Bu universitetin tələbələri indi məşhur yazıçılardır – “Qorki” xatirələri

Bu universitetin tələbələri indi məşhur yazıçılardır – “Qorki” xatirələri
17 sentyabr 2019
# 15:37

Bu gün dünyaca məşhur Maksim Qorki adına Ədəbiyyat İnstitutunun yarandığı gündür. Kulis.az bu münasibətlə həmin institutu bitirmiş Azərbaycan yazıçılarının xatirələrini təqdim edir.

Image result for isa hüseynov

İsa Hüseynov:

- Bir gün Mehdi Hüseyn məni Yazıçılar İttifaqına çağırdı, dedi ki, Moskvada Qorki adına Ədəbiyyat İnstitutu var, səni ora göndəririk. Dedi, rus dilini necə bilirsən? Bizim bir rus dili müəllimiz vardı. Uşaqları təpiklə döyürdü, qanmırsınız, deyirdi. Pedoqoqluğu yox idi, ancaq mənim başımı sığallayır, rus dilini öyrədirdi. Mehdi Hüseynə dedim ki, rusca az-maz bilirəm. Dedi, oxuya bilərsənmi? Müsbət cavab verdim. Beləliklə də “Qorki” həyatı başladı.

Yazıçı Konstantin Paustovskini heç vaxt unutmaram. O, bizə dərs deyir, yaradıcılıq emalatxanasına rəhbərlik edirdi. Yazılarımızı oxuyur, fikirlərini bildirirdi. Diplom müdafiəsindən sonra həyətdə gəzişirdim, Qorkinin heykəlinin qarışına gəldim, heykələ baxdım və dedim ki, Aleksey Maksimoviç məndən yazıçı olacaqmı? Arxa tərəfdə hənir olduğunu hiss etdim. Çöndüm, gördüm ki, Paustovskiydir, dedi, gedək nahar edək. Məni “Bakı” restoranına apardı. Dal tərəfdə xüsusi qonaqlar üçün yer vardı, orda oturduq. Dedi, kabab yeyək və yüz qram konyak içək. Dedim, elə mən də siz deyəni deyirdim. Yedik-içdik, çıxanda dedi ki, bilirsən də, mən türkəm. Mətəəl qaldım, bu adamın sifətinə də yazılıb yəhudidir, ancaq belə qatı yəhudi özünə türk deyirdi. Əlavə etdi ki, bütün yəhudilər türkdürlər. Küçə ilə adamlar gedirdi, hamısı da yəhudilərdi, dedim bunlar hamısı türkdür? Bir az tutuldu. Cavab verdi ki, oxumaq lazımdır. İllər sonra “İdeal”ı yazanda o kişini xatırladım və o motivi inkişaf elətdirdim.

Image result for fikrət qoca

Fikrət Qoca:

- O vaxt Qorkiyə qəbul olunmaq asan məsələ deyildi. Orda oxumaq üçün tələbə seçirdilər. Bunun üçün də AYB-nin göndərişi lazım idi. Tanınırdım deyə sənədlərimi göndərdim və tezliklə qəbul olunduğumu dedilər.

Tələbəlik illərimi heç vaxt unutmayacam. Qorkinin özünəməxsus, qəribə, rəngarəng bir aurası vardı. Orda təhsil alan xarici tələbələrin hərəsindən öz ölkəsinin qoxusu gəlirdi. Hamı bir-biri ilə həmrəy, səmimi, mehriban dolanırdı. İraqlı bir tələbə yoldaşımız var idi, o, həmişə İraqdan söz açırdı. Sonralar bir dəfə İraqa səfər edəndə mənə elə gəldi ki, bu yerlərə nə vaxtsa gəlmişəm...

Məşhur olmuş sənət adamları var ki, Qorkidə yetişib. Alla Axundova, Vasili Belov, Oljas Süleymanov, Çingiz Aytmatov kimi nəhəng yazıçılar, şairlər burda təhsil alıblar.

Image result for Səfər Alışarlı:

Səfər Alışarlı:

- Birinci növbədə Litinstitut Bakıda ədəbiyyatşünas müəllimlər tərəfindən zorla təlqin edilən sosrealizmi və onun yaradıcılıq prinsiplərini mənim başımdan çıxardı. Mən o vaxtlar xeyli sadəlövh idim, sosializmə də, onun yaradıcılıq prinsiplərinə də inanırdım. Bilirsiniz o prinsiplər hansılardı. Ədəbiyyat yaxşı ilə pisin mübarizəsini deyil, yaxşı ilə ən yaxşının mübarizəsini işıqlandırmalı, əsərin sonunda müsbət qəhrəman mütləq qalib gəlməli, özünün və başqalarının həyatını daha da gözəlləşdirməlidir. Təxminən belə. XIX əsr tənqidi realizminin bizə dəxli yox idi, o köhnə quruluşlarda baş vermişdi. Hələ qəbul imtahanları verəndə Litinstitutun yataqxanasında gördüm və anladım ki, burada hamı o prinsiplərə tüpürür. Elələri vardı, hətta ona da tənbəllik edib otaq yoldaşına deyirdi ki, gedəndə onun da əvəzinə tüpürsün. Moskva ilə Bakı arasında bu dərəcədə böyük fərq mənim üçün ideoloji yox, ədəbi-estetik kəşf idi. Həyat həqiqətləri və bədii məntiqin diktəsi əsərin başlıca yaradıcılıq meyarları və prinsipləridir. Özlüyündə bu, kasıb bir kənddə həyatın dibindən çıxmış gənc müəllif üçün az deyildi. Üstəgəl, klassik ədəbiyyata bələdçiliyim, mütaliəm də vardı. Müəllimlər, yaxşı yazıçılar, istedadlı tələbələr vardı o dövrün Moskvasında. Ən başlıcası, ədəbi mühit vardı. Mən bayaq "ədəbi mühit" ifadəsini təsadüfən işlətmədim. O ədəbi mühitin ən gözəl əsərləri çürümüş və riyakarlaşmış sovet gerçəkliyi ilə ideoloji ziddiyyət təşkil edirdi və bunları bizə müəllimlərimiz Axundov institutunun müəllimlərindən fərqli avazla izah edib başa salırdılar. Onlar yazıçının azad yaradıcılıq düşüncəsini partiya plenumunun qərarından yüksəkdə görürdülər hər zaman. Brejnevin ədəbi fəaliyyətinə Lenin mükafatının verilməsinə Kremlin 1 kilometrliyində açıq rişxənd edirdilər.

Image result for Zahid Sarıtorpaq:

Zahid Sarıtorpaq:

- Moskvada tələbə vaxtlarımız idi. Dəqiq neçənci il olduğunu xatırlamıram, Yeni il gecəsiydi. Voloqdalı tələbə yoldaşım Vladislav Kakorinlə pulsuz-parasız oturmuşduq, bilmirdik neyləyək, bayramı necə qeyd eləyək. Şaiq Vəli də bir neçə gün idi ki, bizimlə bir otaqda qalırdı, onun da maddi vəziyyəti yaxşı deyildi. Həmin axşam harasa getmişdi, vaxt keçsə də gəlib çıxmaq bilmirdi. Dilxor olmuşduq. Gözləyirdik ki, o da gəlsin görək neyləyirik. Bir də gördük, qapı açıldı qucağında içki dolu bir qutu Şaiq girdi içəri. “Bu nədi? Hardan almısan?” – soruşduq. Dedi: “Trolleybusdan düşürdüm, içəridə bir-iki sərnişin vardı. Sürücü və o sərnişinlər arxamca qışqırdılar ki, yeşiyin qaldı, götür. Fikirləşdim ki, götürməsəm başqası götürəcək. Qayıtdım, götürdüm. Bu, bizə ürəyimizə görə qismət olmuş bir bayram payıdı…” O gecə sevincimizin həddi-hüdudu yox idi. Kef məclisi qurub sabaha qədər oturduq. Hələ yataqxanamızdakı uşaqlara da “görüm-baxım” elədik… Amma hayıf, ilini dəqiq xatırlamıram. Bir onu bilirəm ki, səksəninci illərin ortalarıydı.

Image result for Etimad Başkeçid

Etimad Başkeçid:

- Ədəbiyyat İnstitututu ilə bağlı xatirələrim çoxdur. Kitab yazmaq olar, bəlkə də haçansa yazacağam.

Tələbə yoldaşlarımı həmişə sevgi və minnətdarlıq hissiylə xatırlayıram. Mən oxuduğum vaxtlarda aləm qarışmışdı, it yiyəsini tanımırdı, amma o uşaqlar həmişə bir-birinə həyan durdu, ən çətin vaxtlarda belə əsl insanlıq nümunəsi oldular.

Yəqin bilirsiniz, ədəbiyyat İnstitutunda yalnız yaradıcılıq müsabiqəsindən keçdikdən sonra qəbul imtahanlarına buraxırdılar. Bunun üçünsə hansısa sənətkardan zəmanət almalıydın. Mənə zəmanəti Süleyman Rüstəm vermişdi. Təsəvvür edirsinizmi, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin sədri, SSRİ-nin bütün mükafatlarını almış Süleyman Rüstəmin zəmanətini almaq nə demək idi? Qoy deyim, haqqı yerdə qalmasın, əslində bu zəmanəti rəhmətlik Vilayət Rüstəmzadə almışdı mənim üçün, atamın xalası oğlu. Yoxsa, Süleyman Rüstəm hara, mən hara?

Təbii ki, belə zəmanətlə məni sözsüz-sovsuz müsabiqədən keçirdilər. Amma yenə də imtahana buraxmadılar. İmtahan komissiyasında Raisa Fyodorovna adlı bir xüsusi xidmət orqanı polkovnikinin arvadı vardı, dirəndi ki, bu adam rus dilini bilmir, necə oxuyacaq? Orasını da deyim ki, rus dilim, doğrudan da, bərbad idi. Başkeçidin dağlarında kim idi rus dilini öyrənən?

Nə isə, məni imtahana buraxmadılar. Əsgərliyə getdim. İki il sonra qayıdıb, imtahan vermək üçün təzədən baş vurdum. İmtahanqabağı söhbət zamanı mənim bülbül kimi ötdüyümü görən həminki Raisa Fyodorovna qayıtdı ki, sən o imtahana buraxmadığımız oğlan deyilsən? Dedim, hə, həmin oğlanam. “Görürsünüz, Sovet ordusu necə kadrlar yetişdirir?” – qadın öyünməyə başladı. Elə bil, məni özü yetişdirmişdi.

Amma əsl “fişka” bunda deyil.

İmtahan vermək vaxtı gəldi. Rus ədəbiyyatını az-çox bilirdim, amma qrammatikadan qətiyyən xəbərim yox idi, heç indi də bilmirəm.

Qrammatikadan imtahan öncəsi kitabı açıb, hər ehtimala, felin zamanları, felin təsrifi bölməsini diqqətlə oxudum. İmtahan biletini çəkəndə, nə görsəm yaxşıdır, “Felin zamanları. Felin təsrifi”, yəni mənim yeganə cavab verə biləcəyim bilet… Bu, ehtimal nəzəriyyəsi ilə necəsə izah oluna bilərmi, bunu bilmirəm. Belə isə, bəxtim gətirdi deyə bilərəm. O biri imtahanlarda problem yaşamadım, beləcə, tələbə adını qazandım.

# 3013 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #