Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsində yaradanın, səmavi kitabların, planet adlarının, mifonimlərin böyük hərflə yazılması təklif olunur. Təklif bəzi anlaşılmazlıqlara yol açır. Xüsusən, ədəbiyyatımızda çox işlənən “Allah”, “Rəbb” və “İblis” sözlərinin yazılış qaydalarına münasibət birmənalı deyil.
Kulis.az bu haqda tanınmış qələm adamları və dilçi alimlərin fikirlərini öyrənib.
Nəriman Qasımoğlu
İlhaiyyatçı
Səmavi kitabların adlarının böyük hərflərlə yazılmasını təbii qarşılayıram, belə də olmalıdır. Başqa necə ola bilər?! Bir halda ki, hər hansı kitab adı da bir qayda olaraq böyük hərflə yazılır... Planet adları da xüsusi isimlərdir, təbii ki, böyük hərflərlə yazılmalıdır.
“Allah”, “Rəbb”, “Tanrı” sözlərinə gəlincə, bu barədə birmənalı qərar vermək çətindir. Həmin sözlərin dildə işlənmə konteksti nəzərə alınmalıdır. Məsələn, söhbət konkret olaraq ilahiyyat mövzusunda və yaxud bu sözləri Yaradana aid xüsusi isimlər kimi işlədən yazıdan gedirsə, şəksiz ki, bunlar böyük hərflərlə yazılmalıdır. Bəs bu sözlər cəmdə yazılırsa, onda necə olsun? Məsələn, “yunan allahları”. Əlbəttə, məndən olsa, bu ifadənin yerinə “yunan ilahları” yazardım. Amma dilimizdə, elmi ədəbiyyatda artıq “allahlar” sözü keçir.
Elşad Miri
İlahiyyatçı
Burda bir nüans var; ərəb dilində böyük hərf, kiçik hərf anlayışı yoxdur. “Allah” da, “şeytan” da, “iblis” də - hamısı kiçik hərflə yazılır. Sadəcə olaraq burda nəzərdə tutulan məsələlər nədir? Quranda “Allah” dedikdə xüsusi isim nəzərdə tutulur və başa düşürsən ki, böyük hərflə yazılmalıdır. Ondan başqa, “rəbb” sözü yazılanda da iki mənada işlənir. “Allah” mənasında işlədildikdə böyük hərflə yazılır. “Rəbb” sözü Qurani-Kərimdə şəxslər üçün istifadə olunduğu zaman kiçik hərflə yazılır. İslamda “ilah” sözü Azərbaycan dilindəki “tanrı” sözü ilə əlaqəlidir.
“İblis” sözü də Quranda varlığın adı olaraq təqdim olunur, buna görə böyük hərflə yazılmalıdır. “Şeytan” sözü İblisin adı deyil, sifətidir və bu insanlar üçün də istifadə olunan termindir. Ona görə şeytan sözünü kiçik hərflə yazmağa çalışıram. Dini kitabların adını da böyük hərflə yazıram.
Mən bu sözlərin böyük və ya kiçik yazılmasını deyil, daha çox həmin o sözlərdə nəzərdə tutulan mahiyyətin önəmli olduğunu düşünürəm və bunu mübahisə predmeti hesab etmirəm.
Nəriman Əbdülrəhmanlı
Yazıçı
- Söhbət ümumi Allahdan yox, bizim qəbul elədiyimiz Allahdan gedəndə, mən həmişə böyük hərflərlə yazmışam. Məncə, konkret şeytandan, iblisdən yox, rəmzi Şeytandan və İblisdən bəhs olunursa, böyük hərflə yazılmasının tərəfdarıyam. Eynilə, əgər Allah və İsa Məsih nəzərdə tutulursa, “Ata” və “Oğul” da böyük hərflə yazılır. Eləcə də konkret peyğəmbərdən söhbət gedirsə, “Peyğəmbər” də eyni qaydayla yazılmalıdır.
Aqşin Yenisey
Şair
- Dilimizdəki sözlərdə oturuşmuş "g"ləri amanabənd "k"lərə çevirmək iş xətrinə işdir. Mən heç bir yazımda buna əməl etməyəcəyəm. Buna münasibətim belədir. Amma "Allah" sözünün böyük hərflə yazılması doğrudur. Çünki dini kitablardakı yaradıcı güc şəxsi keyfiyyətlərə, yəni insani xarakterə malikdir. Qədim dinlər tanrını insanın ilahiləşdirilmiş obrazı kimi təqdim edirlər. Qədim şumerlərdə onun qadın cinsindən olduğu düşünülürdü. Mesopotamiya ərazisində qoyulan hamilə qadın heykəlləri indi də qalır və tədqiqatçılar onların qədim ana tanrıların abidələri olduğunu söyləyirlər. İbrani dinlər onu kişiləşdirdilər. Yaxud Yahova yəhudilərə şəxsi istəklərini çatdırmaq üçün müxtəlif dövrlərdə müxtəlif peyğəmbərlər "göndərmişdi". Hətta Müqəddəs Kitabda belə bir rəvayət var ki, Cənub torpaqlarından gəlib şimal torpaqlarında peyğəmbərlik etmək istəyən yəhudi çobanı şimal peyğəmbəri qovur ki, get, öz tərəfində çörək qazan. Dini mətnlərdə "Allah" böyük hərflə yazılmalıdır, çünki o, ilahiləşdirilmiş bir şəxsdir. Amma elmi əsərlərdə tanrıya anlayış kimi yanaşan insanlar üçün bu, ümumi bir məfhumdur, ona görə kiçik hərflə yazılmalıdır. Əslində, burda Allahın böyük hərflə yazılması dini məqsəd güdür, amma məntiqlə götürəndə görürsünüz ki, Allahın böyük hərflə yazılması onu, sadəcə, kəlmə olaraq böyüdür, məna, məzmun olaraq şəxsləşdirib, kiçildir.
Mehriban Əlziadə
Dilçi alim
- Yadıma “Vətən” sözü düşdü. “Vətən” Azərbaycanın sinonimi kimi işlənəndə böyük, ümumi işlənəndə balaca yazılmalıdır. Kontekstdən çox şey asılıdır. “Allah” və “Rəbb” sözləri, mənim düşüncəmə görə böyük yazılmalıdır. Eyni zamanda mələk və digər dini qəhrəmanların adları. Ancaq “cin”, “şeytan” kimi sözlər daha çox ümumi mənada işləndiyi üçün balaca yazılmalıdır. Bizim dildə ümumidən xüsusiyə, xüsusidən ümumiyə keçmə qaydaları var. Belə məqamlarda bu qaydaya diqqətlə yanaşmaq lazım gəlir.
Şəmil Sadıq
Dilçi-alim
- Bir var şəxsi hisslərdən gələn qaydalar, bir də var qrammatik qaydalar. Şəxsi hisslər nəyə deyirəm? Bəzən görürsən, rəhbər işçilərə “Siz” müraciəti edəndə böyük hərflə yazırlar. Demək olmaz ki, bu, səhvdir. Yeni qaydalarda da, görünür, bu cür məqamlar nəzərə alınıb. Allah birdir. Şəriki yoxdur. Əgər on dənə Allah olsaydı, biz onu şübhəsiz ki balaca yazardıq. Buna görə, düşünürəm ki, “Allah” sözü də, onun sinonimi olan, “Tanrı”, “Yaradan”, “Xaliq” və başqa sözlər də böyük yazılmalıdır. Eyni zamanda mələklərin adı və “İblis” sözü. Ancaq şeytanlar, inanca görə, İblisin balaları olduğu üçün çoxdurlar və ona görə, balaca yazılmalıdır. Cin də o cür.