6 dekabr 2017-ci il tarixində XX yüzil Azərbaycan ədəbiyyatında təkrarolunmaz ədəbi mətnlərin müəllifi Əkrəm Əylislinin 80 yaşı tamam oldu. Bu yubiley tarixinin üzərindən sükutla keçilməsinin səbəbləri Azərbaycanda əksər insanlar üçün bəllidir. Dövlət adında olan bütün dəftərlərdən Əkrəm Əylisli adı tamamilə silinmiş. Bu məsələdə dövlətin haqlı olduğu mübahisəsiz qəbul olunan bir durumdur. Əkrəm Əylisli məlum "Daş yuxular" əsərindəki bir neçə epizodla dövlətin illərdir erməni məkrlərinə qarşı apardığı siyasətə qarşı düşmən tərəfə göydəndüşmə bir material vermişdir və dövlət bu əmələ qarşı sərt qarşılıq verərək onu görünə biləcək bütün vitrinlərdən uzaqda saxlamışdır. Xalq adına da Əkrəm Əylislinin hansısa yazar, ziyalı, vətəndaş obrazından əsər-əlamət qalmamış, bu yanaşmada da yenə də haqlı olan tərəf xalq sayıla bilər. Çünki işğala və ədalətsizliyə məruz qalmış bir xalqın düşməni ilə müqayisəsində Əkrəm Əylisli erməni humanizmindən yana mövqe qoymuş, ittiham olunan tərəf olaraq Azərbaycan və ya Anodolu türklərini göstərmişdir. Ermənilərin Əylisdə qanını axıdan türk zabitinin hansı zülmün əvəzini çıxdığını belə dilə gətirmədən, hətta böyük ədəbiyyat fəlsəfəsinin tələb etdiyi tərəfsiz humanizm prinsipindən də çıxış etməmişdir.
Bu cür davranışların Azərbaycanın yaxın tarixində bir neçə nümunələrini xatırlatsaq, Əkrəm Əylislinin hansısa cığır açmadığını rahatca görə bilərik. 1918-ci ildə Nuri Paşa ordusu ilə Bakıya girərkən erməni cəlladlarında qisas aldığı vaxt Seyid Cəfər Pişəvəri onun ermənilərə qarşı törətdiyi vəhşilikdən yazırdı. Halbuki 1918-ci ilin mart soyqırımında törədilənlərin yanında Nuri Paşanın etdikləri çox humanist davranış sayıla bilərdi. Paşamız, yalnız Azərbaycan türklərinin soyqırımında iştirak etmiş erməni quldurlarına layiq olduqları cəzanı vermişdi.
Yaxud da 1918-ci ildə Güney Azərbaycanı erməni qətliamından xilas etməyə gəlmiş türk ordusuna qarşı ermənilərlə birlikdə hərəkət edən Xiyabaninin çıxışlarını xatırlamaq yerində olardı. Əkrəm Əylisli erməniləri Əylisdə qətlə yetirən Azərbaycanın xilaskarı olan Türk paşası obrazını da eyni silsilədən baxışla davam etdirdiyinə görə xalq tərəfindən bağışlanmaz bir günah sahibi kimi qəbul olundu.
Ancaq dövlət və xalqdan başqa bu məsələdə subyekt kimi çıxış edən çoxlarımızın unutduğu daha bir məqam vardı. O da ədəbiyyat və ya ümumiləşmiş formada sənət camiəsi idi. Ədəbiyyatın, sənətin Əkrəm Əylislini öz dəftərindən silməsi necə anlaşılmalıdır, doğrusu günün bəlkə də ən müzakirəyə dəyər məqamı bu sayıla bilər. Vaxtilə Osmanlı Sultanı Əbdülhəmidə qarşı terroru təşkil edən ermənini qəhrəman adlandıran Tofiq Fikrəti dövlət və xalq sevmədi, ancaq ədəbiyyat böyük şair obrazına laf atmadı. Nazim Hikmət Türkiyə dövlətinin maraqlarına qarşı hər cür addımlar atdı, dövlət də, xalq da düşmən olaraq illər uzunu ona qarşı sərt mövqe göstərdi, ancaq ədəbiyyat üçün Nazim Hikmət öz dəyərini hər zaman qoruyub saxladı. Ən sonda isə dövlət də, xalq da onunla barışdı. Ən son nümunə Orxan Pamuk idi. Nobel mükafatı almaq naminə Türkiyənin dövlət siyasətinə qarşı ən bədnam hərəkəti etdi, qondarma soyqırımın gerçəkdə baş verdiyini bəyan etdi. Dövlət də, xalq da onun bu davranışına qarşı nifrətini gizlətmədi, ancaq ədəbiyyat onu yox saya bilməzdi. Nobel alandan sonra siyasi çıxışları səngidi və bu gün dünyada Türkiyənin ən çox kitabları satılan yazarıdır. Başqa ölkələrin tarixindən də bu cür misalların silsiləsini saymaq mümkündür, ancaq düşünürəm ki, mesajımız oxucuya aydın oldu.
Dövlətin də, xalqın da Əkrəm Əylisliyə münasibətinə haqq qazandırmaq olar, ancaq heç bir halda ədəbiyyat, sənət camiəsinin Əkrəm Əylisliyə münasibətinə anlayışla yanaşmaq mümkün deyil. Mən Əkrəm Əylisli yaradıcılığına Azərbaycan ədəbiyyatında ən ciddi hadisələrdən biri kimi baxmışam, Əkrəm dilini, Əkrəm üslubunu, Əkrəm obrazlarını mənimsəyərək ədəbi zövqümü təkmilləşdirmişəm və düşünürəm ki, ədəbiyyatın baxış bucağında vətəndaş Əkrəm Əylisli deyil, dəyərli ədəbi irs qoymuş yazar Əkrəm Əylisli ön planda olmalı idi. Ədəbiyyat-Sənət Dövlət və Xalqla eyni addımların ritmini tutmağa davam edəndə dünyanı heyrətləndirən əsərlər heç vaxt ortaya çıxmaz.
Fikrimcə, Əkrəm Əylisli siyasətçi kimi nə qədər naşı, vətəndaş kimi nə qədər səbatsız olsa da, bir yazar kimi illər sonra daha çox baş vurulan, daha çox öyrənilən bir obraz olacaqdır.
Bu yazını Əkrəm Əylislinin səssiz yubileyindən on gün sonra yazıram. Həm də bunu təbrik üçün yazmıram, bir az əsəbimdən, bir az acıdığımdan, bir az da üzüldüyümdən yazıram. Və niyəsə on gün sonra bir də düşünməyə çalışıram ki, doğrudanmı ən pis azərbaycanlı artıq bir neçə ildir daş yuxusuyla cəmiyyətimizin tənha narına çevrilmiş Əkrəm Əylislidir?