram ki, görüm varlılar həqiqətən də ağlayır:

- Varlılar, xəsisdirlər, ya əliaçıq?

Səmayə xala dillənir:

- Yox, yox. Bizim müştərilərimiz həmişə bizə öz işimizdən artıq da hörmət ediblər. İşimiz xoşlarına gəldiyi üçün Rusiyadan, Moldaviyadan, Kiyevdən yanımıza gələn müştərilərimiz var. Ekspeditor işləyən moldavan müştərimiz hər dəfə Bakıya gələndə hökmən bizim salona dəyir. Deyir sizin üz-qaş almağınız xoşuma gəlir.

- Lazer epilasiyasından sonra müştəriləriniz azalmayıb?

- Yox. Bəzən epilasiyadan sonra üzündə tük qalmayan müştərilərimiz yenidən bizim yanımıza sap atdırmağa gəlirlər.

- Niyə?

- Qaş-göz aldırmaq bir az ağrılı olur. Əsəbi zəif olan xanımlar çox dözə bilmirlər. Amma xeyirli tərəfləri də var. Qan-damar dövranını yaxşılaşdırır, toxumaları canlandırır.

Bayaqdan müştərisizlikdən kitab oxuyan saç ustası Yeganə xanımın masasına yaxınlaşıb oxuduğu kitabla maraqlanıram. Azərbaycan dilində çap olunan qalın Quran kitabıdır.

- Yeganə xanım, oruc da tutmusunuz?

- Hə.

- Allah qəbul eləsin. Nə vaxtdan dindarsınız?

- Dindar deyəndə ki, elə yaşa dolandan sonra öz dilimdə Quran kitabını oxuyuram, orucluqda oruc tuturam.

- Namaz da qılırsınız?

- Yox, özümü hələ namaza hazır hiss etmirəm.

- Neçə ildir işləyirsiniz?

- Mən sovet dövründən, 86-cı ildən işləyirəm. Otuz üç ildir. Sovet dövründə qadınlar səliqəli görünmək üçün gəlirdilər. Hamısı da işçı qadınlar idi. Zavod, fabrik işçiləri. Amma indi gözəl, cəlbedici görsənmək üçün gəlirlər.

Sovet nostalgiyam baş qaldırır. Uşaqlığımın əsas dövrünü əhatə edən həmin nostaljik illərə söz və təsəvvür vasitəsi ilə qayıtmağa can atıram:

- O dövrdə ən çox istifadə olunan saç rəngi “Rubin” idi. Hamı əldə edə bilirdi.

- Niyə ki, o vaxtı da üç, dörd cür saç boyaları vardı. Aptekdən pereqidrol, naşatr spirti alıb qarışdırırdıq, qatılaşması üçün də içərisinə adi paltar sabunu doğrayıb tökürdük. Əla məhlul alınırdı. Amma sovet dövründə saç rənglənməsinə o qədər də üstünlük vermirdilər. O dövrün qadınları təbii görsənməyi xoşlayırdılar. Bizdə ən çox qara və açıq saç rəngləmələri olurdu. Bir də saç buruqları o vaxtlar dəbdə idi.

- O vaxtlar qazan kimi fen makinaları da vardı.

- İndi də var.

Əli ilə salonun bir küncündə boynu-bükük qalan iki fen makinasını göstərir. Yadıma uşaq vaxtı anamla getdiyim saç salonu düşür. Şəhla adlı saç ustası kreslonun qoltuqlarına qalın taxta qoyub bizi üzərində əyləşdirərdi ki, boyumuz güzgüyə çatsın. Onun salonunda da eyni ilə bu cür iri fen makinaları vardı.

Yeganə xanım isə davam edir:

- O vaxtı hökumət bizə əl fenləri də vermişdi. Hamısı da Almaniya istehsalı idi. Amma biz işlətmirdik. Heç vaxtımız da olmurdu onları istifadə etməyə. Müştəriləri hazırlayandan sonra əyləşdirirdik qazanların altında, sonra başqa müştərilərlə məşğul olurduq.

- Qazanların altında yaddan çıxıb qalanlar, yuxuya gedənlər olmurdu?

Yeganə xanım, deyəsən lap keçmişdən bir əhvalatı xatırlayr:

- İşə təzə başladığım vaxtlarda yaşlı bir rus qadını gəlmişdi. Saçlarını yenicə saraltmışdı. Həm də burdurmaq istəyirdi. Mən də onun saçlarını kimyəvi məhlulla burub qazanın altında oturtdum. Bir az keçmişdi, baxdım ki, qadının saçları əlimə gəldi. Saçı tökülməyə başladı.

- Neylədiniz bəs?

- Özümü itirdim. Amma heç unutmuram, o qadın mənə acıqlanmadı. Dedi, eybi yoxdur, sən yenisən, bu olan işdir. Yadıma gəlir zəhmət haqqımı da ödəyib getmişdi.

Bayaqdan dəri üzlü, yumşaq divanın üstündə yuxuya gedən öz ustam Mətanət xanım yuxudan ayılır. Saç rəngləməkdə olduqca cəld və əvəzsiz olan bu xanım həm də bahaçıl olmaması ilə başqalarından fərqlənir. Mətanət xanımla Yeganə xanım cüt bacı kimi usta işinə birlikdə başladıqlarını deyir:

- 86-cı ilin axırlarında işləməyə başladıq. Biz uçilişi bitirib işə düzəlmişdik. O vaxtı salon az idi. Hamı bizim yanımıza gəlirdi. Yeniliklər də indiki qədər sürətli deyildi. Amma indi o qədər yeniliklər, dəblər çıxır ki, hamısını öyrənməyə vaxt olmur. Elə ancaq youtube kanalından, bir də instagramdan nələrləsə maraqlana bilirik.

- Bitli müştəriləriniz olub?

- Əvvəllər çox olurdu. Müharibə vaxtı. Bu yaxınlarda da bir qız gəlmişdi. Hicablı, qalın saçları olan xanım idi. Saçlarını qaldıranda gördüm başında sirkə və bit var.

- Neylədiniz?

- Heç nə. Saçını kəsdik, sonra da hər şeyimizi dezinfeksiya etdik. (gülür).

- Bitli müştərini geri qaytardığınız necə olub?

- Yox. İnsandır də, nə olar ki. Bitli olsa da kəsmişik, yola salmışıq. Elə müştəri olub ki, özü deyib başımda bit var. Yəni yenə də geri qaytarmamışıq. Həm də ki, müştərinin bitli olmasını dərhal bilmək olmur axı. Kəsim başlayandan sonra bilirik, onda da iş işdən keçmiş olur.

- Ən bahalı və ucuz xidmət haqqınız nə qədər olub?

- Yüz, yüz əlli manat pul verənlər də olub, bir manat da. İşimizi bitirəndən sonra üstümdə pulum yoxdur deyənlər də olub. Bu yaxınlarda yetmiş manatlıq işdən sonra dedi pulum yoxdur, sonra gətirərəm. Elə o gedən gedib, hələ də gəlib çıxmır.

Bayaqdan bizə qulaq asan qaraqaş, qaragöz kosmetoloq Səbinənin otağına keçirəm. Ağ xalatını, əlcəklərini geyinib aparatın içərisinə qoyulmuş balaca qazançalardakı çəhrayı, sarı rəngli məhlulları bir-birinə qarışdırır. Kosmetoloqluğu daha çox ondan əvvəl işləyən bacısından öyrəndiyini deyir. Bacısı ailə qurandan sonra onun yerinə işə düzəlib. Səbinənin dediyinə görə bahalı proseduralara, iynəbatırmaya gələn müştəriləri çoxdur. Az keçmir ki, üzündəki ləkəni aparmaq üçün gəlməli olan müştəri də özünü yetirir. Əyilib diqqətlə yaraşıqlı xanımın üzündə güclə nəzərə çarpan düyü boyda ləkəyə baxıram.

Xanımların öz gözəllikləri uğrunda saatlarını qurban vermə faktına bir daha əmin oluram. Salondan çıxhaçıxda bir neçə şəkil çəkirəm. Səbinə arxadan məni çağırır. Samirə, gətir baxım da, görüm necə düşmüşəm. Yaxınlaşıram. O, da ən gözəl gülümsədiyi şəkillərdən birini seçib deyir:

- Bax, bunu qoyarsan.

Sonra da bərk-bərk tapşırır:

- Dəyişmə haaa.

Qapıdan çıxanda yerbeyerdən deyirlər:

- İstəsən, öz həqiqi adlarımızı da yazarsan. Amma yaxşı yazı olsun, yoxsa gələn dəfə saç rənglətdirməyə gələndə başını beş, altı rəngə boyayarıq, reportaj zad da yadına düşməz.

Qadın həmrəyliyini əks etdirən möhkəm gülüşmə düşür.

# 4631 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #