Yazıçı arvadlarının oxuması məsləhət deyil - HEKAYƏ

Yazıçı arvadlarının oxuması məsləhət deyil - HEKAYƏ
23 fevral 2016
# 14:54

Yazıçı arvadıyla müsahibə...

(hekayə)

“Yazıçı arvadlarının oxuması məsləhət deyil...”

(Suzana...)

Əri haqqında müsahibə verəcəyini biləndə boyun qaçırmaq istədi; – o ki, hələ sağdır, bunlar nəyə lazımdır? – dedi.

- Nə olsun, - dedim, məgər müsahibə götürdüklərimizin hamısı dünyasını dəyişənlərmi olur?! – Siz, bu gün, öz əriniz haqqında danışmağı beləmi çətin iş bilirsiniz?!

- Niyə ki, çətin deyil, amma siz jurnalistləri yaxşı tanıyıram, hər şeyə qulp qoymağı xoşlayırsınız. Birdəki, qəlbinizə dəyməsin, araqarışdırmaq sizin peşənizdir. Gəlin, bu işdən vaz keçin, qoca vaxtımızda bizi bir-birimizdən küsdürməyin, deyə Suzana xanım gülümsədi.

- Xanım, xahiş edirəm, razılıq verin, inanın söhbətimiz səmimi alınacaqdır.

Qadın bir qədər fikirləşəndən sonra:

- Nə deyirəm, gözəl qız, bir halda ki, israr edirsiniz, onda bir müsahibəyə görə sizi qırmağa dəyməz. Ancaq bir şərtim var, dediklərimi olduğu kimi yazacaqsınız, əllaməçilik etməyəcəksiniz, eləmi?!

Suzana xanımı arxayın etdim ki, hər şey onun ürəyincə olacaqdır.

İlk sualım bu oldu, siz əriniz Səid Kəngərlini yaxşı tanıyırsınızmı?

Suzana xanın bir qədər duruxdu və mənə elə gəldi ki, o sualımı tam anlamıyla başa düşmədi. Dediklərimi təkrar etmək istəyəndə, o, başının işarəsiylə buna etiraz etdi və dedi:

- İnsanı tanımaq üçün deyirlər ki, onunla gərək yol yoldaşı olasan. Amma mənə elə gəlir ki, bu sözlər adi və təsadüfü adamlar üçün deyilibdir. Yaxın adamını tanımaq istəyirsənsə, gərək ona bir qədər uzaqdan baxasan. Səidi həmişə məndən uzaqda olanda anlamışam. Onun varlığını, mənə gərək olduğunu yanımda olmayanda başa düşmüşəm. Biz çox vaxt insanları tanımaqda yanılırıq. Ona görə ki, təsəvvürümüzdə insan obrazı, insan surəti canlanır, başqa heç nə barədə düşünmürük və düşünmək belə istəmirik. Ona görə də çox vaxt yanılırıq. Bax belə.

- Əriniz deyingəndirmi?

- Offf... siz allah, bu barədə danışmayaq. Cavan vaxtlarımızda onun deyingənliyinə heç cür öyrəşə bilmirdim, tünd sirkə kimi bir şeydi. Buna görə də, ondan tez-tez küsüb inciyərdim. Sonralar vərdiş etdim, indi o deyinməyəndə darıxıram.

- Ən çox nəyə əsəbiləşir?

- Hər şeyə... Ona aid olan əşyalara əl vurduqda, stola yemək gec gələndə, pal-paltarı ütüsüz olanda, ən çox da bir yerə gedəndə mən onu yubadanda. Ümumiyyətlə, çox həssas və diqqətcildir, lap metro saatı kimi.

- Söyüş söyürmü?

- Yox... yox... nə danışırsınız? Söyüşdən xoşu gəlmir. Söyüş söyən dostlarını da qınayır. Bu vaxtacan kimisə söydüyünü eşitməmişəm. Əsəblərini cilovlaya bilməyəndə “zibil” və “lənətə gəlmişlər” sözlərini daha çox işlədir. Bu sözlərə görə də, onu cəzalandırmaq, məncə yersiz olardı.

- Onunla necə tanış oldunuz? Yəqin ki, Səid Kəngərli o vaxt tanınırdı?

Suzana xanım gülür:

- Yox... Mən ona könül verəndə hələ yazıçı deyildi, adicə, əyalət qəzetinin xırda bir əməkdaşıydı. Bostandan, kələmdən yazdığı xırda məqalələrinə heç əhəmiyyət verən belə yox idi. Müəllifinin kim olduğuyla maraqlanmadan qəzeti büküb kənara tullayardılar. Bircə, mən anlayırdım, duyurdum ki, o gələcəyin tanınmış yazıçısı olacaqdır. Çünki o, cansız bir çöpün də, dəyərsiz bir əşyanın da ürək döyüntülərini hiss edərək yazırdı. Onun güclü fantaziyası vardı.

Mən oxuyan məktəbə gəlmişdi, məktəbdən nə isə yazacaqdı. Onda mən onuncu sinifdə oxuyurdum. Dərhal onu tanıdım.

Növbəti həftə qəzetdə məktəbimizdən yazı dərc olunduğunu biləndə hamı onunla maraqlandı. Onunla ilk tanışlığımız belə oldu.

- Onu aradınızmı?

- Eh.. Canıyanmış məktəb qızları imkan verdilərmi? Qəzetə məktublar göndərirdilər, onlar doğru, mən yalan olmuşdum.

- Bəs siz nə etdiniz, siz də yazdınızmı?

- Heç nə etmədim. Öz-özümdən küsdüm. Mənə acıq gəlirdi, axı. Dünənəcən məndən başqa heç kəsin tanımadığı birisinə bu gün... Sonra fikirləşdim ki, axı burada o yazığın nə günahı vardır, onun yazılarını oxuduğumu haradan biləydi.

- Maraqlıdır, bəs sonra nə oldu?

- Sonrası yaxşı oldu, görmürsən onun evində oturub sizə müsahibə verirəm. Sonrası nə olacaq ona ərə gəldim.

- Elə birdən-birə oldu?

- Əlbəttəki ki, yox. Mən orta məktəbi bitirdikdən sonra musiqi kollecinin piano sinfinə daxil oldum. İki il yarım orada təhsil aldım. Oxuduğum müddətdə Səidin mətbuatda hekayələri, artıq dərc olunurdu. Gözəl hekayələr idi, oxucular tərəfindən maraqla qarşılanırdı. Xüsusən də, “Səma gözəli” adlı hekayəsi hamını valeh etmişdi. Bilirdim ki, bir az geciksəm, artıq o mənim olmayacaq. Necə deyərlər, izinə düşdüm və tapdım onu.

- İlk dəfə sevirəm sözünü kim dedi, Səid, yoxsa siz?

- Cavabımdan gülməyəcəksiniz ki?

- Əsla yox.

- Mən dedim...

- Bəs, o nə dedi?

- Heç nə!...

- Bir kəlmə də olsun söz demədi?

- Yox!..

- Bəs, nə etdi?

- Qucaqlayıb öpdü məni...

- Necə yəni, elə birdən-birə?

- Hə, elə birdən-birə.

- Ondan bu hərəkəti gözləyirdinizmi?

- Yox, heç ağlıma gəlməzdi ki, o belə etsin?

- Həmin anda onun haqqında nə fikirləşdiniz?

- Heç nə, düşündüm ki, öz hisslərini cilovlaya bilməyən dəlisov bir qızın sevgisinə bundan gözəl cavab nə ola bilər?

- Demək, onun hərəkətindən razı qalmışdınız?

- Onun hərəkətindən yox, yazıçı hissiyyatından. Axı, mən onu belə də təsəvvür edirdim.

- Toyunuz nə vaxt oldu?

- 1986- cı ilin aprel ayının 26 da.

- Yəqin ki, toyunuz dəbdəbəli keçdi?

- Yox, olduqca sadə bir toy idi. Adi bir restoranda baş tutan toydan nə dəbdəbə gözləmək olardı, canım. Toyda hər iki tərəfdən otuz nəfərə kimi adam iştirak edirdi.

- Niyə belə az?

- O özü belə istədi. Həm də, axı Səid uşaq evində böyümüşdü, onun dostlardan başqa kimi vardı ki?

- Suzana xanım, birdən unudaram, qoy yeri düşmüşkən soruşum, yazıçı arvadı olmaq doğurdanmı belə çətindir?

- Oyyy... gözəl qız... Cəhənnəm haqqında təsəvvürünüz varmı?

- Əlbəttə, cəhənnəm haqqında mistik təsəvvürə malikəm, qır qazanı, nə bilim zəqqum qidalar, qıl körpüsü...

- Ay sağ ol, bax, yazıçı arvadı olmaq o qır qazanında yanıb kül olmaq kimi bir şeydir.

- Niyə?!

- Nə bilim, bu uzun söhbətdir.

- Neçə ildir onunla evlisiniz?

- Otuz ilimiz bu ilin aprel ayında tamam olacaq.

- Neçə övladınız var?

- Selcan adında bir qızımız var, ailəsiylə Almaniyada yaşayır. Onun da iki övladı var.

- Niyə bir övlad, bu ki, çox azdır. Siz istəmədiniz, yoxsa Səid müəllim?

- Təklif ondan gəldi, mən də razılaşdım.

- Övladına münasibəti necədir?

- Olduqca normal. Qızından çox razılıq edir.

- Onun neçə kitabı çıxıb?

- Beş kitabı.

- Bütün əsərlərini oxumusunuz?!

- Əlbəttə, heç elə iş olar oxumayım. Mən onun əsərlərinin vurğunuyam.

- Yalan-doğru bütün yazarlar müsahibələrində qeyd edirlər ki, onların əsərlərinin ilk oxucusu öz həyat yoldaşları olur, bu doğrudurmu?

- Mənə elə gəlir ki, yalan deyirlər. Hər yazıçının arvadı, hər yazar xanımın da əri oxucu olmur. Oxucu tamam başqa bir peşədir. Onlar yəqin ki, həyat yoldaşlarını ucuz reklam etmək üçün belə deyirlər, bəlkə də canlarının dərdindən. Amma mən Səidin bütün əsərlərini son səhifəsinə kimi oxumuşam. Birdəki, mən sizə dedim axı, onu tanımamışdan yazılarını oxuyurdum.

- Sizə həsr etdiyi əsəri vardırmı?

- Durum deyim ki, mənim adıma bir hekayə, povest və yaxud da roman yazıb, bu doğru olmazdı. Ara-sıra qadın qəhrəmanlarının xarakterini mənim xarakterimlə uyğunlaşdırdığını hiss etmişəm. Çox vaxt yalanlarının da üstü açılıb. Deyib ki, filan əsərimdəki qadın qəhrəman sənsən. Amma baxıb görmüşəm ki, oradakı qadınla nə boyumuz, nədəki, gözümüzün rəngi uyğun gəlir. Mən qısaboy, kök, gözümün rəngi qara, əsərdəki qadın isə ucaboylu, incəbelli, alagözlü təsvir olunub. Üzünə vurmamışam. Əlacı kəsiləndə isə deyir ki, səni çox sevdiyimdən sənə heç nə yaza bilmirəm. Nə bilim, deyir də.

- Heç, onu ağlayan görmüsünüzmü?

- O qəribə adamdır. Hamıya təsir edən bir hadisəyə, o adi bir şey kimi baxır. Əksinə, heç kəsi maraqlandırmayan hadisəni isə özünə faciə bilir.

Bir dəfə gecəyarısı onun hönkürtüsünə yuxudan ayılmışam. Mətbəxdə yazı yazırdı. Başını əlləri arasına alıb hönkürürdü. Niyə ağladığının səbəbini soruşdum, dedi ki, hekayəmi tamamlamışam. Bir uşaq ölmüş anasının qəbrinə məktub yazıb qoyub. Uşağın anasına yazdığı sözlər məni kövrəltdi.

Ondan soruşdum ki, o məktubu uşaq yazıb, yoxsa sən?

Ayılan kimi oldu və maddım-maddım üzümə baxıb qımışdı. Bax, belə hallar olub.

- Bilmirəm, bu sual nə qədər yerinə düşər, düşməz, amma soruşmalıyam, əriniz sizə xəyanət edibmi?

Suzana xanım dərindən köks ötürdü.

- Qızım, bayaq sual verdiniz e, yazıçı arvadı olmaq, doğurdanmı çətindir? Bax, sizin sualınızı indi cavablandırıram. Qadın üçün nə qədər ağır da olsa deməliyəm ki, hə, olub, özü də bir neçə dəfə.

- Hətta bir neçə dəfə? – deyə jurnalist qız qaşlarını çəkdi.

- Bəli, bir neçə dəfə. Onun sevdiyi və onu sevən qadınlar olub. Məktublaşıblar, görüşüblər. Bunların hamısını hiss etmişəm. Səid hələ də elə bilir ki, bunlardan xəbərsizəm. Çünki, bircə dəfə də olsun bu barədə nə ondan söz söruşmuşam, nə də ona bir söz demişəm. Bilirdim ki, boynuna almayacaq. Onun yalan danışmasını da ona yox, özümə bağışlaya bilməzdim. Axı o, mənim yazıçımdır, onu çox sevirəm.

Ona ərə gələndə bilirdim ki, mənim ərə getdiyim kişi yüzlərlə oxucusu olan bir yazıçıdır. Mən bilirdim ki, bu ağrıları yaşayacağam. Qadınlar bircə şeyi anlamırlar ki, kişilər gülü gözəlliyinə, qadınlar isə ətrinə görə seçirlər.

İnsanlar elə bilirlər ki, yazıçı yataqda da qalstukla yatır. Və yaxud da, qalaq-qalaq yazdıqları quran ayəsi kimidir. Əslində, yazıçı ağlı kəsməyən körpə uşağa bənzəyir, nəzarətin olmasa şalvarçağ küçəyə qaçar.

Jurnalist qız:

- İnanmağım gəlmir ki, bunları bilə-bilə siz dözürsünüz?

- Bəs, mənim yerimdə olsaydın sən nə edərdin?!- deyə Suzana jurnalist qızdan soruşdu.

- Mən?.. Mən dözməzdim, dava-dalaş salıb, qapını çırpıb biryolluq gedərdim.

- Hara?!- Yəqin ki, ata-ananın yanına. Sonra da, bir başqasını sevib ərə gedərdin, eləmi?

- Hə də... Əlbəttə, yas saxlamayacağam ki... – deyə qız çiyinlərini çəkdi.

- Birdən, o adam da sənə xəyanət etsə nə edərsən? Yenədəmi, qapını çırpıb gedərsən?! - Qızım, ailə həyatı çox çətindir. O kişi qorxuludur ki, arvad-uşağının yanında əyyaşlığıyla fəxr etsin, qürrələnsin, bu dözülməzdir. Beləsiylə yaşamağa dəyməz.

Amma belə əməllərini arvadından gizlədən, utanan kişilər, onsuz da gec-tez əməllərindən peşiman olub, cəzalarını çəkirlər. Bacardıqları qədər, evdən, ailədən bərk-bərk yapışırlar, əməllərinə görə qayğıkeşlik göstərirlər və allahına dua edirlər ki, nə yaxşı qadınları elə deyil. Bəs necə, elə bilirsən fikirləşmirlər ki, onların qadınları da belələri kimi olsa vəziyyətləri necə olar?

Qadın paklıq, təmizlik rəmzidir. Bakirəlik qadınlarda olur, kişilərdə yox, bu sözü yadında saxla.

- Ölüm haqdır, əriniz ölsə nə edərsiniz?

- Doğrusu, bu barədə fikirləşməmişəm. Onu bilirəm ki, məninm üçün çətin olar. Amma çox istərdim ki, mən ondan bir qədər tez ölüm. Yazi adamları arvadlarının ölmünə dözümsüz olurlar. Baxın, dünyada tikilən ən gözəl sərdabə, yapılan möhtəşəm heykəl, çəkilən ən gözəl rəsm, yazılan ən ölməz əsər qadınlar üçün olur. Yəqin ki, Səid də mənim ruhum xoş olsun deyə, nə isə bir şey yazıb qoyardı.

- Suzana xanım, sonda ənənəvi bir sual verim. Yenidən dünyaya gəlsəydiniz Səid Kəngərliylə ailə həyatı qurardınızmı?

- Əgər, bu mümkün olsaydı, onunla yenidən ailə həyatı qurmaq yox, vaxtilə qurduğumuz ailə həyatını yenidən davam etdirərdim...

- Suzana xanım, müsahibəyə görə çox sağ olun. Bəlkə, bir sözünüz, fikiriniz var?

- Yox, elə bir sözüm yoxdur, amma bilmək istəyirəm ki, bu yazını harda dərc edəcəksiniz?

- Qəzetlərdə, saytlarda verəcəyik. - Nədir ki, Suzana xanım?

- Heç, bircə, xahiş edirəm ki, müsahibənin başlığında bu sözləri yazasınız:

- “Yazıçı arvadlarının oxuması məsləhət deyil”.

- Niyə belə, Suzana xanım?

- Qoy, məni qınamasınlar...

# 1207 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
#
#
# # #