“Zeynəbin itiyəm” mərsiyəsinin müəllifi ilə SÖHBƏT

“Zeynəbin itiyəm” mərsiyəsinin müəllifi ilə <span style="color:red;">SÖHBƏT
29 sentyabr 2014
# 13:48

Kulis.Az bir müddət əvvəl sosial şəbəkələrdə “Zeynəbin iti” adlı mərsiyə ilə müzakirələrə səbəb olmuş Natiq Əhmədovun müsahibəsini təqdim edir.

- Mümkünsə özünüz haqqında məlumat verərdiniz...

- 33 yaşım var. Bakıda doğulmuşam, əslən talışam. Evliyəm, iki övladım var. İslamı qayda-qanunlarla yaşayıram. Həyat yoldaşım hicablıdır. Dini təhsilim yoxdur. Özümü mütaliə yoluyla inkişaf etdirmişəm. Hacı İlqar İbrahimoğlu məntiq və fəlsəfə ustadım olub. Həyatımı nizama salacaq qədər islami bilgilərim var.

- Sizə mərsiyəxan, rövzəxan demək olar?

- Şair deyiləm. Bizdə məddah ifadəsi var. Məddahın iki mənası var. Adətən yaltaqlıq edənlərə məddah deyirlər. Başqa mənada isə məddah Allahı, peyğəmbəri, imamları gözəl sözlərlə mədh edənlərə deyirlər. Mən özümə heç vaxt məddah deməmişəm. Mərsiyə oxuyanam. Məddah isə Füzulidir. Füzulişünaslar bunu daha yaxşı bilir. Onun dediyi təriflər tamam başqadır.

- Nə vaxt dinə gəlmisiniz?

- Uşaqlıqda nənəmin namaz qıldığını görmüşəm. Aşura məclislərini görmüşəm. Aşurada nənəm 40 gün televizoru yandırmazdı.

- Bu ənənəni siz də qoruyub saxlamısınız?

- Yox. 40 günə ehtiyac yoxdur. İmam Hüseyn elə bir nurdur ki, onu heç kəs qəlbindən çıxara bilməz. Bir çox şeylər var ki, onlara ehtiyac yoxdur. Mən onsuz da musiqiyə qulaq asmıram. Çünki mənim ruhum musiqi ruhu deyil.

- Aygünü, Röyanı və başqa müğənniləri dinləmirsiniz?

- Yox. Mən ancaq muğama qulaq asıram.

- Dediz şair deyilsiniz. Qayıdaq sizi sosial şəbəkələrdə məşhurlaşdıran mərsiyəyə. O mərsiyənin mətnini siz yazmısınız?

- Bəli. Ritmləri beynimdə qarışdırıram və oturub yazıram. Dostlar xahiş elədilər ki, təzə yazdığını oxu. Mən də yazdığımı oxudum və uşaqlar da çəkib Youtube-a yükləyiblər. Sonradan gördüm, etirazım olmadı. Neyləmək olar, o uşaqlar da o ruhiyyədə yaşayan insanlardır.

- “Mən Zeynəbin itiyəm” mərsiyəsi ciddi müzakirələrə səbəb oldu. Təkcə dindarlar yox, adi insanlar da onu izləyirdi. Sələfilər lağa qoydular. Bu mətn necə yarandı?

- Sələfiləri qoyuram kənara. Onlar məntiqə inanmırlar. Məntiqə, fəlsəfəyə bağlı insanlara demək istəyirəm sözümü. Quranda “Əshabi-Kəhf” surəsində it kəlməsi ilə bağlı ayə var. Çünki o it əshabı qoruyub. Şeyx Tusi haqqında yəqin ki, eşitmisiniz, islamın sütun alimlərindən biridir. Şeyx Tusinin qəbri İraqın Kazımeyn şəhərində, imam Museyi-Kazımın qəbrinin yanındadır. Ölümündən əvvəl ona deyiblər ki, ya Şeyx, sənin başdaşına fikirlərindən birini qeyd edək. O isə deyib ki, “mənim baş daşıma “Əshabi kəhf”dəki it ayəsini qeyd edin. Mən bu cür əhli-beytə bağlıyam”.

Ədəbiyyatda məcaz deyilən bir şey var. İnsanlar sevgilisinə “Allahım” deyir. Bu o demək deyil ki, insan allahlaşdırılır. Əstəuzübillah! Bu şeiri daha da canlandırır.

- Şiəliyin itlə bağlı hökmü məlumdur. İtin ağzının suyu nəcisdir. Onun tükü düşən su murdardır. İki heyvan, it və donuzla bağlı bu hökmlər var. 1500 illik islam cəmiyyətində it mənfi assosiasiya doğurub.

- Mən dedim axı şeiriyyatda məcaz var.

- Sizdən əvvəl belə məcaz işlədən olub?

- Olub. Mən sadəcə loru dildə yazıram ki, insanlar başa düşsün. Başqa məddahlar fars şairlərdən, Güney Azərbaycandan gələn şairlərin mərsiyələrini oxuyurlar. Mən özüm də onları başa düşmürəm. Bir çox sözlər mənə yaddır. Ona görə də anlaşılan, başa düşülən dildə yazmağa başladım. “Mən səgəm sənin qapında” ifadəsi çox işlənib. “Səg” fars dilində “it” deməkdir. “Kəlb” də ərəb sözüdür, “it” deməkdir.

Bu, məcazdır. O demək deyil ki, özümü it elədim. Sədaqətliliyimi izah etmək üçün istifadə etmişəm. Həzrət Əli hədislərin birində itin 12 xüsusiyyətini göstərir və deyir ki, bu xüsusiyyətlər insanda olsa o, kamilləşər. İt vəfalıdır. Bu barədə mən özümü əhli-beytin sadiq, vəfalı yolçusu kimi izah etmişəm. İt də heyvandır, aslan da. Həzrəti Əliyə “Allahın aslanı” deyəndə əstəuzübilləh, heyvan mənasında demirik ki.

- Burası aydındır. Ancaq islamda it haqqında konkret hökm var, it haqqında islam cəmiyyətində formalaşan fikir var. Hər halda indi bura it gəlsə durub kənara çəkilərsiniz.

- Şalvarım batsa çıxararam, o şalvarla namaz qılmaram.

- Başqa mərsiyələriniz də var. Çoxdan mərsiyə yazırsınız?

- Biz bir-iki il deyil meydana çıxmışıq. Sadəcə son vaxtlar qardaşlar çəkib paylaşırlar.

- Sizin mərsiyədə müasir ritmlər var. Hətta texno ritmlər var. Dəfələrlə “Hüseyn” deyirsiniz, iştirakçılar trans vəziyyətinə düşüb özlərini döyür....

- O faciə haqqında danışılanda insanlar istər-istəməz özünü vurur. Biz çalışırıq ki, müasir tərzdə mərsiyələr yazaq. Çünki köhnə mərsiyələrdən gənclər bezib. Elə gənc var klassikanı, eləsi var roku, eləsi var repi sevir.

- İslami ənənəylə, mərsiyə ilə müasir dünya musiqisini sintez edirsiniz...

- Yox, bu sintez deyil.

- Amma sizin istifadə etdiyiniz texno ritmlər, musiqilər müasir ritmlərdir. Sizdə müasir musiqinin detalları çoxdur.

- Mərsiyənin, əzadarlığın xüsusi forması yoxdur. Müsibətin forması olmaz. Biri üzünü cırır, biri başını divara vurur, biri də gedib özünü öldürmək istəyir. İslamda isə xüsusi qaydalar var. İfrata getmək olmaz. Əstəuzubillah, İmam Əlini Allaha bir tutub əliallahı olmaq qadağandır. Özümə bıçaq vurmaq, qılıncı başa vurmaq olmaz.

- Tez-tez müqəddəs yerlərə zəvvarlar aparırsız. Bələdçilik edirsiz. Ziyarətlərdə baş yaranlarla rastlaşmısınızmı?

- Rastlaşmışam. Bu ərəbin psixologiyasıdır. Ərəbistanda bütpərəstlərlə müsəlmanlar birlikdə yaşayırlar. Krişnaidlər odu töküb üzərində ayaqyalın gəzərək ritual icra edirlər. Müsəlman da eyni ayini həyata keçirir, amma krişnaiddən fərqli olaraq “Ya Hüseyn” deyə-deyə edir. Doğrudur, o düzgün deyil. Onlar əvvəl bütpərəst olub, bütpərəstlərdən keçən qaydaları təkrar edirlər. Çünki adətlərində qalıb. Amma İmam Hüseyn məktəbi, Əhli-beyt məktəbi bunu demir. Onların əlindəkini almaq üçün alternativ vermək lazımdır. Bunun üçün maarifçilik lazımdır. Bu da on ilin işi deyil, əsrlər lazımdır.

- Siz özünüz bunu edərsinizmi?

- Yox. Biz hindistanlı ilə eyni düşüncədə deyilik.

- Belə bir seçim qoysalar, edərsinizmi?

- Seçimi kim qoyur ki? Seçimi Allah və islam qoyub. “Quran” və Əhli-Beyt. Nə Allahın dediyinin əksidirsə biz onu atırıq bir kənara.

- İraq kimi kimi təhlükəli zonalara zəvvar aparmaq sizi qorxutmur?

- Yox, qorxutmur. Bizim dövlət təhlükəsizliyi təmin etdiyi kimi İranda da bu təhlükəsizliyə nəzarət edir. İraqın Mehranından keçib gedəndə 2 saata Kərbəlaya çatırsan. Kərbəla, Nəcəf, Kazımeyn təhlükəsizdir. Sırf şiə məntəqələri olduğu üçün... Bircə Samirə şəhərində sünnilər olduğu üçün təhlükəlidir. Ordan Hələbə raket atırdılar. Digər yollarda heç güllə səsi də eşidilmir.

- Heç narahatlıq keçirmirsiniz? Məsələn Aşura vaxtı Kərbəlada partlayış olmuşdu. Bunun qorxusu yoxdur?

- Keçən il imamın qırxında 23 milyona yaxın zəvvar vardı. Mənim mərsiyəmdəki fərqlilik burdan gəlir. Məni ora aparan eşqdir. Eşq başqa, ağıl başqadır. İmam Hüseyni müharibəyə aparan eşq idi. Ağıl isə deyirdi ki, 70 adamla döyüşə getmək olmaz. Qarabağ müharibəsi başlasa çox insanları o döyüşə eşq aparacaq.

- Orda bizim Aşura məclislərindən fərqli nələr olur?

- İlk növbədə ərəb elə ərəbdir. Yaşayışı, geyimi bizdən fərqlidi. Düşüncəsi fərqlidir. Biz komforta öyrənmişik. Onlar isə Səddamın dövründən təhlükədə yaşayırlar. Harda gəldi yeyirlər, evlərini tikmirlər. Çünki düşünürlər ki, heç bir mənası yoxdu. Pullarını yığıb başqa şəhərlərdə gəzirlər.

- Aşura necə olur? Baş yarırlar?

- Aşura günü hərəmin yanında “Heydər, Heydər” deyib başlarını yarırlar. Qıraqdan qorxulu görsənsə də, yaxından başqa cürdür. O qılınclar iti olsa da, heç kəs vurub başını paralamır. İllərdir bu davam edir. Bu göstəridir, şəbehdir, teatrdır. İranda baş yarmaq qadağandır. Xamneyi bunu məzhəbin adına xələl gətirdiyi üçün fətva verib qadağan edib. Amma İraq buna baxmır. Ərəb yenə öz işini görür.

- Məsciddə köynəklərini çıxarır, özlərini döyürlər...

- Ora məscid deyil. Hüseyniyyələrdə köynəklərini çıxarırlar. Hüseyniyyələr bizdəki mərasim zalları kimidir.

- Siz də bu cür əzadarlıq edirsiniz?

- Biz Aşuraqabağı mərasim zallarını icarəyə götürüb əzadarlıq edirik. Amma baş yarmaq olmur bizdə.

- Sizin videolarda əzadarlıq edənlər trans halındadır. Mənə elə gəlir ki, onlar özlərinə olduqca möhkəm zərbələr vururlar. Özü də yarıçılpaq olurlar. Bir növ İraqda sizin gördüyünüz mənzərəni xatırladır.

- Yarıçılpaq olmaq sovet dövründən Bakı kəndlərində var. Köynəyi soyunub, sinə vurmaq var idi. Bu eşqdir. Deyirlər ki, Səidin qoşunu İmam Hüseyni və şəhidləri lüt soyundurub, təzə nallanmış atlarla o qədər tapdaladılar ki, cənazələri torpağa qarışdı. Sinə vurmaq da o deməkdir ki, Ya Hüseyn, sənin bədənin necə gömgöy oldusa biz də ürəyimizin başına vurub özümüzü o cür göyərdirik ki, səninləyik, zalımlarla deyilik. Bunu eləməsək, etiqadda yaşamaq istəsək olmaz. Bunu heç bir xütbə ilə çatdırmaq olmaz.

- Mən sizinlə razı. Amma İraqda başına zərbə vuran da deyir ki, İmam Hüseynin başını kəsiblər, mən də o anı yaşamaq üçün başıma zərbə vururam.

- Onlar Heydər deyirlər.

- Məhərrəmlikdə İmam Hüseyn də, Heydər də xatırlanır...

- Bizim şiə alimlərimiz başqa cür deyir. Şiə alimi, müctəhidi nə fətva verdi, şiə onu edəcək. İran və bəzi İraq müctəhidləri ona icazə vermir. Livanlı bir müctəhid vardı, o da icazə vermirdi. Bəzi ərəb müctəhidləri isə icazə verir. Sələfilərin uğursuzluğunun səbəbi odur ki, müctəhidləri yoxdur. Hətta öz aralarında parçalanırlar. Bir-birini təkfir edirlər.

- İrana, İraqa gedəndə müctəhidlərdən görüşdüyünüz olubmu?

- Açığı vaxt olmur. İranda 7 gün vaxtımız olur. İraqda vəhhabilərə görə alimlərin evi mühafizə olunur. İranda isə təhlükə yoxdur. Onların mühafizəsi yanındakı silahsız tələbələrdir. Zəvvarlara görə gedib alimlərlə görüşə bilmirik.

- Sizin hüseyniyyələrdə sinə vurub özündən gedənlər olubmu?

- Mənim üslubum marş üslubudur və görürsünüz ki, insanlar tez-tez sinə vururlar. Biz sinəzənlərlə birlikdə Hüseynlə olduğumuzu bildiririk. Eyni zamanda İmam Zaman ağa gələndə onun qarşısına bu marşla çıxacağıq. Hüseyn zikri yeganə zikrdir ki, neçə əsrdir dünya buna mane olmaq istəyib, amma bacarmayıb.

- Siz bunu özünüzdən deyirsiniz, yoxsa hardasa yazılıb?

- Özümdən deyirəm. 2003-cü ildən mən bu cür mərsiyə yazıram. Əvvəllər küçədə meyxana deyirdik. 2000-ci ildən namaza gəldim. Yazdıqlarımı islama, Hüseynə həsr etdim. Məclislərə baxdım, bu üslubu, bu səpkini seçdim. İraqda, İranda, Pakistanda bu üslub var.

- Deyirsiniz onlar ərəbdir, amma onların qaydasıyla gedirsiniz, öz qaydamız qalıb kənarda.

- Öz qaydamız yoxdur axı. Bizdə “Vay-vay Hüseyn” tərzində deyirlər.

- Bunu ilk dəfə sizdə gördüm. Bu ritmlə, bu təkrarla “kitab-kitab” da desən bədən transa girər, ritmə uyğunlaşar. Özünüz istəyirsiniz ki, insanlar sizinlə birlikdə transa düşsün?

- Bu trans deyil, eşqdir. Cavanlar “vay Hüseynim vay” tərzi mərsiyədən bezib. İnsanların roka, repə marağı var. Biz də fars sözlərindən bezirik. Bir az ritmlə deyilən mərsiyə istəyirik.

- Bayaq Hacı İlqarın adını çəkdiniz. Onun sizə münasibəti necədir?

- Hərənin bir əhval-ruhiyyəsi var. Baxır ruhiyyələrinə.

- Siz ancaq ritmik, dinamik mərsiyə oxuyursunuz?

- Nohə də deyirəm. İnternetə bizim məclislərin 5-6 dəqiqəsini qoyurlar, amma məclisi tam anlamaq üçün hamısını qoymaq lazımdır. Əvvəlcə nohə olur. Son 20 dəqiqədə şur, yəni həyəcanlı hissə olur. Cavanlar bunu istəyirlər. Bütün məscidlərdə bu var idi. Qətl sınana yaxın hamı daha coşquyla mərsiyə deyir.

- Saçınız da uzun idi bir vaxt. Reperlərə oxşayırdız.

- Uzun idi. Saçım töküldüyü üçün həkim məsləhəti ilə qırxdım.

- Sizi sosial şəbəkədə tənqid edənlər, lağa qoyanlar vardı. O mərsiyəyə görə sizə küçədə söz atan olurmu?

- Sosial şəbəkədə lağ edənlərin çoxunun oğlanlığı yoxdur. Kişiliyin varsa, gəl sözü üzümə de. Facebook şiri olub söz demək olmaz. Sələfilərdən bəzilərinə gedib sözümü demişəm. Mən tolerant adamam. Problem yaşamıram. Yəhudi olsa da, mənim üçün Azərbaycanda yaşayan adama tolerantlıq var. Cəfərilərdən də yeni namaza gələnlər o mərsiyəni anlamaya bilər. Halbuki öz dostuna zarafatla “donuz oğlu donuz” deyir. Bu zarafat eyib olmur, mənim özümə “xanım Zeynəbin iti” deməyim eyib olur.

- Eşitdiyimə görə dostlarınızdan da sizi tənqid edən olub.

- Yox, sadəcə oturub söhbət etmişik. Deyiblər ki, bunu demək olmaz. Sadəcə dostlar dedilər ki, bu ürf hələ anlaşılmır. Bu məcaz mənasındadır. Burda sırf vəfadan söhbət gedir. Bu ərəblərdə də olub, farslarda da olub. Bizdə də Kəlbəliyev soyadı, Kəlbəli adı var. “Kəlbəli” Əlinin iti deməkdir.

Bunu sələfilər, bir az da pantürkistlər qabartdılar. Özləri az qala canavarla öpüşürlər, amma gəlib iti lağa qoyurlar. Söhbət İslamdır, Şiə məzhəbidir. Bunu şiəliyə zərbə üçün böyütdülər. Biz vətən sevən insanlarıq. Qarabağ müharibəsi olsa “Hüseyn-Hüseyn” deyə gedəcəyik hamımız.

Hazırladı: Mirmehdi Ağaoğlu və Cəlil Cavanşir

# 11001 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #