Xəstəsinin evinə bazarlıq edən həkim – MARAQLI ADAM

Xəstəsinin evinə bazarlıq edən həkim – <span style="color:red;">MARAQLI ADAM
17 noyabr 2017
# 09:01

Kulis.az “Maraqlı adamlar” layihəsindən mərhum yazıçı Rafiq Tağı haqqında əhvalatları təqdim edir.

Rafiq Tağı yazılarına çox həssaslıqla yanaşırdı. Hətta deyilənə görə bir dəfə hansısa yazısındakı vergülə görə üç avtobus dəyişib redaksiyaya gedib, səhvi yerindəcə düzəldib qayıdıbmış evinə.

Günlərin birində Rafiq Tağı əlində təzə yazı “Ədalət” qəzetinin redaksiyasına gedir. Gənc xanım onun kağızdan diktə etdiklərini kompüterə köçürürmüş.

Aqil Abbas bunu görüb zarafatla xanıma deyib:

- Diqqətli olun!

Aqil Abbas Rafiq Tağının yazılarındakı “iynə”lərdən ehtiyatlanırmış. Rafiq Tağı məsələni göydə tutub gülümsəyir:

- Aqil müəllim, bu məqalə deyil, hekayədir. Bədii əsərdir.

Aqil Abbas cavab verir:

- Sən adamın anasını hekayədə də ağladarsan!

***

Baba Vəziroğlu deyir ki, onun ən çox sevdiyi müğənni Elmira Rəhimova idi. Bir dəfə Baba ilə Rafiq Tağı küçədə Elmira xanımla rastlaşırlar. Rafiq Tağı gözlərinə inana bilmir, tez-tez Babadan soruşurmuş ki, həqiqətən bu Elmira Rəhimovadır.

Baba Vəziroğlu:

- Hə də, Rafiq, odur!

- İnana bilmirəm! Elmira Rəhimova mənim ilk məhəbbətim, uşaqlıq sevgim olub, onun mahnılarını sevərək dinləmişəm, hətta dünyanı belə onun mahnılarını dinləyərək sevmişəm.

***

Bir dəfə Rasim Qaracanın evində qonaq olub. Doktor ilk dəfə Rasimgildə olurmuş. İşə bax ki, həmin gün tarixi bir günə təsadüf edib.

TV-də dəhşətli hadisələr göstərirlərmiş. Onlar çay içib heyrətlə televizora baxırlarmış. 2001-ci il idi, 11 sentyabr hadisəsi baş vermişdi.

Sonralar Rasim Qaraca hər dəfə Rafiqi evə dəvət edəndə zarafatla deyirmiş: "Gələrəm e, ancaq qorxuram dünya dağılar".

Image result for rafiq tağı

***

Görünüşcə həlim, ürəyi yumşaq olsa da yazılarında çox sərt biri idi. Hər yazısı güllə kimi açılırdı.

Bir dəfə Əlisəmid Kür Rafiq Tağıyla küçədə rastlaşır, barmağını silkələyə-silkələyə deyir:

- Rafiq, yığışdır o cəncəl yazılarını, yoxsa bir gün səni yortacaqlar.

Rafiq Tağı əlini yelləyir:

- Yamyamlar ölkəsində yaşayırıq bəyəm?

Əlisəmid pərt olur, amma hörmətini saxladığı yazıçıya heç nə demir.

Ancaq zaman Əlisəmidin haqlı olduğunu göstərir. Bir müddət sonra bu dialoq gedən yerdə Rafiq Tağını bıçaqlayırlar.

***

Aşura günündə Rafiq Tağı Əjdər Olun iş yerinə gedir və deyir ki, bu gün niyyətlərin qəbul olan günüdür, gəl Təzəpir məscidinə gedib nəzir paylayaq!

Qoşalaşıb məscidə gedirlər. Dilənçilərə bir qədər nəzir paylayandan sonra məscidin həyətinə girirlər. Bir neçə yerdə saqqallı cavanlar haray-həşirlə zəncir vururlar. Əjdər Ol işə tələsdiyindən deyir ki, Rafiq, bəsdir daha, gedək.

Rafiq Tağı cavabında:

– Sən işdəsən, - deyir - get, mən hələ bir az burada qalmaq istəyirəm.

Əjdər Ol tünlüyü yara-yara məscidin həyətindən çıxır. Darvazaya çatanda geri qanrılıb Rafiq Tağı tərəfə boylanır və gözlərinə inana bilmir: Rafiq bəy bayaq durduğu yerdə “Şah Hüseyn! Vay Hüseyn!” - deyənlərə dəm tutub sinə vururmuş.

Birdən Rafiq Tağının gözü Əjdər Ola sataşır, çaş-baş qalır və enib-qalxan əli sinəsində quruyub asta-asta aşağı düşür.

***

Rafiq Tağı Məhəmməd peyğəmbər haqqında yazdığı yazıya görə həbs olunmuşdu. Dustaq olduğu vaxtlar yanına baş çəkən qələm dostlarından biri təklif irəli sürür ki, yazıçılarla dustaqlar görüşsün.

Həmin görüş baş tutanda yazıçılar üçün ayrılmış masaya Rafiq Tağı yaxın durmur. Dustaqların arasında özünə yer eləyib əlini çənəsinə dayaq eləyir və yazıçılara qulaq asır.

***

2011-ci ilin 19 noyabrında gecə saatlarında Rafiq Tağını evinin yanında bıçaqladılar. Rafiq Tağı xəstəxanaya aparılıb dirçələndə televiziyaya verdiyi müsahibədə yazıçı müşahidəsini əlindən buraxmamışdı:

- Arxamdan gələndə tövşüməyini eşitdim. Hiss etdim ki, ilk cinayətidir və qorxur...

***

Rafiq Tağı bıçaqlananda yerində durmayıb, tez evə tərəf yol alıb. Qapını qızı açıb.

Uşaq heç nə hiss etməyib. Atasının paltosunda qan ləkəsi-filan yox imiş. Qızı deyir ki, üzündə də heç nə hiss etmədim, həmişəki kimi səliqəli geyinmişdi: “Yerişində də qeyri-adi heç nə yox idi. Bircə ondan şübhələndim ki, məni qucaqlamadı. Axı o, həmişə işdən gələndə mənimlə qucaqlaşıb görüşürdü... Bu dəfə sadəcə “Qızım necəsən?” – söylədi. İçəridə anama deyəndə eşitdim. Dedi, uşaqlara bildirmə, məni bıçaqlayıblar”.

***

Yaralanan gecə işlədiyi təcili yardım məntəqəsinə zəng edib, sabah işə gələ bilməyəcəyi üçün icazə alıb.

***

Təcili yardımda işlədiyi vaxt yataqxanada ağır güzəran keçirən bir qaçqın ailəyə xəstə üstünə gedir. Çıxanda balaca uşaqların suda çörək isladıb yediklərini görür. Gəlib bir həftəlik bazarlıq edərək geri qayıdır və ərzaqları qaçqın ailəyə verir.

Rafiq Tağı tutulanda o ailədə həmin islanmış çörəkləri yeyən uşaqlar böyüyüb Rusiyada ticarətlə məşğul olurmuşlar. Xəbəri eşidən kimi gəlib yazıçı-həkimin başsız qalan ailəsinə öz yardımlarını təklif edirlər.

# 1824 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti vəfat etdi

00:10 26 noyabr 2024
“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

18:49 25 noyabr 2024
Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:35 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
# # #